İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
28 May Azərbaycanın Müstəqillik günüdür. Məhz həmin gün - 1918-ci ilin 28 Mayında əsarət üfunətində boğulan xalqımızın qaranlıq göylərində istiqlal ulduzu parladı. 28 May könüllərdə yanan bir məşələ dönüb gətirdiyi hüriyyət şəfəqlərini adamların ömrünə, gününə səpdi. Xalqın başı üzərində üç rəngli, aylı, ulduzlu istiqlal atəşi yandı. Azərbaycan xalqı üç rəngli bu bayrağı sevdi, şanına şeirlər və nəğmələr qoşdu, onu bağrına basıb işığına toplaşdı.
Əsarət zənciri qırılmışdı! Xalq azad,Vətən azad olmuşdu. Bu bayraqdan adamların üzünə təbəssüm qonur, qəlblərinə sevinc axırdı. Çöllər, çəmənlər, güllər, çiçəklər bu bayrağın nuru ilə boy atır, böyüyürdülər. İnsanlar azad Azərbaycanda xoşbəxt ömür-gün sürürdülər. Onlar kiminsə əsiri deyildilər, özgə bir ölkənun yumruğu altında inləmirdilər. Rusun, ingilisin, erməninin ağalığına son qoyulmuşdu. Xalq öz müqəddəratının, malının, dövlətinin, yeraltı və yerüstü sərvətlərinin sahibi olmuşdu. Ölkə demokratik prinsiplər əsasında idarə olunur, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşılır, onların siyasi və vətəndaşlıq hüquqları təmin edilirdi. Cümhuriyyətdə yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradılmışdı.
Dünya ölkələri ilə dostluq münasibətləri yaranırdı. Türk və İslam dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xaiq Cümhuriyyətini dünyanın 23 böyük dövləti rəsmən tanımışdı. Ölkəmizin sərhədlərinin bütövlüyünü və dövlətçiliyi qorumaq üçün milli ordu quruculuğuna başlanmışdı. Azərbaycan dili dövlət dili elan olunmuşdu. Mədəniyyət, incəsənət və təhsil inkişaf edirdi. Azad qəzet və jurnallar Azərbaycan istiqlalından bəhs edir,onun qəhrəmanlıqla dolu tarixini və işıqlı keçmişini təbliğ edirdi. Xalq Azərbaycanın istiqlaliyyət ətirli dadlı günlərini yaşamaqda idı. Siyasi, iqtisadi, mədəni, hərbi, səhiyyə və təhsil quruculuğu sahələrində mühüm addımlar atılırdı.
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə ölkənin tərəqqisinə böyük töhfələr verdi. Təəssüf ki, Şərqdə ilk türk Respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya “yəcuc və məcucları” tərəfindən devrilməsi bu planların gerçəkləşdirilməsini yarımçıq qoydu.
Lakin ömrü cəmi 23 ay çəkən AXC ürəklərdə elə bir məşəl alovlandırmışdı ki, sovet rejiminin cəza-repressiya maşını da bu məşəli söndürə bilməmişdi. Moskvanın qanlı əlində parlayan xəyanət bıçağı istiqlalımızın bağrına saplansa da, illər bir-birini əvəz etsə də, istiqlal fikri yaşayırdı. Üçrəngli istiqlal bayrağı zahirən yox olsa da, mənən mövcud idi və onun eşqi ürəklərdə qalırdı. Azadlıq aşiqlərinin mühacirətdə və ölkə daxilində yaratdığı dərnəklər, gizli təşkilatlar, 1956-cı ildə üçrəngli bayrağımızın C.Hilaloğlu və Ç.Abdullayev tərəfindən Qız qalasının başında dalğalandırılması da bunun sübutu idi. Çünki iki illik hüriyyət qovğası milləti özünə tanıtmışdı. Xalqımızın görkəmli oğlu M.Ə.Rəsulzadə uzaqgörənliklə deyirdi ki, bolşevizm yıxılacaq, imperiya parçalanacaq əcir millətlər bu dəfə əbədi qurtulacaq, öz müqəddəratlarının sahibi, azad və müstəqil olacaqlar.
Ümumilli liderimiz H.Əliyev deyirdi ki, “AXC gərgin və mürəkkəb içtimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.”
İllər bir-birini əvəz etdikcə tarix Azərbaycanın üçrəngli bayrağını yenidən qaldıracaq azadlıq aşiqlərini yetişdirirdi. AXC idealları onlar üçün mayaka çevrilmişdi.
1970-ci ildən bu işlər daha da sürətləndi, ölkəmizdə bir oyanış dövrü başladı. Məhz həmin vaxtlardan Azərbaycanda böyük istedadlar və mənəvi qəhrəmanlar qvardiyası yaranmağa başladı ki, bunların da önündə, şübhəsiz ki, Heydər Əliyev dururdu.
Qorxmaz, cəsarətli, qranit kimi möhkəm iradəyə malik H.Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə uzun illərin sükunəti hərəkətə gəldi, simasızlaşmağa gedən millət oyandı, türk düşüncəsi silkələndi, beynəlmiləlçilikdən milliliyə dönüş başlandı, milli düçüncənin formalaşmasında misli görünməmiş işlər görüldü. Siyasi, iqtisadi və hüquqi sahədə dövlət müstəqilliyinə zəmin yaradan mühüm addımlar atıldı. Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə üzləşsə də, öz əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, mədəniyyəti, milli adət -ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi. Onun Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi isə milli dövlətçilik arzularının və hisslərinin gücləndirilməsi oldu. Tarixin gedişini həssaslıqla izləyən H.Əliyev müəyyən taktiki gedişlərlə mənsub olduğu xalq üçün strateji planlarını həyata keçirirdi. Bu, əslində xalqımızın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi.
Sovet imperiyasının məhvə məhkum olduğunu hamıdan yaxşı görən H.Əliyev siyasi imkanlarından və nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı.
XX əsrin sonları yaxınlaşırdı. Ötən hər gün isə sovet imperiyasının iqtisadi və siyasi iflasına doğru aparırdı. M.Ə.Rəsulzadənin dediyi, H.Əliyevin gözlədiyi günlər gəlib çatmışdı. SSRİ deyilən bu yalan və rəzalət səltənətində dünyanı sarsıdan içtimai fırtnalar başlamışdı.
İmperiya ərazisindəki başqa xalqlar kimi Azərbaycan xalqı da yaranmış tarixi şəraitdən istifadə edərək üçrəngli bayrağı yenidən başı üzərinə qaldırıb istiqlal savaşına qalxdı. 1918-ci ildən başlamış “Azərbaycan davası”nı davam etdirdi.
1991-ci ildə zamanın qanlı qasırğalarından müstəqil Azərbaycan Respublikası yüksəldi. O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. Əsrin əvvəllərində başlanmış hürriyyət və istiqlal savaşı əsrin sonlarında zəfərlə başa çatdı. Əldə etdiyimiz müstəqillik xalqımızın yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi.
Amma Azərbaycan Xalq Cümhuriyyətinin başına gələn fəlakətlər müstəqil Azərbaycan Respublikasını da hədələyirdi. Müstəqil Azərbaycan dövlətinin varlığı təhlükə qarşısında qalmışdı. Məmləkətdə qanunsuzluq, xaos, daxili çəkişmələr, hərc-mərclik artır, müharibədə uğursuzluqlar bir-birini əvəz edirdi. Müstəqil Azərbaycan Respublikasını da Azərbaycan Xalq Cümhuriyyətinin faciəsi gözləyirdi. Xalqı və dövləti bu faciələrdən ancaq bir nəfər qurtara bilərdi – xalqımızın malik olduğu potensialın, qabiliyyətin, şüurun və milli təfəkkürün bariz mücəssəməsi olan Heydər Əliyev !
H.Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdi. Azərbaycan xalqı belə bir dövrdə Şah İsmayıl Xətaidən sonra 500 illik tarixində əvəzi olmayan dahi şəxsiyyətini, bütün mənalı həyatını xalqına və onun dövlətçiliyinə həsr etmiş uzaqgörən siyasətçisini, zəngin dövlətçilik təcrübəsi olan müdrik oğlunu – H.Əliyevi hakimiyyət başına gətirdi.Tarixdə oxşarı olmayan bir qayıdış baş verdi. H.Əliyev xalqın sabaha olan inamını özünə qaytardı.
H.Əliyev yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik modelini hazırladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas etdi. Eyni zamanda özünün möhtəşəm milli dövlətçilik ideyalarını həyata keçirməyə başladı. Bu müddətdə müharibədə atəşkəsin və ölkədə siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə islahatlar proqramının həyata keçirilməsinə start verildi. Dünyanın 8 ölkəsinin 11 şirkəti ilə dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynayan “Əsrin müqaviləsi” bağlandı. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, dövlət quruculuğunun hüquqi bazası yaradıldı. Ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik ideallarının bərqərar olmasına yönəldi.
Ulu öndərimiz təkcə qüdrətli Azərbaycan dövlətini yaratmadı, həm də onun əbədiliyini təmin edən mükəmməl dövlətçilik ideologiyasının – azərbaycançılıq ideologiyasının əsasını qoydu. Onun müəyyən etdiyi strateji xətt gələcəkdə də Azərbaycanın simasını və inkişaf istiqamətlərini müəyyənləşdirəcəkdir.
Əgər Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, müstəqilliyimizin əbədi və dönməz edilməsi isə ancaq ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
O, müstəqil Azərbaycan Respublikasını yırtıcı əllərin pəncəsində parçalanmaqdan xilas etdi. Məşhur hekayənin qəhrəmanı Danko qaranlıqda çaşıb qalmış xalqı azadlığa qovuşdurmaq üçün ürəyini məşəl etdiyi kimi H.Əliyev də “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”, - dedi. Özünün möhkəm siyasi iradəsi, qətiyyəti, müdrikliyi ilə vətəndaş müharibəsini söndürdü, ölkədə içtimai-siyasi sabitliyi təmin etdi, dövlət müstəqilliyini qoruyub möhkəmləndirdi. Dünya planetimizin ən görkəmli siyasətçilərindən biri olan H.Əliyevin dilindən Azərbaycan həqiqətlərini eşitməyə və duymağa başladı: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir...”
H.Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev deyir: “Biz – ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik. Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”. Bu yolda görülən işlər isə göz qabağındadır.
Bu gün ölkəmizin dünyada söz sahibi olması, siyasi, iqtisadi, mədəni və hərbi quruculuq sahəsində əldə etdiyi uğurlar, Vətən müharibəsindəki möhtəşəm qələbə və suverenliyimizin bərpası müstəqilliyimizin mislisiz töhfələrindəndir.
“Ədəbiyyat və incəsənət”
(27.05.2025)