
Super User
Cənubi Azərbaycanda Səttarxan hərəkatının 115-ci ildönümü münasibətilə videoçarx hazırlanmışdır
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Cənubi Azərbaycanda Səttarxan hərəkatının 115-ci ildönümü ilə əlaqədar videoçarx hazırlanıb.
Videoçarxda 1905-1911-ci illər İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, Azərbaycan xalqının milli azadlığı uğrunda fədakar mübariz Səttarxanın həyatı, mübarizəsi haqqında məlumat verilir. Videoçarxda görkəmli tarixi şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin (Azərbaycan Demokratik Respublikasının) banisi, müstəqillik uğrunda əvəzsiz xidmətləri olan Məhəmməd Əmin Rəsulzadənin Səttərxan haqqında sözləri yer alır, bu hərakat haqqında çəkilmiş filmlər,teatr tamaşaları, yazılmış əsərlər, Səttarxanın xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar nümayiş olunur.
Videoçarx “Səttarxan” marşı və Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımovun ifasında “Səttarxan” mahnısı ilə müşayiət olunur.
Videoçarx aşağıdakı keçiddə izləyicilərə təqdim olunur:
https://www.youtube.com/watch?v=1EIhxJ-X9os
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Soydaşımız Avropa Parlamentinin sədrinə məktub ünvanlayıb
Almaniyada yaşayan və fəaliyyət göstərən beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər Avropa Parlamentinin sədri Roberta Metsolaya Azərbaycana qarşı qəbul edilmiş qərəzli qətnamə ilə bağlı məktub ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktubda Qarabağdakı keçmiş separatçı qurumun həbsdə olan nümayəndələrinin azadlığının tələbi ilə növbəti dəfə Azərbaycana qarşı təzyiq göstərildiyi vurğulanıb.
Hüquqşünas sual verib ki, həqiqətənmi Avropa Parlamenti Azərbaycan hökumətindən vətəndaşlarını qətlə yetirən separatçı və terrorçuların qeyd-şərtsiz azadlığını tələb edir?
O, separatçıların 1990-cı illərdən etibarən 30 min azərbaycanlının ölümündə birbaşa iştirak etdiyini, Xocalıda 613 dinc sakinin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.
Bundan əlavə, Azərbaycan ərazilərinin 20%-nin 30 il ərzində işğal altında saxlanıldığı, yeraltı və yerüstü sərvətlərinin qanunsuz şəkildə istismar edilərək talandığı və Ermənistan vasitəsilə xaricə çıxarıldığı vurğulanıb. Həmçinin işğal nəticəsində Azərbaycan dövlətinə 100 milyardlarla zərərin dəydiyi, qanunsuz məskunlaşma siyasəti aparılaraq, Livan, Suriya, Ermənistan və Rusiyadan minlərlə insanın Qarabağa yerləşdirildiyi qeyd edilib.
Ekspert 30 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinin Ermənistanın işğalçılıq siyasətinə imkan yaratdığını xatırladıb.
Məktubda o da vurğulanıb ki, heç bir Avropa qurumu işğal illərində bölgəyə gəlib erməni separatçılarının törətdikləri dağıntıları və qanunsuz fəaliyyətləri araşdırmaq istəməyib. Lakin həmin qurumların nümayəndələri, məsələn, Frank Şvabe Azərbaycan ərazilərinə səfər etmək tələbi irəli sürürdü. O zaman sual olunur: erməni separatçıları Qarabağı işğal altında saxlayanda niyə onların fəaliyyətini araşdırmaq istəmədi?
Sonda Avropa Parlamentinin dəfələrlə Azərbaycan əleyhinə qərəzli qətnamələrlə separatçı və terrorçu qüvvələrin qeyd-şərtsiz azadlığı tələbini irəli sürməsi Azərbaycanın daxili qanunvericiliyinə və beynəlxalq hüquqa açıq hörmətsizlik kimi xüsusi qeyd edilib.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “YАDIMА DÜŞDÜ”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
YАDIMА DÜŞDÜ
Başına döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma düşdü.
Şairlər vətəni, bizim tərəflər,
Tərlanın oylağı yadıma düşdü.
Oxuyun qəlbimi dastan içində,
Ürək döyünməzmi astan içində?
Payızın fəslində bostan içində
Şamamanın tağı yadıma düşdü.
Töküldü kağıza sinəmin sözü,
O ana yurdumun ocağı, közü,
Ceyranın duruşu, durnanın gözü,
Kəkliyin ayağı yadıma düşdü.
Hanı at sürdüyüm boranda, qarda?
Gəzdim aşıq kimi min bir diyarda,
Gülüb oynadığım toyda, mağarda,
Qızların qolbağı yadıma düşdü.
Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı,
Bizim gəlinlərin bayramqabağı
Fəsəli yaymağı yadıma düşdü.
Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü.
Vurğunun xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı:
Qışın buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
"Qayıt sahmana sal bu kainatı" - Əli Kərimin doğum gününə
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı
Bu gün klassik Azərbaycan poeziyasının seçilən simalarından biri olan, "Qaytar ana borcunu:, "Qayıt", "İki sevgi" kimi şeirləri ilə Azərbaycan poeziyası tarixinə öz möhürünü vurmuş şair, nasir, dramaturq, tənqidçi, tərcüməçi Əli Kərimin doğum günüdür.
Əli Kərim 1931-ci il mart ayının 18-də Göyçayda fəhlə ailəsində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa da, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib. 3-cü kursdan isə təhsilini Moskvada, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Bakıya qayıdıb.
Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləyib, şeir şöbəsinə rəhbərlik edib.
İlk mətbu əsəri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunmuş “Təzə müəllim” şeiri olub.
Fəal ədəbi yaradıcılıqla məşğul olan şairin "İki sevgi”, “Həmişə səfərdə”, “Qızıl qanad”, “Qaytar ana borcunu”, “Uşaqlar və ulduzlar”, “Səfərdən sonra” , “Tənbəl ayı balası” , “Seçilmiş əsərləri. I cild”, “Seçilmiş əsərləri. II cild”, “Pillələr”, “Gül və çörək”, “Qız və kəpənək” , “Qayıt”, “Mavi nəğmənin sahilində”, “Neyləyim, şeirlə dərd söyləyirəm”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!”, “Metronun yaylı qapıları” və s. kitabları nəşr olunub. Sözlərinə “Nə gəlməz oldun”, “Yar gəldi”, “Azərbaycanım mənim”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!” kimi sevilən nəğmələr bəstələnilib.
1958-ci ildə Elza xanımla ailə həyatı quran Əli Kərimin bu izdivacdan Paşa, Azər və Orxan adlı 3 oğlu dünyaya gəlib.
Qanında başlayan laxtalanma səbəbi ilə ürəyi şairə narahatlıq verib. Lakin o, “kiçik oğlum mənsiz yatmayacaq” deyərək xəstəxanaya getməkdən imtina edib. 1969-cu il iyunun 30-da onu dilə tutub həkimə aparıblar. Və o, elə həmin gecə xəstəxanada dünyasını dəyişib. Xalq şairi Rəsul Rza çox çalışsa da, onun fəxri xiyabanda dəfn olunması üçün icazə ala bilməyib. Şair doğulduğu Göyçayda torpağa tapışırılıb.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Bayram ayı – POETİK LÖVHƏ
İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”
Bu ay Zərdüştün atəşi düşür
Martın soyuqluğuna.
Düşür ki,
həftələri bölsün çərşənbələrə.
Çərşənbələr cümələrdən
daha çox sevilir indi.
Doğum günləri kimi,
ildə bir dəfə səpilir səməni toxumları.
Ölüm günü kimi,
yüz dəfə atılır papaqlar.
Bircə içki şüşələri döyüşməyəcək
Ramazana görə.
Bircə heyvanlar canını qurtaracaq
qəssab bıçaqlarından.
Var olsun, pulsuzluq!
Yalnızca nənəm
cücələri qırmızıya boyayacaq.
Mən sadəcə hiss etməyə çalışıram.
Düşünürəm ki,
iki bayramın vəhdəti
hansı Tanrının ironiyasıdır?
Bunları ixtisara salmaq
kimin fobiyasıdır?
Fəqət sən mənim ağrılarımsan…
Necə yamsılayım
tonqaldan tullanan uşaqları.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Mədəniyyət naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Martın 17-də Mədəniyyət Nazirliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Səbuhi Göyüşovla mentorluq proqramı çərçivəsində görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilir ki¸ nazir Adil Kərimli Səbuhi Göyüşovun timsalında müsabiqənin bütün qaliblərini təbrik edib, karyera uğurları arzulayıb. Nazir layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqənin qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və onların potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini bildirib.
Yaradılan imkana və səmimi qəbula görə təşəkkür edən Səbuhi Göyüşov və “Yüksəliş”in İnsan resursları şöbəsinin müdiri Elmira Məmmədova müsabiqə qaliblərinin nazirin şəxsi təcrübəsindən faydalanmasının karyera və şəxsi inkişaf baxımından gözəl imkan olduğunu diqqətə çatdırıblar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Ədəbiyyqt və incəsənət”
(18.03.2025)
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb
Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, "Şöhrət" ordenli sənətkar, xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Yaqub Məmmədovun xatirə gecəsi keçirilib.
BMM-dan AzərTAC-a bildirilib ki, “Unudulmayanlar” layihəsi çərçivəsində təşkil edilən gecə xanəndənin anadan olmasının 95 illiyinə həsr olunub.
Gecə ilk olaraq sənətkarın “Qızıl fond”da qorunan ifasının videogörüntüsü ilə başlayıb.
Əməkdar mədəniyyət işçisi, yazıçı Mustafa Çəmənlinin aparıcılığı ilə baş tutan gecədə Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Arif Əsədullayev və yazıçı-şair Seyran Səxavət çıxış edərək Yaqub Məmmədovla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə xanəndənin klassik muğam ifaçılığı sənətində qoyduğu iz və ifa xüsusiyyətlərindən söz açılıb. Bildirilib ki, Yaqub Məmmədov 1930-cu il mayın 5 də Ağcabədidə dünyaya gəlib. Xanəndə Seyid Şuşinskidən muğam dərsləri alıb.
Gecədə Əməkdar artistlər Sevinc Sarıyeva, Təyyar Bayramov, İlkin Əhmədov, xanəndələr Mirələm Mirələmov, Nisbət Sədrayeva, Murad Laçın, Xətai Hacıyev görkəmli sənətkarın repertuarından muğam və təsniflər ifa ediblər. Xanəndələri tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə BMM-nin solistlərindən ibarət instrumental heyət müşayiət edib.
Tədbir Yaqub Məmmədovun ifasında "Qarabağ Şikəstəsi"nin səsləndirilməsi ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) fəaliyyət göstərən Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşəbbüsü ilə martın 19-dan 23-dək Türk Dünyası Novruz Festivalı keçirəcək.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu AzərTAC-a bildirib ki, festivala Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) da təşkilatı dəstək verir.
Festival proqramı çərçivəsində Şimali Kiprin iki şəhəri və üç bölgəsində Novruz şənliklərinin keçiriləcəyini qeyd edən Həsənoğlu, açılış mərasiminin martın 20-də ŞKTC-nin ən böyük mədəniyyət mərkəzlərindən biri olan Gazimağusa bölgəsindəki Rauf Denktaş adına Mədəniyyət və Konqress Mərkəzində baş tutacağını bildirib.
Türk Dünyası Novruz Festivalı ŞKTC-də təhsil alan yerli və əcnəbi tələbələrin çoxluq təşkil etdiyi Girnə şəhərindəki Beynəlxalq Final Universiteti Kampüsündə davam edəcək.
Festivalın bağlanış mərasimi isə Lapta bölgəsində yerləşən Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində baş tutacaq.
Onun sözlərinə görə, tədbirlərə Şimali Kipr Prezidenti Ərsin Tatar, Baş nazir Ünal Üstel, ŞKTR Parlamentinin sədri Ziya Öztürklər, hökumət üzvləri, deputatlar, yerli QHT və media mənsubları qatılacaqlar.
Tədbirə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkiyədən sənətçilər dəvət olunub.
Ölkəmizi səhnədə Əməkdar artist Elnarə Abdullayeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Nicat Kazım, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Filarmoniyasının solisti Zülfüqar Mahmudov və Naxçıvan Dövlət Filarmoniyasının solisti Əfsanə Babayeva təmsil edəcəklər.
Festivalın keçiriləcəyi bölgələrdə Azərbaycanla bağlı stendlər qurulacaq, milli mətbəximizdə Novruzun simvolu sayılan şirniyyatlar qonaqlara təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Komitə sədri sayt rəhbərini təbrik etdi
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Üçüncü Sektor” İctimai Birliyinin icraçı direktoru, “Veteninfo.az” informasiya agentliyi və eyniadlı saytın qurucu-rəhbəri Nahid Canbaxışlını 50 illik yubileyi münasibətilə təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin məktubunda yubilyarın həyat və fəaliyyətinin ən önəmli məqamlarına toxunulur:
“Hörmətli Nahid müəllim,
Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, ictimai və jurnalistlik fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Çox şadam ki, bu əlamətdar yubileyinizi düşmən işğalından azad edilmiş ərazilərimizdə – Sizin hələ ən gənc yaşlarınızda könüllü olaraq döyüşdüyünüz torpaqlarda “Böyük Qayıdış” nəticəsində yaşayışın bərpası fonunda qeyd edirsiniz.
Siz bir qazi jurnalist olaraq fəal ictimai mövqeyiniz, vətəndaş cəmiyyəti institutlarındakı uzunmüddətli və səmərəli fəaliyyətinizlə seçilirsiniz.
Siz, həmçinin, Milli Məclisdə akkreditasiya olunan mətbuat nümayəndələrindən biri kimi parlamentin, o cümlədən İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyətini obyektiv şəkildə işıqlandırırsınız.
Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
Türk İnteqrasiya Olimpiadası 2026-cı ildə Ankarada keçiriləcək!
Bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadası gələn il Türkiyənin Ankara şəhərində keçiriləcək. Türkiyənin ən böyük özəl məktəb şəbəkələrindən biri olan “Nəsibə Aydın” məktəblərinin sahibi və Direktoru Mirkan Aydın bəy heyəti ilə birgə Bakıda səfərdə olub və bu səfər çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə Mirkan Aydın və heyəti Hədəf konsepti ilə yaxından tanış olublar. Görüş çərçivəsində tərəflər Hədəf STEAM Liseyi ilə Nəsibə Aydın məktəbləri arasında qardaş məktəblər memorandumu imzalayıblar. Memorandumda Hədəf liseyi ilə “Nəsibə Aydın” məktəblərinin həm müəllim, həm də şagirdləri arasında əməkdaşlıqlarının qurulması, təcrübələrinin bölüşdürülməsi, geniş tərkibli birgə pedaqoji fəaliyyətlər razılaşdırılıb.
Həmçinin Hədəf Liseyinin təsisçisi olduğu və bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadasında “Nəsibə Aydın” məktəblərinin tərəfdaş kimi iştirakı və 3-cü Olimpiadanın Ankarada “Nəsibə Aydın” məktəblərində keçiriləcəyi ilə bağlı anlaşma imzalanıb.
Onu da nəzərə çatdıraq TİO–II üçün yerli mərhələyə qeydiyyat davam edir. Üç dildə iştirak mümkün olacaq (Azərbaycan, rus, ingilis); İmtahan onlayn formada təşkil olunacaq, 13 – 16 yaşlı məktəblilər iştirak edəcəklər. Olimpiadada iştirak ÖDƏNİŞSİZDİR.
Biletləri Hədəf Kursları və Hədəf Liseyinin filiallarına yaxınalaşaraq əldə etmək mümkündür. Marqlananlar üçün qeyd edək ki, əlavə məlumat üçün əlaqə nömrəsi: +994 77 220 03 02-dir.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)