“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Cabir Həsənin şeirləri təqdim ediləcək. Qeyd edək ki, müəllif Ağdaş rayonunda yaşayır. 3 kitab müəllifidir. 2022-ci ildən AYB-nin üzvüdür.
Cabir HƏSƏN
BİR GÜN YAŞAMAĞA HƏVƏS OLMASA
Bəxtinə düşən gün səninki deyil,
Dünyadan aldığın nəfəs olmasa.
Ölüm də naz ilə keçər yanından,
Bir gün yaşamağa həvəs olmasa.
Hicran kimdən seçib aralar kimi?
Başına gəlməsə, kim anlar kimi?
Rahat yaşayarsan adamlar kimi,
Öz abrın özünə qəfəs olmasa.
Özünə yüz saray, yüz qala tikdir,
Anlayan yoxdursa, ürəyin təkdir.
Hər işdə Allahdan riza gərəkdir,
Nə xeyri, ha darıx, tələs, olmasa.
DAŞ OTU KİMİ
Ən ağır qəzalar bəxtə bağlıdır,
Ən rahat adamın əlindən çıxır.
Səbir tükənəndə ən acı sözlər
Fağır adamın da dilindən çıxır.
Həyat hər insana tərbiyə verir,
Birdən xoş ovqatı dərdliyə verir.
Bir yanda bu ömrü hədiyyə verir,
Bir yanda ayından, ilindən çıxır.
Cabir, daşıdıqca qəmi xəlvəti,
Getdi cavanlığın dəmi xəlvəti.
Qara gün, daş otu kimi xəlvəti,
Həvəslə gül açıb telindən çıxır.
İNSAN VAR
İnsan var, vəfası zaman qədərdir,
İnsan var, səbəbsiz unudur səni.
İnsan var, həyatdan daha gözəldir,
İnsan var, həyatdan pis vurur səni.
İnsan var, zəkası göz qamaşdırır,
İnsan var, nur üzü ağlı çaşdırır,
İnsan var, rəftarı səbri daşdırır,
Hər sözü yerində qurudur səni.
İnsan var, niyyəti, qəlbi qaradır,
İnsan var, ürəkdə ümid yaradır.
İnsan var, hər sözü ağır yaradır,
İnsan var, bəxt olub ovudur səni.
İŞIQ
Həvəslə tutduğun neçə arzunun
Sonluğu çəkdiyin bir ah qədərdir.
Qanmaza bir kitab kəlam de, yenə
Qandığı özünün ağlı qədərdir.
İmkana bağlıdır canın sazlığı,
Qəlbi rahat tutar vicdan azlığı.
İnsanda imanın çatışmazlığı
Bilərək etdiyi günah qədərdir.
Cabir, yaşayırsan fikri dolaşıq,
Səbəbsiz sevincin ömrü bir qaşıq.
Hər kəsin qəlbində yaranan işıq
Haqqa apardığı pənah qədərdir.
ÇƏKƏRSƏN
Həyata ürəyi həssas doğulsan,
Üzülüb özgənin sözün çəkərsən.
Çox olar əziz dost, əziz qohumlar,
Sən yenə yükünü özün çəkərsən.
Ümidin, məramın vaxtsız ölməsin,
Ən zəif nöqtəni vuran bilməsin.
Dərd azıb qapına qonaq gəlməsin,
Öyrəşib birin yox, yüzün çəkərsən.
Bir gün könüllərin teli birləşər,
Həssas ürəyinə sevgi yerləşər.
Qəfildən araya ayrılıq düşər,
Ağlayıb çıxsa da gözün, çəkərsən.
Bir gün ayılarsan, gəncliyin solub,
Andıqca görərsən gözlərin dolub.
Dünyanın ən gözəl rəssamı olub
Yenə də dünyanın üzün çəkərsən.
AYRILIQ – SEVGİNİN ANIM GÜNÜDÜR!
Alınmadı bizdə sevgi, nə edək,
Adını nə desən, qoyaq, ayrılaq.
Ayrılıq – sevginin anım günüdür!
Ağla, üzümüzü yuyaq, ayrılaq.
Səni sevə-sevə unudaram mən,
Adın da dilimə yovuşmaz daha.
Ömrün qatarından ayrı enənlər
Göy yerə ensə də, qovuşmaz daha.
Bu, sənə yazdığım sonuncu şeir,
Bu, səni andığım sonuncu andır.
Bir nakam sevginin son çırpınışı,
Bəlkə, hiss etdiyim son həyəcandır.
BİR ÖMÜR HEKAYƏSİ
Bu dünyada vəfa adlı bir ev var,
Açıb hər gün qapısından girmişəm.
Məhəbbətin, yoldaşlığın, dostluğun
Doğrusunu, saxtasını görmüşəm.
Hər sözümü keçirmişəm ilmədən,
Ürək coşub dil danışan kəlmədən.
Allah verən ömrü özüm bilmədən
Yaratdığı vaxta qurban vermişəm.
Yol azmadım ömrə enən dumanda,
Yorulmadım yaşamaqdan bir an da.
Hər arzumu tutub (yuyub) uyğun zamanda
Ümid adlı ipin üstə sərmişəm...
YAXŞI Kİ...
Yaxşı ki, dünyada dəyər yaşayır,
Etibar, sədaqət qalır hələ də.
Yaxşı ki, Yaradan ülvi sevgini,
İnsanın qəlbinə salır hələ də.
Yaxşı ki, xəyallar çıxıb getməyib,
Yaxşı ki, ümidin vaxtı bitməyib.
Yaxşı ki, dağların abrı itməyib,
Başını dumanla çalır hələ də.
Yaxşı ki, qiyməti bilinir zərin,
Yaxşı ki, anlayıb, düşünüb dərin, –
Şairlər həyatdan inciyənlərin
Şeirlə könlünü alır hələ də...
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)