Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün rubrikamda premyeradır, ilk dəfədir ki, Təranə Dəmirin şeirini təqdim edirəm. Sabah martın 8-dir. Bəlkə də sabah bütün qadınlar diqqət mərkəzində olduqlarından xoşbəxt olacaqlar, amma bu gün və biri gün onlar öz dərd-sərləri ilə başbaşa olacaqlar.

 

Yanvar yağışından asılıb qalıb iyundan qalan  arzular,

Üşüyür bulud evində.

Üstünü şaxta örtüb, qırov basıb,

Didərgindi yerlə göyün arasında.

Bir  himə bənddi

çiliklənib tökülsün

üzüaşağı

səma yuvasından.

Amma qorxusu yoxdu heç nədən --

nə yağışdan, nə küləkdən..

Yanvarın  boğazında  ilişib qalacaq uzaqbaşı, 

Şükür  hələ ki, diridi...

nə bilmək olar, 

ölümlə olumun tən ortasında

bir də gördün, gün çıxdı, buz əridi...

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

Cümə, 07 Mart 2025 08:04

Haqqa qovuşan Mir Dilavər ağa...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ömrünün 89-cu ilində haqqa qovuşan Yardımlı ağsaqqalı Seyid Mir Dilavər ağanı Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli İsgəndərov belə xarakterizə edir. Yeri gəlmişkən, yazını təqdim etməmişdən öncə xatırlatmaq istəyirəm ki, Ağanın yeddi məclisi martın 9-u (İftar vaxtı) Heydər məscidində keçiriləcək.

 

Bilənlər yaxşı bilir ki, biz Yardımlı camaatı seyidlərimizə qarşı həmişə diqqətli olmuşuq. Çünki bu adamlara həzrəti Peyğəmbərimizin yadigarları kimi ehtiram göstərməyi özümüzdə bir vəfa borcu sanmışıq. Bu gün sizə Yardımlı qəsəbə camaatının tanınmış ruhanisi, ötən əsrin 60-cı illərindən 2000-ci ilin əvvəllərinə kimi ata-babamızın şəriətimizin buyurduğu kimi dəfn-kəfən edilməsində böyük əməyi olan Hacı Mir Dilavər ağa haqqında söhbət açmaq istəyirəm. Əlbəttə, hamı kimi mənim də qəlbimdə Mir Dilavər ağaya böyük sayğı və rəğbətim var, valideynlərim də bunu zaman-zaman biz övladlarına nəsihət ediblər, hətta onun cəddinə tapınıblar...

 

 Seyidlər yurdu Perimbeldən olan Mir Dilavər ağanı ağlım kəsəndən Yardımlı qəsəbəsində görmüşəm. Xatirimdədir, o, keçən əsrin 60-cı illərindən Yardımlı qəsəbəsində mühasib kimi çalışdığından məcbur olub, doğma kəndindən rayon mərkəzinə köçmüşdü. Onlar ilk dəfə Yardımlı qəsəbəsində bizim qonşuluğumuzda kirayə qalırdılar, rəhmətlik Qulam Rufullayevin evində. Ona görə də uşaqları də bizim Yardımlı qəsəbə 2 saylı orta məktəbdə oxuyublar və oğlanları məktəb yoldaşlarımız olduğu kimi Mirəddin, Mirşahin bizim məhəllə dostlarımız idi. Elə o zamandan Mir Dilavər ağamızı Yardımlı qəsəbə camaatının ruhanilərindən biri kimi tanıyırdım. Məmur olsa da, onun kamil dini savadından, bizim şəri məclislərdə- Məhərrəmlik və ya Ramazanda xoş avazlı moizələrindən, risalə söhbətindən doymaq olmurdu. Daima bizim Yardımlı qəsəbə məclislərində onu görməyə alışmışdıq. Düzünü desəm, bizim babaların ona xüsusi bir rəğbəti var idi, həm cəddinə iman gətirib nəzir verər, rəhmətə gedənlər üçün Quran ayələrinin oxumasını xahiş edər, həm də xüsusi, əlamətdar gündə məscidimizdə məclisi idarə etməyi seyyid Mir Dilavər ağadan xahiş edərdilər. Camaatımızdan rəhmətə gedən olanda, Mir Dilavər ağa məmur kimi çalışdığı Kənd Təsərrüfatı və ya Aqrara-Sənaye idarəsində mühasib olduğu üçün aşıb-daşan işini buraxıb, Yardımlı qəsəbəsindəki üzr yerinə tələsərdi. Mürdəşirxanada və ya məzarlıqda dəfn-kəfən edilən zaman onun həzin, bir az kədərli şəkildə vəfat edən adamın ruhuna ucadan oxuduğu duaların səsi indi də qulaqlarımdadır. Bütün xeyir-şərimizdə yaxından iştirak edərdi. Yardımlı qəsəbə camaatı da seyidimizin bu iltifatına görə, ona böyük ehtiram göstərər, hər bir məclisdə başda oturmağa dəvət edirdilər. Ağamızın bu fəaliyyəti Yardımlı camaatı üçün 40 ilə yaxın davam edib. Sonradan əslən Osnağaran kəndindən olan seyid Mir Əzəddin ağanın şəri məclislərimizdə bir ruhani kimi tanınması ilə Mir Dilavər ağa öz nəcib missiyasını ona əmanət etdi və məclislərdə seyrək olaraq iştirak etməyə başladı. Bunun digər səbəbi də səhhətində yaranan nasazlıq idi. Gənc yaşında qəfildən bir neçə övladını itirməsi isə Mir Dilavər ağaya həqiqətən böyük zərbə oldu...

 

Bildirim ki, seyidimiz Mir Dilavər ağanın atası rəhmətlik Mir Təyyar ağanın da mükəmməl dini savadı olub və bu savadı öz oğlanlarına da öyrətməyi bacarıb. 1921-ci ildən 1934-cü ilə kimi Sovet dövlətinə tabe olmaq istəməyən azadlıqsevər Perimbel camaatı Sovetlərin çox zülmünə tuş gəlib. 1953-cü ildə isə Perimbel kəndi depotasiya edilən kəndlərimizin önündə olub. Kənd camaatı zorla Salyan və digər rayonlara köçürülüb. Bax, o zaman Mir Dilavər ağanın atası Mir Təyyar ağa da Salyan rayonuna köçübdür. Köçkünlərə mehribancasına qucaq açan bu diyar Perimbel camaatına çox kömək olublar. Mir Təyyar ağa da Salyan camaatı içərisində böyük ehtiram və rəğbətə sahib olub...

Bəli, Mir Dilavər ağa və qardaşları mükəmməl dini savada malik olublar. Uzun illər  Bakı Dövlət Universitetidə çalışmış, professor, rəhmətlik Mir Əcəm ağa da, Yardımlıda xeyir-şərimizin yaraşıığı Mir Əkrəm ağa da Quran ayələrini əzbərdən bilən və yeri gələndə çox gözəl təfsir edənlər olublar. Məlum pandemiyaya qədər bu yaşında Mir Dilavər ağanın ömür-gün yoldaşı Hacı Leyla xanım bütün xeyir-şərimizdə yaxından iştirak edib, bəzən, hörmət əlaməti olaraq üzr yerində qadın məclislərimizi də idarə edib. Camaatımızın böyük hörmətini qazanıb...

 

 Bəli, valideynlərimiz dönə-dönə Mir Dilavər ağaya ehtiramı bizə vəsiyyət-nəsihət ediblər. Heyf, çox heyf ki, Mir Dilavər ağa bu gün aramızda yoxdur. Ona Allahdan rəhmət diləyirik...

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..

Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.

 

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri - Əli bəy Həsənzadənin doğum günüdür.

O, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir. 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub.

Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı.

 

Bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır.

 

Kitabları:

 

1. Əbədi gözəlliklər. 

2. Nicat məhəbbətdədir. 

3. Qərbin iki dastanında türk.

4. Türklər kimdir və kimlərdən ibarətdir?

5. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar. 

6. Kəfalət, yaxud vəfadar dostlar (F. Şillerdən nəzmən tərcümədir). 

 

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

Fariz Əhnədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Ankarada Azərbaycan və Türkiyə Prezidentlərinin rəhbərliyi ilə videoformatda İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu. Bu kəmərin açılışı Naxçıvanın enerji müstəqilliyini təmin etməklə yanaşı İrandan asılılığını da demək olar ki, sonlandıracaq.

 

Bununla yanaşı 100 ildən çoxdur Azərbaycanın əsas hissəsindən ayrı qalan və Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən işğalına hazırlaşılan Naxçıvan bütün qapıları açaraq bölgənin cövhərinə çevrilir. 

Ölkə başçısı çıxışında qeyd etdi ki, umummilli lider Heydər Əliyevin o zaman Naxçıvana rəhbərliyi, Naxçıvanlıların canları bahasına düşmənə yol verməməsi və qardaş Türkiyənin dəstəyi ilə Naxçıvan ayaqda durdu. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanda “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərində hər sahədə böyük irəliləyiş olduğunu bildirdi. 

 Naxçıvanın enerji çətinliyi çəkməyəcəyinə dair açıq mesaj

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edən strateji layihədir. Bu kəmər Azərbaycan qazını Türkiyə üzərindən svop mexanizmi ilə Naxçıvana nəql edəcək ki, Naxçıvan bu problemdən birdəfəlik xilas olaraq bölgədə sabitliyi və iqtisadi inkişafı dəstəkləyəcək.

Prezident Ərdoğan bildirdi ki, gündəlik 2 milyon kubmetrə qədər qaz nəqletmə qabiliyyətinə malik bu kəmər  Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək. Bu da Naxçıvanın gələcəkdə enerji ilə bağlı çətinlik çəkməyəcəyinin açıq mesajıdır. Həmçini Prezidentlərin Bakı-Tbilisi-Ceyhan, TANAP və digər enerji layihələrinə istinad etməsi onu göstərir ki, İğdır-Naxçıvan kəməri enerji strategiyasının bir hissəsidir. Bu cür layihələr Türk dünyasının birləşməsi kontekstində böyük önəm daşıyır. 

 

Türk dünyasına sıx inteqrasiya

Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-qars dəmir yolu həm ölkəmiz üçün, həm də Türk dünyasını birləşdirmək üçün böyük nəqliyyat bağlantısıdır. Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində Türk dünyasının birləşməsi üçün ortaq maraqlar və ortaq tarix üzərində əlaqələr quruldu, dostuqlar yarandı, münasibətlər daha da qırılmaz oldu. Prezidentlər tribunadan Türk dünyasının daha sıx inteqrasiyasını dəstəklədiklərinin açıq aydın mesajını verdilər. Buradan həm də Azərbaycanın və Türkiyənin Orta Asiya ilə nəqliyyat və enerji əlaqələrini gücləndirmək niyyətində olduqlarını bildirdilər. 

 

Ermənistana dolayı siyasi mesajlar

Ermənistanın Zəngəzur dəhlizi məsələsində nala-mıxa vuraraq zaman qazanması fonunda Bakı və Ankara öz alternativ yollarını qurmağa, real layihələri həyata keçirməyə davam edirlər. Bölgədə yeni enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycan və Türkiyənin dominant mövqeyini daha da gücləndirir. Verilən mesajlar fonunda demək olar ki, bəzilərinin xəyal etdikləri artıq reallaşır.

Ölkə başçısı çıxışında Azərbaycanın qaz ixracını 25 milyard kubmetrə çatdırdığını və 10 Avropa ölkəsinə qaz satdığını bildirildi. Bu da artıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas simalardan birinə çevrildiyini göstərir. İğdır-Naxçıvan qaz kəməri təkcə enerji layihəsi deyil, həm də mühüm siyasi və geostrateji addımdır. Bu layihə Türkiyə-Azərbaycan ittifaqının gücünü, bölgədə yeni reallıqların formalaşdığını əyani şəkildə göstərir.

Ermənilərin Naxçıvanı 1920-ci ildə Azərbaycandan qoparması və bölgəyə qarşı daim düşmən mövqe sərgiləməsi, Zəngəzur dəhlizi məsələsini min bir hiylə ilə gecikdirməsi bu ölkənin xainlikdən heç zaman əl çəkməyəcəyinə sübutdur. Türkiyə Prezidenti də Türkiyə və Azərbaycanın bölgədə sülh və əməkdaşlıq tərəfdarı olduğunu, lakin lazım gələrsə güc nümayiş etdirəcəyini bildirdi. Bu da “başadüşən” Ermənistan üçün gələcəkdə destruktiv addımlardan çəkinməsi üçün açıq mesajdır.

 

Bayram-bayrama qarışdı

Ölkə başçsının da dediyi kimi, Ramaz ayında Naxçıvanlılar bu mərasimi də bayram kimi qeyd etdi. Necə etməyə bilər ki, Naxçıvan sakinləri blokada şəraitində olmazın əziyyətini çəkib qara günlərdən qətrə-qətrə ağ günlərə çıxıblar. Necə ki, əvvəllər Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Şərqlə Qərb arasında qapı rolunu oynayıbsa indi də, Türkiyə və Azərbaycan arasında qovuşaq rolunu oynayaraq Türk dünyasına açılan qapı olacaq!

 

 “Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

Cümə axşamı, 06 Mart 2025 12:45

Ürəyinə dammış kimi…

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün 

 

Azərbaycanın Millət vəkili, Türk dünyasının sevilən qızı Qənirə Paşayevanın 50 illik yubileyini onsuz qarşılayırıq… “Bəlkə mən heç 50 yaşa çatmadım” - ürəyinə dammış kimi bir müsahibəsində belə demişdi. 

 

Dini, fəlsəfi, milli, elmi, dünyəvi, təcrübi… - hansı bucaqdan baxsaq, bir təsəlli bulunur, əlbəttə; əlbəttə, torpağın üzü soyuqdur; lakin elə də asan olmur axı… Dost, bacı, yoldaş, sirdaş, gözəl qonşu, xeyirxah elqızı, Millət vəkili, Komitə sədri, təşkilat başqanı, Türk dünyası aydını, telejurnalist, siyasi elmlər doktoru, ictimai xadim… - onu tanıyan, bilən hər kəs üçün bir doğma yönü vardı Qənirə xanımın. Doğmalıq Günəşin şəfəqləri kimidi, paslanmayan altun kimidir və bunlardan da üstün bir məziyyət vardır: doğma gedərsə də, doğmalıq qalar…

Bəli, doğrudan da, elə insanlar olur, onlar üçün “yaşadı” demək yetmir. Çünki onların ömrü təqvim illəri ilə deyil, doğmalıqları və gördükləri doğru işlərin dəyəri ilə ölçülür. Qənirə Paşayeva da belə insanlardan idi – ömrə ömür sığdıran, ulusu üçün yaşayan, yazıb-yaradan, Türk dünyası sevdalılarının könlündə taxt quran bir xanıməfəndi…

 

O, həyata gözlərini yazda açdı, payızda əbədiyyətə qovuşdu… Amma bu sadəcə təqvimlərdəki dəyişikliyi ifadə etmir. Hələ də yüyrək amma nizamlı addımlarının səsi gəlir elə bil…

 

Qənirə Paşayeva söz adamı və öz sözünün yiyəsi idi. Amma təkcə danışan, yazan deyil, sözün ciddiyyətini dərk edən, onu əmələ çevirən, ürəklərə köçürən bir söz adamı!.. Jurnalistikadan siyasətə, poeziyadan xeyriyyəçiliyə qədər hər sahədə eyni yanğı ilə çalışırdı o.

 

Türk dünyasının qayğısını da, uğurunu da öz könlündə, öz canında hiss edən Qənirə xanım, bəzən əlində bayraq dalğalandıran bir uşağın baxışlarında, bəzən də tariximizin qaranlıq səhifələrində yanan ağ şam işığında duyğularına tərcüman bulurdu…

 

Onun son günləri ilə bağlı anılar da insanın içini titrədir. Özüm şahidəm: komaya düşməzdən az əvvələ qədər növbəti həftələrin, ayların iş planlarını tutur, dəqiqləşmələr aparırdı. Bir yandan sanki heç yana, heç yerə tələsmirdi, digər yandan tələsirdi, tələsirdi… 

Fələk onun qədər səxavətli olmadı…

Budur, Qənirə xanımın 50 yaşı tamam olur… 50 yaş nədir ki?!.

Ruhun şad olsun, qənirsiz Qənirə xanım! 

Xocalıda çatılan bayram tonqalları ruhuna agahdır, umarım.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Brayan Treysi, «Maksimuma çatmaq»

Bu kitab insanlara bütün gizli istedadlarını üzə çıxarmağa, bütün güclü tərəflərini inkişaf etdirməyə kömək edir, bunlar da uğur qazanmaq üçün vacib şərtlərdəndir.

Müəllifin təqdim etdiyi prinsiplər müsbət nəticə göstərilməsi üçün özünü çox gözlətmir. Oxucu kitabdan həyatın bütün sferalarında – şəxsi həyatda, karyerada, maliyyə və sağlamlıq baxımından uğur qazanmağın yollarını öyrənir.

«Maksimuma çatmaq üçün öz həyatınızı tam nəzarətə atmalısınız», - deyir Brayan Treysi.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məryəm Gözəlidir.

 

Məryəm Gözəli

Təbriz

 

 

SƏNSİZ YAŞAMAĞI BACARMAQ

 

Nədən xatırlasın, nəyi ağlasın?!

Arzusu heç olan bəlalı könlüm.

Əlini üzəndən, ayağa düşdü,

Çılğınca vurğunun olalı könlüm.

 

Ürəyimdə sənsiz illər ötüşəm,

Yaradır, həsrətdir, bəlkə də nifrət.

Məndən uzaq, səndən yaxın bir dünya,

Titrədir qəlbimi, qopur qiyamət.

 

Bitsin bu həsrətin kabusu, yetər

Sənsiz yaşamağı bacaram gərək.

Artıq öz qaydıma qalmalıyam mən,

Mənsiz ürəyində qalsa da ürək.

 

Bu sevgim yadına düşər, ağlarsan,

Məzarda gözümə torpaq atanda.

Əlin əllərimi istər, yetişməz

Soyuq torpaqların altda yatanda.

 

“Ədəbiyyat və incəsənət”

 (06.02.2025)

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Həmişə esselərimi oxuyurdunuz. Bu dəfə qərara gəldim, anama həsr etdiyim şeirimi sizlərə təqdim edim. Mən peşəkar şair olmadığım üçün, yəqin çatışmazlıqlarımı qabartmazsınız.

 

Yoxdur sənə nə bir oxşar, nə bir tay

Sən olanda bu dünyada cənnət var

Həyat səndə gözəl, səndə mənalı

Sənsiz keçən ömrün nə mənası var ?

 

Mənə həyat verən canına qurban

Mənə balam deyən dilinə qurban

Mənə layla çalan səsinə qurban

Səndə tükənməyən nə sərvətlər var?

 

Bilmirəm nə yazım, nə qoşum sənə

Səni anlatmağa söz yetməz mənə

Bilsinlər hər zaman, bilsinlər yenə

Mənim bəyaz saçlı, gözəl anam var!

 

Əsas odur ki, hər bir kəsin ürəyində ana sevgisi olsun. Analar bizim ən dəyərlilərimizdir!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2025)

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

 

 

 

Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsilə yiyələnib. 2002-ci ildə mtbuatda jurnalist kimi fəaliyyətə başlayıb. Bir müddət sonra “Pəncərə”, “Ölkəm”, “Azercell” jurnallarının baş redaktoru olub. 2018-ci ildən isə paytaxtın ən gözəl və ən nüfuzlu kitab mağazasının - Bakı Kitab Mərkəzinin direktorudur...

 

 

 

Deyir ki:- “Bəli, hər bir qələm sahibi ilk növbədə insandır. O da musiqidən, kinodan, kitabdan təsirlənə bilir. Əgər robot olsaydı, deyə bilərdim ki, qələm adamı heç nədən təsirlənmir, bu hiss ona yaddır. Əlbəttə ki, mən də bütün bunlardan təsirlənmişəm. Qəribədir, atamla mənim oxşar cəhətlərimiz çoxdur. Yəqin ki, hər ikimiz də ədəbiyyatçı ailəsində doğulmuşuq, ondandır. Bizim tərbiyəmizdə, formalaşmağımızda kitabların rolu danılmazdır. Ancaq bu, o demək deyil ki, yalnız hansısa əsərdən təsirlənib yazıram. Əgər insanda istedad varsa, bu, mütləq üzə çıxacaq. Əgər atam yalnız kiminsə əsərindən təsirlənib yazsaydı, o, heç vaxt Xalq yazıçısı olmazdı. Hətta mən atamın əsərlərinin oxucusu olsam da, ondan təsirlənməmişəm. Tənqidçilər də deyir ki, biz tamamilə müxtəlif üslublarda yazırıq. Doğrudur, “Altıncı” povestim var ki, onu atamın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərinin davamı hesab edirəm, amma əslində üslubumuz çox fərqlənir. Çalışmışam ki, bu povestdə obrazlar da, üslub da olduğu kimi qalsın. Bunlar hamısı olan şeylərdir. Dünya da bunu qəbul edir. Ancaq, əgər sən kiminsə əsərini götürüb mənimsəsən, bu artıq plagiat olar. Mənim vicdanım heç vaxt buna yol verməz…”

 

 

 

Əla! Düz tapdınız, bu dəfəki söhbətimin qəhrəmanı yazıçı- publisist Günel Anarqızıdır. O, 1972-ci ildə Bakıda dünyaya gəlib. Ağlı kəsəndən, evdə yüzlərlə kitab görüb. Əvvəlcə onları vərəqləyib şəkillərinə tamaşa etsə də, əlifbanı öyrənəndən sonra oxumağa başlayıb. Beləcə, oxuya-oxuya böyüyüb, böyüyə-böyüyə də oxuyub…

 

 

 

“Bizim ailə haqsız tənqidlərə çox məruz qalıb, artıq vərdiş etmişik. Babamdan tutmuş mənədək hamımız zaman-zaman bu “tənqidlərin” mərkəzində olmuşuq. Mənim demək istədiyim başqadır. Həm Yazıçılar Birliyinin üzvü kimi, həm də yazıçı kimi deyə bilərəm ki, Anarın xalqı qarşısında həm yazıçı, həm də ictimai xadim kimi xidmətləri danılmazdır. Bunu atam olduğu üçün demirəm. Həqiqəti belə düşündüyüm üçün deyirəm. Tənqidlər onsuz da həmişə olur. Bir də ki, tənqid edən adamın gərək özü də ortaya nəsə qoysun və kimisə tənqid etməyə haqqı çatsın. Özündən qat-qat böyük olan, millətə daha çox xidmət etmiş adamı tənqid etməyin də bir səviyyəsi olmalıdır. Səviyyəsizin, özünün heç bir xidməti olmayan adamın durub nəsə deməyi çox gülməli görünür.”- söyləyir.

 

 

 

Kübar xanımdır. Bu ona daşıdığı gendən bir ərmağandır. Elə düşünməyin ki, qazandığı uğurlarda atasının əməyi var, əsla. Bütün nailiyyətlərə öz istedadı, işgüzarlığı ilə nail olub. Çox mədəni və intizamlıdır. Əgər yazıçılıq istedadı ona atasından ötürülübsə, bu xüsusiyyətləri isə anası, akademik Zemfira Səfərova ona aşılayıb…

 

 

 

Deyir ki:- “Hazırda rəhbərlik etdiyim Bakı Kitab Mərkəzinin yaranma ideyasını Heydər Əliyev Fondu irəli sürüb. Əslində, Fondun rəhbəri Mehriban xanım Əliyevanın ideyası idi. Kitab mərkəzinin yaranması zərurətdən doğan bir təşəbbüsdür. Bilirsiniz ki, son zamanlar mütaliəyə maraq azalıb, bu haqda dəfələrlə danışmışıq, ədəbiyyatçılar, yazıçılar narahatlığını bildiriblər. Hazırda Azərbaycanda və paytaxtda bir çox kitab dükanları və şəbəkələri fəaliyyət göstərsə də, belə bir mərkəzin yaranması vacib idi. Buna görə də, təşəbbüs irəli sürüldüyü gündən bu istiqamətdə işlər tükənmədən irəliləyirdi. Qısa müddət ərzində Bakının mərkəzində, gözəl guşədə, ən çox ziyarət olunan yerlərin birində belə bir mərkəz inşa edildi. Onu da qeyd edim ki, əslində Mehriban xanım qədim binaların mühafizəsi, onların görünüşü ilə bağlı çox diqqətlidir və buna çox önəm verir. Deyir ki, memarlıq abidələri bizim tariximizdir…”

 

 

 

Erkən gəncliyində ailə həyatı qurduğu üçün, ona nənə olmaq sevincini yaşamaq orta yaşlarından nəsib olub. İki qızı, bir neçə nəvəsi var. İşləri nə qədər çox olsa da, övladlarına qulluq etməyi çox sevir…

 

“Sözsüz ki, mənim dincəldiyim yer evimdir. Evimi istədiyim kimi qurmuşam, ona görə də burada rahatlıq tapıram. Yay aylarında bağa köçəndə, əlbəttə, orada da dincəlirəm, amma yenə də şəhər evimi daha çox istəyirəm və buraya hər zaman tələsirəm. Qəribə səslənsə də evdə olan vaxtımın çox hissəsini mətbəxdə keçirirəm. Ona görə yox ki, biş-düşlə məşğulam. Səbəbi odur ki, mətbəx mənə daha rahatdır. Mətbəxdə yığcam bir televizorum var, səhərlər ona baxıram. Evdəkilər narahat olmasınlar deyə qapını bağlayıram və səhər saatlarını orada keçirirəm. Adətən hamıdan tez oyanıram, ətirli çay dəmləyib onun keyfini yaşayıram. Qonaq otağında isə axşam vaxtı daha çox oluram, evimə gələnləri orada qarşılayıram. Uşaqlarım bişirdiyim yeməkləri çox sevir, məndən bəzən xüsusi bir şey hazırlamağı xahiş edirlər. Bir müddət əvvəl nəvəmin ad günü idi. Qızım istədi ki, nəvəmin ad gününə şah plovu bişirim. İnandırım sizi, hələ belə sürətlə yemək bişirməmişdim. Çünki hərdən vaxt məhdudiyyəti də olur. Tez-tez yorğunluq da…

 

Elə xanımlar var ki, yemək bişirməklə arası yaxşıdır, evə nə qədər yorğun gəlsələr belə, yeməyi həvəslə hazırlayırlar. Mən təəssüf ki, o qadınlardan deyiləm. Ona görə də çalışıram bu işləri səhər görüm, axşam isə dincəlməyə üstünlük verirəm.”- söyləyir.

 

Heç vaxt xüsusi pəhriz saxlamır. Necə deyərlər, nənə olsa da hələ ki, gözəlliyini, təravətini itirməyib. Yağlı, qızardılmış yeməkləri xoşlamır. Az kalorili, xeyirli qidaya üstünlük veririr və ən əsası da idmanla məşğul olur. Düşünür ki, fiziki aktivlik çox şeyin dərmanıdır. Xəstələnməmək üçün idmanla məşğul olmaq zəruridir. Həm də idman insanın ovqatını yaxşılaşdırır, sağlamlığını gücləndirir və artıq çəkinin qarşısını alır…

 

Bu gün - martın 6-sı Günel xanımın növbəti ad günüdür. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

 

Yeni yaşınız mübarək, Günel xanım!

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(06.03.2025)

 

 

 

 

 

 

 

 

Cümə axşamı, 06 Mart 2025 15:06

PORTAL AKADEMİYASINDA - Bazarın analizi

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Planlaşdırma nədir? Biznesdə ən vacib elementlərdən biri barədə söhbətimizi davam etdiririk.

 

 

Bazarın analizi

 

Bazar və marketinq bütün kompaniyalar üçün həlledici amildir. Alıcısı olmadıqda ən dahiyanə texnologiyalar belə faydasız olur. Bazarın öyrənilməsi yeni biznesin başlıca problemlərindəndir.

Siz investoru sizin məhsul üçün bazarın mövcud olmasına, bazarı hiss etmənizə və məhsulu sata biləcəyinizə əmin etməlisiniz (və özünüz əmin olmalısınız!).

Sizə lazım olacaq ən ilkin məlumatlar bunlardır: Sizin malları kim alacaq?  Bazarda sizin yer kəsiminiz haradadır?

Bundan başqa, bazarı proqnozlaşdırmaq və bu suala cavab tapmaq lazımdır? Sizin məhsulu sabah, birisi gün və ümumiyyətlə, yaxın iki il ərzində kim, niyə və nə qədər almağa hazırdır?

Təbii ki, siz öz mümkün rəqibləriniz haqqında da məlumat verməli olacaqsınız: onların malları, məhsulun keyfiyyəti, təqribi qiymətlər və satış şərtləri. İnvestorun sizin bazar konyunkturası haqqında təsəvvürlərinizin dolğunluğunu və layihənizin düşünülmüş olmasını qiymətləndirə bilməsi üçün bütün bunlar mütləq biznes-planda əks olunmalıdır.

Siz həqiqəti təhrif etməkdən, olduğundan yaxşı göstərməkdən qaçmalısınız. Buna görə də rəqiblərinizi son dərəcə düzgün, özünüzü aldatmadan qiymətləndirin. Lakin onlardan qorxmadan strategiyalarındakı və ya məhsulun keyfiyyət xarakteristikalarındakı boşluqları göstərin. Bunlar uğur qazanmanız üçün sizə real şans açır.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.