Super User

Super User


 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Əhərdə yaşayan Xan Sənəmdir.

 

 

Xan Sənəm

Əhər

 

III

Durağın saatı beşi göstərir,

Hələ beş yarıma neçə il qalır.

Bu cansız saatın işinə bax sən,

Bir sürü canlıdan necə can alır!

 

Gözləmək insanın nəfəsin kəsir,

Asılı boyunu ip kəsən kimi.

İntizar canımdan elə kam alır,

Macal da vermir ki, içəm çayımı.

 

Hayanda qaldı bəs bu qatar allah?

Söylənə-söylənə içini yeyir.

Yolunu gözləyir əsgər oğlunun,

Bağrına basdığı o şəkil deyir.

 

Hayanda qaldı bəs... Bu harasandır,

Buğların çeynəyib, əllərin ovur.

Sevgi dolu gözləriylə amansız,

Amana yol sürən saatı qovur.

 

Hayanda qaldı bəs bu qatar... Mənəm,

Bu səfər mənəm ki... Gəldi, gəldi, gəl...

İzdiham içində ha boylanıram,

Nə bir tanış düşür, nə qalxır bir əl.

 

Yenə də gəlmədin, gəlməyəcəksən,

Əh bu köynəyin də yaxası dardı!

Ümidimin qalan son parçasın da,

Qatardan son düşən adam apardı.

 

Adamlar, həyəcan, duraq, çay, masa,

Bu sayaq başıma fırlanırdı yer.

Biri: “Çayınızı dağıltdım bağış...”

Mənim dünyam idi dağıldı, boş ver!

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanacaq. Rubrikanı Aysel Kərim aparır.

 

Əvvəl sənətkarlar sənətini televiziyada nümayiş etdirirdi. Tanınmış sənətçilər çox az idi. İndi gənclər sənətə demək olar ki, birbaşa sosial media üzərindən gəlirlər. Paylaşımlarını reklam edərək milyonlarla insanın önünə çıxmaq şansına sahibdirlər. Tez zamanda tanınmağı, ifalarını tanıtmağı asan bacarırlar. Siz o dövrü, yoxsa indiki dövrü qiymətləndirirsiniz? Dünya səhnələrində ifa nümayiş etdirmiş sənətkar olaraq müqayisələriniz çox maraqlıdır.

Bəli, əvvəl sənətkarlar sənəti televiziyada nümayiş etdirirdilər. Sizinlə tamamilə razıyam. Mən desəm ki, o zamanı sevirəm. O zaman da sosial şəbəkələr yox idi. Yəqin ki, olsaydı o cür olmazdı və bu gün var deyə bu dəyişim, fərqlilik özünü göstərir. Alim Qasımov danışır ki, “ xatırlayıram  gənc idim rəhmətlik böyük tarzənimiz Hacı Xanməmmədov televiziyaya müraciət edib ki, “istedadlı gənc xanəndəmiz var adı Alim Qasımovdur. İstəyirəm onunla çahargah dəstgahı yazdırım” deyib amma onun bu müraciətinə müsbət cavab gəlməyib” Baxmayaraq ki, bunu Hacı Xanməmmədov deyib yenə də atamın yaşının gənc olmağına görə heç onun istedadını ölçmədən  icazə verməyiblər. Əgər o vaxt icazə versəydilər belə yadigar bir əsər olardı. Çox təəssüf ki, razı olmayıblar. Amma o zamanın da böyük bir dəyərləri onda olub ki, məsələn bizim on xanəndəmiz olubsa elə onu da öz möhrünü vurmuş, tarixdə qalmış sənətkarlar olub. Onlar öz güclərinə xalqın ələyindən keçib televiziyada, istər radioda özlərini doğrulda-doğrulda, sevdirə-sevdirə gəlib böyük sənətkarlara çevriliblər. İndinin özündə onların böyük səsini biz tv-də üzlərini görməsək də bilirik ki bu hansı xanəndəmizdir. Rübabə xanım Muradovadır, Tükəzban xanım İsmayılovadır, Sara xanım Qədimovadır, Şövkət xanım Ələkbərovadır və.s həmçinin eynilə də kişi xanəndələrimiz olsun. Amma bu gün sosial şəbəkənin inkişaf etdiyi bir dövrdə bəzən biz kimlərisə adi ötürürük. Tanısaq da belə, ona sənətçi kimi baxmırıq. Yaxud oxuyan kimi kanalları çeviririk, hansınısa sevirik hansınısa sevmirik. Ancaq o zamanlar isə bütün sənətkarlar o qədər dəyərli idi və sevilirdilər ki, hərəsi bir sənət, bir tarix, bir əsər idi. Bu gün isə yüz və iki yüz oxuyanın içindən üç-dörd dənə sənətkar var ya da yoxdu, amma hamısı axına düşüblər. O bir məsəl var deyir “palaza bürün elnən sürün” Hamı o selin içində axıb gedir, inanın. Bu, əlbəttə çox üzücü və kədərlidir.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

«İnsanlar sənə uğursuz olacağını və ya kifayət qədər uğurlu olmayacağını dedikləri zaman ayaqlarını yerə daha möhkəm bas, güclü ol və səni məhv etmələrinə icazə vermə. Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».

Mayk Cordan

 

Heç vaxt düşünməyin ki, siz heç nəyə qadir deyilsiniz. Valideynlər, heç vaxt övladlarınıza deməyin ki, «səndən bir şey çıxmayacaq». Uğur libası ölçüsüz olduğundan, o, hər kəsin ölçüsünə uyğun gələ bilər. Yetər ki, onu geyinmək istəyi olsun.

İdmanda uğur qazanma etalonlarından biri sayılan məşhur amerikalı basketbolçu Maykl Cordanın yuxarıda qeyd etdiyim kəlmələrini çox bəyənirəm və onu uğur qazanmağa çalışan gənclərə bir örnək heçab edirəm.

İlk dövrlərdə uğurun həmişə ondan yan keçdiyindən üzülən, amma içindəki inam hissinə öz hədsiz çalışqanlığı və məqsədyönlülüyü ilə təkan verən Maykl Cordan sonradan dünya basketbol tarixinin ən yaxşı müdafiəçisi, ikiqat Olimpiya, altıqat NBA çempionu oldu, basketbolun dünyada populyarlaşmasında əvəzsiz rol oynadı. Təsəvvür edin, 1984-cü ildə Nike firması məhz Maykl üçün Air Jordan adlı idman ayaqqabısı hazırladı ki, indi Air Jordan böyük satış həcminə malik məşhur bir brendə çevrilib. Bu gün bu şəxs Oakley Inc. kompaniyasının rəhbəri, «Şarlott Xornets» basketbol klubunun sahibidir. Haqqında hətta film də çəkilib, Çikaqo şəhərində abidəsi də qoyulub.

Özünəinam bir görün nələrə qadirmiş!

Heç vaxt uğurlu insanlara uğurun qızıl nimçədə qismət olmasını da düşünməyin. Bütün zirvəyə gedən yollar daşlı kəsəklidir, şümal, rahat yola əsla rast gəlinməz.

Bəşər elmində ən cahanşümül nailiyyətə imza atan Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn 4 yaşına kimi danışa bilmir, 8 yaşına kimi oxumağı belə bacarmırdı. Dahi Ziqmund Freyd ilk dəfə alimlərə öz nəzəriyyəsini açıqlayarkən itələyib onu səhnədən qovmuşdular. XX yüzilliyin ən nəhəng siyasi lideri Uinston Çörçil yalnız 65 yaşında rəhbər posta gəlmiş, baş nazir kürsüsünə yiyələnə bilmişdi. Dəfələrlə tennis üzrə Devis Kubokuna layiq görülən Sten Smiti yeniyetməliyində yöndəmsiz adlandırıb tennis oynayanların toplarını daşımağa belə layiq bilməmişdilər. Amerikalı ulduz müğənni Bruno Mars uzun müddət istedadsız sayılır, uğur qazana bilmirdi, ailəsi ilə tavanı və döşəməsi olmayan evdə yaşamışdı. Dünya avtomobil sənayesinin ən nəhəng siması Henri Ford ilk dönəmlərdə gücünü fermer təsərrüfatında sınamışdı və qurduğu təsərrüfat tam iflasa uğradığından yarıtmaz adını almışdı. Məşhur Bakı milyonçusu Seyid Mirbabayev uzun illər müğənnilik etmiş, kasıbçılıq çəkmişdi. Dünyaca məşhur Lev Tolstoyu oxuduğu universitetdən dərslərə hazırlıq səviyyəsinin aşağı olması səbəbindən qovmuşdular. Frans Kafka və Vasiliy Rozanov isə ümumiyyətlə, sağlıqlarında gördükləri işin – yazıçılığın və filosofluğun bəhrəsini görməmiş, layiq olduqları qiyməti ala bilməmiş, ehtiyac içində, səfalətdə, ağır xəstəlik keçirərək dünyalarını dəyişmişlər. Yalnız ölümlərindən illər keçəndən sonra onların əsərləri əl-əl gəzmiş, dillər əzbəri olmuşdu.

Bütün uğur hekayətləri müxtəlif olsa belə, onların hamısında əvvəldən sonadək iki personaj iştirak edir: İnam və qətiyyət!

Mən əbəs yerə kitabın bu bölməsini ünlü Maykl Cordanın epiqrafı ilə başlamadım ki. Necə gözəl səslənir: «Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».

Mən özüm də nə vaxtsa sıfırdan başlamışam və o vaxt nə davranış qaydaları, nə işgüzar danışıqların aparılması, nə də bu yolda necə hərəkətə başlamaq barədə təsəvvürüm belə yox idi. İşə ciblərim boş halda, yalnız müstəqil və azad olmaq, heç kəsdən asılı olmamaq arzusu ilə başlamışdım. Ən əsası, özümə inanır və qətiyyətli idim!

Siz də qətiyyətli olun. Onda mütləq bacaracaqsınız. Özü də uğurla bacaracaqsınız!

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Sovetlər dönəmində azərbaycanlılar elliklə Rusiyaya axışır, ordan qazanırdılar. Xüsusən də həmyerlilərimiz Rusiya bazarlarında piştaxta arxasında özlərini rahat hiss edirdilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə vətəndaşlarının iş üçün ən çox üz tutduqları ölkələr bu dəfə Rusiya ilə bərabər, həm də Türkiyə oldu. Amma indi vəziyyət xeyli dəyişib. “Ədəbiyyat və incəsənət” portalının bəhs edəcəyi növbəti mövzu da məhz elə bu barədədir.

 

Son illər soydaşlarımız məşğulluqla bağlı pblemlərini Çexiya, Slovakiya, Polşa kimi ölkələrdə - keçmiş socialist düşərgəsind həll etməyə başlayıblar. Son nəticədə indi adları çəkilən Avropa ölkələrində minlərlə azərbaycanlı işləyir, diasporumuzu formalaşdırır. Bəs vətəndaşlarımız Avropaya işləməyə hansı şərtlərlə gedirlər?

 

İşədüzəldən şirkətlər vasitəsilə

 

Avropada işləmək istəyənlər bunu həm özləri, həm də vasitəçi şirkətlərin xətti ilə reallaşdıra bilərlər. Birinci halda vətəndaşlar turist qismində "köhnə qitə"yə səfər edə, orada iş tapa və əmək münasibətlərini yerindəcə rəsmiləşdirə bilərlər. İkinci halda isə işi Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər tapır və işləmək istəyən şəxslərdən sənədləri yığaraq Avropaya göndərir, lazımi prosedurlardan sonra işçi vizası düzəldir və bunun müqabilində xidmət haqqı alırlar. Amma bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Nəzərə alınmalıdır ki, bazarda olan şirkətlərin çoxunun Avropada yerləşən və işçiyə ehtiyacı olan müəssisələrlə rəsmi əməkdaşlığı yoxdur. Şirkətlər daha çox vakansiyalar barədə məlumatları hansısa yollarla əldə edir və görə biləcəyiniz işləri sizin əvəzinizdən onlar görürlər.

 

Rəsmi dəvət məktubu ilə

 

Bununla belə, işçi qüvvəsinin beynəlxalq miqrasiyası ilə peşəkar şəkildə məşğul olan şirkətlər də var. Onlardan birinin rəhbəri Elməddin Əliyev deyir ki, Avropada işləmək üçün ən vacib məsələ işəgötürəndən rəsmi dəvət məktubunun əldə edilməsidir:

"Bunun üçün Avropada işləmək istəyən şəxslərin sənədləri toplanılaraq işəgötürənə göndərilir və dəvətnamə hazır olana qədər bu məsələ nəzarətdə saxlanılır. Dəvətnamə gəldikdən sonra isə vətəndaş viza üçün növbəyə yazılır. Bu prosesin müddəti ölkələrdən asılı olaraq dəyişir. Məsələn, Slovakiyaya iş üçün müraciət edən şəxslərin sənədləri iki-üç ay ərzində hazır olur. Buradakı iş və maaş barədə öncədən vətəndaşlara məlumat verilir. Dəvətnamə gəldikdə isə artıq onun üzərində vətəndaşın yaşayacağı ünvan da qeyd olunur. Çünki yaşayış ünvanı olmadan viza almaq çətinləşir. Vətəndaşı Slovakiyada qarşılayan olmasa da, o, həmin ünvanı xəritədən taparaq özü yerinə çata bilir. Slovakiyaya ailə ilə getmək istəyənlər də müraciət edə bilərlər. Burada proses iki mərhələli olur. Öncə ailə üzvlərindən biri, daha sonra isə digəri Slovakiyaya göndərilir. Ər-arvad birlikdə getsələr, onların ikisinin də işləməsi mütləqdir (zavodlarda ailəvi işləyənlər var). İşə düzəlmək üçün hər iki şəxs xidmət haqqı ödəyir. Həmin məbləğə viza rüsumu, sığorta pulu, dəvətnamə, vakansiya və zəmanət məktubu daxildir".

 

Çexiyadakılar

 

Çexiyada həmyerlilərimiz çoxdur və mütləq əksəriyyət iaşə sistemində çalışır. Restoran və kafe açaraq şəxsi sahibkarlıq edənlər də var, onun-bunun obyektində çalışanlar da. Turistik məkanlarda xırda-xuruş satanlar, küçələrdə canlı reklamçı olaraq turistləri restoranlara, turistik marşrutlara dəvət edənlər olduqca çoxdur.

Elə bu yerdə xatırladaq ki, Avropaya ilk olaraq azərbaycanlılar Almaniyada kütləvi iş tapmış, mövsümi albalı yığımında iştirak etmişdilər. Almaniyadan maşın daşımaq və Polşadan ərzaq gətirməklə başlayan mövsümi işlərimizə bu albalıyığma nisbətən masştablı və əhatəli şəkildə əlavə edilmişdi.

Praqda hətta “Bakı” restoranı da var. Küşələrdə dilimizdə danışıq eşidəndə əsla təəccüblənməməlisiniz.

İaşədən şaxələnmələr də baş verir. Məsələn, bir tanışımız var, “Şkoda” avtomobil konsernində konveyer çalışdırıcısıdır, aylıq 4500 avro qazancı var.

 

Polşadakılar

 

Polşa da azərbaycanlıların iş üçün maraq göstərdiyi ölkələrdəndir. Amma burada iş yerləri, əsasən, zavodlardadır, fiziki əmək tələb edən işlərdir. Polşada işləyən Nizami Namazov deyir ki, belə işlərin hər saatına görə ən yaxşı halda 20 zlot (7 manat), əksər hallarda isə 12-15 zlot (4-5 manat) ödəniş edilir. Yəni hər gün 10 saat işləyən adam gündəlik minimum 120 zlot (42 manat), maksimum isə 200 zlot (70 manat) qazana bilər.

"Beləliklə, zavodda işləyirsənsə, ev kirayəsi daxil olmaqla ayı 3000-5000 min zlot (1000-2000 min manat) gəlirlə başa vurmaq olur. Mənim isə Polşada işim İT sahəsi ilə bağlıdır və internetdən tapmışam. Burada yerli dili bilmək üstünlükdür. Amma mən daha çox ingilis dilindən istifadə edirəm. Xərclərə gəlincə isə, burada evin kirayəsi kommunal ödəniş daxil olmaqla azı 1200 zlot (420 manat) xərc tələb edir. İctimai nəqliyyatda birdəfəlik gediş haqqı 4-6 zlot (1-2 manat) təşkil edir. Amma tələbələrə 74 zlota (26 manata) aylıq kart verilir. 30 Gb-lıq internet paketi üçün isə 30 zlot (10 manat) ödəmək lazımdır", - deyə həmsöhbətimiz bildirir.

N.Namazov işi ilə bağlı Çexiyada da tez-tez olur. Onun sözlərinə görə, bu ölkədə də məşğulluqla bağlı şərtlər, demək olar ki, Polşadakı kimidir:

"Baxmayaraq ki, bir çox azərbaycanlılar deyirlər ki, Çexiyada iş tapmaq Polşadan asan və gəlirlidir, amma orada qiymətlər buradan yüksəkdir".

 

Yekun

 

Ölkədən beyin axını müstəqilliyin ilk illərində çox yüksək həddə idi. Alimlər, müəllimlər, musiqiçilər, idmançılar kütləvi halda özlərinə daha yüksək məvacibli ölkələr axtarışında idilər.

Amma indi əmək miqrasiyası beyin yox, əzələ, güc axını şəklini almaqdadır. Bizim insanlar Avropada hazırda çox ucuz işçi qüvvəsidir. Həmin o çex, polyak sahibkar özününkünə verəsi olduğu pulun beşdə birini bizimkilərə verib də onların əməyini istismar edir.

Əslində, bu heç istismar da deyil. Bizimkilər bu puldan xoçbəxt olurlarsa, demək, avropalı sahibkarlar savab iş tuturlar.

“Ədəbiyyat və incəsənət” mövzunu davam etdirəcək.

 

 

 “Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində gənc yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunub.

 

AzərTAC xəbər verir ki, səhnə əsərində rolu “Şöhrət” ordenli, Xalq artisti Şüküfə Yusupova canlandırıb.

 

Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmməmdov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

 

Psixoloji dram janrında qurulan tamaşa müharibədə oğlunu itirmiş ananın həyatından bəhs edir. İllər öncə gənc alim qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Hətta körpəni belə bu ağaca bənzədir. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. Oğlunu şəhərdə böyüdür. Həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının bəhs etdiyi həmin ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.

 

Müəllif əsəri müharibədə oğlunu itirmiş analara ithaf edib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

Əziz oxucularımız. Bu gün yazı yazmaq o qədər arxaikləşib ki, yeniyetmə və gənclərimiz elementar yazışma qaydalarını belə unudublar. Bu xoşagəlməz tendensiyanın qarşısını almaq üçün “Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondu  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihə icra edir. İkinci ildir ki, layihə nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarır, onların ədəbiyyata olan marağına diqqət yönəldir. 

Layihədə ara-sıra çox parlaq məktəblilər gözə dəyir. Onlardan biri də 2 nömrəli texniki-humanitar liseyin 11-ci sinif şagirdi Toğrul Tağıyevdir. 

 

Tağıyev Toğrul Firavan oğlu 2014-ci ildə Səbail rayonu 162 nömrəli tam orta məktəbin 1- ci sinfinə daxil olub. 2018-ci ildən etibarən təhsilini Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə davam etdirir. Hal-hazırda 11-ci sinif şagirdidir. 

Oxuduğu müddət ərzində məktəbin tədbirlərində, fənn müsabiqələrində və olimpiadalarında iştirak etmiş, bir çox nailiyyətlər əldə etmişdir. Bunlara misal olaraq, 2019-cu ildə “100 Saat Astronomiya” gününə həsr olunmuş yaradıcılıq müsabiqəsində fəal iştirakına görə sertifikat qazanmış, 2020-ci ildə Con Fon Neyman adına Beynəlxalq Riyaziyyat Olimpiadasında həvəsləndirici yerə layiq görülmüş, 2021-ci ildə keçirilmiş Məktəblilərarası Vl Fənn Müsabiqələrində biologiya fənni üzrə bürünc medal qazanmışdır. 2023-cü ildə “İntermediate” ingilis dili səviyyəsini qazanmışdır. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak edərək Beynəlxalq Biologiya Olimpiadasına (IBO) hazırlaşmışdır. Məqsədi Azərbaycan Tibb Universitetində təhsil alıb vətəninə layiqincə xidmət etməkdir. 

Asudə vaxtlarımda futbol və şahmat oynamağı xoşlayır. Hazırda lll dərəcəli şahmatçıdır.

Amma onun ən fitri istedadı həm də gözəl qələmə sahib olmasıdır. Biz Toğrula uğurlu yol arzulayır, gələcəkdə həkim olsa da qələmini publisistikada aradabir sınamasını tövsiyyə edir, onun valideyinlərinə, müəllimlərinə isə belə bir yeniyetmə yetişdirdikləri üçün afərin deyirik. 

Toğrulun layihəyə yolladığı essesini bir daha oxuculara təqdim edirik. 

Var ol, Toğrul!

 

ESSE

“VAXTI NECƏ İDARƏ ETMƏLİ”

                                     

“Zamanın idarəsi yoxdur, özünü idarə vardır” deyib yazıçı Rory Vaden. Bu ifadə ilə tanış olduqdan sonra “əslində zamanın idarə olunması anlayışı, həqiqətən, yanlışdır” deyə düşündüm, çünki biz saatın əqrəblərini tutub zamanı saxlamaq qüdrətinə malik olmadığımızdan zamanı deyil də, əslində özümüzü idarə etməliyik. Buna görə də “zamanımı necə idarə edə bilərəm?” düşüncəsini “özümü necə idarə edə bilərəm ki, günüm daha səmərəli və məhsuldar keçsin?” fikri ilə əvəz etdim.

İlk növbədə “Zaman su kimi axıb keçir”, “Saatlar elə tez keçir ki, heç fərqində olmuram” , “Heç nəyə vaxtım çatmır” kimi ifadələrlə əslində özümə bəraət qazandırdığımı dərk edib onlardan əl çəkdim. Çünki hər dəfə vaxtım yoxdur deyəndə  mövcud zamanı da əldən verdiyimi anladım. Vaxt, insan həyatının ən dəyərli sərvətlərindən biridir. O, nə geri qaytarıla bilər, nə də artırıla bilər. Hər kəs kimi eyni miqdarda vaxta-24 saata sahib olduğum halda, bu zamanı necə keçirməyim həyatımın keyfiyyətini və uğurlarımı müəyyən edir. Buna görə də vaxtı səmərəli idarə etmək həm şəxsi inkişafım, həm də gələcək hədəflərim üçün vacibdir.  

Vaxtın səmərəli idarə edilməsi üçün ilk addım planlaşdırmadır. Əgər bir insan gündəlik işlərini planlaşdırarsa, həm işlərinin öhdəsindən daha asan gələ bilər, həm də özünə daha çox boş vaxt ayıra bilər. Məsələn, dərslərini vaxtında hazırlayan bir şagird həm yaxşı nəticələr əldə edir, həm də istirahət üçün kifayət qədər vaxt tapır. Ona görə oyanan kimi ilk işim günümü planlamaq olur ki, günüm daha səmərəli keçsin.

Digər tərəfdən, vaxtın boşa xərclənməsi insanı həm fiziki, həm də mənəvi yorğunluğa gətirib çıxara bilər. Müasir dövrün ən böyük vaxt israfçılarından biri sosial mediadır. Saatlarla mənasız videolara baxmaq və ya lazımsız müzakirələrə qoşulmaq həm vaxt itkisi, həm də enerji bitkinliyi yaradır. Buna görə də sosial medialarda keçirdiyim vaxtı minimuma endirib əvəzində daha çox kitab oxumaq, yeni bacarıqlar öyrənmək və ya idmanla məşğul olmaq kimi məhsuldar fəaliyyətlərə vaxt ayırmağa çalışıram.   

Vaxtın düzgün idarə olunması həm də balanslı həyat üçün vacibdir. İnsan yalnız işləmək və ya oxumaqla deyil, ailəsinə, dostlarına və hobbilərinə də vaxt ayırmalıdır. Bu həm ruhən rahatlıq gətirir, həm də insanın daha motivasiyalı olmasına kömək edir. Vaxt bölgüsünə nəzarət etməyə başlayandan sonra həm ailəmə vaxt ayırır, həm də dostlarımla şahmat, futbol kimi sevimli oyunlarımı oynaya bilirəm. 

Araşdırılmalar əsasında müəyyən olunmuşdur ki, vaxt itkisinin ən böyük səbəbi dağınıqlıqdır. Buna görə də, hər zaman evimizi və ya öz otağımızı səliqəli saxlamalıyıq. Hər bir əşyamızın bir yeri olmalıdır ki, onu axtarmaq vaxt itkisinə səbəb olmasın. Bu mənim öz həyatımda yer ayırdığım ən önəmli nüansdır, çünki deyilənə görə otağımız öz beynimizin içini təmsil edir. Əgər otağımız dağınıqdırsa, bu beynimizdəki fikirlərin də qarışıq və işlərimizin plansız olması deməkdir.

Son zamanlara qədər universitet qəbul imtahanına hazırlaşmaq üçün özümdə inkişaf etdirmək istədiyim ən birinci bacarıq, zamanı idarə etmək qabiliyyəti idi. Çünki bir dəfə dərs zamanı müəllimimiz verdiyi tapşırığı yerinə yetirmək üçün bizə saniyəölçənlə vaxt təyin etdi, bir anlıq bütün bildiklərimi unudub, sadəcə zamanın axıb getdiyinə və bu zaman çərçivəsində heç nə edə bilməyəcəyimə dair həyəcana qapıldım. Nəticə mənim üçün heç də ürək açan olmadı, onda müəllimimin dediyi söz mənim üçün unudulmaz oldu: Zamanı idarə edə bilməyənlər həyatlarını idarə edə bilməzlər!

Bu zaman anladım ki, bütün məqsədlərimi və xəyallarımı gerçəkləşdirmək üçün ehtiyacım olan sadəcə çox çalışmaq deyil, həm də zamanı səmərəli istifadə edərək, onu idarə etməyi öyrənməkdir. Bunun izlədiyimiz bir filmdə çox daha yaxşı başa düşdüm.

"Vaxt" adlı bu film 2011-ci ildə çəkilmiş elmi-fantastik janrda olub, insan həyatının "vaxt"la ölçüldüyü distopik bir dünyanı təsvir edirdi. Bu filmdə hər kəsin qolunda bir sayğac var və bu sayğac onların həyatının sonuna nə qədər qaldığını göstərir. Pulun əvəzinə vaxt əsas valyutadır – işləyərək vaxt qazanmaq, yaxud vaxtı sərf etmək mümkündür. Bir növ insanlar vaxtlarını sərf edərək həyatda qalmağa çalışır, yemək və ya pul qazanırdılar. Əlbəttə, filmdə ən varlılar ən çox zamanı olanlar idi. Bu film mənə əslində zamanın nə qədər qiymətli olduğunu, zaman varkən görülə biləcək hər şeyi planlı və ardıcıl etməyim gərəkdiyini bir daha göstərmiş oldu. Çünki zaman bu dünyada geri dönüşü olmayan və əvəzedilə bilməyən yeganə sərvətdir.

Nəticə olaraq bunu demək istəyirəm ki, vaxtı səmərəli idarə etmək həyatımızın hər anını dəyərli etmək deməkdir. Biz vaxtımızı necə istifadə ediriksə, gələcəyimiz də elə formalaşır. Vaxtın qədrini bilən insanlar həm özləri ilə, həm də ətrafdakılarla daha harmonik bir həyat yaşayırlar. Hər birimiz vaxtımızı daha yaxşı dəyərləndirmək üçün addımlar atmalıyıq, çünki zaman həyatımızın ən qiymətli sərvətidir.

 

Şəkildə: Toğrul Tağıyev təhsil aldığı liseyin direktoru Turanə Məcidli ilə. 

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Haqverdiyev və Borxes! Hər ikisində mistika güclüdür. İkisi də roman yazmayıb. Hər ikisi roman qədər dolumlu hekayələr müəllifidir.

2.

Sosrealizmin zahiri təntənəsi və daxili fəlakəti dramatik bir dövrün bu gün bizə bəzən eybəcərlik kimi görünən mənzərəsini yaratdı. Bu eybəcərlik ilk növbədə “bütləşdirmə” adlandıra biləcəyimiz mexanizm ilə hərəkətə gətirilirdi.

3.

“ Kitabi-Dədə Qorqud” dastanı Mifdən Yazıya keçid ideyasını həyata keçirən ədəbi vasitədir. Bu onun hər bir hüceyrəsində özünü göstərir.

4.

Mifin üslubu Sözdür. Yazının üslubu Cümlədir.

5.

Bəziləri tutublar ki, “Yarımçıq əlyazma”da bu söz belə olmalı idi, olmadı, o söz elə olmalı idi, olmadı… Bir kəlmə ilə cavab verirəm. Yoxdu söz! Var Söz! Var mahiyyətlər dünyası! Mənim üçün vacib olan çiynimi dilə söykəyib ondan o tərəfə - mahiyyətlər dünyasına baxmaq, onun siluetini oxucu təsəvvüründə canlandırmaq cəhdidir. Ortada “kon”a qoyulmuş mahiyyətlər dünyası varsa, dil nahamvarlıqları məni düşündürməz!

6.

Mifin Dastandakı və eləcə də bütün Azərbaycan ədəbiyyatındakı səlahiyyətli səfiri Dədə Qorquddur

7.

Peyğəmbərin yaranmasının şərti o deyil dir ki, işıqlı bir adam meydana çıxmalıdır. Əsas şərt odur ki, bu işıq qaranlıq kütlənin fonunda parlasın.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

Cümə axşamı, 19 Dekabr 2024 13:31

“Azalya və saatlar” - NAĞIL

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

“Çıq...” “Çıq...”  “Çıq...” 

Azalya ətrafa boylandı.  Qonaq otağındakı xalçanın üstündə oturub  tutuquşu  rəsmini boyayırdı. Bir əlində yaşıl, o biri əlində qırmızı karandaş vardı. Sarı ilə narıncı karandaşlar  qatlanmış sol dizinin dibindəydi. Qara karandaş  uzatdığı sağ ayağının böyründəydi. O biri karandaşlar isə hələ qutularındaydı. Və bu gözəl məşğuliyyətin ortasında Azalyanın qulağına çıqqıltı səsi gəlmişdi. Haradan gəlirdi bu səs? 

 

Azalya ayağa qalxdı. Divana söykənib divar saatına baxdı. Yox, çıqqıltı səsi divar saatından gəlmirdi. Bəs bu səs haradan gəlirdi? Əllərindəki yaşıl və qırmızı karandaşlara baxdı, onları elə divanaca qoydu, başladı evi dolanmağa. Hara gedirdisə, o çıqqıltını eşidirdi. Amma... Hə, hə, yataq otağında çıqqıltı səsi az eşidilirdi. Mətbəxdə də uzaqdan gəlirdi çıqqıltı. Azalya yenidən qonaq otağına qayıtdı. Xalçanın üstündə-rəngləmə albomunun yanında dayandı. Qaşlarını düyünlədi. Bu dəfə hər çıqqıltı səsi ona ayrı cür gəldi. 

-“Çıq...Çıq-çıq-çıq...”

-“...I...Çıq...”  “...I...Çıq”

-“Çık-çık!” “Çııık”.  “Çık-çık!” “Çııık”.  

Azalya yenə divar saatına baxdı. Divar saatı bu dəfə hiyləgərliklə gülümsəyirdi. Azalya ondan soruşdu: 

-Ay divar saatı,  bu çıqqıltılar haradan gəlir? 

Divar saatı qaşlarını oynatdı, əqrəblərini  titrətdi. Dedi: 

-Gəl, hər şeyi lap əvvəldən izah edim sənə. Mənim adım “Xala saat”dır.  Sən lap balaca olanda - bələkdə olanda mən sənə baxırdım. Çalışırdım ki, səsim çıxmasın. Axı  körpələr yatanda hamı sakit olmalıdır. Eləcə də, bu evdəki bütün bacımuşaqlarına tapşırdım ki,  özlərini yaxşı aparsınlar. Səs çıxarıb səni narahat etməsinlər. İndi sən böyümüsən deyə, onlara icazə vermişəm səs çıxarmağa. 

-Nə? Bu evdə hələ sənin qohumların da var? 

-Oooo... Düz üç dənə!

Azalya təəccübdən bilmədi neyləsin. Balaca ayaqlarının birini qaldırıb-birini qoydu, sağ əlinin şəhadət barmağıyla sol əlindəki barmaqları, sol əlinin şəhadət barmağıyla sağ əlindəki barmaqları saydı. Sonra  incimiş halda soruşdu: 

-Yaxşı, ay Xala saat, bəs niyə indiyədək sənin bacınuşaqları heç gəlib mənimlə oynamayıblar? 

-Biz saatların oyuncağı zamandır, qızcığaz. Biz insanlar kimi əlimizə keçənlə oynamırıq, nə də özümüzdən oyun uydurmuruq. 

-Zaman? Onu haradan alırsınız? 

-Almırıq. Biz zamanı satırıq insanlara. Özü də çox baha qiymətə. O qədər baha ki, onun qarşılığını insan yalnız yaxşı əməllə, gözəl işlərlə ödəyə bilər. 

Azalya xalçanın üstündə var-gəl etməyə başladı. Çalışdı ki, ətrafa səpələnmiş oyuncaqlarından heç birini ayaqlamasın. Otağa azacıq sükut çökdü. Və yenidən çıqqıltı səsi ətrafı bürüdü. Azalya bir də dikəldi Xala saatın qarşısında: 

-Hanı sənin qohumların? Harada gizləniblər? Niyə çıqqıldayırlar? 

-Suallarını bir-bir versənə, qızcığaz! –Xala saat hökmlə dedi. 

-Hamısını birdən verdim suallarımın, sən də hamısını birdən cavablandır! 

Xala saat qəşş elədi: 

-Hə, gözəl qız! Sən mənim yadıma ədəbiyyatın ən sehirli saatsazını saldın. Onun adı Zəkəriyyə ustadır. Əgər biz onun əlinin sehrinə sadiq qalsaydıq, indi insanların əlində qurulmazdıq... Nəysə... Qəşəng Azalya, verim də sənin suallarının cavabını.  Qohumlarım gizlənməyiblər, anan onları dolabın siyirməsinə qoyub ki, tozlanmasınlar. Çıqqıltılar onların nəğmələridir. 

-Hamısı eyni nəğməni oxusun də! Hərəsi ayrı cür çıqqıldayır! 

-Hə, düz tapdın! Biz saatların hərəmizin öz nəğməsi olur. Çünki hamımız eyni zamanı göstərsək də,  o zaman kəsiyi insan ömrünə fərqli anlamlarla yazılır. Ona görə biz saatların nəğmələri ayrıdır. Rəngimiz, ölçümüz, əqrəblərimiz eyni olsa belə, unutma, hər saatın öz nəğməsi, hər zaman kəsiyinin öz mənası olur. 

Azalya yüyrək özünü dolaba çatdırdı. Onun siyirməsini çəkdi.  Ağ, qırmızı və qızılı rəngdə üç qol saatı yan-yana düzülmüşdü. Azalya birinci ağ saatı əlinə aldı: 

-Salam, ay ağ saat. Nəğmən nədən bəhs edir? 

-Mənim nəğməm insanın ağ günündən danışır, gözəl qız! 

Azalya onu sığalladı, qaytarıb yerinə qoydu. Bu dəfə qırmızı saatı aldı balaca ovcunun içinə. Ona pıçıldadı: 

-Sən nədən oxuyursan? Hə? 

-Adi, bir-birinin eynisi olan günlərin içində insan özünə qırmızı günlər tapdı ki, həyatında fərqlilik olsun. O günlərin adına “bayram” dedi, “özəl gün” dedi. Mən həmin o qırmızı günlərin nəğməsinin carçısıyam. 

Azalya qırmızı saatı  öpdü... Qaytarıb qoydu yerinə və qızılı saata gülümsədi: 

-Gəl, gəl səni də əlimə alım. 

Qızılı saat Azalyanın barmaqlarının toxunuşuyla nazlandı. Rəqəmlərdən olan kipriklərinin arasındakı tək gözünü süzdürdü. Zümzümə edirmiş kimi, dedi: 

-Məənn... Məəən də  insaaanların xoşbəxtlikləriyləəəə bəzəəədikləri zamaaanın səəəəsiyəm!  Xooooşbəxtliyin əsl rəngiiiidir qızılı! 

Azalya onu bağrına basdı, güldü,  xoşbəxt oldu... Sonra qızılı saatı da yerinə qoydu. Amma siyirməni tam örtmədi ki, saatların səsi daha aydın eşidilsin. İndi o bilirdi ki, bir an içərisində insan həyatından bəhs edən bütün nəğmələri duymaq olur.  Və öyrənirdi ki, bu nəğmələrin cəmindən ibarətdir həyat...

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

 

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan ömrü sanki üç fəsildən ibarət bir hekayədir: hicran, həsrət və vüsal. Hər biri öz dərinliyi, iztirabı və xoşbəxtliyi ilə insan qəlbini sarmaşıq kimi bürüyür. Bu fəsillər nə qədər fərqli görünsə də, bir-birindən doğulur və bir-birinə möhtacdırlar. Hicran olmasa, həsrət yanğısı olmayacaq; həsrət olmasa, vüsalın şirinliyi duyulmayacaq.

 

 Hicran: ayrılığın zəhəri

 Hicran… Sanki insanın ömründən qoparılan bir parça. Bir ayrılıq, bir uzaqlıq, bəlkə də bir son. O, göz yaşları ilə suvarılmış bir torpağa bənzər. Sən ona ümid toxumu səpsən belə hər dəfə qara bir kölgə üstünə düşər və ürəyinin çırpıntılarını boğar.

Gözlənilmədən gəlir hicran. Səni hazırlıqsız yaxalayar, addımını yavaşladar, nəfəsini kəsər. Sanki qışın sərt şaxtasıdır – içindəki bahar nəfəsini dondurar. Qəfil bir baxışda, soyuyan bir əl tutuşunda, uzaqlaşan bir qədəmdə yaranır. Bir insanın səndən üz çevirməsi ilə yaranan boşluq əbədilik zənn etdiyin o məhəbbətin tabutunu daşıyar.

O anlarda insan həmişə düşünür: Axı bu belə bitməməli idi. Birlikdə qurduğumuz arzular, gəzdiyimiz küçələr, bir-birimizə dediyimiz sözlər… Bütün bunlar necə külə dönə bilərdi? Hicran özünün acı sükutu ilə bu suallara cavab verməz. O, sadəcə yaşadar, amma heç vaxt dindirməz. Gecələr pəncərənin kənarında yuxusuz qaldığında, şəhərin o tənha sükutunda, uzaqlarda qalmış səslərin xiffətində səni əzab içində boğar.

Hicran ağrıdı, amma içində bir təzə toxum cücərdir – həsrət.

 

Həsrət: könlün yanğısı

Həsrət – bir cüt gözün, bir nəfəsin, bir səsin yoxluğuna alışmamaqdır. Gecə-gündüz içində közərən bir od. Bu od nə yanar, nə də sönər; sadəcə insanı için-için yandırar.        Həsrətin dili yoxdur, amma hər an sənə danışar. “O haradadır? Səni xatırlayırmı? Qayıdacaqmı?”

Bir insanı sevdikdən sonra ondan ayrılmaq mümkündürmü? Görən həsrət bu suala cavabdırmı? Ayrı düşdüyün insan hər an zehnində, ürəyində yaşamağa davam edərkən sevgi necə unudula bilər? Bəzən küçədə ona bənzər bir simanı görərsən ürəyin əsər. Onun sevdiyi bir mahnı radioda çalınar, gözlərin dolub-boşalar. Qəlbində həmişə yarım qalan bir hekayənin izləri qalar. Çünki insan sevdiyini unuda bilməz, yalnız onun yoxluğuna öyrəşər.

Həsrət – əbədi bir ümidin adı da ola bilər. Çünki həsrətin sonu bir ümidlə yazılar: vüsal.

 

Vüsal: ümidin bəhrəsi

Vüsal – insanın cənnətidir. Bir zamanlar xəyalını belə qurmağa qorxduğun, əlçatmaz bildiyin o an. Onu görmək, onun səsini eşitmək, onunla eyni nəfəsi bölüşmək. İllərin ağrısı, gözləməsi, dilə gətirilməyən bütün arzular bu bir anın içində əriyər. Əllərinin bir daha buraxılmayacağı, baxışların həsrətlə dolmayacağı bir an.

O anlarda insan dünyanı unudar. Çünki vüsal insanın ürəyində bütün qapıları açar. Bir zamanlar boş görünən həyatı birdən-birə məna qazanar. Günəş daha parlaq doğar, külək daha xoş əsər, hər küncdə sevginin izi görünər.

Lakin vüsal heç də hər zaman tam olmaz. Bəzən arxasında köhnə yaraların kölgəsi qalır. Hicran və həsrətlə yoğrulmuş qəlb heç vaxt tam sağalmaz, amma vüsal yenə də onu dirçəldər. O qəlbə yeni bir nəfəs, yeni bir bahar bəxş edər.

 

Həyat: hər üç fəsil birlikdə

Həyat elə hicran, həsrət və vüsalın bir-birini izlədiyi bir səfərdir. Hər bir insan bu üç duyğunu bir gün yaşayar. Hicran insanı sınayar, həsrət onu yanğı ilə yoğurar, vüsal isə o yanğını söndürər. Amma həmişə belə bir sual var: “Həyatda hər kəs vüsala çata bilirmi?”

Bəlkə də vüsal əslində sevgilinin qayıdışı deyil. Bəzən insan öz içində vüsala çatar. O, keçmişini qəbul edər, sevgini içində yaşadar, və yaxud xoş xatirələrə bir gülüş bəxş edib yola davam edər.

Bu üç duyğu insana insan olduğunu xatırladar. Hicran səni sevginin qədrini bilməyə, həsrət səni ümid etməyə, vüsal isə səni yaşamağa öyrədər. Ən nəhayətində, həyatı mənalı edən də bu üç fəsildir. Hicran olmasaydı, sevginin dəyəri bilinməzdi; həsrət olmasaydı, insan ümid etməzdi; vüsal olmasaydı, ürəklər yenidən doğulmazdı.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

“Ədəbiyyat və incəsənət” portalı bu yaxınlarda premyerası olan “Azərbaycan Atabəyləri” filmi barədə Qoşqar Salmanlının məqaləsini təqdim edir. Böyük çətinliklə ərsəyə gələn, yalnız təşəbbüsçülərin formalaşdırdıqları kiçik büdcə ilə çoxmilyonluq filmlərdəkindən də canlı və inandırıcı döyüş səhnələri ilə yadda qalan bu tarixi filmə ağızbüzənlərin məqsədi və məramı axı nədir? 

 

Onsuz da məhdud olan zamanımızı bir az da xırdalayıb böyük işlər naminə qərəzli, dar düşüncələrlə mübarizə aparmalıyıq. Bəzi klaviatura qəhrəmanları, nə bilim gildiyalar, şəbəkələr, bir sözlə, real işdən başqa çox nəsnələrlə məşğul olan “dahilər” başqalarının gözündə yenə cidd-cəhdlə iynə axtarır. Hüquqşünas kino tənqidçisi olur, kinoşünas konkret fərdlər, şəxslərlə mübarizəyə girişir. Hələ bu harasıdır, özünə ssenarist deyib elə klaviatura üzərindən təzyiq, şantaj yolu seçərək müsabiqədən keçməyə çalışanlar, sorğu keçirənlər, özü də əksəriyyətini cücərməyən ideya müəllifləri təşkil edənlər arasında. Sorğunun cavabları da maraqlı və “dahiyanə”dir. Deyir özüm bacarmaram, bu sahədə tanıdığı və etimad etdiyi rejissor da yoxdur, texniki imkanlar da. Nəbadə, başqa ölkədən olan əcnəbiyə də vermək olmaz. Çox maraqlıdır ki, bu əcnəbi qardaş, doğma Türkiyədən olsa, onlar üçün daha təhlükəli və risklidir. Hətta kino monopolistləri yeni terminologiya da gətiriblər lüğətimizə – kino suverenliyi. Deyirlər xeyir özümüzə qalsın, pulu əcnəbi rejissora niyə veririk? Əzizlərim hansı pulu? “Azərbaycan Atabəyləri” bədii-sənədli filminə görə Məcit Güvənə pul ödənilməyib. Bu adam fədakarlıq edib, qardaşlıq, doğmalıq göstərib. Təmənnasız edib bu işi. 100-dən artıq azərbaycanlı mütəxəssisi də cəlb edib, onlarla çalışıb. Dostluq naminə. Təmsil olunduğu prodakşn investor qismində gəlib Azərbaycana. Kino industriyamıza sərmayə qoyub, təcrübəsini bölüşüb. Özü isə “TRT belgesel”də hamımızın (Bir Sovet hökumətinin xiffətini edənlərdən başqa) izlədiyi “Tarihin efsaneleri”, “Savaşın efsaneleri” adı altında 70-ə yaxın filmin müəllifi, quruluşçu rejissorudur. Bəziləri (Adlar çəkməyə cəsarətim çatır, uzunçuluq olmasın deyə sadalamıram, kifayət qədərdilər) Babək filmini nümunə gətirir və müqayisə aparır. Ay sizə qurban olum, indi Babək vaxtıdır?

“Uca Şirvi”nin ruhuna and olsun ki, “Babək” filminin nə məzmunu günümüzlə səsləşir, nə də ideoloji mahiyyəti, heç mübarizə obyektini demirəm.

Birincisi, “Babək” bədii filmdir, “Atabəylər” isə bədii-sənədli;
İkincisi, “Babək” sovetlər dönəmində çəkilib və həmin ideologiyaya xidmət edir, Atabəylər isə müstəqil, qalib, qüdrətli Azərbaycanın zəngin tarixi dövlətçilik irsinə;
Üçüncüsü, Babəkin hakimiyyətə gəlmə üsulu, komandasına qarşı rəftarı, qaçıb gizlənməyi və kim tərəfindən tutulub təhvil verilməsinə qədər bugünkü qalib Azərbaycan idelogiyası ilə bir araya sığmır.

Təbii ki, filmdə yaradılan ana xarakterdən fərqli olaraq şəxsiyyət, bir cəsur sərkərdə kimi tarixdə Babəkin yeri fərqlidir. Bu mövzunu da yenidən işləmək boynumuzun borcudur. Bəlkə də elə bizə nümunə gətirənlərin daha çox borcudur. Amma borcumuz təkcə bununla bitmir:
44 günlük Vətən müharibəsi, antiterror əməliyyatında qazanılan tarixi qələbə, suverenliyimizin bərpası milli qürur mənbəyimizə çevrildiyi bir vaxtda gələcəklə bağlı ideyalarımızın kinoda təcəssümü düşündürməlidir bizi;
Tarixinin ən güclü, qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti Müzəffər Lideri sayəsində hərbi, siyasi, diplomatik istiqamətlərdə böyük uğurlara imza atıb. Bu uğurun təməl prinsiplərini daha da möhkəmləndirmək, gənc nəslə xalqımızın qəhrəmanlıq salnaməsini aşılamaq, onların yad təsirlərdən qorunması üçün öz milli köklərinə daha dərindən bağlanmasına töhfə vermək vəzifəsi durur milli kinomuzun qarşısında.
Çoxmilyonlu dünya azərbaycanlılarının milli identikliyi məsələsinin prioritet, digər tərəfdən Prezidentimizin Azərbaycanın gələcək inkişaf strategiyası və inteqrasiya istiqaməti olaraq “Türk ailəsi” ideoloji formulunu elan etdiyi bir vaxtda mövzu ilə bağlı ciddi təbliğata ehtiyac duyulur. Odur ki, müasir dövrümüzdə tarixi film yaradıcılığı ideoloji mahiyyəti ilə informasiya cəbhəsinin əsas istiqamətlərindən biri kimi çox aktualdır. Kino camiəsi olaraq Tağıyev filmi istisna olmaqla, nə iş görmüşük?

Hər birinin hekayəsi bir film olan şəhidlərimiz, qəhrəman döyüşçülərimizin həyat yolu, azad olunan hər qarış torpağa tökülən qanların cücərtdiyi “Çinarlar”, nəhəng bərpa-quruculuq mövzusu necə?

Biz, Azərbaycan Televiziyası, qardaş Türkiyədən olan həmkarlarımız, milli məfkurə ilə nəfəs alan əqidə yoldaşlarımız (Onların arasında millət vəkilləri, iş adamları, məmur da var) Mədəniyyət Nazirliyinin, ARKA-nın dəstəyi ilə bunu bacardıq. “Azərbaycan Atabəyləri”ni. Özü də sizlərin yazdığı kimi 2 ilə yox, 4-5 aya. 70 faiz büdcəsi özəl sektor hesabına. Təbii ki, bu sıradan ilk işimiz olduğu üçün nöqsanlar da qaçılmazdır. İmkanlar da məhdud idi. Amma nəsə etməyə var gücümüzlə çalışdıq. Canımızı qoyduq, təmənnasız. Siz də ortaya bir iş qoyun, sonra onunla müqayisə aparaq. Yoxsa, çox hörmətli Rasim Balayevin aktyorluq məharəti ilə yadda qalan (Halbuki sorğu keçirənlər görkəmli aktyorumuzun – Allah şəfa versin – xəstəliyi ucbatından cavabdan imtinasını da Atabəylər layihəsinə qarşı yönəltməkdən utanmayıblar) sovet rejiminin maliyyələşdirdiyi Babək, Nəsimi filmlərini qalxan etməyin. Özünüzdən misal gətirin cənablar! Bu da məlumunuz olsun ki, daha 2 il əvvəl başlatdığımız və ideya məzmunu Vətən Müharibəsi olan Azərbaycan Atabəyləri mövzusunda serial layihəsi hələ pavilyon tikintisi, geyim, memarlıq standartlarının müəyyənləşməsi, maliyyə həllini gözləyir. Bizdən birbaşa asılı olmayan səbəblərdən. Yeri gəlmişkən, real iş bacaranlardan “qulp qoyanlar”ın daha çox olduğu kino sektorunda məsələyə belə təmkinli və soyuqqanlı yanaşma tərzinə görə heç kəsi qınamıram, əksinə onlarla həmfikirəm.

Sonda çox pozitiv əhval-ruhiyyəyə köklənmək istəyirəm. Qala Gecəsi üçün Heydər Əliyev Mərkəzi kimi dünya memarlıq incisinin qapılarını bizə açan, filmdən sonra 5-6 dəqiqə yaradıcı heyəti və ekran əsərindəki milli düşüncəni alqışlayan həmfikirlərimə sonsuz təşəkkürümü bildirirəm! Nə yaxşı ki, Siz varsınız, həmişə var olun! Belə yanaşma, dəstək, əqidə olan yerdə – nə yazırlar yazsınlar – biz davam edəcəyik. Nöqsansız, daha təkmil, milli və Vətənimiz Azərbaycana, Onun Liderinə, sizə layiq şəkildə.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

4 -dən səhifə 1900

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.