XARİCİ ƏDƏBİYYAT – Natalya Xarlampyevanın şeirləri Featured

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə “Türk mədəniyyətini Azərbaycanda tanıdaq” layihəsi çərçivəsində bu gün sizlərə Saxa Yakutiya Respublikasının xalq şairi Natalya Xarlampyevanın şerləri təqdim edilir. Şeirləri mən tərcümə etmişəm. 

“Gəldidm Bakıya...”  şerini Natalya Xarlampyeva 2019-cu ildə yazıb, Bakı təəssüratlarını bölüşüb. 1926-cı ildə uzaq Yakutiyadan Bakıda 1-ci Türkoloji qurultayda iştirak etmək üçünBakıya  gəlmiş həmyerlilərini yad edib.“Mavi qurd” isə türklərin totemi barədədir.

 

 

GƏLDİM BAKIYA

 

Buludlara yoldaş olub o gecə,

Yol tutmuşam türk yurduna beləcə.

Uzun yolum Moskvadan keçincə,

Ağırlığın hiss elədim bu yolun.

 

Türkçülüyün yolu asan olmadı,

Yol açanlar özü yolda qalmadı.

Bizim yolun adı Qızıl almadı,

Xəyalını gerçək etdim bu yolun.

 

Yol gəldim ki, köküm ilə görüşüm,

Yol gəldim ki, ruhum ilə birləşim.

“Yol”- dediyin bəzən ağır səfərdir,

Əvvəlində nələr vardı bu yolun?!

 

…Eksekül, Alampa, İsidor, Künde,

Bakıya gəlirdi dördü bir yerdə.

Türkün birliyinə qoşulurdular,

Elə bil yenidən doğulurdular.

 

Türklərin birinci qurultayına

Onlar altı aya yetişmişdilər.

İndi mən də gəldim həmin Bakıya,

Daşı-divarları qədim Bakıya.

 

Bu geniş, işıqlı böyük salonda

Türkün şövqlə keçən  qurultayında

Çıxış eyləmişdi saxa yakutlar,

Türkün birliyindən, əlifbasından,

Türkün kimliyindən danışmışdılar.

 

Palçıq balaqandan çıxan dahilər,

Heyrətlə baxmışlar bu gözəlliyə.

Qurultay sarayı geniş, işıqlı

Ürəklər dolmuşdu dosta sevgiylə.

 

İndi o salonda, sirli ocaqda

Dayanıb ətrafı seyr edirəm mən.

Deyirəm görəsən o sələflərim

Hansı səmtdə durub çıxış ediblər?

Saxa Yakutların şirin dilindən,

Bir də varlığından bəhs eləyiblər.

 

Bir səs oyandırır ruhumu həmən,

Deyir: divarın yanında orta sırada

Yan-yana oturub yakut alimi…

Mən də divarlara çəkdim əlimi.

Orta oturacaq, orta sırada

Saxa sözü ilə döyüşə çıxan,

Saxa heysiyyatın sevib qoruyan

Həmin babaların ruhun görürəm.

Səsləri də hopmuş bu divarlara…

Dönür yanağımdan axan yaşlara.

 

Bir istilik axır canıma burda,

Ruhum pərvazlanır zəngin sarayda.

Xalqıma yol açan əcdadlarımın
Ruhunu hiss etdim mən həmin anda.

Bu möhtəşəm qala, elm ocağında

Ulu babaların ruhunu tapdım.

Onların iziylə Bakıya gəlib,

Onların adıyla arzuya çatdım.

 

 

MAVİ QURD

 

Bir baxın, bir baxın mavi canavar,

Dağların, çayların üstündə qaçır.

Səhralardan keçir, çöllərdən keçir,

Türklərin izində yeni iz açır.

 

Bir baxın, bir baxın o mavi qurda,

Keçir düşmənlərin, hiyləgərlərin

Qurduğu tələlənin, torların üstdən

Keçir zəmanənin, tarixin üstdən.

 

Bir baxın, bir baxın o mavi qurda,

Yurdumun içində yanar alovlar,

Odlar da qorxutmur daha gözünü.

Bizdən daha azad bilir özünü.

 

Bir baxın, bir baxın mavi canavar,

Türklüyün özüdür, gərəyidir o.

Damarlarda axan mavi qanımız,

Bütün törələrin göbəyidir o.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.