
Super User
İlham Hüseynov - Vətənə və millətə həsr edilmiş ömür...
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
İlham Şükür oğlu Hüseynov 1977-ci ildə Qarabağın doğma torpağı olan Ağdam rayonunun Qiyaslı kəndində dünyaya göz açmışdır. Uşaqlığı və gəncliyi el-obasının təmiz havasında, ata-baba yurdunda keçsə də, 1993-cü ildə müharibə onun həyatını dəyişdi. Doğma yurdundan didərgin düşən İlham ailəsi ilə birlikdə Ucar rayonunda məskunlaşdı. Lakin yaşadığı çətinliklər onun vətən sevgisini sarsıtmadı, əksinə, qəlbində daha da alovlandırdı.
İlham Hüseynov erkən yaşlarından elmə, xüsusilə tibb sahəsinə böyük maraq göstərirdi. O, orta məktəbi uğurla başa vurduqdan sonra Tibb Kollecinə daxil oldu. İnsanların sağlamlığına xidmət etmək arzusu onu əczaçılıq sahəsinə gətirdi. Peşəsinə olan sevgi və məsuliyyət hissi sayəsində tez bir zamanda uğur qazandı və aptek sahəsində çalışaraq insanlara kömək etməyə başladı. Hazırda o, bu sahədə rəhbər vəzifədə çalışır və yüzlərlə insanın sağlamlığının keşiyində dayanır.
Lakin onun gördüyü işlər yalnız peşə borcu ilə məhdudlaşmırdı. İlham Hüseynov ehtiyacı olan insanlara dərman yardımı edir, şəhid ailələri, qazilər və aztəminatlı ailələri dərman preparatları ilə təmin edirdi. Onun üçün ən böyük qazanc, insanların sağlamlığına qovuşması və onlardan aldığı bir "Allah razı olsun" idi.
İlham Hüseynov təkcə öz işinin peşəkarı deyil, eyni zamanda böyük bir vətənpərvərdir. Onun Vətənə olan sevgisi sadəcə sözlərdə deyil, əməllərində də özünü göstərir. O, illər ərzində qazandığı nüfuz və imkanlarını daim xalqının rifahı üçün istifadə edib.
Bu vətənpərvər ruh və cəmiyyətə göstərdiyi xidmətlər sayəsində İlham Hüseynov bir çox mükafatlarla təltif olunmuşdur. O, "Fədai", "Vətən naminə", "Vətənpərvərlik" medalları və 5 fəxri fərmanla mükafatlandırılmışdır. Lakin onun üçün ən böyük mükafat Vətənə xidmət etmək, insanların qəlbində özünə yer qazanmaqdır.
İlham Hüseynov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər təşkil edir, onların problemləri ilə maraqlanır, onlara həm mənəvi, həm də maddi dəstək göstərir. O, şəhidlərin anım günlərində və mövlud mərasimlərində iştirak edərək onların əziz xatirəsini uca tutur. O, Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların ailələrini öz ailəsi kimi görür və onların yanlarında olmaqdan qürur duyur.
İlham Hüseynov 2006-cı ildə ailə həyatı qurmuşdur və iki oğul atasıdır. O, ailəsini sevən, dəyərlərinə sadiq, övladlarına düzgün tərbiyə verməyə çalışan bir insandır. O, öz nümunəsi ilə övladlarına vətənə sevgi, insanlara hörmət və xeyirxahlıq kimi dəyərləri aşılayır.
İlham Hüseynovun həyatı insanlıq və fədakarlıq nümunəsidir. O, hər zaman ehtiyacı olanlara əl uzadan, Vətən və millət üçün çalışan bir insan olmuşdur. Onun gördüyü işlər təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də bir örnəkdir.
Vətən sevgisi onun qəlbində tükənməz bir alovdur. O, vətənpərvərliyi sadəcə sözlərlə deyil, əməli işləri ilə sübut etmiş, daim xalqına, millətinə fayda verməyə çalışmışdır. O, inanır ki, millətin rifahı və Vətənin güclənməsi üçün hər kəs öz sahəsində var gücü ilə çalışmalıdır.
İlham Hüseynovun həyatı bizə göstərir ki, insanın böyüklüyü onun tutduğu vəzifədə deyil, gördüyü xeyirxah işlərdədir. O, ömrünü insanların sağlamlığına, Vətənə və millətə xidmətdə keçirmiş və bu yolda daim addımlamağa davam edir.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Soyuq sözün kölgəsi - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Deyirlər, insanın içini üşüdən qış deyil, soyuq bir sözdür. Çünki havanın soyuqluğuna bədən öyrəşər, amma qəlbin donduran bir kəlməyə heç vaxt tam alışmaz.
Əvvəlcə hiss etməzsən, sadəcə, bir anlıq diksinərsən. Amma zaman keçdikcə anlayarsan ki, o söz səni dəyişib. Gözlərindəki işıq bir az azalıb, səsin əvvəlki tonda çıxmır, gülüşlərin artıq əsl gülüş deyil.
Bəzən unudursan. Günlər keçir, illər axır, yeni baharlar gəlir. Hətta elə bilirsən ki, tamam sağalmısan. Amma birdən bir mahnı, tanış bir qoxu, ya da təsadüfi bir baxış yenidən o günü xatırladır. Soyuq sözlərin səni necə titrətdiyini, bir cümlənin bir ömrü necə dəyişə biləcəyini anlayırsan.
İnsanın ən böyük yanılması isə budur: düşünür ki, zaman hər şeyi düzəldir. Amma bəzi sözlər zamana tab gətirmir, nə qədər illər keçsə də, onların izi hələ də ordadır. Və sən hər baharda, hər günəşli gündə bir anlıq özünü yaxşı hiss edirsən, amma bilirsən ki, içində bir yer var ki, qırx yaz da gəlsə, isinməyəcək…
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
“Çiçəkli Novruz” adlı tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 167 №-li tam orta məktəblə birlikdə “Çiçəkli Novruz” adlı tədbir keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Taleh Quliyev tədbir iştirakçılarını Novruz Bayramı münasibəti ilə təbrik edib. Qeyd edib ki, zəngin mənəvi dəyərlərimizə söykənən, insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz Bayramı xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və həmişə əziz tutduğu bayramlardan biridir.
Mərkəzi Kitabxananın əməkdaşı Lalə Səlimova öz çıxışında qeyd edib ki, milli bayramımız olan Novruz başdan-başa ruh yüksəkliyi, torpağa, insana məhəbbət bayramıdır. Novruzun gözəl adət-ənənələrini nəsildən-nəslə ötürür, milli bayramlarımızı yaşadır.
Mərkəzi Kitabxananın əməkdaşları Sevil Namazova və İradə Hüseynova bayram təbriklərini məktəb rəhbərliyinə və kollektivinə, şagirdlərə çatdırıblar.
Milli geyimdə olan şagirdlər bayram atributları ilə bəzədilmiş məktəbin həyətində Novruzun qədim tarixini, çərşənbələri, maraqlı adət və inancları özündə birləşdirən səhnəciklər nümayiş etdiriblər. Baharın təravətli nəfəsini özü ilə gətirən Novruz Bayramına həsr olunmuş şeirlər, bayatılar söyləyib, mahnı ifa ediblər, Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından səhnəcik iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Məktəblilərin Novruz Bayramının atributlarına dair əl işləri nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Daxili-İntizam və Uğur
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Ən böyük qələbə özünə qalib gəlməkdir” Platon
Nə üçün bəziləri həyatda digərlərindən daha çox nailiyyət əldə edirlər?
Bu sual, insanlıq tarixi boyunca bütün yaxşı beyinləri zəbt etmişdir.
2300 il öncə Aristotel yazmışdır ki, insanın ən böyük məqsədi xoşbəxt olmaqdır. O demişdir ki, bizim cavab verəcəyimiz ən əsas sual “Xoşbəxt olmaq üçün necə yaşamalıyam?” sualı olmalıdır.
Sizin özünüzə bu sualı vermək və düzgün cavablandırmaq və cavabın müəyyən etdiyi istiqamətdə getmək bacarığınız sizin xoşbəxt olub-olmayacağınızı müəyyən edəcəkdir.
Öz bildiyinizdən başlayın.
Uğur dedikdə nə başa düşürsünüz?
Əlinizdə sehrli çubuq olsaydı və siz onun köməyi ilə həyatınızı istədiyiniz kimi qurmağa qadir olsaydınız, onda həyatınız necə olardı?
Brayan Treysi / Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Avropadakı Azərbaycan diaspor təşkilatları bəyanat yayıblar
Ermənilər 1987-ci ildən bəri Qarabağda törədilən cinayətlərə görə Azərbaycanda məhkum edilən separatçıların azadlığa buraxılması üçün beynəlxalq səviyyədə təzyiq göstərilməsinə çalışırlar. Bu təzyiqlərin qarşısını almaq məqsədilə Avropadakı Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin müvafiq qurumlarına bəyanatlar göndəriblər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin sədri, "Akord" jurnalının baş redaktoru Mariya Atanasova-Hüseynova, Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov, “Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova, “Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Leyla Begim Cəfərova, "QALA" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Rəşid Məmmədov, “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının rəhbəri Emil Əliyev, “Land of Fire” təşkilatının rəhbəri Fərid Əmrəliyev bu istiqamətdə aktiv fəaliyyət nümayiş etdirir.
Bəyanatlarda Azərbaycan həqiqətləri və azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı məsələsinə xüsusi diqqət çəkilib. Torpaqlarımızın işğalı zamanı soydaşlarımıza qarşı törədilən insanlığa və beynəlxalq hüquqa zidd vəhşiliklər də vurğulanıb. Soyqırımı cinayətinin araşdırılması və cinayətkarların ədalətli qaydada cəzalandırılması məsələsi də bəyanatlarda önə çəkilib.
Bu addımlar, Azərbaycan diasporunun ölkə və xalqının haqq səsini beynəlxalq aləmdə daha effektiv şəkildə duyurmasına yönəlmiş mühüm bir təşəbbüsdür.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “KÖRPÜNÜN HƏSRƏTİ”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
KÖRPÜNÜN HƏSRƏTİ
Araz qırağında dayandı qatar,
Elə bil qəlbim də dayandı bir dəm...
Sıxlaşdı göydəki seyrək buludlar,
Deyəsən, başıma dolandı aləm.
Başlar uzanmışdır pəncərələrdən,
O taya, bu taya boylanır hamı.
Yanımda sevgilim ağlayıb hərdən,
Deyir ki, “ah, Araz, tut ilticamı,
Mənim Sara bacım indi hardadır?
İyirmi ildir ki, uzaqlardadır”.
Araz dağlar yarıb, qayalar dəlir,
Zamanın fikri tək axır sürətlə.
Qayalı dağlar da salama gəlir,
Elə bil baş əyir ona hörmətlə.
O tayda gördüyüm çardaqlı damlar
Xəyalı küsdürür bu kainatdan.
Gəzir kənd yanını seyrək adamlar,
Sanki baş götürüb gedir həyatdan...
Həyətlər bomboşdur, qapılar bağlı,
Evlər üz döndərmiş biri-birindən.
Torpaq nalə çəkir sinəsi dağlı,
Bir tüstü qalxmayır ocaq yerindən.
Kəndin üstündəsə bir qəbristanlıq
Qərq olur göylərin göz yaşlarına.
Yaşaran gözlərim baxır bir anlıq
Əyilmiş, yıxılmış baş daşlarına.
“Qayalı dağ”ı da duman almışdır,
O, dünya görmüşdür...Yaxşı bax ona!
Nə qədər cənazə yola salmışdır
Bir şəhər boydakı o qəbristana!..
Ah, ürək duyduqca bu səhnələri,
Adətim olmuşdur alışıb yanmaq.
Yanğına düşmüşdür könlüm şəhəri,
Böyük bir dərd imiş şair yaranmaq!
Şairim! Bu sözlər qalsın bir yana,
Yaş ötür... qayıtma ricətlərə sən!
Bir şeir bağışla Azərbaycana,
Araz üstündəki bir daş körpüdən!
Qurmuş bu körpünü bir memar əli,
Baş-başa çatılmış tağlar üstündə.
Xilqətdən yaranmış onun təməli,
Dayanmış qayalar, dağlar üstündə.
Kim bilir neçədir körpünün yaşı,
Şahidi min bahar, bəlkə min qışdır!
Fəqət bir kərpici, sadə bir daşı
Hələ öz yerindən oynamamışdır...
Toplar, topxanalar keçmiş üstündən,
Hələ daş sütunlar durur vüqarla.
Körpü Araz üstə düşdüyü gündən
Şir kimi döyüşür sərt dalğalarla.
Üzünə gün düşüb, şəfəq güləndə
Kərpici bir yaqut kimi qızarır.
Üstünə dağlardan duman gələndə
Sərt qayalar kimi o da bozarır.
Deyirlər, qış ağır gələndə tək-tək,
Körpünün üstündə tar bağlayır qar.
Qaranlıq yol salır yerdən göyədək,
Bir canavar kimi ulayır rüzgar.
Gözüm körpüdədir... Dayanmış qatar,
Elə bil saxlayır o bizi qəsdən.
Hanı zınqırovlu-yüklü karvanlar?
Bir quş da keçməyir körpünün üstdən...
Axşam qəribliyi dağlardan enir,
Sakit dərələrə bir həsrət çökür.
Araz gah parlayır, gah kölgələnir,
Bəzən də hıçqırır o hönkür-hönkür.
Gözüm körpüdədir...Dayanmış qatar,
Elə bil o qəsdən saxlayır bizi.
Körpünü basmışdır yabanı otlar,
Nə cığır görünür, nə ayaq izi...
Kim bilir, kim bilir, nə vaxtdan bəri
Bir insan keçməyir bu daş körpüdən
Elə bil yol çəkir onun gözləri,
Fəqət nə gələn var, nə də bir gedən.
O kimdir? Gözümə görünür bu dəm?
Kimdir o ixtiyar? Xəyaldır, nədir?
Yox, yox, o nə xəyal, nə əfsanədir,
Gördüyüm insandır, gözlərində qəm...
Çatıb qaşlarını körpüyə baxır,
Qəlbində dağ boyda sözümü vardır?
Başından tüstülər, dumanlar qalxır,
Cansız əlləri də qabar-qabardır...
Bildim, o, memardır... O, yaradandır.
Yaxın gəl, oxucum, bax əllərinə!
O, Araz üstündə xeyli zamandır
Ağlayır xar olmuş əməllərinə...
Kim bilir, kim bilir, nə vаxtdаn bəri
Bir insаn keçməyir bu dаş körpüdən.
Elə bil yol çəkir onun gözləri,
Fəqət nə gələn vаr, nə də bir gedən…
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
GAP Antologiyasında Məryəm Qurbanzadənin “Yara açdı bağrım” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xoyda yaşayan Məryəm Qurbanzadədir.
Məryəm Qurbanzadə
Xoy
III
Sevməkdən sonra gələn söyüşdə
Yara açdı bağrım.
Titrek barmaqlarımla susqunluq basdım ağrıma
Hansı yalqızlığımın qulağına fısıldayım qadın olduğumu?
Hansı quşun qanadına bağlayım üsyanımı?
Hansı köksün ümidində ağlayım gələcəklərimə?
Ötürdüm
Və
Dəniz göyərdi gözlərimdə
Qüllabın qulağına asılmıs
Bir balıq kimi,
Ağzı açıq qaldı
Sorğularına, bu şeirin.
Özümü deyirəm.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
“Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” – KİTAB RƏFİ
Könül, “Ədəbiyyat və incəsənət”
Kitab rəfi rubrikasında Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkinin “Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” adlı monoqrafiyası barədə danışacağıq. Azərnəşrin yayınladığı monoqrafiyada XIX əsrin axırı – XX yüzilin əvvəllərində Azərbaycan dramaturgiyasında bəhs olunan problem sistemli şəkildə təhlil olunmuşdur.
Monoqrafiyada Mirzə Fətəli Axundzadə ilə yanaşı, XIX əsrin sonu – XX yüzin əvvəllərində Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamış Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid və başqa dramatuqların milli ədəbiyyatın dəyərli örnəklərini ərsəyə gətirən pyesləri araşdırma obyektinə çevrilmişdir.
Tədqiqatçı adı çəkilən dramatuqların müxtəlif əsərlərində yaradılmış obraz və xarakterləri dönəmin, mühitin problemləri fonunda nəsillərarası qarşıdrmanın fərqli rakurslarından təqdim etmişdir.
Müəllif araşdırmaya çəkilən mövzunun Azərbaycan ədəbiyyatı tarixindəki rolunu və önəmini vurğulamaqla qalmamış, onun folklordan qaynaqlanan örnəklərinə diqqət yetirmiş, klassik yazılı mətnlərdə, divan ədəbiyyatında nə şəkildə bədii təcəssümünü tapdığını dəyərləndirməyə çalışmışdır.
Professor Vaqif Sultanlı kitaba yazdığı “Dramaturji konfliktə çevrilən əbədi qarşidurma elmi-nəzəri təhlil axarında” adlı ön sözdə araşdırılan mövzu bağlı qənaətlərini aşağıdakı kimi ümumiləşdirir:
“Problemin indiyə qədər diqqətdən kənarda qalması, daha doğrusu əhatəli şəkildə araşdırılmaması müəyyən səbəblərlə bağlıdır. Hər şeydən öncə, sovet siyasi rejimi dönəmində mənəvi-əxlaqi dəyərlərə söykənən bəlli problemlərin təhlili və şərhi ideoloji stereotiplərlə yasaqlandığından obyektiv səpkili araşdırmalara imkan verilməmişdir. Əksər hallarda isə nəsillərarası ziddiyyətlərin lüzumsuz olaraq sinfi məcraya yönəldilməsi, köhnəliklə təzəliyin sosial qarşıdurmasına çəkilməsi və bu bağlamda keçmişlə gələcəyin üz-üzə qoyulması aparılan araşdırmalarda yanlış, yaxud birtərəfli sonuclara varılmasına səbəb olmuşdur”.
Monoqrafiyada “atalar və oğullar” problemi milli yaddaş və özgələşmə, xalq və hakimiyyət konflikti məsələləri ilə əlaqəli şəkildə dəyərləndirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
19 mart - Beynəlxalq Atalar Günüdür
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu əlamətdar gün, hər il Azərbaycanda təntənə ilə qeyd olunan Novruz bayramı ərəfəsinə düşür. Xoşbəxt o şəxslərdir ki, bu bayramı atalarının iştirakı ilə keçirəcəklər. Əfsuslar olsun ki, aramızda elələri də var ki, ATAları haqqa qovuşub, bayram süfrələrinin başında olmayacaqlar.
Cavid Qurbanovun qarşıma çıxan "Ay ata" şeirini təqdim etməklə, haqqa qovuşan bütün atalara Allahdan rəhmət diləyirəm:
Sən olanda arxalı bir dağ idim
Qaldım sənsiz atasızam, ay ata.
İndən belə sənsizliyin dadını
Səhər – axşam dadasıyam, ay ata.
Biz dost idik, ata oğul ikimiz
El yüküydü, ağır idi yükümüz
Cüt olanda gur çıxardı səsimiz
Tək qalmışam susasıyam, ay ata.
Ataların yaşı olmur övladçün
Atasından qanad alar həyatçün
Çətin olsa məsləhətçün, imdadçün
Baş daşından tutasıyam, ay ata.
Yaşadacam gözlərinin nurunu
Qoruyacam ocağının qorunu
Bu həyatda sən qoyduğun yolunu
Ömür yolum biləsiyəm, ay ata.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Göyçəli Abbas Vəfadağlının doğum gününə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Abbas Vəfadağlı 1929-cu il martın 19-da Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi işləmişdir. 1946-cı ildə "1941/45-ci ili şərəfli əməyə görə" medalı ilə təltif edilmişdir.
Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə başa vurmuşdur. Texnikumu bitirib qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində müəllim işləmişdir. Sonra Krasnoselo rayon Komsomol Komitəsinə katib seçilmişdir, Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.
Doğma Cil kəndində kolxoz sədri, Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri, Cil kənd sovxozunda direktor işləmişdir. Azərbaycanlılar ellikcə Azərbaycanın Xanlar rayonunun Şəhriyar kəndinə köçdürüldükdən sonra isə orada kənd sovet sədri, Çaykənd kəndində kolxoz sədri, Şəhriyar kəndində sovxoz direktoru, Xanlar rayonunda Kənd Təsərrüfatı İstehsalat İdarəsində rəis müavini olmuşdur.
Hazırda təqaüddədir və fərdi yaradıcılıqla məşğuldur.
Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk mətbu şeiri "Arzular" 1965-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxmışdır. Bundan sonra dövri mətbuatda şeir, oçerk və məqalələrlə çıxış etmişdir. İlk qələm təcrübələrini Abbas Mazanov imzası ilə dərc etdirmişdir. 60-cı illərdən Vəfadağlı təxəllüsünü qəbul etmişdir.
General-mayor İlqar Mazanovun atasıdır
Kitabları
1. Göyçə kimi intizarda elim var
2. Gözləri həsrətli, naləli Göyçə
3. Ulu Göyçəm
Məqalələri
1. Göyçə qətliamı
2. Ustad
3. Aşıq Alı sorağında
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)