Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Mən inanmaq istəmişdim — hər şeyin daha yaxşı olacağına. Amma bəzən inanmaq yetərli deyilmiş. Bəzi şeylər inanmaqla, istəməklə dəyişmir. Bəlkə də heç nə ilə dəyişmir. Bəzi şeylər dəyişmək, dəyişilmək üçün yaranmayıb, bəlkə də. Dəyişmək istəyən üçün bir əngəldir dəyişməyənlər. Sənə bənzəməyə çalışmazlar, bənzətmək istərlər özlərinə.
Bir qayadan atılmağa bənzəyir bu — səni də arxasıyca aparır. Sorğulamadan, nə istədiyini hiss etmədən, düşünmədən. Sən isə daş parçalarında ilişib qalmısan — nə düşə bilirsən, nə də ki, qalxa. Hər ikisi ağır, hər ikisi məğlubiyyət gətirir. Və anlayırsan ki, dəyişmək həm də özünlə savaşmaqdır. Keçmişi buraxmaq və sənə bənzəməyənləri geridə qoymaqdır. Çünki hər kəsin dəyişmək istəyi olmur. Və sən nə qədər buna çalışsan da, dəyişmək istəməyən birini dəyişə bilməzsən — ta ki, özü bu cəsarəti tapana qədər.
Və bunu da anladım ki, kiminsə dəyişməyini gözləməyə ehtiyac yoxdur. Mən öz yolumu, öz doğrularımı seçə bilərəm. Bəlkə də hələ yolun başındayam, kiçik addımlarla irəliləyirəm. Amma yol hələ bitmir. Mən öz yolumu özüm cızacağam — hər şeyə, hər kəsə rəğmən…
“Ədəbiyyat və incəsənət”
(26.05.2025)