![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
“Bir gün sevginin qürura qalib gələcəyinə ümid edirlər...” - ESSE
Pərvanə Seyidli, “Ədəbiyyat və incəsənət” üçün
Yorulmuşdu artıq.
Sevməyə nə taqəti, nə də sevilməyə bəxti vardı. Qəlbi o qədər yaralanmışdı ki, yaralardan param parça olmuşdu. Oysaki o qəlbə bir dünya sığdıran sevgisi, ümidləri vardı. Zamanla gözlərində olan o sevincin yerini kədər almışdı. Artıq nə gözləri gülürdü, nə də qəlbi sevinirdi. Gözlər qəlbin aynasıdır ifadəsi onun cismində təcəssüm etmişdi. Qəlbində tufan qoparan fırtınaları uzaqlara dalan kədərli gözlərində görmək olurdu. Bir zamanlar sevgi dolu olan qəlbində artıq hicran, ayrılıq ağrıları vardı. O, xoşbəxt anlar bir göz qırpımında keçib getmişdi. Bu hicran dağı köksündə sağalmaz yaralar açmışdı, artıq sevgiyə inamı qalmamışdı. Çətin də olsa, bir qərar verməliydi. Ya ümidsizcəsinə onun geri dönməsini gözləyəcəkdi, ya da qəlbinin qapılarını ömrünün sonuna kimi eşq adlı dəvətsiz qonağın üzünə qıfıllamalıydı...
Artıq günlər yerini həftələrə verməyə başlamışdı. Ondan hələ də heç bir xəbər yoxuydu. Cismən birlikdə olmasalar da, ruhən hər daim birgəydilər, sabahı birlikdə acırdılar. Birlikdə sevinib, birlikdə gülürdülər. Bu hicran dağı ona onsuzluğun nə qədər çətin olduğunu, o olmadan yarım qaldığını öyrətdi. Qəlbinə vurulan yaralar o qədər ağırıydı ki, sızıltısını, fəryadını sanki bütün cahan, yer-göy duyurdu. O olmadan nəfəs ala bilmirdi. Nəfəsi kəsilirdi, ölmürdü, amma hər an, hər dəqiqə ölümü canlı olaraq yaşayırdı. Bütün ağrılarını iliklərinə qədər hiss edirdi. Yalnız bir tək arzusu varıydı, tezliklə ən qısa zamanda əvvəlki xoşbəxt günlərinə geri dönmək. Tək təsəllisi ona yazılan sevgi dolu köhnə məktubları idi. Onun qoxusunu məktublarından alırdı, həsrətini onlarla ovdurdu. Göz yaşları içində onlari o qədər oxumuşdu ki, hər sətrini əzbərləmişdi. Sanki məktublar da qəlbində qopan fırtınalardan agah idi. Bəlkə də o da bir yerlərdə onunçün darıxırdı. Amma qüruru sevgisinin önünə elə bir sədd çəkmişdi
ki, bütün duyğularını qəlbində həbs etmişdi. "Kişilər ağlamaz " deyirlər. Elə bu ifadəni də onun simasında görmək olurdu. Ağlayırdı, onsuzluğa alışmağa çalışırdı, göz yaşlarını isə yarpaq qədər incəcik olan qəlbinə axıdırdı. Hər ikisi də bir birindən uzaqda, hər gün doğumunda qovuşacaqları günü səbrsizliklə gözləyirdilər.
Bir gün sevginin qürura qalib gələcəyinə, onların da həyatına günəş doğacağına və xosbəxt olacaqlarına ümid edirlər...
Sevgi və umidlə gediləcək yolda gül əvəzinə qanqal bitsə belə yenə də o əngəlləri sevgi dəf edəcək….
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
Heydər Əliyev və Türk dünyası
TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyalar müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də bu layihələrə meydan verəcək.
Mərkəz 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə TÜRKSOY-un planladığı “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.
Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
28-Cİ DƏRC
Hakim qalib ədası ilə çıxışına davam etdi:
-Hansısa erməniyə düşmən, yaxud neytral mənbəyə də deyil, erməni tədqiqatçısı Anahid Lalayana müraciət edirik. “Əksinqilabi “Daşnaksütun” və 1914–1918-ci illər imperialist müharibəsi” məqaləsində bu şəxs yazır ki, Voronsov-Daşkovun arvadı Yelizaveta Qriqoryevna “Daşnaksütun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri yepiskop Mesropun məşuqəsi idi. Odur ki, Qafqaz Canişinliyinin ermənilərin mənafeyi ilə bağlı qərarları Voronsov–Daşkovun yataq otağında hazırlanırdı.
Auditoriya uğuldadı, bu uğultunun sədaları altında Baş Hakim hökmünü səsləndirdi:
-Divanın hökmü ilə on minlərlə Qafqaz müsəlmanının qətlində, şikəst qalmasında, yüz minlərlə müsəlmanın öz ev-eşiyindən didərgin düşməsində müstəsna xidmətlər göstərmiş, Xristian dininə kölgə salmış Yepiskop Mesrop qeybedilmə cəzasına məhkum olunur! Xahiş edirəm hökm dərhal icra olunsun!
Və Müttəhimlər sırasından Müttəhimlər kürsüsünə adlamış növbəti bir cinayətkar öz cəzasını almış oldu. Cinayət əksərən cəzasızlıq mühitində törədilir, yaxud, cəzasızlıq ehtimalı böyük olanda törədilir. Amma Axirət dünyası deyilən məfhum var, Haqq dünyası da adlandırılan bu məkan Əsas dünyanın səhvlərini düzəltməyə, onu korrektə etməyə xidmət edir. Bütün cinayətlər öz cəzası ilə birgə doğulur. Sadəcə, bu cəzanın cinayəti haqlaması bəzən dərhal baş verir, bəzən bir qədər gecikir.
Amma bu, hökmən baş tutur!
6-Cİ PROSES.
MƏNİMSƏMƏ.
Bugünkü proses əvvəlkilərdən ilk öncə kulisdən gələn məlum anonsda ad-soyad çəkilməməsi ilə fərqləndi. Belə ki, bu səs özündə mücərrəd bir informasiya daşıyırdı: ”Bu gün Divan qurulan erməni mədəniyyətidir. Simvolik olaraq müttəhimlər kürsüsündə əyləşmək üçün Ermənistanın hazırkı təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan dəvət olunur.”
Ağ örpək növbəti portretin üzərindən götürüldü, üstündə dəfnə yarpağı qoyulmuş arfa aləti həkk olunmuşdu.
Üzü yüngül tüklü, qara kostyum və bənövşəyi qalstuk taxmış şəxs – erməni naziri mühafizəçilərin müdaxiləsi olmadan gəlib müttəhimlər kürsüsündə əyləşdi, əyləşərkən “Gördüyünüz kimi mən burda əyləşirəm, amma burda əyləşməyim tam absurddur” sözlərini də söylədi.
Daha bir fərq Hakimlər kürsüsündə Baş Hakimin və yaşlı hakimin olmaması idi, orada cəmi bir hakim – yaşca cavanı əyləşmişdi.
Gənc hakim auditoriyanı salamlayıb sözə başladı:
-Əziz tamaşaçılar, mənə etimad göstərib bugünkü prosesi aparmağıma icazə vermiş Divanın işlər vəkilinə, Baş Hakimə minnətdarlıq bildirərək, uzun və ağır prosesdə Baş Hakimin və qocaman hakim kolleqamın bir günlük fasilə götürmək zərurətlərlərini anlayışla qarşılamağınızı sizdən xahiş edirəm!
Məsələ belə idi: Qarşıda olduqca ağır proselər olduğundan, xüsusən ertəsi gün ən qatı erməni qulduru Andronik Ozanyanın Divanı qurulaçağından, bu prosesin simvolik proses olması fürsətindən istifadə edib əsas hakimlər bir günlük fasilə götürmüşdülər, həm də, gənclərə yol açmaq, onların təcrübə toplamasına dəstək vermək baxımından da bu addım yerinə düşürdü.
Gənc hakim sözünə davam etdi:
-Hakim kolleqalarımın və sizlərin etimadınızı doğruldacağıma inamımı ifadə edir və dərhal mətləbə keçirəm. Bu gün biz ermənilərin işğal etdikləri azərbaycanlıların əqli mülkiyyətləri barədə yarımproses keçirəcəyik. Divan qurulan erməni mədəniyyətidir, simvolik olaraq ermənilərin mədəniyyət naziri cənab Araik Arutyunyan müttəhim kürsüsündə əyləşib.
Arutyunyan gənc hakimdən “Siz milliyyətcə kimsiniz?” soruşdu, “Norveçlı” cavabını aldıqda dərhal “Mən sizin proses aparmağınıza etiraz edirəm, siz maraqlı tərəfsiniz, erməni xalqına əks danışacağınız aşkardır” deyə dirəniş göstərdi, düzü, gənc hakim duruxub qaldı, nə edəcəyini bilmədi, belədə Divan heyətinin inzibati rəhbəri Arutyunyana belə bir sual verdi:
-Cənab Arutyunyan, siz norveç xalqının erməni xalqı ilə mübahisəli bir məsələsinin, problem doğuracaq bir anlaşılmazlığının adını çəkin, biz norveçli hakimi prosesdən uzaqlaşdıraq.
Təbii ki Arutyunyan tutarlı bir arqumenti gətirə bilmədi, yenidən “Bu absurddur” deyə səsləndi, amma gənc hakim daha ona əhəmiyyət verməyərək simasına təbəssüm qondurub sözünə davam etdi:
-Mən filmlərə baxmağı çox sevirəm. Zövq palitramda ən müxtəlif səpkili filmlər var. Bir yandan intellektual və psixoloji filmlər, bir yandan dram və trillerlər, bir yandan ekşn və müharibə filmləri, bir yandan tarixi filmlər və fentezilər, yaxud detektiv və kriminallar, yaxud eşq filmləri və melodramlar... Çox yüklənmək istəyəndə Fellinidən tutmuş Kirosmaniyə qədər dühaların işlərinə, yorğun anlarımda Çaplinin lal-kar filmlərindən tutmuş müasir 4D komediyalaracan hər şeyə baxıram. Lap gənc vaxtlarım idi, tələbə yataqxanasında qalanda “Mimino” adlı bir sovet komediyasına baxmışdım, erməni və gürcü şəxslərin Moskvadakı macərasından bəhs edirdi, çox bəyənmişdim həmin filmi. Erməni rolunu olduqca komik aktyor Mkrtçyan canlandırmışdı, gürcü rolunu isə müğənni Kikabidze. Bax o filmdə Mkrtçyan Kikabidzedən dolma adlı yeməyi sevib sevmədiyini soruşur, ardınca da ermənilərin dolmasının çox dadlı olmasını izhar edir. Filmin həmin yerində, bir Bakı ermənisi tələbə yoldaşım vardı, o qayıdıb dedi ki, bizim ermənilər lap ağını çıxarıblar, axı dolma necə erməni yeməyi ola bilər ki, dolma sözü erməni sözü deyil? Ardınca mərdliklə etiraf etmişdi ki, dolma – azərbaycanlıların mətbəxinə aid yeməkdir, tənək yarpağının içinə ət qiyməsi qoymaqla hazırlanır. Dolma – doldurmaq sözündəndir. Bax ilk dəfə mən o zaman mənimsəmək üzrə erməni fantaziyasının şahidi oldum.
Auditoriya gənc hakimi uğurlu mövzu girişi münasibətilə alqışladı, Arutyunyan yerindən “Xeyir, dolma ermənilərindir” söylədisə də, onun sözü heç kim üçün bir əhəmiyyət kəsb etmədi, gənc hakimsə simasına ciddi ifadə verib sözünü davam etdirdi:
-Sirr deyil ki, bəşər tarixində ermənilər ən çox Azərbaycan xalqına zərər toxundurmuşlar. Hazırda Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamaqla yanaşı bu xalqın mədəni irsini mənimsəməklə də ad çıxarıblar. Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir, artıq özgə ənənələrinin qarət edilməsi və mənimsənilməsi bir erməni ənənəsinə çevrilmişdir.
Ermənilər əyləşən cərgənin növbəti etiraz dalğası eşidildi, Divan heyəti onlara prosesin qaydasını anlatdı, başa saldılar ki, konkret olaraq hansı fakta etrazları olarsa bildirərlər, sübut edilməsə prosesdə üstünlük əldə edən tərəfə çevrilərlər.
Gənc hakim çıxışına davam etdi:
-Məsələnin ciddiliyi Azərbaycanın qanunverici orqanı olan Milli Məclisinin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasına «Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması» sənədi şəklində təqdim də edilib, Milli Məclisin «Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar» adlı Bəyanatında da öz əksini tapıb. Qeyd olunub ki, «Böyük Ermənistan» xülyası ilə yaşayanlar tərəfindən oğurlanmış Azərbaycan xalqına məxsus təzahürlər də «böyük erməni mədəniyyətinin» dəlilləri kimi göstərilir. Konkret olaraq, Azərbaycanın Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi xalqın folklor nümunələrinin bir neçə mənimsənilmə və oğurluq mərhələsini sistemləşdirmişdir ki, mən diktorlardan xahiş edərdim, həmin sənədi Divan üzvləri və auditoriya üçün oxusunlar.
Bir xanım diktor tribunaya keçib sənədi oxumağa başladı:
-Salam, dəyərli Divan heyəti, salam, dəyərli tamaşaçılar. Sizə paylanan materiallarda çoxlu təkzibedilməz faktlar var ki, qədim dövrlərdən gələn Azərbaycanın Daş-balıq, Daş-qoç, Daş-at abidələrini özününküləşdirən, qədim Alban torpaqlarını və abidələrini «Şərqi Ermənistan» ərazisinə çevirmək istəyən erməni saxtakarları Azərbaycan tarixinin xristianlıq dövrünün kilsələrini, stella və xaçdaşlarını, nişan-daşları və başdaşlarını və bunlarda həkk olunmuş milli dekoru, habelə digər maddi abıdələri də mənimsəmişlər. Bunlarla yanaşı, qədim dövr tarixçiləri Musa Kalanqatlının «Alban tarixi»ni, Karakos Gəncəlinin «Tarix»ini, Muxtar Kosanın «Alban xronikası»nı və «Adət hüququ»na aid Qaydalarını da erməniləşdirmişlər. Hətta qədim türk kökündən gələn, Gəmiqaya yazıları ilə səsləşən alban əlifbası və yazısını belə alban dilini bilməyən erməni Mesrop Maştosun adına bağlamışlar.
İş ondadır ki, Azərbaycan xalqından mənimsəmə və oğurluqlar zaman – zaman ermənilərin öz dili ilə də etiraf olunub. Məsələn, məşhur erməni yazıçısı Xaçatur Abovyan “Ermənistan yaraları” adlı əsərində yazıb: «Türkü lənətə gəlsin, amma onun dili Tanrı xeyir-duası görmüşdür», «Bizim dilimiz ən azı 50 faiz türk və fars sözlərindən ibarətdir», «Hər hansı bir təntənəli toplantı və ya toy olarsa, biz türkcə oxuyuruq», «Bızım dilə Azərbaycan dili o qədər daxil olub ki, nəğmələr, şerlər, atalar sözləri türk dilində səslənirdi».
Ermənilərin türkdən mədəniyyət işğal etməsi faktını hətta xarici şəxsiyyətlər də etiraf etmişlər. Rus Bestujev-Marlinski və alman Haksthauzen yazıblar: «Ermənilər erməni dilində yox, tatar (türk) dilində mahnı qoşurlar», «Ən məhşur erməni şairləri öz əsərlərini yaymaq üçün həmişə türk dilində yazırlar”, «Bu dil ilə bütün Asiyanı başdan-başa dolaşmaq olar” və s.
Haqverdiyanlar, Ağayanlar və digər erməni mədəniyyət xadimləri 19-cu əsrin ikinci yarısında «Əsli və Kərəm», «Şah İsmayıl», «Aşıq Qərib», «Koroğlu» kimi olduqca məşhur Azərbaycan dastanlarını da erməniləşdirməyə çalışmış, onların mənəvi rəhbərliyi və yalan təqdimatları nəticəsində Fridrix fon Bodenştedt kimi əcnəbi tədqiqatçılar Azərbaycan folklorunun atalar sözlərini, nağıllarını Avropaya erməni nümunələri kimi tanıtmışlar. Həmin Abovyan və Aqayan kimi erməni ədibləri “ermənilərin mahnılarla qarışıq dastanları yoxdur, bunlar ancaq türkcədir», deyə-deyə, Azərbaycanın aşıq musiqisini erməni «aşıqların - «hüsanların» (türkün “ozan” sözündən gəlir) ifasında özlərinin musiqi nümunələrinə çevirmişlər. Halbuki, bəllidir ki, ermənilərin baş aşığı sayılan Sayat Nova başda olmaqla 400-dən artıq erməni aşığı şerlərini Azərbaycan dilində yaradaraq, Azərbaycan dastanlarını Azərbaycan musiqisinin müşahidəsi ilə Ermənistan ərazisində yayırdılar.
Gənc hakim diktor mətninə ara verdirib özü düşündüyü bir improvizasiyanı elan etdi.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
DİASPORUMUZUN QABAQCILLARI layihəsində Rusiyada yaşayan pedaqoq İradə Allahverdiyeva
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Diasporumuzun qabaqcılları layihəsində sadə peşə nümayəndəsi olan pedaqoq İradə Allahverdiyeva ilə müsahibəni təqdim edirik. Amma geniş dünyagörüşünə malik olan İradə xanım böyük bir məktəbdir. İnsanlıq, səmimiyyət, mədəniyyət, təlim-tərbiyə məktəbi. Və ondan çox şey öyrənmək olar.
-İradə xanım öncə özünüz haqqında məlumat verərdiniz zəhmət olmasa.
-Mən Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində 1975-ci il iyunun 6-da anadan olmuşam. Kəpənəkçi kəndinin 1-nömrəli məktəbini bitirmişəm. 16-yaşımdan Moskvada yaşayıram. 4 uşaq anasıyam. 2001-ci ildə mənə uşaq bağçasından təklif ğəldi. Orda işlədim. 2007-ci ildə Moskvada 4- nömrəli pedaqoji texnikuma qəbul oldum, oranı bitirdikdən sonra Moskova Pedaqoji Unversitetinə qəbul oldum.
-Müəllim peşəsinə sevginizin necə yaranması haqqında məlumat verə bilərsinizmi?
-Müəllim peşəsi yüksək və nəcib peşədir. Müəllimin tərbiyəsini, təhsilini alan müəllim yox, onun olduğuna daxili inamı olan adam başqa cür olmalıdır. Bu etimad nadirdir və onu ancaq insanın öz peşəsi yolunda göstərdiyi fədakarlıqlarla sübut etmək olar...” (L.Tolstoy). Müəllim olmaq yolum 24- ilə yaxındır, uşaqlıqdan müəllim olacağıma inanırdım və bu mənim peşəmdir. Bu peşəyə keçdiyim yolu təhlil etməyə çalışaraq anladım ki, bütün hərəkətlərim məni mənzil başına daha da yaxınlaşdırıb və ona doğru aparır. Hələ uşaqlıqda özümü müəllim kimi təsəvvür edirdim. Təbaşirlə yazmaq, dəftərləri yoxlamaq və qiymətləri xəyali gündəliyə qoymağı çox xoşlayırdım. Məktəb illərində həmişə başçı qız, yaxşı təşkilatçı idim və sinif yoldaşlarımı müxtəlif tədbirlərdə iştirak etməyə razı sala bilirdim. Mənim fikrim həmişə dinlənilib və dəyərləndirilib. Əlbəttə, bu çox vacibdir. Düşünürəm ki, müəllim olmağıma uşaqlara qarşı olan sevgim böyük rol oynadı. Onlara yeni bir şey öyrətmək, kiçik bir insan üçün çoxlu sirlərin gizləndiyi bu çətin dünyanı anlamağa kömək etmək arzusu. Onların “Necə?”, “Niyə?”, “Nə üçün?” sonsuz suallarına cavab verməyə kömək etmək. Mən onlara cavab verməklə onların biliyə olan ehtiyacını ödəyirəm və mən də öz növbəmdə onları ödəməkdən böyük həzz alıram. Ailəmizdə kiçik bir bacımız var. Deməli, o balaca olanda onunla oynamaq, ona nəsə kömək etmək, öyrətməyi cox sevirdim və rəhmətlik qaynatam məktəb direktoru, həm də ədəbiyat muəllimi idi. O, hər üç gündən bir mənə bir kitab gətirirdi oxumaq üçün, mən də geçə-gündüz oxuyurdum. Bilirdim ki, 3 gün ərzində yeni kitab gələcək. Düşünürəm ki, müəllim peşəsini seçməkdə bu faktın da böyük rolu olub.
-Hansı janrda kitabları oxumağı daha çox sevirsiniz İradə xanım?
-Bəzən, janrın əhəmiyyəti yoxdur. Əsas süjet və təqdimat tərzidir. Deməli, məni janr yox, daha çox müəllif maraqlandırır... Məsələn, Stiven Kinq... Onun dəhşəti var, fantaziyası var, mistisizmi var, distopiyası var, kifayət qədər realizmi var, detektivləri var...
Əlavə olaraq elmi və tam ədəbiyyatı çox sevirəm (psixologiya və psixoanaliz sahəsində). Həmçinin sosiologiya və sosioloji tədqiqatlar oxuyuram. Mən real həyatla əlaqəli şeyləri oxumağı sevirəm. Uşaq ikən fəlsəfə oxumağı çox sevirdim, xatırlayıram Əlibala Hacızadənin “İtkin gəlin", "Əfsanəsiz illər" və "Ayrılığın sonu yoxmuş" əsərlərini oxumuşam. Ən cox sevdiyim əsər Danell Stilin əsərləri olub. Danell Stilin əsərlərinin sayəsində rus dilini oyrənmişəm və bu əsərlər rus dilində oxuduğum ilk əsərlər olub.
-Rusiyada mütaliənin səviyyəsi sizi qane edirmi?
-Bəli, şübhəsiz. Hətta deyərdim ki, xeyli sayda insan kitab oxuyur. Həm də nəinki yaşlı nəsil, hətta uşaqlar, yeniyetmələr, tələbələr. Hal-hazırda mütaliə daha çox dəb alıb. Bundan əlavə, kitabı heç nə əvəz edə bilməz, o, beyni, nitqi və ünsiyyət bacarıqlarını yaxşı inkişaf etdirir.
Nəzərə alsaq ki, əmək qabiliyyətli əhali oyaq vaxtlarının çoxunu işdə keçirir və evə gələndə yolda kitab oxuyurlar, metro rusların kitab oxumağa meylinin göstəricisi ola bilər. Təxminən eyni sayda insanlar da elektron kitab oxuyur. Vaqonlarda bir neçə nəfər kağız kitab oxuyur. Adətən bunlar dərslik oxuyan tələbələr və ya təqaüdçülərdir. Baxmayaraq ki, kağız nəşrləri vərəqləyən gənclər də var. Amma görünür, bu dəbə verilən qiymətdir, onun qeyri-adiliyini göstərməkdir.
Sərnişinlərin metroda səyahət edərkən nə etdiklərinə diqqət yetirsəniz, ikinci qism deyə bilərik ki, əksərən messencerdə yazışır, bir az qismi isə filmə baxır. Populyarlığa görə üçüncü yerdə oyunlardır.
-Daha çox hansı filmləri və musiqiləri sevirsiniz?
-İnsan mahiyyətinin digər tərəfdən açıldığı və düşüncə qidası verdiyi psixoloji dramlara baxmağı çox sevirəm. Yazıçılar haqda filmlərə çox baxıram. Təəssüf ki, indi müasir filmlər çox deyil, ona görə də köhnə filmlərə (sovet və ya digər ölkələrin) baxıram. İstirahət etmək istəyəndə komediya və ya macəra filmlərinə baxıram. “Moskva göz yaşlarına inanmır”, “Sevgi və göyərçinlər” və bu kimi sovet filmlərinə baxmağa üstünlük verirəm. Onları seyr edərkən həm ruh, həm də bədən rahatlaşır. Qaldı da musiqi, klassik-instrumental musiqiləri dinləməyi sevirəm.
-Bildiyim qədər çox ölkələrdə, şəhərlərdə olmusunuz, İradə xanım. Qısa da olsa getdiyiniz məkanlar haqqında məlumat verə bilərsinizmi?
-Bəli, Habil bəy, düz bilirsiniz, çox ölkələrdə, şəhərlərdə olmuşam, yaxşı və ya pis deyə bilmərəm, ona görə ki, hər ölkənin, hər şəhərin öz gözəlliyi var, təbiəti, mədəniyyəti bir-birindən fərqlidi. İstanbulda olmuşam, oranın öz gözəlliyi var, Parisdə oldum ora tamam başqadır və s. Doğma vətənim Gürcüstan, Azərbaycan, Rusiyanın çox şəhərində olmuşam. Sankt Peterburqda, Novosibirskdə, Ekaterinburqda, Kazanda, Kalininqradda, Zelenaqorskidə və s. Hal-hazırda isə səfərim Muromadır, “Svetaya” Rus.
-Səyahətləriniz zamanı unudulmaz xatirələrinizdən biz də bilmək istərdik. Əgər mümkünsə...
-Ən cox xatırladığım Sankt Peterburqdu. Orada olmaq uşaqlıqdan arzum idi. Rəhmətlik atam aparacam deyirdi, Ermitaji görmək üçün. Amma təssüf ki, atamın ömrü çatmadı. 33-ildən sonra yalnız getdim. Bunu da deyim ki, yalnız deyildim. Ermitaja girəndə bir balaca qıza çevrildim, o qıza, atamın söz verdiyi uzun qara saçlı qız oldum və atam yanımdaydı, o kiçik qızın əlindən tutub Ermitaji gəzirdi. Atam yanımda olduğundan onu duyduğuma göz yaşlarım sel kimk axırdı yanaqlarımdan, çox xoşbəxt idim. Sankt-Peterburqun gözəl xatirəsi həmişə mənimlə yaşayacaq.
-Gənc pedaqoqlara nə məsləhət verərdiniz?
-Gənc pedaqoqlarımıza tövsiyəm-əvvəlcə davranışların müəyyənləşdirilməsidir. Siz necə müəllim olmaq istəyirsiniz? Eyni zamanda, faktiki davranışınızı nəzərə alın. Uşaqlardan qorxmaq lazım deyil - Həmişə , dik durun, sözlərinizi aydın şəkildə tələffüz edin, göz təması qurmağı unutmayın. Şagirdlər sizin qorxularınızı hiss edərlərsə, gələcəkdə onlarla münasibət qurmaq çətin olacaq. Aşağılamayın, ləyaqətinizi nə aşağılamayın, nə də yüksəltməyin. İlk baxışdan, elə ilk dərsdən özünüzü təsdiqləyin, səlahiyyətinizi qurun. Bu o deməkdir ki, siz dərsə əvvəlcədən hazırlaşmalı və yüksək ixtisaslı mütəxəssis olduğunuzu, nüfuzunuzun sarsılmaz olduğunu hiss etməlisiniz (lakin bunun üçün həmişə təkmilləşin: kurslara gedin, distant dərslər keçin, seminarlarda iştirak edin və s.);
-Bizlərə dəyərli zamanınızdan vaxt ayırdığınız üçün minnətdaram İradə xanım.
-Xoşdur buyurun Habil bəy. Mən də sizə, eyni zamanda bu gözəl portalın bütün kollektivinə xüsusi minnətdarlıq bildirirəm!
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Şəkidə çıxış edib
Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.
Nazirlikdən bildirilib ki, qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 26-da “Qarabağnamə” tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edib.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
Əfsanəvi ifaçı Tomas Anders Bakıya gələcək
Oktyabrın 14-də Heydər Əliyev Sarayında əfsanəvi “Modern Talking” qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders konsert proqramı ilə çıxış edəcək.
Daim özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən alman pop ifaçısı öz repertuarında olan unudulmaz mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, 1963-cü ildə Almaniyanın Koblenz şəhərində alman və italyan əsilli ailədə anadan olan Tomas Anders uşaqlıq illərində gitara və fortepianoda ifa etməyi öyrənib. O, 1979-cu ildə "Radio-Lüksemburq" yarışmasının qalibi olub. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxır. 1984-cü ildə isə T.Anders həmkarı Diter Bolen ilə tanış olur. Bəstəkar və prodüser D.Bolen özünün "Was macht das schon" adlı mahnısını T.Anderslə birgə ifa edir. 1983–1984-cü illərdə musiqiçilər "Wovon traumst du denn" adlı alman dilində 5 sinqldan ibarət albom buraxırlar. Sonra 1984-cü ildə musiqiçilər “Real Life” qrupunun "Catch me İ`m falling" hit mahnısı üzərində işləyirlər. Onlara məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" hiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız "Formel Eins" proqramından sonra əsl populyarlığına qovuşur. Sinql əvvəlcə alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı “Modern Talking” olur. Bir müddətlik uğurlu birgə fəaliyyətdən sonra, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Bir xeyli müddətdən sonra, 1998-ci ildə "Modern Talking" yenidən bir araya gəlir, lakin 2003-cü ildə qarşılıqlı razılıq əsasında növbəti dəfə ayrılırlar. 2003-cü ildən etibarən Tomas Anders öz solo karyerasına başlayır və yenidən böyük məşhurluq qazanır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
“Bülbül vokal məktəbi” adli filmin təqdimatı olub
Bülbülün Memorial Muzeyində dahi Bülbülə həsr olunmuş “Bülbül vokal məktəbi” adlı filmin təqdimatı olub.
Muzeydən verilən məlumata görə, qonaqları salamlayan muzeyin direktoru Fərqanə Cabbarova filmin ideya müəllifi Əməkdar artist, Azərbaycanın tanınmış vokal ifaçısı Ramil Qasımova dahi Bülbülün ənənələrini qoruyub saxladığı, onun xatirəsinə göstərdiyi sevgi və ehtiram üçün təşəkkürünü bildirib.
Əməkdar artist Ramil Qasımov qeyd edib ki, Bülbül onun müəllimi Xalq artisti Mobil Əhmədovun ustadı olub. “Bu məktəbi yaşatmaq, davam etdirmək bilavasitə mənim borcumdur. Eyni zamanda, bugünkü nəsillər bilməlidirlər ki, əldə etdikləri uğurların bünövrəsində dahi Bülbülün danılmaz xidmətləri durur. Məhz Azərbaycanda klassik vokal ənənələrinin formalaşması, geniş vüsət alması, elmi vokal laboratoriyasının, Bakı Musiqi Akademiyasında “Solo oxuma və opera hazırlığı” kafedrasının yaradılması Bülbülün adı ilə bağlıdır. Bu filmdə də o məktəbin böyüklüyü və milli ifaçılıq ənənələrinin azərbaycançılıq ifa tərzindən söhbət açılır. Filmdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazov, Xalq artistləri Siyavuş Kərimi, Azər Zeynalov, Samir Cəfərov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova və Əməkdar artist Anar Şuşalının fikirləri yer alıb”, – deyə vurğulayıb.
Əməkdar artist Ramil Qasımov fürsətdən istifadə edərək, sonda filmin çəkilişində göstərilən köməyə görə Bülbülün Memorial Muzeyinə öz dərin təşəkkürünü bildirib.
Sonra film nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
“Məni fəsilsiz sevərsənmi?” -ESSE
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Sevmək...
Sevəndə necə sevir insanlar?
Necə sevirsən sən?
Bilmək istəyirəm, əgər məni sevsən necə sevəcəksən?
Bilmək istəyirəm, sən bu dünyanın hansı romanının aşiqisən?
Məni fəsilsiz sevərsənmi? Yağış altında kapşonumu keçirib günahkartək başıaşağı gəzərkən, ya da yaz gələndə baxçalardan lalə, çobanyastığı toplayarkən. Məni yayın ən qızmar ayında çiyələkli dondurma axtararkən sevərsənmi biraz?
Sənin yanında ağlayanda, ən çox səninlə güləndə qəlbində saxlayarsanmı?
Bəzən heç sevmədiyin musiqiləri birlikdə dinləyək deyə səninlə dalaşanda, ya da sənin sevdiyin o filmə baxmaq istəməyəndə...
Məsələn, ən çətin anlarını görəndə sənə qaçarkən, amma özüm çətinə düşəndə səndən qaçışlarımı görə-görə gələrsənmi ardımca?
Məni bir az həssas anlarımda, həyatımda səndən başqa kimsəm yoxmuştək sənə bağlananda, tək sənə sarılanda, bezmədən, usanmadan, sadəcə mən varmışam kimi sevərsənmi?
Qış-yay demədən ruhumu isidərsənmi istəsəm?
Mən sevərəm səni. Qışında da, yazında da. Sevərəm, ayrılarkən gözlərində gördüyüm o vecsiz baxışınla da. Bir az qırğın, bir az uşaqca davranışlarınla da.
Əslində səbəb axtarmadan, "rəğmən" sevərəm səni. Hər şeyə rəğmən, hər kəsə rəğmən...
Səni sevsəm, şərtsiz sevərəm mən. Heç nə istəmədən, heç nə gözləmədən.
Sevsəm, zamansız sevərəm mən, gələcəyi düşünmədən, keçmişə baxmadan.
Və səni sevsəm... Gün gələndə, sən məni sevəndə, mən hələ də səni sevsəm, üzmədən sevəcəyəm səni. İllərdir bu anı gözlədiyimi unutmadan, sanki Məcnunmuş kimi. Sanki Fərhadmış, Sanki Əsliymiş kimi. Sanki heç kiminkinə bənzəməyən ən mükəmməl sevgi mənimmiş kimi.
Sən məni sevdiyin gün mən də səni sevə bilsəm...
Hər xatirənlə, hər xatirinlə sevərəm səni... Günü bu gün də sevdiyim kimi.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetini ziyarət edərək, universitetin rektoru Tolobek Abdıraxmanovla görüşüb. Görüşdə Azərbaycan Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qırğızıstan nümayəndələri Mirbek Karibayev və Nazgul Omurzakova iştirak ediblər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüşdə tərəflər Fond ilə Qırğızıstan Milli Universitetinin Türk xalqlarının çoxəsrlik dəyərlərinin təbliği və təşviqi yönündə qarşılıqlı iş birliyi məsələləri ətrafında müzakirələr aparıblar.
Görüşün sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində nəzərdə tutulan məsələlər sırasında Qırğızıstan Milli Universitetində “Türk İrsi Mərkəzi”nin və “Türkdilli Ölkələrin Jurnalistika Mərkəzi”nin yaradılması yer alır. Ümumtürk mədəni irsinin qorunması və tanıdılmasına yönəlmiş “Türk İrsi Mərkəzi” təhsil və tədqiqat fəaliyyətlərinin, mədəni mübadilələrin təmin olunması məqsədini daşıyır.
“Türkdilli Ölkələrin Jurnalistika Mərkəzi” türk xalqları arasında media və jurnalistika sahəsi üzrə peşəkar fəaliyyətin təşviqini və müvafiq istiqamətdə əməkdaşlıq şəbəkəsinin genişləndirilməsini ehtiva edir.
Görüşdə tərəflər Fondun himayəsi ilə Universitetdə yaradılacaq Mərkəzlərin türk ölkələrinin mədəniyyətinin, elm və təhsilinin inkişafına töhfə verəcəyindən əminliklərini ifadə ediblər.
Fondun prezidenti Günay Əfəndiyeva bu xüsusda təşkilatın əməkdaşlıq etdiyi müxtəlif ali təhsil müəssisələrində sahə üzrə Türk Dünyası Mərkəzlərinin yaradılmasından bəhs edib. Günay Əfəndiyeva onların əsasında böyük şəbəkənin qurulmasının türk xalqlarının inteqrasiyasına, çoxtərəfli mübadilələrinin intensivləşməsinə yönələcəyini diqqətə çatdırıb.
Tərəflər Fond ilə Universitet arasında Anlaşma Memorandumunun imzalanmasını səmərəli əməkdaşlığın başlanğıcı və ortaq məqsədlərin qarşılıqlı şəkildə həyata keçirilməsi yönündə mühüm addım kimi qiymətləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
Bakı, 105
Murat Vəlixanov, “Ədəbiyyat və incəsənət” üçün
1-Cİ PƏRDƏ
İstanbul şəhəri, 14 Sentyabr 1918-ci il.
M:Əsgər, dərhal Nuri Paşanın çağırın!
A:Oldu, Paşam!
N:Paşa həzrətləri, məni əmr etmisiniz.
M:Gəl, Nuru paşam. Gün doğmadan Bakıda olun bütün təchizatınızla birlikdə. Azərbaycanlı qardaşlarımızın yanında olun. Bakını rus işğalçılarından təmizləmək şərtdir. Qida, silah, nə qədər əskiklik varsa tamamlansın.
N:Baş üstə, Paşa həzrətləri.
2-Cİ PƏRDƏ
Bakı şəhəri, 15 Sentyabr 1918-ci il.
Ə:Yoldaş Mehmandarov, artıq mərmimiz bitir. Azadlıq mübarizəmiz deyəsən son mərmimizlə birlikdə bitəcək.
S:Yox, yoldaş Şıxlinski, səhviniz var. Biz ölsək də mübarizəmiz ölməyəcək. Bizdən sonrakılar bu mübarizəni dvam etdirəcək. Mən əminəm ki, bizim verdiyimiz bu haqq savaşının ardı hələ gələcək. Haqqını halal et, yoldaş Şıxlinski, mənim dəyərli silahdaşım.
Elə bu vaxt arxadan gələn səs Səmədbəy Mehmandarov və Əliağa Şıxlinskinin tükənmiş ümidlərini yenidən közərtdi.
N:Geri addım atmaq bizim qanımızda var, qardaşlar? Yorulmaq Türkə yaraşarmı heç?
S:Nuru paşa. Xoş gəldiniz, qardaş.
Ş:Türkün baş tacı, yıxılmaz dirəyi Nuru Paşa. Xoş gəldiniz qardaş.
N:Xoş gördük, qardaşlar. Eşitdik ki, qardaşlarımız haqq savaşı uğrunda ayağa qalxıb, bu yolda bizim də dəstəyimiz olsun istədik.
S:Tam vaxtında gəldiniz, qardaş. Bizim əlimiz hər yerdən üzülmüşdü. Tam vaxtında yetişdiniz.
N:Elə də olmalıdır, qardaşım. Türkün türkdən başqa dostu-sirdaşı yoxdur. Deyin hələ, haradan başlayırıq?
Ş:Şəhərin əsas nöqtəsi qala qapısı və dənizkənarıdı. O istiqamətlər güclü şəkildə müdafiə olunur. Ordan şəhərə daxil olmaq çətin olacaq.
N:Türkün haqq savaşının asan olduğu harda görülüb, cənab Şıxlinski? Dənizkənarından hücum edib əvvəlcə ön tərəfdəki birlikləri geri sovuracağıq, ardınca bütün gücümüzlə hücum edib qala divarlarına qədər irəliləyəcəyik. İndi dayansaq bu fürsət bir daha əlimizə keçməyəcək. Uca ALLAHIN izni ilə Qafqaz-İslam ordusu bu xaçlıları yerlə yeksan edəcək və günəş ikinci dəfə doğmamış Bakımız sahibinə qovuşacaq.
S:Amin İnşallah, Nuru Paşam!
N:Bismillah. Qəzamız mübarək, ALLAH yardımçımız olsun!
Gərgin keçən döyüşlər zamanı Bakı Şəhəri sentaybrın 15-i axşam saatlarında azadlığına qovuşdu. Qafqaz İslam Ordusu bu döyüşlərdə 1130 şəhid verdi.
N:Qardaş bunlar qaçır, mən şanlı Azərbaycan bayrağını Bakının Qala divarlarına sancacağam.
Ş:Nuru Paşa, gözlə birlikdə gedək, bu soysuzlar pusqu qurar, birdən.
N:Boş ver, qardaşım, bunların pusqu quracaq halı qalmayıb. Mən gedirəm qoruma atəşi aç.
S:Nuru paşa. Paşanı qoruyun.
N:Ay qansızlar gəlin. Türkə aid olana göz dikənin gözünü oyub yerinə duzu basarıq ALLAHIN İZNİ İLƏ.
Arxadan atılan mərmilərdən birinin qəlpəsi Nuru paşanın kürəyinə dəyir.
S:Nuru Paşa, qardaş səbrli ol, sən sağalacaqsan, hələ yolumuz uzundu. Səninlə birgə hələ Zəngəzura, İrəvana gedəciyik.
N:Gedəcəyik, əlbəttə gedəcəyik. Biz bu bolşevik-daşnak tör-töküntülərini sonuncusuna kimi yox edəcəyik. RƏBBİM çoxumuza vətən torpağında şəhid olmağı nəsib etdi. Onların da arzularını biz həyata keçirəcəyik. ƏŞHƏDÜ ƏN LA İLAHƏ İLALLAH VƏ ƏŞHƏDÜ ƏN LA MUHAMMEDƏN ABDUHU VƏ RƏSULULLAH.
Ş:Məkanları cənnət olsun, qardaş. Yoldaş Mehmandarov, Mustafa Kamal Paşaya dərhal məktub yazılmalıdır. Həm qələbənin sevincini bölüşmək üçün, həm də şəhidlərimizin nəəşini təhvil vermək üçün.
S:Düzdü, yoldaş Şıxlinski, tez Mustafa Kamal Paşaya məktub yazaraq onu vəziyyətdən xəbərdar edin.
3-CÜ PƏRDƏ
İstanbul, 17 Sentyabr 1918-ci il.
M:Çox şükür, azərbaycanlı qardaşlarımızın vətən həsrəti sona yetmişdir və bu haqq savaşında Qafqaz-İslam ordusunun 1130 igidi şəhid olmuşdur. ALLAH şəhidlərimizə rəhmət eləsin. AMİN.
4-CÜ PƏRDƏ
Hadisələrdən 105 il sonra, 15 sentyabr 2023-cü il, Bakı, 1-ci Fəxri Xiyaban.
M:Ata, bura haradır?
P:Bura aldığımız nəfəsi, içdiyimiz suyu, yediyimiz çörəyi borclu olduğumuz şəhidlərimizin uyuduğu yerdir, Murad. Düz 105 il əvvəl 1918-ci il Sentyabrın 15-ində Qafqaz-islam ordusu Bakıya daxil oldu və erməni-rus qoşunlarını məğlub edərək Bakını işğaldan azad etdi və elə həmin il Bakı şanlı Azərbaycanımızın paytaxtı oldu. Qafqaz-İslam ordusunun komandanı Nuru Paşa Bakıda şəhid olub. İndi mənə söz ver, Murad. Söz ver: Torpağın üçün, vətənin üçün canını qanını əsirgəməyəcəksən. Lazım gələrsə bu yolda şəhid olmaqdan belə qaçmayacaqsan.
M:Söz verirəm, ata, mən də hamı kimi bu vətənin, millətin, bu torpağın uğrunda canımı-qanımı fəda edəcəm, sənə, milllətimə layiq oğul olacam.
P:Afərin mənim oğluma. Səninlə fəxr edirəm.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)