“Sağlamlıq körpəlikdən başlayır” adlı maarifləndirici təlim keçirilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında oxu və yazı vərdişlərində çətinlikləri olan uşaqlara dəstək olmaq, onlarda özünə inamı artırmaq və sosial inkişafını təmin etmək məqsədilə “Sağlamlıq körpəlikdən başlayır” adlı layihənin davamı olaraq növbəti maarifləndirici təlim keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, təlimdə psixopedaqoq Bülül Quliyeva, 177 nömrəli tam orta məktəbin psixoloqları və kitabxana əməkdaşları iştirak edib.

Maarifləndirici təlimin bu dəfəki mövzusu “Məktəb dövründə yaranan öyrənmə çətinliyi” olub. Psixopedaqoq Bülül Quliyeva öyrənmə çətinliyinin diaqnoz və aşkar olunması, müalicə və müdaxilə yolları haqqında danışıb, bu dövr ərzində valideyn dəstəyinin əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, öyrənmə çətinliyi ömür boyu davam etsədə müalicə və müdaxilə ilə yaxşılaşa bilər. Müalicə və müdaxilə öyrənmə çətinliyində ən effektiv üsullardan biridir. Xüsusi təhsil proqramı, loqoped terapiyası (xüsusən disleksiya və disqrafiyada), psixoloji və texnoloji dəstək bu problemi maksimum səviyyədə korreksiya edir.

Təlimdə bu qrupa aid olan uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin rolu da geniş müzakirə edilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, uşaqların inkişafına necə dəstək olmağı, onların emosional və sosial ehtiyaclarını necə qarşılamaları barədə praktiki məsləhətlər verilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.