Bu ad türk dünyasında çox məşhurdur: NECİP FAZIL KISAKÜREK Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün müasir türk mütəfəkkiri, şair və yazıçısı Necip Fazıl Kısakürekin doğum günüdür. O, 26 may 1904cü ildə İstanbulda dünyaya göz açmışdır. Nəcib Fazilin uşaqlığı məhkəmə rəisi vəzifəsindən təqaüdə çıxmış atasına məxsus İstanbulun Çəmbərlidaş məhəlləsindəki evində keçmişdir. İbtidai və orta təhsilini Amerikan və Fransiz kollecləri ilə "Bəhriyyə" məktəbində (Hərbi Dəniz Litseyi) almışdır.

 

Onun litseydəki müəllimləri arasında dövrün məşhur adamlarından olan Yəhya Kamal, Əhməd Həmdi (Aksəki), İbrahim Aşkı kimi söz ustadları var idi. N.F.Qısakürək İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən sonra Fransaya göndərilmiş, Sorbonna universitetinin fəlsəfə fakültəsində təhsil almışdır.

Türkiyəyə qayıdandan sonra "Hollandiya", "Osmanlı" və "İş" banklarında müfəttiş və mühasibat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Sonra "Fransız okulu"nda, "Robert kolleci"ndə, İstanbul İncəsənət Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində müəllimlik etmişdir.

Parisdən qayıtdıqdan sonra nəşr etdirdiyi "Hörümçək toru" ("Örümcek Ağı", 1925) və "Səkilər" (bu şeri çox məşhur olduğu üçün ona bəzən "Səkilər şairi" (türkcə "Kaldırımlar şairi") də deyirlər) ("Kaldırımlar", 1928) adlı şeir kitabları onu çox gənc yaşda dünyaya tanıdır. Hələ otuz yaşı tamam olmamış nəşr etdirdiyi "Mən və ötəsi" (1932) kitabı ilə isə bu şöhrəti daha da artır. "Toxum", "Pul", "Bir Adam Yaratmaq", "Rəis bəy" kimi pyesləri böyük əks-sədaya səbəb olur. Bu əsərlərdən "Bir Adam Yaratmaq" türk dramaturgiyasının əsasını təşkil edir.

1975-ci ildə onun anadan olmasının 50 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilir. Nəcib Fazil 1980-ci ildə Mədəniyyət Nazirliyinin "Böyük Mükafat"ına, "İman və İslam atlası" adlı əsərinə görə fikir əsəri kimi "Milli Kültür Vəqfi mükafatı"na (1981), Türkiyə Yazıçılar Birliyinin "Ali Xidmət mükafatı"na (1982) layiq görülmüşdür.

Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə "Sultan-üs Şüara" (Şairlər Sultanı) Fəxri adını almışdır. Əsərlərinin bir qismi Azərbaycanda da nəşr edilmişdir.

Ünlü, ustad yazar 25 may 1983-cü ildə vəfat etmişdir. Qəribə təsadüfdür – 26 mayda doğul, 25 mayda vəfat et!

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.