Super User

Super User

Şənbə, 15 Fevral 2025 22:04

Sevgimiz kitab olsun

 

Zübeydə Məmmədova, Sumqayıt MKS Uşaq bölməsinin böyük multimedia mütəxəssisi. “Ədəbiyyat və incəsənət” üçün 

 Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Sumqayıt şəhər Anar Şükürov adına 25 nömrəli tam orta məktəbdə “Sevgimiz kitab olsun” adlı tədbir keçirildi. Tədbirin təşkilində Sumqayıt MKS Uşaq bölməsi də yaxından iştirak etdi.

Moderator, yazıçı –dramaturq Hafiz Ataxanlı kitab bağışlama gününün yaranma ideyasından, kitabın şəxsiyyətin formalaşmasında rolundan danışdı, məktəb kollektivinin hər zaman kreativ layihələri gerçəkləşdirməsini vurğuladı və qonaqları təqdim etdi.

Yazıçı-publisist, ssenarist, əməkdar jurnalist Eyruz Məmmədov uşaq vaxtlarından bu günə kimi kitabxanalarla davam edən dostluğunu xatırlatdı, intellektli, zəkalı Azərbaycan gəncliyi üçün kitabların töhfəsindən söz açdı və son illər yazdığı kitabları məktəbin kitabxanasına hədiyyə etdi.

AYB Sumqayıt bölməsiin sədri, şair-publisist Gülnarə Cəmaləddin çıxışını məktəblilərlə bədii mütaliə, poeziya mövzusunda polemikada qurdu.

Sumqayıt MKS Uşaq bölməsinin müdiri, 25 nömrəli məktəbin məzunu Yeganə Hüseynova bildirdi ki, o, adı məktəbə verilmiş Anar Şükürovla bir sinifdə oxuyub və Anarın da mütaliə sevgisindən söhbət açdı.

Sonra məktəbin direktoru Ayna Fleydanlı və tədbirin təşkilatçısıTəranə Hüseynova belə tədbirlərin keçirilməsinin şagirdlərin yaddaşında gözəl iz buraxdığını bildirdi. Tədbirin sonunda  məktəb şagirdləri bir – birinə kitab hədiyyə etdilər və mütaliə etdikdən sonra bu kitabları öz aralarında dəyişəcəklərinə söz verdilər. 

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Trend-in mədıniyyət müxbiri Vüqar İmanovun yazısını təqdim edir

 

Günəşli uşaqlar adlandırılanlardan biri idi. (Tibbdə onlara albinoslar deyirlər- red.) Bədənindəki əlavə xromosom ona dünyaya aşiq gözlərlə baxmaq və sevgi və gözəlliyin hamımızı xilas edəcəyinə əmin olmaq imkanı vermişdi. 

 

Həm də ətrafdakı hər şeyi başqalarının gördüyü kimi görə bilməyən əsl sənətkarın lütfü var idi onda. 

Cəmi 33 il yaşadı. Qısa ömrü ərzində 43 sərgi keçirdi. Bakıda ilk nümayişlərdən sonra onun rəsmləri Rusiya və Fransa, Türkiyə və Amerika, İtaliya və Yaponiya, Belçika və BƏƏ-də sərgiləndi.

"Kiçik şahzadə" yə həsr olunmuş bir sıra əsərləri gözəl musiqili bur cizgi filmində əks olundu. Bir çox fərqli insan onun rəsmlərinə  heyran qaldı, onları əldə etdi və yaratdığı hər şeyin inanılmaz enerjisindən danışdı.

Məşhur fransız aktrisa Juliet Binosch onun haqqında yazırdı: "Onun həyat susuzluğu alovlanır və bir hərəkətlə çəkdiyi üçün bizə ötürülür. Burada heç vaxt doymaq yoxdur, yalnız gözəllikdən əvvəl böyük bir sürpriz var."

Məşhur rus sənətşünası Olga Sviblova isə onun haqqında yazımışdı: “Məryəm sənətdə yaşayır və sənətdə yaşayır, özünü onun vasitəsi ilə kəşf edir və dünya ilə ünsiyyət qurmağın əsas yoluna çevirir. Bəlkə də buna görə onun bədii mesajı çox güclü və heyrətamizdir."

Böyük fırça ustası Tahir Salahov əmin idi ki, Məryəm heç kimə bənzəmədən unikal rəssam ola bilər. Qobustana həsr olunmuş bir sıra əsərlərinə heyran qalmışdı dahi rəssam. 

Bizi tərk etdi. Onun əsərləri qaldı və biz onun  rəsmlərindən güc alırıq.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bərbad görkəmi, sıfır infrastrukturu və sıfır xidməti ilə duqqət çəkən ölkə otelləri var ki, üzərikərində 5 olmasa da, ən azından 4 ulduz gəzdirirlər. 

Bu, həqiqətən də rüsvayçılıqdır. Ölkəmizə gələn turistlərdə ikrah doğuran bir mənzərədir. 

 

Bəs bu özbaşınalıq nədən qaynaqlanır? Deyirlər ki, vaxtı ilə ağına-bozuna baxmadan bu ulduzlar təmənna münasibəti ilə paylanıbdır. 

Yaxşı ki, barı indi cavabdeh qurumlar hərəkətə keçiblər. 

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) əməkdaşlığı çərçivəsində regionlardakı otel və hostinqlərin üzərindəki reklam lövhələrinin monitorinqinə başlanılır.

Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, bu haqda razılıq hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə əldə edilib. (Təqdim edilən fotoda məhz elə bu razılaşma görüşü kadra alınıb- red.)

İlkin mərhələdə monitorinqlər Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində 160-dan çox yerləşmə müəssisəsi üzrə keçiriləcək.

Bildiyiniz kimi, məhz bura paytaxtdan sonra ölkənin ən qonaq-qaralı yeridir. 

Aparılan müzakirələrdə regionlarda yerləşən bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin "Turizm haqqında" qanunda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozduqları qeyd olunub.

“Reklam haqqında” qanunda da qeyd olunduğu kimi, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.

Bizim işbazlar isə bunu utanmadan edirlər. 

Müzakirələr nəticəsində istehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə regionlarda ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb. Bu, özündə bərbad məkanın təmtəraqlı küçə reklamlarının - boldinqlərin yığışdırılmasını ehtiva edir. 

Qeyd edək ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün bundan sonra “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.

Bu isə öz yerində olmayanların süqutu deməkdir. 

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2025)

 

Cümə günü gecə Rusiya zərbə dronu Çernobıl Atom Elektrik Stansiyasının lahitinə (sarkofaqına) ziyan vurub, bu barədə Ukrayna Prezidenti Vladimir Zelensky bildirib və məlumatı biz Euronews-a istinadən yayırıq. 

 

MAQATE-nin telekanala verdiyi məlumata görə, AES-in vurulması nəticəsində yanğın baş verib. MAQATE rəhbəri Rafael Qross bəyanat verərək Rusiyaya yerini göstərməyin vacibliyini vurğulamışdır.

Qəribəsi odur ki, ortada fakt ola-ola Rysiya AES-ə dron zərbəsi vurduğunu təkzib etmişdir. 

Ukrayna Fövqəladə Hallar Nazirliyi, Çernobıl ətrafındakı radiasiya fonunun normal olduğunu bildirir. Bununla belə, çox ciddi həyəcan təbili çalmaq lazımdır. İkinci zərbə bəşəriyyət üçün ölüm təhlükəsi saça bilər.

 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2025)

 

Aygül Bağırova, “Ədəbiyyat və incəsənət” üçün

 

Hər bir insanın həyat yolu müəyyən bir iz buraxır, lakin bəzi insanlar var ki, onların keçdiyi yol təkcə şəxsi uğurlarla məhdudlaşmır, onların düşüncələri, apardıqları elmi araşdırmalar, təhsil və cəmiyyətə verdikləri töhfələr zaman keçdikcə daha da dəyər qazanır və yalnız bir fərdin deyil, bütöv bir xalqın elmi və mədəni inkişafının əsas dayaqlarından birinə çevrilir, bu inkişaf isə öz növbəsində gələcək nəsillər üçün mühüm irs olaraq qalır. 

 

Belə insanlar tarixdə yalnız adları ilə deyil, gördükləri işlərlə, formalaşdırdıqları elmi məktəblərlə, yetişdirdikləri tələbələrlə, qazandıqları beynəlxalq nüfuzla, bütövlükdə elmə və bəşəriyyətə bəxş etdikləri yeniliklərlə qalırlar. Akademik Arif Paşayev məhz belə simalardandır – onun ömrü, fəaliyyəti və qoyduğu irs yalnız bir insanın nailiyyətlər toplusu deyil, həm də Azərbaycan elminin, təhsilinin və cəmiyyətinin inkişaf tarixinin parlaq səhifələrindən biridir, çünki o, bütün həyatını elmə, biliyə, düşüncənin inkişafına və elmi biliklərin real həyatla uzlaşdırılmasına həsr etmiş, bu yolda yorulmadan çalışmış, apardığı elmi araşdırmalarla, təhsil sistemində həyata keçirdiyi islahatlarla, rəhbərliyi dövründə milli təhsil strategiyasına verdiyi töhfələrlə elm və təhsilin əsl dəyərini bir daha sübut etmişdir.

15 fevral yalnız bir insanın doğum günü deyil, həm də elmin, təhsilin və intellektual inkişafın qeyd olunduğu, biliyə və elmə həsr olunmuş bir ömrün dəyərləndirildiyi, bir xalqın elm və mədəniyyət tarixində silinməz iz qoymuş şəxsiyyətin gördüyü işlərin yüksək qiymətləndirildiyi bir gündür, çünki bu gün Azərbaycan elmi, milli təhsil sistemi, beynəlxalq elm cameəsi və bütövlükdə elmə dəyər verən hər kəs üçün xüsusi əhəmiyyət daşıyan, Azərbaycanın adını dünyaya tanıdan, onun elmi potensialını yüksəklərə qaldıran, elmə və biliyə sarsılmaz inamı ilə gəncləri elm yoluna istiqamətləndirən böyük bir alim və pedaqoqun doğum günüdür.

 

Elmi Düşüncənin Zirvəsində

 

Elm tarixin və mədəniyyətin dayağıdır, biliklər inkişafın açarıdır, intellektual yüksəliş isə yalnız elmə və biliyə dəyər verən cəmiyyətlərdə mümkündür və məhz bu anlayışlardan yola çıxan akademik Arif Paşayev elmin inkişafı, fundamental biliklərin tətbiqi, texnologiya və sənaye sahəsində elmi tədqiqatların daha geniş miqyasda tətbiq edilməsi, gənc nəsillərin yalnız nəzəri biliklər deyil, eyni zamanda praktik elmi biliklər əldə etməsi üçün uzun illər ərzində misilsiz fəaliyyət göstərmişdir, çünki o, yaxşı bilirdi ki, elm yalnız laboratoriyalarda, kitabxanalarda və akademik institutlarda mövcud olmamalıdır, elm cəmiyyətin həyatına nüfuz etməli, onun texnoloji inkişafına, sənaye sahələrinin çiçəklənməsinə, ümumilikdə cəmiyyətin rifahına xidmət etməlidir.

1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu bitirən və elmi fəaliyyətinə böyük inam və həvəs ilə başlayan Arif Paşayev, biliklərin yalnız nəzəri aspektlərini deyil, onların real dünyadakı tətbiq imkanlarını öyrənmək və inkişaf etdirmək istiqamətində mühüm addımlar atmış, bu sahədə apardığı tədqiqatlarla, qazandığı uğurlarla, elmi sahədəki yenilikləri praktikaya tətbiq etməsi ilə elmə yeni baxış bucağı gətirmişdir.

 

Təhsildə Yeni Epoxa: Milli Aviasiya Akademiyası

 

Elm cəmiyyətin gələcəyini formalaşdıran ən vacib dayaqlardan biridir və təhsil sistemi, onun idarə edilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması, tələbələrin elmi biliklərlə yanaşı, innovativ düşüncə və analitik təfəkkürə yiyələnməsi üçün həyata keçirilən islahatlar, istənilən ölkənin inkişafında mühüm rol oynayan amillərdən biridir, məhz bu prinsipləri rəhbər tutan Arif Paşayev 1996-cı ildən etibarən Milli Aviasiya Akademiyasına rəhbərlik edərək bu təhsil müəssisəsini yeni inkişaf mərhələsinə çıxarmış, akademiyanın strukturunu yenidən qurmuş, beynəlxalq əməkdaşlıqları genişləndirmiş, yeni elmi tədqiqat laboratoriyalarının yaradılmasına rəhbərlik etmiş və bir sözlə, akademiyanı dünyanın qabaqcıl aviasiya təhsil mərkəzlərindən birinə çevirmişdir.

 

Professor Aida İmanquliyeva: Şərqşünaslığın Zəngin İrsi və Elmə Sadiq Ömür

 

Azərbaycan elminin parlaq simalarından biri olan Aida Nəsir qızı İmanquliyeva, yalnız ölkəmizdə deyil, beynəlxalq elmi dairələrdə də dərin iz qoymuş görkəmli şərqşünas, alim, tədqiqatçı və pedaqoq idi və onun elmi fəaliyyəti təkcə ərəb ədəbiyyatının tədqiqi ilə məhdudlaşmırdı, o, bütövlükdə Şərq və Qərb mədəniyyətlərinin elmi müstəvidə araşdırılmasına yeni bir yanaşma gətirərək, Azərbaycan elmini dünyada layiqincə təmsil etmişdir.

Həyat yoldaşı Arif Paşayev ilə birlikdə qurduğu ailə, elmin və mədəniyyətin inkişafına verilən töhfələrin bir simvolu idi və onların övladları – Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Nərgiz xanım Paşayeva da valideynlərinin qoyduğu elmi irsi davam etdirərək Azərbaycan elminin və mədəniyyətinin inkişafına öz töhfələrini verməkdədirlər.

Bu gün biz yalnız bir insanın doğum gününü qeyd etmirik, biz elmin, biliyin, zəkanın, müdrikliyin və elmə göstərilən fədakarlığın təntənəsini yaşayırıq, çünki akademik Arif Paşayevin ömrü yalnız şəxsi nailiyyətlərlə yox, elmə və biliyə həsr olunmuş fəaliyyətlə doludur və bu fəaliyyətin bəhrəsi, onun gördüyü işlərin nəticələri bu gün Azərbaycanda və onun hüdudlarından kənarda, beynəlxalq elmi dairələrdə öz əksini tapmaqdadır.

Elm və təhsil, cəmiyyətin yüksəlişinin təməl daşıdır, onun gələcəyə aparan yoludur və akademik Arif Paşayev bu yolun daim işıqlı olması üçün bütün ömrü boyu yorulmadan çalışmış, öz elmi biliklərini, pedaqoji təcrübəsini, idarəçilik bacarığını, elmə və biliyə olan sevgisini cəmiyyətin inkişafına yönəltmişdir.

 

Azərbaycan elminin və təhsilinin bugünkü və gələcək nəsilləri adından akademik Arif Paşayevə uzun ömür, möhkəm cansağlığı, yeni elmi uğurlar və daim işıqlı yollar arzulayırıq. Doğum gününüz mübarək, elm və bilik fədaisi!

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2025)

 

Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarından sonra qanun, qarmon və kamança ixtisaslarının da tədris proqramını yeniləyib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu yenilənmə şagirdlərin tətbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etmək məqsədi daşıyır və müasir təhsil standartlarına uyğunlaşdırılıb. Yenilənmiş proqramlarda Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılıb, onların öyrənilməsinə üstünlük verilib.

Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar, qanun, qarmon, kamança və violin siniflərində tətbiq olunacaq bu metodika gənc istedadların potensialının inkişafına və peşəkar musiqi təhsili ilə təmin edilməsinə yönəlib.

Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2025)

 

14 fevral 2025 - ci il tarixində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə "14 fevral Beynəlxalq Kitab Bağışlama Günü" münasibəti ilə

 "Kitablar ən yaxın dostumuzdur " adlı tədbir keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə, tədbirdə Hamlet İsaxanlının, Turan İbrahimovun Əzizə Cəfərzadə haqqında və özünün yazdığı , Vaqif Osmanlının, Ali Kafkazyalının kitabları və Mirvarid Dilbazi Poeziya Məclisinin dəstəyi ilə işıq üzü görən 100  kitab 100 tələbəyə hədiyyə olundu.

Tədbirdə   Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlı,  Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı,  Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru, dosent, folklorşünas Aynur Qəzənfərqızı, Xalq Yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, şəhid anası Sevil Hüseynova, araşdırmaçı, yazıçı Vaqif Osmanlı çıxış etdilər.

Sonda Güllü Eldar Tomarlı  " Beynəlxalq Kitab Bağışlama Günü" münasibəti ilə İmişli Rayon Diferensial Tədris Mərkəzinin rəhbəri Elşən Şəmmədova 100 kitab göndərdiyini qeyd edib. Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə İmişlidə fevralın 9 -dan başlayan Konstitusiya və Suverenlik ili çərçivəsində "Zəfərimiz Rəssam Gülnarənin rənglər dünyasında" adlı fərdi sərgisinin sonuncu günü olaraq tədbir iştirakçılarına hədiyyə olunacaq.

Tədbirdə Ramin Qarayevin  ifasında saz havaları dinlənildi. Kitaba həsr olunmuş möhtəşəm tədbir gözəl bir kitab bayramı kimi  ürəklərə və yaddaşlara yazıldı.

Sonda xatirə şəkilləri çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

​"ASAN xidmət" modelinin ixracı ilə bağlı imzalanan sazişlərin sayı 25 oldu.

 Belə ki, Dünya Hökumətlər Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kolumbiya Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, memorandum “ASAN xidmət” təcrübəsinin Kolumbiya Respublikasında tətbiqini, eləcə də kolumbiyalı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Kolumbiya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

 ​Beləliklə, dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq.

 ​İmzalanma mərasimindən sonra tərəflər arasında baş tutmuş görüş zamanı Anlaşma Memorandumunun implementasiyası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.

 ​Kolumbiyalı nazir “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və əməkdaşlıq çərçivəsində tezliklə əməli addımların atılacağını diqqətə çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan ustad Aşıq Ələsgərin xatirəsinə həsr edilmiş, şair-publisist Yusif Nəğməkarın qələmə aldığı "Ələsgər Zirvəsi" poemasının təqdimat və imza günü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xalq yazıçısı, AYB sədri Anarın, Xalq şairi Sabir Rüstəmxanlının, akademik Nizami Cəfərovun, akademik Misir Mərdanovun, Milli Məclisin komitə sədri Fazil Mustafanın, millət vəkili Səyyad Aranın, millət vəkili Aydın Hüseynovun, Azərbaycan Rəssamlar Akademiyasının rektoru Natiq Əliyevin, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədovun, tarix elmləri doktoru Atamoğlan Məmmədlinin, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin, tənqidçi Əsəd Cahangirin, şair Əlirza Xələflinin və digər qonaqların iştirak etdiyi tədbirdə çıxış edən Yusif Nəğməkar bu poemanın yalnız Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş bir əsər deyil, eyni zamanda, Azərbaycan aşıq sənətinin bütövlükdə dəyərini göstərən poetik salnamə olduğunu bildirib. 

Söz nümayəndələri kitabın ədəbiyyat tariximizdəki əhəmiyyətindən, Aşıq Ələsgərin söz sənətindəki mövqeyindən və Yusif Nəğməkarın yaratdığı poemanın dəyərindən söhbət açıblar. 

Qeyd edilib ki, poemada Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun ədəbi irsinin böyüklüyü və müasir dövrdə daşıdığı mənəvi dəyərlər öz əksini tapıb.

Tədbir boyu iştirakçılar poemadan parçalar səsləndirib, Dədə Ələsgərə həsr olunmuş şeirlər oxunub və ustadın seçmə əsərlərindən sitatlar gətirilib. 

Görüşün sonunda "Ələsgər Zirvəsi" kitabı müəllif tərəfindən imzalanıb.

Bir sözlə, Natəvan klubu çox maraqlı bir tədbirə evsahibliyi edib,

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

Bu gün dünyanın bir çox ölkəsində qeyd edilən, təqvimin ən gənc bayramlarından biri 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sözü oxucuya qovuşduran sənət bayramı” adlı virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, özündə bu günün tarixi, məqsədi haqqında geniş məlumatları cəmləyən virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/sozu-oxucuya-qovusduran-senet-bayrami  yerləşdirilib. Virtual sərgidə mütaliənin  şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində olan əvəssiz rolundan, faydalarından bəhs edilir. Materialda  Gənclər Kitabxanasında təşkil edilən kitab təqdimatları, ekskursiyalar, aksiya və görüşlərdən fotogörüntülər, kitabxanada mütaliənin təbliği, yeniyetmə və gənclər arasında kitaba marağın artırılması məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə “Ulu Öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri”, “Ümumi kitab tarixi”, “Azərbaycanda kitab mədəniyyəti”, “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi”, “Kitab işinin tarixi”, “Kitabşünaslıq: nəşriyyat işinin əsasları və təşkili”, “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası ilə yanaşı dörü mətbuat nümumələri də sərgilənir.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.