Kitabın təbliğatı sahəsində uğurlu layihələrlə yadda qalan “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin keçirdiyi növbəti tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə olub.
“Ədəbiyyat və incəsənət” portalına “Azərkitab”dan verilən məlumata görə, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Elzamin Təhməzovun xatirəsinə həsr edilən “Şuşanın qoxusu gəlir” kitabının təqdimatı keçirilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü Mənsurə Qaçayqızının müəllifi olduğu kitabda şəhid polkovnik-leytenantın döyüş yoldaşları və yaxınlarının xatirələri toplanılıb, qəhrəmanın keçdiyi döyüş yolu işıqlandırılıb, Şuşa istiqamətində gedən döyüşlər tərənnüm olunub.
Tədbir şəhidin xatirəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanılıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə torpaqlarımızın azad edilməsi uğrunda müharibənin qəhrəmanlarının tanıdılması və təbliğində belə əsərlərin əhəmiyyətli rolundan danışıb, xalqımıza möhtəşəm Zəfər sevinci yaşadan igidlərin döyüş yolunun böyüməkdə olan gənc nəsil üçün örnək olacağını qeyd edib.
Şəhid polkovnik-leytenantın döyüş yoldaşları, ədəbi və ictimai xasimlər çıxış edərək Elzamin Təhməzovun həyat və döyüş yolunun ayrı-ayrı epizodlarını xatırladıblar, kitabın vətənpərvərlik tərbiyəsində müsbət rol oynayacağını bildiriblər.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Şuşanın qoxusu gəlir” kitabının maraqla qarşılanacağına heç bir şübhə yoxdur.