Elmimizin, mədəniyyətimizin və son dönəmlərdə həm də ictimai-siyasi hayatımızın ən parlaq simalarından biri, tanınan, sevilən akademikimiz Rəfail Hüseynov! – bu ad kimə tanış deyil ki? Bir vaxtlar “Vaxtdan uca” kitabı ilə milyonların qəlbinə yol tapdı bu sözün həqiqi mənasında böyük hərflərlə yazılan ziyalımız.
Bu gün sizlərə onun barəsində danışacağıq, cəmi 2 aydan sonra ömrün 71-ci baharına qədəm qoyacaq, 70 illik ömrünə 700 illik əmək və nailiyyət sığışdıran Rəfael Hüseynov barədə.
Söz əməkdaşımızındır.
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
O, 1954-cü ilin avqust ayının 12-də Nadir şahın ölümündən sonra yaranan Şirvan xanlığının tərkibində olan Bölükət mahalının kəndlərindən biri olan, indiki Kürdəmir şəhərində dünyaya gəlib. Orta təhsilini orada 2 nömrəli məktəbdə başa vurub. Sonra indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə isə, 1976-cı ildə təyinatla göndərildiyi indiki AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfə tarixi şöbəsində başlayıb...
Bir müddət orada işlədikdən sonra AMEA Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinə kiçik elmi işçi vəzifəsinə keçirilib. 1982-1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. 1980-ci ildə ilk dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi, 1992-ci ildə isə “Baba Tahir Üryan və onun poetik irsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünasdır. Eyni zamanda AMEA-nın həqiqi üzvüdür. O, həm də millət vəkili, Milli Məclisin sədrinin müavinidir. Bəli, budəfəki söhbətimin qəhrəmanı akademik Rəfael Hüseynov olacaq...
Deyir ki:- “Hər bir insanın bioqrafiyası var. Dünyaya gəlirsənsə, Tanrı bu ömrü sənə bağışlayırsa, yaşanan illər o ömrü nələrləsə, kimlərləsə doldurur. Xoşbəxt o insandır ki, ömründən həyatının mahiyyətini, mənasını dəyişən düşüncəsini, zövqünü yönləndirən şəxsiyyətlər keçir. Onların hərəsindən ömürdə hansısa pozulmayan izlər qalır və bunlar sənin başqa cür deyil, məhz, bu cür olmağını müəyyənləşdirir. Mən özümü bu baxımdan bəxtli sayıram. Yolumun başlanğıcından, ilk tələbəlik illərindən görüşüb təmasda olduğum insanlar qətiyyən sadə simalar deyildilər. Hər biri canlı klassik idi. O insanlar Azərbaycanın tarixində, millətimizin mənəviyyatında hər zaman yaşayacaq zirvələrdir. Həm də onlar mənim üçün özlərindən əvvəlki, görmədiyim daha uca zirvələrə, daha parlaq şəxsiyyətlərə körpülərə çevrildilər...”
O, ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlayıb. Dövri mətbuatda vaxtaşırı dərc olunub. Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efirdə səslənib."Qobustan" incəsənət toplusunda "Görməyən gözlərin aydınlığı", "Əsas odur ki, xalq sizi sevir", "Həsrət qatarı" və s. publisistik yazıları çap olunub. Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında “İki ömrün işığı” adlı xatirələr kitabını tərtib edib. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib...
“İlk tələbəlik illərindən Maestro Niyazinin evinə ayaq açmışdım. Niyazinin evi sadəcə mənzil deyildi. O zamankı Sovet İttifaqının ən məşhur mədəniyyət xadimləri, musiqiçiləri, ədəbiyyatçıları, ictimai-siyasi xadimləri o evdən keçirdilər. Bakıya qonaq gələn məşhurların yolunun bir səmti Maestro Niyazinin hadisələrin təbii axarı ilə rəsmən elan edilməmiş mədəni mərkəzə, cazibə ocağına çevrilmiş mehriban, qonaqpərvər mənzilinə sarı idi. Hətta hansısa böyük şair, teatr xadimi, ya da şöhrətli musiqiçi başqa dəvətlə Bakıya gəlirdisə belə, ziyafət məclisi Niyazinin evində gerçəkləşirdi. Niyazinin süfrəsi hər zaman açıq olub. Həmin məclislər çox vaxt gecə yarısına, saat 3-ə, 4-ə qədər davam edirdi, bəzən lap səhərəcən. Əgər bitirdiyim universitetlərdən söhbət gedərsə, mənim üçün həyat universitetlərinin ən vaciblərindən biri o doğma mənzildə keçən illər olub. Lakin qapısı üzümə açıq, mənə əzizləri, evin daha bir övladı kimi yanaşan yalnız Maestrogil deyildi. 1970-ci illərin əvvəllərindən ilk tələbəlik çağlarımdan daimi gedib-gəldiyim ünvanlardan biri də Şəmsi Bədəlbəylinin evi olub. Şəmsi müəllim şərəfli bir nəslin övladı idi. Qüdrətli bir taetr xadimi, sözün əsl mənasında şəxsiyyət idi. Onun söhbətləriylə Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Süleyman Sani Axundov, Əhməd Ağdamski və neçə-neçə başqaları mənə əlim çatacaq qədər yaxın olublar. Şəmsi müəllim də, qardaşı Əfrasiyab Bədəlbəyli də mənim müdam minnətdarlıqla andığım ustadlarımdır.”- söyləyir.
Əsasən özünə inamlı olması ilə tanınır. Qürurludur, anadangəlmə liderdir. Onda idarəetmə, təşkilatçılıq bacarığı yüksək səviyyədə inkişaf edib. Davranışı ilə ətrafdakıları heyran etməyi bacarır. Nitqi rəvan və aydındır. Özünəməxsus üslubu var, cazibedici olduğu üçün diqəti özünə çəkir...
Hazırda da, qeyd etdiyim kimi, həm Milli Məclisdə piker müavini kimi yüksək post tutur, həm də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Deyir ki:- “Universitetdə, Şərqşünaslıq fakültəsindəki müəllimlərimin hərəsi bir tarix idi. O dövrdə Azərbaycanda əl-əl gəzən “Qabusnamə”, “Kəlilə və Dimnə”, “Gülüstan”ı ana dilimizə sonsuz məharət və səlilsliklə çevirmiş professor Rəhim Sultanov bizə qədim fars dilindən, mixi yazıdan dərs deyirdi, İran ədəbiyyatından müəllimimiz məşhur mütərcim və araşdırıcı, professor Mübariz Əlizadə idi. Ya da Əhməd Şəfai, Nəyyar Zaman Hatəmi, Yusif Ziya Şirvani, Ələsgər Məmmədov hərəsi bir canlı klassik idi. Onlarla gündəlik təmasın nə böyük səadət olduğunu o vaxt da anlayırdım, indi daha artıq dərk edirəm. Digər tərəfdən də elə birinci kursdanca o illərdə dövri mətbuat arsında ən çox oxunan və ən çox gözlənilən “Bakı” axşam qəzetində müxbirliyə başlamışdım. Bu isə redaksiyanın öz sanballı jurnalist mühiti, ora gələn nüfuzlu qonaqlardan əlavə yazılarımla bağlı göndərildiyim ünvanlarda neçə-neçə tanınmış adamla tanışlıq fürsəti idi. Bunların hamısı taleyin töhfələri deyilmi?”
Xoş niyyətli adamdır. Öz rahatlığından çox başqalarının rahatlığını düşünür. Hər kəsə kömək etməkdən və yardımçı olmaqdan zövq alır, məmnun olur. Beyni sanki yaradıcılıq maşınıdır, daim yeni fikrlər, yeni düşüncələr kəşf edir...
“Bir məqamı da vurğulamaq istəyirəm ki, ünsiyyətə girdiyim şəxsiyyətlər çox zaman məndən 3-4 qat yaşlı olsalar da, 5-10 dəqiqə söhbət edəndən sonra mənimlə daha bir yeniyetməylə olan kimi davranmırdılar. Məsələn, Maestro Niyazi ilə aramızda yarım əsrə yaxın yaş fərqi vardı. Amma evindəki qonaqlara, ya hansısa məclisdə məni təqdim edərkən “dostumdur” deyirdi. Yəni o insanlar məni öz dünyalarına, öz mühitlərinə yaxın bilirdilər və ona görə də söhbətlərimizdə ürəklərini açırdılar, ən munis xatirələrini qəlb genişliyi ilə bölüşürdülər. Mən də o mühitə, o şəxsiyyətlərə, onlarla ünsiyyətə layiq olmağa çalışırdım. Daim oxuyurdum, öyrənirdim, öz üzərimdə çalışırdım. İnsan hər zaman bu məsuliyyəti hiss etməlidir, kiminlə oturub-durduğunun fərqində olmalıdır.”- söyləyir.
Onu güclü, enerjili və əqidəsinə sadiq adam kimi tanıyırlar. Öz həyatını idarə etmək və başqalarına nümunə olmaq onun alın yazısıdır. O, başqalarına ilham verən və onları bir araya gətirə bilən şəxsiyyətlərdir. Güclü xarakteri və pozitiv enerjisi ilə seçilir. Öz hədəflərinə çatmaq üçün böyük səy göstərir və qarşıya çıxan çətinliklərdən qorxmur. Cəsarətli və açıqfikirlidir, bu da onu həyatın müxtəlif sahələrində uğur qazanmağa yönəldir...
Deyir ki:- “İlk məqaləm qəzetdə dərc olunanda 5-ci sinifdə oxuyurdum. O zaman bütün rayonlarda həftədə 3 dəfə yerli qəzetlər çıxırdı. İndi o ənənə demək olar ki, sönüb, bəzi rayonlarda qalsa da, formal xarakter daşıyır. Çünki ayda, iki ayda, yaxud da, rayonun illik hesabatı keçirilən ərəfədə çıxan qəzetə dövri mətbuat demək olmaz ki! Mətbuat, qəzet insanlarla daimi ünsiyyətdə olan vasitədir. O dövrdə ümumən qəzetlərin, xüsusən də yerli nəşrlərin Azərbaycan gerçəkliyində çox böyük rolu olub. Azərbaycan rayonlarında qəzetlərin çap olunmağa başlaması 1930-cu illərə təsadüf edir. İndi həmin qəzetlərin hər biri müəyyən mənada rayonların XX əsr içərisindəki salnaməsidir. Sovet ideoloji təbliğatı ilə nə qədər dolu olsa da, əsas məqsədi rayonların təsərrüfat həyatın işıqlandırmağa yönəlsə də, indi həmin qəzetlərin illər üzrə cildlərini vərəqləsək, hər bir rayonun o illərdəki həyatının yüzlərlə maraqlı təfərrüatının əks olunduğunu görərik. Bu əvəzsiz salnamələrdən gələcəkdə hər bir rayonun tarixi yazılarkən ən mötəbər qaynaq kimi yararlanmaq mümkündür.”
Dostcanlı və cəmiyyət yönümlüdür. O, ətrafındakı insanlara qayğı göstərməkdən ləzzət alır. Şux görkəmi, səmimiyyəti ilə insanlara müsbət enerji ötürməyi bacarır. Söhbətləri isə başqa bir motivasiyadır, digər insanlara ilham verir...
“Mən hansı sahədə çalışıramsa, orada faydalı olmağa, o istiqamətdə başqasının məndən yaxşı görə bilməyəcəyi işləri ortaya qoymağa çalışıram. Bir sözlə, bir an da işsiz dayanmıram, cəhd edirəm ki, olduğum bütün sahələrdə öz verə biləcəyim faydanı yetərincə gerçəkləşdirim. Eyni prinsiplə milli məclisdə, elmdə, o cümlədən dərs deyərkən müəllimlikdə, eyni zamanda muzey fəaliyyətmdə özümü işə sonacan fəda etmək düsturuna daim sadiq olmuşam, olacağam da...”- söyləyir.
Xülasə, akademik Rəfael Hüseynov Azərbaycanın qənimət övladlarından biridir. Bəli, Nadir şahın ölümündən sonra yaranan Şirvan xanlığının tərkibindəki Bölükət mahalının kəndlərindən biri olan, indiki Kürdəmir şəhərində dünyaya gələn vətəndaş Rəfael Baba oğlu Hüseynov bu gün öz varlığı ilə “Akademik Rəfael Hüseynov” adlı zirvə yarada bilib. Qürur duydum!
“Ədəbiyyat və incəsənət”
(13.06.2025)