Super User

Super User

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Mən inanmaq istəmişdim — hər şeyin daha yaxşı olacağına. Amma bəzən inanmaq yetərli deyilmiş. Bəzi şeylər inanmaqla, istəməklə dəyişmir. Bəlkə də heç nə ilə dəyişmir. Bəzi şeylər dəyişmək, dəyişilmək üçün yaranmayıb, bəlkə də. Dəyişmək istəyən üçün bir əngəldir dəyişməyənlər. Sənə bənzəməyə çalışmazlar, bənzətmək istərlər özlərinə.

 

Bir qayadan atılmağa bənzəyir bu — səni də arxasıyca aparır. Sorğulamadan, nə istədiyini hiss etmədən, düşünmədən. Sən isə daş parçalarında ilişib qalmısan — nə düşə bilirsən, nə də ki, qalxa. Hər ikisi ağır, hər ikisi məğlubiyyət gətirir. Və anlayırsan ki, dəyişmək həm də özünlə savaşmaqdır. Keçmişi buraxmaq və sənə bənzəməyənləri geridə qoymaqdır. Çünki hər kəsin dəyişmək istəyi olmur. Və sən nə qədər buna çalışsan da, dəyişmək istəməyən birini dəyişə bilməzsən — ta ki, özü bu cəsarəti tapana qədər.

Və bunu da anladım ki, kiminsə dəyişməyini gözləməyə ehtiyac yoxdur. Mən öz yolumu, öz doğrularımı seçə bilərəm. Bəlkə də hələ yolun başındayam, kiçik addımlarla irəliləyirəm. Amma yol hələ bitmir. Mən öz yolumu özüm cızacağam — hər şeyə, hər kəsə rəğmən…

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

 

 

 

 

Bazar ertəsi, 26 May 2025 12:05

Dibdən zirvəyə yol getmiş CƏFƏR PƏNAHİ

Murad Vəlixanov,“Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi Kann Beynəlxalq Film Festivalının əsas mükafatına sahib olub. O, bu mükafatı "Bir sadə qəza" filminə görə qazanıb. O, İran hökumətinin təqibləri, həbsxana həyatı nəticəsində Kanna 15 il idi ki gedə bilmirdi, fasilədən sonra yenidən bu mötəbər festivala qatılması möhtəşəm oldu. Onun "Qızıl Palma budağı"na layiq görülməsi kino aləminin böyük hadisəsi hesab edildi.

 

Cəfər Pənahi: İran kinosunun üsyankar səsi

 

Cəfər Pənahi 1960-cı ildə İranın Miyane şəhərində anadan olub və bu gün dünyanın ən məşhur, eyni zamanda ən çox senzura və qadağalarla üzləşən rejissorlarından biri kimi tanınır. O, İran Yeni Dalğa kino hərəkatının öncüllərindən sayılır və dövrünün ən cəsarətli sənətkarlarından biri kimi siyasi, ictimai və etik mövzularda açıq danışır.

O, gənc yaşlarından kino və sənətə maraq göstərib, lakin İran cəmiyyətinin konservativ və senzura ilə dolu mühiti onu daim sıxışdırıb. İlk vaxtlar Qızıl Aypara Cəmiyyətində işləyən Pənahi, burada qısametrajlı sənədli filmlər çəkərək təcrübə qazanıb. Daha sonra Tehran Kino və Televiziya Məktəbində təhsil alaraq professional rejissorluq sahəsində inkişaf edib.

 

İlk uğurlar və tanınma

 

Cəfər Pənahinin beynəlxalq arenada tanınması Abbas Kiarostami ilə əməkdaşlığından sonra baş verdi. Onun ilk bədii filmi “Ağ balon” (1995) Kann kinofestivalında Qızıl Kamera mükafatını qazandı. Film sadə bir süjet üzərində qurulmuşdu: kiçik bir qız Novruz bayramı üçün qızılbalıq almaq istəyir, lakin yolda müxtəlif maneələrlə qarşılaşır. Pənahi bu sadə hekayə ilə İran cəmiyyətindəki sosial maneələri, qadağaları və məhdudiyyətləri ustalıqla nümayiş etdirmişdi.

Pənahinin filmləri əsasən cəmiyyətin marginal təbəqələrini, qadınların və uşaqların problemlərini, senzuranın və sərt rejimin doğurduğu məhdudiyyətləri əks etdirir. Onun tanınmış filmlərindən bəziləri bunlardır:

“Güzgü” (1997) — Film realiti və sənət arasındakı sərhədi silir. Baş roldakı qız qəfildən çəkiliş meydançasından getmək istədiyini deyir və kamera sanki “filmin içindən çıxır”. Bu film Berlində Ən Yaxşı Rejissor mükafatı qazandı.

“Dairə” (2000) — Qadınların İranda yaşadığı məhdudiyyətləri göstərən, tənqidi və kəskin film. Venesiya Film Festivalında Qızıl Şir mükafatını qazandı.

“Offside” (2006) — İranlı qızların futbola olan marağını və onların stadionlara buraxılmamasını hekayə edən film. Berlində Gümüş Ayı mükafatı qazandı.

“Bu film deyil” (2011) — Ev dustaqlığında çəkilmiş bu əsər senzura və qadağaların sənətçini necə boğduğunu göstərir. Pənahi evində telefonla və əl kamerası ilə film çəkərək sanki “bu artıq film deyil” mesajını verir. Film Kannda nümayiş olundu və böyük rezonans doğurdu.

 

Senzura, həbs, qadağalar...

 

2009-cu ildə İran seçkilərindən sonra baş verən iğtişaşlar zamanı Pənahi açıq şəkildə hökuməti tənqid etdi. Nəticədə o, 2010-cu ildə həbs edildi, 6 il şərti həbs cəzası aldı və 20 il film çəkmək, ssenari yazmaq, ölkəni tərk etmək və müsahibə vermək qadağası ilə cəzalandırıldı. Lakin bu, Pənahini susdurmadı. O, qadağalara baxmayaraq yaradıcılığını davam etdirdi, gizli yollarla filmlərini çəkib xaricə göndərdi və beynəlxalq festivallarda böyük uğur qazandı, Amnesty International, Human Rights Watch kimi insan hüquqları təşkilatlarının mükafatlarına layiq görüldü. O, həm də Berlinale festivalının xüsusi simvolik figurlarından biri oldu; 2015-ci ildə Berlinale münsiflər heyətində formal olaraq iştirak edə bilməsə də, onun boş stulu festivalın ən simvolik görüntülərindən biri oldu.

Son illərdə Pənahi İran rejiminin artan təzyiqlərinə baxmayaraq yaradıcılığını davam etdirir. Onun filmləri əksər hallarda xaricdə nümayiş etdirilir, çünki ölkə daxilində rəsmi qadağalar hələ də qalır.

2022-ci ildə o, digər rejissorlar Mohammad Rasoulof və Mostafa Al-Ahmad ilə birlikdə yenidən həbs edildi, lakin beynəlxalq təzyiqlər nəticəsində azadlığa buraxıldı.

 

Bəli, Pənahi bütün dünyanın qəbul etdiyi nüfuzlu bir rejissor, ictimai və siyasi fiqurdur və İran hakimiyyəti onunla açdığı savaşda uduzmağa məhkumdur.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

 

 

 

Bazar ertəsi, 26 May 2025 11:32

BİRİ İKİSİNDƏ Qulu Ağsəsin essesi ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün söz jurnalın baş redaktoru, ustad şairimiz Qulu Ağsəsindir, onun “Nəsrin mərtəbəsi” adlı essesini sizlərə təqdim edirik.

 

Qulu AĞSƏS

“NƏSRİN ... MƏRTƏBƏSİ”

(Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabına ön söz əvəzi)

 

“Diqqət, diqqət! Yupiterin atmosferinə daxil oluruq. Toqquşmaya hazır olun...” – Məmməd Məmmədli povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını mənə çatdıranda gözüm ilk bu cümlələri aldı, ardınca müəllif bərk-bərk tapşırdı ki, əsəri başdan ayağa deyil, ayaqdan başa (!) nəzərdən keçirim. “Qarabasma” janrında qələmə alınmış “Yerdələnin birinci mərtəbəsi” mənə elmi-fantastik-bədii nümunədən daha çox pandemiya günlərini xatırlatdı və özümü yenidən dörd divar arasına məhkum elədim:

“Bu dəmdə,

Quşlar səkidə gəzir,

Adamlar damda...”

Məmmədin yaratdığı əsas obraz torpağın altından üstünə can atır, Günəşi, səmanı, yeri görmək istəyir.

Eynilə karantində:

doğmalarını,

həyət-bacanı,

çayxananı,

hətta sevmədiklərini belə,

bağrına basmağa təşnə olan COVID-19 məhbusları kimi!

Təsadüfdü, ya nəydisə, mərhum alimimiz Arif Əmrahoğlunu xatırladım. Daha doğrusu, onun dilimizdə “hördüyü” “Yeddinci mərtəbə”ni: adi bir mərəzdən ötrü (yaxşı tanımadığı) şəhər xəstəxanasının yeddinci mərtəbəsində yüngülcə müalicə alan,

hər dəfə bir bəhanəylə aşağı endirilən,

hər qatda sağlıq durumu daha da pisləşən,

birinci mərtəbədə həyatla vidalaşan qəhrəmanın

(bəlkə qorxağın?!)

hekayəti başdan-ayağa

(bu dəfə ayaqdan başa yox!)

rəmzlərlə nağıl olunduğundan uzun müddət onun təsirindən çıxa bilməmişdim.

 

Söhbət Dino Butsatidən gedir. İtalyan yazıçısından.

Məmməd Məmmədli bu hekayənin astarını yazıb.

Amma Məmməd italyan deyil. İspandı.

Ciddi deyirəm.

Onun gözəl tərcümələri var. “Ulduz” jurnalında da dərc eləmişik, ayrıca kitab kimi də! “Ulduzlu nəşrlər” seriyasında gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin ispandilli ədiblərin yaradıcılığından çevirdiyi əsərləri “Ay işığı” adı altında çapa vermişdik. 2019-cu ildə “Ay işığı” kimlərin üzünə düşməmişdi:

X.Serkas,

Q.Bekker,

V.İbanyes,

X.Rulfo...

Gördünüzmü, Məmməd həqiqətən ispandı.

Tərcüməçi-yazıçı indi defisin yerini dəyişib: yazıçı-tərcüməçi olur.

Olsun.

Yeni kitabını oxumağa dəyər.

Mən bir əsərindən danışdım, siz hamısına baxarsınız.

Kitaba dikiləndə nəzər nöqtəsi dəyişir.

Məmmədə bircə iradım var. Adı soyadındandı. Növbəti kitabda nəhayət ki, özünə təxəllüs götürsün.

Vəssalam.

Nəsrin ... mərtəbəsinə xoş gəldin!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

                       

Əlibaba Rəmzi Bakı şəhərində yerləşən Elçin Şəmiyev adına 149 saylı məktəbin şagirdidir. Məktəbdə də, elə yaxın ətrafında da hamı onu yeniyetmə qəzəlxan şair

kimi tanıyır. Onun yaradıcılığından bir nümunə yayımlayaraq Əlibalaya dərslərində və yaradıcılığında uğurlar arzulayırıq.

Yeri gəlmişkən, “Oldu” adlı bu qəzəli sizlərin də bəyənəcəyinizə əminik.

 

                                Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 OLDU

 

Ey yar, vəfadan ürəyin, bixəbər oldu,

Eşqində nəsibim, gecə-gündüz kədər oldu.

 

Bir qətrəcə rəhm eyləmədin sən mənə, zalim,

Gözyaşım, aman, ayrılıqından xəzər oldu.

 

Vaiz, bizi niran ilə qorxutmaq, əbəsdir,

Hicr atəşi aşiqlərə, ondan betər oldu.

 

Bil qədrini ömrün, yaşayıb eşq ilə hərdəm,

Bir ömr ki sərf olmadı eşqə, hədər oldu.

 

Rəzmi, gərək eşqində fədəkar ola aşiq,

Cananına can verdi kim, əhli-hünər oldu!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

 

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində tanınmış rəssam, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin 140 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, sərgidə Gəncənin istedadlı rəssamları Mehdi Hüseynov, Cavanşir Məmmədov, Sevil Əliyeva, Aynur Hüseynzadə, Jalə Namazova, Mədinə Məmmədova və Sailə Əzizova öz əsərləri ilə iştirak ediblər. 

Görkəmli rəssam Əzim Əzimzadənin əziz xatirəsinə həsr olunmuş sərgidə portret, peyzaj, natürmort janrında 32 rəngkarlıq nümunəsi nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün müasir türk mütəfəkkiri, şair və yazıçısı Necip Fazıl Kısakürekin doğum günüdür. O, 26 may 1904cü ildə İstanbulda dünyaya göz açmışdır. Nəcib Fazilin uşaqlığı məhkəmə rəisi vəzifəsindən təqaüdə çıxmış atasına məxsus İstanbulun Çəmbərlidaş məhəlləsindəki evində keçmişdir. İbtidai və orta təhsilini Amerikan və Fransiz kollecləri ilə "Bəhriyyə" məktəbində (Hərbi Dəniz Litseyi) almışdır.

 

Onun litseydəki müəllimləri arasında dövrün məşhur adamlarından olan Yəhya Kamal, Əhməd Həmdi (Aksəki), İbrahim Aşkı kimi söz ustadları var idi. N.F.Qısakürək İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən sonra Fransaya göndərilmiş, Sorbonna universitetinin fəlsəfə fakültəsində təhsil almışdır.

Türkiyəyə qayıdandan sonra "Hollandiya", "Osmanlı" və "İş" banklarında müfəttiş və mühasibat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Sonra "Fransız okulu"nda, "Robert kolleci"ndə, İstanbul İncəsənət Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində müəllimlik etmişdir.

Parisdən qayıtdıqdan sonra nəşr etdirdiyi "Hörümçək toru" ("Örümcek Ağı", 1925) və "Səkilər" (bu şeri çox məşhur olduğu üçün ona bəzən "Səkilər şairi" (türkcə "Kaldırımlar şairi") də deyirlər) ("Kaldırımlar", 1928) adlı şeir kitabları onu çox gənc yaşda dünyaya tanıdır. Hələ otuz yaşı tamam olmamış nəşr etdirdiyi "Mən və ötəsi" (1932) kitabı ilə isə bu şöhrəti daha da artır. "Toxum", "Pul", "Bir Adam Yaratmaq", "Rəis bəy" kimi pyesləri böyük əks-sədaya səbəb olur. Bu əsərlərdən "Bir Adam Yaratmaq" türk dramaturgiyasının əsasını təşkil edir.

1975-ci ildə onun anadan olmasının 50 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilir. Nəcib Fazil 1980-ci ildə Mədəniyyət Nazirliyinin "Böyük Mükafat"ına, "İman və İslam atlası" adlı əsərinə görə fikir əsəri kimi "Milli Kültür Vəqfi mükafatı"na (1981), Türkiyə Yazıçılar Birliyinin "Ali Xidmət mükafatı"na (1982) layiq görülmüşdür.

Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə "Sultan-üs Şüara" (Şairlər Sultanı) Fəxri adını almışdır. Əsərlərinin bir qismi Azərbaycanda da nəşr edilmişdir.

Ünlü, ustad yazar 25 may 1983-cü ildə vəfat etmişdir. Qəribə təsadüfdür – 26 mayda doğul, 25 mayda vəfat et!

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb ölkələrindəki Azərbaycan icması ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüş Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Kralığının Dövlət himnlərinin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini və icmamızın bu sahəyə töhfələr verdiyini diqqətə çatdırıb, soydaşlarımızın uğurlu inteqrasiyasını yüksək qiymətləndirib.

“Diaspor ölkələr, xalqlar arasında vacib bir körpü rolunu oynayır və onun fəaliyyəti hər bir müstəvidə vacibdir. Ərəb ölkələrindəki icmalarımız daha çox mədəni diplomatiya vasitəsilə öz yaşadıqları ölkələrdə, həmçinin qlobal miqyasda mədəniyyətimizi və dəyərlərimizi tanıdır. Bu fəaliyyətləri daim təqdir edirik” - bu fikirləri DİDK sədri Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan icması ilə görüşü zamanı səsləndirib.

Görüşdə komitənin və diasporun həyata keçirdiyi çoxyönlü layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, soydaşlarımız arasında böyük marağa səbəb olan Diaspor Gənclərinin Yay Düşərgələri haqqında ətraflı məlumat verilib.

Toplantıda Prezident İlham Əliyevin Qarabağda qazanılan qələbə ilə bağlı çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

İcma toplantısı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə davam edib. Soydaşlarımız belə görüşlərin diaspor arasında həmrəylik ruhunun güclənməsi baxımından vacibliyini nəzərə çatdırıb, daha təsirli fəaliyyət imkanları ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynovaya, Oman üzrə koordinatoru Səidə Xəlilovaya, Səudiyyə Ərəbistanı Krallığında yaşayan həkim-kardioloq Cəmilə Rəsulovaya təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib, Səudiyyə Ərəbistanı Krallığı üzrə yeni koordinatorlar seçilib.                          

Tədbir bədii hissə ilə davam edib. İcma üzvləri Azərbaycan musiqilərini, milli rəqslərimizi böyük coşqu ilə qarşılayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

Eltən Törəçi, Dəyər Yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün

 

Yaponlar niyə latın əlifbasına keçmədilər? Dillərinə Avropa sözləri niyə almadılar? 

Əynində qərbli çır-cındırı, cibində diplom, dilində qərb sözləri olan bəzi "maarifçilər" illərlə bizə izah etməyə çalışdılar ki, çağdaşlaşmaq üçün dəyişmək, dəyişmək üçün köhnədən qurtulmaq gərəkli, bütün dəyərləri murdarlamaq önəmlidir. 

 

Bu sapı özümüzdən olan baltaların törəsəl soyqırımının ilk hədəfi yazımız oldu...  

Tarixi yazısını Çindən alan yapon yazısından daha qədim olan, VIII əsr (miladi 700-cü illər) Göytürk tamğalarımızı unutduq. 

Bir dəfə dəyişdik... olmadı.

İkinci dəfə dəyişdik... olmadı.

Üç, dörd, beş, altı və...

Sonda sayını unudacağımız qədər öz sözümüzə, öz yolumuza və törəmizə yadlaşdıq.

Amma eyni çağlarda,  eyni tarixi çətinliklərdən keçən, hətta savaşı belə  uduzan  yaponlar  heç nəyə baxmayaraq, öz yazılarından, heroqriflərindən  vaz keçmədilər, öz  törələrindən əl  çəkmədilər.

Qərbdən elm aldı, texnologiya götürdü, amma bushidosunu, ikigaisini, katanasını qorudu.

Öz soy köklü dəyərlərinə söykənərək, ucaldı.

Düşünmək üçün dil, qorunmaq üçün kimlik!

Yazı ancaq cızma qara deyil, bir  ulusun və budunun düşüncə daşıyıcısıdır. 

Hansı yazı ilə yazırsansa, hansı dillə düşünürsənsə, düşüncən, o axarda düzülür. 

Yaponlar bu gərçəyi anladılar ki, yazını dəyişmək, beyin xəritəsini pozmaqdır.

Onlar qərbin elmi anlayışlarını da öz dilləri ilə qavrayıb, öz deyimləri ilə adlandırdılar.

"Science" – Kagaku

"Philosophy" – Tetsugaku

"Artificial Intelligence" – Jinkō Chinō

Bunlar tərcümə deyil, özününküləşdirmə, mənimsəmə və içsəlləşdirmədir. 

Biz isə törəmizi pozduq, yazımızı, görkəmimizi, sözlərimizi dəyişdik, dönəm düşüncəmizi də, özümüzü də itirdik.

Keçmişdə yazdığımız bitikləri (kitabları) bir nəsil sonra oxuya bilmədik. Çünki Göytürk əlifbasını bu gün türkoloq və arxeoloqlarımızın belə çoxu bilmir.

Ədəbiyyatımızı yad dillə tanıtdıq.

Ən pisi – özümüzə öz dilimizdə soykökünə yadlaşmış, keçmişi ilə qopuq, törəsiz nəsillər yetişdirdik və bu gün də buna davam edir, öz balalarımızı yad dillərdə oxutmaqla öyünürük. Özlüyündə başqa uluslara işçi hazırlayırıq, amma bunu anlayacaq qədər uzaqgörən deyilik. 

Bizdən bir çoxları "modern" görünmək üçün, moda ilə ayaqlaşmaq və globalist gücə tapınmaq üçün "öz"ümüzdən vaz keçdi ...

Yaponlar isə "özündə" qalaraq, öz dəyərləri ilə yeni dünyalarını qurdular. 

 

İndi bizi yanlış yönləndirən "ziyalıçıqlara" sualım budur: 

Əgər doğrudan da irəliləyiş üçün dilini, yazını, düşüncəni dəyişmək gərəkli idisə, niyə yaponlar dəyişmədilər və bizdən qat-qat irəlidədirlər?

 

Bəlkə də məsələ çöldən, üzdən dəyişməkdə yox, dəyərə yiyə çıxmaqda, törəmizi və kimliyimizi qorumaqda idi?  

 

P.S: Göktürk yazısı, yaponların öz əlifbasını yaratmasından  ən az 100–150 il daha əvvəldir.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Qaryagində (indiki Füzuli rayonu – red.) coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım…"

                                                                                                      İlyas Əfəndiyev 

 

Bu gün Azərbaycan SSR xalq yazıçısı və Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin doğum günüdür. Adını ədəbiyyat tariximizə yazmış ustad yazıçının, dramaturqun ədəbiyyat qarşımızda xidmətləri hədsizdir.

 

O, 1914-cü il may ayının 26-da Qaryaginin (indiki Füzuli rayonu) hal-hazırkı Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işləri ilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.  

İlyas Əfəndiyev ədəbiyyata təsadüfən gəldiyini deyir, amma bu, bizcə zərurət idi. Axı bütün təsadüflər zərurətdən doğur. Onun qış gecəsi dostuna məktub yazmaqdan başlanan və 9 hekayəyə çevrilən ilk həvəsi sonradan "Söyüdlü arx”, "Körpüsalanlar", "Geriyə baxma, qoca", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı" kimi möhtəşəm romanların dünyaya gəlişinə rəvac verdi.

 

ƏSƏRLƏRİ 

 

Pyeslər

1. "İntizar"(1940-cı illər-Yazıçı Mehdi Hüseynlə birgə yazmışdır.)

2. "İşıqlı yollar"

3. "Bahar suları"

4. "Atayevlər ailəsi"

5. "Sən həmişə mənimləsən", yaxud "Boy çiçəyi"

6. "Mənim günahım"

7. "Odlu səhradan gəlmiş şeytan"

8. "On manatlıq lüstr"

9. "Bizə inan"

10. "Unuda bilmirəm"

11. "Məhv olmuş gündəliklər"

 

Uşaq hekayələri

1. "Ceyran ovu"

2. "Maraqlı hadisə"

3. "Qoruqlarda"

4. "Yasəmən ağacı"

5. "İz ilə"

6. "Ovçunun nağılı"

7. "Zəmidə bir turac səslənirdi"

 

Hekayələr

- "Kənddən məktublar" kitabından

"Qızbəs xala"

"Qarımış oğlan"

"Mirzə İman"

"Xəncər hekayəsi"

- "Hekayələr" kitabından

"Görüş"

"Gülaçar"

"Su dəyirmanı"

 

Povestlər

- "Kənddən məktublar"(1939)

- "Aydınlıq gecələr"(1945)

- "Torpağın sahibi"

- "Qaçaq Süleymanın ölümü"

- "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı"

- "Üçatılan"(1981) (avtobioqrafik)

 

Romanlar 

1. "Söyüdlü arx"(1958)

2. "Körpüsalanlar"(1960)

3. "Geriyə baxma, qoca"(1980) (avtobioqrafik əsərdir)

4. "Xan çinar"

5. "Dağlar arxasında üç dost"(1963)

6. "Sarıköynəklə Valehin nağılı"(1976–1978)

 

MÜKAFATLARI:

 

1. "Şərəf nişanı" ordeni 

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı 

3. "Qırmızı əmək bayrağı" ordeni 

4. Azərbaycan SSR Dövlət mükafatı (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasına görə)

5. "Oktyabr inqilabı" ordeni

6. "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı

7. "Lenin" ordeni

8. "Şöhrət" ordeni

 

Böyük yazar 3 oktyabr 1996 cı ildə Bakıda vəfat etmişdir. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

Bazar ertəsi, 26 May 2025 09:02

Seçmə şeirlər – RƏSUL RZA, “Soruş”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

RƏSUL RZA

“SORUŞ”

 

Od nə çəkdi,
                   küldən soruş!
Baş nə çəkdi,
                   dildən soruş!
İşə susuz barmaqların
                   kədərini insan bilir.
Nəğmələrin həsrətini
                   bir qırılmış teldən soruş!
Ömrün çətin yollarında
                   daşa ləpir salsa ayaq,
gün nə çəkdi,
                   ildən soruş!
Zülmətliyin möhnətini
                   kor söyləsin!
Bəm xalların fəryadını
                   zildən soruş!
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim,
Gözlərimi yumub-açdım,
neçə dostu sağ görmədim.
Nələr çəkdi çaylaq daşı
                   seldən soruş!
Yollar uzun, mənzil uzaq.
Sərt daşlara dözmür ayaq.
Dözsün gərək.
Dözsün gərək.
Kim zirvəyə qalxar, deyin,
Yollar boyu hər pilləni
birgünləri, yüzilləri
qəlbimizlə,
beynimizlə
ömrümüzlə
doldurmasaq.
Mən yolçuyam

Mən yoldayam
Od nə çəkdi,
                   küldən soruş!
hansı şeirim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!  

               Yanvar, 1964

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.