![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
Şanlı Zəfərlə başa çatan, müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin üçüncü ildönümü tamam oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızın azadlığı üçün haqq mübarizəsinə başlayıb.
Vətən oğullarının misli görünməmiş fədakarlığı və şücaəti ilə otuzillik işğal cəmi 44 gün ərzində başa çatdırılıb, Qarabağ və Şərqi Zəngəzur, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri düşməndən azad edilib. Ordumuzun parlaq Qələbəsi ilə xalqımıza əbədi Zəfər ruhu bəxş olunub. Millərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də Mədəniyyət Nazirliyinin əməkdaşları başda nazir Adil Kərimli olmaqla Bakıda inşası davam etdirilən Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Günay Əfəndiyeva Bişkekdə keçirilən Türkdilli Xalqların Beynəlxalq Forumunda iştirak edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bişkekdə keçirilən Türkdilli Xalqların Beynəlxalq Forumunun açılış mərasimində iştirak edib.
Fonddan verilən məlumata görə, Forumun əsas məqsədi türkdilli dövlətlər arasında mədəniyyət və dil sahələrində əməkdaşlığı genişləndirmək, hazırkı dövrdə və gələcəkdə türk dilinin inkişafı və qorunub saxlanmasına diqqətin daha da artırılması ilə yanaşı, linqvistik məsələlərlə bağlı müzakirələr aparmaq olub.
Tədbirdə Qırğızıstanın Dövlət katibi Suyunbek Kasmambetov, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Medetkan Şerimkulov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Yerzhan Mukaş, türk dövlətlərin Qırğızıstanda akkreditə olunmuş səfirləri və digər rəsmi şəxslər, eləcə də müxtəlif ölkələrdən alim və dil mütəxəssisləri iştirak ediblər.
Tədbirdə çıxış edən Günay Əfəndiyeva Forumun əhəmiyyətini vurğulayıb, türk dillərinin qorunub saxlanması və inkişafı üçün vacib olan əsas məqamları diqqətə çatdırıb. Bildirib ki, Forum Türk xalqlarının böyük irsi və birləşdirici gücü olan ortaq dilimizə həsr edilib. Bu platforma dil haqqında anlayışımızı hərtərəfli şəkildə dərinləşdirməyə imkan yaradır.
G.Əfəndiyeva dil birliyinin vacibliyinə toxunaraq qeyd edib: “Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir. Bu, mürəkkəb və əhəmiyyətli prosesdir. Azərbaycan bu keçidi Ulu Öndər Heydər Əliyevin uzaqgörən rəhbərliyi altında uğurla həyata keçirib. Azərbaycanın Türk dünyasına inteqrasiyasında Heydər Əliyevin bu addımı mühüm rol oynayıb”.
Fondun prezidenti Türk dövlətlərində dil təhsilinin əhəmiyyətini vurğulayaraq bildirib: “Türk dövlətlərimizdə dil təhsilini həyata keçirməklə, biz dillərimizin mənşəyini daha dərindən öyrənə bilərik. Məqsədimiz yenilənmiş kommunikasiya vasitəsilə gələcəyə doğru ortaq yola çıxmaqdır”.
O, petroqliflər, tamqalar, runik işarələr kimi qədim türk yazılarının öyrənilməsinin də aktuallığına diqqət çəkərək əlavə edib ki, bu yazıları dərk etmək qədim mesajlar ilə keçmişimizin sirlərini açmaqdır. Bu da ortaq türk dilinin formalaşmasına böyük töhfə verəcək.
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qədim türk yazılarının tədqiqi istiqamətində müxtəlif layihələr həyata keçirib. Bu il Türk Akademiyası ilə əməkdaşlıq çərçivəsində, Türk yazısının (Türk Bitig) oxunmasının 130 illiyinə dair beynəlxalq konfrans təşkil etmişik. Bundan əlavə, Fond qədim türk yazılarına həsr olunmuş böyük layihə başlayıb və artıq Niderlandda sərgi keçirib”, – deyə Günay Əfəndiyeva vurğulayıb.
Türkdilli Dövlətlərin Beynəlxalq Forumu Bişkek Bəyannaməsinin qəbulu ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Xınalıqda 20 ev təmir olunur
“Bu il Quba rayonunun Xınalıq kəndində 20 evin təmir-bərpası həyata keçirilir”.
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tikinti sektorunun müdiri Elşən Ağalarov bildirib.
"Hava şəraiti imkan versə, bu evlərin hamısının təmir-bərpası sona çatdırılacaq. Əks təqdirdə 17 ev təhvil veriləcək. Ümumilikdə Xınalıqda 4 il müddətində - 2021-2024-cü illərdə 60 evin təmir-bərpası layihələndirilib. 2021-ci ildə 16, 2022-ci ildə 11 ev sakinlərinə təhvil verilib. 2024-cü ilə isə qalan evləri təmir-bərpa etməyi planlaşdırırıq", - deyə o qeyd edib.
E.Ağalarov vurğulayıb ki, Xınalıq tarixi yer olduğu üçün evlər kəndin özünəməxsus memarlıq üslubuna uyğun bərpa edilir.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı davam edir
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilir.
Festival oktyabrın 1-dək davam edəcək.
Qeyd edək ki, festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü”dür.
Festivalın proqramı 43 nümayişdən ibarətdir. Bu müddət ərzində beş kateqoriya üzrə 60-dan çox film nümayiş etdiriləcək. “Ən yaxşı tammetrajlı film”, “Ən yaxşı qısametrajlı film” və digər nominasiyalar üzrə qalibləri 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək.
Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara mükafatlar veriləcək. Bu il mövcud “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı da təqdim olunacaq.
Festival tərəfdaşlarının sayı ildən-ilə artır. Bu il Bakıda keçirilən festivalda Saloniki Beynəlxalq Film Festivalının nümayəndəsi Yanis Palavos, eləcə də Lissabon Sənədli Filmlər Festivalının proqram tərtibatçısı Castin Cekl iştirak edir.
Nəzərinizə çatdıraq ki, festival nazirliyin maliyyə dəstəyi ilə 2017-ci ildən bəri hər il keçirilir.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
Anım gününün ovqatına köklənmiş şeirlər
“Ədəbiyyat və incəsənət” portalı Mina Rəşidin bugünkü Anım gününün ovqatına köklənmiş şeirlərini təqdim edir
QƏLBİMDƏSƏN, BİRDƏNƏM
(Şəhid xanımının dilindən)
Hərdən səsin gəlir qulağıma,
sevinirəm.
ah, o təbəssümün...
gülümsəyirəm…
əllərim havalanır,
sənə doğru uçuram…
adın gəlincə qızımızın dodağı büzülür,
oğlumuzun qaşları çatılır...
uşaqların səsinə aşağı enirəm
sənə uzanan əllərimlə
iki balamızı qucaqlayıram.
sənin qoxun gəir,
səsin gəlir,
sən həmişə bizimləsən,
qəlbimdəsən, birdənəm...
HƏR ŞƏHİD BİR BAYRAQDI
Bu ana Vətənimin
Haqq səsidi Şəhidlər.
Min bir adın içində
Müqəddəsdi Şəhidlər!
Şəhid oldu oğullar
Vətən yaşasın deyə.
Qarabağ azad olub
Haqqa qovuşsun deyə.
Şəhidlərin adları
Bütün eli dolandı.
Bayrağımız Şuşada,
Laçında dalğalandı.
O quruca torpağın,
Daşın sağ olsun, Vətən.
Hər Şəhid bir bayraqdı,
Başın sağ olsun, Vətən!
AZƏRBAYCAN ƏSGƏRİ
Oddan-alovdan keçib,
Düşmən üstünə getdin.
Hər barmağı bir silah
Yağıları məhv etdin.
Azərbaycan əsgəri.
Şimşək kimi çaxdın sən,
Zülməti yarıb qalxdın.
Şuşada bayrağımı
Alıb köksünə sıxdın.
Azərbaycan əsgəri.
Ucaltdın adımızı,
Cəsarətlə, şərəflə.
Sən yenidən doğuldun
Qəlbimdə bu zəfərlə
Azərbaycan əsgəri!
Yeni bir tarix yazdın,
Sadiq qaldın andına.
Qurban olum, mən sənin
Şəhid, Qazi adına
Azərbaycan əsgəri!
ŞƏHİDƏM, ÖLMƏMİŞƏM
Şəhiddir mənim adım,
Vətən üçün doğuldum.
Vətən üçün yaşadım,
Uğrunda Şəhid oldum.
Mən cismən olmasam da,
Şəhidəm, ölməmişəm.
Sağım-solum gülüstan
Cənnət budur, gəlmişəm.
Mənimtək neçə oğul
Qurban oldu bu yurda.
Təki Vətən sağ olsun,
Elim qalmasın darda.
Anam da qürurludur,
Adım Vətənlə təndir.
Mənim ilk beşiyim də,
Məzarım da, Vətəndir!
NƏ YAXŞI VARSAN, OĞLUM!
Doğum günün mübarək,
Nahid balam, necəsən?
Ürəyimin parası,
Şəhid balam, necəsən?
Bulud kimi dolub, bax,
Anan da, "Salam!"- deyir.
Bacı-qardaşların hey,..
Hey səni əzizləyir.
Şəhidlər ölmür, uca
Zirvədə qarsan, oğlum!
Fəxr edirəm səninlə
Nə yaxşı varsan, oğlum!
QAR YAĞSIN
İstəyirəm qar yağsın,
Qara gün qarda batsın.
Adamlar bir-birinə
Güllə deyil, qar atsın.
Qara günlər ağarsın,
Dünyaya yağsın bu qar.
Qışın tən ortasında
Günəştək doğsun bu qar.
Müharibə sözünü
Görüm qar-çovğun alsın.
Qar yağsın, qoy silahlar
Qarın altında qalsın.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
POETİK QİRAƏTdə “Köçhaköç”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə Yusif Nəğməkarın “Köçhaköç” şeirini təqdim edirik.
Bir vaxtlar onlar bizi öz rus havadarlarının dəstəyi ilə yurd-yuvamızdan qaçqın salmışdılar. İndisə özləri getməli olublar…
K Ö Ç Ə K Ö Ç...
Bir vaxt köç başlamışdı
Qərbi Azərbaycandan...
Namərdlər daşlamışdı;
Can ayrılmışdı candan!..
Zaman çönüb əyişdi;
Yetdi qisas günü - öc...
Hökmün xımı dəyişdi;
İndi özgə köçəköç!..
Çərxin də pəri dönür,
Zəhər dolur tabağa...
Bu gün köç geri dönür,
Axsaq düşür qabağa...
Yolsuzluq girdabında
Yön tut yolda tıxaca -
Sanki dabaq sürünü
Toplayıblar arxaca...
Bu iştaha balansı
Yarıtoxdur, yarıac...
Kimlər oldu çalansı,
Kimlərdən keçdi arğac?!.
Tanrı düzən qaydanın
"Eyvah"ı, "kaş"ı yoxdur...
Dünya da köç meydanı;
Bu baş, o başı yoxdur...
Bürüş böhtanın əmrü
Zatən heç uzun deyil,
Bu da şər - şurun ömrü --
Əbədi izn deyil!..
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
Milli Kitabxanada 27 Sentyabr - Anım Günü ilə bağlı virtual sərgi istifadəçilərə təqdim olunub
27 Sentyabr - Anım Günü ilə əlqədar Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.
Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, məqalələr və kitablar nümayiş olunur.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
UNESCO 42 yeni obyekti Dünya İrs Siyahısına daxil edib
UNESCO Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında UNESCO-nun Ümumdünya İrs Siyahısına 42 yeni ərazi daxil edilib, artıq siyahıda olan 5 ərazi isə genişləndirilib.
AzərTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində 21 ölkənin nümayəndələrindən ibarətdir UNESCO-nun Dünya İrs Komitəsi Ümumdünya İrs Siyahısına daxil ediləcək əraziləri araşdırmaq və təhlükədə olan Ümumdünya İrs Siyahısındakı abidələrin konservasiya vəziyyətini yoxlamaq üçün toplaşmışdı.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında Ümumdünya İrs Siyahısına 33 mədəni və 9 təbii olmaqla ümumilikdə 42 yeni irs obyekti daxil edilib. Qeydə alınan irs nümunələrindən 15-i Avropada, 12-si Asiyada, 6-sı Afrikada, 6-sı Şimali və Cənubi Amerikada, 3-ü isə Yaxın Şərqdə yerləşir.
Qeyd edək ki, 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” da artıq Ümumdünya İrs Siyahısına daxil olunub.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
“Bayraq sizin çiyinlərinizə tabutlarınızdan daha çox yaraşırdı axı!”
“Gecə yazıları” silsiləsindən
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bir neçə saat sonra səhər açılacaq və biz 3 il əvvəli təkrar yaşayacağıq. Səfərbərlik, generalın şəhadətinə qarşı xalqın ayağa qalxması, dəmir yumuruqda birləşmə, ocağlara düşən od, analarım fəryadı, ataların qubar etmiş ürəyi, qız- gəlinlərin harayı, yetim qalan körpələr və ardı-arası kəsilməyən şəhid xəbərləri.
Günlər keçdikcə, torpaqlarımızı tək-tək qanları ilə geri qaytaran qəhrəmanların sayı artacaq. Xəbərlərdə spikerlər göz yaşları içində bir yandan şəhid xəbəri verib, bir yandan “əziz Fizuli, Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Ağdərə sən azadsan” deyəcək. Və bizlər özümüzü Çingiz Mustafayevin "Vətənim kimiyəm, həm qürurlu, həm yaralı biriyəm" dediyi yerdə göz yaşları içində tapacağıq.
Aradan illər keçəcək və bu torpaqlarının hər qarışında bir şəhidin dastanı dillərdə əzbər olacaq. Bu torpaqlardan daha çox Albertlər, Poladlar, Mübarizlər, Xudayarlar, Cəbrayıllar, Ariflər, İsmətlər çıxacaq...
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Rəsulzadə əmanəti bayraq sizin çiyinlərinizə tabutlarınızdan daha çox yaraşırdı axı!
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
27 sentyabr Azərbaycanda Anım Günüdür
Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılmasıdır. Anım Günü müharibənin başlandığı gün - sentyabrın 27-də keçirilir.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. (Sərəncam yazının sonunda təqdim ediləcək).
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.
Sərəncamda qeyd olunur ki, "Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:
Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)