Super User
Çirkli insanlarla necə təmiz davranmaq olar? Məşhur komik aktyordan müdrik məsləhətlər
Sovet kinematoqrafiyası həqiqətən də gözəl komedik filmlər çəkmişdir. Biz əfsanəvi üçlük - Nikulin, Vitsin və Morqunovu unuda bilərikmi? Əsla yox.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, böyük Sovet komediya ustadı Yuri Nikulinin dünyadan köçməsindən tam 23 il keçir. Bu münasibətlə sənətkarın yaşadığı binada - Moskvanın Böyük Bronn küçəsində memorial lövhə ucaldılıb (şəkildə).
Dostları və həmkarları Nikulini həmişə ətrafdakıların əhval-ruhiyyəsini qaldırmağı bacaran həyatsevər, şən bir insan kimi yadda saxlayıblar. Amma çoxları bilmir ki, Nikulin həm də müdrik fikirlər, xırda əhvalatlar yazıb, yəni ki, onu aktyor olmasıyla bərabər yazıçı kimi də təqdim etmək mümkündür. Bu gün biz aktyorun ən parlaq fikirlərini bir yerdə xatırlayacağıq.
Nikulin sağlığında danışırdı ki, yaxşı yumor hissi və səhnəyə sevgi ona atası tərəfindən aşılanıb. O, daim zarafat edirdi və həyata ironiya ilə, şən və nikbin yanaşırdı.
Az adam xatırlayır ki, kinoya və sirkə düşməzdən əvvəl böyük komediyaçı Böyük Vətən müharibəsi keçmişdir.
Orta məktəbi bitirdikdən dərhal sonra qırmızı orduya xidmətə çağırılmış, Leninqrad altında döyüşmüşdür.
- Mənim xarakterim gəncliyimdə sərtləşdi. Mən həmişə əmin idim ki, hansı problemlər yaransa da onları həll etmək mümkündür. Təki bir daha müharibə olmasın!
- Sən sevincindən göyə tullanırsansa, mütləq diqqət et ki, kimsə altından yeri çəkməsin.
- Həqiqətən, xoşbəxt olmaq və yalnız öz həyatınıza diqqət yetirmək paxıl, xəyanətkar və yaltaqlara zərər vermək üçün ən yaxşı yoldur.
Heç vaxt alçaq insandan qisas almağa cəhd göstərməyin. Sizin xoşbəxt olmağınız elə ən böyük qisasınızdır.
-Mənə kinoda yalnız başdanxarab, səfeh, boşboğaz və alkoqoliklərin rollarını oynamağı təklif edirlər, amma mən bundan darılmıram. Yəqin belə məsləhətdir. Niyə də olmasın, əgər insanlar əylənirsə, demək bu obrazları canlandırmağa dəyər.
- Mükəmməl yumor hissi ilə mükəmməl insanlar yoxdur.
- Yumor hissi yaşamağa kömək edir. Onun köməyi ilə xoşagəlməz vəziyyətləri komik hala gətirə bilirsiniz. Ruhən də yüngülləşirsiniz.
- Zaldakı bütün insanları eyni zamanda güldürmək mümkün deyil. Mən bir neçə dəfə sirkdə belə bir vəziyyəti müşahidə etmişəm: Baxın, zal qəhqəhə sədaları ilə dolduğu zaman bir tutqun adam oturub, gülmür. Az sonra zalda sakitlik bərqərar olduğu zaman bu dəfə birinin qəhqəhə çəkdiyinə şahid olursan. Hər kəsin fərqli bir yumor hissi var, amma bir insanı güldürmək mümkün oldusa, o zaman gününün boş yerə keçmədiyini demək olar.
İstəkli oxucularımıza onu da bildirək ki, Yuri Nikulin həm də lətifələr qoşmaqda mahir idi, bu lətifələr dillər əzbəri idi. Onlardan biri isə xüsusən məşhur idi:
Bir dəfə Allah yerə enir (əğstafurulla), 3 ən böyük ölkələrin rəhbərləri ilə görüşür. Amerikalı Reyqan, britaniyalı Tetçer və sovet adamı Qorbaçovla.
Reyqan ondan soruşur:
- Qurban olduğum, Amerikada cənnət nə zaman qurular?
Allah cib dəftərçəsinə baxıb deyir:
- 27 ilə.
Reyqan köks ötürür:
- Heyif ki, mən o günü görə bilməyəcəm.
Sonra Tetçer soruşur:
- Qurban olduğum, bəs Britaniyada?
Allah dəftərçədən - 35 ilə - deyə oxuyur.
Tetçer də içini çəkir:
- Əfsus, mən də o günü görə bilməyəcəm.
Nəhayət Qorbaçov sual edir:
- SSRİ-də necə, cənnət haçan qurulacaq?
Allah növbəti dəfə cib dəftərçəsinə baxıb köksünü ötürür:
- Təəssüf ki, mən o günü görə bilməyəcəm.
Hazırladı: Kənan Məmmədli
Pulluların nəzərinə - Roma şəhərindəki məşhur “Avrora” villası hərraca çıxarılıb
Diqqət! Pulunu xarici daşınmaz əmlaka yatırdan milyardçılar üçün gözəl bir xəbər var. Romanın məşhur Avrora villası hərraca çıxarılıb.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir ki, bu, heç də adi villa deyil, onun divarlarını Karavadconun yeganə freskası bəzəyir (şəkildə).
Ötən həftəsonu hərrac ticarətində villaya 471 milyon avro qiymət qoyulmuşdu, amma alıcı çıxmayıb deyə aprel ayında hərrac təkrarlanacaq. Bu dəfə qiymətin 20 faiz azaldılacağı nəzərdə tutulur.
Bu sayaq informasiyalardan hansısa bir azərbaycanlının yararlanacağı sizə fantastik görünməsin. Yararlanırlar, özü də, necə lazımdır.
Siciliya” The White Lotus” serialına qucaq açacaq
Amerikalı rejissor Mayk Vaytın səhnələşdirdiyi “The White Lotus” serialı tropik bölgədə yerləşən otelə gələn qonaqların başına gələnlər barədədir.
Filmdə qonaqlar bir həftə oteldə dincəlir və tətil edirlər. Hər keçən gün onların başına bir macəra gəlir, onlar qaranlıq və mürəkkəb hadisələrlə üzləşir.
Böyük maraq doğuran serialın daha böyük maraqla gözlənilən ikinci sezonunun İtaliyanın Siciliya adasında çəkiləcəyi məlum olmuşdur.
TASS agentliyi xəbər verir ki, “HBO” telekanalı serialın ikinci sezonunun İtaliyada keçiriləcəyi ilə bağlı əvvəlki xəbərləri rəsmi olaraq təsdiqləyib.
Komediya, dram və macəra janrlarında çəkilən filmin baş rollarını tanınmış sənətkarlar Murray Bartlett, Conni Brayton, Jennifer Kollidj və Aleksandra Daddario calandırırlar.
“Yuğ” teatrı “Təklif” tamaşasını təqdim etdi
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi ilin ilk səhnə əsəri - “Təklif” tamaşasını yanvarın 23-də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında nümayiş olunub.
Bu səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.
Tamaşada Xalq artisti Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər.
Sözügedən səhnə əsəri təkrar yanvarın 29-da teatrsevərlərin ixtiyarına veriləcək.
Azərbaycanlı rejissorun filmi Triest Film Festivalının proqramında yer alıb
Azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” bədii filmi İtaliyada 33-cü Triest Film Festivalının proqramında yer alıb.
AzərTAC xəbər verir ki, yanvarın 21-dən 30-dək keçirilən festivalın məqsədi audiovizual istehsal sahəsində məlumatların yayılması, müzakirə və əməkdaşlığı təşviq etməkdir. Hilal Baydarovun filmi yanvarın 24-də nümayiş olunacaq.
“Durna çırağı” filmində hüquq təhsili olan qızla dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs edilir.
Filmdə Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və başqaları rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.
Qeyd edək ki, sözügedən film 2021-ci ildə 34-cü Tokio Beynəlxalq Film Festivalında “İncəsənətə töhfəyə görə” xüsusi mükafata layiq görülüb.
Bakıda akvarel əsərlərinin satış sərgisi təşkil olundu
Yanvarın 23-də Xətai Sənət Mərkəzində “Akvarel təəssüratları” adlı akvarel əsərlərindən ibarət satış sərgisi açılıb.
Sərgidə iştirak etmək üçün 150-dən çox rəssamın 400-ə yaxın əsəri təqdim edilib. İlkin seçimlərdə 60 rəssam 80 əsəri ilə sərgidə iştirak etmək hüququ qazanıb.
Beynəlxalq Akvarel Cəmiyyətinin 10 illik yubileyinə həsr olunmuş sərgi Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə reallaşıb.
İştirakçı rəssamlara hədiyyələr və sertifikatlar təqdim ediləcək.
Mariinski Teatrında bəstəkar Fikrət Əmirovun 100 illiyi qeyd ediləcək
Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Min bir gecə” baleti dünyaca məşhur Mariinski Teatrında nümayiş olunacaq.
Bu barədə TASS agentliyi xəbər verir. Baleti Mariinski Teatrında səfərdə olan teatrın Primorski səhnəsinin balet truppası təqdim edəcək.
Mariinski Teatrının Primorsk səhnəsinin baş baletmeysteri, Rusiyanın Əməkdar incəsənət xadimi, azərbaycanlı Eldar Əliyev jurnalistlərə deyib ki, Mariinski Teatrı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan bu görkəmli bəstəkarın yubileyinə öz tamaşalarını həsr edən ilk sənət ocağıdır. O əlavə edib ki, yanvarın 23-də nümayiş olunacaq tamaşada Azərbaycandan gələn nümayəndə heyətinin də iştirakı gözlənilir.
Yubiley çərçivəsində Bakıdan dəvət olunmuş Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin dirijorluğu ilə 3 tamaşa nümayiş olunacaq.
Belçikanın Brügge şəhərində Azərbaycan milli həftəsi keçirilib
Belçikanın tarixi Brügge şəhərində yerləşən, Avropa İttifaqının nüfuzlu təhsil müəssisəsi olan Avropa Kollecində 17-21 yanvar tarixlərində Azərbaycan milli günləri keçirilib.
AzərTAC xəbər verir ki, milli günlər çərçivəsində rəssam Əsmər Nərimanbəyovanın və fotoqraf Maya Bağırovanın sərgiləri təşkil edilib, milli mətbəx təqdimatı və müxtəlif ölkələrdən olan kollecin tələbələri arasında Azərbaycanla bağlı müsabiqə keçirilib, qaliblərə suvenirlər təqdim olunub.
Tədbir Avropa Kollecində təhsil alan tələbələrimiz Xədicə Hüseynova, Əli-Əşrəf Rəcəbli, Samir Səlimzadə və Nuranə Əhmədovanın təşəbbüsü, Azərbaycanın Belçikadakı və Fransadakı səfirliklərinin dəstəyi ilə baş tutub.
Tələbələr səfirliklərimizə dəstəyə görə təşəkkürlərini bildiriblər.
“Azərkitab”da Şuşanın qoxusu gəlir” kitabının təqdimatı olub
Kitabın təbliğatı sahəsində uğurlu layihələrlə yadda qalan “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin keçirdiyi növbəti tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə olub.
“Ədəbiyyat və incəsənət” portalına “Azərkitab”dan verilən məlumata görə, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Elzamin Təhməzovun xatirəsinə həsr edilən “Şuşanın qoxusu gəlir” kitabının təqdimatı keçirilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü Mənsurə Qaçayqızının müəllifi olduğu kitabda şəhid polkovnik-leytenantın döyüş yoldaşları və yaxınlarının xatirələri toplanılıb, qəhrəmanın keçdiyi döyüş yolu işıqlandırılıb, Şuşa istiqamətində gedən döyüşlər tərənnüm olunub.
Tədbir şəhidin xatirəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanılıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə torpaqlarımızın azad edilməsi uğrunda müharibənin qəhrəmanlarının tanıdılması və təbliğində belə əsərlərin əhəmiyyətli rolundan danışıb, xalqımıza möhtəşəm Zəfər sevinci yaşadan igidlərin döyüş yolunun böyüməkdə olan gənc nəsil üçün örnək olacağını qeyd edib.
Şəhid polkovnik-leytenantın döyüş yoldaşları, ədəbi və ictimai xasimlər çıxış edərək Elzamin Təhməzovun həyat və döyüş yolunun ayrı-ayrı epizodlarını xatırladıblar, kitabın vətənpərvərlik tərbiyəsində müsbət rol oynayacağını bildiriblər.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Şuşanın qoxusu gəlir” kitabının maraqla qarşılanacağına heç bir şübhə yoxdur.
Kaunas rəsmən Avropanın mədəniyyət paytaxtı oldu
Kaunas şəhəri şənbə günü Avropa mədəniyyət paytaxtı statusunu qəbul etdi. Bu münasibətlə Litvanın böyüklüyünə görə ikinci şəhərində "Oyanış" adlı işıq, musiqi, hərəkət və videoproyeksiya şousu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, şouda əsas qəhrəman mifik canlı obrazı olacaq, belə bir əfsanəvi bayram proqramının hazırlanması Kaunasın Avropanın mədəniyyət paytaxtı elan olunması xəbəri gündəmə gələn kimi qərara alınmışdı.
Şounun, koronavirus pandemiyasına görə açıq hava altında həyata keçirilməsinə qərar verilib. Meydança Neman çayı adasında yerləşən idman arenası olacaq, burada "Jalgiris" basketbol klubu oynayır. Arenanın qarşısındakı ərazi internet vasitəsilə pulsuz yayımlanan biletlərlə tamaşaçılara çatdırılacaq sektorlara bölünüb. Tədbirin təşkilinə 800-ə yaxın könüllü cəlb edilib, bayramda 10 minə yaxın insanın iştirakı gözlənilir.
Kaunası bu münasibətlə Litva rəhbərliyi - Prezident Gitanas Nauseda, Baş nazir İnqrid Şimonite və Seymin (parlamentin) spikeri Viktoriya Çmilite-Nilsen ziyarət edəcək.
YUNESKO-nun baş direktoru Odre Azule də onlara qoşulacaq. Videoəlaqə ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen toplaşanlara müraciət edəcək.
Ümumiyyətlə, 2022-ci ildə Kaunasın Avropa Mədəniyyət paytaxtı olması proqramına 1 minə yaxın müxtəlif tədbir, o cümlədən 40 festival, 250-dən çox səhnə tamaşası və 250-dən çox konsert daxildir.
Orada 4 mindən artıq ifaçı iştirak edəcək.