Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun anım günüdür Featured

İlhamə Məhəmmədqızı,“Ədəbiyyat və incəsənət

 

Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb. Atası çəkmətikən, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb.

 

Uşaqlıqdan musiqiyə böyük marağı olan Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. 

 

Onun səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.

 

1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun "Səni gördüm, aşiq oldum" ariyası böyük alqışlarla qarşılanır.

 

15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir. Sonra Konservatoriyada təhsil alır. O, 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. "Arşın mal alan", "Beşmanatlıq gəlin" və digər tamaşalarda baş rolları oynayır, lakin bir neçə ildən sonra teatrdan ayrılır.

 

1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.

 

Filmoqrafiya

 

Səadət yolu ilə

Sən niyə susursan? 

İyirmialtılar 

Dəli Kür 

Payız melodiyaları 

Azərbaycan elləri

Evlənmək istəyirəm 

Gülağa Məmmədov 

Qəmbər Hüseynli 

 

Ən yaxşı mahnıları:

 

1. Oxu, gözəl

2. Şeir deyilmi

3. Vətənimdir

4. Gülərəm gülsən

5. Telli

6. Bənövşə

7. Gözəl Quba

8. Oxu, Şövkət

9. Ana Kür

 

Gülağa Məmmədov Bakıda 7 iyun 1994cü ildə vəfat etmişdir. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.