Super User

Super User

Thursday, 28 September 2023 16:00

Cənnətə məktub...

Pərvanə Seyidli, “Ədəbiyyat və incəsənət”

 

Həyat sınaqlarla doludur. İnsan deyilən varlıq dünyaya gəldiyi bir vaxtdan sınaqlardan keçməyə başlayır. Hər kəs öz payına düşənləri yaşayır. Kimiləri bu sınaqlardan sevinərək çıxır, kimiləri isə silinməz izlər qoyaraq…

Bu gün sevinc və kədər bir-birini evəz edir. Bu gün yoxluğundan var olduğum qəhrəmanımı sizinlə tanışdırmaq istəyirəm. Hər kəs Ana ola bilər, amma hər kəs sənin kimi qəhrəman ola bilməz. Qəhrəmanlar qəhrəman olaraq dünyaya bəxş edilir, onlar sonradan yaradılmır. Səni necə vəsf edəcəyimi bilmirəm. Saçların uzunmuydu, gözlərin qəhvəyiydi, yoxsa mavi? Nələri sevib, sevmədiyini belə bilmirəm. Çünki mən səni tanımadan böyüdüm.

Mənim əzizim, gəncliyinin ta başlarında ömrünü doya-doya yaşamayib, canı bahasına səbrsizliklə gözlədiyi qızını görmədən, qoxusunu duymadan, ana kəlməsini belə eşitmədən dünyayla vidalaşıb əbədi olaraq Allahın yanına getdin. Sən mənim üzünü görmədiyim, heç bir zaman saçları ağarmayacaq, hər zaman cavan qalan, 20-li yaşlarında cavan yaşda torpaq olanımsan. Nə sən məni tanıdın, nə də mən səni tanıdım. Səni mənə xatırladan nə səsin var, nə də ki, siman. Bir-birimizdən uzaq düşdük. Sən Allahın dərgahında şəhidlik məqamına ucaldın, mənsə bu vəfasız dünyanın sınaqlarıyla həyatı davam edirəm. Əzizim, bura çox soyuqdur, o incəcik bədəninin üşüdüyünü hiss edirəm. Dur gedək desəm, əlimdən tutub mənimlə gələrsənmi? Ömrü kimi ümidləri də, arzuları da yarım qalanım, şəhadətə ucaldığın anda cənnət qapısında səni kimlər qarşıladı? Kaş ki, son anlarında nə hiss etdiyini bilərdim, görən qəlbində nələr vardi? Kaş ki, qəlbimə axan göz yaşlarımı görə biləydin. O zaman bəlkə də ürəyin dözməzdi, gələrdin. Mən də sevinərdim ki, cənnətdən qonağım gəlib...

Məndən nigaran qalma, əzizim sən rahat yat, cənnətdə məni gözlə. Zamanı gələndə Allahın izniylə görüşəcəyik. İlk görüşümüz olacaq, amma heç vaxt bir-birimizdən ayrılmayacağıq, itirmək qorxusuyla yaşamayacağıq. Əbədi olacağımız günə kimi xudhafiz. Səni çox sevirəm, mənim qəhrəmanım...  

 

Bu yazımı zamansız dünyayla vidalaşıb şəhidlik məqamına ucalan qəhrəman analara həsr edirəm. 

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Diqqət! “Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla sabah sizləri Məryəm Gözəlinin şeirləri ilə tanış edəcək. 

Qaçırmayın!

Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”

 

 

Mən ki uzaqlara Səndə Çatmışam,

Külək nəfəsindir, ruha qatmışam.

Ətrin qönçələnib, dəstə tutmuşam,

Ləçək tellərimə hörürəm Səni.

 

 

Şeirlərinin ahəngi, lirikası və rəngarəngliyi ilə seçilən bu mənalı sətirlərin müəllifi,  “Ədəbiyyat və incəsənət” portalının bugünkü qonağı zərif ruhlu qadın şair Minayə Abdullayevadır.

Minayə xanımla elə öz evində görüşmək qərarına gəldim. Minayə xanım məni çox xoş qarşıladı. Masada hazırlanmış gözəl çay süfrəsinin arxasına əyləşib müsahibəyə başladıq.

 

-İlk öncə özünüzü təqdim edin.

 

-Minayə Müslüm qızı Abdullayeva. “Göz yaşı əvəzi” və “Nurlu Sabaha” kitablarının müəllifi. 

 

 -Bir şair kimi şeirlərinizi yazmaqda sizə kömək olan qüvvə nədir?

 

-O elə bir hisdir ki, sözlə izahı yoxdur, ancaq o məqamı yaşamaq lazımdır. Sadəcə onu deyə bilərəm ki, hislər və duyğular olmadan heç bir misranı ərsəyə gətirmək olmaz.

 

- Sevimli kitablarınız arasında sizə dəyərli olan kitab hansıdır və nə səbəbə?

 

-Müəllif üçün əsərləri eynidir.

Amma dürüst olmaq gərəkirsə “Nurlu Sabaha” kitabım  mənim üçün çox qiymətlidir. O mənim üçün adicə kitab deyil, duyğularımın ən gözəl təzahürü, ünvanlı şeirlərimin mənbəyidir. 

 

 -Həyat sizin üçün nə qədər çətindir və bu zaman sizi motivasiya edən nədir?

 

-Hər kəsin həyatı kimi mənim də həyatımda çətinliklər olur, əlbəttə. Mənim motivasiyam şeirlərim və həsr etdiyim dəyərlimdir.

Şeirlərimin duyğularla bəzənmiş hər bir sözü  mənim üçün bir yaşam hekayəmdir. 

 

-“Yaxşı əsər pəncərə şüşəsi kimidir” deyirlər. Siz bu haqda nə düşünürsünüz? 

 

-Yaxşı əsər haqqında çox danışmaq, çox müzakirə etmək olar, bir halda ki fikirlər müxtəlifdir. 

 

-Əsl məhəbbət xəyala bənzəyir. Seirlərinizdəki məhəbbət nəyə bənzəyir? 

 

-Hər insan öz hekayəsini bənzərsiz yazsa onda bütün yaşadıqları xəyalüstü olar. Mənim şeirlərimdəki məhəbbət bənzərsizdir. Duyğularımın ən gozəli məhəbbət əfsanəsidir. 

 

 -Hansı şeir vəzninə daha çox üstünlük verirsiniz?

 

 -Mən bütün şeir vəznlərini çox sevirəm.

 

 -Səhvlərimizdən dərs çıxarırıqsa niyə səhv etməkdən qorxuruq?

 

-Əslində bu yanaşma insanlara görə dəyişir. Mən öncə səhv etməməyə çalışıram, bütün  qorxum  buna görədir. Qorxu gözəl hisdir. Bu, çox insanda yoxdur. Amma istənilən halda hər bir insanın səhvi olur. Bu zaman isə səhvlərimizdən nəticə çıxarmağa çalışmalıyıq.

 

 -Bir yazar kimi həyatınızın qalan hissəsində fayda verəcək nə edərdiniz?

 

-Mən də hər insan kimi faydalı olmağı özümə borc bilirəm və bunu  gözəl əsərlərimlə verməyi düşünürəm. 

 

Nəhayət sonuncu suala yaxınlaşdıq... 

Bu zaman Minayə xanım gülümsündü. Gözü divardakı saata sataşdı. Əlində tutduğu fincana sual dolu nəzərlərlə baxaraq bir qurtum çaydan aldıqdan sonra yenidən “Davam edə bilərik” nəzərlərlə mənə doğru dikəldi. Hər ikimiz də zamanın bu qədər sürətli keçəcəyindən xəbərsizdik. Belə səmimi və isti duyğu dolu söhbətdən heç ayrılmaq istəmirdik. Bir neçə saniyəlik sükutdan sonra mən   növbəti sualıma keçid aldım.  

 

 -Həyat çətinliklərin cəsarətlə, ümidlə, inamla olan mübarizəsidir. Gələcək üçün hədəfləriniz və ümidləriniz nədir?

 

-Hədəfim yaradıçılığımı genişlədib daha fəal olmaqdır. Ümidimiz bizi yaşadan amil, eyni zamanda bütün gözəl işlərimizin simvoludur. Ümidsiz insan mübarizə apara bilməz. Qaranlıq qaranlığı yox, qaranlıq işığı qovar. Hər bir gecənin bir gündüzü var əlbət.

Ümid isə onun son açarıdır.

 

Artıq müsahibənin sonuna gəlib çatdiq... Əziz oxucular, ümid edirəm ki, az da olsa Azərbaycan ədəbiyyatının yeni və gənc simalarından biri olan, yaradıcılığında müasir məhəbbət  ruhunu təcəssüm etdirən xanım şair Minayə Abdullayevanı  sizlərə tanıtmış olduq. Şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranar. Əgər yaxşı bir əsər  müəllifə ölməzlik gətirərsə, sizlərə də bu əsərlərdə olümsüz məhəbbətin fəzilətini yaşamağı arzu edirəm.  

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə “Güfte Edebiyat" Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl Şeir Yarışması keçiriləcək və yatışmanın mükafatları da elan edilib.

 

1. Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir yarışması ildə bir dəfə elan edilən tarixlərdə "Güfte edebiyat" mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət və incəsənət bağlarının gücləndirilməsi məqsədi ilə təşkil olunur.

2. Yarışmaya tərdim ediləcək əsərlərin dili türkcədir.

3. Şeirlər vəznli və ya vəznsiz ola bilər.

4. Hər bir iştirakçı ancaq bir şeirlə təmsil oluna bilər.

5. Mövzu sərbəstdir.

6. Əsərlər ən çox 2 A4 həcmində olmalıdır.

7. Təqdim olunan əsər əvvəllər heç yerdə dərc olunmamalıdır. Əks halda, yer tutsa da, nəticəsi ləğv ediləcək.

8. Əsərlər sağ üst küncündə ləqəb yazılmış halda təqdim olunmalıdır.

9. İstirakçılar adının, soyadının, tərcümeyi-halının, ünvanının, ləqəbinin, telefon nömrəsinin və fotosunun olduğu sənədi təqdim etməlidir.

10. Əsərlər kompüterdə, Times New Roman, 12 ölçüsündə və 1.0 sətir aralığında yazılmış olmalıdır.

11. Yarışmaya təqdim olunan əsərlər dala qaytarılmayacaq və müəllif hüquqları "Güfte edebiyyat" da olacaq.

12. Şərtnamədə qeyd olunmamış məqamlarla əlaqədar yaranan fikir ayrılıqlarında təşkilat komitəsinin qərarları əsasdır.

Münsiflər heyəti

Seçim:

1. Fikret Yazıcıoğlu
2. İdris Gürdal
3. Mehmet Özcan Yasdıbaş
4. Rabie Ruşid
5. Ülviyye Ebulfezqızı

Final:

1. Prof. Dr. Abdullah Şengül
2. Talat Ülker
3. Celalettin Kurt
4. Ali Saçıkara
5. Sündüs Arslan Akça
6. Mahmut Hasgül
7. Aysel Xanlarqızı Seferli

Yarışma təqvimi:

Elan: 24 aprel 2023

Son qəbul: 15 oktyabr 2023

Seçim: 15 oktyabr-5 noyabr 2023

Final: 5 noyabr-5 dekabr 2023

Nəticələrin açıqlanması: 10 dekabr 2023

Mükafatlandırma mərasimi: 24 dekabr 2023

Mükafat:

1-ci yer: 5000 TL

2-ci yer: 3000 TL

3-cü yer: 2000 TL

Həvəsləndirici mükafat: 1000 TL

Müraciət:

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Thursday, 28 September 2023 12:00

BİRİ İKİSİNDƏ - Seyid Aynurun şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yenə şeir vaxtıdır, Seyid Aynurun şeirləri ilə tanışlıqdır.

 

 

KƏPƏNƏK

 

Gözlərimin içində məskunlaşmış atom hissəciklərinin

göyün üzünə səpələnmiş bütün ulduzların sayından

trilyon dəfə çox olduğunu dəqiq bildiyim üçün

deyə bilərəm ki, məhəbbətin gözü kor deyil.

İnanmırsan, işıqları söndür,

gözlərimin içinə bax.

Gəl ümumdünya cazibə qanununu pozmayaq,

qollarımızı geniş açıb qucaqlaşaq səninlə.

Nə oldusa, bu gün oldu –

ömrümün ən uzun tıxacına düşəndən bəri...

İllərdir sənə doğru yol gəlsəm də,

səni gördüyüm heç bir dayanacaqda tapmadığımı anladım.

Özümü ayaqları ilə dad alan

kəpənəklər kimi hiss edirəm:

anam atamdan ayrılandan bəri

neçə bayramdır,

“Uşaqlıq” adlı sehrli şəhərə

 düşmür yolum.

 

 

LAYLA

 

Qar yağır yerə lay-lay,

Anam oxuyar layla.

Elin igid oğluna

Səngərlər deyər layla.

 

Əzizim, xarıbülbül,

Ağladı yarı bülbül.

Beşiyi dağlar oldu,

Saraldı sarı bülbül.

 

Düzləri ağ qar aldı,

Yol çəkən göz ağardı.

Axtarmayın əsgəri,

Əhdi dağlarda qaldı.

 

Əzizim asa məni,

Sırğatək asa məni

Don vurmuş bənövşəyəm,

Çağırın yasa məni.

 

 

AĞAC

 

And olsun təbiətə,

kəsilmiş ağacların

o səssiz hönkürtüsünə!

Mən sevgi şeirlərini

heç vaxt vərəqdə yazmadım:

Musiqi kimi gəldi,

nəğmə kimi zümzümə etdim,

üşüdü misralarımdakı ağaclar,

bir quş qanadı kimi

titrədi dodaqlarımda bir təbəssüm:

gecdir,

çıx get, dostum,

meşənin yuxusu gəlib.

 

 

SAÇLARIM

 

Çiçəyi içində gizli

Əncir ağacısan!..

Bir güldana qoyulmayacaq,

Bir evə sığmayacaq qədər

fərqli idik səninlə –

qərənfil və qızılgül kimi...

Səni tanıyandan

Saçlarım gül ətrini itirdi.

Qadın baxışları məktubdur –

ünvanlı, ünvansız,

 

 

ƏSGƏR

“Ölüm-qalım,

ya əlil”:

Canını döşək əvəzi torpağa,

Başını balınc yerinə

daşa qoyub pıçıldadı küləyə –

“Düşmənin başına kül ələdik, KOMANDİR!”.

 

 

NAR

 

Şelli dağının arxasında gizləndi,

O gün həmişəkindən tez batdı günəş.

Səhərədək göydən mərmilər yağdı –

Biz Əkbərlə Qaraqayaya yaralıları daşıdıq,

yuyat yerinin tək bircə pilləkanı qalmışdı.

Nə ölüyə,

nə diriyə acıdı erməni...

Qarın içində

bir qız uşağı

anasının cansız bədəninin üstünə şal atdı

və yana-yana qaldı ağacların üstündə narlar.

 

 

GÜLLƏ

 

Hardasa qışqırır bir körpə:

“Ana, mənə nə isə dəydi”

Güllələr,

Güllələr,

Güllələr...

 

 

ÇƏKMƏ

 

Sıxılıb bir küncə darıxır,

Vətən boyda yol gedən

 əsgər çəkmələri

Hardasa bir şəhidin ayağı üşüyür.

Ağappaq bir göyərçin

dimdiyində dəfnə yarpağı,

qonur çiynimə –

Gülümsəyir göyün üzü,

Gün çıxır.

 

 

FATMA

 

“Biri azdı, biri çox,

Biri vardı, biri yox”.

Kasıbların ac qarnı

Olmur almalarla tox.

Fatma qədər deyildim,

Kəndirimi açalar,

Bir qarının evinə

Əlçimimi atalar.

Yığ, ay qız, tellərini,

Nağıllarda yu asan,

Yox şəhərdə rəngli su,

Axı necə yuyasan?..

Diri vaxtı danışmır

İnəklər baş qatmağa

Çevrilmir sümüklər də

İpəyə ya başmağa.

Körpüdən keçən zaman

İtmir tayı başmağın,

Gəzə, araya səni

Adamları padşahın.

Gizlədəndə analıq

Banlamır xoruz damdan,

Nağıllarda quşlar da

Mərd olur adamlardan!..

 

 

QADIN

Bir qadın xəstəxana pəncərəsindən baxar:
anasının qoxusunu almış körpətək,
iməkləyər kor ölümün dalısınca.
Yaralı göyərçin qədər titrək,
payız yarpaqları kimi solğun,
siqaretdən yox, dərddən azarlamış
bir cüt ciyərini qollarıyla sıxar.
Bir qadın xəstəxana pəncərəsindən baxar,
və düşünər:
müharibələri, köçkünləri, əsirləri,
qan leysanının yuduğu səhraları, çölləri,
səngərdə düşmən snayperinə tuş gələn əsgəri,
zibilliklərə atılmış körpələri.
Bir qadın xəstəxana pəncərəsindən baxar,
və unudar:
QADINLIĞINI!

 

 

ŞƏKİL

 

Həsrətin doğum günü.

Foto-albomları vərəqləyirəm,

şəkillər qovuşa bilməyənlər üçün

təsəllidir.

Ürəyimdə ayaq səslərin eşidilirdi:

Tap! Tap!

Adın dilimdə çiçəkləyirdi

ləçək-ləçək –

yaz gəlmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

 

 

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

 

Sən irəlilədikcə digər insanların səhvlərini görürsən. Bunu onlara bildirəndə isə onların bir çoxunun özlərini müdafiəyə atıldığını, sanki sənə qarşı sipər qurduğunu anlayırsan. Başa düşürsən ki, səhvi özündə görməyən insanlar hər daim haqlı çıxmağa çalışar. Ümumiyyətlə, müdrik insan başqalarının gözündə haqlı və ya haqsız olduğunu sübut etməyə çalışmaz. O sadəcə müşahidə edər, dinləyər. Səhvlərə də, deyilən düzlərə də diqqətlə qulaq asar. Və sonda növbəti addımda nəyi atacağına diqqət edər. Hədəfi hər zaman yuxarılar olar. Özündən aşağıdakılara baş qoşmaz. Yardım edər, köməklik göstərər, lakin uzatdığı əli özünə xor görənlərə də baş qoşmaz. Gülüb keçər, çünki bu cür insanlar başqalarının vəzifəsinə hörmət bəslər, qarşısındakı insanın ad-sanına görə susub susmayacağını seçər. Hə, bir də həmin adamdan tərif eşidib özünü böyük görə bilər. Çünki öz eqosunu sındıra bilmək insana ağır gələr. 

Lakin bir neçə pillə yuxarı çıxdığın zaman bunlar insana boş görünər. Sən qarşındakı adamın eqosunun artdığının və sənin önündə necə cılızlaşdığının fərqinə vararsan. Sən ona baş qoşmadıqca o daha da çox özünü böyük göstərmək istər. Lakin özünü nə qədər böyük göstərməyə çalışsa da, bir o qədər cılızlaşdığının fərqinə varmaz. 

Tənqidə açıq olmaq o demək deyil ki, sən ancaq haqlı rəyləri eşidə, haqsızları basdırmağa və susdurmağa çalışasan. Tənqidə açıq olmaq odur ki, "sən haqlı olsan belə, sənə can yandırıb üzünə deyən adama qarşı hörmətlə yanaşa biləsən". Səhvsiz insan olmadığı kimi səhvinizi deyən insanların da hər dediyinin doğru olmağına ehtiyac yoxdur. Önəmli olan odur ki, sən insanların söylədiyi tənqidlərə qarşı nəzakət göstərə biləsən. 

Əgər özünüzün haqlı olduğunuzu sübut etmək üçün dəridən-qabıqdan çıxırsınızsa, demək ki, yetərincə ağıla, kamala çatmamısınız. 

Son olaraq tənqid etdiyiniz insana nəzər yetirin. Mübarizəsi kiminlədir? Öz eqosunamı, sizə qarşı, yoxsa fikirlərinizə qarşı? Fikirlərinizə qarşıdırsa, aranızda diskusiya gedəcək, müzakirələr yaranacaq. Əgər həmin insan öz eqosuna qalib gəlməyi bacarıbsa dediklərinizi rahatlıqla qəbul edəcək, ya da hörmətlə yanaşıb fikirlərinizlə razılaşmayacaq. Əgər sizə qarşıdırsa, onda  nə dediyiniz heç bir önəm daşımır. Çünki o adamın tək hədəfi sizsiniz. Belələrinin  psixikası zəif olur və özlərində səhv görmək onlara sadəcə təhqirdir.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Azərbaycanda rəsmən ən çox satılan, elektron formatda ən çox yüklənən kitab - bu il 15 yaşını qeyd edən “kitab-əfsanə” adını almış “Sonuncu ölən ümidlərdir” (müəllif Varis) “Azərkitab yayınları”nda yeni redaktədə və dizaynda çap olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hər il konveyerlərdən  çıxan minlərlə keyfiyyətsiz pirat nüsxələrinin qarşısı alınmaqla yeni oxuculara romanın daha təkmil və nəfis çaplı variantı təqdim olunub.

Kitabı “Bakı Kitab Mərkəzi”ndə, “Ali və Nino”, “Libraff”, “Kitabevim.az” mağazalar şəbəkəsindən pərakəndə, habelə Sinkod Yayım və Dağıtım şirkətindən topdan əldə etmək mümkündür.

Kitabın satış qiyməti 10 manatdır. 

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Thursday, 28 September 2023 13:00

Zülmətdə tək qalan o işıq - HEKAYƏ

Qoşqar İsmayılzadə və Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

QOŞQAR

 

(Qaranlıq sükutda hiss edərək oxumağınız məsləhətdir...)

 

Hardayam mən?! Bura haradı?!

Qorxuram...

İçimdə qəribə bir həyəcan var. 

Hava qaranlıqdı, elə bil zülmət hər tərəfi öz əlinə keçirib...

Küçədəyəm, ətrafda heç kim və heç nə yoxdu...

Hava isə getdikcə irəlini göz görməyəcək qədər zülmətə qərq edir. Amma, hiss edirəm ki, mən burda tək deyiləm, məndən başqa da kimsə var və elə indicə məni izləyir...

Aman Allah, sən özün kömək ol !

 

Bu nədi ?! Arxamca deyəsən kimsə gəlir, geriyə boylanıram. Hava getdikcə daha da zülmətə çevirilir...

Bəlkə həmin kimsə burda baş verənlərdən xəbərdardı və gəlir ki, mənə də izah etsin...

Bilmirəm. 

 

Bəs bu nədi ?! Yan tərəfdən daha 2-3 adam həmin adama qoşulub gəlməyə başlayırlar...

Ətraf zülmətə qərq olduğundan onların üzlərini görə bilmirəm. Bircə görə bilsəydim...

 

Onların sayı deyəsən artmağa başlayır və onlar addımlarını bir az da itiləşdirib üstümə doğru qaçmağa başlayırlar...

Məni vahimə bürüyür, qorxuram...

Ürəyimin hər addımdakı döyüntülərini indi daha aydın eşidə bilirəm...

 

Neyniyə bilərəm ?! Yalvarıram kömək elə mənə...

Onlar gəlir...

Bilmirəm nə edim, qaçmağa başlayıram...

Arxama baxmadan, var gücümlə qaçıram, amma qorxaraq qaçıram...

 

Mən qaçdıqca sanki zülmət də ətrafı bürüməyə başlayır...

Bəlkə də zülmət elə mənim daxilimdədi...

Yox, bu belə ola bilməz...

Qarşıdan işıq görünür...

Bəlkə o işığa çata bilsəm, bütün bunlardan xilas ola biləcəm. 

 

İndi qorxuya bir az da ümid qatmalıyam...

Var gücümlə qaçıram.

Nəfəsim kəsilir artıq, gücüm qalmayıb...

Bəlkə burda dayanıb bir az özümə gələ bilərəm. Həm deyəsən onları azdıra bildim. 

Amma burda nə baş verir ?! Anlaya bilmirəm. 

 

Tanımadığım bir küçəyə gəlib çatmışam, budur, o tərəfdə iki nəfər var, çox sevinirəm. Onlara tərəf qaçıb mənə kömək etmələrini xahiş edirəm. 

Mənə kömək edin, burda nə baş verir?! Bura haradır ? 

Onlar deyəsən məni eşitmirlər. Hey, sizinləyəm! Mənə cavab verin, eşitmirsiniz?! Qolundan tutub çəkmək istəyirəm, bu nədi?! 

Əlim onun bədənindən heç nə olmamış kimi rahatlıqla keçir…

Ola bilməz. Nə baş verir axı, lənətə gəlmiş biri mənə izah edəcək bütün bu olanları, baş verənləri ?! 

 

Deyəsən o tərəfdə daha bir nəfər var, o məni görür sanki...

Ona tərəf asta addımlarla gedirəm...

Ey, sən məni eşidirsən ?

Səninləyəm...

Onun qolundan yapışıb özümə tərəf çəkirəm.

Bu nədi...

 

Onun siması...

O tez-tez dəyişir...

Gah dostum, gah keçmiş sevgilim, gah iş yoldaşım, gah da ətrafımda olan digər insanlara çevirilir...

Bu dəhşətdir, yox bu real ola bilməz...

 

Axı nə baş verir ?!

Qorxuram, kömək eliyin mənə, kömək eliyin, xahiş edirəm, yalvarıram...

Biri məni bu sətirlərdən dartıb çıxartsın...

 

Qorxudan həmin adamı itələyib qaçmağa başlayıram...

Gözyaşları içərisində, qorxaraq qaçıram...

Var gücümlə, zülmətdə tək qalan o işığa tərəf...

Bəlkə də suallarımın cavabı elə o işıqdadır, bəlkə də məni təqib edən günahlarım, problemlərim, xəyallarımdı...

 

Mən qaçdıqca zülmət də sanki mənimlə yarışırmış kimi ətrafı daha da qaranlığa qərq edir, o işığı məndən uzaqlaşdırır...

 

Yox bircə bunu eləmə...

Bu ədalətli deyil..

Çatacam, inanıram çatacam...

Az qalıb...

Yaxınlaşıram, bir az daha sürətli...

Hə, mən bacaracam. 

Budu, işığa çatdım, ona tərəf gedirəm...

 

Nə baş verir ?! Sanki ayaqlarımı hiss etmirəm. Yəqin yorğunluqdan, qorxudandı. Ayaqlarıma baxıram...

Nə baş verir axı, ayaqlarım sanki solur, bu nədi, niyə axı ?!

Aşağıdan yuxarıya doğru yox oluram deyəsən, indi də bədənim...

İndi özümü ələ alıb işığa tərəf özümü atmalıyam...

Əlimi uzadıram...

Yoooxxx...

 

KUBRA

 

Qaç! 

Ardına baxmadan qaç, nəfəs almadan qaç, heç nə hiss etməməyə çalış. Hisslərə qapılsan yıxılacaqsan, tut nəfəsini, uzaqlaş hər kəsdən, hər şeydən.

Yoxdur sonun, baxma sağ-sola, unut hər şeyi, sil beynindəkiləri. Qəbul et, artıq busan sən.

Qorxaqsan, zəifsən sən, bacarıqsızsan sən, məğlubiyyətə və sevgisizliyə məhkumsan sən. Özünü güclü, hissiz və vecsiz göstərməlisən.

Möhtac deyilsən heç kimə, nə kiməsə sarılıb ağlaya bilərsən, nə də ki, içindən keçənləri başqasına danışmağa haqqın var. 

Axtarma heç nəyi, düşünmə sonunu. Sənə lazım deyil başını oxşayacaq, göz yaşını siləcək bir əl, lazım deyil, eşitməsin kimsə sənin ruhunun çığırtılarını..

Sən kimsədən mərhəmət dilənmirsən, kimsədən heç nə gözləmirsən. Hə-hə, güclüsən sən, təmənnasızlara öyrəşmisən sən. Təmənnasız sev, təmənnasız qayğı göstər, təmənnasız yaxşılıq et, sonunda qəlbin qırılsa yenə bildirmə. Bilirəm incidir. Çox yaralısan, çox qırılmısan, amma indi nə qırılmağa, nə yara almağa, nə də ki güclü roluna davam etməyə gücün var. 

Qorxursan sən, yenidən başlamağa, inanmağa, güvənməyə, bağlanmağa, dəyər və sevgi verməyə qorxursan.

Hə tam bir qorxaqsan sən..

Nə durmusan elə isə? Davam et, nəfəsini tutaraq davam et!! 

Dayanmadan, ağlamadan, qorxmadan, təslim olmadan QAÇ!!

Hər kəsdən, hər şeydən qaç, qurtar canını, dayanma, dayanma, dayanma....

Yox, yox, yoooox, dayan, qurban olum,  dayan, dayan, dayaaan....!!!

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Oktyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində dünyaşöhrətli italyan caz musiqiçisi, virtuoz ifaçı Fabio Lepore konsert proqramı ilə çıxış edəcək. Və konsertdə ifaçı hit caz nömrələri ilə yanaşı, dünya bəstəkarlarının yaradıcılığına da müraciət edəcək.

 

Onun ifası nəinki cazsevərləri, həm də ənənəvi musiqilərdə orijinallığı və xüsusilik axtaran dinləyicilərin ruhunu oxşayır.

Qeyd edək ki, o, London Caz Festivalı, Boston Yaşıl Festival, Dubay Caz Festivalı, Blue Bay Caz Festivalı kimi bir çox beynəlxalq festival və tədbirlərdə iştirak edib.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

"Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.”

(Heydər Əliyev)

 

Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi bp Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qeyd olunan “Heydər Əliyev İli”nə öz töhfəsi kimi yeni nəşr olunmuş dörd kitabın təqdimatını keçirib.

Kitablarda Azərbaycanın yeni müstəqil neft strategiyasının möhtəşəm tarixi, bu ölkənin yenidən dünyanın mühüm enerji mərkəzlərindən birinə çevrilməsi həqiqəti qiymətli tarixi faktlar və məlumatlar vasitəsilə nəql olunur.

Bu nəşrlər Azərbaycanın enerji salnaməsinin dörd əsas sütunu - Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağı, Şahdəniz qaz yatağı, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri və Cənub Qaz Dəhlizi haqqındadır.

 

Ötən gün Bakıda keçirilmiş təqdimat mərasimində çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “AÇG, Şahdəniz, BTC və Cənubi Qafqaz Boru Kəməri Azərbaycanın dünya səviyyəli layihələridir. Onların hər birinin tarixi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və xalqının gələcəyi naminə müdrikliklə yaratdığı strategiyadan başlayır. Faktiki olaraq, Azərbaycanın müasir tarixi və yeni neft dövrü məhz onun uzaqgörən rəhbərliyi altında formalaşıb. Bu kitabları nəşr etməklə biz Ulu Öndərin 100 illiyi münasibətilə qeyd olunan “Heydər Əliyev İli”nə öz töhfəmizi vermək və onun Azərbaycanın və bütün regionun inkişafındakı müstəsna rolunu ehtiramla yad etmək istəmişik.

Bu gün təqdim etdiyimiz kitablar illərlə aparılan geniş araşdırmaların və bu yeni tarixin yazılmasında iştirak edən şəxslərlə canlı müsahibə və söhbətlərin nəticəsidir. Fəxr edirik ki, bu töhfəmizlə Heydər Əliyevin bu möhtəşəm tarixdəki misilsiz rolu üçün minnətdarlıq və ehtiramımızı bir daha ifadə edə bildik”.

 

Nəşrin müəllifi enerji məsələləri üzrə tanınmış ekspert, jurnalist, Neft Araşdırmaları Mərkəzinin rəhbəri və ən əsası Azərbaycanın bütün yeni enerji dövrünün şahidi olmuş və bu sahədə müstəsna şəxsi biliyə malik olan İlham Şabandır.

Kitablar TEAS Press tərəfindən nəşr edilib. Araşdırma işləri və kitabların nəşri də daxil olmaqla layihənin ümumi dəyəri 154 157 AZN ($90 681) təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.