
Super User
"Xalqa bağışlanan ömür " adlı ədəbi-musiqili tədbir təşkil edilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
10 may 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Oğuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Oğuz rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollekktivinin və Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Oğuz rayon Mədəniyyət Mərkəzində "Xalqa bağışlanan ömür " adlı ədəbi-musiqili tədbir təşkil edilib.
Tədbirdə əvvəlcə Dövlət himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, müstəqilliyimiz və vətənimiz uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Ümummilli Lider Heydər Əliyev haqqında videoçarx izlənilib.
Oğuz rayon İcra Hakimiyyətinin Başçısı cənab Əbdul-Qədirov tədbirdə çıxış edib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Oğuz rayonunda keçirilən velosiped yürüşü, kros qaçışı üzrə qaliblər və “Nə, harada,nə zaman?” intellektual bilik yarışının qalibləri mükafatlandırılıb.
Yeni Azərbaycan Partiyasının Oğuz təşkilatı tərəfindən yeni partiya üzvlərinə partiyanın vəsiqələri təqdim olunub.
Daha sonra Oğuz rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollekktivinin və Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllim, şagirdlərinin iştirakı ilə, Ulu Öndərə həsr edilmiş mahnılar ifa edilib, şerlər söylənilib. Milli rəqslərimiz təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
“Bir gün onu Dövlət Təhlükəsizlik Komitəsinə dəvət etdilər…”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun və s. yazarlarımızın adlarını çəkə bilərik...
İcazənizlə, mən bu siyahıya bir ad da əlavə edim: Əhmədağa Muğanlı.
Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin motivləri əsasında ekranlaşdırılıb. Ssenarinin yazılmasında peşəkar ssenarist Əhmədağa Muğanlı böyük rol oynayıb. O, ssenarini işləyərkən yalnız pyesdən yararlanmayıb, eyni zamanda Nəbi haqda real faktlardan istifadə edərək materialı zənginləşdirib.
Film hazır olandan sonra, ermənilərin danoslarına əsasən, onun nümayişinə əngəl yaradılır. Məcbur olub bir sıra kadrları çıxarırlar. O vaxt Mirzə İbrahimov, Bayram Bayramov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Rəsul Rza və başqaları Moskvaya məktub yazaraq, filmin qadağan olunacağı təqdirdə SSRİ vətəndaşlığından, sovet hökumətinin onları təltif etdiyi bütün mükafat və fəxri adlarından imtina edəcəklərini bildirirlər...
Bəli, bu gün mən sizə yazıçı Əhmədağa Muğanlı haqqında söhbət açmaq istəyirəm. O, 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya gəlib. İbtidai təhsilini doğma kənddə, orta təhsilini isə qonşu Xırmandallı kənd məktəbində gümüş medalla başa vurub. Sonra ADU-nun filologiya fakultəsində ali təhsilə yiyələnib.
Ədəbi fəaliyyətə tələbəlik illərində başlayan Əhmədağa Muğanlı zəngin yaradıcılıq yolu keçib. 1951-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 10-cu nömrəsində “Biz qol çəkirik ki...”adında ilk hekayəsi dərc olunub. Daha sonra “Vicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri işıq üzü görüb. 1953-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işə qəbul olunub. Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olub. Dəfələrlə Bakı şəhəri Oktyabr rayon Xalq Deputatlar Sovetinə deputat seçilib. Kinostudiyada işlədiyi dövrdə çoxlu sayda bədii və sənədli filmin redaktoru olub. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami” və “Əlaqə” bədii filmlərinin ssenarisi onun redaktor qələmindən keçib. O, eyni zamanda otuza qədər sənədli və bədii filmin - “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Dağlarda döyüş”, “Od içində”, “Doğma sahillər”, “Vətən sizə arxalanır”, “M.F.Axundov”, “Sabir”, “Nizami”, “Mən sərhədçiyəm” və s. ssenari müəllifidir. Bu ekran əsərlərində xalq qəhrəmanlarımızın, sərhədçilərin, Azərbaycan ədəbiyyatı klassiklərinin, tanınmış əmək və elm xadimlərimizin həyatı bütün dolğunluğu ilə öz əksini tapıb...
2001-ci il avqustun 4-də o,75 yaşında Bakıda vəfat edib...
Oğlu Araz Qurbanov deyir ki, - “Çox istərdim ki, atama oxşayım. Uşaqların dünyagörüşünün formalaşdırılmasında valideynlərdən çox şey asılıdır. Atam həddən artıq səbirli, qayğıkeş, mülayim, anam isə iradəli qadın olub. Onlar bir-birini ideal şəkildə tamamlayırdılar. Bu gün pafoslu səslənsə də, bizim evə indiyədək haram çörək, haram pul gəlməyib. Bəzən xasiyyətimdə, davranışımda onların əlamətlərini görəndə sevinirəm. Atam övladlarına milli kimliyimizi, tariximizə, klassik ədəbiyyatımıza, musiqimizə sevgi aşılayıb. Bu ruh onun filmlərində də yer alıb. Onun təklifi ilə əlimə qələm almışam, tar məktəbinə getmişəm. Tarı indiyədək yadigar saxlayıram. Tar alınanda 1970-ci il idi. Onda atamın 50 yaşı vardı. Şuşada düzəldilmişdi. Atam Fizulinin və Hüseyn Cavidin pərəstişkarı idi. “İblis” poemasını əzbər bilirdi. Bizə də Şəhriyarın “Azərbaycan” şerini əzbərlətmişdi. İkinci dünya müharibəsi illərində sərhəddə xidmət edib. Ən maraqlısı odur ki, atam universitetin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra, onu Dövlət Təhlükəsizlik Komitəsinə dəvət etmişdilər. Atam imtina etmiş və ömrünü kinostudiyaya bağlamışdır...”
Bəli, o, XX əsrin istedadlı yazarlarından biri olub. İllər ötəcək, zaman dəyişəcək, hər yeni gələn nəsil onu ssenari müəllifi olduğu filmlərdən tanıyacaq və ehtiramla yad edəcəklər...
Mayın 10-da Əhmədağa Muğanlının 99 illiyi idi.
Biləsuvar Azərbaycanın gözəl rayonlarından biridir. Və bu gözəlliyin içində bir sıra adamların xatirəsinə ucaldılacaq heykəllərə ehtiyac var. O insanlardan biri də Əhmədağa Muğanlıdır. Axı, gələn il onun 100 illiyidir...
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “İnsan”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“İNSAN”
Səslər kəsildi.
Fikirlər dolaşdı.
Qurğuşun asıldı kirpiklərdən.
– Aç qapını!
– Buyur!
– Mən Ölüməm, gəlmişəm!
Xoş gəldin desəm,
bir az gülməli çıxar.
Gəlmisən, apar!
Adı, atasının adı,
yaşı, ünvanı budur...
– Gedək, dur!
Sükut çökdü araya,
uzun, dərin bir sükut,
bir saniyə tamam...
Qalxdı ayağa,
dedi: – Gedək.
Demədi mən deyiləm
Sən axtardığın adam.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
ABİDƏLƏRİMİZ - Yuxarı Gövhər ağa məscidi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin hər daşı bir tarix yazır. Oradakı mədəniyyət abidələrinin xüsusi yeri, çəkisi var. O cümlədən də haqlı olaraq Şuşanın qürur rəmzi hesab edilən Yuxarı Gövhər ağa məscidinin.
Məscidinin inşası vaxtı ilə dörd mərhələdə həyata keçirilmişdir.
Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir.
1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Verşaginin təsvir etdiyi məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Həmin məscid bizim dövrümüzə yaxşı saxlanmış vəziyyətdə çatmışdır. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir.
1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər ağa məscinin interyerləri tamamilə dağıdılmış, fasadına ciddi ziyan vurulmuş, minarələrinin minbər hissələri və çadırvari örtükləri dağıdılmışdır.
2017-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının İranın "Part Saman jahan Co." memarlıq şirkəti ilə məsciddə bərpa işləri aparacağı haqqında məlumat yayılmışdır. Və bu işlər də aparılmışdır. Məqsəd Azərbaycana aid memarlıq abidəsini farslaşdırmaq, qondarma tarixşə yaratmaq idi.
2020-ci ildə İkinci Qarabağ müharibəsinin gedişi zamanı Şuşanın azad edilməsindən sonra məsciddə bərpa işlərində başlanılmış, 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin əsaslı bərpa işlərindən sonra açılışı baş tutmuşdur.
Bu gün Yuxarı Gövhər ağa məscidi öz füsunkar görkəmi ilə dağlar və yaşıllılar qoynundakı Şuşaya gözəllik verməkdədir.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Əmimin itkin canı… - PORTRET
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Bəzi insanlar — varlıqları ilə sükutun özünü də danışdırar. Əmim Fətalı Əsgəroğlu da o nadir insanlardan olub. Gözləri sakit, baxışları dərin, danışığı az, duruşu isə dağ kimi! İtkin canıyla bizə görünməz bir dayaq olub — özü bilmədən, bizə bildirmədən…
1945-ci ildən bu yana…
Öncə böyüklərimiz, sonralar isə bizlər gözümüz qəzet, jurnal səhifələrində “Yolçuyev” soyadına ilişəndə; qulağımız radioda, televiziyada bu soyadı eşidəndə; haradasa Fətalı adlı biri ilə qarşılaşanda…
ürəyimizdə eyni titrəyiş oyanıb:
İTKİN ƏMİM — FƏTALI ƏSGƏR OĞLU YOLÇUYEVdən (1910) bir nişanə, bir xəbər olarmı ola?..
Rəhmətlik Turac mamam and içəndə deyərdi: “Fətalının itkin canı haqqı”!..
Nə bacıları, nə də qardaş yolunda gözünün kökü saralan atam — heç biri əmimin ölümünə inanmadı. Onlar Fətalı əmimə “itkin”dən başqa heç bir statusu yaraşdırmadılar… Və həmin inamla da bu dünyadan köçüb, getdilər…
Bu gün, mən də — üzünü görmədiyim, səsini eşitmədiyim FƏTALI ƏMİMin bir gün qayıdacağına, ya da bir xəbərinin gələcəyinə inanmaqdayam.
Onun son məktubu — 1945-ci ilin sentyabrında, artıq müharibə bitəndən sonra, “Polevaya poçta”dan gəlib.
“Növbəti məktubum çox gec gələcək, darıxmayın…” — deyə yazıbmış…
Əmim 28 yaşında — təqribən 1938-ci ildə erməni şərinə düşərək həbs olunub, Şəmşəddil (indiki Berd) rayonunda “istintaq” edilib, iki ay sonra isə Komi MSSR-ə — cəzaçəkmə müəssisəsinə göndərilib.
1941–45-ci illər müharibəsi başlayandan bir il sonra, həbsdə olan dustaqların könüllü şəkildə cəbhəyə cəlb olunması ilə bağlı Kalininin imzasıyla sərəncam verilib. Əmim də həmin sərəncama əsasən cəbhəyə yollanıb…
Onun üzünü görməmişəm…
Heç bir şəkli qalmayıb…
Amma yaddaşlarımızda onun itkin canı və adı yaşayır.
Və bu yaşantının işığında — qardaşının və əmisioğlunun yaşlılıq şəkilləri, ailə izləri əsasında süni intellekt üç vizual yaddaş portreti işlədi:
Gəncliyi, müharibədən sonrakı ehtimal edilən həsrətli duruşu və ahıl yaşlarındakı xəyali siması…
Bu şəkillər bir qayıdış kimidir.
Sükutun içində gələn bir salam, illərdir qulaq kəsildiyimiz bir baxış…
İtkin canlara salam olsun!
Onlar görünmürlər — lakin bizimlədirlər…
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Yaxşılığı unutmayan KİŞİ...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Mayın 10-nu unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyi böyük təntənə ilə qeyd edildi. Həmin ərəfədə sizlərəə Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan, onun siyasətini xalq arasında dəstəkləyən insanlar haqqında məlumat verməyə başladım. Bu insanların daha biri barədə isə bu gün danışmağa səy göstərəcəm...
O, 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndindəində dünyaya gəlib. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetə qəbul olunub. 1971-ci ilədək orada ali təhsilə yiyələnib. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra "Politexnik" qəzetində müxbir, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor, "Dan ulduzu" qəzetində baş redaktor, "Mədəniyyət" qəzetində baş müxbir, "Şeytan" jurnalında müxbir, "Açıq söz" qəzetində redaktor müavini, "Mozalan" qəzetində redaktor müavini, "Yeni Azərbaycan" qəzetində baş redaktor vəzifələrində çalışıb. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərərək, "91-lər"-dən biri olub və Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirlən təsis konfransında iştirak edib. Siyasi Şuranın üzv seçilib. Bir çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər isə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə təltif olunub. Prezidentin fərdi təqaüdçüsüdür...
Deyir ki:- “Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verəndən sonra bir müddət Moskvada yaşadı, 1990-cı ilin iyul ayında doğma vətəninə- Azərbaycana qayıtdı. Onda qardaşı Cəlal Əliyevlə birlikdə ulu öndəri qarşılamaq üçün aeroporta getdik. Orada baş verən əhvalatlar barədə artıq Elmira Axundovanın Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev: şəxsiyyət və zaman" yeddicildlik kitablarında yazılıb və həmin yazıların içərisində mənim xatirələrim də var. Əlbəttə, orada dediklərim mənim görüşlərimi bütün təfsilatı ilə əks etdirmir. Bəzilərini indi daha yaxşı xatırlayıram. Elmira xanımın romanlarının 5-ci cildində qeyd olunduğu kimi, mən əllərində Heydər Əliyevin Bakıya gəlməsinə etiraz şüarları yazılmış transparantlar olan bir qrup saqqallı, tərbiyədən uzaq, kobud küçə adamları ilə rastlaşdım və onlara etirazımı bildirdim. Sonra komendantın yanına getdim, həmin adamlara niyə təsir göstərmədiyini soruşdum. Komendant açıq-aşkar dedi ki, "mən nə edə bilərəm, onlar yuxarının adamlarıdır!". O zaman Ayaz Mütəllibov hakimiyyətdə idi...”
Olduqca ünsiyyətcildir. Çox adamdan fərqli olaraq, onunla tanış olmaq asandır. Ancaq gərək münasibətdə olanda onun diqqətini cəlb etməyi bacarasan. İlk tanışlıqdan başlayaraq, bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiz. Yüksək zəka və intellekt sahibidir. Ona görə də, özünə bənzər adamlarla ünsiyyət qurmağı xoşlayır. Yüksək zövqü var, zərif, incə çeylərdən xoşu gəlir. Onun üçün ən gözəl hədiyyə isə kitabdır...
“Heydər Əliyev haqqında o vaxtlar çox yazırdım. Odur ki, məni aeroportda görəndə gülümsədi və dedi: "Sən bilirsən ki, özünü əjdahaların, ilanların içinə atmısan?” Doğrusu, bu sözlərdən bir az "istiləndim", soruşdum ki, "mən nə etmişəm?". Heydər Əliyev də cavab verdi ki, "soruş, nə etməmisən? O yazılara görə sənə və ailənə böyük pisliklər edə bilərlər...". Mən də dedim ki, "ədalət hissi məni susmamağa məcbur etdi...". Heydər Əliyev yenə gülümsəyərək: "amma gördüyün kimi, çoxları susdular", - dedi. Bizim aeroportdakı qısa söhbətimiz bununla bitdi. Sonra Heydər Əliyev aeroportdan maşın karvanının müşayiəti ilə qardaşı Cəlal müəllimgilə onlara getdi. Səhəri gün biz orada Heydər Əliyevlə yenidən görüşdük. Narahat görünürdü. Səbəbini soruşdum. Qəribə istehza ilə dilləndi: "Xəbər göndəriblər ki, elə bu gün Bakını tərk edib ya Moskvaya qayıtmalıyam, ya da Naxçıvana getməliyəm...". Bir gün sonra isə Heydər Əliyev Naxçıvana getdi. Bir gün də telefonla mənə zəng edib dedilər ki, Heydər Əliyev sizinlə danışmaq istəyir. Heydər Əliyevin səsini eşitdim: "Gəl Naxçıvana, özün yazdıqlarının şahidi ol ki, xalq məni necə qarşılayır!". Əlbəttə, mən Naxçıvana getdim və bir neçə gün orada Heydər Əliyevlə bir evdə qaldım. Gördüm ki, Heydər Əliyevi ziyarət etməyə gələnlərin ardı-arası kəsilmir. Oradan qayıdandan sonra "Xalq məhəbbəti... Böhtançıların aqibəti" adlı böyük bir yazı dərc etdirdim.”- söyləyir.
Maraqlı adamdır. Onunla ünsiyyət olanda, çalışın çoxlu suallar verin. O, sizə gözəl söhbətlər edəcək. Əgər hər şeyin ürəyinizcə olmasını istəyirsinizsə, onda sizin yüksək yumor qabiliyyətiniz, səmimi ünsiyyətiniz, etibarınız tələb olunur...
Deyir ki:- “Mən sadə kənd müəlliminin ailəsində dünyaya göz açmışam. Heç zaman arxamda heç kimim olmayıb. Əzablı yollardan keçmişəm. Təkcə Heydər Əliyevdən arxa, kömək görmüşəm. Onun ölkə Prezidenti olduğu dövrdə millət vəkili seçilmişəm, baş konsul vəzifəsinə təyin edilmişəm. Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini almışam. İlk kitablarım da Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə çap olunub, pyesim Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Rəşid Behbudov adına Mahnı Teatrında yubileyim, indiki Heydər Əliyev sarayında əsərlərimdən ibarət "Satira gecəsi" keçirilib. Əziyyətimin bəhrəsini görəndə az da olsa, sevinmişəm. Ona görə də qəlbimdə həmişə Heydər Əliyevə minnətdaram...”
Onunla hökmranlıqla rəftar etmək mənasızdır. O, belə münasibəti xoşlamır, əyilməz adamlardandır. Doğrudur, yeniliyi çox sevir, amma köhnə münasibətlərə dəyər verməyi bacarır. Emosiyalarına sahib çıxan adamlardan isə xoşu gəlir. Çalışın ki, onun xoş əhval-ruhiyyəsi olmadığı bir vaxtda problemlər haqda danışmayasız...
Bəli, haqqında söhbət açdığım yazıçı, naşir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim Xeyrəddin Qoca nəinki, Ulu öndərə sağlığında sədaqəti ilə seçilib, ona bütün yaxşılıqlarına görə, bu gün də rəhmət oxuyan insanlardandır...
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
BU GÜN ANALAR GÜNÜDÜR, bir fərqli duyğular yaşayırıq
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Kim deyir ki, “yer üzündə mələk yoxdur” deyə? Var, sadəcə biz ona ana deyirik. Və bu gün də Analar Günüdür.
Hər il may ayının ikinci bazar günündə qeyd edilən bu müqəddəs və özəl gün bizim ölkədə necə qarşılanır? Yada sualı belə verim, “Analar günü”nə olan maraq necədir və bu barədə nə bilirik? Ana deyilən varlıq səni sadəcə bətnində daşımır, hər anında yanında olur. Onun etdiyi hər dua qarşına çıxan hər bəlaya qarşı “zireh” funksiyasını daşıyır. Hər nə qədər səni acılasa belə günün sonunda səni bağrına basır, saçından tük əksildiyini gördüyü an gözünə heç nə və heç kim görsənmir…
Hər il may ayının ikinci bazar günü Türkiyədə də Analar Günü qeyd edilir. Özü də çox böyük coşğu ilə. Bu əlamətdar gün maraqlı tədbirlərlə müşayiət olunur, analara təbrik mesajları ünvanlanır. 2008-12-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Hulusi Kılıcın xanımı Günay Kılıc Analar Günü bayramının əsl təəssübkeşi sayılır, 2009-cu ildə məhz onun təşəbbüsü ilə ilk dəfə bu gün Bakıda da qeyd edilib.
Xanım Günay Kılıcın bu əlamətdar gün münasibətilə fikirləri çox maraqlıdır:
- Öncə Türkiyə və Azərbaycanın, bütün türk dünyasının analarını salamlayır, onların bayramını təbrik edirəm. Bu bayramın maraqlı tarixçəsi var. O, ötən əsrin əvvəlində Amerikada qadın hüquqları uğrunda aparılan mücadilə ilə bağlıdır. 1907-ci ilin mayında Filadelfiyadan Anna Carvis adlı amerikalı qız erkən itirdiyi anasının xatirəsini yaşatmaq məqsədilə dövlət orqanlarına müraciət edərək “Analar günü” təsis olunması təşəbbüsü ilə çıxış edir. Təklif edir ki, ilin bir günü anaların şərəfinə bayram edilsin. Bu təşəbbüsü ilk olaraq 1910-cu ildə Virciniya ştatı qəbul edir və mayın ikinci bazar günü “Analar bayramı” kimi qeyd olunur. Tədricən bu təşəbbüs bütün Amerikaya yayılır və 1914-cü ildə prezident Vudro Vilson mayın ikinci bazar gününü Amerika analarının şərəfinə bayram günü elan edir.
Bundan sonra bu bayram bütün dünyaya yayılır. Təbii ki, Analar Gününün qeyd olunma tarixi hər ölkədə eyni deyil. Bir çox ölkələrdə fərqli tarixlərdə keçirilir. Amma bu tarix əksər ölkələrdə mayın ikinci bazar gününə təsadüf edir. Türkiyədə də mayın ikinci bazar günü Analar Günü qeyd olunur və bu gün 1955-ci ildən rəsmiləşdirilib.
Bildiyiniz kimi, insan böyüyüb öz ailəsini qurduqdan sonra yaşam şərtlərinə görə valideynlərindən, anasından uzaq düşür. Hər birimiz müxtəlif şəhərlərdə öz həyatımız, işimizlə məşğul oluruq. İmkan düşdükcə analarımıza baş çəkir, hal-əhval tuturuq. Bu baxımdan Analar Günü bayramının özəl bir mənası var. Bu gün hər kəs anasını təbrik edir, yaxındadırsa onu ziyarət edir. Uzaqdadırsa zəng edir, hədiyyələr göndərir. Kiçik uşaqlar belə rəsmlər çəkərək bununla analarını təbrik edirlər. Amma önəmli olan ana ilə birlikdə olmaq, onun xeyir-duasını almaqdır. Əslində, ilin digər günlərində də insanlar analarını axtarıb-arayarlar. Amma təbii ki, Analar Günü fərqli bir duyğudur. Bu bayramda dünyasını dəyişən anaların məzarları ziyarət edilir.
Türkiyədə Analar Günü dediyimiz zaman sadəcə analar deyil, bütün qadınlar anılır. Yəni bu gün münasibətilə xala-bibilərimizi, bacılarımızı da təbrik edirik. Demək istəyirəm ki, Türkiyədə Analar Günü elə Qadınlar Günü kimi qeyd olunur. Yəni övladı olmayan biri də öz yaxın qohumundan təbrik ala bilər. Bir qadın heç ailə qurmasa belə, o ana hesab oluna bilər. İş həyatında iş yoldaşları ilə münasibətlərdə, məsləyində bir anadır. Müəllimə şagirdlərinin anasıdır. Analıq təkcə övlad sahibi olmaq anlamına gətirilməməlidir. Analıq duyğusu qadının yaradılışında var.
Ana, hər şeydən öncə, ana olmasının fərqindədir. Ana sevgidir, şəfqətdir. Amma bu, övladının 18 yaşına çatmasına qədər sürən bir analıq deyil. Bu, ölənə qədər davam edən bir duyğu, bir sevgi, bir borcdur, vəzifədir. Heç bir türk anası öz övladına «sən 18 yaşına çatmısan, artıq evdən çıx», deməz. Bu bizim türk analarının bir özəlliyidir. Uşaqlarımızın neçə yaşı olursa-olsun, biz onlara maddi və mənəvi dəstək verir, daima onların qayğıları ilə bir olmağa çalışırıq.
Türk qadını ailədə hər zaman yerini mühafizə edər, hər zaman ailədə güclüdür. Onun yeri ailədə hər zaman hörmət və ehtiram doğurur. Anadolunun ən ucqar köşələrinə, kəndlərinə də getsəniz, orada qadın güclüdür və ayaqdadır. Səhərdən başlayaraq axşama qədər günəşin altında çalışar, amma vaxt tapıb evə gələr, uşağını yedizdirər. Həm çalışır, həm də uşağını böyüdər, tərbiyə edər. Türk qadını təhsilli olub-olmamasından asılı olmayaraq, ailədə hər zaman söz sahibidir. Hər zaman uşaqlarının üstündə nəzər-diqqəti var və ata da bundan xəbərdardır. Ata evdən çıxdığı zaman düşünür: «Mənim gözüm arxada qalmır, xanımım uşağa yaxşı baxacaq». Ata bununla da anaya güvənir.
Ümumilikdə götürdükdə qadın yaradılışı etibarilə anadır. Tanrı anaya elə bir duyğu, elə bir hissiyyat verib ki, o uşağı böyüdərkən heç bir sıxıntını özünə dərd etmir. Çünki o uşağın sevgisi ana üçün hər bir şeyin əvəzini verir. Hər yerdə olduğu kimi, Türkiyədə də övladı böyüdən anadır. Ana daha çox duyğusaldır. Uşaqla ana arasındakı bağ hələ o dünyaya gəlməmişdən öncə yaranır. Bunu bir atanın hiss etməsi bir qədər çətindir. O duyğunu ana öz uşağına süd verərkən də hiss edir. Ana öz övladına daha çox yaxındır. Bu səbəbdən uşağın tərbiyəsi ilə daha çox ana məşğul olur. Hamımız övladlarımızı böyük sevgi ilə yetişdiririk. Onları Vətənə, torpağa sevgi ruhunda böyüdürük. Biz bir torpağın insanıyıq, bir vətənə bağlıyıq, köksüz deyilik. Vətənə sevgimiz çox böyükdür. Amma bu sevgi içi boş bir sevgi deyil. Hər sevginin böyük bir məsuliyyəti də var, əks halda o sevgi yaşamaz. Biz uşaqlarımızı sevgi ilə birlikdə məsuliyyətimizi də dərk edərək yetişdirməyə çalışırıq. Bəlli bir yerə özünü bağlı hiss etməyən, köksüz hiss edən bir uşağın xəyal dünyasını hiss etmirəm. Bir yerə aidiyyətinin olması lazımdır. Bu bütün canlı aləmdə belə deyilmi? Bir vətən ancaq ona duyulan sevgi, sayğı və məsuliyyətlə qoruna bilər. Bunların da meydana gəlməsində ananın rolu əsasdır. Bu rolu Mustafa Kamal Atatürk belə ifadə etmişdi: «Məni də bir ana dünyaya gətirmədimi? Türk anaları daha neçə Mustafa Kamallar dünyaya gətirəcək».
Bütün dünyada qadınlarla, analarla bağlı atalar sözləri, məşhur şəxsiyyətlərin səsləndirdikləri ifadələr var. Məsələn, Məhəmməd peyğəmbər deyib ki, Cənnət anaların ayaqları altındadır. Bunun o qədər dərin ifadəsi var ki... Çin atalar sözündə isə deyilir: “Yüz adam bir ev tikər, onu bir qadın yuvaya çevirər”. Türk mədəniyyətində qadın gözəl döyüşçü kimi də təsvir edilir. Bu qadın həm də bir anadır. Bunun da mənası odur ki, ana hər zaman güclü olmaq zorundadır. Məsələn, qazaxlar deyir: “Birinci zənginlik sağlıq, ikinci zənginlik isə qadındır”. Bütün türk dünyasında “Hər güclü kişinin arxasında bir qadın dayanır” sözü var. Yəni “qadın ağıllı və həyat yoldaşına dəstək verəndir”. Napoleon isə deyib ki, mənə yaxşı analar verin, sizə yaxşı vətəndaşlar verim. Biz deyirik: “Ana kimi yar olmaz, Vətən kim diyar olmaz”. Bu ifadə həm ananı, həm də vətəni birlikdə ifadə edir.
Türkiyə cəmiyyətində qadın necə bir yer tutur?
Bütün dünyada, Avropada qadının hüquqi, qanuni haqlara sahib olmaq üçün necə bir mücadilədən keçdiyini bilirik. Amma Türkiyədə qadınlar Avropadan daha öncə bəzi haqları aldılar. Ölkəmizdə uzun zaman öncədən bir dəyişmə başladı. Sizə bir misal göstərim: əvvəllər Türkiyədə təhsil müəssisələrində oxuyan qızların sayı çox az idi. Məsələn, mən Şərqdə liseyin sonuncu sinfində oxuyarkən (1970) sinifdə cəmi 4 nəfər qız var idi. Amma indi belə deyil. İbtidai məktəbdə, liseydə və universitetdə qız və oğlanların sayı yarıbayarıdır. Bu rəqəm yalnız ixtisaslara görə fərqlənə bilər. Amma say eynidir. Bununla belə, Türkiyədə də qızların təhsil almasını istəməyən ailələrin olduğunu bilirik. Bu ailələrin maariflənməsi üçün həm dövlət səviyyəsində, həm qeyri-hökumət təşkilatları tərəfindən çox böyük işlər görülür. Hər yerdə və hər fürsətdə qızların təhsil almalarının vacibliyi anladılır, maddi və mənəvi dəstək verirlər. Mən Analar Günü vasitəsilə bütün ailələrə, xüsusilə də atalara, “qız uşaqlarınızı oxudun, onların təhsil almalarına əngəl olmayın” demək istəyirəm. Unutmasınlar ki, kişilərin təhsili də qadınların əlindədir.
Bəli, bu gün Analar Günüdür və biz bütün anaları elə Cünay xanım Kılıcın dilindən təbrik edirik.
-Bütün anaları, türk dünyasının analarını bir daha təbrik edirəm, onlara cansağlığı, xoşbəxtlik, uğurlar, başarılar arzu edirəm. Ana başarılı olacaq ki, övladı da başarılı olsun. Çünki doğum günündən başlayaraq övlad anadan örnək alır. Biz də onlarla varıq və bu vətən də onlarla var. Hər bir ananın uğuru isə ölkənin uğuru deməkdir. Ana iki uşaq yetişdirəndə ölkəyə iki vətəndaş verir, iki sonra dörd olar və bu rəqəm getdikcə çoxalar. Məşhur fransız yazıçısı Viktor Hüqo deyib ki, “Qadınlar zəifdir, analar isə qüvvətlidir”. Mən bütün analara qüvvətli, sağlıqlı ana olmalarını arzu edirəm. Xülasə, sözümün canı odur ki, həyatımızda kim olur olsun, heç kim bir ananın yerini doldura bilmir. İnsan kənardan xoşbəxt görünsə belə ananın yaratdığı boşluqmu desəm, qanaxması dayanmayan yaramı desəm, adını qoya bilmədiyim bu mənsəbi görünməyən quyu insanın ruhunu üşüdür.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Muğamın ruhu burdadır - Ağdam Muğam Mərkəzinin açılışı olub
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
10 may 2025-ci il tarixi Azərbaycan mədəniyyət salnaməsinə yeni və şərəfli bir səhifə kimi yazılıb, belə ki Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ağdam Muğam Mərkəzinin təntənəli açılışı baş tutub. Bu möhtəşəm hadisə işğaldan azad edilmiş Ağdamda mədəni həyatın bərpası və inkişafı yolunda atılan mühüm addımlardan biridir.
Açılış mərasimində çıxış edən dövlət başçısı bu açılışın Ulu Öndər Heydər Əliyevin doğum gününə düşməsini rəmzi məna daşıdığını vurğulayıb, Qarabağın mədəniyyət beşiyi olduğunu və muğamın bu torpaqların yaddaşında necə dərin izlər buraxdığını xüsusi qeyd edib. Bu cür mədəni tədbirlərin Qarabağda mədəni irsin yaşadılmasına yönəldiyini bildirib.
Rəsmi açılışdan sonra təşkil olunan konsert proqramı həm məzmunu, həm də ifaçı heyəti ilə rəngarəng olubdur. Konsertdə xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Alim Qasımov, Fərqanə Qasımova, Nazakat Teymurova və digər ustad sənətkarlar çıxış ediblər. Muğamın müxtəlif növləri – “Çahargah dəramədi”, “Şüştər rəngi”, “Qarabağ şikəstəsi”, xalq mahnıları və təsniflər ifa olunub. Konsertin ən duyğusal anlarından biri isə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Görüş səhnəsi”nin təqdimatı idi.
Xüsusi vurğulanmalı məqamlardan biri də Ağdam rayonunun Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin səhnədə çıxış etməsi idi. Əhəd Ağayev, Türrə Hüseynova və Rüfət Axundov kimi gənc istedadlar “Qarabağ şikəstəsi”ni ifa edərək həm tamaşaçılardan, həm də sənətkarlar tərəfindən böyük alqış qazanıblar. Bu, Qarabağda muğamın yalnız yaşadılmadığını, eyni zamanda gənc nəslə ötürüldüyünü göstərir.
Tədbirdə Ağdamın tanınmış ziyalıları, mədəniyyət və ictimai xadimləri iştirak edib. Onlar üçün bu gün həm keçmişin nisgilini, həm də gələcəyin ümidini özündə birləşdirən unudulmaz bir hadisədir.
Ağdam Muğam Mərkəzinin açılışı təkcə bir mədəniyyət ocağının istifadəyə verilməsi deyil, həm də işğaldan sonra dirçələn mədəni ruhun təntənəsidir.
Muğam bu torpaqda yenidən səsləndi – daha gur, daha inamlı və gələcəyə ümidlə baxaraq.
“Ədəbiyyat və incəsənət”
(10.05.2025)
Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, paylaşımda deyilir: “Heydər Əliyev – 102. Dahi şəxsiyyətin nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.
“Ədəbiyyat və incəsənət”
(10.05.2025)
MAQSUD İBRAHİMBƏYOV - Kino onun üçün əyləncə yox, vicdanla danışan bir güzgü idi
Rəqsanə Babayeva,
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün.
Azərbaycan mədəniyyətinin zəngin palitrasında silinməz iz qoymuş nadir simalardan biri də Maqsud İbrahimbəyovdur. O, təkcə yazıçı, dramaturq, ssenarist deyil, həm də dövrünün ruhunu duyan, insanın mənəvi qatlarını dərindən anlayan intellektual sənətkar idi. Sabah onun növbəti doğum günü qeyd ediləcək – 90-cı!
11 may 1935-ci ildə Bakıda dünyaya gələn İbrahimbəyov, XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyat və kinosunun aparıcı simalarından birinə çevrildi. O, yaradıcılığı boyunca milli dəyərlərin qorunması, insani münasibətlərin tərənnümü və ictimai düşüncənin inkişafı naminə çalışdı. Povest və pyeslərində insan xarakterini, mənəvi dilemmləri incə psixoloji qatlarla təqdim etdi. Onun qəhrəmanları həyatın içindən çıxmış, ziddiyyətli, amma oxucuya doğma obrazlardır.
Əsərlərində satira və yumor önəmli yer tutur. Sosial ədalətsizlik, bürokratik absurdlar, insanın daxili parçalanması onun qələmindən kəskin və düşündürücü tərzdə keçmişdir. “Mezozozy əhvalatı” pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birincilik qazanmış, “Bütün yaxşılılara ölüm” kitabı uzun illər xüsusən gənclər arasında bestseller olmuşdur. “Mezozozy əhvalatı”,“Bütün yaxşılılara ölüm”,”Truskavetsə kim gedir?”, “Sən nəğməmsən mənim” və s. ssenariləri əsasında çəkilən filmlər Azərbaycan mədəniyyətinin və sovet dövrü bədii düşüncəsinin zirvələrindəndir.
Ədəbiyyat və kino onun üçün insanın mənəvi axtarışına aparan iki paralel yol idi. O, həm yazıçı, həm də ictimai xadim kimi bu missiyanı məsuliyyətlə daşıyırdı.
Rejissor Maqsud İbrahimbəyov – Kamera ilə düşünən yazıçı
İbrahimbəyovun rejissorluğa gəlişi təbii və yaradıcılıq baxımından davamlı bir addım idi. Yazılı sözlə yaratdığı psixoloji və mənəvi dünyaları ekrana daşımaq arzusu onun sənət yolunun məntiqi davamı idi. 1980-ci illərdən etibarən ssenarilərini özü səhnələşdirərək, ekranın vizual imkanları ilə sözün gücünü birləşdirməyə başladı.
Onun rejissorluğu sadəcə peşəkarlıq deyil, mövzuya dərin şəxsi münasibətin, intellekt və emosiyanın vəhdətidir. Dialoq qədər pauzalar, söz qədər baxışlar, hərəkət qədər sakitlik danışır onun filmlərində. O, kamera ilə insanın daxilinə enməyi bacaran rejissorlardandır.
Azərbaycan kino sənətinin qızıl səhifələrini təşkil edən “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “De ki məni sevirsən” filmləri bu yanaşmanın parlaq nümunəsidir.
İbrahimbəyov aktyor ifasına xüsusi önəm verir, süni dramatizmdən qaçırdı. Onun filmlərində pafos deyil, gündəlik həyatın içindəki səssiz faciə, adi bir baxışın arxasındakı etiraf danışır. Kino onun üçün əyləncə yox, vicdanla danışan bir güzgü idi.
Bugünkü Azərbaycan kinosu retrospektiv dəyərləndirmə apararkən Maqsud İbrahimbəyovun rejissorluq irsi həm estetik, həm də mənəvi baxımdan öyrənilməli və qiymətləndirilməlidir. O, kameranı bir sənət aləti kimi deyil, insanın iç dünyasına işıq salan güzgü kimi istifadə edən sənətkardır.
“Ədəbiyyat və incəsənət”
(10.05.2025)