
Super User
Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
Ötən gün Azərbaycanın Xalq rəssamı, Əmək Qəhrəmanı, Azərbay-can karikatura sənətinin banisi Əzim Əzimzadənin anadan olmasından 145 il ötdü.
Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında janr müxtəlifliyi, incə rəng duyumu, orijinallığı və milli koloriti ilə görkəmli rəssamın Azərbaycan rəssamlıq tarixinə qızıl hərflərlə yazılmış yaradıcılıq yolundan bəhs edən material hazırlanmışdır.
Materialda Əzim Əzimzadənin incəsənət və pedaqoji sahədə olan fəaliyyəti, “Molla Nəsrəddin”, “Tuti”, “Baraban”, “Zənbur”, “Kəlniyyət” kimi jurnallarda işləyərək ölkəmizdə satirik qrafika və karikatura janrının əsasını qoyması, “Varlı evində toy”, “Köhnə bakılılar” , “Qurban bayramı”, “Qız övladının dünyaya gəlişi” kimi rəsm əsərlərinin müəllifi olması haqqında məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda görkəmli rəssamın Azərbaycanda kitab qrafikası sənətinin yaranması və inkişafı istiqamətində gördüyü işlər haqqında məlumatlar, teatr tamaşaları üçün çəkdiyi geyim eskizləri və dekorasiyaların görüntüləri öz əksini tapır. Materialda görkəmli rəssamın foto və video görüntüləri ilə yanaşı, dünyaca məşhur muzeylərdə sərgilənən rəsmlərdən nümunələr də təqdim edilir.
Xalq rəssamı Əzim Əzimzadənin 145 illik yubileyi münasibətilə hazırlanan material kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/ezim-ezimzade-145 yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Elza Bağırzadə və Yusif Cəfərli
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 49 nömrəli "İntellekt" məktəb- liseyidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Bağırzadə Elza Əliqulu qızı 1994-cü ildə Azərbaycan Texnologiya Universitetinin “Yeyinti məhsulları texnologiyası” fakültəsinə daxil olmuş, 1998-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Müəllimlər İnstitunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirmiş, Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi“ fakültəsində təhsilini davam etdirmişdir. 2001-2020-ci illərdə Bakı şəhəri Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi, 2020-2021- ci ildə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 2020-ci ilin sentyabr ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən müvəffəqiyyət qazanıb, 2021-ci ilin sentyabr ayından Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin oktyabr ayından isə Rəfail Hüseynov adına 49 № li "İntellekt" məktəb-liseyə direktor vəzifəsinə təyin olunmuşdur.
Amazonda dərc olunan “Vaxtın idarə edilməsi: məhsuldarlıq və uğur strategiyaları” adlı kitabın həmmüəllifidir. Bir çox yerlı və beynəlxalq təlimlərdə, eləcə də beynəlxalq təcrübə probramlarında uğurla iştirak edibdir.
ŞAGİRD:
Mən, Yusif Bəhruz oğlu Cəfərli 2010-cu ildə Azərbaycan Respublikasının Neftçala rayonunda anadan olmuşam. Hal-hazırda R.Hüseynovun adına 49 nömrəli "İntellekt" məktəb-liseyinin VIII sinif şagirdiyəm.
2024–2025-ci tədris ilində təşkil olunan Beynəlxalq Kosmik Olimpiadada iştirak etmişəm. Təhsil həyatımda elmi biliklərə maraq göstərir, müxtəlif fənn olimpiadalarında və layihələrdə fəal iştirak edirəm.
ESSE
“Rəqəmsal Dünya”
Müasir dövrdə texnologiya çox sürətlə inkişaf edir. Artıq həyatımızın bir hissəsi rəqəmsal dünyaya bağlıdır. Biz gündəlik işlərimizi, dərslərimizi və əyləncələrimizi internet və müxtəlif cihazlar vasitəsilə həyata keçiririk. Rəqəmsal dünya kompüterlər, telefonlar, internet və sosial şəbəkələrdən ibarət olan bir dünyadır.
Rəqəmsal dünyanın bizə çox faydası var. Məsələn, dərsləri onlayn şəkildə izləyə, maraqlı məlumatlar axtarıb tapa və dünyanın istənilən yerindəki insanlarla əlaqə saxlaya bilirik.
Rəqəmsal alətlər sayəsində məlumatlara daha tez çatırıq və bir çox işlərimizi daha asan və sürətli şəkildə görürük.
Həmçinin, rəqəmsal dünya bizə yeni imkanlar da yaradır. Artıq insanlar evdən çıxmadan alış-veriş edə, dostları ilə görüntülü danışa, filmlər izləyə və oyunlar oynaya bilirlər. Hətta bəzi işlər artıq tamamilə onlayn şəkildə görülür. Bu da vaxtımıza qənaət etməyə və daha rahat yaşamağa kömək edir.
Amma rəqəmsal dünyanın zərərli tərəfləri də var. Bəzən insanlar telefon və kompüter qarşısında çox vaxt keçirirlər. Bu isə həm sağlamlığa, həm də dərslərə mənfi təsir edə bilər. Eyni zamanda, internetdə yanlış məlumatlar və təhlükəli insanlar da ola bilər. Buna görə biz rəqəmsal aləmdə diqqətli olmalı və vaxtımızı düzgün idarə etməliyik.
Nəticə olaraq, rəqəmsal dünya həyatımızın vacib bir hissəsinə çevrilib. Onun faydalarından istifadə etməli, amma zərərlərindən qorunmaq üçün ağıllı davranmalıyıq. Texnologiyanı düzgün istifadə etməyi öyrənsək, gələcəkdə daha uğurlu və savadlı insanlar ola bilərik.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
“İtmiş açarlar” esse silsiləsi – NAHİDƏ İSMAYIL
“Ədəbiyyat və incəsənət” portalının Yeni imzalar rubrikasında bu gün sizlərə Nahidə İsmayılın 3 essesi təqdim ediləcək.
SEVGİ TEOREMİ
Uşaq vaxtı xəyal qururdum ki, kaş, insanlar bir-birlərini nə qədər sevdiklərini görə bilsəydilər. Qarşıdakı insanın qəlbindəki sevginin nə qədər dərin olduğunu görə bilsəydilər. Onda nə kimsə “bacım məni sevmir”, “anam məni sevmir”, “axı niyə o məni sevmir” deyə ağlamazdı. Heç kəs üzülməz, heç kəs qırılmaz, heç kəs boşanmaz, heç kəs ayrılmazdı. Mənə görə əsas problem insanların bir-birlərini sevməməsi deyil, o sevginin qarşıdakına görünməməsi idi.
Böyüdükcə daha fərqli düşünməyə başladım. Deyəsən, insanın sevgisini göstərməyə də ehtiyacı vardı. Sevginin sübut edilmədiyi həyat çox sıxıcı olardı. Uşaq vaxtı düşündüyüm kimi insan qarşı tərəfin sevgisini görsəydi, “səni sevirəm” cümləsi dəyərsiz olacaqdı. Kiməsə gül almağa, qucaqlamağa ehtiyac yoxdur, çünki zatən içindəkiləri görür. Və o gül onun üçün heç nə sübut etmir.
Sonralar bir şeyi dəqiq başa düşdüm. İnsanın qarşı tərəfdəki sevgini ona göstərəcək gözə deyil, öz sevgisini başqasına göstərəcək gözə ehtiyacı var. Sevgisini bəlli edəcək dilə, üzə ehtiyacı var. İnsanın hər gün sevgisini sübut etməyə ehtiyacı var. Hər gün qucaqlamağa, hər gün o gözəl sözləri deməyə ehtiyacı var. Bir Yunan müdrikin dediyi kimi, sevgi elə bir teoremdir ki, onun hər gün sübut olunmağa ehtiyacı var.
ONLAR NİYƏ DAHA XOŞBƏXTDİRLƏR?
(“Balaca şəhzadə” haqqında qeydlər)
Uşaqlar niyə daha xoşbəxtdilər? Daha doğrusu elə görünürlər. Sadə cavabımız var: Məsuliyyətləri çox-çox azdı. Yəni sadəcə məsuliyyət insanın xoşbəxtliyi əlindən alır? Həqiqətən xoşbəxtlik səbəbləri bu qədər sadə ola bilməz axı. Axı onlar necə daha xoşbəxtdirlər? Necə daha çox və içdən gülə bilirlər? Necə bir oyuncaq, ya da şirniyyatla xoşbəxt ola bilirlər? Bəlkə əsas səbəbləri olduqları yerdə xoşbəxt olmağı bacarmaqlarıdı?
“Olduğu yer heç kəsin xoşuna gəlmir.” Mən bu cümləni inkar edəcək insan axtardım. Tapa bilmədim. Burada yer dedikdə yəni sadəcə fiziki yeri deyil, bizdə var olan hər şey, içində olduğumuz həyat nəzərdə tutulur. Davamlı nəsə xəyal qurur, nəsə axtarırıq. Pisdirmi xəyal qurmaq? Pisdirmi axtarmaq? Xeyr, pis deyil. Sadəcə bəzən o xəyallar beynimizin mərkəzində oturur və olduğumuz yerdə yaşaya biləcəyimiz xoşbəxliyi əlimizdən alır. Çünki o bir xəyaldır. Ona görə o xəyalın içində yaşamağa başlayırıq. O fikir, o xəyal, o düşüncə ehtimal ki, ya geçmişdi ya da gələcək. Amma qətiyyən indi deyil.
Uşaqlarla fərqimiz elə burda başlayır. Onlar çox vaxt indidə olurlar və o “indi” də xoşbəxtliyi tapırlar. Zatən çox da düşünəcək keçmişləri yoxdu. Gələcək dərdləri də sadəcə “anam, atam ölməsin, ayrılmayaq”dır. Qalan vaxt indidədirlər. Ya biz?
Ən çox nə vaxt xoşbəxt oluruq? Məncə, insan ən böyük xoşbəxtliyi indidə yaşayır. Kimlə olsa da, harada olsa da “an” sadəcə insanın qəlbini gülümsədir. Bəlkə də, o “an” bir zaman dönmək istəyəcəyimiz keçmişimiz, ya da bir zamanlar xəyalı qurduğumuz, ya bəlkə də qorxduğumuz gələcəyimizdi...
HARDASAN, EY VƏFA?!
O, axtarırdı. Hər insanda, hər üzdə onu axtarırdı. İllərdi axtarırdı. Yox olmuşdu sanki. Görəsən insanlar ondan bezmişdi? Tapacaqdı. Çünki özü onu çox sevirdi. O, vəfa axtarırdı... Qeyb olmuş vəfalıları axtarırdı. Ya da orada durmuş, amma görünməyən vəfalıları.
Ən çox özündə tapdı vəfanı. Hər şeyə vəfalıydı. Nə idi vəfa? Bəlkə də, heç özü də bilmirdi. Çox gözəl bir duyğu idi. Amma tam olaraq nə idi? Bir insana onun üstünə keçən haqqını ödəməyə çalışmaqdımı? Yox, haqq ödəndikdə məsələ bitərdi. Amma vəfa əbədi hiss idi, bitə bilməzdi. Lüğətdə mənası “sözünün üstündə durma” yazılırdı. Axı vəfa verilən bir sözdə deyildi, axı vəfalı olmağa kimsə söz verə bilməzdi. O qəlbdən gəlməli idi.
Bəlkə vəfa qiymət vermək idi? Həm mənfi bir duyğu deyil, həm də yükümlülük vermirdi. Çünki insan qiymətini bildiklərinə vəfa göstərir. Ya da vəfa göstərdikləri qiymətli olur. Bəlkə, vəfa bir şeyin qiyməti idi? Bir əşyaya nə qədər vəfa göstərirsənsə o qədər dəyərli olurdu?
Bəlkə, bir insana nə qədər vəfalı insan varsa, o, bir o qədər qiymətli insandır?
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Culfada musiqili-sözlü tədbir keçirilib
Naxçıvan MR Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə Culfa Rayonu Mədəniyyət Sarayında Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Tərlan Musayevanın 70 illik yubileyi münasibəti ilə tədbir keçirildi.
“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İB-dən verilən məlumata görə, tədbirdən öncə Culfa Şəhidlər Xiyabanı ziyarət olundu. Kəlağayı Ev Muzeyinin qədimi və müasir kəlağayılarından, müxtəlif növ papaqlardan, əl işlərindən, təşkilatın dəstəyi ilə işıq üzü görmüş kitablardan, quramaçı Aybəniz Camalovanın əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Sərgi çox böyük maraqla qarşılandı. Sərgidə 100 ədəd kəlağayı göz oxşayırdı.
Tədbiri giriş sözü ilə Mədəniyyət Şöbəsinin müdiri Füzuli Hüseynli açdı, qonaqları salamladı, tədbir haqqında geniş məlumat verdi.
Şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla anıldı.
Söz Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlıya verildi. O, qeyd etdi ki, Ulu Öndərin anadan olmasının 102- cı ildönümü münasibəti ilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" kitabının işıq üzü görməsi Ulu Öndərin ruhuna töhfədir.
Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan xanımın keçdiyi çətin və şərəfli ömür yolundan bəhs edir.
"Babamın papağı, nənəmin kəlağayısı" kitabı Güllü Eldar Tomarlı tərəfindən toplanıb və tərtib olunub. Bu kitab orta məktəb şagirdlərindən və tələbələrindən ibarət geniş auditoriya üçün nəzərdə tutulmuşdur.
Tədbirdə Vaqif Osmanlı, Tərlan Musayeva, Kırna Mədəniyyət Evinin direktoru Sona Əsgərova, şəhid bacısı, quramaçı Aybəniz Camalova, Anar İncəli çıxış etdilər.
Maraqlı bədii hissə tamaşaçılar tərəfindən sevgilərlə, alqışlarla qarşılandı.
Sevinc Quliyevanın, Gülnar Məmmədəliyevanın, Sona Əlizadənin, Emil Vəliyevin, Məzahir Gülməmmədovun, Rəqsanə Qurbanovanın Tərlan Musayeva və Güllü Eldar Tomarlı haqqında hazırladıqları möhtəşəm kompozisiya maraqla izlənildi.
Sonda Güllü Eldar Tomarlı Naxçıvan MR Mədəniyyət Nazirliyinə, Mədəniyyət şöbəsinə, Culfa Mədəniyyət Sarayına təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Cübbəsiz vəkil - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Özümü bildim biləli bir cübbənin ağırlığını hiss etmək istəmişdim çiyinlərimdə. Qapqara, qürurlu, ədalətli bir varlığın simvolu olan o geyimi... Vəkil olmaq — nə sadə səslənirdi, amma mənim üçün nə qədər əlçatmazmış. İçimdə balaca bir Kübra vardı, məktəb dəhlizlərində səssiz addımlayan, başını qaldırmağa çəkinən. Onun səsi yox idi — o, yalnız xəyal edirdi.
Amma ətrafdakılar elə qışqırırdı ki, o balaca qızın səsi bir dəfə də çıxmadı. “Sənin hüquq oxumağa başın çatmaz”, dedilər. “Bu ölkədə hüquq nəyə yarayır ki?” dedilər. “Ancaq məhkəmələrdə təpik döyəcəksən”, deyib güldülər. Mən isə susdum. O vaxtlar sükut bir qalxan idi mənim üçün — qorxuya, utanmağa, tənqidə qarşı.
Zaman keçdi. Qorxaq Kübra yerini başqa birisinə verdi. İndi mən susmuram. İndi mən haqsızlığın olduğu yerdə dayanıb baxmıram, danışmağa başlayıram. Sözlərim bəzən kəskin olur, bəzən titrək, amma heç vaxt boğulmur. Anam deyir ki, “dilin dinc durmur.” Haqlıdır. Bu dil artıq qorxudan yox, ədalət eşqindən danışır. Bəlkə vəkil olmadım, amma içimdəki ədalət hissi o qədər böyüdü ki, cübbə geyinmədən də haqq tərəfini seçməyi öyrəndim.
Bu yaxınlarda bir film izlədim — bir vəkilin həyatı. Ekranda başqasının yaşadığı mənim xəyalım idi. Filmin sonunda gözlərim yaşla doldu. Anam yanımda idi, soruşdu: “Nə oldu?” Sadəcə bir cümlə dedim: “Siz mənim xəyallarımı aldınız.” O an içimdə illərlə susan səs, ilk dəfə danışdı. Çox gec idi bəlkə, amma artıq onun susmağa niyyəti yox idi.
Bu gün mən magistr təhsili alıram. İşim var. Öz ayaqlarım üzərində dayanmışam. Bəzən yorulsam da, sevinirəm. Gecikmiş xəyallarımı içimdə daşısam da, onları yarımçıq buraxmıram. Mən artıq o qorxaq qız deyiləm. Mən haqsızlıq qarşısında susmayan, insanlara sığınacaq ola bilən, içi sözlərlə dolu bir qadınam.
Bəzən həyat bizə istəmədiyimiz yolları seçdirir. Amma hər addımda, hər döngədə içimizdə gizlənmiş o kiçik arzu, o uşaq səsi bizimlə yol yoldaşı olur. Mən vəkil olmadım, amma bəlkə də həyat məni başqa bir məhkəməyə hazırlayırdı — həyatın məhkəməsinə. İnsanlara münasibətdə, özümə münasibətdə, ədalətə münasibətdə hər gün bir mühakimə, hər gün bir qərar var.
Mən indi başqa cür müdafiə edirəm — haqsız yerə danlanmış uşaqları, özünü ifadə edə bilməyən qadınları, səhv etdiyi üçün üzr istəyə bilməyən kişiləri... Susanları, boğulanları, utananları, əzilənləri. Çünki bilirəm necə hissdir — kənarda dayanıb səsin batdığı, gözlərin dolduğu, kimsənin görmədiyi bir səssizlikdə yaşamaq.
O xəyallar bir zamanlar qırılmışdı. Amma indi o xəyallardan mənə işıq düşür. Mən indi onları özüm üçün deyil, başqalarının yolu işıqlansın deyə yaşadıram. Mənim cübbəm yoxdur, amma mən ədalətin tərəfiyəm. Səsimi itirmişdim, indi isə onu başqalarına verə bilirəm.
Bilirəm ki, yolum düz, istəyim saf, niyyətim doğrudursa — gecikmiş heç nə yoxdur. Və hər yeni səhər bir cümlə ilə o xəyala bir addım da yaxınlaşıram:
“Mən keçmişimin sükutunu, gələcəyin səsi ilə dəyişirəm.”
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Sumqayıtda “Beş ulduz” kitabı təqdim edildi
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin, Ə.Kərim adına Poeziya Klubunu birgə təşkilatçılığı ilə AYB-nin əməkdaşı, şair Güləmail Muradın şəhidlərimizin ömür və döyüş yolundan bəhs edən "Beş ulduz" kitabının təqdimatı keçirilib.
Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının xatirəsi yad edilib.
AYB Poeziya seksiyasının rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı giriş sözü ilə çıxış edib.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin məqsəd və məramından söz açıb.
Çıxış edənlər - Ofelya Babayeva, Əsəd Cahangir, Rafiq Yusifoğlu, Osman Ənvəroğlu, Lilpar Cəmşidqızı, Əzizə Ağahüseynqızı, Əlisəfa Əhmədoğlu, Aygün Hacıyeva və başqaları belə bir kitabı araya- ərsəyə gətirdiyi üçün müəllifə təşəkkür edbilər.
Sonda Güləmail xanım tədbirin təşkilatçılarına, iştirakçılarına dərin təşəkkürünü bildirib, şeirlərini oxuyub.
General M.Əsədov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın şagirdi Emil Ramazanlı müəllifin şəhidlərimizə yazdığı şeiri ifa edib.
Tədbir boyu şairin sözlərinə bəstələnmiş vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
TƏLƏBƏ YARADICILIĞI – Gülnarə Dövlətovanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında növbəti təqdimat yenidən Qarabağdandır.
Ad-soyad: Gülnarə Dövlətova
Təhsil müəssisəsi: Ağdam Sosial İqtisad Kolleci
İxtisas: Məktəbəqədər təhsil 2A
Mövzu: "Gözləyən Baxışlar"
Uşaqlığın səsi həmişə eyni yerdən gəlir - atamın səsindəki mehribanlıqdan, gülüşündəki istilikdən... Mən bu gün də onu axtarıram. Səssizcə, qışqırmadan, içimdə.
Atamın itkisi elə bir gündə gəldi ki, nə havanın, nə də mənim halımın fərqi vardı. Qəribə sakitlik var idi hər yerdə. İnsan əvvəl başa düşmür yoxluğun nə olduğunu. Elə bil harasa gedib, gələcək. Elə bil bir gün qapı açılacaq və o səsi yenə eşidəcəyəm: “Qızım, mən gəldim.”
Amma o səslər artıq xatirələrdədir. Albomlarda qalan şəkillərdə, saçlarımı oxşadığı yuxularda. Hər səhər aynaya baxanda gözlərimin giləsində onu görürəm. Bəlkə də, o hələ də buradadır – nəfəsimdə, düşüncəmdə, ürəyimin dərinliyində.
Dostlarım ataları ilə bağlı danışanda susuram. Yox, bu qısqanclıq deyil sadəcə... Mən danışsam, göz yaşlarım danışar. Mən gülümsəsəm, qırıq olur o gülümsəməm. Çünki içimdəki boşluq heç vaxt dolmayacaq – o yer yalnız bir nəfərlikdi: Ata...
Hər il doğum günüm gələndə, yenə onun məni necə təbrik etdiyini xatırlayıram. “Böyümüsən, amma gözlərimdə hələ də balaca qızımsan,” – deyirdi. Hə, mən böyümüşəm. Amma hələ də o sözlərdə balaca bir uşaq kimi gizlənirəm...
Saat təxmini 9:30 göstərirdi. Normalda bu qədər tez yatmazdım, bilmirəm niyəsə çox yorğun idim. Sadəcə yatmaq istəyirdim. Bir gün öncə gördüyüm yuxunu da unutmuşdum...
Telefonum Zəng çaldı. Telefondakı anam idi. Axı bir az əvvəl danışmışdıq...
"Axşamın xeyir, ana, nəsə olub?
Anam – “yox heçnə olmayıb, atan bir az narahatdı" dedi. Atam heç vaxt mənim ağlamağıma dözməzdi. Həmişə deyirdi: "hər kəs bir gün gedəcək, mən də onlar kimi, amma sən ağlama, mənə söz ver ki, heç vaxt qışqıraraq ağlamayacaqsan". Mən də razılaşardım, çünki atamın bu haqqda danışmağına belə dözə bilmirdim, bu söhbəti tez bağlamaq istəyirdim.
“Telefonu əminə ver” – dedi anam. Mən telefonu verib otaqdan çıxdım, çünki o xəbəri eşitməkdən çox qorxurdum. Əmim “hazırlaşın, gedək” deyəndə, sanki dünya çox daraldı.
Yolu yarıya kimi piyada gəlmişdim, sadəcə səssiz gedirdim, bizi aparacaq maşının gəlməsini gözləyə bilmirdim. Başımın içindəki o sual mənə bütün dünyanı dolaşdırdı. Nə olub axı?Atam ...? Yox ola bilməz, bu mümkün deyil, bilirki mən onunla nəfəs alıram, düşündüklərim düz ola bilməz, soruşmağa da qorxurdum. Axı telefonda nə deyilmişdi?
Əslində evimizlə əmimgilin evinin arası çox uzaq deyildi. Maşınla 15 dəqiqəyə çatmaq olardı, amma bu yol bitmək bilmirdi...
Bu adamlar bura niyə yığışıb axı? Adətən insanların çox oldğu yer səsli küylü olar, amma burda heç kim danışmırdı. Hər kəs susub baxışlarını bir nöqtəyə zilləmişdi.
İçəri keçdim, anam oturmuşdu. Ağlayırdı. İlahi, bu baxışlarda nə qədər dərinlik varmış, o dərinlik lap ürəyinin dibinə kimi gedib çıxmışdı. Ordan ağrını kədəri yanaqlarına süzüb gətirirdi. Niyə indiyə kimi bu baxışlarda bu dərinliyi görməmişdim? Yox görmüşdüm əslində, amma bu dəfə fərqli idi, baxışlardakı o ağrı hər şeyi dəyişmişdi. Mən içəri girəndə mənə baxan gözləri “heç nə edə bilmədim” deyirdi.
Bəs atam, atam harda idi? Hər kəsi ətrafına toplayan atam idimi? Yox o, mənimlə sağollaşmadan getməzdi axı. Gözlərimdən ixtiyarsız yaş süzülürdü. Niyə ağlayızsız, mən söz vermişəm axı?!
Kiminsə öldüyünü eşidəndə həmişə qorxurdum, demək ki, bu qorxu sevdiklərini itirənə kimi olurmuş insanda.
Əllərindəki hərarət həminkidi, üzündəki məsumluq itməmişdi. Atama sarılıb yalvarmağa başladım. "Nə olar getmə, bəs mənim ağlamağıma dözmürdün, bir pıçıltımı eşidəcək qədər yaxın olanım. Niyə indi fəryadımı eşitmirsən, eşitməyin üçün qışqırmmı?! Yox, yox sənə söz vermişəm, amma nə olar fəryadımı eşit, üzünə düşən göz yaşlarımı hiss et, əlini sıxan əllərimi hiss et getmə... “
“Ata, yadında, bir dəfə ad günümdə bütün qohumlar məni təbrik etmişdi, amma mən uşaq kimi oturub ağlayırdım, çünki sənin təbrikini istəyirdim, Heç vaxt hədiyyə istəməmişəm, sənin bir təbrikin mənə dünyanı verirdi. Çünki mənim dünyam sən idin. Bəs indi? İndi nə olacaq, dünyasız insan necə yaşaya bilər axı?!
İllər çox tez keçir ata. Hərdən özümə sual verirəm, axı mən sənsiz yaşaya bilməzdim, necə oldu? Sənin yoxluğuna alışmaq deyil bu, sadəcə susmaq idi.
Zaman yaraları sağaldır deyirlər, amma bu ifadə bəzən həm doğrudur, həm də doğru deyil. Zaman bəlkə "ağrını azalda bilər", "xatirəni kütləşdirə" bilər, amma "itkinin boşluğunu tam doldurmur". Sadəcə, insan öyrənir, o ağrı ilə "yaşamağı", "gülümsəməyi", "davam etməyi".
Zaman dərman deyil, "səbirli yoldaşdır". O, acını unutdurmaz, amma onu daşımaq üçün güc verər. Mən bilirəm, ata sevgisi heç vaxt ölmür. O, yaddaşda, ürəkdə və ən əsası, hər nəfəsdə yaşayır...
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Azərbaycanlı alim ABŞ-da “Yüksək Reytinqli Alimlər” siyahısında ilk sıralardadır
Mərkəzi Florida Universitetinin fəlsəfə doktoru və Günəş Enerjisi Araşdırmaları Mərkəzinin xüsusi layihələr üzrə tədqiqatçısı Nazim Muradov dünyanın məşhur elmi analitika platforması olan ScholarGP-nin 2024-cü il üzrə “Yüksək Reytinqli Alimlər” siyahısında ilk sıralarda yer alıb. Onun məhsuldar elmi fəaliyyəti və bu sahədə verdiyi töhfələr yüksək reytinqə səbəb olub.
Bu barədə”Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Nazim Muradov 1992-cı ildən hidrogen üzrə araşdırmalar sahəsində aparıcı tədqiqat mərkəzlərindən biri olan Günəş Enerjisi Araşdırmaları Mərkəzinin (FSEC) xüsusi layihələr üzrə tədqiqatçısıdır. O, NASA-nın tədqiqat qrupunun üzvü kimi “Space Shuttle Endeavour” (“Kosmik Gəminin Hazırlanması”) missiyası zamanı uğurla sınaqdan keçirilən unikal hidrogen sensorunun hazırlanmasında iştirak edib. Görkəmli alimin təmsil olunduğu komanda “R&D100” mükafatına layiq görülüb.
“Yüksək Reytinqli Alim” adı mənim üçün böyük şərəfdir,” – deyə Muradov söyləyib. O, bu mükafatı xüsusilə hidrogen enerjisi və texnologiyası sahəsində illər boyu aparılan elmi işlərin yüksək dəyərləndirilməsinin bir göstəricisi hesab etdiyini bildirib.
ScholarGPS elmi fəaliyyətin təhlili üçün ilk onlayn mənbədir. Bu platforma dünya üzrə bütün alimlərin, tədqiqat institutlarının, universitetlərin və akademik proqramların ilk tam kəmiyyət reytinqlərini yayımlayır. Bu unikal reytinqləri təqdim etməklə yanaşı, ScholarGPS 200-dən çox ölkədən 24.000-dən çox akademik qurum, 30 milyondan çox alim və 120.000 tədqiqat institutunun hər biri üçün ətraflı profillər təqdim edir.
Qeyd edək ki, Nazim Muradov 2023-cü ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycanlı alimin uğurları haqqında aşağıdakı linkdən ətraflı şəkildə oxumaq mümkündür:
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
“Yəhudi buterbrodu” nun müəllifi, Milli Qəhrəman Albert Aqarunovun Şəhid olduğu gün
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Quba rayonu. Qırmızı qəsəbə. Əslən buradan olan məşhur biznesmenlər, dövlət xadimləri çıxıb. Həm də Azərbaycanın Milli Qəhrəmanı. 1-ci Qarabağ müharibəsinin əfsanəsi. Bu gün onun – Albert Aqarunovun şəhadətə qovuşduğu gündür. Məhz Şuşanın alınması günündə. Çünki, o məhz Şuşada Şəhid olub.
Albert 25 aprel 1969-cu ildə Bakı şəhərinin Orconikidze rayonunun Əmircan qəsəbəsində Qırmızı qəsəbədən olan yəhudi Aqarunovların ailəsində anadan olmuşdur. O, Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkizinci sinfini bitirmiş, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir.
1987-ci ildə SSRİ ordu sıralarında hərbi xidmətə çağırılmışdır. Gürcüstanın Axalkalaki rayonunda xidmətə başlayan Aqarunov starşina rütbəsi alaraq tank komandiri olmuşdur. 1989-cu ildə ordudan tərxis olunmuş, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir.
1991-ci ildə cəbhə bölgəsinə könüllü getmişdir. Əsgər yoldaşları tərəfindən əla atıcı və tankçı hesab edilən Aqarunov tank briqadasının tərkibində, kapitan rütbəsində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuş, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Orduda kifayət qədər təlimatçı olmadığından Aqarunov əsgər yoldaşlarına T-72 tankını idarə etməyi öyrədirdi.
Albertin döyüş yoldaşları, onun düşmənin iki tankını bir mərmi ilə vurma metodunu "yəhudi buterbrodu" adlandırmışlar. Bu səbəbdən ermənilər onun başına 5 milyon rubl mükafat qoymuşdular.
Şuşa Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə gedən yolda yerləşirdi və regionda Azərbaycanın nəzarət etdiyi ən böyük məntəqə idi. Bu səbəbdən erməni hərbi komandanlığı öz səylərini Şuşanı ələ keçirməyə yönəltdi və nəticədə, müharibənin episentri Şuşaya keçdi.
Artıq 7 mayda azərbaycanlı hərbçilərin çoxu Şuşanı tərk etmişdi və erməni qüvvələri gecə saatlarında şəhərə hücum etməyə başlamışdı. Aqarunov Şuşada qalan son azərbaycanlı hərbçilərdən idi.
"O, ƏLA ATICI İDİ " – düşmən Qaqik Avşaryan bunu etiraf etməyə məcbur olmuşdu.
Gün ərzində şəhərin şimalındakı teleqüllə və şərqindəki həbsxana uğrunda şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yolla sürürdü və bu əsnada Aqarunovun tankı peyda oldu. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açmağa başladı.
Avşaryanın tankı üç dəqiq zərbədən sonra alışdı, özü isə lyuku açıb çölə atlamağı bacardı, lakin sürücüsü və atıcısı həlak oldu. Bu hadisə nəticəsində ağır yaralanan Avşaryan sonradan Aqarunov haqqında "o, əla atıcı idi" demişdir.
Daha sonra Aqarunov Şuşa–Laçın yoluna doğru irəliləmişdir. O burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırmış və ona yol göstərmək üçün tankdan enmişdir. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində, 8 may 1992 -ci ildə şəhid olmuşdur.
Kapitan 11 mayda Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmiş, mərasim eyni vaxtda molla və ravvin tərəfindən keçirilmişdir.
Ölümündən sonra Albert Aqarunov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk əsgərlərdən biri olmuşdur. Medal Aqarunovun bacısı Sofiya Məmmədovaya 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən təqdim edilmişdir.
O, həmçinin, 2014-cü ildə "Vətən Övladı" ordeni, 2016-cı ildə isə "Həzi Aslanov" ordeni ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin!
P.S. Albert Aqarunovun obrazı Azərbaycan bədii ədəbiyyatında bir neçə dəfə yaradılmışdır. O cümlədən, yazıçı Varisin Moskvada “Müasir nəsr kolleksiyası” vintaj seriyasından çıxan “A.M.İ.N” romanında bu qorxubilməz, mərd insan tərənnüm edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Heydər Əliyev – Millətin tale yaddaşında ucalan əbədi şəxsiyyət
Aliyə Əliyeva, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
İstehsalat təcrübəsi üzrə mütəxəssis
“Ədəbiyyat və incəsənət” portalında Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı yazıların dərcini davam etdiririk.
Tarix bəzən susur, amma bəzən də danışır – və bu danışıq adətən bir şəxsiyyətin varlığı ilə ifadə olunur. Elə şəxsiyyətlər var ki, onlar yalnız yaşadıqları dövrü idarə etmirlər, həm də zamanın ruhunu formalaşdırır, millətin tale yaddaşında yönverici bir qüvvəyə çevrilirlər. Azərbaycan üçün belə bir tarixi sima, belə bir dövlət düşüncəsinin və milli kimliyin daşıyıcısı Heydər Əliyev idi.
Onun ömrü təkcə illərlə ölçülmür, o ömür bir xalqın keçdiyi çətin yollar, qazandığı sabitlik, qurduğu dövlət və qoruduğu gələcək qədər uzanır. O, sadəcə tarixdə yaşamır – o, tarixi özü ilə daşıyır, onu idarə edir və gələcək nəsillərə ötürüləcək bir mirasa çevirirdi.
10 may tarixində dünyaya gəlmiş bu böyük şəxsiyyətin həyat yoluna baxanda görürük ki, onun taleyi Azərbaycan xalqının taleyi ilə ayrılmaz bir şəkildə birləşmişdir. Onun siyasi arenaya daxil olması təkcə fərdi bir yüksəliş deyildi – bu, xalqın özünə qayıdışı, itirdiyi inamı bərpa etməsi, qaranlıq tunelin sonunda görünən bir işığa doğru yönəlməsi idi. Heydər Əliyev xalqına sadəcə rəhbərlik etmədi – o, xalqın səsini duydu, onun içində yaşadı və onun duyğularını dövlət siyasətinə çevirdi.
O, Azərbaycanı ən çətin zamanlarda, parçalanmaq, tənəzzülə uğramaq, daxili qarşıdurmalarla əldən getmək təhlükəsi ilə üz-üzə olduğu anda xilas etdi. Onun yenidən hakimiyyətə qayıtdığı 1993-cü il tarixi Azərbaycanın müstəqil varlığını qoruyub saxlamaq üçün dönüş nöqtəsi oldu. Ölkə xaosdaykən, xalq ümidini itirmişkən, siyasi qüvvələr arasında təlatümlər baş verərkən, o, öz gücünü və iradəsini xalqın rifahına sərf etdi, çünki bilirdi ki, bu xalqın yaşaması üçün sabitlik, düşüncə və milli həmrəylik şərtdir.
Heydər Əliyev üçün dövlət sadəcə bir aparat deyildi – o, dövlət anlayışını bir ruh, bir düşüncə, bir əxlaq məsələsi kimi dərk edirdi. Onun idarəçilik fəlsəfəsi yalnız qanunlara deyil, həm də milli mentalitetə, tarixə və xalqın ruhuna söykənirdi. O, azərbaycançılığı sadəcə ideoloji doktrina kimi yox, yaşanmalı olan, milli özünüdərki ifadə edən bir həyat tərzi kimi təbliğ edirdi. Ona görə də onun idarəetmə modeli təkcə siyasətçiləri deyil, bütöv cəmiyyəti tərbiyə edirdi.
O, gələcəyi bu günün içində görən bir lider idi. Neft strategiyası, transmilli layihələr, regional əməkdaşlıq və güclü ordu quruculuğu onun uzaqgörənliyinin real nəticələridir. Amma o, sadəcə iqtisadi inkişafla kifayətlənmirdi – o, insan kapitalının formalaşmasına, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verirdi. Onun ən çox təkrarladığı fikirlərdən biri bu idi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Bu bir siyasi şüar deyildi – bu, bir millətə könül bağlılığının, onunla eyniləşmənin qürurlu etirafı idi.
Heydər Əliyev yaşadığı hər günü, atdığı hər addımı bu xalq üçün hesabatlı sayırdı. Onun üçün liderlik şəxsi ambisiyalarla yox, xalqın ehtiyacları ilə ölçülürdü. Onun nitqlərində, qərarlarında, görüşlərində bu məsuliyyətin izləri aydın görünürdü. O, xalqla təkcə danışmırdı – o, xalqla düşünürdü. Onun siyasətində xalqa güvən əsas prinsip idi. Bütün tarixi uğurların əsasında da məhz bu inam dayanırdı.
Bu gün müstəqil Azərbaycan dövləti öz tarixinin ən güclü mərhələsini yaşayırsa, bu, Heydər Əliyevin yaratdığı strateji xəttin davamıdır. Qarabağın işğaldan azad olunması, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi dayanıqlılıq və milli birliyin qorunması – bütün bunlar onun qoyduğu bünövrənin üzərində inşa olunmuş qələbələrdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Ulu Öndərin yolunun canlı və yaradıcı davamıdır. Bu yol zamanın hökmünə deyil, xalqın iradəsinə əsaslanır. Bu iradənin əsas müəllifi isə məhz Heydər Əliyevdir.
Onun adı bu gün sadəcə tarix dərsliklərində deyil. Onun adı məktəblərdə gənclərə vətənpərvərlik dərsi kimi öyrədilir. Onun adı səngərdə əsgərin qürurla dilə gətirdiyi, vətəni qorumaq ruhunun təcəssümüdür. Onun adı bu xalqın dilində dualaşır, yaddaşında ucalır.
Heydər Əliyev – Azərbaycan adlı torpağın, Azərbaycan adlı millətin qürurla daşıdığı bir ada çevrilib. O, təkcə lider deyildi – o, bu xalqın içində yaşayan, hər zaman onunla nəfəs alan bir mənəvi dayağa çevrildi. Onun yoxluğu ilə barışmaq mümkün deyil, çünki o, yox olmadı – xalqın hafizəsində, dövlətin ruhunda, zamanın ritmində yaşamda qaldı. O, bir ömür deyil – bir dəyərlər sistemidir. O, keçmiş deyil – bu gün və sabahdır.
10 may tarixini anmaq – sadəcə bir doğum gününü qeyd etmək deyil. Bu gün bir xalqın ona bəxş edilmiş taleyə təşəkkür günüdür. Bu gün – dərin minnətdarlığın, sarsılmaz ehtiramın və əbədi yaşarlığın günüdür. Heydər Əliyev – xalqın ruhunda həkk olunmuş bir imza, zamanın özündə daşıdığı böyük bir ad olaraq qalır.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)