Zəhmətkeş, səxavətli, yaradıcı... - Hüseynbala Mirələmovun portret cizgiləri Featured

Elman Eldaroğıu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “Sovet hakimiyyəti dövründə ən varlı şəxslər yazıçılar idi. Çünki dövlət həm onların kitablarını çap etdirir, həm də qonarar verirdi. İndi isə bu məsələ gündəmdə deyil. Yalnız kimin büdcəsi imkan versə öz kitabını çap etdirib sata bilir. Hesab edirəm ki, indi ona görə böyük ədəbiyyat yaranmır. Yazıçıların çoxunun kitab çap etdirməyə maddi imkanı yoxdur. Bu prosesdə dövlət dəstək göstərərsə çox gözəl ədəbiyyat mühiti yarana bilər. Bir sözlə, dövlət dəstəyi olmalıdır...”

O, 1945-ci ildə Lerik rayonunun Nuravud kəndində dünyaya gəlib. Bütün kənd uşaqları kimi meşədən odun da gətirib, mal-heyvan da otarıb, ot da çalıb. Amma heç vaxt kitab əlindən düşməyib, mütaliə etməkdən yorulmayıb. Elə buna görə də, orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Politexnik İnstitutuna iki “5”-lə qəbul olunub və oranın inşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə başa vurub. 

Altı il "Azərbaycan pioneri" qəzeti redaksiyasının ədəbiyyat şöbəsinin "baş ədəbi" işçisi olub. 1972-ci ildən 1986-cı ilədək Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis vəzifələrində işləyib. 1986-cı ildən "Azərqaztəmirtikinti" trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. Sonra biznes fəaliyyəti ilə məşğul olub. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru vəzifələrində işləyib. 1992-2021-ci illərdə isə YAP Xətai rayon təşkilatının sədri vəzifəsini icra edib. Xidmətləri kifayət qədər qiymətləndirilib, əməkdar mühəndis fəxri adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenləri ilə təltif olunub. Üç çağırış Milli Məclisin deputatı olub. Texnika elmləri doktorudur...

“Elçibəyin dövründə Azərbaycan dövlət yanacaq komitəsində sədrin birinci müavini idim. Bir gün xəbərlərdən bildim ki, sədri və məni işdən çıxarıblar. Heç bir səbəb olmadan. Sakitcə işdən uzaqlaşdım. Üç gün sonra isə eşitdim ki, bizim üçün cinayət işi qaldırılıb. Baş prokrorun müavini televiziyada çıxışında deyib ki, guya biz Bakı şəhərində neftbazada benzin ola-ola,  bu benzinin satılmasının əleyhinə olmuşuq. Məni prokrorluğa çağırdılar, sual verdilər ki, niyə təxribat aparmısız, benzin verməməsiz? Müstənqiə sual verdim ki, sən oturduğun ağacın budağını kəsərsənmi? Dedi yox. İzah etdim ki, mən də həmin komitədə, bezninin satışına cavabdeh olan şəxsəm. Necə belə bir iş görə bilərəm? Bir ay müddətində bizi süründürlər. Sübut tapılmadı. Sonra bu cinayət işinə xitam verildi”- söyləyir.

Şübhəsiz ki, insanın uğur qazanmasında onun bacarıq və əzmkarlığından başqa İlahinin uğuru vacib məsələdir. Bu uğur qismətində olmadıqda insanın bacarıq və əzmkarlığı da nəticəsiz qalır. Yəqin ki, hansısa əməllərinə görə Yaradan bu uğuru ondan əsirgəməyib və onun vəzifə pillələrində irəliləməsinə yol açıb. Bəli, Tanrının izni olmasaydı ucqar dağ rayonunda, əlçatmaz, ünyetməz kənddə kasıb bir kişinin ailəsində doğulub böyüyən bir insan "Azərqaztəmirtikinti" trestinin rəisi vəzifəsindən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini, Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrinə və deputatlığa qədər yüksələ bilməzdi…

Deyir ki:- “İnstitutun birinci kursunda oxuyanda yazılarımı “Azərbaycan pioneri” qəzetinə aparırdım. Allah rəhmət eləsin, bir baş redaktor var idi, Əmrah müəllim, mənə dedi ki, sən gəl bizdə ştatda işlə. Gündüz növbəsində oxusam da, dərsdən çıxan kimi ora gedirdim. Qəzetin ədəbiyyat şöbəsinin işlərini mən aparırdım. Düzdür, rəhmətlik Hikmət Ziya şöbənin rəhbəri idi, amma xəstə olduğu üçün işə nadir hallarda gəlirdi. İnstitutu bitirənə kimi o şöbəyə mən rəhbərlik etdim. Sonradan qırmızı xətti keçmək istəyən bəzi tanınmış jurnalistlərə, baş redaktorlara yarızarafat-yarıciddi deyirdim ki, sizə o qəzetdə xəbər, oçerk, məqalə yazmağı mən öyrətmişəm. İnstitutu bitirəndən sonra əsgər getdim, qayıdandan sonra isə qəzetdə deyil, öz ixtisasım üzrə çalışdım...”

O vaxtdan bu vaxta qədər bədii yaradıcılıqla da məşğul olur. İndiyədək iyirmiyə yaxın kitabı işıq üzü görüb. Bir sıra əsərləri müxtəlif dram teatrlarında səhnələşdirilərək tamaşaçılara təqdim olunub. "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" və "Rəsul Rza" mükafatları laureatıdır…

“On beş il deputat olmuşam. Hələ elə bir şey olmayıb ki, nəyisə vəd edim, amma yerinə yetirməyim. Bəzi hallar olub ki, şəxsi maraqlar üçün müraciət ediblər və mən də başa salmışam ki, bu mənim səlahiyyətimdə olan məsələ deyil. Gücümdə olan məsələlərin hamısını yerinə yetirmişəm...”

Bir siyasətçi kimi də qismətinə İlahi uğurdan pay düşüb, uzun illər Milli Məclisin deputatı olub. Deputatlığı ərzində sevənləri də olub, sevməyənləri də. Sanki pusquda durub, onun səhvə yol verməsini gözləyiblər. İllər öncə adi bir hərəkətini əsas tutub onu aşağılamaq istəyənlər də tapıldı. Və nəhayət savadsız, dünyagörüşü zəif olan toplumun arasında onu gözdən salmağa cəhd etdilər... 

Amma çifayda. Sel qayadan nə aparasıdır ki?

O gün xalq şairi Sabir Rüstəmxanlının on beş cilidlik kitabının təqdimatında onu da gördüm. Bir az sınıxsa da şuxluğunu hələ də itirməyib. Həmişəki kimi şən, zarafatcıl, mehriban görünür. Bəli, Hüseynbala müəllim nə el-obası, nə də dostları arasında pis adam olmayıb. Xeyli adama əl tutub, çox adamın problemini həll edib. Necə deyərlər, Allahın da, elə bəndələrinin də qarşısında alnı açıq, üzü ağdır...

2025-ci il onun üçün yubiley ilidir. Bu yaxınlarda – daha dəqiq desək, iyunun 25-də 80 yaşı tamam olur. 80 yaşlı insana nə arzulamaq olar? Möhkəm can sağlığı, firəvan həyat, ağrı-acısız günlər...

Yaşa, ağsaqqal!..

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.