Eltən Törəçi, Dəyər Yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün
Yaponlar niyə latın əlifbasına keçmədilər? Dillərinə Avropa sözləri niyə almadılar?
Əynində qərbli çır-cındırı, cibində diplom, dilində qərb sözləri olan bəzi "maarifçilər" illərlə bizə izah etməyə çalışdılar ki, çağdaşlaşmaq üçün dəyişmək, dəyişmək üçün köhnədən qurtulmaq gərəkli, bütün dəyərləri murdarlamaq önəmlidir.
Bu sapı özümüzdən olan baltaların törəsəl soyqırımının ilk hədəfi yazımız oldu...
Tarixi yazısını Çindən alan yapon yazısından daha qədim olan, VIII əsr (miladi 700-cü illər) Göytürk tamğalarımızı unutduq.
Bir dəfə dəyişdik... olmadı.
İkinci dəfə dəyişdik... olmadı.
Üç, dörd, beş, altı və...
Sonda sayını unudacağımız qədər öz sözümüzə, öz yolumuza və törəmizə yadlaşdıq.
Amma eyni çağlarda, eyni tarixi çətinliklərdən keçən, hətta savaşı belə uduzan yaponlar heç nəyə baxmayaraq, öz yazılarından, heroqriflərindən vaz keçmədilər, öz törələrindən əl çəkmədilər.
Qərbdən elm aldı, texnologiya götürdü, amma bushidosunu, ikigaisini, katanasını qorudu.
Öz soy köklü dəyərlərinə söykənərək, ucaldı.
Düşünmək üçün dil, qorunmaq üçün kimlik!
Yazı ancaq cızma qara deyil, bir ulusun və budunun düşüncə daşıyıcısıdır.
Hansı yazı ilə yazırsansa, hansı dillə düşünürsənsə, düşüncən, o axarda düzülür.
Yaponlar bu gərçəyi anladılar ki, yazını dəyişmək, beyin xəritəsini pozmaqdır.
Onlar qərbin elmi anlayışlarını da öz dilləri ilə qavrayıb, öz deyimləri ilə adlandırdılar.
"Science" – Kagaku
"Philosophy" – Tetsugaku
"Artificial Intelligence" – Jinkō Chinō
Bunlar tərcümə deyil, özününküləşdirmə, mənimsəmə və içsəlləşdirmədir.
Biz isə törəmizi pozduq, yazımızı, görkəmimizi, sözlərimizi dəyişdik, dönəm düşüncəmizi də, özümüzü də itirdik.
Keçmişdə yazdığımız bitikləri (kitabları) bir nəsil sonra oxuya bilmədik. Çünki Göytürk əlifbasını bu gün türkoloq və arxeoloqlarımızın belə çoxu bilmir.
Ədəbiyyatımızı yad dillə tanıtdıq.
Ən pisi – özümüzə öz dilimizdə soykökünə yadlaşmış, keçmişi ilə qopuq, törəsiz nəsillər yetişdirdik və bu gün də buna davam edir, öz balalarımızı yad dillərdə oxutmaqla öyünürük. Özlüyündə başqa uluslara işçi hazırlayırıq, amma bunu anlayacaq qədər uzaqgörən deyilik.
Bizdən bir çoxları "modern" görünmək üçün, moda ilə ayaqlaşmaq və globalist gücə tapınmaq üçün "öz"ümüzdən vaz keçdi ...
Yaponlar isə "özündə" qalaraq, öz dəyərləri ilə yeni dünyalarını qurdular.
İndi bizi yanlış yönləndirən "ziyalıçıqlara" sualım budur:
Əgər doğrudan da irəliləyiş üçün dilini, yazını, düşüncəni dəyişmək gərəkli idisə, niyə yaponlar dəyişmədilər və bizdən qat-qat irəlidədirlər?
Bəlkə də məsələ çöldən, üzdən dəyişməkdə yox, dəyərə yiyə çıxmaqda, törəmizi və kimliyimizi qorumaqda idi?
P.S: Göktürk yazısı, yaponların öz əlifbasını yaratmasından ən az 100–150 il daha əvvəldir.
“Ədəbiyyat və incəsənət”
(26.05.2025)