
Super User
POETİK QİRAƏTdə Əlizadə Nuri “ Sənə yağış dərirəm...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:
Sənə şeir tikirəm,
Ürəyimin sapıyla.
Cənnət qururam sənə
Cəhənnəm əzabıyla.
-deyir şair. Razılaşın ki, bu şair təkrarsızdır və mükəmməldir.
Xoş mütaliələr!
Sənə yağış dərirəm...
Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından.
Sənə şeir tikirəm,
Ürəyimin sapıyla.
Cənnət qururam sənə
Cəhənnəm əzabıyla.
Yüz il duran deyiləm,
Sizin elçi daşından.
Sənə üzük yonuram
Çiçəklərin qaşından...
Sənin üzünə baxıb,
Ayı da danmaq olar.
Səndən ömür düzəldib
Min il yaşamaq olar.
Gör harda tapdım səni-
Bir gülün nəfəsində.
Sənə məğmə qoşuram
Axan çayın səsindən...
...Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə
Buludun budağından...
“Ədəbiyyat və incəsənət”
(13.05. 2025)
Tarixin 20 ən qəddar canisi –ADƏM İSMAYIL BAKUVİ YAZIR
Bir müddət öncə Adəm İsmayıl Bakuvinin “Məhşər divanı: Yalanın 17 anı” kitabı bu dəfə erməni dilində işıq üzü gördü, daha öncə kitabın Azərbaycan, türk və rus dillərində dərci həyata keçirilmişdi. Kitab bəşər tarixinin ən qatı cinayətkarları olan 17 erməninin utopik məhkəməsindən bəhs edir. Və özünü "qədim", "bəşəri", "sivil" sayan bəhxah qonşularımıza ən tutarlı zərbədir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan maraqlı bir hissəni dərc etməklə oxucularını kitabı əldə edib oxumağa çağırır. Əlbəttə ki, tarixin 17 suçlu, cinayətkar ermənisinin məhşər divanı qarşısına çıxması və onların törətdikləri cinayətlərin tarixi sənədlərlə isbatı çox maraqlıdır. İndi təqdim etdiyimiz hissə isə kitabın hazırlıq hissələrindəndir. Düşünürük ki, bu da oxucularda maraq doğuracaq. Bəs ümumən tarixinin ən qəddar caniləri kimlərdir? Kimlər insan qanından dəniz yaradıblar?
Kaliqula
Qədim Roma imperatoru öz hakimiyyətini itirməkdən hədsiz dərəcədə qorxub ətrafdakı hər kəsi özünə potensial düşmən sanırmış. Bu adam qeyri-adı qanunlar icad edibmiş. Məsələn, kim imperatorun üzünə baxsa, onun içərisində şirlər olan qəfəsə atılması. Çox qəribə ölüm hökmləri icra olunurdu imperiyada. Arıların sancması kimi. Kaliqula həm də nizamsız seksual həyat keçirir, çox sayda zorlamalara imza atırdı.
Neron
Daha bir Qədim Roma imperatoru 1-ci əsrdə daxili üsyanları qəddarcasına yatırtması, sonradan isə despotu ilə yadda qalıb, özünə rəqib bildiyi bütün saray əyyanlarını, hətta həyat yoldaşı Oktaviyanı belə edam etdirib. 64-cü ildə isə Roma şəhərində baş verən dəhşətli yanğını təşkil edib, şəhərin əsas küçələri onun ucbatından yanıb kül olub.
Çingizxan
Monqol imperiyasının yaradıcısı, ilk böyük xanı. 12-ci əsrdə yer üzərindən Tanqut çarlığını, Çinin Tzsin imperiyasını, Bağdad xəlifəliyinı, Voljsk Bolqarıstanını və Xorəzmşah kimi dövlətləri silmişdir, on minlərlə insanların qətlə yetirilməsinə, əsir və qul həyatına məhkum olunmasına rəvac vermişdir.
Vlad Sepeş – Drakula
15-ci əsrdə yaşayan bu macar-rumın qrafı Transilvaniyada ağlasığmaz qəddarlığı ilə yadda qalıb. Məsələn, 300 braşovlu gənci tonqalda yandırıb, qadınları ucu şiş taxtaya keçirib balalarını onlara sarımaqla işgəncəyə məruz qoyub. Drakula özü şəxsən qətlə yetirdikləri 23884 türkün cəsədini sayıbmış. Hətta qəddarlığına görə bu şəxsin incəsənətdə dönə-dönə obrazı da yaradılıb.
İvan Qroznı
Ağlasığmaz vəhşilikləri ilə seçilən bu 16-cı əsr Rus çarı xəyanətdə ittiham edilən saray əyanlarının tikə-tikə doğranıb üzərilərinə ya qaynar su, ya da buz tökülməsiylə dərilərinin ətdən qopmasından həzz alirmiş. Eləcə də o, bakirə qızlara qarşı elədiyi sonsuz sayda təcavüzləri ilə tarixin yaddaşına yazılan cinayətlərə imza atmışdır. Bu şəxs həm də tarixə öz oğlunun qatili kimi düşmüşdür.
Mulay İsmail
Bu Mərakeş sultanı Sudan qullarından ibarət ordusu ilə yeni-yeni torpaqlar işğal edir, əsirlər ələ keçirirmiş. Qana susayanda isə bu hannibal sarı paltar geyinib şikar axtarır, xoşuna gələnləri öldürürmüş.
Birinci Pyotr
Ruslarda imperiya ambisiyası, qonşu xalqların torpaqlarını işğal edərək ucsuz-bucaqsız ərazilərə sahib çıxmaqla bir velikorus şovinizmi yaradıb, bu səbəbdən günü bu günədək də davam edən yüzlərcə ədalətsiz müharibələr aparılıb, milyonlarla insane qurban gedib.
Andronik Ozanyan
Osmanlı və Rus imperiyaları ərazilərində türklərə və azərbaycanlılara yönəli ağlasığmaz vəhşiliklərlə müşayiət olunan qətliamlar həyata keçirib.
Benito Mussolini
Bu italiyalı şəxs məktəbli ikən sinif yoldaşını bıçaqlamasından başlayaraq italyan faşizminin banisi kimi, diktator kimi ölkə daxilində etdiyi cinayətlərinə, eləcə də Hitlerin müttəfiqi kimi 2-ci dünya müharibəsində yüz minlərlə insanı qırdırmağadək uzanan bir həyat yolu keçib.
Adolf Hitler
Bu Almaniya vətəndaşının günahları o qədər çox və təkzibedilməzdir ki (o, faşizmin banisi, 2-ci dünya müharibəsinin səbəbkarıdır, 1939-1945-ci illər ərzində hər il 4 milyonadək insanın qətlinə fərman verib, yəhudilərin məhvinə yönəli Xolokost qətliamı onun ayağındadır), onu tarixin ən qəddar canisi hesab edirlər.
İosif Stalin
Milliyyətcə gürcü olsa belə tarixə SSRİ vətəndaşı kimi düşən, Sovet İttifaqı adlı xalqlar həbsxanasını ən antihumanist həddə qədər inkişaf etdirən, xüsusən 1937-ci ildə on minlərlə ziyalını güllələdən, Sibir çöllərinə sürgün etdirən, 9 milyon insanı həbsxanalara atan, sənayeləşdirmə və kollektivləşdirmə illərində 20 milyon insanın canına qıyan, dünyanın tən yarısını zorən sosialistləşdirib digər yarısı - kapitalizm ilə əbədi mübarizəyə sürükləyən bir qəddar diktator olub Stalin.
Ted Bandi
Tarixə “Amerikanın ən qorxulu adamı” kimi düşmüş bu şəxsin cinayətkar gələcəyi nümunəvi tələbə olduğu dönəmdə əsla proqnozlaşdırılmırmış. Qoluna yalançı gips qoyub çemodanını maşınınadək götürüb aparmağı gözəgəlimli qadınlardan xahiş etməklə təməli qoyulan 30-dan çox cinayət eyni sonucla bitmişdi: qadınların zorlanması və öldürülməsi. Həbs olunub həbsxanadan qaçaraq Ted Bandı ağlasığmaz cinayətlərini yenidən davam etdirmiş, amma növbəti həbsdən sonra elektrik stulunda əyləşdirilməklə öldürülmüşdür.
Kim İr Sen
Bu Şimali Koreya diktatoru 2 milyon insan həyatına qənim kəsilmişdi, özünə “Millətin atası” titulunu götürərək insanları itaət etməyə, alçaltmağa müvəffəq olmuşdu.
Pablo Eskobar
Kolumbiya narkobaronu və terrorçusu olmuş bu şəxsi, təsadüfi deyil ki, sağlığında “Kokain kralı” adlandırırdılar. Medelyin karteli adlı narkoticarət şəbəkəsinin lideri olan bu şəxs 1980-ci illərin sonunda dünya kokain bazarının 80 faizinə nəzarət edirdi. 30 milyard sərvəti olan Eskobar Forbesin dünyanın ən varlıları siyahısında 7-ci pilləyədək yüksəlmişdi. Ağ ölüm adlı narkomaniya məhz onun sayəsində dünyada çiçəklənmiş, yüz minlərlə gənc məhv edilmişdir.
Mao Tze Dun
Çin diktatoru tək elə bircə “Böyük sıçrayış” ideologiyasına 65 milyon insanın, ümumilikdə 33 illik hakimiyyəti dövründə 76 milyon insanın qurban getməsinə rəvac vermişdi. Üstəlik, bu şəxsin qəribə bir cinayəti də vardı, əkin sahələrinin sərçələrdən qorunması adı altında tək bir il ərzində 2 milyard sərçənin məhvinə səbəb olmuşdu.
Səddam Hüseyn
Bu İrak prezidenti öz cəlladlarına milyona yaxın iraklını güllələmək, ölüncəyə qədər döydürmək, qazla boğmaq əmri vermişdi, bəzi insanları hətta əlində tapança özü güllələmişdi.
İdi Amin
Axirətdə qurulan Divan bu uqandalı dövlət başçısını elədiyi vəhşiliklərə görə hətta ağıldan kəm adlandırmışdı. 1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyəti zəbt etmiş bu keçmiş Britaniya ordusu zabiti yarım milyon uqandalını öldürtmüş, hətta hannibalizmdə də ittiham olunmuşdu.
Pol Pot
1975-1979-cu illərdə - 4 il ərzində hakimiyyətdə olan bu kambocalı diktator ölkə əhalisinin hər üç nəfərdən birinin məhvinə səbəb olaraq bəşər tarixində ən inanılmaz despot kimi ad çıxarıb.
Pedro Alonso Lopes
“And monstrı” təxəllüslü tarixin ən vəhşi manyakı. Ginnesin rekordlar kitabında “ən qəddar qatil” kimi birincilik daşıyan bu şəxs Cənubi Amerikanın Kolumbiya, Ekvador və Peru kimi dövlətlərində 1975-1978-ci illərdə yüzdən çox yeniyetmə qızı zorlayaraq öldürmüşdür.
Fransua Düvalye
Haitinin 31-ci prezidenti rejim əleyhinə çıxanların hamısını, müxalifləri izlətdirirdi, kim bir kəlmə mənfi fikir bildirirdisə, sözünün kəskinliyinə görə ya həbsə atılır, ya güllələnirdi. Haiti həbsxanaları ağzına kimi dolmuşdu, yeni həbs olunanlara yer tapılmırdı. Ömrünün sonunadək prezident olması barədə mürtəce qərar imzalamışdı bu şəxs. Özünə Papa Dok ləqəbi qazandırmış, ona da nail olmuşdu ki, dövlət himni “Papa Dok əbədidir” sözləri ilə başlasın. Əsarətə, yoxsulluğa sürüklənən xalq ayağa qalxmaq istəyəndə isə gülləbaran edilirdi.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
Qələbənin ruhunu daşıyan Ağdam: Muğam Mərkəzinin açılışı və dirçəlişin daha bir səhifəsi
Cəlil Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik. “Ədəbiyyat və incəsənət” üçün
2020-ci ilin payızında - sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi bir daha sübut etdi ki, Vətəni qoruyan, onu canı ilə yoğuran xalq məğlubedilməzdir. Bu müharibə Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Vətən sevgisi, birlik və şəhidlik kimi ali anlayışlar o günlərdə yenidən canlandı, çiçəkləndi və Zəfərlə taclandı.
Həmin 44 gün təqvimdəki bir-biri ardına düzülən sadə rəqəmlər deyildi. Hər günü torpaq uğrunda canını fəda edən minlərlə qəhrəmanın həyat hekayəsi idi. O günlərdə silaha çevrilən qəlblər, səngərlərdə dua ilə gözlərini yuman mücahidlər, canından keçən gənc əsgərlər bir anda həm qəhrəman, həm də Vətənin özü oldular. Bu gün dağlar onların dilində danışır. Hər zirvə bir igidin adını pıçıldayır. Azad edilmiş ərazilərin adları artıq sadəcə coğrafi məkan deyil, həm də şəhid qanı ilə yoğrulmuş müqəddəs nişanələrdir.
Azərbaycan əsgəri yalnız silahı ilə deyil, ruhu ilə, xalqının duası ilə döyüşdü. Bu Zəfərin arxasında yalnız ön cəbhədə vuruşan qəhrəmanlar yox, arxa cəbhədə dua edən analar, “Qarabağ Azərbaycandır!” deyən uşaqlar, bir millət kimi çırpınan milyonlarla ürək dayanır. 44 gündə Azərbaycan xalqı bir nəfəs, bir yumruq, bir ruh oldu. Müharibə ağrı və acılarla da keçdi. Biz şəhidlər verdik. Göz yaşları axdı. Lakin bu göz yaşları məğlubiyyətin yox, qürurun, Zəfərin göz yaşları idi.
Vətən müharibəsinin qəhrəmanları bu gün də bizimlədir. Onlar bizə öyrətdilər ki, Vətən torpaqla deyil, onun uğrunda canından keçənlərlə ölçülür. Bu gün azad Şuşada dalğalanan bayraq, Ağdamda açılan Muğam Mərkəzi, Xankəndində fəaliyyətə başlayan universitet - hamısı bu qəhrəmanların ruhunun təntənəsidir.
2025-ci il mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Muğam Mərkəzinin rəsmi açılışı oldu. Bu, Qarabağın mədəni dirçəlişinin başlanğıcını ifadə edən simvollardandır. Muğam əsrlərin içindən gələn xalq nəğməsidir. İndi isə bu nəğmə yenidən Ağdam səmasında səslənir. Bu musiqi bizim yaddaşımız, ruhumuz, keçmişimiz və Vətənə olan sevgimizin dilidir.
Ağdam Muğam Mərkəzi 507 yerlik konsert zalı, sərgi salonu, dərs otaqları, kitabxana və açıq amfiteatrı ilə milli irsimizin yaşadılması və gələcək nəsillərin yetişdirilməsi üçün böyük bir mədəniyyət abidəsidir. Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi xalqın ruhunu oxşadı. Onun “Biz bu torpaqlarda əbədi yaşayacağıq” sözləri təkcə siyasi mesaj deyil, mənəvi inam və əzmin ifadəsidir.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu layihənin ərsəyə gəlməsində mühüm rol oynayıb. Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalları və gənc ifaçıların dəstəklənməsi milli irsə verilən önəmin göstəricisidir. Qarabağ səmasında səslənən hər nəğmə bizə bir həqiqəti xatırladır: bu torpaqlar bizimdir, biz buradayıq və əbədi qalacağıq. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də şəhid ailələri, müharibə veteranları və qazilər üçün böyük mənəvi dayaqdır. Bu çıxışlar milli birliyimizin və dövlətçiliyimizin sarsılmaz dayağını bir daha təsdiqləyir.
2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Qondarma “Dağlıq Qarabağ Respublikası” tarixin arxivinə göndərildi. Bu, yalnız siyasi deyil, həm də mənəvi qələbə idi. Bu gün artıq Ağdam dirçəlir. Şəhər yenidən öz ritminə, nəfəsinə qovuşur. Dəmir yolları, avtomobil yolları, yaşayış kompleksləri, təhsil və mədəniyyət ocaqları biri-birinin ardınca istifadəyə verilir. Dəmir Yolu Vağzalı, Ağdam–Xankəndi–Şuşa dəmir yolu layihəsi, planlaşdırılan Xankəndi–Şuşa kanat yolu və digər infrastrukturlar Qarabağın gələcəyinə olan inamın təzahürüdür. Prezidentin bu sözləri isə hər bir azərbaycanlının qəlbində əbədi yer alır: “Mən sizin hamınızı ürəkdən təbrik edirəm, həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq.”
Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyevin söylədiyi bu sözlər gələcəyə olan inamın ifadəsidir:“İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.” Bu sözlər həm mədəniyyətimizin dirçəlişi, həm də milli ruhumuzun yeni mərhələyə qədəm qoyması baxımından dərin məna daşıyır. Azərbaycan xalqı artıq gələcəyə inamla addımlayır. Qarabağın azadlığı ilə başlayıb, onun yenidən qurulması ilə davam edən bu yol, həm fiziki, həm də mənəvi yüksəlişin yoludur. İmarət Kompleksinin bərpası, Ağdam Cümə Məscidindən Qiyaslı məscidinə qədər aparılan işlər, Xaçınçay su anbarı, müasir infrastruktur layihələri, yeni mehmanxanalar və kənd təsərrüfatına qaytarılan münbit torpaqlar - bütün bunlar Azərbaycanın bu torpaqlara verdiyi dəyərin və gələcəyə olan baxışının bariz nümunəsidir. Ən mühüm məsələ isə budur: xalqımız bir amal, bir məqsəd ətrafında – müstəqil, güclü və qalib Azərbaycan uğrunda sıx birləşmişdir. Bu birliyimiz, milli ruhumuz və Vətənə sədaqətimiz bizim tükənməz gücümüz, Zəfərimizin qaynağıdır. Bu münasibətlə bütün xalqımızı, xüsusilə də Ağdam sakinlərini Muğam Mərkəzinin açılışı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk.
Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman dövlətimizin, xalqımızın və müdrik liderimizin ətrafında sıx birləşərək Azərbaycanımızın parlaq gələcəyi naminə bütün gücümüzlə çalışacağımıza, ölkəmizin rifahı, əmin-amanlığı və suverenliyinin qorunması uğrunda var qüvvəmizi əsirgəməyəcəyimizə söz veririk.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
Naxçıvan kitabxanaların əməkdaşları Uşaq Kitabxanasında təcrübədə olublar
6-8 may 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları peşəkarlıq səviyyəsinin daha da artırılması, müvafiq sahə üzrə qabaqcıl təcrübənin və müasir metodların öyrənilməsi məqsədi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında olublar.
“Ədəbiyyat və incəsənət” portalına Respublika Uşaq Kitabxanasından verilən məlumata görə, təcrübə proqramında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin baş kitabxançısı Rəqib Quliyev iştirak edib.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqlara kitabxananın tarixi inkişaf yolu, uşaqlara yönəlik layihələri, müxtəlif şöbələrin fəaliyyəti, eləcə də oxucularla aparılan iş metodları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Təcrübə müddətində, həmçinin mütəxəssislər kitabxana-informasiya xidmətlərinin təşkili, kitabların elektron sistemə daxil edilməsi, həmçinin uşaqlara yönəlmiş maarifləndirici layihələrin hazırlanması prosesini müşahidə ediblər. Onlar, həmçinin müxtəlif yaş qruplarına uyğun keçirilən tədbirlərdə iştirak edərək praktiki biliklərini artırmaq imkanı qazanıblar.
Belə təcrübə proqramları kitabxanaçılar arasında qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaqla yanaşı, regionlararası əməkdaşlığın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Eyni zamanda, bu cür təşəbbüslər müasir dövrdə kitabxanaların sosial-mədəni mərkəz kimi fəaliyyət göstərməsi üçün zəruri bilik və bacarıqların inkişafına mühüm töhfə verir.
Sonda iştirakçılar təcrübə proqramlarının mütəmadi keçirilməsinin vacibliyini qeyd etməklə yanaşı iş proseslərində və xidmət sahələrində tətbiq olunan yeniliklərlərdən yararlandıqlarını diqqətə çatdırıblar.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
XARİCİ ƏDƏBİYYAT - Jeton Kelmendinin şeirlər kitabı işıq üzü görüb
Dünya şöhrətli Alban şairi Jeton Kelmendinin “Üzümü axtarıram” adlı şeirlər kitabı işıq üzü görüb. Müasir dünya poeziyasının tanınmış simalarından olan Kelmendinin əsərlərini Azərbaycan dilinə şair-tərcüməçi Ümid Nəccari və Fəxriyyə Həsənoğlu çevirib.
“Ədəbiyyat və incəsənət” portalına Ümid Nəccarinin verdiyi məlumata görə, kitabın “Ön söz”ü filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas və esseist Rüstəm Kamala aiddir. Nəşrin redaktoru Kənan Hacı, korrektoru İlahə Ümidli, qrafik tərtibatçısı isə Zülfiyyə Abbasovadır.
Sözügedən şeirlər toplusunda şairin son illərdə qələmə aldığı seçilmiş əsərləri yer alır.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
Şəhidlər barədə şeirlər – Dmitri Solntsev
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Dmitri Solntsevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
DMİTRİ ALEKSANDROVİÇ SOLNTSEV
(15.04.1995.-24.10.2020.)
Bakı şəhərində doğulmuş, Rus əsilli, Nəsimi rayonundakı 240 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Qubadlı rayonu
Dəfn yeri: İkinci Fəxri Xiyaban
Dmitrinin bacısına xəyali məktubu:
-Millətim rus olsa da mən bu yurdun oğluyam,
Bakı mənim ürəyim, Azərbaycan canımdır.
Bakıda doğulmuşam, Vətənimə bağlıyam,
Çörəyi bal kimidir, havası dərmanımdır.
Bakının küçələrin dostlarımla gəzmişəm,
Neçə azərbaycanlı mənə mehriban sirdaş
Birlikdə göy Xəzərdə fərəh ilə üzmüşəm,
Onlara söyləyirəm, ürəklə, “Brat”, “Qardaş”.
ADNSU-nun fərqlənmə diplomunu almışam,
Heç zaman tərk etmərəm mən anamı-Vətəni,
Meylimi bu şəhərə, Bakımıza salmışam.
Cavabın verəcəklər törədənlər fitnəni.
Bacım, salamat qalın, gedirəm Qarabağa,
Paşamızın1 qisası tezliklə alınacaq.
Az qalıb, qovuşacaq yurdimuz gözəl çağa,
Xankəndində, Şuşada himnimiz çalınacaq.
1-Paşamız-General Polad Həşimov
ƏHSƏN, DMİTRİ
Könüllü əsgər oldun əhsən, Dmitri, sənə,
Döyüşdün Füzulidə, Hadrutda, Zəngilanda.
Necə ürəklisənmiş, bağlısanmış Vətənə,
Ürəkdən sevinirdin yurd yerlərin alanda.
Bu torpaqda şəhidlik özü də səadətdir,
Qubadlının uğrunda candan keçdi Dmitri.
Şəhidlər müqəddəsdir, isanlığa zinətdir,
Onlar qurban gediblər doğma diyardan ötrü.
Həmişə dürüst idin, söylərdin həqiqəti,
Fəxri bir sakin oldun sən “Fəxri Xiyabana”.
Gözləyirdin inamla müqəddəs ədaləti,
Unudulmaz oğulsan doğma Azərbaycana.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
Azərbaycan mətbəxi Aşqabadda beynəlxalq festivalda təqdim olunub
Aşqabad Beynəlxalq Məktəbində keçirilən “Beynəlxalq mətbəx festivalı”nda Azərbaycan zəngin mədəni irsi və turizm potensialı ilə təmsil olunub.
Azərbaycanın Türkmənistandakı səfirliyindən AzərTAC-a bildiriblər ki, səfirlik tərəfindən qurulmuş guşədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalçaçılıq ənənələri, milli geyimləri, memarlıq üslubu və turizm imkanlarını əks etdirən təqdimatlar nümayiş etdirilib.
Guşədə “azerbaijan.travel” turizm portalı və “Made in Azerbaijan” brendinə dair bannerlər quraşdırılıb, milli məhsullar və sənətkarlıq nümunələri nümayiş olunub. Azərbaycanın milli mətbəxinə məxsus yeməklər və şirniyyatlar da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində ziyarətçilərə Azərbaycanı tanıdan kitablar, broşürlər və müxtəlif nəşrlər paylanıb, fotoaçıqcalar, suvenirlər və milli geyimlərimizi əks etdirən materiallar nümayiş etdirilib. Azərbaycan guşəsi festivalın diqqətçəkən mədəni təqdimat məkanlarından biri olub və qonaqlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Azərbaycan səfirliyinin əməkdaşları ziyarətçilərlə söhbətlərində ölkəmizin zəngin mədəni irsi, tarixi ənənələri və turizm potensialından bəhs edib, bu irsin beynəlxalq platformalarda tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
ÇALIŞQAN, İŞGÜZAR - Bank of Baku-da yeni təyinat olub
Azərbaycan bankçılıq sferasında özəl bank sektorunun ən qabaqcıllardan hesab edilən Bank of Baku-da yeni təyinat olub. Günel Əbdürrəhmanova bankın rəqəmsal marketinq şöbəsinin rəhbəri təyin edilib.
“Ədəbiyyat və incəsənət” portalı Valyuta.az-a istinadən xəbər verir ki, Günel Əbdürrəhmanova bankda fəaliyyətinə 2017-ci ildə başlayıb, bundan öncə isə o, banco.az iqtisadi informasiya portalında kontent meneceri, redaktor kimi çalışıb.
Qeyd edək ki, Günel Əbdürrəhmanova Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsili alıb. Daha sonra Anadolu Universitetində Korporativ Kommunikasiya üzrə magistr dərəcəsi əldə edib. Hazırda isə Azərbaycan Dövlət Pedaqoji Universitetində PHD üzrə təhsilini davam etdirir.
Daim hər yerdə öz müsbət keyfiyyətləri, ən əsası, çalışqanlığı, işgüzarlığı ilə seçilən gənc kadrın yeni vəzifəsini doğruldacağı, əlbəttə ki, şübhə doğurmur.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
Qazaxıstanda “MONOFEST” Beynəlxalq Teatr Festivalı başlayıb
Bu gün - mayın 12-də Qazaxıstanın Kostanay şəhərində “MONOFEST” Beynəlxalq Teatr Festivalı açılıb. Festivalda ölkəmizi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mayın 16-da nümayiş olunacaq “Kontrabas” tamaşasının quruluşçu rejissoru Xalq artisti İrina Perlova, ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur.
Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.
Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü-özünə sədaqətli olmalıdır.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən elektron məlumat bazası hazırlanıb
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında onun həyat və yaradıcılığına həsr edilən elektron məlumat bazası hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verikən məlumata görə, kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Mənim tanıdığım Maqsud İbrahimbəyov”, Əməkdar jurnalist Əli Nəcəfxanlının “Ədəbiyyatımızın zadəgan nasiri” kimi məqalələrinin tam mətni təqdim edilir. Azərbaycan və rus dillərində tərtib edilən elektron bazada Maqsud İbrahimbəyovun məcmuələrdə, dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin, publisistik məqalələrinin, yazıçı haqqında qələmə alınan kitabların, məqalələrin siyahıları yer alır.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Xatirəsinin əbədiləşdirilməsi” “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, Maqsud İbrahimbəyovun kitablarının virtual sərgisi də təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)