
Super User
Məqsədə doğru irəli, Vüsalə xanım!
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
2003-cü il sentyabrın 21-də Sumqayıt şəhərində Məhəmməd kişi və Zenfira xanımın ay parçası kimi qız nəvələri dünyaya gəlişi ilə onların arzularını gerçəkləşdirdi. Bu ailədə ağsaqqal-ağbirçəkdən tutmuş, bütün ailə üzvlər bir səslə Vüsalə adlandırdıqları qızın gəlişini həsrətlə gözləyirdilər. Hamısı o gül qönçəsi qızı öz məhəbbətlərinin istisilə, əsrarəngiz musiqi təranələri ilə böyütmək şövqündə idi.
Ata və ananın hansı hisslərlə, duyğularla şirin körpəni böyüdüb, yeriyən, yüyürən, danışan, nəğmə oxuyan bir qıza çevrilməsi haqda xeyli yazmaq da olar. Oxucumuzu yormayaq.
Qeyd edək ki, Vüsalə Məmmədova 2010-2019-cu illərdə Sumqayıt şəhər 5 saylı tam orta məktəbdə təhsil alıb. 2014-cü ildə Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət məktəbinə daxil olub. Oranı bitirdikdən sonra, 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinə xanəndəlik ixtisası üzrə qəbul olub. Musiqi ilə məşğul olmaq istəyi Vüsaləni bir an belə rahat buraxmayıb.
Onun qabiliyyətinə inanan, uğurlarından sevinən anası Elnarə xanım sevimli qızının gözəl xanəndə kimi məharətli ifalarını təkrar dinləməkdən doymur və püxtələşməsi istiqamətində əlindən gələni əsirgəmir, ecaskar ifasından fərəhlənir, onun sənət yollarında büdrəmədən irəliləməsinə çalışır.
Vüsalə hazırda Azərbaycan Milli Konservatoriyasının I kurs tələbəsidir.
O, nəinki ailə üzvlərinin, hətta geniş tamaşaçı kütləsinin də sevincinə səbəb olub.
Şübhəsiz ki, ünvanına yağan alqışlar gələcək sənət yollarında onu daha yüksək sənətkarlıq nümunələri yaratmağa səsləyir. “Böyük uğurlar və sonsuz yaradıcılıq sevincləri sənə nəsib olsun, Vüsalə”, deyənlərin sayı çoxalır.
Azərbaycan istedadlar diyarıdır. Bu, zaman-zaman sübut olunmuşdur. Hazırda ölkəmizin gələcək inkişafını təmin edəcək və öz-dəsti xətti ilə, müxtəlif yaradıclıq qabiliyyətilə bir-birindən seçilən, zəngin maraq dairəsinə malik istedadlarımız vardır. Çox sevindirici haldır ki, belələrini görəndə insanın ürəyi dağa dönür. Onlar istedadlı və bacarıqlı olmalarına görə digərlərindən fərqlənirlər. Hətta daha üstündürlər desək, yəqin ki, yanılmarıq.
Qaynayan bulağa bənzər istedad,
Nə qədər gözünü qapasan belə.
Səni gecə-gündüz buraxmaz azad,
Gərəkli eləyər elə-obaya.
Hazırda musiqi insanların ayrılmaz hissəsinə çevrilib. Bu belə də olmalıdır. Çünki bu bağlılıq insan ömrünün elə ilk anlarından başlayır. Muğam xalqımızın peşəkar musiqisinin əsas janrlarındandır. Azərbaycanın qədim və müasir musiqi növü kimi özünün şirinlyi, cazibədarlığı, özünəməxsusluğu ilə seçilir. Muğam aləmi sanki ucsuz-bucaqsız bir dəryadır. Bu dəryaya batanlar onun dəyərini, sirrini daha dərindən bilir və duyur. Muğam hər bir azərbaycanlının canı, qanıdır. Muğamların hekayətini və mahiyyətini öyrənmək üçün gərək qabiliyyətli olasan. Bütün diqqətini bu mürəkkəb sənət növünün incəliklərini mənimsəməyə yönəldən Vüsalə öyrəndiyi təsnif və rənglərlə çalışır hər kəsi heyrətləndirsin.
Bəli, muğam süjetli əsərdir. Muğamlarda vuruşmalar, çəkişmələr, dinc həyat var. Muğamlarda bəzən nisgil, ayrılıq, bəzən də xoş ovqat var. Bu duyğuları Vüsalə çox aydın hiss edir və çalışır ki, muğamlarımızı ifasında olduğu kimi xarakterizə etsin.
Zəngin musiqi irsinə malik olan Azərbaycanın hər bölgəsi, hər daşı, hər qayası muğamla yaşayır və yaşayacaq. Nə qədər ki, Azərbaycan xalqının muğama məhəbbəti var, muğam yaşayacaq. Musiqi insanın hər bir anında sirdaşıdır. Milli musiqimiz bu gün də sevilərək zövqlə dinlənilir.Ümumiyyətlə, musiqi adlı ecazkar aləmə düşən hər kəs qəlbindəki sevgi və sənətə məhəbbətlə ömürlük bağlanır və həyatının mənasını bunda görür. İnsanın hiss və həyəcanlarını ardıcıl şəkildə ifadə etməkdə musiqinin digər incəsənət növlərinə nisbətən daha geniş imkanları vardır. İnsan hisslərini oyadan və onu şövqə gətirən sərhəd tanımayan musiqi həqiqətən də qüdrətli vasitədir. Bəli, xüsusilə qeyd edək ki, muğamımız ən gözəl möcüzələrlə dolu ilahi nemətdir desək, yanılmarıq. Muğamlarımızı, milli musiqimizi ecazkar səsində canlandıran Vüsalə bütün ürəkləri fəth etməyə səy göstərir.
Hər bir kəs ilk növbədə insanlara, xalqa xidmət etməli, dünyada yaxşı iz qoyub getməlidir. İnsan həyatı dəyərli və məqsədlidir. İnsanın özünü reallaşdırma cəhdi onu öz qabiliyyətini daim inkişaf etdirməyə, cəmiyyətin tərəqqisinə, onun mədəniyyətinə öz töhfəsinin verməyə həvəsləndirir. Hər bir adamında reallaşdırdığı arzuları, məqsədləri onun həyatının mənasına çevrilir. İnsanı inkişaf etdirən, daim irəli aparan, gələcəyini təmin edən məhz onun arzuları olmuşdur.
İnsan üçün ən əziz şey həyatdır. Nikolay Ostrovski demişkən, “o, insana cəmi bir dəfə verilir. Ona görə də həyatı elə başa vurmaq lazımdır ki, sonradan mənasız yaşadığın illər səni yandırmasın, rəzil, məzmunsuz həyat sürdüyün üçün qəlbin ağrımasın”. Bütün bunları nəzərə alaraq, Vüsalə də ömrünü yaradıcılıqla dolğun etməyə, bütün qüvvəsini dünyada ən gözəl şeylərə sərf etmək istəyir. Yoldaşlarına xoş münasibət bəsləyən, hər kəslə tez ünsiyyət tapan bu gənc qız həyatda özünü təsdiq etməyə çalışır.
Hər bir insanın taleyi onun tərcümeyi-halıdır. Bu nə qədər düzgündür deyə bilmərik, amma insanın davranışı, mənəvi aləmi, həyat hadisələrinə fərdi münasibəti, şəxsi baxışlar – onun əsas keyfiyyətlərini müəyyənləşdirən cəhətlərdir. Ona görə də hər hansı bir insan haqqında danışarkən onun fərdi xüsusiyyətləri daha çox önə çəkilir. Çünki yalnız fərdi xüsusiyyətlərlə bir insanı digərindən seçə və qiymətləndirə bilərsən. Elə qəhrəmanımızın da fərdi xüsusiyyətləri onu tanımağımıza və qiymətləndirməyimizə imkan verdi. Vüsalə çox mehriban, ünsiyyətcil və səmimidir. Əsl insana xas olan gözəl, nəcib sifətlərdən biri də sadəlik və təvazökarlıqdır. Sadə və təvazökar adamları hamı sevir və onlara hörmət edir. Belə adamlar özlərini başqalarından üstün tutmur, nailiyyətləri ilə, göstərdikləri xidmətlərlə öyünmürlər. Əksinə, müvəffəqiyyətləri artdıqca onlar özlərini daha sadə aparır, qazandıqlarını az bilir və daha çox uğur əldə etməyə çalışır, hamı ilə mehriban və səmimi rəftar edib, daha çox gülərüz olurlar. Onlar heç kimin xətrinə dəymir, ən kobud adamlarla belə dil tapa bilirlər.Vüsalə də belələrindəndir. Xoşbəxt o adamdır ki, hələ gənc yaşlarından özünə düzgün həyat yolu seçə bilir, xoş arzu və ideyalara malik olub ömrünü məqsədə uyğun şəkildə bu arzu və ideyaların həyata keçirilməsinə sərf edir. Bəli, bir sözlə,bizim qəhrəmanımızın “gənclik” adlanan ömür payına muğamlarımızı ifa etmək yazılıb.
Xanəndənin ustalığı onun xüsusi musiqi qabiliyyətinin, musiqinin ideya və emosional təsirini göstərə bilməsi üçün mövcud imkanlarından məharətlə istifadə etmək bacarığını nəzərdə tutur. Musiqi ustalığını təkcə sənətin texnikasına yiyələnməklə məhdudlaşdırmaq olmaz. Hər hansı ifasında xüsusi hərarət və ürək çırpıntısı duyulan istedadlı gənc xanəndə Vüsalə Məmmədova da istəyir ki, sevib-seçdiyi sənətinə mükəmməl yiyələnsin, məşhur ifaçı olsun.
İnsan gözünü dünyaya açıb ətrafı dərk edəndən ta ömrünün sonuna kimi arzularla yaşayır, arzularına çata bilsə də, çata bilməsə də. İnsanın ürəyində arzu deyilən duyğunun yeri əbədidir, insan qəlbi həmişə arzu ilə doludur. Hələ bu dünyada arzuları bitən bir kəs yoxdur. Zaman keçdikcə, insan yaşa dolduqca, onların sayı daha da artır, yeniləri əvəz olunur. Şair çox gözəl deyib:
Bizi yaşadan xoş arzulardır,
Ruhdan da salan boş arzulardır.
Qoy həyatın əvəzsiz istedadın qədər dəyərli, gələcəyin daha işıqlı və nurlu olsun, Vüsalə xanım! İnanırıq ki, sən Azərbaycanımızın musiqi tarixində möhtəşəm imza sahibi olacaqsan!
Mədəniyyətimizə və incəsənətimizə hər zaman istedadlı insanlar gərəkdir. Onları zaman yetişdirir. Yaş üstünə yaş gəldikcə bu istedad, bacarıq özünü göstərir. Hər bir istedadın arxasında Ulu Yaradan dayanır. Vüsaləni də Allah özü qorusun və ona yorulmaz bir ürək, mənalı bir həyat bəxş etsin!
Onu da qeyd edək ki, inam və etibar hissləri insanların məqsədə çatmalarına kömək edir, bu yolda çətinliklərin aradan qaldırılmasına, öz qüvvəsi və bacarığı ilə məqsədinə çatacağına zəmanət verir. Vüsalə də qüvvə və bacarığına inanır. Məhz bu inamı onun istedad və qabiliyyətini üzə çıxarır.
Yer üzərində elə bir müəllim tapılmaz ki, yetirmələrinin zirvələrə ucalmasını, getdikcə yüksəlməsini görmək, yaxşı sorağını dünyanın hər yerindən eşitmək istəməsin. Bütün müəllimlər öyrətməklə bərabər, həm də övlad hesab etdikləri yetirmələrinin parlaq gələcəyi, işıqlı sabahı olmasını arzulayır, onun hər kiçik uğuruna belə sevinir, ürəyi dağa dönür. Çünki müəllimin zəhməti böyükdür. Vüsalə Məmmədova da müəllimlərinin sevimlisidir. İstedadlı xanəndə Mustafa Mustafayev muğamın sirrlərini, incəliklərini Vüsaləyə həvəslə öyrədib.
İlk müəllimi tanınmış xanəndə Firudin Ağayev yetirməsi haqqında deyir: “Musiqi elə bir dəryadır ki, o dəryaya hər adam girə bilməz. Gərək bu dəryanın dərinliklərinə varasan. Musiqimizin zənginliyi o qədər yüksək, duyumu o qədər mükəmməldir ki, gərək bu mükəmməlliyi dərindən qavraya biləsən. Vüsalənin dərsə davamiyyəti çox yüksək olub. Xanəndəlikdə lazım olan keyfiyyətlər Vüsalədə daha güclüdür. Ritmi, musiqi duyumu, götürmə qabiliyyəti yaxşıdır. Yetirmələrimdə ən çox qiymətləndirdiyim şey dərsə məsuliyyətli, tələbkar olmalarıdır. Vüsalə də mənim ən məsuliyyətli yetirməmdir. İnanıram ki, onun səsi daha uca zirvələrdən gələcək. Vüsalə səhnədə oxuyarkən, zalda əyləşib, səsinə qulaq asanda qürur hissi keçirərək deyirəm: Mənim zəhmətim hədər getməyib. Bir daha inanıram ki, Vüsalə çox zirvələri fəth edib muğam aləmində öz yerini tutacaq. Ona yalnız və yalnız uğurlar arzulayıram!”
Bəli, Vüsalə xanım gözəl, ürəyəyatan, qeyri-adi ifaları ilə hər kəsin qəlbini ovsunlaya bilir. Bir çox tədbirlərdə uğurlu çıxışları tamaşaçılarının böyük alqışına səbəb olur. Oxuduğu muğamlarda təkcə bacarıq, sənətin texnikasına yiyələnmək deyil, həm də xüsusi hərarət və ürək çırpıntısı duyulur. O, hər gününün, hər saatının, hər dəqiqiəsinin səmərəli keçməsinə çalışır. Bütün qüvvə və bacarığı sayəsində qarşısına qoyduğu məqsədlərə çatmağa cəhd göstərir və bu da uğurla nəticələnir.
Vüsalənin ifasını dinləyənlər sırasında tanınmış müğam ustaları, Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Gülyaz və Gülyanaq bacıları, Əməkdar artist Təyyar Bayramov və başqaları da vardır və onlar bu gənc qızın səsini bəyənmiş və ona uğurlar arzulamışlar.
Bir çox əlamətdar günlərdə, tədbirlərdə, hərbi hissələrdə çıxış edən, fəxri fərmanlara layiq görülən və gözəl, ürəyə yatan ifaları ilə hər kəsin qəlbini ovsunlaya bilən Vüsalə xanım inanırıq ki, gələcəkdə səsinin gücü ilə tanınmış xanəndələrimizdən olacaq, ən yüksək mükaftalara layiq görüləcək, adı məşhur muğam ustaları ilə bir sırada çəkiləcək, böyük tamaşaçı auditoriyasının sevimlisinə çevriləcəkdir. Məqsədi muğamlarımızı, xalq mahnılarımızı yaşatmaq və sevdirməkdir. Məqsədə doğru irəli, Vüsalə xanım!
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)
Şərq şairinin “Yelləncək nağılı” – BƏLƏDÇİMİZ ŞEİR
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
-Uduzduğumuz bir günün daha sonundayıq... Amma kimə desən ki, “ömrü uduzuruq”, inanmaz.
Belə demişdi bir küçənin tinində dayanan qoca. Onda axşam idi, elə indi də axşamdır. Onda ümidləri rəngli idi, elə indi də sabaha bir ürək ümid aparır özüylə.
Yolu harada şeirlə kəsişdi, unutmuşdu. Bəlkə elə o küçənin tinində? Bəlkə elə dünən? Ya bəlkə zamanın özünü ölçməyi unutduğu bir yerdə?
***
Qərb lirik şeirinin ilk qadın müəllifi sayılır Safo. Öz dövrü üçün varlı idi. Və yazırdı:
Tanrı övladı altın,
Nə qurd gəmirə bilir altını, nə güvə;
İnsan ürəyindən daha dözümlü...
Ürəyi bu qədər adiləşdirmişdi Safo. Amma Şərq... Ah, Qoca Şərq! Ürəyi heç vaxt adiləşdirmədi, əksinə, ürəyi qaldırıb qoydu hər şeydən-başımızdan da yuxarı. Şərq şairi başını yuxarı qaldırıb ürəyinə baxdı... Orada idi nəyi var - nəyi yoxdursa. İnsanın ürəkdən başqa nəyi var ki?!
Əlləri ürəyinə uzalı qalan Şərq şairi Zülfiyyə Yaqub deməliydi ki: “Ömrü bilmirəm, özümüzü ürəyə uduzuruq duyğu masasında...” Və yazmalıydı o nağılı- “Yelləncək nağılı”nı.
Bu bir yelləncək nağılı-
Göy üzündən asılıb.
Yazıldıqca hekayələr,
Yaşandıqca ömürlər,
İpləri hər gün bir az,
Bir az daha qısalıb.
Danış, danış, yelləncəyim,
Yenə sevgi nağılı...
Yatmış gözəl yuxusundan
Şirin-şirin oyansın.
İp üstündə evcik qurub,
Həyat oyunu oynasın.
Sən yellənə-yellənə
Göy üzünə çatdıqca,
Nağıl dili yüyrək olar,
Arzular da rəngarəng.
Yorulub geri döndükcə
Bəyaz atlı şəhzadələr,
Xəyallarım göy üzündə
Gözdən itən çərpələng.
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)
REDAKSİYANIN POÇTUNDAN – Dahi Üzeyir bəyə həsr edilmiş şeir
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında təqdim etdiyimiz növbəti məktubda dahi bəstəkar Üzeyir bəyə həsr edilmiş bir şeir yer alıb.
Salam, hörmətli redaksiya.
Xalqımızın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr etdiyim şeiri Sizə göndərirəm.
Baxmağınızı və məsləhət olarsa, dərc etməyinizi xahiş edirəm.
Hörmətlə,Coşqun Xəliloğlu, AYB üzvü.
XALQIMIN İFTİXARI, SƏRVƏTİDİR ÜZEYİR
Bu il Azərbaycanın dahi bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
Könüllərdə yaşamaq hər kəsə qismət olmaz,
Xalqdan güc almayanın ruhunda qüdrət olmaz,
Elin məhəbbətinə bərabər sərvət olmaz,
Xalqımın iftixarı, sərvətidir Üzeyir.
Musiqi dünyamızın uca zirvəsi idi,
Bəlkə də tanrımızın xalqa töhvəsi idi,
Cahanda millətimin ucalan səsi idi,
Xalqımın iftixarı, sərvətidir Üzeyir.
Gördüyü işləri ki var, saysan, deyil qurtaran,
Ona böyük ürəyi bəxş etmişdi yaradan,
Nə qədər zaman ötsə, illər keçsə aradan,
Xalqımın iftixarı, sərvətidir Üzeyir.
Musiqinin diliylə möcüzələr yaratdı,
Bir ömrə sığışmayan ilklərə imza atdı,
Tarixdən silinməyən şanlı, möhtəşəm addı,
Xalqımın iftixarı, sərvətidir Üzeyir.
O, həm böyük pedaqoq, həm də bəstəkar idi,
İstedadlı yazıçı, alim, sənətkar idi,
Yazanda, yaradanda necə bəxtiyar idi,
Xalqımın iftixarı, sərvətidir Üzeyir.
Onun musiqisiylə qaranlıqlar qaçılar,
Həmişə bizimlədir, gün onunla açılar,
Himnimizlə dünyaya nurlu şəfəq saçılar,
Xalqımın iftixarı, sərvətidir Üzeyir.
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)
Ruhumun dərinliklərində mən, əslində, kiməm? - ESSE
Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"
Bəzən, insanda müəyyən hadisələr sonrası, "Mən nə yaşadım" hissi yaranır. Son zamanlar başıma gələn birinci hadisəni sorğulamağa belə vaxt tapmadan biri digəri ilə əvəzəyirdi özünü. Mən, mən bilmirəm. Bir hadisəni həzm etmədən digərini udmaq məcburiyyətində qalırdım və bu mənim ruhuma ağırlıq gətirirdi.
Evin qapısını açdım, etdiyim hərəkətlər tamamilə şüurxarici davranışlar idi. Sadəcə hərəkət edirdim. Niyə, nə üçün suallarına cavab verə bilmədən. Ağrıların dərinliyində bədənimi tərk etmək üçün çabalayan ruhumun iztirabı qədər acı qəhvə hazırladım və masa başına keçdim. Açığı, ac mədəyə dəfələrlə acı qəhvə yollamaq artıq mədəmi pozmuşdu. Lakin yenə bildiyimi edirdim. Qəhvə dilimi yandıracaq qədər isti, ruhumun yanğısına benzin tökəcək qədər tünd idi.
Əlimə qələm və bir kağız parçası aldım. Bu dəfə surət çəkmirdim. Bir cüt göz çəkirdim. Ətrafdakı hadisələr mənə mən olduğumu unutdururdu bəzən, lakin o gözlər mənə baxarkən mənə, mən olduğumu xatırladırdı və ilk dəfə idi ki, mən, mən olduğumu bütün ruhumla hiss etmişdim, o gözlərlə qarşı qarşıya gələrkən. Canı verərkən alınan son nəfəs kimi idi. Başqa heç nə maraqlı deyildi, iki göz şəkli çəkdim və sol cibimə qoydum. Daha sonra sanki vəzifəmi yerinə yetirmiş kimi masadan qalxdım və sobanın başına keçdim.
Baş verən hadisələrin təhlilini etmək və cavabsız sualların içində boğulmaq vaxtı gəlib çatmışdı. Başımın ağrısı məni bitirirdi. Düşüncələrim silah kimi beynimə yönəlmişdi və hər dərinə endikcə güllənin canı alana çatması biraz da yaxınlaşırdı və beynim son ağrıdan sonra ona dəyən düşüncə gülləsi nəticəsində dağılmağa hazır idi.
İki əlimi başıma qoyub sıxdım. Ağrı dözülməz deyildi, çünki bir ağrı dözülməz olduqda canı alır. Mən dözürdüm, lakin dözdükcə, bir dəfəlik kəsilən nəfəs daha şirin gəlirdi. Düşünürəm ki, həqiqətən cəhənnəmin var olduğuna inanan insanlar belə orada əbədi yanmağı, yoxsa yandığına rəğmən var olmağın təskinliyini seçərdi? Dünyada isə, biz insanlar yandığımıza baxmayaraq, ən azından kül halında dünyada qalmağı seçən axmaq varlıqlarıq. Və biz insanlar ən çox yandığımız yerdə çiçək açmağı arzulayan qəribə canlılarıq. Məndən soruşsanız, yandığımı deyə bilərəm, lakin harada çiçək açmaq istədiyim mövzusunda cavabsız qalaram.
İnsan ümid edir, ümid etdiyi yerə, onun mənalı, yaxud mənassız olduğunu sorğulamadan, sadəcə ümid edir.
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)
Yazıçılar zamanın müəllimləridir
Mənsurə Xələfbəyli, yazıçı, "Turan" ədəbi məclisinin həmsədri. "Ədəbiyyat və incəsənət" üçün
Həyatın rənglərini, insanın daxili dünyasını, cəmiyyətin müxtəlif təbəqələrini və zamanın qaranlıq küçələrini öz əsərlərində əks etdirən yazıçılar əslində dərin baxışlı və diqqətli müşahidəçilərdir.
Onlar yaşadıqlarını, gördüklərini və hiss etdiklərini hekayələrə çevirərək insanlara çatdırır və onlara yol göstərirlər. Bu hekayələr təkcə sözlərdən ibarət deyil, insan ruhuna işıq salan, onu doğru yola yönəldən, həyatın enişli-yoxuşlu yollarında istiqamət verən bir rəhbərdir.
Əksər hallarda yazıçılar, insan həyatını və cəmiyyətin qayda-qanunlarını təhlil edərkən, yaşadıqları dövrün sosial və mədəni çərçivəsini də əks etdirirlər.
Onlar yalnız gördükləri dünyanı təsvir etməklə kifayətlənmirlər; sözün sehrindən istifadə edərək yeni aləmlər yaradır, reallığın görünməyən qatlarını işıqlandırmağa, insan psixologiyasının dərinliklərində gizlənən ən gizli sirləri ortaya çıxarmağa çalışırlar.
İllərdir tanıdığım, şəxsiyyətinə dərin rəğbət bəslədiyim, qələmindən özünəməxsus işıq saçan Hafiz Ataxanlı(İmamnəzərli-Nəzərli) məhz belə bir yazıçıdır – həm yaradıcılığına, həm də insanlığına dəyər verdiyim şəxsiyyət. Onun qələmindən süzülən hər söz, həyatın acı və şirin rənglərini, dərdini və sevincini özündə canlandırır. İnsanın düşüncələrini, daxili sirlərini ifadə etməyi bacaran yazıçının hekayələri bir pəncərə kimidir – oradan baxanda cəmiyyətin müxtəlif üzlərini, insan qəlbinin incə çırpıntılarını və həyatın gözlə görünməyən qatlarını sezirsən.
Hafiz Ataxanlı hekayələrində dünyanı bədii kəlmələrlə yenidən inşa edərək, cümlələri ilə insan ruhunun ən dərin nöqtələrinə toxunur. Onun əsərləri, insanın həyatındakı çətinlikləri və qarışıqlığı anlamağa, zəifliyimizin və qüsurlarımızın üzə çıxmasına yönəlir.
"Pəncərədə pişik" hekayəsini oxuyanda çox təsirləndim. Hafiz Ataxanlı özünəməxsus dil, üslub və yazıçı təmkini ilə cəmiyyətin iç üzünü böyük ustalıqla açaraq oxucusunun qarşısında sərgiləyir və onu düşünməyə vadar edir.
Mənə görə hekayə çox mürəkkəbdir - müxtəlif hissələri və obrazları özündə cəm edir. Əsərdə sosial təbəqələr, fərqli obrazların daxili dünyası və cəmiyyətdəki problemlər arasında sıx əlaqələr vardır. Rəssam, pəncərədə oturub qorxu dolu gözlərlə ətrafa baxan pişik, ətsatan və digər xarakterlər bir-birinə paralel şəkildə həyatın sərtliyini, insanın həyatda yaşadığı daxili mübarizələri və cəmiyyətdəki təzadları göstərir.
Buradakı simvollar və hadisələr insanın əxlaqi seçimini, sosial ədalətsizlikləri, yoxsulluğu və insanın həyatını, məqsədlərini təhlil etmək istəyini əks etdirir. Mətnin dilindəki sərtlik və ironiyalar, oxucunu həyatın acı reallıqları ilə üzləşdirməklə yanaşı, insanı öz daxili aləminə, mövcudluğuna şüurlu şəkildə yanaşmaya dəvət edir. Bu bədii yolla ifadə edilən narahatlıq, oxucunun öz varlığını daha dərindən anlamasına və həyatın mənasını öz- özü üçün aydınlaşdırmasına xidmət edir.
Hekayənin sonluğu cəmiyyətin iç üzünü və insanın əsl faciəsini çox təsirli şəkildə nümayiş etdirir. Rəssamın əxlaqsızlıq, ədalətsizlik və çirkinliklə dolu dünyanı təsvir etməsi, onun özünün bu gerçəkləri qəbul edə bilməyib dünyadan əlini üzməsi, mənəvi bir yıxılmanı və insanın daxili çöküşünü göstərir.
"Üzüyola adam" hekayəsini oxuyanda istər-istəməz gözlərim doldu. Müəllif inciməz, əgər bu obrazda bir az da onun özünü görsəm və göstərsəm… Yetər ki, taleyi bənzəməsin. O, saf bir qəlbin daşıyıcısı, vicdanın səsini susdurmayan, insanların dərdini öz dərdi bilən insandır. Təmənnasız yaxşılıq edən, başqalarının yaralarına məlhəm olmağa çalışan böyük ürək sahibidir.
Bu hekayə vicdanlı, mərhəmətli və saf insanın cəmiyyət tərəfindən necə sıxışdırıldığını, insanların ona qarşı necə laqeyd və haqsız olduğunu təsvir edir. Müəllif bizə göstərir ki, üzüyola olmaq, insanlara qarşı hədsiz yaxşılıq etmək hər zaman yaxşı nəticə vermir – cəmiyyət çox vaxt belə insanları dəyərləndirmir, əksinə, onları incidir, sıxır, özündən kənarda saxlamağa çalışır.
Hekayə ironik və tragikomik üslubda yazılıb. Əslində, burada "şahid olmaq" mövzusu təkcə hüquqi mənada deyil, həm də insanın gerçəkləri görməsi və ya görməməzlikdən gəlməsi məsələsinə toxunur. Fazil hər dəfə şəraitə uyğun reaksiya verərək ya başqalarının yalanını təsdiqləməyə, ya da haqsız yerə günahlandırılmağa məcbur olur. Axırda isə bu yük onu psixoloji baxımdan dözülməz hala gətirir.
"Üzüyola adam" hekayəsi cəmiyyətə ünvanlanmış bir mesajdır—vicdanlı olun! Yoxsa dünyanın ağırlığını öz çiyinlərində daşıyan o saf qəlbli insanları da itirəcəksiniz. Onlar azdır, amma dünyanı işıqlandıran çıraqlardır. O çıraqlar sönərsə, qaranlıq hamınızı bürüyəcək...
Yazıçının qələmində vətən sevgisi yalnız söz deyil, bir yanğıdır—Qarabağın yarası, Xocalının fəryadı, xalqın yaşadığı müsibətlər onun əsərlərində qanayan bir yaddaşa çevrilir. O, tarixin ağrılarını, Vətənin çəkdiyi iztirabları sərt və sarsıdıcı şəkildə qələmə alır, oxucusunu bu ağrının içindən keçirərək unutmağa qoymur."Missiya", "Yumaq" hekayələri insanın ruhunu sarsıdan, vicdanını silkələyən bir fəryaddır. "Yumaq" hekayəsində Xocalı faciəsinin dəhşətini, insan cildindən çıxmış vəhşiliyi, bir xalqın yaşadığı ağrını bütün çılpaqlığı ilə göz önünə sərir. Qırmızı yumağın qanla naxışlandığı o səhnə, Yədulla kişinin ağrı ilə dəlilik arasında qalmış halı, Sərvərin faciəvi ölümü, Adilənin iztirabları – bunların hər biri Xocalıda baş verənlərin bir qələmə sığışan əksi kimi oxucuya güclü emosional təsir bağışlayır.
Hekayədə Adilənin ruhu, yumaq, tor və beynəlxalq təşkilatlar simvolik məna daşıyır və bir-biri ilə incə, lakin güclü şəkildə bağlanır.
Adilənin ruhu – faciənin yalnız fiziki yox, mənəvi tərəfini də ifadə edir. O, təkcə işgəncələrə məruz qalmış bir qurban deyil, həm də insanlığın susqunluğu qarşısında fəryad edən qəhrəmandır. Onun qətlə yetirilməsi Xocalının taleyini, ruhunun qırılmasını və ədalətsizliyin dərinliyini əks etdirir. Onun dili kəsilsə də, ruhu susmur – bu, yazıçının dünyaya bir çağırışıdır: susdurulan, lakin məhv olmayan həqiqət.
Yumaq və tor – xaosun, dolaşıq və çıxılmaz vəziyyətin simvoludur. Bu həm də beynəlxalq hüququn Xocalı qətliamına münasibətini göstərən metaforadır. Dünyanın ədalət mexanizmləri dolaşıq bir tor kimidir – həqiqət bu tordan çıxmağa çalışsa da, dolaşıqlıq və siyasi maraqlar onu boğur. Bu tor həm də tarixin qəsdən dolaşdırılmasını, həqiqətin üzərinə örtülən yalanları təmsil edir. Yazıçı bununla Xocalıya olan münasibətin necə manipulyasiya edildiyini göstərir.
Beynəlxalq təşkilatlar – laqeydliyin və ikili standartların təzahürüdür. Onların susqunluğu hekayədə adi bir etinasızlıq deyil, həqiqətə qarşı açıq-aşkar xəyanətdir. Xocalı soyqırımı ilə bağlı onların fəaliyyətsizliyi, sanki yumaq tora düşən həqiqət kimidir – çıxmaq istəyir, amma boğulur.
Bütün bu simvollar bir nöqtədə qovuşur – dünyanın Xocalı fəryadına susması, laqeydliyi, ədalətsizliyi. Hekayə yalnız bir tarixi hadisəni yox, ümumilikdə dünyanın ədalət sisteminin iflasını göstərir. Yazıçı etirazını və üsyanını bu simvollar vasitəsilə quraraq oxucuya mesaj ötürür: Xocalı yalnız öldürülən insanların deyil, susan dünyanın vicdanının da qətliamıdır.
Bu qədər təsirli və ağır əsəri yazmaq həm cəsarət, həm də içində yanan vicdan tələb edir. Xocalının şəhidlərini unutmamaq, onların səsini dünyaya çatdırmaq!
Bədii ədəbiyyat, yazıçının qəlbindən süzülən bir çay kimidir – bəzən coşqun, bəzən sakit, amma həmişə həyatverici. Onlar tarixin tozlu səhifələrinə nəfəs verərək, insanlığın keçmişini bu günlə bağlayır, gələcəyi isə qələmə alır. Hər yazı bir üsyandır – bəzən səssiz, bəzən sarsıdıcı.
Yazıçılar yalnız zamanın şahidləri deyil, həm də onun müəllimləridir – insanı özünə qaytaran, ümidini qoruyan, dünyanı daha saf və daha anlamlı edən işıq daşıyıcıları...
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)
İdeal hesab etdiyiniz həyatı təsvir edə bilərsinizmi?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İdeal hesab etdiyiniz həyatı təsvir etmək həmin həyata qovuşmaqda ilk addımdır. Buna görə də özlüyünüzdə bu suallara cavab verməyə çalışın. Tam səmimi. Ən azından, özünüz özünüzü aldatmadan.
1. Biznesiniz, işiniz və karyeranız ideal olsaydı necə görünərdi və ya necə olardı?
2. Hansı vəzifənin sahibi olardınız?
3. Gəliriniz nə qədər olardı?
4. Necə insanlarla işləyərdiniz?
5. Və ən əsası ideal karyeranı qurmaq üçün nə etmək lazım gələrdi?
6. Ailə həyatınız hər mənada ideal olsaydı o necə olardı?
7. Harada və necə yaşayardınız?
8. Ailə üzvlərinizlə nə
ilə məşğul olmaq istərdiniz, vaxtınızı nəyə sərf edərdiniz?
9. Əlinizdəki sehrli çubuğu tərpətməklə bugünkü ailə həyatınızda nəyi dəyişmək istərdiniz?
10. Əgər sağlamlığınız ideal olsaydı o necə olardı?
11. Özünüzü necə təsəvvüredərdiniz?
12. Çəkiniz nə qədər olardı, atletik göstəriciləriniz necə olardı, bugünkündən necə fərqlənərdi?
13. Və ən əsası həmin ideal sağlamlığa malik olmaq üçün bu gündən fəaliyyətə başlasaydınız hansı işləri görmək lazım olardı?
14. Maliyyə vəziyyətiniz ideal olsaydı bank hesabınızda nə qədər pul olardı?
15. İllik gəliriniz nə qədər olardı?
16. Bank hesabınızda nə qədər pul olsaydı maliyyə problemi haqda narahat olmazdınız?
17. Və ideal maliyyə vəziyyətinə malik olmaq üçün bu gundən fəaliyyətə başlasaydınız hansı işləri görməli olardınız?
Brayan Treysi / Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)
KİTAB BƏLƏDÇİSİ - Kent Blanşar, «Bir dəqiqəyə menecer olmaq»
Könül, “Ədəbiyyat və incəsənət”
Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirməkdəyik. Ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan çox adama nə faydalı ola bilər?
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, növbəti kitab - Kent Blanşar, «Bir dəqiqəyə menecer olmaq»
Bu kitabı oxuyan milyonlarla insan qarşılarına çıxan ən mürəkkəb sualları və məsələləri həll etməyi öyrənir. Onlar həyatlarındakı streslərdən qaçmağı bacarır, daha az vaxt sərf etməklə daha çox iş görürlər.
Amerikalı motivasiya spikerinin bu əsəri 13 milyon nüsxədə satılıb, 3 dilə tərcümə edilib. Ümumilikdə 30 (!) motivasiya bestselleri müəllifi olan Kennet Blanşar həyat yoldaşı ilə birgə «Ken Blanchard Companies»i təsis edib, O, burada həm konsaltinq xidmətləri göstərir, həm də beynəlxalq səviyyəli idarəetmə kadrları hazırlayır.
Qeyd dəftərimə Kennet Blanşardan da olduqca gözəl kəlamlar seçib yazmışam:
- Rəqibin sizdən ala bilməyəcəyi yeganə şey sizin işçilərlə sizin müştərilərin münasibətidir.
- Problem yalnız o zaman mövcud olur ki, faktiki olaraq baş verənlərlə sizin baş verməsini arzuladığınız şey fərqli olur.
- Məqsədlərdən davranış doğur. Nəticələr davranışı dəstəkləyirlər.
- Hər bir insan potensial qalibdir.
- Səhv buraxarkən özünə gülə bilmək bacarığı çox qiymətli xüsusiyyətdir. O, sənə heç nə olmayıbmış kimi işinə davam etməyə kömək edir.
- Özlərini yaxşı hiss edən insanlar yüksək nəticələr əldə edirlər.
- İçimizdə heç kəs təklikdə bizim cəmimizdən ağıllı ola bilməz.
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)
"Məni ağrılar böyütdü" – QƏNİRƏ PAŞAYEVANIN DOĞUM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bəzi insanlar vardır, şam kimidirlər. Başqalarının qaranlığına işıq saçarkən öz ömürlərini əridirlər.
Allahın bəxş etdiyi ömür payında sadəcə özləri üçün deyil, mənsubu olduqları xalqın ümumi mənafeyi üçün çalışır, sadəcə özləri üçün deyil, insanlığın ümumi ideyaları üçün yaşayırlar.
Deyir, bir gün Abbas Səhhətdən soruşurlar ki: - Mirzə, siz həkimsiniz, niyə uzun illərdir ki, müəllimlik edirsiniz?
O isə cavabında belə deyir: - Mən müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm.
Qənirə xanım da dövrümüzün Abbas Səhhəti idi deyəsən.
O da ixtisasca həkim olsa da, millətin vəkili olmaq missiyasını götürmüşdü öz üzərinə və layiqincə də daşıyırdı bu statusu.
Daim xalqının rifahı üçün çalışırdı. Əlindən gəldiyi qədər hər sahədə dəstəyini yurdunun insanından əsirgəmirdi.
İkinci Qarabağ müharibəsi dövründə də qızğın döyüşlərin getdiyi bölgələrə səfər edir, hərbiçilərə mənəvi cəhətdən dayaq olurdu.
Hətta təəssüf ki, mənfur düşmənin gülləsi ondan da yan keçməmiş, müharibə dövründə o da qolundan yaralanmışdı.
Onun xeyirxahlığı sadəcə ölkəmizlə çərçivələnmirdi. Onun xeyirxahlıq əli sərhədlər, kilometrlər aşıb Somalidəki xəstə uşaqların belə başını sığallaya bilirdi.
Təhsilli, güclü, öz ayaqları üzərində duran qadınları sevir, onlarla fəxr edirdi. Bütün şəhidlər haqqında məlumatı olur, hamısı haqqında fərəhlə danışırdı.
Təkcə özünün deyil, bütöv bir millətin dərdini, həsrətini, ağrısını, acısını, gətirməyən bəxtinin, yetişmədiyi xəyalının kədərini, təssüfünü daşıyırdı zərif çiyinlərində.
Bu gün Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin üzvü, Mədəniyyət Komitəsinin sədri (mart 2000 - sentyabr 2023), Asiya Parlament Assambleyasının sədr müavini (yanvar 2023 - sentyabr 2023) telejurnalist, yazıçı-publisist, ictimai və siyasi xadim, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qənirə xanım Paşayevanın doğum günüdür. Yaşasaydı yubileyini, 50 illiyini qeyd edəcəkdi.
Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültələrini bitirib.
1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub, 2012-2015-ci illərdə “Odlar Yurdu” Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub.
"Qarabağ hekayələri", "Xocalı soyqırımı: Şahidlərin dilindən", "Dünyanın itirdiyi böyük insan - ATATÜRK", "Dünyanı dəyişdirən alimlər", "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar" (3 cilddə), "Onun sevgi məktubları", "Aşk başka", "O", "Məndən sonra", "Sevgidən eşqə", "Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi…", "Quzey Kıbrıs və Kıbrıs türkləri", "Qənirə Paşayeva ilə addım-addım Qaqauziya", "Addım-addım Özbəkistan", "Qardaşım QAZAXISTAN", "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası", "Addım-addım Yaponiya", "Addım-addım Albaniya", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" (ortaq), "Qarabağdan doğan Günəş – Xurşudbanu Natavan" (ortaq), "Bir Vatandan bir Vatana - Almas Yıldırım" (ortaq), "Ağ filin uğur gətirdiyi ölkə - Tailand", "Sirlər dünyasına səyahət - Misir", "Tovuz şəhidləri (44 günlük Vətən müharibəsi)", "Tarixə adını yazan Azərbaycan qadınları" kimi bir sıra kitabları işıq üzü görüb.
Bundan başqa o, bir çox kitabın önsöz yazarı, redaktoru, məsləhətçisi və rəyçisi olub.
Onun ssenarisi və rejissorluğu əsasında “Apreldən əvvəl may..." (2001), "Erməni soyqırımı. Türkün sözü" (2001), "Mənə inanın!" (2007), "Ruhum qarabağlıdır" (2012) və başqa filmlər çəkilib.
Qənirə xanım 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Sən söykənə biləcəyim
Tək varlıqsan...
Sevincimi bölüşdüm səninlə,
Amma üzülməyəsən deyə
Kədərimi bölüşmədim, ana.
Kədərimdən əzilməyəsən, deyə.
Əslində kədərimi tək sən gördün,
İlk sevdam daşa dəyəndə,
Məni təkcə sən anladın.
Mən səndə gördüm insanı anlamağın
necə səssiz olduğunu...
Sevdiyim mənə
- Sən mənim heç nəyimsən! -
Deyəndən beşcə dəqiqə sonra,
Sən mənə
- Sən mənim hər şeyimsən! – demişdin.
Sən mənə bunu deyəndə,
Mən sənin deyil,
onun hər şeyi olmaq istəyirdim.
Amma həmişə belə oldu,
Yanımda həmişə sən oldun, ana...
Sənin gözlərində
Qəzəblərin ən gözəli olurdu,
Kimlərsə məni ağladanda.
Gözlərində alovların ən qaynarı olurdu,
Kimlərsə məni aldadanda...
Qaçqınların yurd həsrətini,
Atılmış körpələrin göz yaşlarını
İçimdə hiss elədim.
Taledən yarımayanların ürkək baxışlarını
İçimdə hiss elədim.
Savaşda itirdiyim dostlarımın,
Gözlərini, arzularını, xəyallarını
Heç unutmadım, ana..
Məni ağrılar büyütdü,
Daha güclü oldum, ana!
Gəncliyin, eşqin, sevdanın dadı,
ağrılarda, savaşlarda itib getdi.
Sonra sevgini tanıyanda
O artıq məndən qaçırdı...
37 yaşıma çatdım, ana,
Tonqala atılan Jannadan,
Vətən ugrunda Kirin başını kəsən Tomrisdən,
İsgəndərə ədalət dərsi keçən Nüşabədən,
Sevgi şəhidi Leylidən
Daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim,
Nə Nüşabə, nə Janna,
Leyli də ola bilmədim, ana...
Əvəzində sənin hər şeyin oldum,
Məni uşaqlığıma apar, ana,
Sonu xoşbəxtliklə qurtaran nağıllar danış.
"Biri var”ları çox olsun,
37 yaşımın ilk sabahını
Sənin nağıllarına inanaraq açmaq istəyirəm.
Janna dArk, Tomris, Nüşabə, Leyli olmaq istəyən Qənirə xanım onların hansısa biri olmadı bəlkə, amma elə onlardan biri oldu, xəbəri olmadı.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)
Novruz bayramının qurbanı olan Şıxəli Qurbanov kimdir? - DOSYE
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
“Bilirəm, məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın” - Bu sözləri Şıxəli Qurbanov öz həyat yoldaşı Xavər hatuna demişdir.
Sovet İttifaqı dönəmində, bəzi qüvvələr dövləti bayram kimi qeyd edilməyə başlanılan Novruz bayramını İslam dini ilə bağlayır, bu bayrama bu sayaq dəyəri verən respublika rəhbəri Şıxəli Qurbanovun əsl adının isə Şeyx Əli olduğunu deyirlər. O, dərhal Moskvaya çağırılır.
Şıxəli Qurbanov Novruz bayramının dinlə heç bir əlaqəsi olmaması barədə 22 səhifəlik izahat yazır. Bir müddət sonra o, özünün təqib edildiyini hiss edir.
Xalq arasında hörmət qazanan Şıxəli Qurbanov Azərbaycanın milli əqidəsi uğrunda ömrünün sonuna qədər mübarizə apardığı üçün 4 dəfə sui-qəsdlə üzləşir. Birinci dəfə atılan güllə əlindən azacıq yan keçir, ikinci dəfə onu avtomobillə vurmaq istəyirlər, üçüncü sui-qəsddən də xilas ola bilir. Lakin 4-cü sonuncu olur və onu həyatdan aparır.
23 may günündə o, stomatoloq dostu Əliağa Əhmədovun yanına gəlir. Dostunun ona vurduğu iynədən sonra Şıxəli Qurbanov 42 yaşında elə yerindəcə dünyasını dəyişir.
Əslən Bakının Kürdəxanı kəndindən olan Şıxəli Qurbanov (16 avqust 1925, Bakı – 24 may 1967, Bakı) - yazıçı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967) idi. Ş. Qurbanov 1960-cı illərdə Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.
Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. O zaman o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi idi. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qeyd etdiyimiz kimi, Qurbanovu Moskvaya izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.
Qeyd etdik ki, Şıxəli Qurbanov həm də ədib kimi kifayət qədər uğurlara imza atmışdı. O, müxtəlif imzalarla şeirlər yazmışdır, əsasən o, “Şıxəli Qurbanzadə”, Şıxəli Sadiq”, “Şıxəli Qurbanov” imzalarından istifadə etmişdir. Şıxəli Qurbanovun müxtəlif mövzulara həsr olunmuş “Məktub yazılmışdır”, “Fırtına qabağı”, “Neftçi qardaşıma”, “Durnalar”, “Sülh göyərçini”, “Mahir”, “İnsanın gərək hər şeyi gözəl ola”, “Telefon zəngi”, “Keçəl dərman bilsəydi”, “Karyerist”, “Malades qanacağına”, “Alim”, “Gözdən olmasın”, “Bayram şamları” və s. bu kimi şeirlərində hiss olunur ki, sadə əmək adamlarına, yazıb-yaratmaq eşqi ilə yaşayan sənətkarlara, xalqın mənəviyyatına dərin kök salmış nəcib adət-ənənələrə, saf və səmimi dostluq duyğularına nə qədər məhəbbət bəsləyirsə, gündəlik yeniliklərdən yaradıcı istifadə edib sənətini təkmilləşdirməyən, telefon zəngləri ilə ali məktəblərə qəbul olunan, əzab-əziyyət çəkmədən müxtəlif yollarla alim adı almış fərsiz və istedadsız əfəllərə, süründürməçilik xəstəliyinə tutulmuş xəbislərə bir o qədər qüvvətli nifrət edir.
Şıxəli Qurbanovun ilk məlum nəsr əsəri “Telefon zəngləri” hekayəsidir. Bu hekayə ilk dəfə 1963-cü ildə “Kirpi” jurnalında, sonra isə “Əcəb işə düşdük” kitabında, daha sonralar 1968-ci ildə ilk əsərləri cildində çap olunmuşdur. Bunun ardınca isə mətbuatın müxtəlif sahələrində “”Elmi ezamiyyət”, “Mənə bu da azdır”, “Natiq”, “Balaxanımın dərdi”, “Xaş Məmiş”, “Mən niyə Qorki olmadım?”, “Yaxşılıq”, “Uğursuz başlanğıc”, “İnkubator danaları”, rus dilində nəşr olunan satirik hekayələr kitabında “Mənim qonşumun yuxusu” hekayəsi çap olunmuşdur.
Şıxəli Qurbanovun çap olunan və tamaşaya qoyulan əsərləri bunlardır: “Əcəb işə düşdük”, “Bahadır və Sona”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz”, “Sevindik qız axtarır”, “Bitməmiş söhbət”.
Qayıdaq 1967-ci il may ayının 24-nə. Qeyd etdik ki, həmin gün Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim onun dişinə iynə vurarkən Şıxəli Qurbanov şok keçirərək həyatını itirir, həkimsə pəncərədən qaçır.
Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova deyir: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona diş həkimi keyləşdirici iynə vurmaq əvəzinə sianid turşusu vurub.”
Şıxəli Qurbanov ölümündən bir gün əvvəl sanki öləcəyini hiss etmişdi. Belə ki, mayın 24-ü – vəfat edən günü Azərbaycan Dram Teatrında Şıxəli Qurbanovun «Sənsiz» dramının ictimai baxışı idi. Mayın 23-də Şıxəli Qurbanov son məşqi xaricdən qonaqlar gəldiyinə görə yarımçıq qoyub getməli olmuşdu. Qapıdan çıxanda isə demişdi:
“ “Sənsiz”ə baxarsız mənsiz...”
Ruhu şad olsun, böyük hörmət və ehtiramla yad edirik.
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)
Novruz türkünmü, farsınmı bayramıdır? – MƏNBƏLƏR NƏ DEYİR?
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Novruz - Yenigün bayramı türk ulusunun mədəniyyətində zamanın, məkanın və kimliyin ən qədim, vahid ifadə formalarından biridir. Onu yalnız gələnək kimi deyil, həm də gələcəyə yönəlmiş bir mədəniyyət kodu kimi qəbul etmək haqqımız vardır.
Xalqların bayramyaratma norması və mədəniyyəti onların dünyagörüşünə, tarixi təcrübəsinə, doğa ilə, zamanla qurduqları bağlara dayanır. Bayramlar, adətən, doğanın dövri dəyişiklikləri, tarixi olaylar və ya dini-mifoloji inanc sistemləri ilə formalaşır. Onlar həm xalqın kollektiv kimliyini möhkəmləndirir, həm də zamanın ritmini tənzimləyərək sosial harmoniya yaradır.
Bu baxımdan Novruz - Yenigün bayramı türk xalqlarının ən qədim və fundamental bayramlarından biri, bəlkə birincisi kimi önəm daşıyır. Onun yaranması və yaşaması bir neçə əsas məzmun xəttini daşıyır.
İlk olaraq,
kosmik və doğa əsaslı bayram vurğusunu edək. - Novruz yaz gecə-gündüz bərabərliyinə əsaslanır. Yazın başlanması ilə doğadakı yenilənmə insanlar üçün həm mənəvi, həm də fiziki oyanış anlamına gəlir. Bu, köhnənin yenisi ilə əvəz olunduğu, dirçəlişin simvolizə edildiyi bayramdır.
İkincisi,
türk milli-mədəni kodlarının ifadəsini vurğulamalıyıq. – Türk xalqları üçün Novruz sadəcə doğa bayramı deyil, həm də yaşamın özünün ahəngini, yaradılış fəlsəfəsini ifadə edən dərin mədəni olaydır. O, qədim türk mifologiyasında, dünyagörüşündə yer alan mənəvi saflıq, torpağın oyanışı, suyun, odun və havanın harmoniyası kimi dəyərləri özündə birləşdirir.
Üçüncüsü,
bayramı sosial və ailə bağlarını gücləndirən bir qüvvətli arac olaraq vurğulamaqda yarar vardır. –
Bayram insanları bir araya gətirir, onların bir-birinə bağlılığını artırır. Novruz süfrəsi, qutlamalar, tonqalqalama, qonaqlıq və birlik ritualları ulusun sosial strukturunu qoruyub saxlayan əsas elementlərdəndir.
Dördüncü vurğumuz
Türk dünyasının inteqrasiyası ilə bağlıdır. –
Novruzun yalnız bir xalqın deyil, bütün türk xalqlarının (və bəzi əqraba, qonşu, yüzillərlə qaynayıb-qarışdığımız topluluqların) ortaq milli bayramı olması onun ölkələrarası bağlayıcı funksiyasını göstərir. Bu, türk birliyinin dərin köklərə sahib olduğunu və bayramın kollektiv yaddaşda önəmli yer tutduğunu göstərir.
Nəhayət,
daha bir xətti - dini və mifoloji qatları vurğulamasaq, olmaz. –
Çünki Novruzun bəzi mifoloji versiyalarında insanın yaradılışı ilə, doğanın dirçəlişi ilə bağlanması, İslamsonrası isə dini-mənəvi dəyərlərlə zənginləşdirilməsi (süfrədəki rəmzlər, saflaşma ayinləri) onu daha dərin anlam çalarları ilə süsləyir.
***
Bu yerdə bir vacib vurğu edim:
Heç bir ulusu aşağılamaq, özümüzü yuxarılamaq kimi bir düşüncəm olmayıb, yoxdur, elə düşüncə heç gərək də deyil! Necə deyərlər, qoy, hər ulus özününkülərdən xeyir tapsın, başqasına xas olan dəyərlərə sayğı duysun.
Bu vacib vurğudan sonra demək istərdim ki, farsların Novruz - Yenigün bayramını öz adlarına çıxma cəhdləri özlüyündə ayrıca - müstəqim bir mövzu sayılır. Bu, bir neçə tarixi və ideoloji kontekstdə yorumlana bilər. Öncə ada vurğu edək - bax, mənim adım ərəbcədir amma mən əlbəttə, ərəb deyiləm, fars heç deyiləm.
Novruzun əsas ritualları – tonqal üzərindən atlanmaq, suyun qutsal sayılması, şamançı və tenqriçi elementlər – farslardan daha çox türklərin animistik və kosmoqonik dünyagörüşünə yaxındır. Fars təsirində olan bayramlar əsasən saray və aristokratiya üçün nəzərdə tutulmuşdu, halbuki Novruz Türk dünyasında ümumxalq (ulus) bayramı kimi formalaşıb və geniş kütlələrin iştirakı ilə keçən törənlərdən ibarətdir.
Novruz bayramının guya atəşpərəstlərin, farsların və b.-nın ata bayramı olması iddiaların əsaslandığı məqamlar əsasən siyasi-mədəni təsir sahələrinin genişləndirilməsi, Sasani İmperiyası dönəmində bayramın rəsmi məzmun qazanması və çağdaş ideoloji manipulyasiyalarla sıx bağlıdır. Lakin tarixi-mədəni kontekstdə Novruzun sırf fars bayramı kimi təqdim edilməsi həm etno-mədəni gerçəkliklə, həm də onun türklər arasında geniş yayılma formasına illa uyğun gəlmir.
Sasani İmperiyası (224–651) dönəmində Zərdüştilik dövlət dini idi və bu dönəmdə yazın gəlişi ilə bağlı törənlər geniş vüsət almışdı. Fars qaynaqları Novruzun Sasani şahlarının rəsmi bayramlarından biri kimi qəbul olunduğunu vurğulayır. Lakin məsələ ondadır ki, Sasanilər Novruzu icad etməyiblər, sadəcə mövcud gələnəyi öz dövlət ideologiyasına uyğunlaşdırıblar. Örnəyi, İran İslam Cümhuriyyəti deyincə, nə İslamı, nə cümhuriyyət yönətim modelini farslar yaratmayıb və İran adlandırdıqları ərazinin önəmli bölümünün farslara aidiyyəti yoxdur, heç paytaxt Tehranı da onlar qurmayıb və s.
Əslində, Novruzun ilkin forması Sasani dönəmindən daha qədimdir və məhz Türk və İkiçayarası (Mesopotamiya) sivilizasiyalarında da müxtəlif formalarla keçib.
Zərdüştilik və Novruzun qaynaq probleminə gəldikdə isə “Avesta” mətnlərində Novruz adlı bayramın konkret adı yoxdur və onun Zərdüştiliklə birbaşa bağlılığı özü sual altındadır. (Orijinal “Avesta” mətnlərində (“Vendidat”, “Yasna”, “Vispered” və s.) Novruz adında bayramın mövcudluğuna dair heç bir açıq mətn yoxdur. “Avesta” günlərin və ayların dini mahiyyətini vurğulayır, amma konkret olaraq “Novruz” anlayışını təqdim etmir).
Əksinə, Novruzun əsas ritualları – tonqalqalama, su ilə bağlı ayinlər, yumurta boyama və s. – İran yaylasından daha çox Türk və Şumer mədəniyyətlərinin arxaik gələnəklərini andırır.
Türk xalqlarında Novruzun dominantlığından danışmaqsa tam ədalətlidir.
Türk xalqlarında Novruz qədimdən bəri milli identikliklə bağlı olub. Hun, Göytürk və Uyğur dönəminə aid qaynaqlarda yazın qarşılanması ilə bağlı müxtəlif rituallara rast gəlinir. Özəlliklə, Orhun-Yenisey yazılarında və qədim Çin salnamələrində türklərin yazın gəlişi ilə bağlı törənlər keçirdiyi vurğulanır. Göytürklər üçün də başay - yenigün (mart) ayı önəmli sayılırdı, çünki Dəmirqapı keçidinin açılması və türklərin yenidən gen dünyaya açılması ilə bağlı mifik (dastan) məzmun bu dönəmə aid edilirdi.
Siyasi və ideoloji manipulyasiyalara gəldikdə daha nələri vurğulamalıyıq? - Çağdaş dönəmdə Novruzu “fars bayramı” kimi təqdim etmə çabalarının arxasında mədəni-siyasi hegemonluq istəkləri dayanır. İran, Türk dünyasının ortaq bayramını öz mədəni irsi kimi göstərməklə bölgədə təsirini artırmağa çalışır. Ancaq keçməz də keçməz! Novruz müstəqil türk ölkələrində - Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkiyə və Türkmənistanda dövlət səviyyəsində keçirlir; Altay türkləri, saxa-yakutlar, qaqauzlar və Krım tatarları və b. türk xalqları arasında da geniş yayılıb.
Hətta, Çin və Monqolustanda belə, türk-mifoloji gələnəyi ilə bağlı Novruzvari bayramlar mövcuddur.
İndi isə gəlin Saxa-Yakut türklərinin İssıx bayramı ilə digər türk xalqlarının Novruz bayramı arasındakı dərin oxşarlıqlara baxaq. Deyəcəklərimiz İssıx və Novruzun ortaq qaynaqdan gəldiyini aydın göstərir.
İssıx və Novruz:
fərqli iqlimlər, eyni düşüncə
İssıx bayramı və Novruz, hər ikisi təbii dövrün dəyişməsi, yazın gəlişi və həyatın yenidən doğulması (canlanması) ilə bağlıdır. Lakin fərq bundadır ki, Saxa-Yakutiya kimi soyuq coğrafiyalarda yazın təsirləri, doğanın oyanışı, Günəşin insanın və torpağın canını isitməsi daha gec hiss olunduğuna görə, Novruz mart ayında, İssıx isə üç ay sonra keçirlir. Ancaq mahiyyət eynidir: doğanın yenidən canlanması, Günəşin qayıdışı, həyatın təravət tapması və insanın göyüzüylə harmoniyasının bərpası…
Hər iki bayramın dərin kökləri şamanizm və tenqriçiliyə bağlanır. Həm Novruz, həm də İssıx Günəşin, suyun, odun və torpağın qutsallığını vurğulayan rituallara malikdir. Türk xalqlarının qədim inanclarına görə:
-Günəş həyatın qaynağıdır, onun qayıdışı yeni dönəmin başlanğıcıdır;
-Od, təmizləyici və yeniləyici gücə malikdir (Novruzda tonqal üzərindən atlanmaq, İssıxda atəş rituallarını yada salaq);
-Su qutsal sayılır və yazın gəlişi ilə suyun təmizləyici rolu vurğulanır.
Bax, bu rituallar bir daha sübut edir ki, İssıx və Novruz bayramları, türk xalqlarının ümumi kosmik təsəvvürlərindən doğan gələnəkləri barındırır.
Yəni, bayramın mahiyyət baxımından daha çox türk ruhu daşımasının danılmaz olduğunu bir daha görürük.
Bəs ortaq bayramımız Saxa-Yakutiyada niyə 3 ay ləngiməylə keçirilir?
Saxa-Yakutiyada iqlim çox sərtdir, qış uzun və soyuq keçir; hətta Yer üzünün insan yaşayan ən soyuq kəndi olan Oymyakon (Өймөкөөн; Öymököön; Оймяко́н) da Saxa-Yakutiyadadır (Oymyakonda hava istiliyinin (əgər buna istilik demək olarsa) tam -71.2 olaraq ölçüldüyü görülüb. Əhalisi 500 nəfərə yaxın olan, 63°27′46″ quzey enliyi və 142°47′13″ gündoğar uzunluğunda yerləşən Oymyakon, dəniz səviyyəsindən 750 m. yüksəkdədir).
Beləliklə, Saxada doğanın canlanması iyun ayının 21-22-sinə uyğun gəlir. Yəni Saxa türkləri eynən Novruz fəlsəfəsini yaşadır, sadəcə olaraq, öz coğrafi ortamlarına uyğunlaşdırırlar.
Bu, onu göstərir ki, əgər Saxalar isti iqlimdə yaşasaydı, onların Novruzu da bizimlə eyni ayda, eyni gündə keçirilmiş olardı.
Beləliklə, İssıxın da, Novruzun da əslində eyni mifoloji-mədəni prosesin fərqli zaman və məkan kontekstlərində yaşadılan formaları olduğunu görürük.
İssıx və Novruz – uzaq coğrafiyada eyni ruhun ifadəsi olmaqla, bayramın türk kültür kökənini, türk bayramyaratma normasını, Turan sosial-kültürəl strukturunu bir daha göstərir.
***
Farsdilli yaxud İran təsirli ölkələrdə Novruzun keçirilməsinə diqqət yetirdikdə də ilginc məqamlar üzə çıxır. Örnəyi, Əfqanıstanda Novruz milli bayram olaraq keçirilir. Özəlliklə, Məzar-i Şərifdə yerləşən “Əli türbəsi”ndə keçirilən rituallar və “Gül-i Sürx” festivalları Novruzla bağlı gələnəksəl törənlərdəndir. Hz. Əli fars yox, ərəbdir; o ulu ad farslar üçün milli yox, dini məzmun daşıyır; deməli, bu planda da götürsək, Novruz türklər üçün milli və İslamöncəsindən gələn bir bayramdırsa, farslar üçün sonradan qazanılmış və məzmun dəyişikliyinə gedilmiş dini bayram dəyərindədir.
Tacikistan da Novruzu geniş miqyasda bayram edir. Lakin Tacikistan coğrafi və tarixi baxımdan Türk dünyası ilə daha sıx bağlıdır, Türküstanın bir parçası kimidir. Üstəlik, Tacikistanın sınır qonşusu Əfqanıstandakı durumu da öncəki cümlələrdə yığcam şəkildə yorumladıq.
Bizə qardaş Pakistanın bəzi bölgələri – özəllikə Bəlucistan və Xeybər-Pəştunxva bölgələrində Novruz bayramı keçirilir. Oralarda fars və türk kültür mirasları sanki konsesnsusdadır… Bəlucların bir bölümü İrandadır, onlar özlərini bölünmüş xalq sayır və farslarla gərgin münasibətləri öz mürəkkəbliyini saxlamaqdadır. Məzhəb, dil, gələnək fərqlilikləri bir də siyasi-ideoloji baxış fərqlilikləri ilə keçmişdən gələcəyə doğru davam edib gedir… Sizcə, onlar bunca fərqliliklər içrə olduqları xalqın cılxa öz bayramını bayram edərmi?..
Beləliklə,
Novruz farsdilli, fars təsirli ölkələrdə keçirilsə də, onun tarixi və mədəniyyət dairəsi Türk dünyasında daha güclüdür.
Fars təsirinin olduğu bölgələrdə bayram, əsasən, Sasani dönəminin “qalıq”ları kimi yaşayıb. Türk xalqları isə Novruzu orijinal mifoloji və kosmoqonik (sakral) baxışları ilə qoruyub saxlayıb. Bu səbəbdən Novruzun türk kökənli olduğunu və Türk dünyasının əsas bayramlarından biri kimi qaldığını demək daha doğrudur. Bu daha doğrunu vurğulayarkən belə, Novruz-Yenigün bayramının ayrıcı deyil, qucaqlayıcı, birləşdirici ruh, güc və mahiyyətini unutmuruq. - Necə ki UNESCO da Novruzu “çoxmillətli nominasiya” üzrə “bəşəriyyətin qeyri-maddi mədəni irsi” sayıb.
Bayramınız qutlu olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)