Super User
Məsud ƏLİOĞLU – “Füzuli kədəri”
“Ədəbiyyat və incəsənət” portalımım “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu dəfə mövzumuz dahi Azərbaycan şairi Məhəmməd Füzulidir.
Füzuli bizim mәnәviyyatımızdır. Bunu necә başa düşmәk lazımdır? İnsanın könül dünyası vә bu alәmә mәxsus duyğuların, meyil vә ehtirasların zәnginliyi, rәngarәngliyi şairin lirikasının әsas obyekti, tәhlildәn keçirdiyi başlıca mövzudur.
Füzuli insan şәxsiyyәti ilә fәxr edir, onun mәnәvi vüqarı ilә öyünür. Şairin ümumәn yaradıcılığında baş qaldıran vә uzaq әsrlәrin dәrinliyindәn, tarixin qaranlıqlarından gәlәcәyә, nurlu bir alәmә doğru boylanan bu qürurun başlıca әlamәti insanın sevmәyә vә sevilmәyә qadir vә layiq olmasıdır.
...Füzuli yüksәk mәqsәdlәr naminә insanın özünә, özünün gәrәksiz, zәif vә xırda hisslәrinә qarşı amansız olmasını әsl fәdakarlıq hesab edirdi, cavanmәrdlik, qәhrәmanlıq әlamәti sayırdı. Füzuliyә görә, aşiq işıqlı, saf ideallar uğrunda amansız vuruşmalara vә çәtin döyüşmәlәrә, mәnәvi-fikri sarsıntılara inadla davam gәtirәn vә qalib çıxan mәtanәtli döyüşçü olmalıdır. Hәqiqi, tәmiz mәhәbbәtә canından keçmәyi bacaranlar layiqdirlәr. Fikrәn mәhdud olanlar, miskin qәlblilәr vә şәxsiyyәtcә zәiflәr sevmәyi bacarmazlar. Onların bu çәtin, şәrәfli vә ali niyyәti yerinә yetirmәyә hünәri çatmaz. Füzuli eşqin mәnasında böyük hәyat idealını görürdü, hәqiqi aşiqi dә bu nurlu, tәmiz ideal yolunda özünü qurban verәn dәyanәtli vә mәğrur mücahid sayırdı...
Füzuli eşqinin mәnәvi-fikri qaynağı vә hәyat mayası – kәdәrdir! “Gәrdişi-dövran”ın çәtinliklәrinә igidliklә sinә gәrәn, cәbrinә vә sitәmlәrinә tәslim olmayan, “hәyat eşqidir” deyә car çәkәn mәtanәtli şairin könül tәrcümanı olan heyrәtli kәdәr!
Füzuli kәdәri bәdbinliyә yaddır. Bu kәdәr acizlik, zәiflik әlamәti olaraq onun yaradıcı hәyatına yaxın düşә bilmәmişdir. Belә olduğu halda, şairin bütün yaradıcılığından saçan bu od-alovu necә dәrk etmәli?..
İnsanın könül dilәklәri, mәnәvi varlığı cansıxıcı mövcudluq qanunlarının çәrçivәsinә sığa bilmәdiyindәn zәmanәyә vә ictimai varlığa qarşı daim üsyan edir... Şәxsiyyәtin fikrәn vә ruhәn ucalması, özünә layiq ehtiram qazanması naminә azadlıq zәruridir. Bu zәrurәt, uydurma vә saxta qanunlar, süni ehkamlar, köhnә vәrdiş kimi mәhdud sәdlәr tәrәfindәn rәdd edildikdә mәnәvi böhranın vә ruhi sarsıntının әn şiddәtli halı – kәdәr yaranır.
Şair kәdәri ağlın, düşüncәnin sirdaşı, qәlb hәyatının xalis cövhәri kimi yüksәk qiymәtlәndirir, onun mәzmun-mәnasını anlaya bilәnlәri müqәddәs sayır: “ürfan әhli”, “arif”, “kamil varlıq” hesab edir...
...Füzulinin idealı insanı azad görmәkdir. Bu ideal cәmiyyәtin icad etdiyi saxta qanunların zәncirindәn, şәraitin uydurduğu yaramaz ehkamların cәhalәtindәn xilas olub özünün könül dilәklәri ilә yaşayan insanın azadlıq hәsrәtidir...
Füzulinin qәlbi insanlığın faciәsi, dәrdi üçün döyünmüşdür. Hәmin ağrılı döyüntülәrlә bu gün onun qәzәllәri döyünmәkdәdir. Bu hәssas, incә vә işıqlı Qәlbin mәhz biz azәrbaycanlılara mәxsusluğundan... yalnız sevinc vә iftixar duymalıyıq!
Füzuli özlüyündә kәşf edilmәmiş, möcüzәsi – hikmәti tamamilә aşkar olunmamış bir kainatdır – insanlığın mәnәvi kainatı!..
Füzuli dühasını, Füzuli xilqәtini tәrif-tәhlil üçün hәlә ki söz, qәlәm vә fikir acizdir.
1970
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)
Heç nə unudulmur - ÇİMNAZ ƏLİYEVANIN 75-i
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyevanın 75 illik yubileyi qeyd edilib.
Yubiley mərasimində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Elman Məmmədov, Aqil Abbas, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Çimnaz Əliyevanı 75 yaşının tamam olması münasibətilə təbrik edərək onun işlədiyi bütün sahələrdə bacarığı, təşkilatçılıq qabiliyyəti və yüksək peşəkarlığı ilə seçilməsindən, 1993-cü ildə Ağdam rayonunun erməni vandalları tərəfindən işğalından sonra əhalinin respublikanın müxtəlif rayonlarında məskunlaşmasında, ehtiyaclarının qarşılanmasında və onların sosial problemlərinin həllində yaxından iştirak etməsindən və əsl ağdamlı olaraq daim onların qayğısına qalmasından, I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu müddətdə bir sıra qanun layihələrinin hazırlanmasındakı fəal iştirakından bəhs etmişlər.
Tədbirdə Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri iştirakçılara təqdim edilib.
Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)
Ona rənglərin poeziyasını yaradan rəssam deyirlər…
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
A. Serov deyirdi ki, həqiqi sənət əsəri qarşısında zaman acizdir.
Bu gün SSRİ Xalq rəssamı fəxri adına layiq görülmüş ilk Azərbaycanlı rəssam, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, xalq rəssamı, professor Mikayıl Abdullayevin doğum günüdür. O Mikayıl Abdullayevin ko, onun sənət əsərləri qarşısında həqiqətən zaman aciz durumdadır.
Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci il dekabrın 19-da Bakıda anadan olmuşdur. O, 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1949-cu ildə isə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.
Moskvada təhsil aldığı dövrdə o, burada dünya şöhrətli rəssamlardan - İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov və başqa görkəmli fırça ustalarından dərs almışdır.
1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgisində “Axşam” əsəri ilə iştirak etmiş və bu əsər ona böyük uğur və tamaşaçı marağı gətirmişdir.
Rəssamın ilk fərdi sərgisi də Moskvada keçirilmişdir.
O, Bakıya qayıdanda artıq tanınan və sevilən məşhur bir rəssam idi.
Mikayıl Abdullayev demək olar ki, təsviri sənətin bütün sahələrində dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s çalışıb.
Rəssamın əsərləri dünyanı bir çox
şəhərlərində təşkil olunan beynəlxalq
sərgilərdə və festivallarda nümayiş olunub, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə Berlin və Leypsiqdə, eləcə də sonrakı illərdə
başqa şəhərlərdə fərdi sərgiləri keçirilib. Onun əsərləri dünyanın müxtəlif muzey, qalereya və şəxsi kolleksiyalarında
saxlanılır. Rəsmləri ilə yanaşı özünəməxsus yazı üslubu olan sənət
ustasının öz yaradıcılığı və dünya sənətkarlığı barədə məqalələri müxtəlif qəzet və jurnallarda dərc edilib.
Rəssamın şöhrətinə yeni çalarlar gətirən “Mingəçevir işıqları” əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənib.
O, müxtəlif illərdə bir çox xarici ölkələrdə -
Hindistan, Əfqanıstan, Macarıstan, Polşa,
İtaliya və digər ölkələrdə yaradıcılıq
ezamiyyətlərində olmuş və təəssüratlarını
əsərləri ilə ifadə etmişdir.
Əsasən tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər də yaratmış, bir sıra kitablara illüstrasiyalar da çəkmişdir.
Onun portretləri arasında Üzeyir Hacıbəyovun portreti xüsusi diqqət çəkir.
Vətəni qarış-qarış gəzməyi çox sevən rəssamın cənub bölgəsinə olan səfərindən yadigar qalan əsərləri o qədər maraqlı və baxımlı idi ki, onlardan biri - “Sevinc” lövhəsi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya sərgisində gümüş medala layiq görülüb.
Rəssam elə 1974-cü ildə layiq görüldüyü Azərbaycan Dövlət mükafatı laureatı adını da məhz bu tablolarına görə almışdır.
Mikayıl Abdullayev Azərbaycan təsviri sənətin inkişafında göstərdiyi xidmətlərə görə 1955-ci ildə Azərbaycan SSR Əməkdar
İncəsənət Xadimi fəxri adı alıb. 1958-ci ildə
SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. 1963-cü ildə SSRİ Xalq rəssamı
fəxri adına, 1969-cu ildə beynəlxalq
C.Nehru mükafatına, 1974-cü ildə
Azərbaycan SSR Dövlət Mükafatına layiq
görülüb. Xüsusi ilə qeyd etmək lazımdır ki, o, SSRİ Xalq rəssamı fəxri adına layiq
görülmüş ilk Azərbaycan rəssamı
olub.
O, həmçinin bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Ona rənglərin poeziyasını yaradan rəssam deyirlər.
Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də ömrünün 81-ci ilində vəfat etmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)
Şəkidə oyuncaqlar qış nağılı söyləyəcəklər
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə yeni tamaşanın məşqlərinə start verilib. Qış tətilində məktəblilərə və kiçik yaşlı uşaqlara rus müəllif Vladimir Yansyukeviçin "Oyuncaqların qış nağılı" adlı nağıl-tamaşa təqdim ediləcək.
Əsəri dilimizə Lalə Məmmədova çevirib.
Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, baletmeysteri Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Arzu Mustafayeva, Nərmin Abbasova, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nuranə Mirzəliyeva, Azad Məmmədov, Nazilə İmamhüseynova, Günay Novruzəliyeva, Rəşid Mirizadə, Sənubər İsrafilova, Gülxar İmamhüseynova ifa edirlər.
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)
XARİCİ ƏDƏBİYYAT – İosif Brodskinin şeirləri
İosif Brodski (1940-1996) XX əsr ədəbiyyatının görkəmli nümayəndəsi, yəhudi əsilli böyük rus şairidir, 1987-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. “Ədəbiyyat və incəsənət” portalı onun şeirlərini Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.
Otaqdan çıxmayasan
Otaqdan çıxmayasan, səhv də buraxmayasan.
Çəkdiyin “Şipka”dırsa, “Günəş”ə baxmayasan.
Qapıdan o tərəfə puçdur hər şey, xüsusən xoşbəxtəm hay-həşiri.
Yalnız ayaqyoluna və dönəsən tez geri.
Otaqdan çıxmayasan, nə gərək var taksiyə -
dəhliz boyda bir məkan sənə isnişibsə
və sayğacla bitirsə? Şirin-şəkər birisi
ağzın açıb girirsə içəri, dəymə, getsin.
Otaqdan çıxmayasan, guya azarlamısan.
Yaxşı nə var dünyada stuldan və divardan?
Bir yerə eyni adam dönəcəksə axşamı-
bəlkə də daha əzgin, varmı bunun anlamı?
Otaqdan çıxmayasan, rəqs edəsən təkcənə
çılpaq bədəndə palto, yalın ayaqda çəkmə.
Giriş kələm qoxuyur, bir də ki kirşə yağı.
Çoxlu hərf yazmısan, nəyə gərək artığı.
Otaqdan çıxmayasan. Qoy təkcə elə otaq
bilsin ki, necəsən sən. Qoy qəlbində bir dodaq
inkoqnito ergo sum söyləsin zahiriyə.
Otaqdan çıxmayasan. Yaddır bura Parisə.
Axmaq olma! Başqası olmayan şeyə bənzə.
Otaqdan çıxmayasan! Mebelə bənzə bəzən -
divar üzlüklərinə qarış. Səngər qur, gizlən
aləmdən, eşdqən, irqdən, hər cürə xəstəlikdən.
Söyləmişəm həmişə, tale var ha - oyundur
L. V.Lifşitsə
Söyləmişəm həmişə , tale var ha - oyundur.
Kürü varsa balığı nə təmizlə, soyundur.
Qotik üslub qalibdir həmişə məktəb kimi,
Həm də gözə girirsə, batmır ki, iti tini.
Pəncərinin yanında oturmuşam. Və qovaq…
Az adamı sevmişəm. Amma ki, qoruyaraq.
Saymışam meşəliklər çox vaxt elə odundur.
Bütün qız nəyə gərək; bəyaz dizlər saçır nur.
Əsrin yeli qaldıran tozanaqdan yorulur
eston günbəzlərində rusun gözü yumulur.
Ev təmiz. Pəncərənin yanında oturmuşam.
Burda xoşbəxt idim mən. Bir də yəqin olmaram.
Yazmışam hər lampada var tavanın qorxusu.
Sevişmək bir iş kimi feillərdən yoxsuldur,
və Evklid səhv edir, dırmananlar konusa-
sıfır tapmaz axırda, yol açarlar kosmosa.
Pəncərənin yanında oturmuşam. Önümdən
gəlib keçir gəncliyim: gülürəm, tüpürürəm.
Demişəm, hə, yarpaqlar deşir tumurcuqları,
zay torpağa düşdüsə bir ağacın tumları
pöhrə verməz heç zaman; laləzar ilə çəmən
belə istimnanadır təbiətdə də bəzən.
Pəncərənin yanında oturmuşam. Dizimi
qucub söhbət edirik - yorğun kölgəm… ikimiz.
Nəğmənin bir mənası yoxdursa da nə eybi,
xorla ki, oxumurlar, bu da bir cür təsəlli.
Belə çıxışlar üçün heç olmasa bir kimsə
boynuma minə bilmir. Oturmuşam bu gecə
pərdələri dalğalı pəncərənin yanında,
dəniz-təcili yardım qıyya çəkir o yanda.
İkinci növ zamanın vətəndaşıtək, diri,
ikinci növ mal sayıb ən yaxşı fikirləri-
acı təcrübəsini gələcək əsrlərə
boğanaqla davamın vəsiyyət eləyirəm.
Oturmuşam, gecədir. Nə fərq edər otaqda
qaranlıq nə cürədir, ya necədir qıraqda.
Kənddə Allah künc-bucaqda deyil ki...
Kənddə Allah künc-bucaqda deyil ki,
hər yerdədir, qoy danışsın təlxəklər,
qab-qacağa, dam-daşa nur ələyər,
düz ortadan qapını bölər iki.
Kənddə Allah aşıb-daşar. Çuğunda
axşamları o mərçimək bişirər,
o duyular yeməklərin buğunda,
şahid kimi hələ mənə gülümsər.
Çəpər çəkər. Qızı meşəbəyiyə
qismət edər. Yayındırar ördəkdən
gülləsini qoruqçunun o Yiyə
hər dəfə bir zarafatla, ürəkdən.
Düzü baxsan, bu şeyləri seyr etmək
duyulanda vıyıltısı payızın
yeganə bir nemətdir ki, bəxtinə
düşübdür bu ateistin, yazığın.
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)
Bu gün böyük Azərbaycan rəssamı Mikayıl Abdullayevin doğum günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Bu ad kimə tanış deyil ki? Hər gün Nizami metrosunda divarlardakı heyrətamiz mozaikalar gözünüzü oxşamırmı? Bax onlar Mikayı Abdullayevin əl işləridir. O, 1921-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olub. Bu gün onun anadan olmasının 103-cü ildönümüdür.
1935-1939- cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda görkəmli rəssam Əzim Əzimzadənin sinfində təhsil alıb Mikayıl Abdullayev. 1939-cu ildə ilk dəfə ənənəvi “Bahar” sərgisinə qatılıb, nümayiş olunan tabloları böyük rəğbətlə qarşılanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, S.V.Gerasimov kimi görkəmli rəssamlardan dərs alıb. İlk fərdi sərgisi 36 yaşında, Moskvada keçirilib.
1957-ci ildə “Hindistan silsiləsi”nə və 1958-ci ildə yaratdığı “Sevinc” tablosuna görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb. Yaradıcılığının ən məhsuldar dövrü 60-cı illərə təsadüf edir. 1974-cü ildə “Yeddi gözəl” silsiləsinə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Rəssam dahi Nizamidən başlamış müasir şair və nasirlərimizə qədər bir çox sənətkarların portretlərini yaradıb, “Kitabi-Dədə Qorqud”, “Molla Nəsrəddin lətifələri”, “Leyli və Məcnun”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Şəbi hicran” əsərlərinə çəkdiyi illüstrasiyalarla Azərbaycan kitab qrafikası sənətinə böyük töhfələr verib. XX əsrin böyük cinayəti hesab etdiyi 20 Yanvar faciəsindən təsirlənən rəssam 1992-ci ildə “Nakamların dəfni” əsərini yaradıb.
Mikayıl Abdullayevin əsərləri Moskva, Berlin, Paris, London, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və Brüsselin sərgi salonlarında nümayiş etdirilib, o, müxtəlif fəxri adlara, təltiflərə layiq görülüb. SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Rəssamlar İttifaqının katibi seçilib, 1971-ci ildə C.Nehru adına Beynəlxalq mükafat laureatı olub, sovetin müxtəlif orden, medal və fəxri fərmanlarına layiq görülüb. 1955-ci ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi”, 1963-cü ildə “Xalq rəssamı” fəxri adlarını alıb. 1997-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.
2002-ci il avqust ayının 21-də Bakı şəhərində vəfat etmiş dahi rəssam Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)
Kasıblara yardım günü , “Titanik”, Maleviç
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə olan əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
19 dekabr.
Ümumdünya kasıblara yardım günü
Statistikaya görə, 20-ci əsrin sonlarında planet əhalisinin dörddə biri – milyard yarım insan yoxsulluq, dilənçilik həddində olub. Yoxsulluğun ləğvi barədə proqramların genişmiqyaslı icrasına isə BMT 10 il əvvəl başlayıb. Yoxsulluq deyiləndə bura təkcə boş ciblər, boş qazanlar aid edilmir, işsizlik, mənzilsizlik, yaxşı təhsilə və müalicəyə imkanın olmaması da özündə yoxsulluğu ehtiva edir.
Azərbaycanda rəsmi statistikaya görə yoxsul adam demək olar ki yoxdur, hamı yağ-bal içində yaşayır. Təsadüfən, kiminsə beləsi rastına çıxsa, Allahın və BMT-nin xatirinə, lütfən bu gün ona yardım etsin.
Həmişəyaşıl bitkilər günü
Həmişəyaşıl bitkilər günüdürsə, nəzərə almalıyıq ki, ölkəmizdə həmişəyaşıl şam və küknar ağacları yetəri qədərdir. Yarpaq tökməyən sitrus bitkiləri də çoxdur. Xüsusən, subtropik cənub zonamız həmişəyaşıl bitkilər üçün vətəndir. Talış dağlarının qoynundakı Hirkan meşələri sözügedən bitkilərin ən unikallarını öz qoynunda bəsləməkdədir. Üstəlik, Azərbaycanda çox nadir Eldar şamı da yetişməkdədir. Odur ki, bu bayram bizlərə xüsusən düşərlidir.
Bakıda tez-tez ağacəkmə kampaniyası keçirilir, ən müxtəlif əlamətdar hadisələrə həsr edilən bu aksiyalarda minlərlə həmişəyaşıl ağac əkilir. Bu gün də bir aksiya keçirmək, düşünürəm ki, yerində olardı.
Brejnev və “Titanik”
BMT bu günə daha bir bayram düzənləyib – Təminat günü. Bu günün məğzi odur ki, insan yaranışından bəri özünü bütün zəruri şeylərlə vaxtında təmin etməlidir. Qida, mənzil, istilik, tibbi ləvazimatlar, nəqliyyat və sair bu qəbildəndir. Burada informasiya təminatı da başlıca rol oynayır. Amerikalılarda isə başlıca məsələ ilin hər bir günündə mətbəx bayramlarına sevinməkdir, bu gün Milli şüşə konfet günüdür, üstəlik, Milli yulaf keksi günüdür.
1997-ci ilin bu günündə məşhur “Titanik” filmi ekranlara çıxıb, prokatın 25-ci günündə artıq öz büdcəsinə 200 milyon dollar toplamaqla rekorda imza atıb; 1941-ci ildə 15 yaşlı İngiltərə şahzadəsi Yelizaveta “Zoluşka” tamaşasında baş rol alaraq əsgərlər qarşısında çıxış edib, onları qələbəyə ruhlandırıb; 1917-ci ildə Monreal və Toronto arasındakı matçla Milli Hokkey Liqası fəaliyyətə başlayıb.
19 dekabrda dünyaya gələn tanınmışların siyahısına da bir nəzər salaq: 1969-cu ilin bu günündə əfsanəvi cazmen Vaqif Mustafazadənin yadigarı, tanınmış caz ifaçısı Əzizə Cəfərzadə; 1962-ci ildə detektiv romanları ilə ölkədə xeyli populyar olan yazıçı Elxan Elatlı, 1927-ci ildə görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilov, 1915-ci ildə dünyaşöhrətli fransız müğənni Edit Piaf; 1906-cı ildə “Şiroko şaqaet Azebidjan” deyərək Azərbaycanı faciələrə sürükləyən sovet rəhbəri Leonid Brejnev doğulublar.
Dünyaşöhrətli energetik alimimiz
19 dekabrda tanınmış azərbaycanlı alim Kamal Abdullayevin də doğum günüdür. Yüksək minerallı və çirkab suların emalı və sənayedə istifadəsi, dəniz suyunun istilik elektrik stansiyalarında kompleks emalı kimi qiymətli tədqiqatlar müəllifi olan Kamal Abdullayev 50-dən artıq elmlər namizədi və 4 elmlər doktoru yetişdirib, 4 monoqrafiyanın və 300-dən artıq elmi əsərin, 20-dən artıq ixtiranın müəllifidir. O, 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və keçmiş İttifaqın “Əlaçı fəxri energetik” adı, elmi nəticələrinə görə isə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif olunub. 2000-ci ildə ekologiya sahəsindəki elmi işlərinə görə “M.Lomonosov” adına və “Y.Məmmədəliyev” adına medallara, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2010-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. Kamal Abdullayevin adı Amerikada çap olunmuş “XX əsrin məşhur alimləri” ensiklopediyasına düşüb və eyni zamanda o, 2012-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutunun “Elmin açarı” mükafatına layiq görülüb. 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
“Qara kvadrat”ın doğuluşu
Ən nəhayət, 1915-ci ilin 19 dekabrında ünlü rəssam, abstraksizmin bir qolu olan suprematizmin banisi Kazemir Maleviç Petroqradda 39 iş ortaya qoyub ki, bunlardan biri də məşhur “Qara kvadrat” olub. Bilirsinizmi, fitri istedadı olan bu Rusiyada yaşayan polyak rəssamı gənc ikən Moskva rəngkarlıq məktəbində oxumaq istəyib, onu “istedadsızsan” deyə ora qoymayıblar. Gedib işləyib, səfalət içində yaşayaraq rəsmlər çəkməkdə davam edib, inadla yenidən həmin məktəbin qapısını açıb, yenə də onu qəbul etməyiblər. Gedib teatrda dekorasiyalar çəkən, sərgilərə qatılan Kazemir tədricən rəssam kimi tanınıb, vaxt gəlib, “Qara kvadrat” rəsmini çəkərək dünyaca şöhrətlənib, varlanıb. Onun məşhur ikən sərgisinə bir vaxtlar məktəbə girməsinə imkan verməyən müəllimlər də gəlib təzim edərək əl çalıblar.
Baxın, həyat budur. Sən zəif ikən üstünə yeriyənlər sən güclənəndə qarşında təzim edirlər. Tanrı sizləri həmişə güclü etsin!
“Ədəbiyyat və incəsnət”
(19.12.2024)
Komitə sədri İtaliyada tanınmış soydaşlarımızla görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində tanınmış soydaşlarımız, həkim-kardioloq Bahar Yusifzadə və xoreoqraf, Əməkdar artist Mais Nuriyevlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Milan şəhəri üzrə sabiq koordinatoru, həkim-kardioloq Bahar Yusifzadə ilə görüşdə Azərbaycan diasporunun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə ona “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib. Pandemiya zamanı Bahar Yusifzadənin İtaliyada yaşayan soydaşlarımıza göstərdiyi qayğı, ümumilikdə Azərbaycanın təbliğində rolu yüksək qiymətləndirilib, ona uğurlar arzulanıb. Bahar Yusifzadə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib.
Lenyano şəhərində yaşayan, “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, xoreoqraf, Milanda "Aida" və "Orizon" Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru, Əməkdar artist Mais Nuriyev evində ziyarət edilib. Tanınmış xoreoqraf Mais Nuriyevin və həyat yoldaşı Nəzakət Nuriyevanın Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də İtaliyada diaspor fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm xidmətləri qeyd olunub. “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb.
Hər iki soydaşımız xaricdə yaşayan azərbaycanlıların Prezident İlham Əliyevin siyasətini daim dəstəklədiklərini vurğulayıb. Bundan sonra da İtaliya-Azərbaycan arasında ikitərəfli münasibətlərin və diasporumuzun inkişafına inam ifadə olunub.
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)
Sankt-Peterburqda Azərbaycan muğamı səslənib
Sankt-Peterburqda “Azərbaycan muğamı” adlı gecə təşkil olunub.
AzərTAC xəbər verir ki, Sankt-Peterburq hökumətinin, Azərbaycanın Baş konsulluğunun və Azərbaycan Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq Dövlət Akademik Kapellasında baş tutan konsertdə Əməkdar artist Təyyar Bayramovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin nümayəndələri çıxış ediblər.
Gecədə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Azərbaycan və Rusiya Xarici işlər nazirliklərinin rəsmiləri, Sankt-Peterburq hökumətinin üzvləri, Rusiyanın Şimal paytaxtındakı diplomatik korpusun nümayəndələri, MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibinin müavini Aydın Cəfərov, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı kursantlar, doktorantlar və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə tədbirin təşkilində göstərdiyi dəstəyə görə qubernator Aleksandr Beqlova və Sankt-Peterburq hökumətinə təşəkkürünü bildirib, əsrlər boyu xalqımızın ruhunu və yaradıcılıq gücünü əks etdirən unikal sənət növü olan muğamın Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib.
Anar Yusifzadə çıxışı zamanı muğamın təkcə Azərbaycan incəsənətinin deyil, ümumilikdə bəşəriyyətin musiqi xəzinəsinin incisi olduğunu, bu cür tədbirlərin Azərbaycan ilə Rusiya arasında, o cümlədən Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını, xalqlarımız arasında daha sıx əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına töhfə verəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konsert proqramına “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “Sarı bülbül” xalq mahnıları, “Azərbaycan oğluyam”, “Qarabağ”, “Yaşa, mənim xalqım” və Azərbaycan musiqi sənətinə aid bir sıra digər mahnılar daxil edilib.
Beynəlxalq Muğam Mərkəzinin nümayəndələri Rusiyada Azərbaycan mədəniyyətinin təbliğində göstərdikləri xüsusi xidmətlərə görə Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin fəxri diplomu ilə təltif olunublar.
Tədbir çərçivəsində Sankt-Peterburq Dövlət Akademik Kapellasının qalereyasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin mədəni-tarixi abidələrinin və Bakı şəhərinin fotosərgisi keçirilib. Həmçinin Azərbaycan milli musiqi alətləri və xalçaları nümayiş olunub, milli mətbəximizin nümunələri təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)
Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib - ADİL KƏRİMLİ TOPLANTIDA İŞTİRAK EDİB
Dekabrın 18-də İtaliyanın Roma şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib. Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, toplantıda əvvəlcə beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib, sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Toplantıda Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin incəsənət və mədəniyyət xadimlərini Romada görməkdən məmnunluğunu ifadə edib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında tədbirdə iştirak edən şəxslərin hər birinin mədəniyyətimizin müxtəlif sahələri üzrə xüsusi nailiyyətləri ilə seçilən, onun təbliğinə töhfə verən, harada yaşamasından asılı olmayaraq, Azərbaycan milli kimliyinin daşıyıcıları olan dəyərli həmvətənlərimiz olduğunu bildirib.
Nazir qeyd edib ki, bu şəxslərin Azərbaycanın və zəngin mədəniyyətinin təbliğinə verdiyi töhfələr, Vətənə bağlılıqları təqdirəlayiqdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva toplantıda iştirak edən mədəniyyət elçilərinin Azərbaycanın zəngin mədəni irsinin təbliğində müstəsna xidmətlər göstərdiyini bildiriblər.
Daha sonra toplantıda Azərbaycan mədəniyyəti və incəsənətini xaricdə təbliğ edən görkəmli şəxslərin çıxışları dinlənilib.
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)