Kaunas şəhəri şənbə günü Avropa mədəniyyət paytaxtı statusunu qəbul etdi. Bu münasibətlə Litvanın böyüklüyünə görə ikinci şəhərində "Oyanış" adlı işıq, musiqi, hərəkət və videoproyeksiya şousu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, şouda əsas qəhrəman mifik canlı obrazı olacaq, belə bir əfsanəvi bayram proqramının hazırlanması Kaunasın Avropanın mədəniyyət paytaxtı elan olunması xəbəri gündəmə gələn kimi qərara alınmışdı.
Şounun, koronavirus pandemiyasına görə açıq hava altında həyata keçirilməsinə qərar verilib. Meydança Neman çayı adasında yerləşən idman arenası olacaq, burada "Jalgiris" basketbol klubu oynayır. Arenanın qarşısındakı ərazi internet vasitəsilə pulsuz yayımlanan biletlərlə tamaşaçılara çatdırılacaq sektorlara bölünüb. Tədbirin təşkilinə 800-ə yaxın könüllü cəlb edilib, bayramda 10 minə yaxın insanın iştirakı gözlənilir.
Kaunası bu münasibətlə Litva rəhbərliyi - Prezident Gitanas Nauseda, Baş nazir İnqrid Şimonite və Seymin (parlamentin) spikeri Viktoriya Çmilite-Nilsen ziyarət edəcək.
YUNESKO-nun baş direktoru Odre Azule də onlara qoşulacaq. Videoəlaqə ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen toplaşanlara müraciət edəcək.
Ümumiyyətlə, 2022-ci ildə Kaunasın Avropa Mədəniyyət paytaxtı olması proqramına 1 minə yaxın müxtəlif tədbir, o cümlədən 40 festival, 250-dən çox səhnə tamaşası və 250-dən çox konsert daxildir.
Orada 4 mindən artıq ifaçı iştirak edəcək.