Super User

Super User

 

Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) qərargahında “Natəvan” poeziya klubunun ilk məclisi keçirilib.

AzərTAC xəbər verir ki, tədbirə Niderland Krallığında yaşayan azərbaycanlı və türk qadınlar qatılıblar.

Xurşidbanu Natəvanın qəzəlləri ilə başlayan məclisdə çıxış edən Azərbaycanın Niderlanddakı səfirliyinin konsulu Səbinə Sadıqlı belə tədbirlərin xaricdə yaşayan soydaşlarımızı birləşdirməkdə böyük rol oynadığını bildirib. Qeyd edilib ki, belə klublar Vətəndən uzaqda yaşayan Azərbaycan əsilli qadınların ictimai həyatında vacib amillərdəndir.

Klubun təşkilatçısı və rəhbəri, BAK-ın sədr müavini Sima Cəfərli Vətəndən uzaqda yaşayan soydaşlarımızın belə klub və tədbirlərdə bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb. Tədbirə canlı bağlantı ilə qoşulan Birinci Qarabağ müharibəsi qazisi, “Miqrasiya prosesləri” ictimai birliyinin rəhbəri Fəridə Hicran Xurşidbanu Natəvanın həyat və yaradıcılığından söz açıb. O, X. Natəvanın Qarabağ elinə, Azərbaycan poeziyasına və ictimai həyatına verdiyi töhfələrdən danışıb.

Tədbirdə xan qızı Xurşidbanu Natəvanın qəzəllərinə yazılmış mahnılar səsləndirilib, onun müəllimi Qasım bəy Zakirlə məktublarından parçalar oxunub. Peterburq şəhərində yaşayan və “Xan qızı” Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Könül Abbasova canlı bağlantı ilə Natəvanla bağlı fikirlərini söyləyib.

Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar İttifaqının üzvü, sair publisist Lətifə Nuran öz şerlərindən bir neçəsini səsləndirib.

Tədbir çərçivəsində rəssam Vəfa Rüstəmovanın Natəvana həsr etdiyi rəsmləri, eləcə də keramik qablar üzərində işlədiyi əsərləri sərgilənib. O, Xurşidbanu Natəvanın əsərlərinin onun yaradıcılığına güclü təsiri olduğunu bildirib. Milli ornament və naxışlarla bəzədilmiş əl işləri maraqla qarşılanıb.

Həmçinin Rotterdamda yaşayan Vəfa Kənanqızının əl işlərinin videoçarxı nümayiş olunub.

Tədbir iştirakçıları “Natəvan” poeziya klubunun perspektivlərini müzakirə edərək, gələcək layihələrlə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Təhminə Günəş milli rəqslərimizi təqdim edib, Nigar Cəfərli Azərbaycan mahnılarını səsləndirib.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

Xoş gəldin, Payızım. Sənə demişdim ki, bizim oxşarlıqlarımız var? Deyəsən, sözlərim Günəşdən uzaq qəlbini isitdi axı. Hə payızım, bizim oxşar cəhətlərimiz var. Bax, sənin də rəngin saralıb, elə mənimki də. Bax, sənin qəlbin soyuyub, elə mənim də qəlbim kainatdan soyuyub. Sənin də göz yaşların tez-tez axır, elə mənimki də. Hə payızım, oxşarlıqlar ürəyincəmi? Nə olar, gül bir az. Gül ki, yola saldığın qaranquşlar gedərkən pərişan olmasınlar, gül ki, buludların göz yaşları yeri sevgi dolu damcılarıyla islatsın.

Payızım, ay payızım... Niyə susursan axı? Mənim ürəyimin səsini duyursanmı? Bilirsən, nə düşünürəm? Altı il bundan əvvəl o, saralmış çinar ağacının altından, əynində sarı pencək keçirdi. Çinarın saralmış yarpaqları ilə onun sarı pencəyi çox gözəl ahəng yaradırdı. Mən isə yorğun halda məktəbdən evə tələsirdim. Həmin gün bir dəcəl şagirdim də məni yaman qorxutmuşdu. Gərginlikdən özümü güclə saxlayırdım. O dəcəl şagird ehtiyatsızlıq ucbatından pəncərəni qırmışdı. Şüşə isə ikinci partada əyləşən Selcanın üstünə tökülmüşdü. Xoşbəxtlikdən yazıq qızcığaz yüngül xəsarətlər almışdı. Sinif rəhbəri olduğum üçün məsuliyyətim daha böyük idi. Selcanı da çox istəyirdim. Selcan əlaçı və gözəl əxlaqlı bir şagird idi. Hətta, mən onu "Kitabi-Dədə Qorqud"  dastanındakı Selcan xatunla müqayisə edirdim. Selcan adının mənası "işıqlı sima", "parlaq vücud" anlamını verir. Hətta bir dəfə Selcan Novruz bayramında  sarı don geyinmişdi və mən onun üçün:

 

Odur, sarı donlu Selcan xanım köşkdən baxır,

Kimsə baxsa, öz eşqiylə oda yaxır!

 

demişdim. Bu, Selcanın xoşuna gəlmişdi və  utandığından alma yanaqları qızılgül kimi qızarmışdı. Deyim ki, sinifdəki digər şagirdlərin də ürəyinə yatmışdı misralarım. 

Hə, payızım, sənə o sarı rəngdə pencək geyinən oğlandan danışırdım axı. Mən onun kim olduğunu bilmədim. Lakin, yaxınlaşanda inanmadım. O, sinif yoldaşım Murad idi. Artıq illər onu dəyişmişdi. Sanki zaman adlı fırça Muradın üzünə xüsusi nə isə sehrli görünüş vermişdi. Qara gözləri iradəli və əzmli biri olduğunu sübut edirdi. Qara qaşları isə zülmət və zəhmli gecəni xatırladırdı. Baxışları bir anlıq ildırıma bənzədi və gözlərimi onun gözlərindən tez çəkdim. Lakin artıq gec idi. Bu ildırımlı baxışlar çoxdan qəlb adlı ünvana xüsusi qığılcımını yetirmişdi. Qəlb öz ritmindən məcrasından çıxan çay kimi çıxmışdı. Hər atışında xüsusi melodiya kimi səslənirdi. Bu melodiya  isə səssiz ruhumun səssiz dilində lal kimi oxunurdu. 

Nə olmuşdu mənə? Heç özüm də anlamırdım. Murad da bir anlıq heykələ dönmüşdü. Əvvəl elə anladım ki, mənim gözüm donub və Muradı hərəkətsiz görürəm. Sonra başa düşdüm ki, Murad da donuq qalıb. Ürəyimdə fikirləşdim, yəqin, çox dəyişmişəm Murad dəqiqləşdirir ki, mənəm, ya yox. Adımı qorxa-qorxa çəkib salamlaşdı:

-Arzu salam.

+Salam Murad, söylədim.

Sonra nə  o bir söz dedi, nə mən. Bir qədər süküt yarandı. Sanki bu sükut özü dil açıb deyirdi ki, illər gizli qalan və etiraf edilməyən hisslərinizi daha da gücləndirib. Murad Bakı Dövlət Universitetinin jurnalistika fakültəsininin məzunu idi. Tanınmış kanallardan birində fəaliyyətə başlamışdı.

 

Əslində danışmağa o qədər mövzu var idi ki , amma, hər ikimiz sanki lal olmuşduq. Sözlər and içmişdi ki, dodaqdan kilidi açmayacaq. Murad mənim danışmayacağımı qəti bilib dedi ki: "Əminəm ki, şagirdlərin səni çox sevir". 

Görünür, mənim haqqımda hər şeyi bilirmiş. Mən isə sadəcə başımı yellədim, dilimin kilidi hələ də açılmamışdı. 

Murad digər sinif yoldaşlarımız haqqında nə isə deyirdi. Mən isə yalnız Muradın simasını görürdüm. İndi dilimlə bərabər, qulağım da batmışdı. Murad - sənə nə olub - deyən zaman qulağım  açıldı.

-Heç nə... Heç nə olmayıb -dedim.

Murad- görüşərik, deyib ayrıldı. 

Geriyə dönmək istədim, amma başarmadım. Bu dəfə ayaqlarım tutulmuşdu elə bil.

 

*

Artıq  Muradı  beş gün idi ki, görmürdüm, amma yenə donum açılmamışdı. Niyə belə idim, heç özüm də anlamırdım. Heç vaxt belə hisslər keçirməmişdim. Murad indi özü mənim muradım, arzum olmuşdu. Düşünürdüm ki, görəsən, o da məni mənim onu düşündüyüm qədər düşünürmü ? Nə idi bu, İlahi? Mənə nə olmuşdu axı?

 

*

Beləcə, Muradla görüşdən tam on gün keçmişdi. Onu görmək arzusu məni tərk etmirdi. Elə bütün günü onu düşünürdüm. Bir gün adəti üzrə məktəbdən çıxıb evə tələsirdim. Muradı görmək arzusu da ürəyimdə. Muradı fikirləşərkən işıqforu unutmuşdum. Şütüyən maşınları görməzdən yolu keçmək istəyəndə, -Ay Arzu, cismini unudub ruhunla uçaraq yolu keçirsən,- cümləsini eşitdim və qolumdan qəfil tutan Muradı gördüm. 

Çox sevindim, elə bil illərdi axtardığım qiymətli bir gövhərimi yox, həyat cövhərimi tapmışdım. 

Murad da heyrət və qorxu içində idi. O boğuq səslə:

-Sənə hisslərimi açmamış ölmək istəyirdin, sənsiz cismimi torpağa, ruhumu isə ruhuna çatdıraram- söylədi.

Bu sözləri eşitdim, amma necə reaksiya verdiyimi xatırlayanda indi də utanıram. Özümdən xəbərsiz Muradın əllərindən tutub:-"Sevdiyim, ruhumun ruhuna bağlandığını bilirsən, Arzu Muradsız tam olarmı ? "-demişdim. 

Murad isə:- Arzu, Murad  ən gözəl sinonimlərdir, -demişdi.

 

*

O gündən həyatın bütün dərdlərindən uzaq idik. Mən oxuduğum əsərləri onunla müzakirə edirdim. Murad isə öz dərin fəlsəfəsi ilə məni heyran edirdi. Hətta, ailələrimiz tezliklə nişana hazırlaşacaqdı.

Ta ki Hicran gələnə qədər...

Hicran Muradın xalası qızı idi. O, xaricdə magistr təhsili alırdı. Bu il isə birdəfəlik vətənə qayırdırdı.

Hicranın Murada məktəb vaxtlarından hissi var idi. Biz üçümüz də eyni sinifdə oxumuşduq. Lakın Murad ona öz bacısı kimi yanaşırdı. Bu isə Hicranın heç xoşuna gəlmirdi. Hətta biz Muradla dərsləri müzakirə edərkən, yanımıza bir bəhanə ilə gəlib Muradı məndən uzaqlaşdırırdı. Muradın da bundan heç xoşu gəlmirdi.

Deyəsən, illər heç Hicranı dəyişməmişdi. O, yenə də eqoist idi. Muradla görüşlərimizin birində qəfil peyda oldu və Murada “niyə məni görmürsən” söylədi. Murad:

-Dəfələrlə, bunu səninlə danışmışıq Hicran,-dedi.

Hicran isə mənə nifrətlə baxaraq, oranı tərk etdi. Mən çox məyus olmuşdum. Nə edəcəyimi bilmirdim. 

Muradınsa əsəbindən qara qaşları çatılmışdı. İldırımbaxışlı gözləri yağışı hazır etmişdi. Amma mən Murada güvənirdim. Murada özümdən çox inanırdım. Sadəcə, onu bərk-bərk qucaqladım.

…Muradla ayrıldığımızdan üç saat keçmişdi ki, telefonuma zəng gəldi və bu, Muradın anası-Nərgiz xanım idi. Nərgiz xanım məni çox istəyirdi. O mənimlə görüşmək istədiyini söylədi. Mən tələsik evdən çıxdım. Nərgiz xalanı Hicran ilə birlikdə gördüm. Nərgiz xala məyus görünürdü. Sanki bütün dərdlərin sahibi idi. Danışmaq üçün var gücünü topladı və dedi:

-Arzu, qızım, siz Muradla ayrılmalısınız. 

Bu sözü eşidəndə dünyanın ən bədbəxt qadını olduğumu hiss etdim. Axı niyə?-söylədim. Əlində Hicranın analizlərinin cavabları olduğunu və Hicranın ağır xəstə olduğunu söylədi. Dünya başıma daraldı. Bir anlıq qaranlıqlara səfər etdim. 

“Onun son arzusu Muraddır, Arzu. Muradından vaz keç", -dedi.

 

*

O gündən altı il keçmişdir. Murad Hicranla ailə həyatı qurmuşdur. Mən isə Murada onu sevmədiyimi deyib ayrılmışdım. Murad bu olanların günahını Hicranda görüb, məni fikrimdən döndərmək üçün əlindən gələni etdi, lakin bacarmadı. Mən Muradı birdəfəlik tərk etmişdim.

Murad Hicranın xəstəliyinə görə insani borcunu yerinə yetirmişdi. Onun da və mənim də həyatım saxta yaşamla keçirdi. Ürəyimiz sadəcə, döyünürdü...Biz çoxdan diri ikən ölü idik. Həyatın bizə bu gözlənilməz hədiyyəsi baha başa gəlmişdi.

Mən hələ də ailə həyatı qurmamışdım, ey payızım. Bax, elə onu gördüyüm bu yarpaqları saralmış ağac var ha... Murad bir gün yenə mənimlə o ağacın yanında qarşılaşdı. Niyə onu tərk etdiyimi bir də soruşdu. Mən isə altı il əvvəlki cavabı verdim. Murad dedi ki:-"Düşünürsən, yarpaq düşürsə, xəzan bəhanədir" 

Mən isə:

-Payızda yarpaqlar son gücünü ağaca verdikdən sonra onu tərk edir, -söylədim.

“Hətta bunun elmi sübutu da var” dedim. 

Və açıqladım:

-Allah töküləcək yarpaqlarda şüurlu mexanizm yaradıb. Yarpaq tökülməmişdən əvvəl zülal və karbohidratları bitkinin gövdəsinə toplayır. Bu da gələcəkdə cücərəcək yarpaqlar üçün zəmindir. Hətta, yerə tökülüb çürüyən yarpağın belə ağaca xeyiri var. Çünki ağac çürümüş yarpaqlardan zənginləşən torpaqdan qida götürür. Hə Murad, indi yarpağın düşməsi bəhanədir, yoxsa, yeni yarpaqların yaranmasına zəmin? 

Bu sözlərdən sonra qara gözləri dolmuş Murad dedi: "Kaş ki, sən də mənim kimi gecikmiş həqiqətin olduğunu ...”

Mən onun sözünü kəsib : -"hansı- hansı gecikmiş həqiqəti söyləyirsən"- dedim.

-Saxta analiz, Arzu, saxta analiz. 

Bu "gecikmiş həqiqət" dizlərimdən qəfil vurdu və yerə çökdüm.

Amma artıq gec idi. Muradın beş yaşında Arzu adında bir gözəl qızı var idi. Arzunun Muradı isə onun qəlbində yeganə arzu və muradı olaraq ruhuna yazıldı, payızım. 

Hə payızım, indi bildinmi səni niyə sevib özümə bənzədirəm?

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Tuesday, 26 September 2023 15:30

“Heydər Əliyev - 100 kəlam”

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş kitab nəşr edilib.

Mədəniyyət Mərkəzindən verilən məlumata görə, “Heydər Əliyev – 100 kəlam” adlı nəşrdə Ulu Öndərin nitqindən simvolik olaraq seçilmiş 100 sitat, müdrik sözlər və kəlamlar yer alıb.

Azərbaycan dili ilə yanaşı özbək və türk dillərində olan “Heydər Əliyev 100 kəlam” adlı nəşrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yüzlərlə dəyərli fikirləri arasından sırf ümumbəşəri sitatları, müdrik sözləri, kəlamlar seçilərək çap edilib. Burada yer alan kəlamlar Ulu Öndərin bütün dünyaya, bütün bəşəriyyətə çağırış, səsləniş, tövsiyə və nəsihətləridir.

Bildirilib ki, Heydər Əliyevin ideyaları bəşəriyyəti tərəqqiyə, sülhə, ədalətə, inkişafa, rifaha səsləyir və bu fikirlər bütün dünyaya ünvanlanıb. İrqindən, milliyyətindən, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir şəxs, hər bir insan üçün dəyərli fikirlərin yer aldığı bu sitatlar təkcə bu gün üçün deyil, bütün dövrlər üçün aktualdır. Bu da Heydər Əliyev müdrikliyini, uzaqgörənliyini bir daha bariz şəkildə nümayiş etdirməkdədir.

Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Heydər Əliyev İli” və Ulu Öndərin yüz illik yubileyi münasibətilə dahi şəxsiyyətin zəngin irsini qardaş ölkədə tanıdılması təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirilir və sözügedən nəşr də bunlardan biridir.

Qeyd edək ki, sözügedən nəşrin Azərbaycanda və Özbəkistanda geniş təqdimatları nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

“Ədəbiyyat və incəsənət”in xüsusən gənclər arasında çox sevilən “Unudulmaz sevgi şeirləri” rubrikasında bu dəfə mərhum Xalq şairi Hüseyn Arifin “Sən dərsə gəlməyəndə” şeiri təqdim edilir. 

Bu şeirin YouTube üzərindəm Xuraman Hüseynovanın səsləndirməsini dinləmək xüsusən sizlərə zövq verəcək. 

 

 

 

Düşür yadıma hərdən

Məktəb həyətində mən

Yoluna göz dikərdim,

Qəlbim sızlardı birdən

Sən dərsə gəlməyəndə…

 

Durub-durub anardım,

Gizli-gizli yanardım.

Neçə dostun içində

Özümü tək sanardım.

Sən dərsə gəlməyəndə…

 

Zəng səsi ucalardı,

Uşaqlar söz alardı.

Gözlərim boş masanda.

Fikrim səndə qalardı

Sən dərsə gəlməyəndə…

 

Dözməyib buna bəzən

Düşüb gah da həvəsdən

Nə danım həqiqəti,

Qaçardım mən də dərsdən

Sən dərsə gəlməyəndə…

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

Sentyabrın 25-26-da Dövlət Turizm Agentliyi ölkənin kütləvi informasiya vasitələrinin 50-yə yaxın əməkdaşının iştirakı ilə “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib.

Mediaturun məqsədi UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilən Xınalıq və Köç yolu mədəni landşaftı ilə jurnalistləri tanış etmək, bu ərazinin Ümumdünya İrsi elan edilməsinin üstünlükləri və turizm potensialına təsiri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub.

Mediatur zamanı yeni yaradılmış “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda görüləcək işlər, kəndin ərazisində aparılan təmir və bərpa işləri ilə bağlı məlumat da açıqlanıb.

Tədbir çərçivəsində artıq Xınalıq və Köç yolu ərazisinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin mədəni irsi hesab olunduğu, bu ərazinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının Azərbaycan mədəni irsinin dünyada tanıdılmasına kömək olacağı, həmçinin dünyanın mədəni turizm sahəsində Azərbaycanın mövqeyinin güclənməsinə xidmət göstərəcəyi qeyd edilib. Bu mühüm hadisənin öz növbəsində ərazinin turizm potensialının reallaşdırılmasına yardım edəcəyi də vurğulanıb. Qoruq ərazisində mövcud olan zəngin mədəni turizm resursları sayəsində regional turizm bazarı üçün unikal mədəni və təbiət turizm məhsulları yaradılması mümkün olacaq. Bu da öz növbəsində köç yolunun keçdiyi kənd və qəsəbələrin ərazisində turizm sahəsində özünüməşğulluq inkişaf etməsinə səbəb olacaq.

Qeyd olunub ki, UNESCO-nun qərarı Xınalıq sakinlərinin köçəri mədəniyyətinin tanıdılmasına, o cümlədən Köç yolu üzərindəki əsrlərlə yaşı olan maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunmasına mühüm töhfə verəcək.

Bildirilib ki, “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğunun yaradılması həm yaylaq, həm qışlaq, həm də mövsümi köç yolunda ekoturizmin inkişafına xidmət edəcək, burada kempinq, haykinq kimi turizm məhsullarını əhatə edən turizm sənayesinin inkişafına təkan verəcək.

Mediatur çərçivəsində, həmçinin qoruq ərazisində mədəni-tarixi irsimizin qorunması, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işləri ilə bağlı məlumat verilib.

Həmçinin Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində Xınalıqda turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.

Qeyd edək ki, sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam verib.

Yeni qoruq ərazisi Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.

(AzərTAC-ın materialları əsasında)

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Qorxu - təhlükəli amillərin təsirinə cavab olaraq yaranan, özünüqoruma instinktinə əsaslanan bir hissdir.

Uşaq yaşlarımızdan bizim həmişə qorxduğumuz şeylər, daha doğrusu bizə qorxutmağa çalışılan məfhumlar "Xoxan", "Həkim və iynəsi", " Polis" ,"Filankəs", "İt" və s. dir.

Sadalananlar nə qədər sadə və primitiv görünsə də, uşaq yaşlarından kiçik psixoloji travmalara səbəb ola bilir. Belə ki, xoxanla qaranlıq qorxusunu, həkimlə gələcəkdə həkimə, polislə isə gələcəkdə polisə qarşı psixoloji aqressiya və ya çəkingənlik formalaşdıra bilər. Artıq belə bir stereotip psixologiya formalaşıb ki, əgər uşaq sözə baxmırsa, onu bu metodla, qorxuyla idarə etmək olar. 

Müasir dövrdə nə qədər uşaq psixologiyasına dair effektiv məlumatlar, ünsiyyət, davranış texnikaları olsa belə, yenə də bir çox gənc ailələr  uşaqları məhz qeyd edilən qorxularla idarə edirlər...

Bütün bunlara səbəb isə ailələrin, onun fərdlərinin yetəri qədər bilgili olmaması, ailənin nə demək olduğunu, onun məsuliyyətini dərk etmədən kor-koranə qurulmasından qaynaqlanmadır...

Ən əsası isə erkən nigahlardır.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

Bu gün Bülbülün anım günüdür

 

Bülbül - təbiətin ən ecazkar səsi bu kiçik ölçülü quşa məxsusdur. Amma istisna halda o səsdən də gözəlini insan çıxara bilir. Belə şəxslərdən biri, bəlkə də birincisi şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan  Murtuza Məşədi Rza oğlu Məmmədovdur ki, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda o elə “Bülbül” kimi tanınıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün vəfatından 62 il ötür.

Bülbül Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.

Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

Klassik vokal sənətinə ustalıqla yiyələnmiş Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib. Belə ki, o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edib, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnılarını və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.

Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi ki, “öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.

Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır”.

Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb. İndi də “Koroğlu”dan söhbət düşəndə gözümüz önündə Bülbül canlanır. Burada aşıq sənəti xüsusiyyətləri ilə professional vokal ifaçılığını qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilib. Bununla yanaşı, Bülbül həm də digər Azərbaycan bəstəkarlarının operalarında yaddaqalan obrazlar yaradıb.

Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.

Bülbül vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən də işləyib.

Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.

 

Bülbülün musiqi tariximizdəki xidmətlərindən əlbəttə ki, tək bunlar deyil. Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabineti təşkili edilib, burada Azərbaycan xalq musiqi incilərinin bəstəkarlarımız tərəfindən məşhur xalq sənətkarlarının ifasından nota köçürülməsi musiqi tariximizdə mühüm hadisə kimi qiymətləndirilir. Bu kabinet 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərib, xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub.

Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarları – Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və bir çox başqalarını musiqi kabinetində fəaliyyətə cəlb edib ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynayıb.

Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.

Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. 30 ilə yaxın düşmən əsarətində qalan doğma Şuşamız düşmən tapdağından azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.

1976-cı ildə Şuşada, 1982-ci ildə Bakıda Bülbülün memorial muzeyi açılıb. Sənətkarın Şuşadakı ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. 2021-ci il avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb. Belə ki, zəngin yaradıcılıq yolu keçmiş və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş böyük sənətkar Bülbülün xatirəsi əziz tutulub, yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bülbülün 100 illik yubileyi həm xalqımız, həm də Bülbül sənətinə pərəstiş edən bir çox xalqlar tərəfindən geniş qeyd olunub. Həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gəlmiş vokalçılar qatılırlar.

Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

Qəbulu aparan şəxs

Qəbul günü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Hərbi məsələlər şöbəsinin müdiri
Əliyev Məhərrəm Abış oğlu

2

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
Nağdəliyev Zeynal Səfər oğlu

3

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi
Qasımov Azər Məhəmməd oğlu

4

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Əliyeva Fərəh Şirməmməd qızı

5

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi
Həsənov Altay Tofiq oğlu

6,13,20

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Ələsgərov Fuad Murtuz oğlu

6,20

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri
Həsənov Kərəm Əvəz oğlu

9

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Əmirov Natiq Ərziman oğlu

10

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Məmmədəliyev Yusuf Ülfət oğlu

11

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hacıyev Hikmət Fərhad oğlu

12

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
Məcidov Tələt Tahir oğlu

13

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Mövsümov Şahmar Arif oğlu

16

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
İsmayılov Süleyman Abbas oğlu

17

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru   18

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi

19

Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan
işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)
xüsusi nümayəndəsi
Hüseynov Emin Zamin oğlu

23

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Kərimov Aydın Zöhrab oğlu

24

Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna
daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi
Məmmədov Məsim Əhməd oğlu

25

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri
Vəliyev Ədalət Məqsəd oğlu

26

Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna
daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi
Hacıyev Vahid Rasim oğlu

26

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
Kərimov Gündüz Hacı oğlu

27

* * *

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi
Usubov Ramil İdris oğlu

27

 

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev,79.
Qəbula yazılış qəbul gününə ən geci 1 iş günü qalmış dayandırılır.
Qəbul saat 14:00-dan başlayır.
Əlaqə üçün: Çağrı Mərkəzi – 1111.

 

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu gün oxucularımıza növbəti istedadlı gənc, şeirləri ilə diqqət çəkən Aygün Fikrət təqdim olunacaq. Onu sizlərə daha yaxından tanıtmaq üçün müsahibə janrından istifadə edəcəyəm. 

 

-Salam, Aygün xanım. Necəsiniz?

 

-Salam, Habil bəy! Şükür yaxşıyam. Siz necəsiniz?

 

-Şükürlər olsun, Aygün xanım. Həmişə yaxşı olasınız. Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

 -1986-cı ildə Füzuli rayonunda anadan olmuşam. Müharibə dövrünün uşağıyam...

 

-Şeir yazmağa nə zaman başladınız və ilk şeirinizin mövzusunu xatırlayırsınızmı?

 

 -Uşaqlığım çox ağır müharibə illərinə düşüb. Taleyimdən qaçqın həyatı və yurd ağrısı keçib. Füzuli rayonu işğal olanda 2-ci sinifdə oxuyurdum. İlk şeirimi məşəqqətli bir həyatın ağrı-acısına sinə gərən anama yazmışam, əlbəttə, onun nə dərcədə şeir olmasını deyə bilmərəm, lakin uşaq dünyasında bir ana necə əzizdirsə, şeirim də o cür olub, pıçıltı, layla və s. hisslər kimi...

 

-Şeirlərinizi yazarkən ilham mənbəyinizin konkret ünvanları varmıdır?

 

-Mənim konkret şeir yazmaq planım olmur heç vaxt. Əslində, şeir məni yazır, mən həmişə onun təcavüzünə uğrayıram elə bil. Gözlənilməz anda gəlir, gah xəstəxanada, gah metroda, gah avtobusda, gah da deyilməsi mümkün olmayan yerlərdə və vaxtlarda...

 

-Şübhəsiz ki, bir şair üçün bütün şeirlər dəyərlidir. Bütün bunlara baxmayaraq, ancaq sizin üçün daha dəyərli olan hər hansı bir şeirinizi bizlər üçün paylaşa bilərsinizmi?

 

-Mənim üçün bütün şeirlər dəyərli deyil. Ovqatıma uyğun vaxtda sevdiyim şeir başqa vaxt mənə bəsit görünüb. Modern və postmodern dövrün poeziyası bütün parametrləri ilə klassik poeziyanı üstələsə də, bəzən ənənəvi şeir də könlümü oxşayır. Baxmayaraq ki, çağdaş klassik poeziyamız modern şeirə uduzur yenilik axtarışları baxımından... Mütaliəsi olmayan müəlliflərin poeziya namınə nəsə yazması absurddur. Poeziya yeni düşüncədir, istər qafiyəli, istərsə qafiyəsiz. Yenilik naminə ağzına gələni yazmaq da qəbul olunmazdır.

 

AĞRI

Elə qərib-qərib dalğalanıram,

Gözümün içindən bir dəniz keçir.

Mənim sahilimdə duran bu həyat,

Nə sənli adlayır, nə sənsiz keçir.

 

Bu ömrün içində azca durmağa,

Bircə bəhanə də qalmayıb daha.

Həmişə belədir sevən ürəyin,

Harayı heç zaman çatmır Allaha.

 

Əlləri qoynunda son görüş yeri,

Ağrıdan dişləyir öz dodağını.

Deyirəm, taleyim, güzgüyə bir bax,

Qan axır, doğrayıb  söz dodağını..

 

-Xəyal dünyanızın  genişlənməsinə səbəb olan hadisələr hansılardır?

 

-Təfəkkürü zəngin olmayan adamın xəyal dünyası da dar olar. Yəni sərçənin uçuş traektoriyası ilə qartalın uçuş traektoriyası eyni ola bilməz, baxmayaraq ki, ikisi də göydə uçur...

 

-Zaman sizin üçün nə deməkdir? Hər hansı bir rutininiz varmı?  Bu haqda qısa da olsa fikrinizi bilmək istərdik...

 

-Mənimçün yazı prosesində zaman və məkan amili önəm daşımır və yoxdur. Dediyim kimi, konkret yazı vaxtım yoxdur, şeir haçan ürəyimin qapısını döyürsə, mən sadəcə ona qapı açıram.

 Filosofluq olmasın, zaman mənimçün ağ və qara rəngin çarpışmasıdır, yəni ağ vərəq və qara misranın taleyinin hakimi zamandır. İndi kimin nə deməsi o qədər də önəmli deyil, çünki vaxtında çox təriflənən imzalar artıq çoxdan unudulub. Deməli, zaman hakimdir, lakin zəngin mütaliə, geniş təfəkkür imzanın vəkilidir.

 

-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?

 

-Çox vaxt detektiv oxuyuram, beynimi filtirizasiya etmək üçün. Həm də detektiv əyləncəli, bəsit janr olsa da burda hadisənin çevikliyi, süjet oynaqlığı maraqıdır və mən bəzən bunu bir ədəbi priyom kimi şeirə tətbiq etməyə çalışıram. Bu bir poetik eksperiment təsiri bağışlayır mənə. Eksperiment həmişə uğurlu olmasa da, axtarış cəhdi vacibdir.

 

-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? Hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?

 

-Mütaliə şəxsiyyətin yetişməsinin bir elementidir, bu təkcə yaradıcı şəxs üçün deyil. YARADICI ADAMIN MÜTALİƏSİ VACBDİR! Məncə, bu vərdişi uşaqlıqdan, məktəb illərindən aşılamaq lazımdır və bunun xeyirli detalları sadə şəkildə izah olunmalıdır. Mənimçün mütaliə özünü tanımaq cəhdidir, oxuduqca özünü kəşf edirsən...

 

- Bir gənc yazar olaraq digər gənclərə hansı məsləhətləriniz var?

 

-Həyatda ən asan və ən çətin şeydir məsləhət vermək. Mən hələ bu iki ifadənin sərhəddindəyəm. Hamıya uğur diləyirəm. Sadəliyin bir adı da məsləhətdir, məncə...

 

-Dəyərli zamanınızdan bizə vaxt ayırdığınız üçün minnətdaram, Aygün xanım!

 

-Mən də sizlərə öz dərin təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram!

         

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə oktyabrın 9-dan 13-dək Bakıda “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans təşkil olunacaq.

 

Qoruq İdarəsindən bildirilib ki, tədbir Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi şəhər və qoruqlarının iştirakı ilə keçiriləcək.

 

Beynəlxalq tədbirdə Türk Dövlətləri Təşkilatının rəhbərliyi, Türk dövlətlərindən tarixi şəhər və qoruqlarının rəhbərləri, ekspertləri və İdarənin tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də mətbuat nümayəndələri iştirak edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.