Mətanət Sevdalı "Qələm tutan incə əllər"də

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Ədəbiyyatvə incəsənət" portalınınCənubtəmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edir. Növbəti “qələm tutan incə əllərin” sahibi şair Mətanət Sevdalıdır.

 

Qısa təqdimat:

Mətanət Balaş qızı Şahməmmədov (Mətanət Sevdalı)Cəlilabad şəhərində dünyaya göz açıb. Cəlilabad şəhər Nizami adına I saylı orta məktəbi bitirib. Daha sonra Cəlilabad rayon Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra 1992-ci ildə ailə həyatı qurub.

Bakı şəhərində təhsilini davam etdirmək məqsədi ilə M.Ə.Sabir adına kollecə daxil olub və ibtidai sinif müəllimi fakultəsini bitirib. Kolleci bitirdikdən sonra isə jurnalistika kursunu bitirib. 2000-ci ildən etibarən ölkənin müxtəlif nəşri orqanlarında jurnalist kimi fəaliyyət göstərir.

Mətanət xanım hələ kiçik yaşlarından etibarən şeir və poeziya sahəsinə böyük həvəs göstərib. Lakin evdə olan müəyyən təzyiqlərə görə şeir və hekayələrini gizlin şəkildə yazaraq başqalarına təqdim edib və öz adı ilə deyil, başqa adlarla nəşr edilməsini xahiş edib. Yalnız ailə həyatı qurduqdan sonra həyat yoldaşının məsləhəti və icazəsi ilə öz adından şeirlərini yazıb nəşr etməyə başlayıb. Belə ki, 2001-ci ildə kolleci bitirən Mətanət xanım ölkə mətbuatında publisistik yazıları və şeirləri ilə müntəzəm çıxış edir. 

Bir müddət "Press" qəzetində baş redaktor, daha sonra "Versiya" qəzetində şöbə müdiri, həmçinin, "Bələdiyyə" qəzetində müxbir vəzifəsində çalışıb.

2004-cü ildə "İti Qələm" Ədəbi Birliyinin üzvü seçilib və mükafata layiq görülüb. Həmçinin, 2004-cü ildə "Yeni Yurd" qəzetinin təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərib.

"Mətanət Sevdalı" təxəllüsü və imzası ilə çıxış edən bu şairə xanımın poeziya sahəsində işıq üzü görmüş kitabları aşağıdakılardan ibarətdir:

1. "Gəl qayıdaq o günlərə" (2003);

2. "Qəlbin harayı" (2003);

3. "Ağlama, gözlərim, ağlama" (2006);

4. "Yalan dünya" (2012).

Bundan əlavə, onun 4 lirik şeirlər albomu da vardır. Mətanət xanım həm də bir neçə (50-ə yaxın) musiqi sözlərinin müəllifidir. Onun şeirləri əsasında bəstələnmiş mahnılar bir çox müğənnilər tərəfindən ifa edilibdir.

Mətanət xanım şairlik bacarığı ilə yanaşı, şeirlərin gözəl qiraətçisi kimi də fəaliyyət göstərir.

İndiyədək öz sahəsində göstərdiyi fəallıq və uğurlara görə "İlin vətənpərvər şairəsi", "Gənclərin dostu", "İti qələm" və s. mükafatlara layiq görülmüş, bir çox fəxri fərmanlarla təltif edilmişdir. Hal-hazırda "İstedadlı əlillər" İctimai Birliyində sədr müavini kimi çalışır.

Son illər ərzində daha çox xeyriyyə işləri sahəsində aparıcı kimi fəaliyyət göstərən bu xanım şairə Əlizamin adlı bir oğulun anasıdır. Əlizamin Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən Tibb Universitetinin Diş Cərrahı fakultəsinin məzunudur. Hal-hazırda isə Bakı şəhərində stomatoloq kimi fəaliyyət göstərir.

Son olaraq doğma elimizin tanınmış şairəsi Mətanət xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.