![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Bir fotonun tarixi - Ceyhun və Üzeyir Hacıbəylilər
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu fotoda siz Ceyhun Hacıbəyli ilə qardaşı Üzeyir Hacıbəylini görürsünüz.
Azərbaycan tarixinin iki məşhur siması. Biri tanınmış publisist, naşir, digəri görkəmli bəstəkar.
Hələ 1910-cü ildir, onlar gəncdirlər, Ceyhun 20, Üzeyirsə 25 yaşdadır. Şuşada fotoobyektivin qarşısında dayanıblar. Hər ikisi vətənini canından çox sevir.
Qarşıda müstəqillik, sonra bolşevik işğalı var. Sonra da ayrılıq var. Ceyhun bəyin rus işğalı ilə barışmayaraq mühacirətə getməsi, Parisdə yaşaması, Üzeyir bəyinsə bütün məhrumiyyətlərə rəğmən Bakıda qalması, qırmızı terrora baxmayaraq, var gücü ilə xalqının mənafeti naminə çalışmağı var.
İndisə hələ 1910-cü ildir.
Baxışlar uzaqlara, naməlumluqlara dikilib.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Yanvar–avqust aylarında banklar 724.2 milyon manat xalis mənfəət əldə ediblər
“Ədəbiyyat və incəsənət” portalının növbəti Açıq Portfel xəbəri Azərbaycan Mərkəzi Bankına istinadla verilir.
2023-cü ilin yanvar–avqust aylarında Azərbaycanda banklar 724.2 milyon manat xalis mənfəət, 1,064 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 23 faiz və 25 faiz artıb.
2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 milyon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz və ya 51.7 milyon manat daha çoxdur.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
“Gün var əsrə bərabər” KİTAB BƏLƏDÇİSİndə
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Amma dəniz hər ölü balığı ayaq altına atmır.
(Çingiz Aytmatov)
Hər kəsin həyatında ən azı bir dəfə olsa belə, barmaqları bu kitabın səhifələrinə toxunmalıdır. Gəlin özümüzə bir sual verək: "Bəşər tarixini sarsıdan, onu bütün çıxılmaz yollarla sınayan ən dəhşətli hadisə nə idi?"
Mənim fikrimcə, indi hamı düşünür ki, bu müharibədir. Əziz dostum, əmin ola bilərsən ki, bu müharibə deyil. Axı müharibəyə gələnə qədər yaşanılan bir zaman periodu var: Hakimiyyət qurulur, tabelilik qanunları qoyulur, məcburiyyətlər səni boğaza yığır, müharibə başlanır, bitir. Əgər ölüsənsə bu mükəmməl haldır, yox əgər dirisənsə, deməli, sənin səfil həyatın başlayır. Həm diri, həm şikəstsənsə, bu sənin üçün ömürlük əzabdır. Kitab sətiraltı mənalarla hakimiyyəti və onun doğurduğu fəsadları gün üzünə sərir.
1980-ci il Qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanında hadisələr baş obraz Yedigeyin yaxın dostu Qazanqapın ölüm xəbərini alması ilə başlayır. Daha sonra biz oxucuları kitabda bir sıra ağrılı həyat hekayələri gözləyir. Bütün bu insanların hər birini ortaq nöqtədə birləşdirən isə onların yaşamağa məcbur olduğu ömürlərində başqa çarələrinin olmamasıdır. Mənə kitabda ən yaxın və ən doğma obraz Abutalıb idi. Onun bütün həyat hekayəsini dolu-dolu gözlərlə oxudum. Bir insanı öz elindən, obasından, işindən didərgin salasan və bütün bunlara rəğmən yaşamağa məcbur edəsən. Ən sonda isə əlində qalan quru kağızın və paslı qələmin sənə silahdan da ağır yara aça.
Kitabın ən əsas təbliğ etdiyi mövzu bu idi ki, insan hər yerdə yaşayar, hər yerdə məskən salar, yetər ki, çevrəsində onun dilindən anlayan insanlar olsun. Ucsuz-bucaqsız Sarı-Özək düzənliyində məskunlaşan səkkiz, ya da doqquz ailənin yaşadığı sakit və sadə həyatı yaşamaq hansımızın arzusu deyil ki?!
Amma biz zamanla manqurtlaşmağı seçirik. Düşüncə və hisslərimizin əsirinə çevrilən bir manqurt...
Lakin bizim xəstəliyimizin müalicəsi əbədiyyətə qədər unutmaqdır!
Bəli, əziz yoldaşlar, yad elə yad adamlar gəldi, yad qalaktikaya isə yad kosmonavtlar uçdu. Biz öyrəşmişdik ki, yad ellər bizə məskən ola bilməz. Fəqət bir səhər qalxıb gördük ki, bütün çıxış qapıları bağlanıb. Sonra alışmağa başladıq, zamanla həyatın hiyləgər qanunlarından dada-dada tülküləşdik və öz toyuqlarımızı yedik. Elə yedik ki, qarın üstündə izimiz belə bəlli olmadı!
Xoş mütaliələr!
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Türkiyənin məşhur komediya ustası Bakıda çıxış edəcək
Onun yumoru Azərbaycanda çox sevilir. “Arkadaşım” obrazı ilə milyonları güldürən Tolga Çevik “Tolgshow” adlı şousu ilə noyabrın 4-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.
“Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində baş tutacaq.
Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
“Hərdən dərsə gecikəndə bilməzdik, Gecikməyin əzabları necədir” - Bir mahnının tarixçəsi
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi
Aman Allah, nə xoşbəxtdik biz onda!
Bir müəllim töhmətiydi dərdimiz,
Bu töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz
Bir gün necə həsrət ilə anarıq.
Bu dünyada qara rəngdə bizimçün
Təkcə yazı lövhəsiydi elə bil,
Al-əlvandı ötən günlər, saatlar
Yamyaşıldı ömrümüzə gələn il.
Hər dəfə eşitdiyimizdə gözümüzün qarşısında 11 illik məktəb həyatımızın acılı-şirinli ən yadda qalan epizodlarının, əlifba bayramının, son zəngin canlandığı Lalə Məmmədovanın ifasındakı o “Məktəb illəri” mahnısı…
"Məktəb illəri, hər anı bir ömrə bərabər qayğısız günlərim."-, deyəndə nəyi nəzərdə tuturdu sizcə Kəmalə Abıyeva?
Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan
Xəbərsizdik ömrümüzə biz hələ
Tanrı yazan pozulmayan yazıdan.
Hərdən dərsə gecikəndə bilməzdik,
Gecikməyin əzabları necədir.
Hansı dərsi danışsaydıq o saat,
Bilərdik ki, qiymətimiz neçədir.
Bu dünyanın bütün varı, dövləti,
Bizim üçün bir çantaya sığırdı.
Eyni yolu qət etsək də hər səhər,
Bu yollardan sevinc, ümid yağırdı.
Çox sevdiyimiz bir müəllimimiz var idi, bu günə qədər yadımdadır, 11-ci sinifdə oxuduğumuz dövrlərdə, bütün sinif yoldaşlarımın dərsdə olduğu bir gün bizə belə bir nəsihət etmişdi:
"Baxın uşaqlar, bu günlərinizin qədrini bilin və bu günlərinizi doya-doya yaşayın, çünki gün gələcək, bu gün olduğu kimi hamınızı bu cür bir yerə toplamaq mümkünsüz olacaq artıq. Bəlkə bir gün yenə bir araya gələ biləcəksiniz, amma mütləq bir əksiyiniz olacaq hər zaman."
Günlər keçdi və biz 11-ci sinifi bitirib doğma məktəbdən məzun olduq. Hər kəs özünə bir yol seçdi, kimi iş həyatına atıldı, kimi sənədlərini ali məktəbə, kimi kollecə verdi. Kimi evləndi, kimi də əsgər getdi və beləcə 11 ildə doğmalaşdığımız sinif yoldaşlarımızla yollarımız ayrıldı. Aradan illər keçib, şükür Allaha, hamı sağ və salamatdır. Amma paralel sinifimizdən bir şəhid qardaşımız var, onu anmaya bilmərəm. Fəqət, bu gün hamımız bir yerə toplaşıb köhnə günləri yad etmək istəsək, neçə nəfər dəvəti qəbul edib gələ bilər, bilmirəm. Əminəm ki, kiminə zaman uyğun gəlməz, kiminə məkan, kimi gündəlik qayğılarından heç vaxt tapmaz, bəlkə kiminin cibində pulu olmaz gəlməyə, utanar, bəlkə kimi də gəlməyə icazə ala bilməz yoldaşından. Çünki artıq hamının öz həyatı, öz məsuliyyət və qayğıları var. Həm hamımız bir araya gələ bilsək belə heç birimiz o uşaqlar deyilik daha.
Bu gün hər birimiz fərqli qayğılarla yüklənmiş, fərqli dünya görüşü, fərqli düşüncələrlə, fərqli həyatlar yaşayan bir zamanların doğma, bu günün yad insanlarıyıq.
Bəlkə də elə müəllimimiz o zaman əksik deyəndə bunu nəzərdə tuturdu kim bilir?!..
Bir məktəbin binasaydı yuvamız,
Neçə evdən bir ünvana gələrdik.
Bu binanı ən möhtəşəm, ən gözəl
Saraylardan doğma, üstün bilərdik.
Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Hələ onda kədərimiz bir damcı
Hələ onda sevincimiz çox idi.
Musiqisi Aygün Səmədzadəyə məxsus olan məktəb illəri mahnısının sözlərinin müəllifi olan Kəmalə Abıyeva da bu mahnıda bir baxıma bu mövzuya toxunub əslində.
O müsahibələrinin birində məktəb illəri mahnısını necə yazdığından danışarkən belə söyləyib:
"1998-ci ildə illər sonra sinif yoldaşlarımdan birini xəstəhal gördüm. Halbuki məktəb vaxtı ən gözəl səsə sahib qızlardan biri idi. Gördüyümdə isə səsi batmışdı və həyatı çox pis gətirmişdi. Onda fikirləşdim ki, biz hamımız məktəbdə necə də xoşbəxt idik. Ən seçilən şagirdlərdən birini belə görəndə kədərə qapıldım və bu hisslərlə də mahnının sözlərini yazdım. Məktəb illərim, sinif yoldaşlarım bir-bir yadıma düşdü. Düşündüm ki, insan ən xoşbəxt və qayğısız, yalnız uşaqlıqda olur. Öz şagirdlərimə də hər zaman deyirəm ki, siz hələ elə bir dövrdəsiniz ki, validen də, dövlət də, məktəb də, müəllim də sizin qayğınızı çəkir. Məktəbi bitirdikdən sonra artıq sizin öz məsuliyyətiniz, öz qayğılarınız yaranacaq."
Hələ dünya bizim üçün nağıldı,
Min arzuyla alışardıq, yanardıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanardıq.
Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.
Məktəb illəri
Ömrümün ən şirin, ən təmiz günləri.
Məktəb illəri,
Hər anı bir ömrə bərabər Qayğısız günlərim.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Mədəni irsimizi qoruyaq!
“Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mədəni irsimizin qorunması" adlı layihə həyata keçirir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə çərçivəsində qısametrajlı sənədli film hazırlanıbdır ki, filmin təqdimatı sabah - sentyabrın 29-da Binəqədi rayonu Gənclər Evinin akt zalında baş tutacaq.
Tədbir saat 11:00-da başlayacaq.
"Mədəni İnkişaf Mərkəzi" Birliyinin sədri Gəray Əlibəyov mədəniyyətimizin taleyinə biganə olmayan hər kəsi tədbirə dəvət edir.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
“Keçmişdən gələcəyə" - MÜHARİBƏ ESSESİ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
İnsan... Keçmişlə yaşayıb gələcəyi xəyal edən tək varlıqdır insan. Asma körpüdən keçən hər qorxaq qəlb kimi arabir arxaya dönüb baxar, nə irəlidəki bilinməzlərdən vazkeçib geri getməyə istəyi olar, nə geriyə baxmadan irəli getməyə cəsarət edər...
Əslində keçmişin izləridir məhz gələcəyə aparan bizləri.
Həyat yolu asma körpü qədər bəsit deyil bəlkə, anlamağa çalışdıqca anlamırıq, xatırlamaq istədiklərimizi unudur, unutmaq istədiklərimizi bir ömür silə bilmirik hafizəmizdən. Bəlkə də elə budur həyatın qanunu, həyat yolu. Ziddlik tamamlayır əks qütbləri. Keçmiş və gələcək kimi...
Keçmiş... Tarixin tozlu dəftəri. Unudulanlar və bir ömür yaddaşa həkk olunanlar. Qan, qorxu, yuxu... Sadəcə pis xatirələrdən ibarətdir ki keçmiş? Xoşbəxtlik, sevgi, xəyal...
Bəs niyə tozlanıb o dəftər? İnsan keçmiş və gələcəyi niyə sığdıra bilmir tək bir qələmə?
Düşünürəm, yəqin yaddaşlarımız hələ güclü deyil o qədər də. Gözyaşlarını sığdırdığımız hafizəmizdə yer yoxdur gülüş dolu günlərə. Bəlkə də elə bundandır keçmiş deyəndə qəlbə dolan hüzn.
Unutmadığını dediyi hər şeyi sadəcə bəlli tarixlərdə xatırlayır insan. Həsrət kimi, ayrılıq kimi, ölüm və qan kimi.
Savaş kimi...
Əsrlərdir davam edir dünyanın hər yerində müharibələr. Keçmişdən bugünə, bugündən gələcək əsrlərə diqqətlərin mərkəzidir Azərbaycan. Altı qan, üstü çiçək qoxan bu torpağı istəyir hər kəs. Yaddaşımızda silinməz qələmlə yazılan o qədər tarix var ki, bəzən o tarix gəlib çatana qədər unuduruq həmin günləri. Heç nə olmamış kimi davam edirik həyata. 44 günlük müharibə olmamış kimi. Sentyabr yanvara tay olmamış kimi. Küçələrdə "ZƏFƏR" deyə qışqırmamışıq kimi. Ya da hər şəhid xəbərində saatlarla ağlamamışıq kimi...
Keçmiş... Keçib getmiş. Bəlkə də getməmiş... Getsə hər xatırladıqda ağrıdarmı qəlbimizdə qanayan bu yara? 3 ildir hər sentyabr ayında eyni yerdən qanayan qəlbimiz unudarmı gözlərində yaş qalan anaları, körpələri? Məsələn, atasının şəklini qucaqlayan bir körpə vardı. Eyni gündə bir evə iki şəhid getmişdi 3 il öncə. Keçən il sentyabrda yenə qəfil gələn hücumla yenə evlərindən, ailələrindən olan gənclər... O çox məşhur deyimdə olduğu kimi: "Tarixdən iki alanlar tarix yazırlar..." Əslində 3 ildir yox, illərdir yazılır bu tarix...
Keçib getməməli. Xatırlamaq gərək hər anı, hər dəqiqəni. Unutmamaq gərək tarixi. Çünki bəzən sadəcə keçmiş sarar bugünkü yaralarını. Sadəcə keçmiş təmizləyər bugün əlinə bulaşan palçığı, tozu. Keçmişdən gələn intiqam hissi silər bugün əlinə bulaşan qanı.
Bəlkə də əksinə. Tam əksinə... Bugün işıq tutur keçmişin qaranlığına. Bugünün zəfəri rahatladır "şəhidimiz var" cümləsi ilə könüllərə düşən od parçasını. Gələcəyin rahatlığı, bu xalqın birliyi, torpaqların bütövlüyü su tökür bugün gedənlərin ardından. Məgər bugün də gələcəyin keçmişi deyilmi?
Tarix təkrarlanır
Amma bu səfər yazıçı kitabın sonluğunu dəyişir. Bu səfər oxucu xəyallarına qovuşur. Tarix nə olur olsun, neçə əsr keçir keçsin, keçmişdən gələcəyə bir ömür qan və həsrət qoxacaq bu torpaq. Amma artıq bir əlavə də var. Bugündən sonra bir ömür "ZƏFƏR BİZİMDİR! QARABAĞ BİZİMDİR!" qışqıracaq bu xalq...
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Ölkəmizə gələn turistlərin sayı 33 faizdən çox artıb
ƏN ÇOX GƏLƏN RUSİYADANDIR
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu rəqəm pandemiyadan əvvəlki dövrün rəqəmlərinə qismən yaxın rəqəmdir. Qeyd edək ki, gələnlərin statistikası aşağıdakı kimidir:
31,7 faizi Rusiya Federasiyası,
17,7 faizi Türkiyə,
7,5 faizi İran,
4,9 faizi Hindistan,
4,7 faizi Gürcüstan,
4,4 faizi Səudiyyə Ərəbistanı,
2,6 faizi Qazaxıstan,
2,4 faizi Pakistan,
2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri,
1,8 faizi Özbəkistan,
1,6 faizi İsrail,
1,5 faizi Küveyt,
1,5 faizi Ukrayna,
1,4 faizi Belarus,
1,2 faizi Türkmənistan,
1,1 faizi Böyük Britaniya,
11,9 faizi digər ölkələrin vətəndaşları.
Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Türkmənistandan 3,2 dəfə, Hindistandan 2,4 dəfə, Özbəkistandan 1,8 dəfə, Qazaxıstandan 1,8 dəfə, Belarusdan 1,7 dəfə, Rusiya Federasiyasından 1,6 dəfə, İtaliyadan 1,5 dəfə, ABŞ-dan 39,5 faiz, İsraildən 39,2 faiz, Gürcüstandan 32,9 faiz, Böyük Britaniyadan 27,0 faiz, Küveytdən 22,3 faiz, Türkiyədən 19,6 faiz, Almaniyadan 18,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 11,8 faiz, Ukraynadan 5,1 faiz artıb.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8 faiz artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2 faiz azalaraq 228,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9 faizi hava, 26,7 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalının gedişatı
Xəbər verdiyimiz kimi, Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı olub.
Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, “DokuBaku”nun təsisçisi və direktoru, kino və teatr rejissoru İman Həsənov çıxış edərək festivalın keçən il olduğu kimi bu il də gender bərabərliyinə sadiqliyini qeyd edib. Belə ki, bu il qalib adını qazanaraq, festivalda iştirak edən filmlərin 40 faizi məhz qadın əməyinin məhsuludur.
Sonra “Yüz yaşa” filmi nümayiş olunub.
Ekran əsəri dünyanın ən uzunömürlü sakini kimi “Ginnesin rekordlar kitabı”na düşmüş Şirəli Müslümov və onun ailəsindən bəhs edir. Həmçinin Lerik rayonunda yaşayan digər uzunömürlü şəxslərin həyat və yaşayış tərzləri haqqında maraqlı kadrlar yer alıb.
Rejissor film haqqında festival iştirakçılarını məlumatlandırıb. Bildirib ki, onun Azərbaycanda çəkdiyi ilk filmdir: “Çox sevinirəm ki, filmin premyerası məhz milli kinonun yaranmasının 125 illiyinə təsadüf etdi. Arzu edirəm ki, uzunömürlü Azərbaycan kinosu qəlbimizdə həmişə yaşasın”.
Qeyd edək ki, 2017-ci ildən keçirilən festival Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Builki festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü” adlanır. İndi bəşəriyyət Dolça əsrinə qədəm qoyduğuna görə, biz qloballaşmaya və sehrdən fərqlənməyən elmin sürətli inkişafına hazır olmalıyıq. 30 il əvvəl bizə yalnız ssenaristlərin və yazıçıların ixtirası kimi görünən ideyalar artıq həyata keçir və varlığımızın bir hissəsinə çevrilir.
Festivalın proqramı 43 nümayişdən ibarətdir. Festivalda 29 ölkədən 61 sənədli film nümayiş etdiriləcək.
Festival ən yaxşı tammetrajlı film, ən yaxşı qısametrajlı film, DokuDarvin, No Main müsabiqə, müsabiqədən kənar və DokuKids olmaqla beş kateqoriyaya bölünür. Festival ərzində istehsal olunan yeni filmlərin premyeralarının da keçirilməsi nəzərdə tutulur.
Hər nominasiya üzrə qalibləri isə Fransua Skulye, Nik Voyt, Maykl Qraversen, Andrea Tsulkova, Emil Nəcəfov və Fuad Şabanov kimi janrın tanınmış ustaları da daxil olmaqla 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək. Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara festival mükafatları təqdim olunacaq. Qaliblər “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı ilə də təltif olunacaqlar.
Festivalın builki rəsmi tərəfdaşları Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Nizami Kino Mərkəzi, Almaniyanın ölkəmizdəki səfirliyidir.
Festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək, eləcə də dövrümüzün reallığı olan rəqəmsallaşma və həyatın çılğın tempi ilə bəşəriyyət necə ayaqlaşa bilər, insana dəyər biçən kimdir, insan texnologiyadan istifadə etmədən uğur qazanmaq arzusunun öhdəsindən ən yaxşı şəkildə necə gələcək kimi suallar çərçivəsində kinematik araşdırmaları bölüşməkdir.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
ÇIXIŞIN QISA İCMALI
Xəbər verdiyimiz kimi, 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Sentyabrın 26-da nazir “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunan 12-ci Konfransda çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən nazirin çıxışının qısa icmalını xatırladır.
İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransına yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Qətər Dövləti Hökumətinə və ICESCO rəhbərliyinə, mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Hamad Saniyə təşəkkürünü bildirən nazir daha sonra qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatla əməkdaşlığa xüsusi önəm verir. Eyni zamanda ölkəmizin ICESCO ilə əməkdaşlığı Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın yaxından dəstəyi ilə daha da möhkəmlənir və genişlənir.
“Əlaqələrimizin möhkəmləndirilməsində təşkilatın baş direktoru Salim bin Məhəmməd əl-Malikin də səyləri təqdirəlayiqdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Bakıda bu il ICESCO-nun Regional ofisi açılacaq və bu da İCESCO ilə münasibətlərin, bütünlükdə İCESCO gündəliyinin bölgədə təqdim edilməsi baxımından çox vacib bir addımdır ” deyə nazir qeyd edib.
Sonra o, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsünə ICESCO-nun verdiyi davamlı dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyi bildirilib. Qeyd edib ki, təşkilat 2011-ci ildən ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksək səviyyədə təmsil olunur. ICESCO-nun 2024-cü ildə ölkəmizdə keçiriləcək növbəti forumda da iştirakının əhəmiyyətli olacağı diqqətə çatdırıb.
Ölkəmizin tarixi-mədəni zənginlikləri və İslam irsi barədə məlumat verən Adil Kərimli qeyd edib ki, ölkəmizdə İslam mədəniyyəti təkcə qədim dini tikililərdə, onun memarlığında deyil, həm də qeyri-maddi irs və adət-ənənələrimizdə, xalq yaradıcılığında, ədəbiyyat, musiqi, rəqs, xalçaçılıq, tətbiqi sənət, kino və s. sahələrdə özünü göstərir.
Daha sonra çıxışda Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin 30 illik işğalı zamanı buradakı tarixi-mədəni irsin tamamilə dağıdıldığı, mədəni və dini irsin yer üzündən silindiyi, yaxud mənimsəməyə məruz qaldığı diqqətə çatdırılıb. Bölgədə 1000-dən artıq tarixi abidə, o cümlədən 60-dan çox məscidin yerlə-yeksan edilib dağıdılması diqqətə çatdırılıb.
Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan hərbi birləşmələrinin qalıqları Azərbaycan ərazilərində təhlükəsizliyə və sülhə təhdid yaradırdı. Belə ki, 2020-ci ilin noyabr ayından Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan hərbi birləşmələrinin yerləşdirdiyi minalar nəticəsində əksəriyyəti mülki şəxslər, o cümlədən jurnalistlər də olmaqla 300-dən çox azərbaycanlı həlak olub. Buna görə də Azərbaycan ötən həftə lokal antiterror tədbirlərinə başlamaq qərarına gəlib və 24 saat ərzində qanunsuz qüvvələrin təslim olmasına və tərksilah edilməsinə nail olub, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiya prosesinə başlanılıb. Bu çərçivədə Azərbaycan hökuməti yerli sakinlərə lazımi humanitar yardım göstərir və təhlükəsiz və dinc reinteqrasiya prosesini təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçirir.
Sonda nazir Şuşanın 2024-cü il üçün İslam Dunyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar qonaqları Şuşa ilə bağlı video materiala baxmağa dəvət edib.
Şuşa şəhərinin mötəbər tribunadan video- təqdimatı olub. Təqdimat iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)