Vurğun keçib bu yerlərdən – DAHİ ŞAİRİN ANIM GÜNÜDÜR Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

 

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan;

Axşam üstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,

Kəklikli dağlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub yada sal, məni.

 

Bir məsəl qalmışdır ata-babadan:

Uçarda turacdır, qaçarda ceyran

Bir mən deyiləm ki, hüsnünə heyran,

Şöhrətin yayılıb hər yana, ceyran!

 

Və s. Və i. Hamısı biri-birindən gözəl olan, dillər əzbəri şeirlər. Çox qısa bir ömürdə bu qədər nailiyyət qazanmaq, belə birirs qoyub getmək hər kəsə nəsib ola bilməz. Poeziyamızın günəşi - Səməd Vurğun. 

Bu gün onun anım günüdür.

 

Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1918-ci ildə Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər.

 

Səməd Vurğun seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920–1930-cu illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir.

Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.

 

Kitabları:

 

1. Səməd Vurğun. Seçilmiş əsərləri: I cild – Şeirləri;

2. Səməd Vurğun. Seçilmiş əsərləri: II cild – Şeirləri;

3. Səməd Vurğun. Seçilmiş əsərləri: III cild – Poemaları;

4. Səməd Vurğun. Seçilmiş əsərləri: IV cild – Dram əsərləri;

5. Səməd Vurğun. Seçilmiş əsərləri: V cild – Məqalələri, məruzələr, nitqlər, oçerklər.

 

Dramları

 

- Vaqif 

- Xanlar 

- Fərhad və Şirin

- İnsan 

- Şairin həyatı 

- İki sevgi 

 

Poemaları

 

- Komsomol 

- Muğan

- Aygün

- Zəncinin arzular 

- 26-lar 

- Zamanın bayraqdarı

- Talıstan 

- Aslan qayası 

- Bulaq əfsanəsi 

- Acı xatirələr 

- Dar ağacı 

- Hürmüz və Əhriman 

- Muradxan 

 

Haqqında yazılmış əsərlər

 

Adilxan Bayramov, "Yaşayan ömür"

Şəmistan Nəzirli, "Vurğun keçib bu yerlərdən"

Şəmistan Nəzirli, "Vurğun ömrü"

Şəmistan Nəzirli, "Ellər Vurğunu"

 

Haqqında çəkilmiş filmlər

 

1. Komsomol nəsli 

2. Səməd Vurğun 

3. Aygün 

4. Səməd Vurğun 

5. Muğanın dastanı 

6. Xalq şairi Səməd Vurğun

7. Vurğun ocağı

 

Təltifləri

 

1. "Azərbaycan SSR xalq şairi" fəxri adı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. "Stalin" mükafatı (2-ci dərəcə)  ("Vaqif" pyesinə görə)

4. "Stalin" mükafatı (2-ci dərəcə ("Fərhad və Şirin" pyesinə görə)

5. 2 dəfə "Lenin" orden

6. "Qırmızı əmək bayrağı" ordeni

7. "Şərəf nişanı" ordeni 

8. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

 

1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.

 

1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.

 

Xatirəsi

 

 Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva (Rusiya) və Dərbənd (Dağıstan) şəhərlərində küçə, Düşənbə (Tacikistan) şəhərində məktəb, Kiyev (Ukrayna) şəhərində kitabxana, Plovdiv (Bolqarıstan) şəhərində texnikum və Datça (Türkiyə) şəhərində küçə şairin adını daşıyır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.