Super User

Super User

Şənbə, 08 Fevral 2025 09:00

Bu gün qar gözləntisi var

 

Havada bir qar qoxusu var, duyursunuzmu? 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin bu gün bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 8-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

İstənilən şaxtalı hava şəraitində təki ürəklərimiz isti olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Əlisa Nicat adlı bir şəxs ötən əsrdə Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi 37458(!!!) işıqlı şəxslərimizi cəzalandıran əli qanlı cəllada - Mir Cəfər Bağırova yarınaraq çox güman ki, onun günümüzdə yaxşı imkana malik varislərindən xidmətpayı umur. 

Və bu yarınmada, o, Bağırovun 3 dəfə həbsinə və sürgününə qərar verdiyi, amma həfsiz nüfuzuna, ümumxalq sevgisinə görə böyük havadarlarının dəstəyi ilə salamat qaldığı, bununla belə, təqib, qarayaxma, ləkələnmə sayəsində xəstəlik taparaq çox erkən dünyadan köçən Səməd Vurğuna çamur atması cəmiyyəti silkələyən əsas olaya çevrilib. 

Əlisa Nicata hərə bir cür cavab verərək ürəyini boşaldır. Əslində, ona ən yaxşı cavab elə böyük Səməd Vurğunun şeirləridir. 

 

Yayılsın səsimiz qoy qitə-qitə,

Çox da bənd olmayaq hər hürən itə.

 

Bəli, böyük şair “Mən tələsmirəm” şeirində belə deyib. 

 

 

SƏMƏD VURĞUN, 

“Mən tələsmirəm”

 

Dostlar, badələri qaldırın içək!

Gecə, ulduzludur, hava da sərin.

Demirəm məst olub dünyadan keçək…

Deyirəm mehriban düşüncələrin

İsti qücağında qızınaq bir az…

Qoy uzansın gecə, geciksin səhər,

Yuxuya getməsin məclisdəkilər 

Mənim söhbətimdən yorulmaq olmaz.

Yayılsın səsimiz qoy qitə-qitə,

Çox da bənd olmayaq hər hürən itə.

Hələ yer üstündə, insan yanında

Deyib danışmaqdan doymamışam mən…

Uzadaq ömrünü hər bir anın da,

Yel kimi keçməsin vaxt üstümüzdən…

Bu aylı gecədə, bu dağ döşündə,

Bu sazlı, söhbətli bulaq başında

Bu saat, bu dəm

Heç yana, heç yerə mən tələsmirəm!

 

Sevgilim, qolunu boynuma dola!

Demə ki, yorğunam, ya qocalmışam.

Mən hələ dünyadan nə zövq almışam?

Dur, bütün aləmi gəzək qol-qola!

Yenə də fikrimin səyyar yelkəni

Dənizdən – dənizə atsa da məni,

Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»

Dur, bütün aləmi gəzək qol – qola,

Sellərdən, sulardan yeyin axsam da,

Şimşəklə yanaşı göydə çaxsam da,

Nə şadlıq səyirtsin atını, nə qəm,

Heç yana, heç yerə mən tələsmirəm!

 

Mən də bu gözəlin eşqinə düşdüm 

Sən də, ovçu dostum, tələsmə sən də,

Bu qəlbi dağları qoy asta aşaq.

O çay yanındakı yaşıl çəməndə

Asta addımlayıb ağır dolaşaq.

Hər güllə, çiçəyə salam verməsəm,

Xoş üz göstərməsəm, xoş üz görməsəm;

Nanələr, reyhanlar inciyər məndən.

Güllərin yarpağı tökülər dən-dən…

Odur ki, yel olub çöldə əsmirəm,

Heç yana, heç yerə mən tələsmirəm!

 

Bulud tez keçməsin başımın üstdən,

Çay da yavaş axsın…sular boyunca.

Baxım hər zərrəyə, baxım doyunca…

Günəşi örtsə də qara buludlar,

Yenə günəş adlı bir qüdrəti var.

Min cürə pisliklər gördüm həyatda,

Amma saxlamadım onları yadda.

Haqsızlıq daima olub, olacaq,

Amma ki,bu saat və bu dəm ancaq,

Heç yerə heç yana mən tələsmirəm.

 

Ürək tərpənməyir ötərgi səsdən,

Nə çıxar bir anlıq yanan həvəsdən.

Elə zənn etmə ki, ağırlaşmışam,

Ayağı sarıqlı şikəst bir quşam…

Qoy dünya böyüsün, zaman uzansın,

Bir günün ərzində aylarla yansın

Al günəş üzündən nur yağa – yağa..

Ömrün kitabını tamamlamağa

Çox da can atmasın əlimdə qələm,

Mən tələsmirəm..

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

7 fevral 2025-ci il tarixində Astanada, Milli Muzeydə Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, iclasda Fondun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Başçılarının göstərişinə əsasən “Türk Dünyasına Baxış 2040” sənədi və TURKTIME təşəbbüsünün rəhbərliyi altında türk mədəni irsinin dünya arenasında qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi sahəsində təşkilatın strateji istiqamətləri barədə məlumat verib. Həmçinin, 2024-cü il üzrə Fondun fəaliyyətinə dair ətraflı hesabat təqdim olunub.

Eyni zamanda toplantı çərçivəsində iştirakçılara Fondun 2025-2026-cı illər üzrə Fəaliyyət Planları barədə ətraflı təqdimat keçirilib.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri Aida Balayevanın sədrliyi altında keçirilən Fondun ikinci Şura Toplantısında Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və Türkiyə Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucu, eləcə də Türk ölkələri dövlət orqanlarının nümayəndələri iştirak ediblər. 

İclasın yekunlarına əsasən təşkilata üzv ölkələrin nümayəndələri tərəfindən Fondun 2024 – cü il üçün fəaliyyətinin yüksək qiymətləndirilməsi, təşkilatın 2025-2026-cı illər üçün Fəaliyyət Planlarının təsdiq edilməsi daxil olmaqla Protokol imzalanıb.

Qeyd etmək lazımdır ki,  Şura toplantısının nəticələri Türk dövlətləri arasında mədəni əməkdaşlığın inkişafında vacib bir addım olacaq, mədəni mirasın qorunması sahəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq layihələrə yeni bir təkan verəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

Cümə, 07 Fevral 2025 18:50

Oğuzda keçirilən iki tədbir barədə

​​​İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nın  fəal oxucuların iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı " Torpağı vətənləşdirən qəhrəman" və s. mövzularda kütləvi tədbirlər keçirilib.

 

Tədbirlərdə Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi şərəfli həyat və döyüş yolu haqqında məlumatlar verilib.

Tədbir iştirakçıları Milli Qəhrəmanımız barədə məruzələri dinləmiş, ondan bəhs edən kitab və foto sərgilərə baxmış, Vətənə və qəhrəmanlığa aid şeirlər səsləndirmişlər.

 

​Oğuz rayon MKS və onun filiallarının əməkdaşları Oğuz rayon E.Abdullayev adına Texniki - Təbiət təmayüllü liseydə isə  "Müasir Oxucu: Kitab və İnkişaf " adlı fərdi inkişaf yönümlü layihə çərçivəsində Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə " Xoşbəxt taleli sənətkar- Nəbi Xəzri " başlıqlı şeir gecəsi təşkil edib. 

Tədbirdə fəal oxucular və liseyin şagirdləri iştirak edib. Tədbirdə Nəbi Xəzrinin yaradıcılığından danışılıb, şairin şeirləri səsləndirilib.

Məruzələrdə və çıxışlarda qeyd edilib ki, altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. O, XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb. Tədbirdə şairin " Külək”, " Mənim ürəyim" , " Ana dilim", " Günəş " və başqa şeirləri, sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Mədəniyyətdən danışırıqsa, hər sahənin öz mədəniyyət dəst-xətti var, daxili mədəniyyət   ehkamları var. Aqrar Sığorta Fondunun Naxçıvan Filialının rəhbəri Sərxan Məmmədovla müsahibəmi təqdim edirəm.

 

-Sərxan müəllim, Aqrar Sığorta Fondunun Naxçıvan filialının təsis edilməsinin zəruri səbəbləri nə idi?

 

-Aqrar sığorta sisteminin dayanıqlığı və inkişafına kömək, kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsini təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalının davamlılığını artırmaq, fermer və istehsalçıların maliyyə imkanlarına dəstək olmaq məqsədilə yaradıldı bu filial. 

 

-Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi hansı qaydalar əsasında olacaq?

 

-Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun olaraq ödəniləcək.

 

-Bu sığorta Naxçıvanda hansı məhsulları və riskləri əhatə edir?

 

-Aqrar sığorta bitkiçilik, heyvandarlıq və akvakultura məhsullarını və aqrar sığorta fondunun təyin etdiyi riskləri əhatə edir.

 

-Bu fondun əsas məqsədi və missiyası nədən ibarətdir və kimlər bu fonda müraciət edə bilər?

 

-Aqrar Sığorta Fondunun əsas missiyası davamlı biznes inkişafını təşviq edərək kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək və hər zaman öz öhdəliklərini yerinə yetirməkdir. Təsərrüfatla məşğul olan bütün fermerlər fonda müraciət edə bilərlər.

 

-Sığorta dövlət tərəfindən subsidiyalaşdırılırmı?

 

-Bəli

 

-Sığorta necə hesablanır və təsərrüfat sahəsinə görə dəyişirmi?

 

-Hər məhsul üzrə və təsərrüfat sahəsinə uyğun olaraq hesablanma qaydası sığorta tarifindən asılı olaraq dəyişir. Buna nəzərən bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsuldarlıq miqdarı və həmin məhsulun qiyməti nəzərə alınmaqla, Aqrar Sığorta Fondu tərəfindən müəyyən edilmiş minimum və maksimum hədlər çərçivəsində seçilir.

 

-Sığorta hansı təbii fəlakətlərə şamil olunur?

 

-Bitkiçilik məhsullarında dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri şamil olunur.

Heyvandarlıq üzrə isə aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış heyvanın ölümü: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarlarında təsdiq edilmiş və göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar və ya yemlərdən zəhərlənmə, kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri.

 

-Sığorta hansı heyvan və bitki növlərinə şamil edilir?

 

-Heyvandarlıqda:

-11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar);

-11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar);

-11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər).

Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bunlar buğda, arpa, qarğıdalı, kartof və başqa bitkilərdir.

 

Müqavilə hansı şərtlərə əsasən bağlanır?

 

-Sığortalı müraciətini məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş və fondun rəsmi internet səhifəsində dərc edilmiş tarixlər ərzində etməlidir.

-EKTİS-də qeydiyyatdan keçdikdən sonra müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edilməlidir.

*Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu həmin gün ərzində vasitəçi aqrar sığortaçı tərəfindən EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlanılır.

*İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edildiyi sənədlər və məlumatlar əsasında müqavilə bağlanması barədə qərarını fondla razılaşdırmalıdır.

*Müqavilənin bağlanmasına razılıq verildiyi halda müstəqil ekspert tərəfindən sığorta predmetinə baxış keçirilir.

*İdarəedici qurumun məsul əməkdaşı müstəqil ekspert tərəfindən göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.

 

-Zərərin qiymətləndirilməsi hansı meyarlarla ölçülür?

 

-Zərərin araşdırılması və qiymətləndirilməsi müstəqil ekspertlər tərəfindən həyata keçirilir.

 

-Ödənişlər hansı müddətə və necə həyata keçirilir?

 

-Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

 

-Sığorta müqaviləsinin müddəti və yenilənməsi necə həyata keçirilir?

 

-Heyvandarlıq təsərrüfatında 1 ildən 3 ilə kimi, bitkiçilik məhsullarında isə bitkilərin fenoloji dövründən asılı olaraq sığorta müqaviləsinin müddəti dəyişir.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

Cümə, 07 Fevral 2025 14:22

Fazil Mustafa Zahid Orucu təbrik edib

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sosial Tədqiqatlar Mərkəzinin (STM) yaradılmasının növbəti ildönümü ilə bağlı, STM İdarə heyətinin sədri, Millət vəkili Zahid Oruca təbrik məktubu ünvanlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Zahid müəllim,

Sizi, bütün əməkdaşlarınızı Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasının 6-cı ildönümü ilə bağlı ürəkdən təbrik edirəm!

 

Ötən illər içində Sosial Tədqiqatlar Mərkəzi cəmiyyətin sosial, mədəni və iqtisadi proseslərinin sistemli təhlili, ictimai rəyin elmi əsaslarla öyrənilməsi və dövlət-vətəndaş münasibətlərinin inkişafına dair strateji yanaşmaların formalaşdırılması sahəsində önəmli uğurlar qazanıb. Dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi ilə yeni dönəmin başlanması, dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi, yeni iqtisadi modelin təşəkkül tapması, sosial rifah siyasətinin genişlənməsi və vətəndaş cəmiyyəti institutlarının fəallaşması fonunda STM-in analitik rolu daha da önəm qazanıb.

 

Mərkəzin həyata keçirdiyi araşdırmalar və təqdim etdiyi bilgilər dövlət qurumlarının qərar qəbuletmə prosesində, eləcə də vətəndaş cəmiyyətinin inkişaf dinamikasının öyrənilməsində önəmli informasiya bazası rolunu oynayır. Rəqəmsal texnologiyaların geniş tətbiqi, vətəndaş iştirakçılığının artırılması, sosial tədqiqat metodologiyalarının yenilənməsi yönündə STM-in gördüyü işlər cəmiyyətimizin dayanıqlı inkişafına xidmət edir.

 

Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsi, ictimai dialoqun keyfiyyətcə yeni mərhələyə yüksəlməsi üçün dövlət və qeyri-hökumət qurumları arasında, bir növ, körpü funksiyasını da yerinə yetirən STM-in fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dövlət və cəmiyyət arasında sağlam, səmərəli kommunikasiyanın qurulması, ictimai rəyə əsaslanan yanaşmaların formalaşdırılması, elmi-praktik təhlillərin tətbiqi üçün bu cür araşdırma mərkəzlərinin fəaliyyəti xüsusi önəm daşıyır.

 

Sizi, Sosial Tədqiqatlar Mərkəzinin hər bir əməkdaşını Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar və məhsuldar nəticələr diləyirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, fevralın 6-da Qazaxıstan Respublikasının sədrliyi altında Türk Mədəniyyəti və İrsi Fondu Şurasının İkinci iclası təşkilatın üzv ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə keçirilib. Məkan Astana şəhərindəki Qazaxıstan Respublikasının Milli Muzeyi (Tavelsizdik prospekti 54) olub. 

 

İclasın əsas mövzusu Türk mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılması üçün strateji addımların müzakirəsi idi ki, bu məsələlər də Türk Dövlətləri başçılarının verdiyi tapşırıqlara uyğun olaraq «Türk Dünyası Vizyonu - 2040», TURKTIME və digər strateji sənədlərdə əks olunub.

2025-2026 illərini əhatə edən fəaliyyət planları da müzakirə edilib. 

Bu iclasın yekunları Türk Dövlətləri arasında mədəni əməkdaşlığın inkişafında mühüm addım olacaq, mədəni irsin qorunması sahəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq layihələrə yeni təkan verəcəkdir.

İkinci Şura iclasında Azərbaycanı Mədəniyyət naziri Adil Kərimli təmsil edir. 

Həmçinin, tədbirə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Naziri Aida Balayeva, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayımkulova, Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbək Omuraliev, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirinin müavini Gülbara Abdıkalıkova, Özbəkistan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Avazxan Tajixtanov da qatılıblar.

Qeyd etmək lazımdır ki, İkinci Şura iclası çərçivəsində bir sıra əlavə tədbirlər də keçirilib. 

 

6 fevral 2025-ci il saat 15:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstanın dövlət və elm xadimi, akademik Darxan Qıdıralının «Daşa Yazılmış Tarix» adlı kitabının Azərbaycan, türk, qırğız dillərində təqdimatı olub. 

Təqdimatda qeyd edilib ki, bu kitab Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfədir. Bildirilib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib. 

Bizim qədim və kökü dərinlərə gedən şanlı tariximizdə müqəddəs yerlər, müqəddəs torpaqlarımız, qədim zamanlardan bu günə qədər türklərin müqəddəs yerlərinə Ötükən, Ergenekon, Yer İduk, Jideli-Baysın kimi müxtəlif adlar verilib. Onların içərisində Ötükən adı türklər üçün xüsusilə əziz və doğmadır. Ötükən türklər üçün vətənin qızıl beşiyi hesab olunur. Ona görə də milli özünüdərklə qorunan tarix milli idealların yaradıcı salnaməsi sayılır.

Beynəlxalq Türk Akademiyasının ekspedisiyaları zamanı aşkar edilmiş qədim türk dövrünə – Göytürk (552-740), Uyğur (745-840) və Qırğız xaqanlığı (VIII-X əsrlər) kimi İslamdan əvvəlki qədim türk xaqanlıqlarına aid mirasdan danışılaraq qeyd olunub ki, nəşrdə bu tarixi-mədəni zənginliyə geniş işıq salınır. 

“Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. 

Mıxış edənlər nəşrin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. 

Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib. 

Sonda Qazaxıstanın bir sıra musiqi kollektivlərinin ifasında bədii proqramı təqdim olunub. 

 

Fevralın 7-də Qazaxıstan Respublikasının Milli Muzeyində Mahmud Kaşğarlının anadan olmasının 950 illik yubileyinə həsr edilmiş sərgisinin açılış mərasimi keçirilib.

 

Türk Mədəniyyəti və İrsi Fondu Şurasının İkinci iclası barədə daha geniş yazacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Türk Mədəniyyəti və İrsi Fondu Şurasının 2-ci iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasında səfərdədir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Astana şəhərindəki Qazaxıstan Respublikasının Milli Kitabxanasında tanınmış dövlət və elm xadimi, akademik Darxan Qıdırəlinin "Daşa yazılmış tarix" kitabının Azərbaycan, türk və qırğız dillərində nəşrinin təqdimatı keçirilib. 

Təqdimatda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli kitabı Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfə kimi səciyyələndirib. Bildirib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib: “Bizim qədim və kökü dərinlərə gedən şanlı tariximizdə müqəddəs yerlər, müqəddəs torpaqlarımız, qədim zamanlardan bu günə qədər türklərin müqəddəs yerlərinə Ötükən, Ergenekon, Yer İduk, Jideli-Baysın kimi müxtəlif adlar verilib. Onların içərisində Ötükən adı türklər üçün xüsusilə əziz və doğmadır. Ötükən türklər üçün vətənin qızıl beşiyi hesab olunur. Ona görə də milli özünüdərklə qorunan tarix milli idealların yaradıcı salnaməsi sayılır”.

Beynəlxalq Türk Akademiyasının ekspedisiyaları zamanı aşkar edilmiş qədim türk dövrünə – Göytürk (552-740), Uyğur (745-840) və Qırğız xaqanlığı (VIII-X əsrlər) kimi İslamdan əvvəlki qədim türk xaqanlıqlarına aid mirasdan danışan nazir deyib ki, nəşrdə bu tarixi-mədəni zənginliyə geniş işıq salınır. "Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. Əminəm ki, bu kitab kitabxanalarda və bir çox insanların tariximizin dərinliklərinin öyrənilməsinə, gələcək nəsillər üçün bilik və ilham mənbəyi olacaq”, – deyə Adil Kərimli bildirib. 

Nazir çıxışında həmçinin Türk dünyasının ortaq mədəni irsi barədə müştərək sənədli filmin çəkilməsi təklifini də diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından Darxan Qıdırəliyə yeni kitabının işıq üzü görməsi və onun Azərbaycan, Türk və Qırğız dillərinə tərcümə edilməsi münasibətilə təbriklərini çatdıran nazir ona yeni yaradıcılıq uğurları arzulayıb.

Adil Kərimli ötən ilin 25 dekabr tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı dost ölkənin müvafiq qurumları tərəfindən göstərilən operativ köməyə və verilən dəstəyə görə Qazaxıstan hökumətinə və xalqına, eləcə də bütün türk dövlətlərinə təşəkkürünü bildirib.

Digər çıxış edənlər də nəşrin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. 

Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib. 

Sonda Qazaxıstanın bir sıra musiqi kollektivlərinin ifasında bədii proqramı təqdim olunub. 

Qeyd edək ki, fevralın 7-də Qazaxıstan Respublikasının Milli Muzeyində Mahmud Kaşğarlının anadan olmasının 950 illik yubileyinə həsr edilmiş sərgisinin açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

Nərgiz Mustafayeva, Gəncə şəhəri, “Ədəbiyyat və incəsənət” üçün

 

Kiçik Çillə yarı olanda təxminən fevralın 8-10-cu günlərində Xıdır Nəbi bayramı keçirilir. Xıdır Nəbi bayramı xalqın min illik ənənələrində yaşadılır. 

 

Xıdır mifologiyada əbədi həyat bəxş edən dirilik suyunu tapıb içdiyinə görə Peyğəmbərlik zirvəsinə yüksələn “Nəbi” kimi qəbul edilir. Xalq arasında xeyirxah, insana uğur gətirən obraz kimi əks olunur. 

Bayramın ən əhəmiyyətli anı gecə sayılır. Çünki həmin gecə Xıdır Nəbi xeyir-dua üçün gəlir. Bayrama hazırlıq zamanı qovrulmuş buğdadan qovut hazırlanır. Hazırlanan qovuta gün çıxanadək heç kəs toxunmur. Gecə Xıdır Nəbi xeyir-dua üçün boz atı ilə gələndə, atının ayağı ilə qovuta toxunur və öz payını götürür. 

Səhər insanlar qovutu yoxlayıb Xıdır Nəbinin atının ayaq izini axtarırlar (bəzi inanclara görə isə qamçısının izini). İzi görən insanlar sevinirlər, çünki həmin ev Xıdır Nəbinin xeyir-duasını almış sayılır. 

Sonra isə qovut ailə üzvləri arasında paylaşılır və yeyilir. Qovrulmuş buğdadan toyuqlara, qarışqalara da pay verilir.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Sənətdə qəhrəman axtarışı və ya qəhrəmanları sənətə gətirmək...Yaradıcı insanın  nağıllardakı “açıq qapını bağla”, “bağlı qapını aç” tərəddüdündə qalmasıdır, bəlkə də... Ya da Prometey ümididir.

 

Sənətdə qəhrəman axtarmaq  daha asandır, məncə, nəinki qəhrəmanları sənətə gətirmək. Bu məqamda Prometeyin mövcudluğu qəbul edilməlidir ki, insan eqosu üçün bu da aşırımı aşmaq, gədikləri dizə gətirməkdir. Nə gözəl ki, balaca rəssamımız Minarə Abdullayevanın yaradıcılığında qəhrəmanın sənətə gətirilməsi ilə rastlaşdım.

“Ədəbiyyat və İncəsənət” portalının oxucuları artıq Minarəni tanıyırlar. Balaca rəssam ilk dəfə bizə “Şuşa qalası” adlı əsərindən danışmışdı...  Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət ixtisası üzrə 7c sinfində təhsil alan Minarə  indidən  həyat-sənət münasibətlərindəki gizli sərhədləri kəşf edib.

Bu gün Minarədən “Cəsur xilaskarlar” adlı rəsminin hekayəsini soruşdum.  2024-cü ilin payızında Bakıya yağan leysanlar hamımızda qəribə təəssürat yaratdı...  Mən Şəkidə-dağın qoynuna sığınmış, yağışlara sevdalı buşəhərdə oturub  uşaqlığımı xatırlamışdım: şagird Şəfa Nahid Hacıyevin “Payız leysanları”nın sehrinə dalırdı. Roman qəhrəmanları leysanın hökmranlıq etdiyi bir vaxtda-bir məkanda qarşılaşırdı... 

Və sonra leysanın törətdiyi fəsadlarla bağlı xəbərlər oxumağa başladıq. Sel basan tuneldə 2 nəfər həyatını itirdi... İnsanlar yollarda qaldı... İnsanlar həyati təhlükə ilə üzləşdi...  Balaca rəssamımız da hər bir Azərbaycan vətəndaşı kimi,baş verənlərdən təsirlənməyə bilməzdi... Doğulduğu, böyüdüyü şəhərdə leysanların insan həyatlarına hökm etməyə başlaması onun ruh  dənizini dalğalandırmaqda gecikmədi...

 

“Çox təsirlənmişdim”-deyir Minarə... “Ən narahat anlarımda,  əlim heç nəyə çatmayanda  fırçam olur xilaskarım. Fırçamı əlimə aldım... Çəkməyə başladım. Bir də baxdım ki, xilaskarım olan fırçam real xilaskarları-fövqəladə hallar zamanı insanların köməyinə çatan xilasediciləri rəsm edir”. 

 

Əsər üzərində bir neçə gün işlədiyini deyən balaca rəssam sənət müəllimindən - Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının rəsm müəllimi Nəsibə Əsgərovadanməsləhətlər aldığını xüsusi vurğulayır. Qeyd edir ki: “Bu əsərin belə gözəl alınmasında, ümumiyyətlə biz şagirdlərin hər bir uğurunda müəllimlərimizin rolu böyükdür”.

 

A2 formatında, ağ kağız üzərində quaş və akvarellə işlənən “Cəsur xilaskarlar”ın da, bütün sənət əsərləri kimi, öz taleyi var. Əsər artıq  müəllifinə mükafat da qazandırıb: 

 

“2024-cü ilin sonunda eşitdim ki, Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə “Fövqəladə hallar uşaqların gözü ilə” XII respublika uşaq yaradıcılıq müsabiqəsi keçirilir. “Cəsur xilaskarlar”ı müsabiqəyə təqdim etdim. Əsərim müsabiqədə “Rəsm” nominasiyası üzrə 1-ci yerə və mükafata layiq görüldü. Qaliblərə, o cümlədən də mənə müxtəlif hədiyyələr verildi. Amma bir hədiyyə biz şagirdlər üçün çox əhəmiyyətli idi. Bu əşya bilgisayar idi. Onu da qeyd edim ki, mükafatlandırma mərasimində həm Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, həm də Gənclər və İdman naziri Fərid Qayıbov iştirak edirdi. Onlar uşaqları təbrik etdilər, ürək sözlərini dedilər. Mükafatlandırma mərasimi də yaddaşımda xüsusi  iz qoydu”.

 

Hazırda “Cəsur xilaskarlar” əsəri Fövqəladə Hallar Nazirliyinin muzeyində saxlanılır. Bu, balaca rəssam Minarə Abdullayeva ilə yanaşı, bizim də ürəyimizi dağa döndərir, qürurla doldurur.  Hələ şagird ikən öz yaradıcılıq enerjisi, zəngin təxəyyülü ilə diqqət çəkən Minarəyə yaratmaq eşqinin həmişəyaşarlığını arzulayıram. Və indidən onun daha bir rəsminin hekayəsini öyrənməkçün səbirsizlənirəm... 

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.