![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
“Kitabqurdu” I Yay Oxu Marafonunun qalibləri bəlli olub
Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) və Təhsilin İnkişafı
Fondunun birgə təşkilatçılığı ilə sentyabrın 30-da “Kitabqurdu” I Yay Oxu Marafonunun əyani formatda yarımfinal və final mərhələsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə başlamazdan əvvəl ANAİB sədri Şəmil Sadiq, marafonun layihə rəhbəri və ideya müəllifi Səbuhi Şahmursoy, “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, Təhsilin İnkişafı Fondunun Layihələr və biznesin inkişafı departamentinin əməkdaşı İlyas Cəfərli, münsiflər heyətinin üzvlərindən “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq, ANAİB-in koordinatoru Fizzə Məmmədova çıxış edərək layihənin önəmindən bəhs ediblər, bu kimi addımların bütövlükdə kitab bazarına, oxucu-nəşriyyat münasibətlərinə müsbət mənada ciddi təsir edəcəyini bildiriblər.
Bundan başqa, növbəti – “Kitabqurdu” I Payız Oxu Marafonunun müjdəsi verilib. Müsabiqənin aparıcısı isə “Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov olub.
Əyani şəkildə keçirilən mərhələdə yarımfinalın qalibi olan dörd nəfər finala adlayıb. Məryəm Salmanlı, Ləman İsrafilova, Emiliya Əliyeva və Dəniz Şıxəliyevanın iştirakı ilə keçirilən finalın qalibi Məryəm Salmanlı olub. Ləman İsrafilova ikinci, Emiliya Əliyeva isə üçüncü yerə layiq görülüblər.
Qaliblər müvafiq olaraq 1000, 500 və 300 AZN dəyərində mükafat qazanıblar. Qeyd edək ki, marafonun mükafatlandırma mərasimi oktyabrın 13-ü - III Sumqayıt Kitab Sərgisinin açılışında baş tutacaq.
Əlavə məlumat üçün bildirək ki, marafon çərçivəsində 12-16 yaşlı məktəblilər 3 ay ərzində 7 kitab oxuyaraq ikimərhələli imtahanda iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Kitab oxu, noutbuk qazan!
Əziz kitabsevərlər, sizin üçün əla müsabiqə keçirilir.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, "TEAS Press" Nəşriyyat Evinin dəstəyi və “INFINITECH” şirkətinin sponsorluğu ilə “Oxu, qazan!” müsabiqəsi elan edilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qaydalar çox sadədir. Tanınmış kinorejissor və yazıçı Maqsud İbrahimbəyovun “Uşaqlığın son gecəsi” kitabını iştirak etmək istəyənlər 1 ay ərzində diqqətlə oxuyaraq 25 oktyabrda keçiriləcək onlayn test imtahanına qatılacaqlar.
İmtahanda iştirak üçün indidən aşağıdakı link vasitəsilə teleqram kanalına üzv olmalısınız:
25 oktyabr, saat 21:00-da teleqram kanalında bütün iştirakçılara eyni anda kitabdan test sualları yayımlanacaq. Hər test sualına 20 saniyə ərzində cavab vermək imkanı olacaq və sonra yeni test sualı yayımlanacaq.
50 test sualından sonra topladığı ballar bərabər olan iştirakçılar olarsa, onlar arasında səhv cavab verənə qədər müsabiqə davam edəcək.
Ən sürətli və ən çox doğru cavab verən iştirakçı “INFINITECH” şirkətindən “HP 255 G8” notbukunu qazanacaq!
Bu hələ son deyil! Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin dəstəyi ilə qalib üçün mərkəzlə tanışlıq turu keçiriləcək, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova ilə görüş təşkil ediləcək.
Kitabı əldə etməyə tələsin, bu müsabiqə çox maraqlı olacaq!
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
“Mən həmin o qızam” - MÜHARİBƏ ESSELƏRİ
Aytac Zeynalova, “Ədəbiyyat və incəsənət” üçün
-Hamınızı salamlayıram...
-Mən unudulmuş balaca qızam
-Tanımadınız məni, elə deyilmi?
-Xatırlamadınız da...
-Dayanın... Təşvişə düşməyin...
-Mənim adım Aysudur. İskəndərova Aysu Rövşən qızı. Cavan atasının bağrına həsrət toxumları əkən, gülərüz anasının gözlərini gözyaşına həbs edən qızam.
Mən arzuları hələ çiçək açmamış bir payız yelinə solan güləm, gülüstan bağından qovulmuş qanadı qırıq bülbüləm.
Bu günlə nə əlaqəm var, deyə düşünürsünüz. Səbrli olun, hamısını açıqlayacağam. Necə olsa, mənim sonsuzluğa qədər vaxtım var artıq.
Xalqımızın qanayan yarasının sağalmağa başladığı vaxtdan - 27 sentyabrdan tam bir ay ötürdü. Qızğın müharibə davam edir, cəbhədən həm sevindirici, həm də üzücü xəbərlər gəlirdi.
27 oktyabr mənim nəfəsimin dayandığı, işıqlı dünya ilə vidalaşdığm gün. Bəli, mən Bərdə terroru zamanı yelləncəyini boş qoyan həmin o 7 yaşlı qızam.
Həyətimizə düşən raket qəlpələri ruhumu cismimdən ayırana qədər həyat dolu, nəşəli, atasının gül qoxulu gözəl qızı idim.
Bəlkə gələcəyin həkimi, hakimi, müəllimi, mühəndisi və ya xalqımın layiqli övladı olacaqdım.
Mən arzularımı da balaca qucağıma yığıb, həyatın ətəyindən sürüşüb getdim.
Getmək mənim seçimim deyildi, mən istəməmişdim, bu taleyin hökmü, fələyin qərarı idi.
Artıq 3 ildir ki, sizinlə eyni dünyanı bölüşmürəm. Mənim müharibə soraqlı, zəfər müjdəli, balaca qaranlıq dünyam rəngarəng çiçəklərlə bəzədilib.
Yenilməz ordumuz qisasımı qiyamətə qoymadığı üçün ruhum çox şaddır.
Əziz atam, əziz anam, sizin balaca qızınız indi yanınızda olmaya bilər.
Mən bilirəm ki, mənim ən gözəl yerim sizin cənnət qəlbinizdir.
Yelləncəyi mənə sevdirib, məni yelləncəyə küsdürən həyatdan yaman gileyliyəm. Dünyanın ədaləti də bura qədərmiş. 7 il ömür sürdüyüm dünyada, 70 illik əzab bağışlamışam sevdiklərimə.
Xəritəmizin bütövlüyünü pozan qırmızı xətlər aradan qalxdı. Həmin xətlər indi şəhid analarının, yoldaşlarının, övladlarının, eləcə də valideynlərimin qəlbinə qazındı.
Ruhum şaddır. Öldümsə də dəydi.
Mən, mənimlə bərabər həmin terror qurbanlarının, həmyerlilərimin və həmvətənlərimin də iç səsiyəm. Onların da ruhları şaddır, onların da gözləri arxada, qanları yerdə qalmadı, arzuları ürəklərində qalsa da.
Susmayın, erməni vandalizminə susmayın, bu dəhşəti unutmayın. Körpələr, uşaqlar, arzular, ümidlər ölməsin, insanlar ölməsin, insanlıq ölməsin. Susmayın.
Başın uca olsun vətənim, Azərbaycanım. Canımız, qanımız bahasına oldu, ümidlərimiz, arzularımız bahasına oldu, amma bayrağın yerə enmədi, könlün candan ayrılmadı Azərbaycanım!
Kiçicik cismimdən ayrılan, böyük ruhumla hamıyla sağollaşıram.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Onun ən gözəl fotosu
Varis yazır
Mənimçün bu, onun ən gözəl fotosudur: Qüsursuz türk gözəli, içində xeyirxahlıq tonqalı qalamış Qənirə Paşayeva.
Yoxluğu hamımızın ürəyini dağladıqca dağlamayacaqmı?
O yandan türk qardaşlarımız deyir ki, zəlzələ vaxtı Qənirə xanım ayrıca bir yardım platforması yaradıb minlərlə insana kömək etdi, bu yandan Qori Müəllimlər Seminariyasından açıqlama gəlir ki, binanın təmiri üçün Qənirə xanım neçə rəsmi ünvana ağız açıb məsələni həll elədi, ordan oğlu Oksfordda oxuyan qadın deyir ki, ona bir ömür borcluyuq, uşağın təhsilhaqqını o təşkil etdi, burdan qazilər söyləyir ki, Qənirə xanım bizə səngərdə mənəvi dayaq oldu…
Yanında olanda telefonu bir dəqiqə susmurdu, dara düşən hər kəs ondan kömək umurdu, birini polisdən qurtarır, birinin müalicəsini təşkil edir, birinin kreditini ödəyir, birinə qaz çəkdirirdi… Vallah, küsənləri də o barışdırırdı.
Hər bir kəsə əsəb, güc, ürək hərarəti, maddiyyat və mənəviyyat xərcləyirdi, hər kəs üçün özünü tükəndirirdi.
İndi hamı və hər kəs var, təkcə o yoxdur.
Deyirdiniz, həyatda altruistlər - başqaları üçün yaşayanlar olmur. Etiraf edin ki, səhfsiniz.
P.S. Ən gözəl fotodakı bu xoş təbəssüm də boşuna deyil. Bu fotoyla bizlərə “Həmişə təbəssümə, xoş ovqata əmanət olun” ismarıcı göndərib.
Allah sənə rəhmət eləsin, qısa ömürlü BÖYÜK QADIN!
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
QƏNİRƏ PAŞAYEVANIN YADİGARLARI: “Təkcə həyat yoldaşı yox, həm də əqidə, mübarizə yoldaşı idi…”
“Ədəbiyyat və incəsənət” portalı xalqın sevimlisi, vaxtsız itirdiyimiz Qənirə Paşayevadan yadigar qalmış yazıları dərc edəcək. Bu gün sizlərə Azərbaycanın ilk maarifçi qadınlarından olan Hənifə Məlikovaya həsr olunmuş “Adı kimi: həqiqi, əsl, xalis, təmiz” məqaləsini təqdim edirik.
Hənifə Məlikova Azərbaycanın ilk maarifçi qadınlarından olan, xeyriyyə cəmiyyətinin yaradıcısı kimi milli mədəniyyət tariximizdə ehtiramla yad edilən xanım aydınımızdır. Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin xətti ilə gördüyü işlər, qadınlarımızın maariflənməsi, maddi və mənəvi qayğı ilə əhatə olunması, onların hüquqlarının müdafiəsi, cəmiyyətdə layiqli yer qazanmaları üçün Hənifə xanımın xidmətləri danılmazdır. O, həmçinin XX yüzilin ictimai qurumları içərisində ünlü olan – xalqımıza mədəni xidmət göstərən “Nicat” cəmiyyətinin yaradıcılarından biri olub.
Hənifə xanım Həsən bəy Zərdabinin – Rusiya çarından ana dilimizdə qəzet çapı üçün icazə almağı bacaran, Azərbaycan mədəniyyətini ilk mətbu orqanı ilə taclandıran, millətimizin maariflənməsi yolunda böyük fədakarlıqlar göstərən, “Əkinçi” qəzeti ilə mədəniyyət və ədəbiyyatımızın yolunda mayak olan görkəmli bir ictimai xadimin həyat yoldaşı idi. “Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır”,- deyən Həsən bəy Zərdabinin bütün bu çətinliklərin öhdəsindən gəlməsində Hənifə xanımın böyük mənəvi dəstəyi olub. O, 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrinə bütün gücü ilə əmək sərf etmiş, maddi-mənəvi sıxıntılara, ictimai təzyiqlərə qarşı ömür-gün yoldaşı ilə birgə mübarizə aparıb.
Bu üfüqügeniş aydınlar ailəsi 1880-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açmış, dönəmin cəhalət mühitinə, təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara savad vermiş, elm yolu göstəriblər.
Gözəl, nəcib, sədaqətli və dəyanətli Hənifə xanım millətimizin və ailəsinin yolunda böyük fədakarlıqlar göstərib. O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də əqidə, məslək, düşüncə, mübarizə yoldaşı olub. Hənifə xanım 16 il Həsən bəylə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşadığı illərdə belə öz əqidəsindən, milli-mədəni inkişafımız uğrunda inadla mübarizə yolundan dönməyib.
Tələbələrin təhsil xərclərini ödəmək üçün həyat yoldaşının yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti uğurlu alınmasa da, Həsən bəyin çətinliklə 1600 manata qədər pul toplayıb bu vəsaitin faizi ilə ildə bir-iki nəfərin təhsil haqqını ödəməsi Hənifə xanımı fədakar aydınlar sayəsində millətinin gələcək rifahına inandırmışdı. Həsən bəy öz mənzilində pansionat açıb hər il on nəfər azərbaycanlı uşağa təhsil verərək, onları gimnaziyaya hazırladığı vaxtlarda Hənifə xanım ona ən böyük dayaq olmuşdu. Bu uşaqların qayğısına qalan Hənifə xanım təlim-tərbiyə işlərində həyat yoldaşının ən yaxın köməkçisi idi. Bütün bunlar millətin inkişafı üçün böyük vətənpərvərlikdən, işıqlı amallardan irəli gəlirdi.
Hənifə Məlikovanın adı Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşüb. O, 1909-1919-cu illərdə Bakı şəhər dövlət birinci Rus-Tatar, yəni Rus-Azərbaycan Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq Azərbaycan qadının inkişafında önəmli rol oynayıb. Bir pedaqoq, maarifçi ziyalı kimi böyük hörmət və nüfuz qazanmış Hənifə xanım dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən idi.
Hənifə xanım xatirələrində yazır ki, 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız Məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunduqdan sonra onun adını burada görən Həsən bəy Zərdabi təhsilli bir qızla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu başa düşən Həsən bəy onunla birgə həyat yoluna çıxmağa qərar verir. Evlənmək qərarı verən gənclər valideynləri uzaqda olduğu üçün evlilik xeyir-duasını da Müqəddəs Nina Qız Məktəbinin himayədarı, knyagina Olqa Fedorovnadan alırlar..
Çətinliklərlə dolu birgə ömür yolunda Hənifə xanım Həsən bəy Zərdabinin ən yaxın dostu, məsləkdaşı olur, bütün həyat məsələlərində, eləcə də ictimai vəzifələrin həllində həmfikir və mübarizə yoldaşı kimi birlikdə qərar veriblər. 1872-ci ildə qurulan ailə bağları əqidə, fikir dostluğu, çətin günün həmdəmliyi ilə daha da möhkəmlənib. Pəri, Qəribsoltan adlı iki qızı və Midhət, Səffət adlı iki oğlu olan ailə, bütün Azərbaycan övladlarını öz doğması bilib, onların təhsilinə və təlim-tərbiyəsinə himayədarlıq etməkdən zövq alıb.
XIX yüzilin əvvəllərində Bakıda yaradılan onlarca xeyriyyə cəmiyyəti, maarif-mədəniyyət ocaqları məhz belə aydınların milli tərəqqi uğrunda mübarizəsinin nəticəsi kimi meydana çıxıb. Hənifə Məlikovanın böyük səyi və zəhməti ilə yaradılan “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti” də bunun bariz örnəyi kimi diqqəti cəlb edib. Bu kimi xidmətləri Hənifə xanımın adını, onun maarifçilik fəaliyyətini Güney Qafqazın demokratik dairələrində geniş şəkildə məşhurlaşdırmış, adını rəsmi hökumət idarələrində tanıtmışdı.
Onun həyatı bir-birindən çətin sınaqlar, hətta bəzən təqiblər, təzyiqlərlə keçsə də, bir an belə öz missiyasını unutmamış, xalqı cəhalətdən xilas etmək, təhsilli insanların sayını artırmaq yolunda inadlı mübarizəsindən çəkinməyib. O, özü bu haqda yazırdı: “Həyatımın məqsədi – bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır”.
Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işlədiyi vaxtlarda da bu məqsədi həyata keçirmək üçün bütün qüvvəsi ilə çalışır, daha çox türk-müsəlman qadını təhsilə cəlb etmək istəyib. Həyat yoldaşı və məsləkdaşı Həsən bəy Zərdabi haqqında yazdığı memuarda isə bu yolun nə qədər məşəqqətli olduğunu, çar Rusiyasının təbəəsi olan müsəlman xalqların inkişafına hər cür maneələr yaradıldığı bir vaxtda maarifçilik uğrunda mübarizənin çətinliyini görürük. Hənifə xanım ömrünün sonunadək bu çətinlikləri dəf etmək yolunda Həsən bəylə yanaşı addımlayıb. 1929-cu ildə Vətəninə, millətinə həsr etdiyi mənalı ömrü başa çatan Hənifə xanım Bakı şəhər qəbiristanlığında dəfn edilib, lakin ömür yolunda qoşa addımlayan bu iki böyük insanı vəfatından sonra zaman yenə birləşdirib, Hənifə xanımın cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yanına, Fəxri xiyabana köçürülüb.
Professor Abbas Zamanov universitetdə tələbələrinə iki xanımın milli maarif və mədəniyyətimizin inkişafında unudulmaz xidmətlərindən bəhs edərdi. Onlardan biri Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva- Məlikova, digəri Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadə idi. Professor xüsusi vurğulayıb ki, bu xanım aydınlardan birinin “Əkinçi” qəzetinin formalaşmasında, digərinin “Molla Nəsrəddin” jurnalının davamlı nəşrində əvəzsiz xidmətləri olub.
Qaynaqlarda göstərilir ki, Hənifə xanımla Həsən bəy övladlarının dördünə də yüksək təlim-tərbiyə verilib – bu aydınlar ocağının uşaqları Almaniyada, Rusiyada ali təhsil almış, Azərbaycanın layiqli aydınları olaraq yetişmiş, vətənə xidmət ediblər. Ailənin böyük qızı Pəri xanım ailəsi ilə birlikdə Vətəndən uzaqlarda mühacir ömrü yaşamaq məcburiyyətində qalıb. Pəri xanım mühacirətdə olduğu Fransada 1947-ci ildə dünyasını dəyişib, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı dostu və həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn edilib. Hənifə xanımın digər qızı Qəribsoltan ailə həyatı qurmamış, ömrünü maarifə, elmə həsr etmiş, Azərbaycanın Əməkdar müəllimi kimi ata-anasının yolunu şərəflə davam etdirib. Ailənin böyük oğlu Midhət bəy Məlikov Lənkəranda öz hesabına Xanbulançay üzərində su elektrik stansiyası qurmaq istəyində olub, elə buradaca iş başında ikən qolları qandallı Bakıya gətirilib güllələnib. Kiçik oğul Səffət bəy ixtisasca memar olub, Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı kimi Türkiyədə siyasi fəaliyyət göstərib və ömrünün sonunadək də qardaş ölkədə yaşayıb.
Hənifə xanım Bakıda tək-tək görünən çadrasız müsəlman qadınlarından biri idi. Bakıya özü ilə maarifçilik işığı gətirən bu qadının cəsarəti, mənəvi gücü çoxlarını hərəkətə gətirmiş, təhsil alan qadınlarımızın sayını artırmışdı. Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım başladığı maarifçilik yolunda böyük əzab-əziyyətlərlə qarşılaşsa da, həmişə öz kübarlığı, nəcib dəyanəti, mətanəti ilə seçilib. Birdən-birə ağır təzyiqlər mühitinə düşən xanım aydına, eləcə də həyat yoldaşı Həsən bəyə qarşı qəddar hücumlar günbəgün artsa da, bu parlaq şəxsiyyətlər sarsılmayıb. Sanki bu fədakarlığa özlərini öncədən hazırlamış kimi qətiyyətli duruşları vardı. Bədxahlarının hücumu isə əsla ara verməyib. Çünki yaxşı bilirdilər ki, Hənifə xanımın öz evindəki kiçik pansionunda tərbiyə etdiyi, təhsil verdiyi, yetişdirib ərsəyə çatdırmaq istədiyi uşaqların hər biri gələcəyin, özü də lap yaxın gələcəyin maarif işığını yandıracaqlar. Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: “Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Uşaqlar onun ümid və iftixarı idi”.
Gənc azərbaycanlı aydınların yetişməsindən imperiya hakimiyyətinin, çar rejiminin rahatsız olduğu bir dönəmdə hər hansı bir maarifpərvər cəhdin qarşısı alınmaqdaydı. Təsadüfi deyil ki, hakimiyyət orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaq, habelə “Əkinçi” qəzetinin nəşri ilə bağlı müraciətinə uzun illər boyu müsbət cavab verməyib. Hənifə xanım bu münasibətlə yazırdı: “Cəmiyyətin təşkilinə icazəni almaq çox çətin idi. Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu... Hökumət adamlarının Həsən bəydən xoşu gəlmirdi, ondan çəkinirdilər, ehtiyat edirdilər”.
Hənifə xanım öz evində uşaqlara dərs deməklə yanaşı, kənd-kənd, ev-ev gəzib qadınlara dərzilik, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, qadın məsləhətxanaları təşkil edirdi. Onun vaxtında tibbi müdaxiləsi Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas edib.
Həsən bəyin ən böyük arzularından biri Bakıda müsəlman qız məktəbinin açılması olub. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə qız məktəbinin binası tikilib başa çatanda buna ən çox sevinən aydınlardan birincisi Həsən bəy idi. Amma bu məktəbdə müdir və müəllim kadrlarının təyin olunması böyük bir çətinlik kimi ortaya çıxıb. Savadlı müsəlman qadın demək olar, yox idi. Eyni zamanda, bu məktəbə şagirdlərin cəlb edilməsi də çətin məsələ idi. Ailələr öz qızlarını məktəbə göndərməyə cəsarət etmirdi. Hətta buna cəsarət edən tək-tək adamları da qaragüruh bildiyi kimi cəzalandırırdı. İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz qıldığı yerdə öldürüblər. Belə bir cəhalət ortamında Hənifə xanım kimi aydınların işə başlaması xüsusi cəsarət tələb edirdi. Hənifə xanım ürəklə qız məktəbində müdir işləməyə razı olur və fəaliyyəti dövründə burada təhsil alan qızların mənəvi anasına çevrilib. Onun sayəsində Bakı Müsəlman Qız Məktəbi savadlı, istedadlı qadınların yetişdiyi bir maarif ocağı olub. Beləliklə, nəinki Azərbaycanda, eləcə də bütün İslam aləmində ilk dünyəvi qız məktəbinin açılması Həsən bəy Zərdabinin təşəbbüsü və Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə baş tutursa, onun inkişafı, layiqli qadın aydınlar yetirməsi Hənifə xanımın zəhməti hesabına gerçəkləşib.
1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı”nın yaradılması da qadının cəmiyyətdə rolunu artırmaq məqsədi daşıyırdı. Xeyriyyəçi Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın başçılıq etdiyi bu təşkilat az bir zamanda böyüyüb “Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti”nə çevrilib. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və Rus-Türk (Azərbaycan) Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq, Azərbaycana mədəniyyət tariximizdə önəmli yer tutan aydın qadınlar qazandırıb. Beləliklə, Hənifə xanım Məlikova ömrünü Vətəninin, millətinin ömrünə bağlayan, ümummilli maraqları şəxsi taleyindən öndə görən fədakar bir aydın ömrü yaşayıb.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Günün fotosu: Ermənilərin Dağlıq Qarabağdan köçməsinə təəssüflənənlərin menyüsünə
Günün fotosu: Ermənilərin Dağlıq Qarabağdan köçməsinə təəssüflənənlərin menyüsünə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Euronews-un Rusiya müxbiri Andrey Pozdnyakovun bu fotosuna şərhdə yazılıb ki, Dağlıq Qarabağdan qaçqın düşən erməni əhalinin sayı 100 min nəfərə çatıb və humanitar təşkilatlar həyəcan təbili döyürlər.
Niyə? Nə üçün?
Ötən əsrin sonunda bir milyon azərbaycanlı silah gücünə öz ana torpaqlarından qovulanda susan həmin bu humanitar təşkilatlar indi niyə yüz min erməninin gül-çiçəklə qonaq gəldiyi torpaqlardan evlərinə qayıtmasına göz yaşı töksün ki?
Hanı sizin ədalətiniz, misterlər və müsyölər?
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Gəncədə Kukla Teatrının tamaşası maraqla qarşılanıb
“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri təşkil olunub. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri Gəncə şəhərində olublar.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kuklaçılar gəncəli teatrsevərlərə son premyeraları olan "Melisa" adlı uşaq tamaşasını təqdim ediblər.
Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.
Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırıblar.
Rəngarəng səhnə həlli - dörd fəsli, daha doğrusu, tamaşadakı dörd məkan və zaman fərqini ehtiva edən konstruksiyalı tərtibatın hakim olduğu uşaq tamaşası 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.
Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt öləziməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağına inanır. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.
Melisa və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı, Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. Bizi dəfələrlə görüb keçdiklərimizə yenidən baxmağa çağırır. Çünki Melisa həyatı anladır. Yaxşısı-pisi ilə, sevinci-kədəri ilə. O, sadəcə gəlincik deyil, o, sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. O, əmin edir, inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər.
Tamaşanı ərsəyə gətirənlər də uşaqlara məhz bu sevgi və inamı göstərməyə, onların dünyasına bir də bu yolla daxil olmağa çalışıblar.
Səhnə işi balacalar tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
“Sevənlərindir dünya” tamaşası nümayiş olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünən “Sevənlərindir dünya” tamaşası növbəti dəfə nümayiş olunub.
Əmir Pəhləvanın müəllifi olduğu tamaşada azərbaycanlı (Şərif) və özbək (Müyəssər) iki gəncin sevgi hekayəsindən bəhs olunur.
Quruluşçu rejissoru Elməddin Dadaşov olan bu səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Emin Zeynallı, Nəzrin İsmayılzadə, Əliməmməd Novruzov, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ofeliya Novruzqızı, Elçin İmanov, Hüseyn Əlili və digərləri iştirak edirlər.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Sumqayıtda “Qəlblərdə yaşayan qəhrəmanlar” adlı tədbir keçirilib
Qapısı ən müxtəlif tədbirlərə açıq olan Sumqayıt şəhər Poeziya Evində 4 saylı Diyarşünaslıq Klubu və Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Anım Günü ilə əlaqədar "Qəlblərdə yaşayan qəhrəmanlar" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalının Poeziya Evinin direktoru İbrahim İlyaslıdan aldığı məlumata görə, tədbir başlamazdan əvvəl 4 saylı Diyarşünaslıq Klubunun rəsm dərnəyinin üzvlərinin sərgiyə qoyulmuş vətənpərvərlik motivli əl işləri tədbir iştirakçıları tərəfindən baxılıb və yüksək dəyərləndirilib.
Şəhidlərin ruhuna sayğı duruşuyla başlamış tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə davam edib.
İbrahim İlyaslı tədbiri açıq elan etdikdən sonra qonaq qismində dəvət olunmuş Birinci Qarabağ Müharibəsi iştirakçısı, şair Ədalət Nicat və İkinci Qarabağ Müharibəsi iştirakçısı, gənc şair Elvin İntiqamoğlu məktəblilərin sualları əsasında müharibə ilə bağlı xatirələrini bölüşüb, vətənpərvər şeirlərini səsləndiriblər.
Şair Vüsal Ağanın "Yaşa, Azərbaycanım" şeiri də dinləyicilərin marağına səbəb olub.
4 saylı Diyarşünaslıq Klubunun rəsm dərnəyinin üzvləri, Sumqayıt şəhər 27 saylı tam orta məktəbin şagird və müəllim kollektivi də tədbir iştirakçıları sırasında yer alıb.
Tədbirin sonunda İbrahim İlyaslı Ədalət Nicatı fəxri fərmanla təltif edib.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Bakı Caz Festivalı oktyabrın 6-da başlayacaq
Dörd gündən sonra - oktyabrın 6-da Bakı Caz Festivalının açılışı olacaq. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də festival öz zəngin proqramı ilə bakılıları və şəhərin qonaqlarını sevindirəcək.
Oktyabrın 8-dək Dənizkənarı bulvarda konsertlər olacaq. Yerli ifaçılarla yanaşı, bu konsertlərdə Almaniya, Türkiyə, Norveç, Avstriyadan olan musiqiçilər çıxış edəcəklər. Bütün bu günlər ərzində təşkil olunacaq yarmarkalara gələnlərə ləziz yeməklər, 360° foto, art-hissə, DJ GRAF musiqisinin sədaları altında rəqs təklif ediləcək. Bununla yanaşı, tanınmış JAZZANOVA frank-qrupu amerikalı DJ Amir ilə birlikdə çıxış edəcək.
Eyni zamanda, festivalın əsas meydançası Beynəlxalq Muğam Mərkəzi olacaq. Burada oktyabrın 9-dan 15-dək 15 ölkədən olan musiqiçilər xüsusi proqramla çıxış edəcəklər. Onların arasında məşhur “Qremmi” mükafatının namizədləri və laureatları amerikalı caz ifaçısı və reper Teo Kroker ilə kolumbiyalı arfaçı və bəstəkar Edmar Kastanyedanın dueti, habelə İsveçrədən olan ifaçı Qrequar Marenin ifası olacaq.
Oktyabrın 14-də - şənbə günü Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti olacaq.
Bakı Caz Festivalının proqramı olduqca zəngindir. Bu çərçivədə “I am Jazzman!” Beynəlxalq gənc caz ifaçılarının müsabiqəsi, Fuad Axundovun iştirakı ilə “Jazz & Vinyl” adlı tədbir, “Qremmi” mükafatı laureatları ilə görüşlər, rəssam Eldar Qurbanovun “Jazz Colors” sərgisi və “Abray Dyurso” şərabının dequstasiyası təşkil olunacaq.
Qeyd edək ki, Bakı Caz Festivalı ilk dəfə 2005-ci ildə görkəmli caz musiqiçisi, Azərbaycanın Əməkdar artisti Rain Sultanovun təşəbbüsü ilə keçirilib və builki festival sayca 18-ci olacaq.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)