Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, MM Mədəniyyət Komitəsinin üzvü, yazıçı
Bu günlərdə Milli Məclisin deputatı, yazıçı və publisist İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsini oxudum. Son vaxtlar ustad qələm əhlindən hesab edilən İmamverdi İsmayılovu bilmərrə olaraq publisistik yazıları ilə görürdük, odur ki, onun hekayə janrına müraciəti əlbəttə ki, maraq doğurdu.
Bu gün tək Azərbaycan ədədbiyyatında deyil, ümumən dünya ədəbiyyatında yeni trendlər cövlan edir. İnformasiya-kommunikasiya texnologiyalarının misilsiz inkişafı, insanların internet və mobil telefon asılılığında olmaları mədəniyyətin bütün sahələrinə, əlbəttə ki, eyni zamanda həm də insan münasibətlərinə neqativ təsir göstərir, bu təsiri neytrallaşmaq isə pedaqoqların, mədəniyyət və ictimaiyyət xadimlərinin, say-seçmə ziyalıların üzərinə düşür. Sağlam postulat isə budur: İKT-nin inkişafı, internetdən istifadə təqdirəlayiqdir, inkişaf əlbəttə ki gözəldir, amma bunların sui-istifadə yolverilməzdir, yalnız müsbət tərəflər tətbiq edilməlidir, mənfilərdən isə uzaq durulmalıdır.
Çağdaş ədəbiyyatda yazıçılar üçün günün tələbi belədir: dərhal təqdim etdiyin yazının intriqası və faydası mesajını verməlisən, əks təqdirdə oxucu onu oxumayacaq.
Tanınmış ABŞ tənqidçisi Andrea Lonq Çu deyir ki, hazırkı dönəmdə ədəbiyyatın bir nömrəli vəzifəsi cəlbedici olmasıdır, fikrin hərəkət dinamikasında verilməsidir.
Orta və yuxarı yaş yazarları nəslinə aid olsa da İmamverdi İsmayılov məhz elə yeni nəsil yazarları ampluasındadır sanki, o, maraq və təlabatını yaxşı duyduğu oxucusuna məhz onun diqqətini cəlb edəcək mövzu təqdim edir.
Hekayənin süjetinin cəlbediciliyi elə ilk cümlələrdəcə görünür. Ağsaqqal bir qarovulçu işlərinin rəvan getdiyi, keşik çəkdiyi villanın həyətindəki gül-çiçəkdən zövq aldığı, elə bir qayğısı olmadığı bir məqamda yiyəsiz qonşu bağına bir bayquş uçub gəlir, bayquş gecə-gündüz ulayır, qarovulçunun qoruduğu villanın sahibi də qarovulçuya tapşırıq verir ki, tez o bayquşu öldür, bayquş bədbəxtlik gətirəcək yoxsa.
“Qarovulçu adəti üzrə, sübh namazına qalxıb, boyun-boğazına soyuq su çırpdı. Yaxşıca yuyunub qurulandı, dəstəmaz aldı. Eşiyə çıxıb, həyət-bacaya kənardan göz gəzdirdi, əlinin bərəkətinə baxıb qürrələndi.
Hər şey cağbacağ yerində: bağ-bağat tər-təmiz, vaxtdaşırı bolluca su verib, əkib-becərmişdi, özü demişkən, gül gülü, bülbül bülbülü çağırır, baxdıqca, qulluğunda durduqca təravətlənir, nazlanırdı. Bax budey, qoca bağbanın ruhunu oxşayan güllər, – min cür rəngləri, ləçəkləri, laləzar çəmənlik, alağı, çör-çöpü yox, bal tök barmaq yala və divar boyu cərgələnmiş bol bəhrəli meyvə ağacları: hamısı, hamısı ətə-qana gəlmişdi...
...İntəhası, neyniyəsən ki, iş tərs gətirəndə, xəşil diş sındırar...
Ağzı yumulmuş bayquş hardan peyda oldu?”
Gördüyünüz kimi, mesaj dərhal verilir. İndi qalır çoxsaylı boyaların ən al-əlvanı ilə hadisəni bəzəyib-düzəyib, ən təsirli sözlərlə oxucunu təsirləndirib, onu intizarda saxlamaqla səbirsizcəsinə hekayəni oxuyub sona çıxarmasına təşviq etməkdir.
Bu da süjetin əsas xəttinin preambulası:
“Və bir gün, bağın yiyəsi işə gedərkən, dönüb gözətçinin şüşəsini döyəclədi. Ədəb-ərkanlı, təmkinli bir adam qəzəbindən bulud kimi tutulmuşdu: “A kışşiii!.. – salamsız-kəlamsız, heç vaxt olmadığı kimi... – O tərəflərdə neçə gündü bir bayquş donqarıb, gecələr ulamaqdan yorulmur. Görürəm heç vecinə deyil sənin, ancaq mən onun səsinnən yata bilmirəm bütün gecəni, qor dolur yatağıma...”
Bağın yiyəsi qulluq sahibi idi, diqqətcil, böyük-kiçik bilən, hamıya əl tutub hayan duran. Heç bircə gün keçməmişdi, səhər yenə işə gedəndə, əlinin işarəsiylə, acıqlı soruşdu ki, nooldu?!
– Allahın quşudu da, məəllim... – Demişdi ki, qarovulçunun sözünü kəsib, sifətini turşutdu:
– A kişi! Bura bax, Allahnan nə işin var sənin!? Lənətə gəlmiş o quşu tapıb vurmaq lazımdı! Tüfəngi havayı yerdən nə söykəmisən o divara? Neynirsən elə, bilmirəm, əlinə duz bas, yuxuna zəhər qat... amma, yum onun ağzını! Səsini eşidən kimi, ətim ürpəşir...”
Qarovulçu sevimli həyat yoldaşını itirəndən sonra heç cür toxtaya bilmir, fikir eləyir, üstəlik, bərk darıxır, belədə başını qatmaq üçün dostunun oğlunun bağında gözətçiliklə məşğul olmağa başlayır. İlk dönəmdə hər şey əla gedir, dostunun oğlu ona gözün üstündə qaşın var demir. Amma həbsdə olan qonşunun yiyəsiz bağında ulayan bayquşa görə gənc villa sahibi ağsaqqala səsini qaldırmalı olur, bir sözlə, bayquş bütün nizamı pozur.
Qarovulçu əlacsız qalır.
Burada xüsusən qeyd edim ki, hekayənin dili oxunaqlıdır, burada frazeologizmlər, məsəllər, el deyimləri, məcazlar, dialekt və şivə sözləri gen-boldur, hər biri hekayəyə bir kalorit qatır.
“Qarovulçu uzun, argac kişiydi, həyəcanlananda, soyuq tər basırdı, gözü-qaşı əsirdi. Hiss edirdi ki, kotan kimi bərk kötüyə ilişib. Papirosdan bir qüllab vurub, fikrə getdi. Dərdini kimə desin, bu işə necə əlac eləsin?!.
Neynəsin yazıq, haranın daşın salsın başına?! Hardan uçub gəldi qanadı qırılmış, qocanın ağrımayan başına necə dəsmal bağladı?!
Adama ta nətəhəər deyərlər: ya bayquşu öldürüb ağzını yummalı, ya da, onun yerinə özün rədd olub getməlisən!..
Yaman yerdə axşamlamışdı, burda deyillər eee... “heç bayquşun da dar olmasın qəfəsi!..”
Qarovulçu özündən xeyli cavan olan digər bağ qarovulçusuna müraciət edir ki, gəlib ona kömək eləsin, bayquşu birlikdə pusub vursunlar. Əlbət ki, dörd göz ikidən daha iti olar.
Bu arada ağsaqqalın nəvəsi onu yoluxmağa gələndə və qayğılı olduğunu görəndə səbəbini soruşur, babasından eşitdikləri onu dəhşətə gətirir. O, canlıya qarşı bu vəhşi münasibətə görə babasını hətta qınamaq o yana, danlayır da, bayquş barədə bildiklərini üyüdüb-tökür, onun adının mənşəyini izah etməyə çalışır – bayquş, yəni bəy quşu.
“Baba, sən nə danışırsan, güllə nədi, vurub öldürmək nədi?! Köhnə təfəkkürünüzü bir qırağa qoyun?! Bayquşun sizinlə nə işi, öz həyatıdı, yaşayır... Bəy quşudu ee bu, bəy quşu! Necə qıyıb, güllə ata bilərsən ona, ay baba?!”
Uşaq danışdıqca qoca özlüyündə ona haqq verir, əlbəttə ki, bir canlını səbəbsiz yerə yox etmək insafdan deyildi, necə yəni, ulamağı bədbəxtliyə nişanədir? Harda bu isbat edilib axı?
Burada mən mütləq hekayənin didaktikasına da toxunmaq istəyirəm. Heç bir cümlə, fikir boşuna verilməyib, hamısı bir-birinə xidmət etməkdə, bir-birini açmaqdadır:
“Yer üzündə nə qədər həşərat növü varsa, bir o qədər də insan var: barmağının ucundan tutmuş burnunacan – təkrarsız və bənzərsiz. Yazı yazan, hamısını fərqli yaradıb: bir-birinə bənzəyən canlı varmı, hərənin öz taleyi, yolu və qisməti. Biri ölür, birini öldürürlər…
… Dərdi hərə bir cür çəkər: için-için ölən də, çölün-çölün əriyib sönən də... Hər canlı öz dərdinin daşıyıcısı – sənin yaşadıqların isə başqasına çox uzaq gələr. Dərd – dərd çəkənindir!”
Və yaxud:
“Get naxıra, gəl axura – heyvan ömrüdü, naxırla axur arasında fərqi bilməyənin yaşamasına nə lüzum?! – rəhmətlik atası yaman demişdi. Dörd fəsli, yaxud bir ili fərqsiz, vecsiz yaşayan, ağzının tamını, sözünün zamını bilməyən, rəngləri seçib ayırmayan adamları görəndə, deyərdi ki, beləsi, ömründə bir istiot qırmayıb hələ... İndi bu qabırğası qalınlar yorulmadan, usanmadan vurub yıxır, ovlayır, çapıb-talayır, yeri-göyü uçurur və qan tökür!..
Zəmanə xarab olub, üzü çönüb, bayquş da yalan olub, qaranca elə hədyan, nifrin tökürlər ki, az qala yeddi arxa dönəninin yeddi qatınnan keçə...
İlanın zəhərindən, qurdun zəhmindən qorxuruq, ayının gücündən, bayquşun səsindən... Hər canlıya bir ayama qoşuruq: at kişnəyir, it hürür, qoyun mələyir, xoruz banlayır, bülbül oxuyur - hərəsinin bir həyat tərzi, dili, səsi və naləsi…”
Yaxud da:
“Gördüyün qorxunun, duyduğun fəlakətin, nə vaxtsa, qabağını alıb dəf edə bilərsən, yaxşı bəs, heç vaxt ağlına gətirmədiyin, gözləmədiyin və qəfil ildırım kimi, başına şığıyan qarğışlar, latayır söyüşlər, yellər, fələyin gərdişi və səni qəfil çuğlamış qara talelər – bunların əlindən hara qaça bilərsən?!
Min illərlə məskən saldığı dogma yurdunu, insanların zülümlə qurduğu ev-eşiyini başına necə uçurtmaq olar? Vətən bilmədən, sərhəd görmədən, ədalət gözləmədən...
Bəyəm bəşər övladı hamısı bir Allahın bəndəsi deyilmi? Niyə müxtəlif dinlər və dillər hamını arzuladığı və istədiyi bir sülhə qovuşdura bilmir?”
Və keçək hekayənin əsas anlamına. Bəli, bayquş ulayır deyə onun bədbəxtlik gətirəcəyindən qorxan insanlıq ona ölüm hökmü kəsir. Bayquşunsa fikirləri alleqorik tərzdə belə verilir:
“Yoxsa, qurbanı olduğum, nəfəssiz və hənirsiz bu viranəliyə keşik çəkmək üçünmü xəlq elədi məni, hə?! - Guya mən, bu xaraba qalmış tikilidən uçub getsəm, səsimi içimdə boğsam, düzələcəkmi bu viranəlik? Niyə bəni insan ancaq dara düşəndə yada salır məni, səsimnən qorxur, söyüş, nifrin yağdırır, dalımca qarğış töküb, daşlayır və güllə atır?! Bu qara ayamaları kim yazdı mənim taleyimə, ya rəbbim, kim? Niyə? Nə üçün? Kim anladı mənim naləmi, kim yozdu? Bəlkə mən elə bu faciələrə, dünyanın belə gərdişinə fəryad edirəm? Başa düşməməyiniz bir yana, hələ, məni heç harda görmək belə istəmir, bütün bəlaların səbəbkarı sanırsız… Ətrafımda – bağlarda, həyətlərdə, evlərdə, yollarda və dalanlarda nələr görürəm, gecə qara, cücə qara, deyib, nə oyunlar, şəbehlər çıxarırlar... Amma mən, bütün qaranlıqları aydın görürəm, pıçıltıları eşidirəm, əyrilikəri, fırıldaqları bilirəm... Kim əyilir, kölgəsindən qorxub gizlənir, kim başqasına torba tikib, darvazalardan xəlvət keçir? Nə yaxşı ki, dil açıb danışa bilmirəm... Bəlkə deyə bilmədiyim sirlərdən qorxub belə hay-həşir qoparırsınız?!”
Müəllif demişkən, “Belə çıxır ki, gizlinlərə gecələr şahidlik edir, gecələrə də bayquşlar??? “
Bayquşları müttəhim kürsüsünə çəkən insanlığın bəs öz gerçək siması nədir? Müəllif bunu hekayənin növbəti hissəsində ustalıqla nümayiş etdirir:
“Müharibələr və savaşlar nəsə bir qazanc gətirə bilər – ancaq qanın və ölümün çiyinləri üstündə!
İnsan dayanmır: dünyanı məhvərindən çıxarır, yeri-göyü silahla doldurub oda bələyir, ölüm saçır, nahaq qana batırır. Hər gün silah sursat, bomba, raket, atom, neytron icad edir. Ölüm və qan gətirən kəşfləri ilə öyünür, hələ bu azmış kimi, ödüllər, mükafatlar alır... Allah eləməsin ki, bu kəşflər və sınaqlar yerlə-göyün birləşməsinə gətirib çıxara və bir gün bütün canlılar ortada yanıb kül ola – bunumu istəyirik?
Hər səhər bəşər övladı, səksəkə içində oyanıb baxır ki, kainat yerindədimi, yer göylə toqquşmayıb hələ!?
Yağışı, quraqlığı, aclığı, toxluğu, istisi, soyuğu ilə dözüm, duruş gətirə bilirmi?!
Fərqli qitələr, yeddi iqlim qurşağı, damarı qaçmış fəsillər və məhvərinnən çıxmış dünya – necə pozuldu sənin intizamın …
Böyük yaradan isə, xəlq elədiyi bu insan məxluqunun qanlı əməllərinə baxır, baxır... Dözür, səbrlə dözür... Bir də görürsən ki, qəfil bir gündəcə səbr kasası daşır, acığı tutur öz bəndəsinə, fırtına qoparır, zəlzələ, yanğın, qasırğa, nə bilim nələr, nələr gətirir və əməllicə silkələyir ki, bəlkə ayılıb dayana... Ancaq bəni-insan durmur, düzəlmir. – Qoca fikirləşib qıvrıldı, bürüşüb yumağa döndü. – Dünya qocalır sənin kimi, əsrlər, qərinələr sıralanır, gecə gedir, gündüz gəlir: amma yenə də xarabalıq, dağılmış yurdlar, viran qalmış, közü sönmüş ocaqlar...”
Həqiqətən də çox mükəmməl təsvirdir, əla müqayisədir və bundan doğan zəruri qənaətdir.
İmamverdi İsmayılov qələmi bir adi əhvalatla çox böyük həqiqətləri ortaya çıxarır və mən şəxsən onu bu ampluada böyük Mirzə Cəlilin davamçısı kimi görürəm.
Beləliklə, bütün həqiqətlər, ədalət qanunlarına zidd olsa belə qoca və cavan qarovulçular bayquşu öldürmək tapşırığının köləsi kimi onu güdməkdə və əlverişli məqam düşüncə öldürməkdə israrlıdırlar. Aciz qoca yuxusunda ailə həyatı qurub bədbəxt olan qızını, rəhmətlik arvadını görüb də bir az da acizləşir. Bir az da ümidsizləşir.
Və nəhayət, gəlib yetirik hekayənin kulminasiyasına. O gecə güllələr açılır, amma bayquşa yox, səhfən qoca qarovulçuya. Daim sərxoş olan gənc qarovulçu elə bu sərxoşluğunun da güdazına gedib tüfənglə düzgün rəftar edə bilmir, zavallı qocanın axırını gətirir.
Bayquş həqiqətən bədbəxtliyə səbəb olur. Özünə tuşlanmış güllələri onu tuşlayanın səmtinə qaytarmaqla.
Hekayə isə dramatik tonlarla beləcə sona çatır:
“...Zülmət qaranlıq öz canını xoruz banıyla səhərə təslim edirdi...
...Göyün yeddi qatınacan çəkilib, qeyb olmuş bayquşun səsi – üzücü, qandonduran ulartısı dünyanı başına götürmüşdü...
Bayquş elə bil qaranlıq bir qəbirdən indicə çıxırdı, səsi çatınca, ünü yetincə hayqırır və al qan içində can verən qarovulçunu, naqəfil açılan güllə ilə əlini nahaq qana batırmış qonşunu, həm də, baiskar kimi özünü, özünü ağlayırdı…”
Heç bir nahaqq iş haqq üzərində qələbə çala bilməz, hekayədən aldığımız əsas təəssürat bax budur.
2025-ci ildə və bundan sonra da çox-çox illər dünya ədəbiyyatı böyük qloballaşma, yeni texnologiyalardan istifadə və mövzu rəngarəngliyi şəraitində inkişaf edəcəkdir. Bu inkişaf şəraitində isə hər bir xalqın yazarları öz milli identifikasiyalarını qorumaqla milli ədəbiyyatın yaşamasına vəsilə olacaqlar. Bu cəhətdən, İmamverdi İsmayılov kimi xəlqi yazarların qələmi yerə qoymamaları çox vacibdir.
“Ədəbiyyat və incəsənət”
(08.06.2025)