Türkiyədə “Görənlərin gözü ilə İğdırda erməni qətliamı” kitabı işıq üzü görüb Featured

“İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi”nin və İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acarın Türkiyədə “Görənlərin gözü ilə İğdırda erməni qətliamı” adlı kitabı çapdan çıxıb.

 

 Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə nəşr olunan kitabın ön sözünün müəllifi komitə sədrinin birinci müavini Valeh Hacıyevdir.

“Ədəbiyyat və incəsənət” portalına Komitədən bildirilib ki, türk və ingilis dilində geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda şahidlərin sözləri ilə ermənilərin İğdır və ətraf şəhərlərdə törətdiyi dəhşətli qırğınlardan bəhs olunub. Qərbi Azərbaycandan zorla qovulan və xüsusilə İğdırda məskunlaşan azərbaycanlıların sonrakı taleyi haqqında geniş məlumat verilib.

İğdır vilayətinin qəsəbə və kəndlərində – Oba, Tuzluca, Hakmehmet, Küllük, Dize, Arapkiri və Gediklidə Türkiyə mediasının iştirakı ilə aşkar olunan kütləvi məzarlıqlar və şahid ifadələri ilə soyqırımı faktlarının öz təsdiqini tapdığı qeyd edilib. Aparılan qazıntılar zamanı digər yaşayış məntəqələrində də onlarla kütləvi məzarlığın aşkara çıxdığı diqqətə çatdırılıb.

Nəşrdə indiki Ermənistanın qədim türk yurdu olduğu, Qərbi Azərbaycan toponimlərinin ermənilər tərəfindən saxtalaşdırıldığı faktlarla sübuta yetirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.