Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” layihəsi çərçivəsində kitab nəşr olundu və videoçarx hazırlandı.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış publisist, politoloq Reyhan Mirzəzadənin “Səhra qartalı” kitabı bəşəri ehtiram qazanmış dünya şöhrətli ziyalı, ədəbiyyatın görkəmli simalarından biri, Böyük Vətən müharibəsinin iştirakçısı, ömrünün ən gözəl çağlarını müharibədə döyüş meydanlarında keçirən, döyüş hadisələrini öz əsərlərində əks etdirən görkəmli yazıçı, Nobel mükafatı laureatı M.A.Şoloxovun anadan olmasının 120 illiyinə həsr olunub.
Kitab şair Tofiq Bayramın “Qələbə Günü” şeiri, sözləri Vladimir Xaritonovun, musiqsi David Tuxmanovun olan “День Победы” mahnısı və M.A.Şoloxovun sözləri ilə başlayır. Sonra isə R.Mirzəzadənin M.A.Şoloxova həsr etdiyi “Səhra qartalı” povesti verilmişdir.
Kitabda Rəsul Rzanın, Gəray Fəzlinin, Mirvarid Dilbazinin, Musa Cəlilin, Konstantin Simonovun, Vladimir Vısotskinin, Rəsul Həmzətovun 1941-1945-ci illər Böyük Vətən müharibəsinə həsr olunan şeirləri, M.Şoloxovun müharibədə çəkdirdiyi fotolar və ailə fotoları verilib.
“Mixail Aleksandroviç Şoloxov – 120” adlı videoçarxda yazıçı və ssenarist, publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mixail Şoloxovun həyat və yaradıcılığı haqqında məlumat verilir. M.Şoloxovun ən populyar əsərləri, əsərlərinə çəkilmiş filmlər, mükafatları, heykəlləri nümayiş olunur. Burada M.Şoloxovun Nobel mükafatı alarkən söylədiyi nitqindən bir parça təqdim olunur.
Kitab Bakı şəhər kitabxanalarına hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)