“Ədəbiyyat və incəsənət” portalı bu yaxınlarda premyerası olan “Azərbaycan Atabəyləri” filmi barədə Qoşqar Salmanlının məqaləsini təqdim edir. Böyük çətinliklə ərsəyə gələn, yalnız təşəbbüsçülərin formalaşdırdıqları kiçik büdcə ilə çoxmilyonluq filmlərdəkindən də canlı və inandırıcı döyüş səhnələri ilə yadda qalan bu tarixi filmə ağızbüzənlərin məqsədi və məramı axı nədir?
Onsuz da məhdud olan zamanımızı bir az da xırdalayıb böyük işlər naminə qərəzli, dar düşüncələrlə mübarizə aparmalıyıq. Bəzi klaviatura qəhrəmanları, nə bilim gildiyalar, şəbəkələr, bir sözlə, real işdən başqa çox nəsnələrlə məşğul olan “dahilər” başqalarının gözündə yenə cidd-cəhdlə iynə axtarır. Hüquqşünas kino tənqidçisi olur, kinoşünas konkret fərdlər, şəxslərlə mübarizəyə girişir. Hələ bu harasıdır, özünə ssenarist deyib elə klaviatura üzərindən təzyiq, şantaj yolu seçərək müsabiqədən keçməyə çalışanlar, sorğu keçirənlər, özü də əksəriyyətini cücərməyən ideya müəllifləri təşkil edənlər arasında. Sorğunun cavabları da maraqlı və “dahiyanə”dir. Deyir özüm bacarmaram, bu sahədə tanıdığı və etimad etdiyi rejissor da yoxdur, texniki imkanlar da. Nəbadə, başqa ölkədən olan əcnəbiyə də vermək olmaz. Çox maraqlıdır ki, bu əcnəbi qardaş, doğma Türkiyədən olsa, onlar üçün daha təhlükəli və risklidir. Hətta kino monopolistləri yeni terminologiya da gətiriblər lüğətimizə – kino suverenliyi. Deyirlər xeyir özümüzə qalsın, pulu əcnəbi rejissora niyə veririk? Əzizlərim hansı pulu? “Azərbaycan Atabəyləri” bədii-sənədli filminə görə Məcit Güvənə pul ödənilməyib. Bu adam fədakarlıq edib, qardaşlıq, doğmalıq göstərib. Təmənnasız edib bu işi. 100-dən artıq azərbaycanlı mütəxəssisi də cəlb edib, onlarla çalışıb. Dostluq naminə. Təmsil olunduğu prodakşn investor qismində gəlib Azərbaycana. Kino industriyamıza sərmayə qoyub, təcrübəsini bölüşüb. Özü isə “TRT belgesel”də hamımızın (Bir Sovet hökumətinin xiffətini edənlərdən başqa) izlədiyi “Tarihin efsaneleri”, “Savaşın efsaneleri” adı altında 70-ə yaxın filmin müəllifi, quruluşçu rejissorudur. Bəziləri (Adlar çəkməyə cəsarətim çatır, uzunçuluq olmasın deyə sadalamıram, kifayət qədərdilər) Babək filmini nümunə gətirir və müqayisə aparır. Ay sizə qurban olum, indi Babək vaxtıdır?
“Uca Şirvi”nin ruhuna and olsun ki, “Babək” filminin nə məzmunu günümüzlə səsləşir, nə də ideoloji mahiyyəti, heç mübarizə obyektini demirəm.
Birincisi, “Babək” bədii filmdir, “Atabəylər” isə bədii-sənədli; İkincisi, “Babək” sovetlər dönəmində çəkilib və həmin ideologiyaya xidmət edir, Atabəylər isə müstəqil, qalib, qüdrətli Azərbaycanın zəngin tarixi dövlətçilik irsinə; Üçüncüsü, Babəkin hakimiyyətə gəlmə üsulu, komandasına qarşı rəftarı, qaçıb gizlənməyi və kim tərəfindən tutulub təhvil verilməsinə qədər bugünkü qalib Azərbaycan idelogiyası ilə bir araya sığmır.
Təbii ki, filmdə yaradılan ana xarakterdən fərqli olaraq şəxsiyyət, bir cəsur sərkərdə kimi tarixdə Babəkin yeri fərqlidir. Bu mövzunu da yenidən işləmək boynumuzun borcudur. Bəlkə də elə bizə nümunə gətirənlərin daha çox borcudur. Amma borcumuz təkcə bununla bitmir: 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatında qazanılan tarixi qələbə, suverenliyimizin bərpası milli qürur mənbəyimizə çevrildiyi bir vaxtda gələcəklə bağlı ideyalarımızın kinoda təcəssümü düşündürməlidir bizi; Tarixinin ən güclü, qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti Müzəffər Lideri sayəsində hərbi, siyasi, diplomatik istiqamətlərdə böyük uğurlara imza atıb. Bu uğurun təməl prinsiplərini daha da möhkəmləndirmək, gənc nəslə xalqımızın qəhrəmanlıq salnaməsini aşılamaq, onların yad təsirlərdən qorunması üçün öz milli köklərinə daha dərindən bağlanmasına töhfə vermək vəzifəsi durur milli kinomuzun qarşısında. Çoxmilyonlu dünya azərbaycanlılarının milli identikliyi məsələsinin prioritet, digər tərəfdən Prezidentimizin Azərbaycanın gələcək inkişaf strategiyası və inteqrasiya istiqaməti olaraq “Türk ailəsi” ideoloji formulunu elan etdiyi bir vaxtda mövzu ilə bağlı ciddi təbliğata ehtiyac duyulur. Odur ki, müasir dövrümüzdə tarixi film yaradıcılığı ideoloji mahiyyəti ilə informasiya cəbhəsinin əsas istiqamətlərindən biri kimi çox aktualdır. Kino camiəsi olaraq Tağıyev filmi istisna olmaqla, nə iş görmüşük?
Hər birinin hekayəsi bir film olan şəhidlərimiz, qəhrəman döyüşçülərimizin həyat yolu, azad olunan hər qarış torpağa tökülən qanların cücərtdiyi “Çinarlar”, nəhəng bərpa-quruculuq mövzusu necə?
Biz, Azərbaycan Televiziyası, qardaş Türkiyədən olan həmkarlarımız, milli məfkurə ilə nəfəs alan əqidə yoldaşlarımız (Onların arasında millət vəkilləri, iş adamları, məmur da var) Mədəniyyət Nazirliyinin, ARKA-nın dəstəyi ilə bunu bacardıq. “Azərbaycan Atabəyləri”ni. Özü də sizlərin yazdığı kimi 2 ilə yox, 4-5 aya. 70 faiz büdcəsi özəl sektor hesabına. Təbii ki, bu sıradan ilk işimiz olduğu üçün nöqsanlar da qaçılmazdır. İmkanlar da məhdud idi. Amma nəsə etməyə var gücümüzlə çalışdıq. Canımızı qoyduq, təmənnasız. Siz də ortaya bir iş qoyun, sonra onunla müqayisə aparaq. Yoxsa, çox hörmətli Rasim Balayevin aktyorluq məharəti ilə yadda qalan (Halbuki sorğu keçirənlər görkəmli aktyorumuzun – Allah şəfa versin – xəstəliyi ucbatından cavabdan imtinasını da Atabəylər layihəsinə qarşı yönəltməkdən utanmayıblar) sovet rejiminin maliyyələşdirdiyi Babək, Nəsimi filmlərini qalxan etməyin. Özünüzdən misal gətirin cənablar! Bu da məlumunuz olsun ki, daha 2 il əvvəl başlatdığımız və ideya məzmunu Vətən Müharibəsi olan Azərbaycan Atabəyləri mövzusunda serial layihəsi hələ pavilyon tikintisi, geyim, memarlıq standartlarının müəyyənləşməsi, maliyyə həllini gözləyir. Bizdən birbaşa asılı olmayan səbəblərdən. Yeri gəlmişkən, real iş bacaranlardan “qulp qoyanlar”ın daha çox olduğu kino sektorunda məsələyə belə təmkinli və soyuqqanlı yanaşma tərzinə görə heç kəsi qınamıram, əksinə onlarla həmfikirəm.
Sonda çox pozitiv əhval-ruhiyyəyə köklənmək istəyirəm. Qala Gecəsi üçün Heydər Əliyev Mərkəzi kimi dünya memarlıq incisinin qapılarını bizə açan, filmdən sonra 5-6 dəqiqə yaradıcı heyəti və ekran əsərindəki milli düşüncəni alqışlayan həmfikirlərimə sonsuz təşəkkürümü bildirirəm! Nə yaxşı ki, Siz varsınız, həmişə var olun! Belə yanaşma, dəstək, əqidə olan yerdə – nə yazırlar yazsınlar – biz davam edəcəyik. Nöqsansız, daha təkmil, milli və Vətənimiz Azərbaycana, Onun Liderinə, sizə layiq şəkildə.
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)