Payına düşən ömür… Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bölgə ədəbiyyatı…

Elə ədiblər var ki, ömürlərini öz doğulduları bölgəyə sərf edirlər, Bakıya karyera dalınca getmədən palçıqlı vətən yollarını paytaxt asfaltından üstün tuturlar. Siz belələrinə misal olaraq Musa Yaqubu gətirəcəksiniz. Bir ad da mən deyim – mərhum Şəkər Aslan.

 

Şair və dramaturq Şəkər Aslan 10 oktyabr 1937-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub, 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. 

 

Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlayıb. "Leninçi", Lənkəran rayon qəzetində ədəbi işçi, Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, "Leninçi" (sonralar "Lənkəran") qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1993-cü ildə "Söz" ədəbi-bədii jurnalını təsis edib. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olub. 

 

O, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına və "Şərəf nişanı" ordeninə layiq görülüb. "Sən kimsən, Ata?", "Birtərəfli hərəkət" pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Şeirlərinə musiqi bəstələnib.

 

Kitabları 

 

1. Bahar yağışı

2. Ürəyimi açıram 

3. Sənə nəğmə deyirəm 

4. Məhəbbət fəsli 

5. Sevgi günü 

6. Səni sevdiyim gündən 

7. Bu günlərdən iz qalacaq

8. Döy mənim qapımı 

9. Evə məktub

10. Payıma düşən ömür 

 

Şəkər Aslan 1995-ci il iyunun 12-də vəfat edib. Lənkəran şəhərində mərkəzi küçələrdən biri və 16 saylı Sütəmurdov kənd kitabxanası onun adını daşıyır. 60, 65, 70, 75 və 80 illik yubileyləri Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunub. 85 illik yubileyi Lənkəran Dövlət Dram Teatrında qeyd edilib.

Bu gün onun anım günüdür.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.