Könül, “Ədəbiyyat və incəsənət”
2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sabirabadda “Ulu Öndərə mənəvi borcum” və “Ulu Öndərin “canlı əsəri Tərlan” adlı kitabların təqdimatı keçirilib.
Sabirabad Rayon İcra Hakimiyyəti və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü, birgə təşkilatçılığı ilə Sabirabad şəhər Bayraq Muzeyində "Konstitusiya və Suverenlik İli" çərçivəsində əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum", Vaqif Osmanlının "Ulu Öndərin" canlı əsəri" Tərlan", Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi "Babamın papağı, nənəmin kəlağayı" kitablarının təqdimatı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlayıb. Tədbiri aparmaq üçün sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıya verib. O, tədbir haqqında geniş məlumat verərək, Birliyin milli mənəvi dəyərlərə önəm verməsindən, onu nəinki Azərbaycanda, Rusiyada, Gürcüstanda təqdim edilməsindən, yeni çapdan çıxmış "Babamın papağa, nənəmin kəlağayı" kitabında toplanan şeir və nəsr nümunələrinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolundan söhbət açıb.
Sonra Söz " Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının müəllifi araşdırmaçı yazar, publisist Vaqif Osmanlıya verilib. Vaqif Osmanlı qeyd edib ki, tarix olduğu kimi yazılmalıdır. “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabı tariximizə yeni yanaşma, Tərlan Musayevanın ömür və əmək yolunu, keçdiyi şərəfli yolun qürurverici məqamlarını özündə əks etdirir. Respublikamızda 70 illik yubileyi təntənə ilə qeyd edilən Tərlan Musayevanın şərəfli və çətin ömür yolunu özündə əks etdirən kitabı oxucular sevə- sevə oxuyacaq. Düşünürəm ki, zamanında yazılmış kitabdır. “Ulu Öndərə mənəvi borcum” kitabının müəllifi, “Xalqlar dostluğu” ordenli Tərlan Musayeva uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən və bu siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq fəaliyyətindən danışıb.
Daha sonra YAP Sabirabad Rayon Təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdiri Nadir Quliyev, H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta ümumtəhsil məktəbinin dil-ədəbiyyat müəlliməsi Rəqibə Qəvvas, Rayon Ağsaqqallar şurasının sədri Eyvaz Fərzəliyev, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor əvəzi Şamama Əbilova, Rayon Gənclər Evinin əməkdaşı Kənan Səmədov kitablar haqqında öz təəssüratlarını bölüşüblər.
Sonda iştirakçılara kitablar təqdim edilib, Əmək qəhrəmanı Tərlan Musayevanın həyatına aid videoçarxa baxılıb.
“Ədəbiyyat və incəsənət”
(27.05.2025)