Super User

Super User

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

"Öldürmək asandır, lakin bu günah ömrün boyu səni izləyir"

Kiçik bir ada və bir-birini tanımayan on qonaq...

Naməlum ev sahibi...

Bizlərdən biri də bəraət aldı, ölümündən sonra...

 

Bu kimi mənalı ifadələrin yer aldığı bu əsər “On zənci balası”dır, ingilis yazıçısı,"detektiv janrının kraliçası" adlandırılan Aqata Kristi tərəfindən yazılmış sirli romandır və müəllifin  yazdığı kitablar arasında ən çətini kimi xarakterizə edilmişdir. 

Kitab ilk dəfə Böyük Britaniyada Collins Crime Club tərəfindən 6 noyabr 1939-cu ildə “On Balaca Zənci” adı ilə nəşr edilmişdir. Kitabın ilk nəşrindəki adının (Ten little niggers) daha sonralar irqçiliyə yol açdığı düşünüldü və kitabın adı "And Then There Were None"( və sonra heç kim qalmadı) olaraq dəyişdirildi. Son illərdə isə bir çox ölkələrdə ilk adı ilə adlandırılmaqdadır. 

Oxuduğum ən möhtəşəm detektiv əsərdir. Bu, Qatil kimdir" sualının ən uğurlu şəkildə ifadə edildiyi əsərdir. Tərəddüdlü idim, amma yanılmadım, həqiqətən də janrına layiqli əsərdir. Nəsillər dəyişə də, Kristinin yaradıcılığına maraq azalmaq bilmir. Onun "Qolf meydançasında qətl", “Səssiz şahid", “Şərq ekspresində qətl"(ps..bu kitabı başlamışam, bitirsəm, oxuculara bu kitab haqqında da məqalə hazırlayacağam), “Mavi qatarın sirri" kimi əsərləri klassika hesab olunur. “On zənci balası" romanı da həmin klassika adlanan əsərlərdəndir. 

Bir-birini tanımayan on nəfər yay tətilini keçirmək məqsədilə fərqli formada dəvətlər və müxtəlif səbəblər nəticəsində eyni gündə  Zənci adasına gəlir. Elə həmin gün axşamdan onların yerləşdikləri evdə qeyri-adi, qorxunc hadisələr cərəyan etməyə başlayır. 

Romanda ən çox sevdiyim cəhətlərdən biri zənci fiqurlarıdır, bu fiqurlar kitaba ayrı bir həyəcan gətirir.

Kitabın son səhifəsinə kimi nə baş verdiyini, hadisələrin səbəbinin nə olduöunu anlamaq mümkün deyil. Yemək stolunun üstündə olan 10 zənci fiqurundan birinin hər ölümlə birlikdə yoxa çıxması məhz bu şeirə əsasən həyata keçirilir:

 

On zənci balası nahara getdi,

Birisi boğuldu, aradan itdi.

 

Doqquz zənci balası çox yedilər,

Birisi yuxudan durmadı səhər.

 

Səkkiz zənci balası Devona qaçdı,

Biri qayıtmadı, qayadan uçdu.

 

Yeddi zənci balası odun doğradı,

Balta kəsdi birini, altısı qaldı.

 

Altı zənci balası gəzməyə çıxdı,

Birini arı sancıb tez göyə qalxdı.

 

Beş zənci balası məhkəmə qurdu,

Biri cəzalandı və qaldı dördü.

 

Dörd zənci balası dənizdə çimdi,

Biri tora düşdü, bilmədi kimdi.

 

Üç zənci balası heyvanxanada,

Birini ayı yedi, düşmədi yada.

 

İki zənci balası gündə uzandı,

Birini gün yandırdı, bircəsi qaldı.

 

Son zənci balası yoruldu nəsə,

Gedib özünü asdı, qalmadı kimsə...

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

XALQ YAZIÇISI ANAR TƏDBİRDƏ ÇIXIŞ EDİB

 

“Niyazi xatirələrdə” adlı yeni kitab nəşr edilib və ötən gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş tədbirlər çərçivəsində kitabının təqdimat mərasimi olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu nəşrdə dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyov haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının (tərtibçilər Həcər Hacıbəyova və Əsildar Hüseynov) “Xatirələr” bölməsinin rus dilindən ilk dəfə tərcüməsi təqdim olunur.

Kitab Niyazinin şəxsiyyəti və yaradıcılığı ilə və ümumilikdə XX əsr Azərbaycan musiqi mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Orxan” Nəşriyyat və Poliqrafiya Müəssisəsində nəşr olunan kitab muzeyin zəngin kolleksiyalarından fotolar və digər materiallarla illüstrasiya edilib.

 

Tədbirdə ilk olaraq çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova kitabın musiqi ictimaiyyəti və musiqisevərlər üçün bir töhfə olduğunu qeyd edib.

Kitabda xatirələri yer alan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar görkəmli sənətkarın ömür və sənət yolunun maraqlı məqamları haqqında məlumat verib. Bildirib ki, Niyazinin Azərbaycan incəsənətinin inkişafı yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifəsidir. Həmçinin ölkəmizdə milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır.

Tədbirdə digər çıxış edənlər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Xuraman Qasımova və Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarova sənətkarın həyat və yaradıcılığından söz açıblar. 

Qeyd edək ki, layihə rəhbəri və elmi redaktoru Alla Bayramova olan kitabda Ümummilli Lider Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin açılışında söylədiyi nitqi, görkəmli Azərbaycan mədəniyyət xadimləri ilə yanaşı Rusiyadan, Türkiyədən, Gürcüstandan olan mədəniyyət xadimlərinin xatirələri yer alıb.

Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış videoçarx ilə müşayiət olunub.

Bədii hissə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin konsert proqramı ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində    bu gün Şeir vaxtıdır, sizləri İnqilab Orxanın şeirləri ilə tanış edəcəyik.

 

 

 

UZAQLARA GEDİRƏM Kİ...

 

Bir bax, yenə külək əsir

ömrün  ötən illərindən.

Nə yaman kəsif iy gəlir

sevdamın yanıq yerindən.

 

***

 

Qıpqırmızı güllər kimi

qan verib qızarır yaram.

Bu xoralı şeirimi də

qızıl qanımla yazıram.

 

***

 

Ürək qalxır, baş gicəlir

bu qara qan qoxusundan.

Lent kimi quruyur qanım

köynəyimin yaxasında.

 

***

 

O gülü sənə göndərdim,

amma yaram mənə qalsın.

Uzaqlara gedirəm ki,

səni pis qoxu vurmasın.

 

 

YIXILDIM, AMMA ÖLMƏDİM...

 

Qaralırmı hərdən qanın,                              

darıxırsanmı arabir?!

Bilsən köhnə məktubların

içimi  necə göynədir?!

 

***

 

Olubmu külfət içində

qalasan yalquzaq kimi?

Unutma ki, xəyanətin

kürəyimdə bıçaq kimi.

 

***

 

Yıxıldım, amma ölmədim,

sönmədi odum-ocağım.

Kürəyimdə dəlil kimi

gəzdirdim qanlı bıçağı.

 

***

 

Özümə gəldim, dirçəldim, –

güvəndim Tanrı haqqına.

Doldu damarlarım, hətta

qan da verdim qan bankına.

 

***

 

Möhkəm tutun məni, dostlar,

məhkumam dimdik qalmağa.

O qız gələcək bıçağın

dəstəyindən asılmağa.

 

 

GÖRÜNMƏZLƏR GÜCLÜ OLUR

 

Allah, məni elə gizlət,

kimsə bilməsin yerimi.

Heç kim heç zaman tapmasın

ya  ölümü, ya dirimi.

 

Bilməsin dost da, tanış da

harda, necə yaşayıram?!

Adammıyam, şeytanmıyam, –

görən, nəyə oxşayıram?!

 

Bəlkə, quşam – qanadım yox,

bəlkə, daşam, ya dəmirəm ?

Hər nəyəmsə, hamı kimi

ömür sürmək istəmirəm.

 

Zəhərli ilanam, bəlkə,

sürünürəm  sənə sarı?!

Sancmaq istəyirəm, bəlkə

sənə  sarılan qolları?!                                                    

 

Məni elə gizlət, Allah,

bir kimsə görməsin, nolar?!

Özün yaxşı bilirsən ki,

görünməzlər güclü olar.

 

 

ƏLİNDƏ BİR DƏSTƏ ÇİÇƏK

 

Göz yaşıyla şeir dedim,

hamı  sevinclə əl çaldı.

Mən dərdimi faş elədim,

hamının dərdi azaldı.

 

Bir zaman daş atanları

indi çiçək atan gördüm.

Dərdimi gülə tutdular, –

necə dəyərliymiş dərdim.

 

...Sən də durmuşdun arxada,

gözlərin yaşla doluydu.

Sənə gedən bu uzun yol

nə gedər-gəlməz yoluydu.

 

Əlində bir dəstə çiçək,

amma, deyəsən, solğundu.

Yanağından süzülən şeh

halına yaman uyğundu.

 

Gülləri bərk sıxdığından

əlin qana bulaşmışdı.

İçim od tutub yansa da,

məni soyuq tər basmışdı.

 

 

BİZİM GETDİYİMİZ BU YOL

 

Ciblərini bir eşələ,

qurdala görək nəyin var?!

Vaxta da lap az qalıb,

indi tərpənir qatar.

 

Bir bax, xanım bələdçi

yoxlayır biletləri.

Vaqonların altında

sevişir vağzal itləri.

 

Kişilər mərifətlə

qadınlara yol verir.

Yanaşıb yolçulara

dilənçi qız yalvarır.

 

Qızın lir-licimindən

iyrənir nazlı qızlar.

Dünya dönsə də, toxlar

acları anlamazlar.

 

...Eşələ bir ciblərini,

xırda pulun oldu, bəlkə

Bizim getdiyimiz bu yol

qız gələn yoldu, bəlkə!

 

 

ALLAH, TƏKİ ÜMİD VER...

 

Bu iylənmiş dənizə

qarmaq atıram, qarmaq.

Vallah-billah, ümidsiz

olmur evdə oturmaq.

 

Yaşayıram pis-yaxşı

bir ömrün girovunda.

Günümü keçirirəm

hər gün balıq ovunda.

 

Qarmağıma ilişən

hər balıq bir ümiddi.

Boş çıxarsa qarmağım,

demək ki, ümid itdi.

 

Zatən, çox kiçik olur

tutduğum balıqlar da.

Allah, təki ümid ver,

lap olsun xırda-xırda.

 

Eybi yox, qoy günlərim

beləcə də ötüşsün.

Ümid var qarmağıma

bir gün balina düşsün.

 

 

O ZAMAN DUZA GEDİRDİN...

                                                                       

Burnunun  yelli  vaxtında

qapımı  çırpıb  getdin.

“Dünya dönsə də, qapını

heç vaxt açmaram” – demişdin.

 

İndi, budur, – qapımdasan,

baxa  bilmirsən üzümə.

Nədənsə, bu vurhavurda

burnun  sataşır  gözümə.

 

Əcəb ovulub, deyəsən,

o zamankı  o  dik burnun.

Yada sal, o vaxt  evimi

başıma  necə  uçurdun?!

 

O zaman duza gedirdin,

indi  duz  yükü altında.

Mən də çırpımmı qapını

sənin bu  sınmış vaxtında?!

 

Bu  dəmdə  nəvəm  sözləri

muncuq kimi düzür sapa:

“Nənəni çağıy içəyi,

buynu  çox əzilib, – baba...

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Axtarış, bəli, doğru kəlmə budur. İnsan övladı var oluşdan yox oluşa, doğulandan ölənədək daim nəyinsə axtarışındadır.

Kimi xoşbəxtlik, hüzur, kimi sevgi, qayğı axtarışında. Kimi övlad kimi valideyn, kimi şöhrət, kimi şan, kimi sərvət axtarışında. Kimi haqqın, kimi ədalətin, kimi qüdrətin axtarışında. Kimi rahatlığın, kimi konfortun, kimi şəfanın axtarışında.

 

Fəqət hər bir ömür bu axtarışlara yetəcək qədər uzun olmur, bəzi insanlar bir ömür heç nəyi axtardıqlarını da bilmir.

Bəlkə də cənnətdən qovulmuş Adəm övladı elə itirdiyi cənnətin axtarışındadır bir ömür?

Kimə nəsib, kimə qismət deyirlər. Cənnətə nəsiblənmiş neçə insan cəhənnəmə qismət olur, kim bilir?

Bir az düşünmək lazım, bəlkə də, cənnətə gedən yolun xəritəsini itirib və azıb insan oğlu bu axtarışda?

Bir müsahibəsində Qaraqan reportyorun xoşbəxt olmaq üçün nə lazımdır? sualına: "Xoşbəxt olmaq lazımdırmı?"-, deyə suala sualla çox gözəl və anlamlı bir cavab verir. 

Xoşbəxt olmağın nə dərəcədə lazım olduğu bir az xoşbəxtliyin nələrdə görüldüyündə gizlidir əslində.

İnsanlar və insan həyatları müxtəlif olduğu kimi, onların dünyagörüşü və düşüncələri də fərqli-fərqlidir. Buna müvafiq olaraq xoşbəxtlik məhfumu da, insana, zamana, ehtiyaca görə daima dəyişir.

Kimi xoşbəxtliyi özünün və sevdiklərinin sağlamlığında görərkən, kimi xoşbəxtliyi sevilməkdə, kimi qarşılıqlı sevgidə görür. Kimi xoşbəxtliyi sevdiyi işlə məşğul olmaqda, kimi anasının bircə gülüşündə, kimi gəzib-görməkdə görür. Kimi üçün xoşbəxtlik sadəcə anlıq bir hiss, kimi üçün xoşbəxtlik qəlb rahatlığı, vicdan, baş rahatlığıdır.

Kiminə görə xoşbəxtlik zamanla dəyişir, onu xəstə olanda sağlamlıqda, maddi ehtiyacı zəif olanda pulda, övladı olmayanda övladda, məhbus olanda azadlıqda görür.

Kimi düşünür ki, sağlam ruh, sağlam bədən olarsa insan hər şeyin öhdəsindən gələr. Kimi də düşünür ki, heç kimi dinləmədən öz xəyallarının arxasınca gedən insanlar daha xoşbəxtdir.

Və beləcə xoşbəxt olmaq nə dərəcədə lazımdır sualına qayıtsaq. Bir insan üçün əgər xoşbəxtlik sağlamlıqdırsa və ya xəstəliyindən sağalıb şəfa tapmaqdırsa, məncə, xoşbəxt olmaq lazımdır. Bir insan üçün əgər xoşbəxtlik olduğu kimi qəbul edilib sevilməkdirsə, məncə, xoşbəxt olmaq lazımdır. Bir insan üçün əgər xoşbəxtlik kiminsə əziyyətinə, zülmünə, tənəsinə, haqsızlığına məruz qalmadan, qorxu içində deyil də rahat nəfəs alaraq yaşamaqdırsa, məncə, xoşbəxt olmaq lazımdır.

İstər valideyni olsun, istər olmasın, əgər bir uşaq üçün xoşbəxt olmaq valdeyn sevgisi, valideyn qayğısı, nəvazişidirsə, məncə, xoşbəxt olmaq lazımdır. 

Əgər Afrikadakı bir uşaq üçün xoşbəxt olmaq mədə toxluğudursa, bir parça quru çörək, bir qurtum sudursa, məncə, xoşbəxt olmaq lazımdır. Əgər Suriyada, Fələstində, Ukraynada, Türkiyədə, Azərbaycanda, dünyanın harasında olursa olsun fərqi yoxdur, əgər körpə bir uşaq, nigaran narahat bir ana qəlbi üçün xoşbəxt olmaq müharibələrin bitməyidirsə, məncə, xoşbəxt olmaq lazımdır.

Bəzən xoşbəxt olmaq və xoşbəxt etmək bir xoş söz, bir təbəssüm, bir pişiyin başını sığallamaq, bir uşağı güldürmək kimi çox kiçik, çox xırda şeylərdə gizli olur, fəqət, təəssüf ki, çox zaman insan bunu həm özündən, həm də bir başqasından əsirgəyir.

İnsan övladı əzəldən əlində olanın nankoru və laqeydi, əlində olmayanın intizarı, həsrəti olmuşdur hər zaman. 

Və bir ömür xoşbəxtlik üçün çalışıb onu əldə etdikdəysə, bəzən bu xoşbəxtlik onun üçün adiləşmiş, mənasızlaşmışdır.

Bu da xoşbəxtliyin bəzən anlıq ola bilməsi fikrində öz əksini tapır.

Və nəticə olaraq görürük ki, xoşbəxtlik nisbi bir anlayışdır, bəzən bir insan üçün xoşbəxtlik, başqa birinin sahib olub qədrini bilmədiyidir. Bəzən insanın adi sayıb əlinin tərsi ilə itələdiyi imkanlar, başqa birisi üçün əlçatmaz bir xoşbəxtlik, əlçatmaz bir arzudur.

Bəzən xoşbəxtlik ovcumuzun içindədir, bizsə bunun fərqində deyilik. İnsan əlində olduqlarıyla da, özü özü ilə də xoşbəxt olmağı bacarmalıdır.

Elə buna görə də nə qədər ki, gec deyil çalışın hər zanan əlinizdə olanın qədrini vaxtında biləsiniz ki, sabah onu itirib sonra xoşbəxtlik deyə onun arzusuna düşməyəsiz.

Bəli, əziz oxucu, sadəcə xoşbəxtliyi axtarmaq, sadəcə, xoşbəxt olmaq deyil, əlindəki xoşbəxtliyin fərqinə varıb onun qədrini də bilmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Günün fotodu: Türk dünyasının liderləri Naxçıvanda görüşdülər

 

Sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəldi. 

 

Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

Yağışlı hava sanki türk birliyinin növbəti addımlarını aydınladırdı. 

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Tuesday, 26 September 2023 11:15

Xəyal Rzanın “Maya” filmi fərqlənib

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza bir müddətdir ki, çəkdiyi “Maya” sənədli filmi ilə şairlikdən rejissorluğa uğurlu bir transfer gerçəkləşdirib. Budur, filmlə bağlı daha bir xoş xəbər. 

 

“Maya” Türk Dünyası Film Festivalının açılış filmi seçilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına filmin ssenari müəllifi və rejissoru Xəyal Rza məlumat verib.

Birinci və İkinci Qarabağ müharibəsindən, əzablı, iztirablı qadın taleyindən bəhs edən “Maya” filmi Festivalın Yayım Şurasının seçimlərində səs çoxluğu ilə açılış filmi seçilib.

Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə 8-ci Türk Dünyası Sənədli Film Festivalının açılış mərasimi oktyabrın 19-23-də Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.

Bundan başqa, Festivalın Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Bosniya və Herseqovina, Şimali Makedoniya və Şimali Kipr Türk Respublikasındakı təqdimatlarında da “Maya” filmi açılış filmi olaraq nümayiş etdiriləcək.

Filmin operatoru Rafiq Əliyev, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Bu aralar hər gecə yatmazdan öncə bu musiqiyə qulaq asıram. Sanki psixoloq yanına seansa gəlmişəm. Özüm-özümlə söhbət edirəm:

Nəyi düzgün edirəm, nəyi yanlış edirəm? Nələri səhv etmişəm bu günə kimi? Kimlərin qəlbini qırmışam? Qəlbini qırdıqlarım mənə görə dəyişibmi? Pisə çevriliblər, yoxsa yaxşı insanlara?

Kiməm mən? Məqsədim nədir? Niyə gəlmişəm bu dünyaya? Axı nə edirəm mən? Niyə edirəm bütün bunları? 

 

Mövlanənin bir sözü var, "kiminlə oturub durduğunuza diqqət edin. Çünki bülbül gülə, qarğa zibilliyə aparar." Kiminlə addımlayıram axı mən? Bizim kimliyimizi seçdiyimiz seçimlər təyin edər. Seçdiyimiz dostlar bizi dəyişər. Qardaş hər zaman dost olmaya bilər, amma dost hər zaman qardaş olmalıdır. Sevgili isə sənə həm dost, həm qardaş, həm də ata olmalıdır. Səni dost kimi dinləməli, qardaş kimi qorumalı, ata kimi qayğına qalmalıdır. Yalandan səni tərifləməməli, lazım olanda dur deməli, səhvlərini bildirməli. Bu gün öz dostunu, çevrəsini aldadan biri, sabah səni də aldadar. 

Bəzən insan özünü yenidən yaratmağı bacarmalıdır. Bəzən yoxolma nöqtəsinə gəlməlisiniz ki, təkrardan doğula biləsiniz. Təkrardan bir şeylərə başlaya biləsiniz. Öz küllərindən bir simurq quşu kimi yenidən canlanmalıdır. Bardağın doluysa heç nə süzə bilmərsən o bardağa. İçindəki çirkaba qarışıb içdikcə sənə zəhər olar. Bardağı boşalt, fikirlərini boşalt. Yanlış insanları uzaqlaşdır ətrafından. Gec olmadan düşün və sorğula...

 

İstəyənlər musiqini dinləyərək də oxuya bilər.

 

https://youtu.be/y7kvGqiJC4g?si=61_tzEYzuqlth86r

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Tuesday, 26 September 2023 10:45

Azərbaycan beynəlxalq forumda təmsil olunub

Özbəkistanın Mədəniyyət Nazirliyi, Fərqanə vilayət hakimliyi və “Hunarmand” (Dulusçuluq) Assosiasiyasının birgə layihəsi ilə bu ölkənin Kokand şəhərində II Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalı, Riştan şəhərində isə Beynəlxalq Dulusçuluq Forumu keçirilib.

 

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən “Ədəbiyyat və incəsənət” pprtalına verilən məlumata görə, tədbirlərə dünyanın 70 ölkəsindən gələn dulusçular, sənətşünaslar, ekspertlər, bu sahənin mütəxəssisləri, saxsı sahəsinin usta və şagirdləri, tədqiqatçılar, dünyanın müxtəlif ölkələrindən gələn biznes sahəsinin nümayəndələri qatılıb.

 

Ölkəmizi bu tədbirlərdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Kokand şəhərindəki qədim Abdullaxan malikanəsinin qarşısındakı mərkəzi parkda təşkil olunan sərgidə hər ölkənin ayrıca guşəsi təşkil edilib, burada iştirakçıların əl işləri nümayiş olunub, ölkələrin bu sahədəki fəaliyyəti haqqında qonaqlara məlumat verilib.

Azərbaycana ayrılmış stenddə dəri rəssamları, miniatür və qurama ustaları Pərvanə və Lalə Eyyubovalar, ağac üzərində oyma üzrə sənətkarlar-Ələkbər Məmmədov və Tofiq Əliyev qatılıb. Onlar öz əl işlərini nümayiş etdiriblər.

Guşədə Azərbaycan Mədəniyyət Mərkəzinin kitab və suvenirlərdən ibarət sərgisi də göstərilib. Stenddə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatına dair nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən buraxılan kitablar, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, Azərbaycan dövlətçiliyinə dair kitablarla da nümayiş etdirilib.

 

Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının Sosial İnkişaf Departamentinin rəhbəri Odil Abdurahmanov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrik məktubunu oxuyub. O qeyd edib ki, son illər Özbəkistanda 100-dən çox festival və forum keçirilib, İkinci Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalı isə incəsənətin, dostluğun və istedadın inkişafına xidmət edir.

 

Dünya sənətkarlar Şurasının prezidenti Səad Əl-Qəddumi, Fərqanə vilayətinin hakimi Hayrullo Bazarov festivalın xalqlar arasında dostluğun möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.

 

Festivalın ikinci günü Böyük İpək Yolunun üzərində olan qədim Riştan şəhərində dünyada tanınan məşhur dulusçu Əlişir Nəzirovun böyük emalatxanasında keçirilən sərgi və “XXI əsrdə dulusçuluq sənəti: ənənə və müasirlik” adlı konfransda da Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Həm Kokand, həm də Riştan şəhərlərində keçirilən sərgilərdə Azərbaycandan gələn sənətkarların əl işlərinə böyük maraq olub.

 

Konfransda bildirilib ki, Riştan şəhəri bütün dünyada dulusçuluq və saxsı sənətkarlığı mərkəzi kimi tanınıb. Riştanda bu sahənin tanınmış ustaları İbrahimcan Kamilov, Babacan Nişanov, Hakimcan Səttarov, Rustamcan Usmanov, Əlişir Nəzirov, Şərafəddin Yusubov, Taxircan Xaydarov və digərlərinin əl işləri bütün dünyaya yayılıb. Riştan ustaları ABŞ, İran, Misir, Böyük Britaniya, Fransa, Polşa, İsveçrə, İraq və digər dövlətlərdə keçirilən beynəlxalq sərgilərdə bu qədim şəhərə diplom və medallarla qayıdıblar.

 

Qeyd edilib ki, Özbəkistanda Fərqanədən başqa Səmərqənd və Xarəzm dulusçuluq məktəbləri də fəaliyyət göstərir və bunların hər birinin özünəməxsus üslubu və istiqaməti var. Bu məktəblərdə yüzlərlə gənc şagird-ustalar bu sənətin incəliklərini öyrənirlər. Festival çərçivəsində yerli və xarici dulusçuların, dizaynerlərin, kulinarların, kukla ustalarının iştirakı ilə usta dərsləri də keçirilib.

 

Xarici və yerli ustalar, dizaynerlər və iqtisadçıların iştirakı ilə “Dulusçuluq və bazar iqtisadiyyatı” adlı dəyirmi masa da keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Tuesday, 26 September 2023 10:30

“Tərəzi daşı” - HEKAYƏ

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

Yer üzündə elə yaxşı bir şey yoxdur ki, mayasında iyrənclik olmasın. 

                                              Anton Çexov

 

-Bütün kanalizasiyaları təmir etsələr, zibillikləri təmizləsələr və yaxud, daha irəli addım ataraq hər evdə yerləşən məlum postları yox etsələr, belə olan halda bütün aləm insan qoxar. Bu isə təhlükəlidir. Atılan hər bir addımda nəticə hər zaman üfunət qoxur.

Öz zənnincə dərin fəlsəfəsini işə saldığını düşünən Yaroslav İvanın sərt cavabı ilə qarşılaşdı:

-Düz deyirsən, hər halda mən də səni yox etsəm, bu dükan səndən sonra sən, yəni satqınlıq qoxar. 

-Belə olan halda mən də səni yox etsəm, səndən sonra sən, yəni satqınlığa ortaqlıq qoxar. Mənimlə bu mövzunu müzakirə edəcək qədər güclü və təmiz olduğunu düşünmürəm. 

-Yaxşı görək, boş-boş danışma. Sən mənə cavab qaytaracağına dükanın halını düşün. Bu gün bir dənə də müştəri olmayıb. Sənsə burada çərənləyirsən.

-Heç kim gəlməsə belə, birazdan daimi müştərimiz gələcək. Dediyim olduğu zaman yeni gələn şərablardan elə məhz həmin anın şərəfinə içəcəyəm.

Yaroslav sözünü yenicə bitirmişdi ki, İvan birdən nəsə hiss edirmişcəsinə üzünü qapıya tərəf döndü və ortağına hazır olmasını işarə elədi. Bəli, Viktoriya - daimi müştəriləri dükana doğru yaxınlaşırdı. 

Yaroslav cəld halda ağır tərəzi daşlarını özü hazırladığı, üzərinə əvvəlki tərəzi daşları ilə eyni çəki yazılan yüngül tərəzi daşları ilə dəyişdirdi. Yaroslav bu addımı atdıqdan sonra tərəzinin boş gözü ağırlıq təşkil edərək aşağı, dolu gözü isə yüngül olduğu üçün yuxarı qalxdı. 

Viktoriya hər zaman olduğu kimi sevdiyi şəkərləmələrdən almağa gəlirdi. Az sonra əlində orta ağırlıqda olan daş parçası ilə dükana daxil oldu. Yaroslav onun bu addımına çaşıb qalmışdı, çünki ondan bu cür addım gözləmirdi. Tərəzinin digər gözünün altı üçün nəzərdə tutduğu daş parçası Yaroslavın əlində qalmışdı. Viktoriya ona yaxınlaşaraq dedi:

-Al bu daşı, tərəzinin hər iki gözünü tarazlaşdır! 

İvan çaşıb qalmışdı, nə edəcəyini bilmirdi. Yaroslava tərəf dönərək:

-Mənə bax, bu sarsaq əvvəl dəli idi, indi isə, deyəsən , təmiz ağlını itirib. Artıq bizim əməllərimizə də ortaq olmağa can atır. Dostum, sevinməliyik, çünki yeni bir yoldaşımız var. Cəhənnəm alovlarına tuş gələn zaman onu qabağa atarıq. 

İvanın söylədikləri özünün çox xoşuna gəlmişdi. Dayanmadan səsli şəkildə gülürdü. 

 

Viktoriya həmin küçədə hər kəsin tanıdığı, əqli cəhətdən zəif, qırx və yaxud qırx beş yaşlarında bir qadındır. Bundan iki il əvvələ qədər yaşlı nənəsi ilə yaşayırdı. Qoca qadın öldükdən sonra Viktoriya tamamilə yuxulu, fikirli vəziyyətdə dolaşır. Qonşular nənəsinin ölümündən düz bir həftə sonra xəbər tutmuşdular. Deməli, Viktoriya düz bir həftə yaşlı qadının cansız bədəni ilə yaşayıbmış. Meyidin uzun müddət evdə qalması səbəbilə ətrafa yayılan iyrənc qoxu küçə sakinlərini narahat edir və bir müddət sonra bu qoxunun Viktoriyanın yaşadığı evdən gəldiyini anlayırlar. Həmin evə daxil olduqda isə qarşılaşdıqları mənzərə onları heyrətləndirir. Nə isə mövzumuz onsuz da  bu deyil, mövzumuz məsələ hər nə olursa olsun onun tarazlığını qorumaqdır... 

 

Yaroslav Viktoriyaya dönərək onun bu addımına sevindiyini bildirdi:

-Əlbəttə, Viktoriya. Ah, Sən necə də fədakar bir müştərisən. Bilirsən,sənin kimi addım atan ikinci birinə hələ də bu küçədə rastlamamışam. 

Viktoriya Yaroslavın sözlərindən xoşlanaraq dayanmadan rəqs edir, gülür və öz zənnincə mahnı oxuyurdu. Bu dəmdə Yaroslav Viktoriyanın gətirdiyi daşı tərəzinin digər gözünün altına yerləşdirdi. Beləliklə arzu etdikləri tarazlığı qorumuş oldular. Yaroslav ortağına işarə edərək yanındakı zibil qabının içərisindəki kağız parçalarını ona verməsini bildirdi və həmin kağızları Viktoriyanın sevdiyi şəkərləmələr yerinə paketə əlavə etdi. 

 

İnsanoğlu belə tarazlığı qorumaqda bu qədər aciz ikən gözləri önündəki vicdansız mənzərə ilə özlərini buna inandırmağa çalışırdılar! 

 

Yaroslav kefli halda birdən dilləndi:

-Axı söz vermişdim ki, bunun şərəfinə içməliyəm. Artıq nəfsimə hakim ola bilmirəm. O şərabdan birini hökmən içməliyəm (Əlini Viktoriyanın arxasında olan şərab sıralarına uzatdı). Birini də elə sənin şərəfinə içəcəyəm, Viktoriya. 

Elə bu an Viktoriya gülümsəyərək üzünü şərab sıralarına tərəf döndərdi:

-Mən verərəm. Mən o şərabı bu saat sizə verərəm, cənab. 

Lakin Viktoriya nə qədər əlini uzatdısa, həmin şərabı yerləşdiyi sıradan götürməyə boyu yetmədi. 

İvan yenə zarafatlarını bir-biri ardına sıralayırdı:

-Mənə bax, Yaroslav, bu, onsuz yer cücəsinə oxşayır. Bəlkə bir gün tərəzinin bir gözünə tərəzi daşı əvəzinə elə bunun özünü qoyasan. Arzu etdiyi tarazlığı özü qazanmış olsun. 

-Boş-boş danışma, sarsaq. Şərabı mənə gətir. Sən isə gedə bilərsən, Viktoriya. Zəhmət çəkmə gerisini mən həll edəcəyəm. Sən get şəkərləmələrini ye. Amma həmişəki kimi yolda yox, evdə ye. Sonra gəlib deyirsən ki, necə olubsa unudub yolda yemişəm. Heç necə yediyini də xatırlaya bilmirsən. 

-Baş üstə, cənab. Çalışaram. Əsas odur ki, tarazlığı qoruyaq. Sabah sizə iki yeni daş parçası gətirməyi düşünürəm. Sağlıqla qalın! (Viktoriya cibində olan son qəpiklərini Yaroslava təqdim edərək, dükandan çıxdı) 

O gecə İvan və Yaroslav şərabdan ya bir az çox içmişdilər, ya da elə də çox içməmişdilər, sadəcə içkinin təsiri ağır idi. Gecənin bir yarısı İvan Yaroslava üşüdüyünü bildirdi. Yaroslav isə üşüyən dostu, İvan üçün sadəcə dünyanı deyil, şəxsi dükanlarını alova verəcək qədər fədakar birisi idi. 

 

Səhər saat 09:00.

Viktoriya əlində iki daş parçası ilə dükana doğru yaxınlaşırdı. Bu səfər onu qapı üzərindəki “дверь открыта “ yazısı əvəzinə kütləvi insan sürüsü qarşıladı. Sürünü yara-yara irəli doğru addımlayan Viktoriya şahid olduqları qarşısında nə edəcəyini bilmədi. Dükan tamamilə yanmışdı, İvan və Yaroslav isə orada yox idi. Xarabalığa dönən dükan yerinin mərkəzində dəmir tərəzi və Viktoriyanın dünən gətirdiyi daş parçası qalmışdı. Viktoriya təlaşlandı və gətirdiyi hər iki daş parçasını yerə ataraq dükana doğru qaçmağa başladı. Fəqət digər insanlar onun yolunu kəsir və ətrafına sədd çəkirdilər. Təşvişə düşən qadın o tərəf-bu tərəfə qaçaraq yalnız bir şey deyirdi:

-Tarazlığı qorumalıyıq,... tarazlığı qorumalıyıq...

İnsanlar onu heç cürə başa düşə bilmirdilər. Necə başa düşə bilərdilər ki? 

Daha sonra Viktoriya gətirdiyi daşlara  doğru qaçaraq –“İndi bu daşlarla mən nə edəcəyəm? “-deyirdi.

“Artıq heç bir işə yaramayacaq”, “Artıq tarazlıq qoruna bilməyəcək”.

Elə bu an orta yaşlı bir cənab Viktoriyaya yaxınlaşaraq mülayim ifadə və səs tonu ilə ona səsləndi:

-Əmin ola bilərsən ki, artıq hər şey tarazlıqdadır. Daşların iki dənə olması bu məsələni kökündən həll edir. Çünki bu daşların hər birinin artıq öz sahibləri var!

 

Günahlarımıza olan qorxularımızdırmı bizi ölümdən qorxudan, əziz dostum? 

Yoxsa sən heç nədən qorxmursan? Məsələn, bir tikanın sənin ətinə batmasından, ecazkar bir meşəlikdə bir ilanın səni sancmasından, görünməz bir daşa ilişməkdən qorxmursan? Yalan demə, hər kəs qorxar. Elə ən birinci də hər kəs birinci özündən qorxar. Bu gün, deyəsən, ikimiz də ölürük. Səni son dəfə qucaqlamaq istəyirəm, amma boyum yetmir. Həm də görürəm ki, unutmusan məni. Eyni bezə pisləmişik, əziz dostum, nə tez unutdun məni ?! 

 

Saat əqrəblərinin əks istiqamətində gözləyirəm səni. 

Heç kimin gözləmədiyi bir yerdə. 

Getmə, zamanın arxasına düşüb getmə. 

Qayıt geri.

Gedək öpək ölüləri.

               Aqşin Yenisey

 

 “Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Əməkdar artist, Azərbaycanın tanınmış vokal ifaçısı Ramil Qasımovu biz ilk öncə “Koroğlu” opreasında Koroğlu rolunun mükəmməl ifası ilə tanımışıq. Sonra Ramil Qasımov ustər  “Mədəniyyət” TV-yə, istər Heydər Əliyev adına Saraya rəhbərlik edərkən öz işgüzarlığı ilə seçildi. Budur, onun adıma yeni bir ilk. 

 

“Ədəbiyyat və incəsənət” portalı Ramil Qasımova istinadən xəbər verir ki, ölkəmizdə dahi Bülbülə həsr olunmuş “Bülbül vokal məktəbi” yaradılıb.

Bülbülün Memorial Muzeyi ilə bu birgə layihənin ideya müəllifi Ramil Qasımovdur. 

Ramil Qasımov deyir:

“Azərbaycanda klassik vokal ənənələrinin formalaşması, geniş vüsət alması, elmi vokal laboratoriyasının, Bakı Musiqi Akademiyasında “Solo oxuma və opera hazırlığı” kafedrasının yaradılması məhz Bülbülün adı ilə bağlıdır. Və məktəbi yaratmaq ideyası məndə çoxdan yaranıb və dəfələrlə canlı əfsanəmiz olan Polad Bülbüloğlu ilə bu barədə danışmışam. 

Bildiyiniz kimi mənim ustadım Mobil Əhmədov Bülbülün tələbəsi olub. Bu gün tədrisdə müxtəlif vokal texnikalarından müəllimlərimiz istifadə edir. Bunlar tədqirəlayiqdir. Mənim təqdim edəcəyim vokal məktəbi isə məhz Bülbülün bizə miras qoyduğu Azərbaycan milli vokal elmi əsaslarına söykənərək bizə məxsus dil fonetikasına köklənir. Düşündüm və qərara gəldim ki, bu missiyanı öz üzərimə götürüm. İlkin olaraq 5 tələbəni seçərək təmənnasız olaraq intensiv məşqlərə başlayacağam. Düşünürəm ki, qısa zamanda əsl səslər eşidəcəyik”.

Ramil Qasımov, həmçinin Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyətə başladığını və göstərilən bu etimadı da doğruldacağını qeyd edib.

Nə deyək! Uğurlu olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.