![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Yox, əgər ruhumuz xəstədirsə, onda yaşamağa ümid bəsləmək özü bir intihardır
KİTAB BƏLƏDÇİSİNDƏ LEV TOLSTOYDAN “İVAN İLİÇİN ÖLÜMÜ”
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Yazıçı İvan İliç obrazının həyat tərzi, işi, ağrı-acıları ilə cəmiyyətimizin bir sıra problemlərinə öz kəsərli qələmi ilə çox gözəl toxunur.
Əsər İvan İliç adlı şəxsin ölüm xəbərinin xidmət göstərdiyi məhkəmə dairəsində yaratdığı dırnağarası səs-küy ilə başlayır. Dırnağarası kəliməsini nəyə görə işlətdiyimi kitabı oxuduğunuz zaman bariz görəcəksiniz.
Daha sonra isə İvan İliçi ölümə sürükləyən həyat yolu ilə tanış oluruq. Ailədaxili sevgisizliyə, qadınına - Fyodorovna Qolovinaya və qızı Lizaya qarşı günü-gündən artan nifrətinə və oğluna qarşı olan kövrəkliyinə şahid oluruq.
Nə yalan deyim, İvan İliçə mən də haqq qazandırdım. Hətta kitabı oxuyarkən ağlıma gələn və Fyodor Dostoyevskidən olan bir sitat gətirəcəyəm:
Yaxşı kişilər yalnızlıqdan ölərkən, yaxşı qadınlar pis kişilərin eyvanından səmaya baxırlar.
Bəli tam olaraq bu....
Kitab bizə az səhifəsi ilə çox şeyi öyrədir və öyrətdiyi şeylərə inanmağa hazır olmadığımız da çox barizdir. Min dəfə çalışsaq da, min dəfə vuruşsaq da, sonumuzun bir heç olması, həqiqətən də, çox acınacaqlıdır. Qazandığımız dostluqların bizim yoxluğumuzda mənfəətin köləsi olması hissi insanı nəfəs alarkən öldürəcək cinsdəndir. Əsər bir mövzunu çox yaxşı vurğulayır: Nə qədər xəstə oluruqsa olaq, bir çıxış yolu mütləq var, amma əgər ruhumuz xəstədirsə, onda yaşamağa ümid bəsləmək özü bir intihardır.
Başının üstündəkilərdən kimsə:
- Vəssalam, qurtardı! - dedi.
O bu sözü eşidib içində təkrarladı: "Qurtardı ölüm... O daha yoxdur..."
Sonra havanı ciyərlərinə çəkdi, nəfəsi yarıda kəsildi, dartınıb-gərildi və öldü.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
Onlar sabah Qarahəsənli kənd qəbristanlığında qovuşacaqlar
“Ədəbiyyat və incəsənət” portalına "Qazax" Xeyriyyə İctimai Birliyinin Mətbuat xidmətinin məlumatı daxil olub. Bəhs edilən mövzu ilə bağlı əməkdaşlarımız da müəyyən bilgilər əldə ediblər. Və indi sizə ilginc, tükürpədici bir əhvalat barədə danışacağıq.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, Ağstafa rayon Qarahəsənli kənd sakini Mustafayev Vəli Ceyhun oğlunun Şəhadət xəbərini eşidən istəklisi, 2006-cı il təvəllüdlü Oruczadə Arzu Camal qızı Xırdalanda hündürmərtəbəli binadan özünü ataraq intihar edib.
Qəfil hadisənin təsirindən çaşqın qalan valideynlər Arzunu 22 sentyabrda Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən qəbristanlıqda dəfn ediblər. Vəlinin də valideynləri Arzunun intihar etməsindən bir gün sonra xəbər tutublar. Bu ağır xəbəri eşidən "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov Vəlinin valideynləri ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı Vəlinin atası Ceyhun Mustafayev İlham Pirməmmədovdan Arzunun valideynləri ilə danışıb, nəşinin Vəlinin məzarının yanında torpağa tapşırılmasına köməklik etməyi xahiş edib: "İlham müəllim, biz bilirdik ki, Vəli ilə Arzu istəklidir. Vəli əsgərlikdən qayıdandan sonra toy edəcəkdik. Qismət belə imiş. Vəli Şəhid oldu. Arzu intihar etdi. Arzu intihar etməzdən öncə səhər saatlarında (09:13) yazıb ki, "Anana de, gəlnin də gedir oğlunun yanına. Tək qoyan deyiləm onu. Mən ancaq belə qurtula bilərəm." İlham müəllim, Qazax mahalının ağsaqqalı kimi siz bizə köməklik edin. Arzunun nəşinin Vəlinin məzarının yanında dəfn olunmasına görə valideynlərindən razılıq almaq üçün əlinizdən gələn köməyi əsirgəməyin".
Şəhid atasının istəyini nəzərə alaraq İlham Pirməmmədov, İctimai Birliyin üzvləri ehtiyatda olan polis polkovniki Namiq İsmayılov, Şəhid leytenant Teymur Abbasovun anası Başxanım Abbaslı, Sultanxanım Nəsibova, Yeganə Tağıyeva, Səbinə Yusif Arzunun 3 mərasimində iştirak ediblər. Qazax mahalının ziyalıları Arzunun vəsiyyətinə əməl olunmasını, 7 mərasiminə kimi Arzunun nəşinin Ağstafa rayonunun Qarahəsənli kəndinə aparılmasını onun valideynlərindən, ailəsindən, doğmalarından xahiş ediblər.
İlham Pirməmmədov və Namiq İsmayılov Arzunun atası ilə danışıqlar zamanı Arzunun Qarahəsənli kənd qəbristanlığında dəfn edilməsinə razılıq verilməsini xahiş ediblər. Ata Arzunun Vəlinin yanında dəfn olunmasına etiraz etmədiyini bildirib: "Mən sizin təklifinizə yox demirəm. Ancaq ana ürəyi başqadır. Anası razı olsa, Arzunu Vəlinin yanında dəfn etmək üçün Qarahəsənli kəndinə apara bilərsiniz".
İlham Pirməmmədov Vəlinin valideynlərinin də xahiş üçün Bakıya gələcəyini bildirib.
Mərasimdə Başxanım Abbaslının çıxışından sonra oradakı bütün qadınlar Arzunun anası Sevda xanımdan Arzunun nəşinin çıxarılaraq Qarahəsənli kənd qəbristanlığında torpağa tapşırılmasının tərəfdarı olduqlarını bildiriblər: "Sevda xanım, bilirik, yaranız çox dərindir. Arzu Vəliyə görə həyatına qəsd edib. Onun son arzusu Vəlinin yanında dəfn olunmaq olub. Xahiş edirik, Arzunun son arzusunun gerçəkləşməsində siz bir ana olaraq öz razılığınızı bildirin".
Başxanım Abbaslı deyib: "Siz Arzunun Qarahəsənli kənd qəbristanlığında sevdiyi oğlanın yanında torpağa tapşırılmasına icazə verin. Arzu Qazax mahalının toysuz gəlinidir. Biz Arzunun vəsiyyətinə görə sizdən xahiş edirik, onu Vəlidən ayırmayın". Üç mərasimində söhbət zamanı demək olar ki, Arzunun Vəlinin yanında dəfn olunmasına qismən razılıq olduğu hiss edilib. Yas məclisini idarə edən molla Arzunun Vəlinin yanında dəfn olunmasının vacib olduğunu bildirib: "Arzu Vəli üçün özünü öldürdü. Bu bizim tariximizdir. Qızlarımızın qorxmazlığının, əzmkarlığının, sədaqətinin göstəricisidir. Tarix təkrar olunur. 90-ci ildə İlham Fərizə sevgisi dillərə dastan oldu. 33 ildən sonra Vəli Arzu sevgisi dillərə dastan olacaq.”
Mərasimdə iştirak edən qadınlardan biri böyük yanğı ilə qeyd edib: "Arzunu dəfn edəndə qəbrə sığışmadı. Bunu hamımız öz gözlərimizlə gördük. Nə qədər edirdilər, Arzu qəbrə sığışmırdı. Ona görə də ipəyi büküb başının altına qoydular ki, Arzu qəbrə sığışsın. Ancaq yenə sığışmadı. Nə qəbir Arzunu qəbul etdi. Nə də Arzu qəbiri qəbul etdi. Yenə də məsləhət, son söz Sevda xanımındır. Ancaq Arzunun rahat olmasını istəyirsə, Qarahəsənli kəndində dəfn olunmasına icazə verməyi məsləhətdir".
Yas məclisində eşitdiklərimizdən onu da bildik ki, Arzu məktəbdə nümunəvi şagird olub. Sınaq imtahanlarından 550-600 bal toplayan Arzu Polis Akademiyasına qəbul olmaq niyyətində olub. Müharibə çox gənclərin, sevənlərin arzusunu yarıda qoyduğu kimi Vəli və Arzunun də arzularını yarıda qoydu.
Arzunun Vəlinin yanında torpağa tapşırılması üçün 25 sentyabrda Ağstafa rayon Qarahəsənli kəndindən Vəlinin valideynləri Arzunun valideynləri ilə görüşmək üçün Bakı şəhərinə gəldilər. İlham Pirməmmədov və Namiq İsmayılov Şəhidin ailə üzvlərini qarşılayıb Arzunun ailəsi ilə görüşdürdülər.
Valideynlər Azrunun nəşinin Vəlinin məzarının yanında dəfn olunması üçün ailə ilə yenidən danışıq apardılar. Arzunun nəşinin Ağstafa rayonunun Qarahəsənli kənd qəbristanlığında torpağa tapşırılmasına Arzunun ailəsi razılıq verdi.
İlham Pirməmmədov Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbər işçiləri ilə əlaqə saxladı. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən bildirildi ki, mövcud qaydalar gözlənilməklə Arzunun nəşi çıxarılıb Vəlinin məzarının yanında torpağa tapşırıla bilər. Sentyabrın 26-sı Arzunun nəşi çıxarılaraq Ağstafa rayonunun Qarahəsənli kəndinə göndərildi.
"Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən Arzunun valideynləri və qohumları dəfn mərasimində iştirak etmək üçün Ağstafa rayonunun Qarahəsənli kəndinə göndərildi.
Hal-hazırda İlham Pirməmmədov, İctimai Birliyin üzvləri dəfn mərasimində iştirak etmək üçün Ağstafa rayonu Qarahəsənli kəndinə gedirlər.
Arzunun nəşi 27 sentyabrda (sabah) Ağstafa rayonunun Qarahəsənli kəndində Vəlinin məzarının yanında torpağa tapşırılacaq.
Qorxmaz, sədaqətli, vəfalı gənclərə Uca Allahdan rəhmət diləyirik. Doğmalarına, yaxınlarına, əzizlərinə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin, Qazax mahalının ziyalılarının adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
P.S. Dəfn mərasimi sabah saat 13:00-da Ağstafa rayonunun Qarahəsənli kənd qəbristanlığında olacaq. Dəfn mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin Bakı şəhərindən, eləcə də Qazax və Ağstafa rayonlarından olan üzvləri iştirak edəcəklər. Dəfn mərasimindən öncə İlham Pirməmmədov və İctimai Birliyin üzvləri 27 sentyabr Anım günü ilə əlaqədar olaraq Qazax və Ağstafa rayonlarında təşkil olunan Anım tədbirində iştirak edəcəklər. Dəfn mərasimindən sonra İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində Şəhid olan hərbçilərin 7 mərasimində iştirak edəcəklər. Həmçinin sentyabr ayının 28-də Şəhidlərin 7 mərasimində iştirak edəcəklər.
Dəfnin bütün xərclərini "Qazax" Xeyriyyə İctimai Birliyi öz üzərinə götürüb.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)
Sabah hava şəraiti əsasən yağmursuz olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-20°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)
“Azərbaycanda fərdi sahibkarların 22 faizini qadınlar təşkil edir”
SİTAT:
“Azərbaycanda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışdıqları kimi, sahibkarlıq fəaliyyəti ilə də məşğuldurlar. Qeyd edə bilərik ki, Sahibkarlar Konfederasiyası Aparatının 71 faizi qadınlardan ibarətdir.
Azərbaycanda fərdi sahibkarların 78 faizini kişilər, 22 faizini isə qadınlar təşkil edir”.
Sitat Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalova məxsusdur. O, bu fikirləri “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda söyləyib.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)
Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 27-də saat 10:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi 53) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar oktyabrın 20-dək Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (018) 64-4-46-04 (daxili 210) telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Arşın mal alan” operası nümayiş olunub
Ənənəyə uyğun olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hər il yeni teatr mövsümünə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus əsərlərdən biri ilə başlayıb.
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində milli musiqi sənətimizin incilərindən olan “Arşın mal alan” tamaşası nümayiş olunub.
Tamaşada əsas rollarda teatrın təcrübəli solistləri Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Gülüstan Əliyeva, Səbinə Vahabzadə ilə yanaşı, istedadlı gənc vokalçılar Fatimə Cəfərzadə, Atəş Qarayev, Taleh Yahyayev və başqaları iştirak ediblər.
Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və xormeysteri Savzixan Serderovdur.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)
“Uşaqlıq duyğularımın rəngləri” adlı sərgiyə əsər qəbulu davam edir
Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir.
Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub.
Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməlidir. Uşaq ikən çəkdiyiniz rəsmlə də sərgiyə qatılmaq olar.
Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır.
Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.
"Ədəbiyyat və incəsənət”
(26.09.2023)
Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı xeyriyyə layihəsi təşkil olunub
Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə təşəbbüs və təşkilatçılığı ilə “Birləşmiş səslər” xeyriyyə layihəsi təşkil edilib. Layihə 5 günlük ustad dərslərindən və konsertdən ibarət olub.
Bunu AzərTAC-a təşkilatın təsisçisi və prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə Bayramova- Bernard bildirib.
Onun sözlərinə görə sentyabrın 23-də Anqolanın Camunga musiqi məktəbinin Simfonik Orkestri və İncəsənət və Mədəniyyət Fondunun musiqiçiləri ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadənin “Birləşmiş səslər” adlı konserti baş tutub.
Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları təşkilatının, Azərbaycan Diasporuna Dəstək Fondu, Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə dəstəyi ilə təşkil edilən konsertdə hər iki mərkəzin musiqiçiləri ilə birgə Azərbaycan bəstəkarları - Arif Məlikov, Fikrət Əmirov, Azər Rzayev, Sərdar Fərəcov, Vasif Adıgözəlovun musiqiləri və Azərbaycan muğamları səsləndirilib. Bildirilib ki, layihənin digər məqsədi afrikalıları tar musiqi aləti ilə tanış edərək, onların tədris sisteminə tar alətini daxil etməkdir.
Konsertdə Anqolada yaşayan xarici vətəndaşlar, səfirliklərin, beynəlxalq şirkətlərin nümayəndələri ilə bərabər Türkiyə Respublikasının səfiri Ufuk Ekici də qonaq qismində iştirak edib.
Azərbaycan tarının səsi və musiqiləri qonaqları valeh edib.
Konsertin sonunda İncəsənət və Mədəniyyət Fonduna tar məktəbinin yaradılması ilə bağlı simvolik olaraq Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən Tar və Camunga Simfonik Musiqi Məktəbinə Fond tərəfindən çap edilmiş “Azərbaycan musiqisinin inciləri” xalq və bəstəkar mahnılarından ibarət kitablar hədiyyə edilib.
Konsert zamanı Azərbaycan ilə bağlı kitablar, məlumatlar, milli şirniyyatlar qonaqlara təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)
Bəyaz donlu qızçığaz
BİR TƏCAVÜZÜN QURBANININ QƏMLİ HEKAYƏTİ
“Ədəbiyyat və incəsənət” portalı Kubra Quliyevanın yeni essesini təqdim edir.
Sonuncu smestr imtahanımı da keçəndən sonra Sumqayıtdakı evimizə qayıdıb müvəqqəti ayrılıq üçün könülsüz halda əşyalarımı yığdım və anama da bağa gediləcək bəzi əşyaları daşımağa kömək etdim.
Hər il olduğu kimi bu il də adəti üzrə imtahanlarımı "yola verdikdən sonra" Novxanıdakı bağ evimizə yay tətili boyu "xoş istirahət" üçün gəldik. Əvvəllər çox sevdiyim bağımız mənə axır vaxtlar həm sıxıcı gəlir, həm də məni çox kədərləndirirdi. Açıq etiraf edəsi olsam, Sumqayıta qayıtmaq üçün demək olar ki, gün sayırdım. Əlbəttə ki, günlərin çox bəsit olmaması üçün beynimdə müəyyən qismdə planlar qurmuşdum: 3 aylıq kitab siyahısı, qaydaya salınacaq yazı işlərim, bir-iki fotoqrafik incəliklər və doyunca çəkəcəyim qürub şəkilləri...
Bir xeyli olar ki "evdəkilərlə" münasibətim soyuqlaşdığından özümə qapandığım üçün az ünsiyyət və səssizlik tətilimi daha da cansıxıcı edirdi. Ancaq atalar yaxşı deyib ki, sən saydığını say gör fələk nə sayır.
Uşaq yaşlarımdan bəri atamın göyərçinlərə xüsusi marağı olduğunu bilsəm də, çox da vecimə almazdım düzü. Hərdən dama təzə göyərçin gələndə düşüb baxsam da hansının təzə qonaq, hansının qoca sakin olduğunu anlayacaq qədər dostlaşmamışdım göyərçinlərin heç biri ilə. Bu dəfə isə məsələ tamam fərqli olmuşdu. Avqustun ortalarına yaxın iki gün otağıma qapanıb ehtiyac olmadıqca otaqdan çıxmayaraq psixo-dram kitablar oxuyurdum. Kitablar həqiqətən çox təsirləndirmişdi deyə cüzi bəhanə axtarırdım ki, oturub ağlayım.
Nəfəsimin daraldığını hiss edib həyətə çıxdım. Elə bir az ağlayıb sakitləşmək üçün gecə ayın eşidəcəyi qədər yüksək səssizlikdə söhbət etmişdim ki, gözümə bir ağ göyərçin dəydi. Dəqiq bilirdim ki, onu daha öncə bizimkilərin arasında görməmişdim. Çünki atam heç vaxt ağ göyərçin saxlamazdı. Marağıma məğlub olub göyərçinə ehmalca yaxınlaşanda heyvanın qorxub geriyə uçmaması təəccübləndirsə də, yaxınlaşanda bayaqdan qaranlıqda aydın seçə bilmədiyim mənzərədən gözlərim dolmuşdu. İndi aydın olmuşdu ki, yazıq heyvan niyə bayaqdan qaçmadan yerindəcə qalıb. Əlimə alıb başını sığallamaq istəyəndə yaralı qanadlarına, ya da boğazına zərər verəcəyimdən ehtiyat edib balaca qonağımı evə gətirdim. Atam illərin göyərçin həvəskarı olduğundan heyvanlara baytarlıq etməyi də kifayət qədər mənimsəmişdi deyə, quşu görən kimi, qanadlarının sınmasından qorxdu.
Onun sözlərinə görə, quş uzun müddət uçmuş və gecələmək üçün bir yerə pənah gətirmişdi. Amma hansısa pişiyin ac vaxtına düşməyi nəzərə almadığından yorğun göyərçin tora düşmüşdü. Yaxşı ki, qorxduğumuz baş verməmişdi, müvəqqəti qonağım nisbətən gənc olduğundan düşmən pəncəsindən şükürlü xilas olmuşdu. Bir yandan yorğun və ac, bir yandan yaralı quşu yodla təmizlədikdən və yemlədikdən sonra qutuda qonağa məxsus yer sahmanlayıb sağalana kimi ona özüm baxmağı qərara aldım və heç kim buna etiraz etmədi.
Əvvəlcə xəstədir, onsuz öləcək deyən anam belə inadıma söz keçirdə bilməyəcəyini başa düşüb tərəddüdlə də olsa razılaşdı.
İyirmi günə yaxın qonağa lazımi qulluq edib, yaralarını yavaş-yavaş sağaldıb gənc uçuşçunu yenə 12 saatlıq möhtəşəm uçuşuna hazırlayır və get-gedə ona daha çox bağlanırdım. O da mənə öyrəşmişdi deyəsən. Əvvəllər yemək və suyu qabdan belə yeyəndə ürkən quş əlimdən buğda yedikcə həm sevinir, həm də, gözlərim dolurdu.
Artıq göyərçinin tam sağaldığına əmin olduğum və bir həftəyə dərslərin başlaması ilə Sumqayıt sezonunun "açılış"ını etməli olduğum üçün bağdan getməmişdən bir gün əvvəl dostumu səmanın maviliklərindən Tanrıya əmanət etməyi düşünürdüm...
Bu yayın son bir həftəsi isə mənim üçün kabus kimi idi. Hər gecə başımı yastığa qoyanda amansız yuxular məni qan-tər içində ağlaya-ağlaya oyanmağa, hərdən də heç yatmamağa məcbur edirdi. Nə vaxt gözümü yumsam ağ göyərçinin qanadlarından qan axa-axa üstümə, sonra da ağ divara çırpılıb divarı qana boyamasını görür, qışqırıq və tükürpədici fəryad səsləri yuxularıma haram qatırdı.
Dəhşətli yuxularla bir həftəni başa vurandan sonra səhər göyərçini səmaya buraxıb yuxulara da son verəcəyimi düşünüb gözümü yumdum. Yenə yuxular aləmində bəyaz bir ütopik dünyada özümü tapmışdım. Bu dəfəki yuxu son bir həftədən tamamilə fərqli idi. Qarşımda üstü qan ləkəli bəyaz uzun bir don geyinən, ən çoxu 18 yaş verəcəyim qara saçlı, iri gözlü bir qız dayanmışdı. Qıza yaxınlaşanda siması olduqca tanış gəlsə də, hadisələrin yuxu və ya real olduğumu bilmədiyimdən kimliyini çox da seçə bilmədim. Əvvəlcə əlimdən tutub gözlərimə uzunca baxdı və danışmağa başladı:
-Sən yəqin ki, məni tanımırsan, amma üzümü haradansa xatırlayırsan.
Söz demədən başımı tərpətdim.
Təbəssüm etdi.
-Mən Məryəməm. Keçən ay həyətdə tapdığın yaralı Məryəm.
Hələ də key kimi üzünə baxırdım.
-Ey, məndən qorxma, hər şeyi sənə danışacam.
Kəkələməyə başladı.
-Hər şeyi başdan danışım. Mənim adım Məryəmdir və 17 yaşım var. Burda neçə vaxtdı varam, bilmirəm, amma mənə çox haqsızlıq edildi deyə bura qaçmağı düşündüm ilk öncə. Qaçışım isə heç də qurtuluş olmadı. Əvvəllər mən sənin kimi orta təbəqə bir ailədə doğulub böyüməyə macal tapmadan bura düşmüşdüm.
Azacıq susub davam etdi:
-Bir gün yenə tezdən oyanıb atamı da, anamı da işə yola saldım. Ardından qardaşımı baxçaya ötürüb evə qayıdırdım ki, ara yolda tanımadığım 4 oğlan qabağımı kəsdi. Əvvəl pul istədilər, yoxdu deyib getmək istəyirdim ki, aralarından biri qolumdan yapışıb divara sıxdı. Üstümə cumdu, köynəyimi cırdı. İy-iyrrr-rənc bığları sinəmdə gg-əə-zirdi. Ss-sonra hırıldayıb dostlarına təklif etdi məni. Sırayla başıma oyun açan 4 murdar hisslərini söndürəndən sonra heç nə olmamış kimi bir küncə tulladılar məni..
.....
Qız danışdıqca məni də qəhər boğur, özümü ağlamamaq üçün güclə sıxırdım.
....
-Üzüm-gözüm dağılmış halda özümü evə güclə atdım. Bütün bədənim əsim-əsim əsirdi. Güzgünün qarşısına keçəndə gözlərimə baxacaq üzüm yox idi. Sanki bu yaşananların günahkarı mən imişəm kimi iyrənirdim özümdən. O an qərar verdim. Hamama keçdim, yuyunub qüsl aldım. "Paklandıqdan" sonra iki rükət namaz qılıb otağıma keçdim. Uzun bir məktubda başıma gələnləri yazıb ata və anamdan namusumu qoruya bilmədiyim üçün üzr istədim. Fikirləşirdim ki, qan çıxmasa canım çıxan deyil. Əlimdəki bıçağı əsə-əsə şah damarıma salmağımı xatırlayıram bir də. O vaxtdan bəri burada yaralı göyərçin olaraq yaşayıram. Özümü nə qədər ağ divara çırpsam da, nə qədər yaralarım qanayıb getsə də, səsimə səs verən olmurdu. Amma sənin həyətdə özünlə, daha doğrusu, Tanrı ilə danışıb “əgər sən varsansa mənə bir möcüzə göstər” dediyin gün Allah məni sənə yetirdi. Günlərdir sən mənə baxırsan, yaralarımı sağaldıb başıma sığal çəkirsən. Və mən sənin sayəndə yavaş-yavaş sağalmağa başlayıram. Günlərdir yuxuna girən mən bu gündən sonra səni rahat buraxacağam. Sənə isə təşəkkürüm sonsuzdur. İstədiyin möcüzəni Allah mənimlə sənə göndərdi və sənin qəlbindəki mərhəmətin sayəsində mən də bağışlandım.
Boğazımın quruduğunu, qəhərlənib gözlərimin dolduğunu hiss etdim. Əlimi ona sarı uzadıb saçlarını sığalladım, üzünü oxşayıb möhkəm qucaqladım. Bu sətirləri yazarkən belə saçlarından gələn o qoxunu burnumda hiss edirəm.
......
-Mən sənin cənnət quşunam, unutma məni. Səndən bir xahişim var. Universtitetə ilk gedəcəyin gün bəyaz don geyin və təbəssüm edib səmaya bax. Bu mənim ürəyimdə qalan son arzum idi. Cənnətdə görüşmək ümidi ilə əziz dost!
......
Qan-tər içində yuxudan ayıldım. Havasız qalmış kimi dərin-dərin nəfəs alıb ilk iş telefonumu açdım və sosial medianın az qala partladığını görüb nə baş verdiyinə nəzər salanda isə quruyub qalmışdım.
Baku.News xəbər saytndan gələn xəbərə əsasən 2021-ci ilin avqust ayında bir məktubla başına gələnləri yazıb damarlarını doğrayaraq intihar edən 17 yaşlı Məryəm Mustafazadənin barəsində açılan cinayət işi yekunlaşmış və yeniyetmənin intiharında ittiham olunan təcavüzkarlar öz dilləri ilə hər şeyi etiraf edib məhkəməyə çıxmışdılar. Hər şey açıq ortada olduğundan məhkəmə də işi uzun tutmamış və Qanun məcəlləsinə uyğun olaraq təcavüz və cinayətə təşəbbüsdən dolayı dördlərin hər birinə 37 il iş kəsmişdi.
Xəbərləri oxuduqca qeyri-ixtiyari gözümdən yaşlar axır, hadisələrin şokundan özümə gələ bilmirdim.
Yatağımın küncündə gözüm kimi baxdığım ağ göyərçini tamam unutmuşdum ki, cəld atılıb qutunu açdım. Ağ göyərçinimə nə isə olmuşdu elə bil. Əlimə alıb ehmalca sığallamaq istəyirdim ki, gözləri ilə təşəkkür edirmiş kimi üzümə baxdı və onu tapdığım gündən bu yana ilk dəfə olaraq ovuclarımın arasında qanad çırpdı. Bu dəfə özümü saxlaya bilməyib hönkürtü ilə ağlamağa başladım. Səsimi eşidib otağıma gələn anam nə baş verdiyini anlamasa da, göyərçini səmaya buraxmaq istədiyimi eşidəndə bir xeyli təəccüblənmiş, ondan qopa bilməyəcəyimi düşünüb olanlara bir məna verə bilməmişdisə də, qərarım qəti idi.
Həyətə çıxdım və bu dəfə səmaya heç baxmadığım qədər dərin baxdım.
Bu günə kimi gördüyüm ən gözəl mavilik bu olmalıydı.
Nəhayət vida vaxtı çatmışdı. Ağ göyərçin səmaya, Məryəm cənnətə, mən də Tanrıya qovuşmuşdum. İlk dəfə idi doyunca qucaqlaşmışdım həqiqətlərlə..
15 sentyabr 2022.
Son kursun ilk günü..
İqtisad universtitetinin qabağında bəyaz donlu uzun saçlı qız təbəssüm dolu baxışlarla səmanı seyr edir...
“Ədəbiyyat və incəsənət”
(26 sentyabr, 2023)
Bakıda Qazax Dövlət Dram Teatrının “İnan mənə” tamaşası təqdim edilib
“Ədəbiyyat və incəsənət” portalının xəbər verdiyi kimi ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının "Qonaq teatr" layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrının 85 illiyi münasibətilə “İnan mənə” tamaşası təqdim olunub.
Mədəniyyət xadimlərinin və ictimai xadimlərin, o cümlədən Xalq şairi Nəriman Həsənzadənin dəvət aldığı tədbirdən əvvəl İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov "Qonaq teatr" layihəsi haqqında məlumat verib.
Sonra istedadlı aktyorların iştirakı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluşunda Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun müəllifi olduğu “İnan mənə” tamaşası göstərilib.
Sonda Qazax Dövlət Dram Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 85 illiyi münasibətilə Xəzər Gəncəli “İnan mənə” tamaşasına verdiyi uğurlu quruluşa görə, Ağalar İdrisoğlu ölkə teatrları ilə uğurlu əməkdaşlığa görə, teatrın aktyoru Aydın Orucov 60 illik yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunublar.
Fəxri fərmanları qəbul edən Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov və digər mükafatlandırılanlar göstərilən diqqətə görə İttifaqa və tamaşaçılara dərin təşəkkürlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)