TÜRKSOY-un rəhbəri, Qırğızıstanın tanınmış yazıçısı Sultan Raevin "Dəlixana" romanının "Azərbaycan oxucuları" kitab klubu üzvləri arasında müzakirəsi keçirilib. Oxucular kitabla bağlı öz təəssüratlarını, ümumi düşüncələrini bölüşüblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, üzvləri əsasən gənclərdən ibarət olan bu klubun müzakirəsində kitabın naşiri, "XAN Nəşriyyatı"nın rəhbəri Səbuhi Şahmursoy da iştirak edib, kitabla bağlı öz fikirlərini bölüşüb, kitabın ərsəyə gəlmə prosesindən danışıb, daha sonra oxucuların maraqlı suallarını cavablandırıb.
Naşir müzakirə barədə təəssüratlarını bizimlə bölüşüb:
"Bu əsəri tam mənada anlamaq üçün dünya mifologiyası və bəhs olunan tarixi şəxsiyyətlər barədə məlumatlı olmaq lazımdır. Yoxsa əsərin çatdırmaq istədiyi mesaj böyük informasiya sahəsi içində itib-batır, metatekstual cəhəti görünməz olur. Çingiz Aytmatovdan sonra Qırğız ədəbiyyatına marağımı oyadan əsərdir.
Sevindim ki, bu kitab gənclərin də diqqətini cəlb edib. Rahat, səmimi mühitdə müzakirə etdik. Var olun, gənclər!"
Qeyd edək ki, bu kitab daha əvvəllər ölkənin ən böyük kitab klubu olan "Kitabsevərlər" qrupunun üzvləri tərəfindən də müzakirə olunub.
“Ədəbiyyat və incəsənət”
(26.05.2025)