![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
“Nə hər kəs məsum idi, nə də günahkar…”
KİTAB BƏLƏDÇİSİNDƏ “ƏLİ VƏ NİNO”
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
“Qələmimlə dünyanı dəyişdirə bilmərəm bəlkə, amma dünyanı dəyişdirən bir qələm ola bilərəm”
~Emily Dickinson
Kitablar həyatdakı varlığından xəbərsiz olduğumuz hisləri, hadisələri daha obrazlı formada çatdıra bilir bizə. Sevgiyə inanmayanlara sevgini, müharibədən qorxanlara çıxış yolunu aşılayır. Hər səhifədə bir iz, hər sətirdə bir yaşanmışlıq duyğusu tapıram oxuduqca.
Mən bugün "Əli və Nino"dan bəhs etmək istəyirəm. Öncəliklə qısa bir məlumat verməyi özümə borc bilirəm. "Əli əv Nino" əsərinin yazıçısı Qurban Səid kimi qeydə alınsa da, bu adla yazan şəxsin kim olduğu haqda dəqiq məlumat yoxdur. Kimdir, haralıdır, nədən və nələrdən ilhamlanmışdır...
Dərs başlayır. İlkin müzakirə, inkişaf etmiş Avropa və geridə qalmış Asiya... Əslində məsələ heç də inkişaf deyildi. Müsəlman xalqa yeridilən məcburi fikirlər idi... Necə ki illər öncə zorla xristianlıq yayılırdı, indi də Asiya xalqı gələcəyindən vurulurdu. Zorla fikirləri dəyişdirilir, fikrinə sadiq qalan şagirdlər sinifdən buraxılırdı. Axı uşaqlar və gənclər xalqın gələcəyidir...
Kitabla yanaşı Elvin Mirzəyevin filmi olan "Əli və Nino" da atanın at üstündə oğluna verdiyi nəsihətlər olduqca mənalıdır. Elə oradaca atanın oğluna dediyi "nə edirsən et, siyasətə qarışma" cümləsi... Hər şey artıq buradan aydın olmağa başlayır.
“Əli və Nino” əsəri oxumayanlar üçün kənardan sevgi romanı kimi görünən, amma əslində siyasi-ictimai xarakterli bir kitabdır. Kitabla bağlı fikirlərimi əvvəl-sonra deyə qruplaşdırsaq, olduqca dəyişikliklər görə bilərik. Gürcüstanda heykəli qoyulan bu gözəl cütlüyün hekayəsini oxuduqda heç də qüsursuz sevgi romanı görə bilməmişdim, hətta ilk dəfə oxuyub bitirdikdə çox önyarğılı davranmışdım. Əsərdə Ninoya göstərilən təzyiqlər, onun başına gələnlərlə günahlandırılması məndə heç də xoş təəssüratlar oyandırmamışdı. Amma düşündükcə, əslində, yazıçının öz fikirlərinin "aşağı görülən qadınlar" olmadığını, əksinə, sadəcə zamanın qayda-qanunları, həmin dövrün vəziyyətini əks etdirdiyini, istehzayla bu vəziyyətdən özünün də narazı olduğunu gördüm. Nino və digər başqa din mənsubu obrazların yetişdirildiyi mədəniyyətə qarşı gələnləri elə indiki dövrdə digər millətləri pisləyib, "onlar kafirdir", "onlar qısa geyinir deyə, namaz qılmır deyə cəhənnəmdə yanacaqlar" deyənlərin əcdadları hesab edə bilərik.
Nəinki xristianlarla müsəlmanlar, əsərdə illərdir davam edən şiə-sünni bölgüsünə də diqqət yetirilir. Əlixan həqiqəti, hər iki məzhəbin eyni dilə, eyni dinə, eyni qana mənsub olduğunu vurğulayır.
Əslində, tək qərəzli yanaşan müsəlmanlar da deyildi. Ninonun atası da bu evlilikdən narahat idi. Bəlkə də o, qızının Əlixanın əmisinin hərəmxanasındakı qadınlar kimi olmasından qorxurdu.
Nino qaçırıldıqdan sonra ona göstərilən rəftar müasir dövrümüzdə də əfsuslar olsun ki, qızlara göstərilir. Düzdür, Nino öz istəyi ilə o erməni xəyanətkarı ilə qaçmışdı, amma bəs zorakılığa məruz qalanlar? Müəyyən çətinliklər yaşamış, istəyi xaricində zorlanmış və ya qaçırılmış qızlara millət tərəfindən qara yaxılır, onlar artıq ləkəli hesab edilir. Necə də acınacaqlı vəziyyətdir... Əlixan isə qaydalara qarşı gələrək, Ninonu öldürməyərək, əslində Ninonun yox, öz həyatının, öz vicdanının xilaskarı olmuşdu, xəbəri yox. Günahı günahla yumazlar. Bunu dərk etmək üçün hələ də gec deyil, millət.
Dediyim kimi, mən kitabı ilk oxuyanda tamamilə Əlixanı və ailəsini günahkar bilmişdim. Amma məndən məsləhət: zaman keçdikcə oxuduğunuz kitabları təkrar oxuyun, fikirləriniz qismən də olsa dəyişir. İkinci dəfə oxuyub, filmi də izlədikdən sonra artıq günahkar axtarmamağa başladım. Çünki nə hər kəs məsum idi, nə də günahkar. Eynən real həyatdakı kimi. Acığını, əsəbini bir heyvandan, itdən çıxan Nino nə qədər məsum ola bilərdi ki? Yoxsa hər şeyə, xəyanətinə rəğmən Ninonu bağışlayıb onunla evlənən Əli idi günahkar?
Erməni isə, elə hər yerdə ermənidir... Əvvəl özünü aydan arı, sudan duru tanıdır, sonra isə xəyanət edir. Əmanətə xəyanət... İllər də keçsə əsərlərdə də, real həyatda da bunu görürük. Sanki bəhs etdiyimiz kitab illər sonra canlandırılır, bir fikir verin. Əli kimi yüzlərlə, minlərlə oğul şəhid olur. Nino kimi neçə qız həyatın çətin üzüylə rastlaşır... Qarabağ müharibələrində neçə erməni qızlarımızın, qadınlarımızın, uşaqlarımızın həyatını, gələcəyini məhv etdi!?
Hə, gəlirik yavaş-yavaş əsərin sonuna. Müsəlmanlar tərəfdən ruslarla savaşacağını deyən ermənilər, ruslara başçılıq edən bir erməni... Kim inanar ki? Heç kim...
"Əli və Nino". Heykəli qoyulmuş bu gözəl cütlüyün hekayəsi məncə ən az 2 dəfə oxunulmalıdır. Oxunulmalıdır ki, sevginin bəzən hər şeyi bağışlaya biləcəyi görünsün. Oxunulmalıdır ki, ermənilərin illərdir eyni qan, eyni qansız, eyni soy, eyni soysuz olduğu görünsün. Və oxunulmalıdır ki, Türk qanının, Türk oğullarının necə mərd olduğu, bunun illərdir dəyişmədiyi unudulmasın. Tarix unudulmasın!
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
76 müəllifin şeirlərindən ibarət kitab
“KƏLAĞAYI ƏLVAN QIYQACI'' LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin (İB) 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində yeni kitab işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalına İB-dən verilən məlumata görə, “Kəlağayı əlvan qıyqacı'' adlı şeirlər kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tərəfindən uzun illərdi araşdırılaraq toplanıb.
Analarımızın, qız-gəlinlərimizin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayını vəsf edən şeirlər kitabında 76 müəllifin kəlağayıya aid şeirləri toplanmış, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli baş örtüyü olan kəlağayıya diqqət və marağını əks etdirən məqalə və şəkillər toplanaraq oxucuların ixtiyarına verilmişdir.
“Kəlağayı əlvan qıyqacı'' kitabı kəlağayıya aid ilk şeirlər kitabı olaraq, gənc nəsilə bir töhfə, bir sevincdir.
Kitabın redaktoru Vüsal Sehranoğlu, layihə rəhbəri Güllü Eldar Tomarlıdır. Üz qabığındakı ''Kəlağayı əlvan qıyqacı'' rəsm əsərinin müəllifi rəssam Gülnarə Məmmədlinin və "Heratı" kəlağayı isə Basqallı kəlağayı ustası Abbasəli Talıbova məxsusdur.
Kitabda rəssam Gülnarə Məmmədlinin kəlağayıya aid rəsm əsərlərinə də yer verilib. Kitabın adı aşıq sənətinin görkəmli nümayəndəsi, zirvəsi olan Dədə Ələsgərin şeirindən götürülüb.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
UNESCO Azıx və Tağlar mağaralarını İrs Komitəsinin İlkin siyahısına daxil edib
Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları- Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasının qərarı ilə İlkin siyahıya (Tentative List) daxil edilib.
Bu barədə AzərTAC-a UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.
Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda təqdim olunur
Tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "Xalçaların dili", "Qurama" və "Turan" adlı üç kolleksiyası TÜRKSOY-un 30 illiyini qeyd edən beynəlxalq festival çərçivəsində sentyabrın 20-dən Özbəkistan və Qazaxıstanda təqdim olunur.
VI Beynəlxalq “Türk dünyasının Etnomodu” həftəsi Fərqanədə başlayaraq Türküstanda davam edir.
Türk xalqlarının mənəvi birliyi və mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün yaradılan layihədə TÜRKSOY rəhbərliyi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Monqolustan və Rusiyadan olan etnodizaynerlər də iştirak edirlər.
Gülnarə Xəlilovanın təqdimatı sabah da davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
“Bu dəhşətdir. Bu ağrı-acıdır. Bu eşqdir”
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman Şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Mustafayev Vəli Ceyhun oğlunun Şəhid olduğu xəbərini eşidən sevgilisi özünü yaşadıqları binadan ataraq intihar edib.
Vəlinin sevdiyi qız bir cümləlik məktub yazıb: "Məni Vəlinin yanında dəfn edin". Lakin qızın valideynləri Biləcəri qəsəbəsində yaşadıqları üçün qızlarını yaşadıqları ərazidə dəfn etməyə qərar veriblər.
Bir-biri üçün yaranıb, bir-biri üçün ölmək də hər sevənin hünəri deyil. Onların sevgisi nümunə sevgidir. Onlarpn sevgisi tarixin yaddaşında yer alan sevgidir.
Ruhları şad olsun!
O dünyada qovuşsunlar, İnşallah!
Sənan Mustafaoğlu bu tükürpədici hadisə ruhunda şeir yazıb:
Bu xamır, suyu çox aparmadımı?
Bu alın yazısı hara yazılıb?
Görən bu millətin bəxti, taleyi
Niyə qaralardan qara yazılıb?
Niyə dağ cüssəli ərənlərimi
Torpaq qucaqlıyır, daş əvəzliyir?
Niyə körpələrin təbəssümünü
Bir ömür durmayan yaş əvəzliyir?
Yandırır qəlbimi sönən ocaqlar
Şəhid Anaları gör nələr çəkir
Görəndə bükülmüş Şəhid Atası
Özümə gəlməyim həftələr çəkir
Bu qədər yalvarış, bu qədər istək
Allaha çatmırmı "ərizələrim"?
Çox şey istəmirəm bizə sülh göndər
Daha çoxalmasın Fərizələrim!
“Ədəbiyyat və incəsənət”
(23.09.2023)
Şuşaya tuşlanan tankı yerindən götürməyin mübarəkliyi
Sadiq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün
Biz nə görürük?
Bütöv mənzərə:
Azərbaycan dövləti antiterror əməliyyatı aparır və əsasən istədiyinə nail olur.
Şəhidlərimiz var. Həmişəki kimi əsasən kasıb övladları, sınıq- salxaq komalarda böyüyən, daş kişilərin, milli yaddaş kişilərin çörəyilə böyüyən torpaq, vətən sahibləri.
Şəhidlərimiz var, özləri şəhidlik arzulayan, şəhid olacağını anlayanda cənnəti hiss edib sevinən bayraq kimi uca ruhlu qəhrəmanlar. Mən inanıram ki, onlar cənnətdə də axar su qırağında, oturduqları o ağacın üstündən üç rəngli bayraq asacaqlar, bəlkə orda da elə bayrağın özü olacaqlar.
Toy xonçaları nəşini qarşılayan qəhrəmanlar.
Yaralı igidlərimiz var, canlı şəhidlərimiz.
Gözündən yaralananda gözündən gülənlər, şəhid olacaqlarına ümidləri artıb, ruhən sevinənlər.
Pafoslu, gopbaz ekspert filanlar var,
bütün günü saytlarda, efirlərdə zəhləmizi tökür onlar.
Öz danışdığını özü anlamyanlar.
Aranın sakitləşdiyini gözləyənlər var, qalustukla gedib, boynunu şişirdib, qızardıb, şəhid məzarı, şəhid ailəsilə şəkil çəkdirsinlər, deputat, başçı, alim, yazar- pozar filanlar…
Siyasi mənafe, xal qazansınlar, guya iş görürmüş kimi görsənsinlər, guya şeir, nəsr yazacaqlar, yəni vətənpərvər olacaqlar.
İndi ortalıqda yoxdu onlar, boz saxtakarlar.
Bir qrup tərifbazlar var, çox şeyi anlamazlar, hər şeyi ağ görərlər. Basıb, bağlayıb, Zəngəzuru, İrəvanı, Monqolustanı alarlar.
Gözünü yumub ağzına gələnə ağlını inandıranlar.
Bir qrup nöqsan axtaranlar, tənqidbazlar var. Biz müharibə etməyəcəyik, Qarbağ əbədi gedib dedilər. 44 gündən sonra əvvəl gözlərini döydülər, dərhal da Xankəndi hanı dedilər.
İndi də ermənilər bizi aldadır, rus oyun oynayır və s. deyib, zəfərlərə qara yaxırlar.
Bunların içərsində sadə vətəndaşlar da vardır ki, doğrudan da ola bilsin ki, mənzərəni tam dərk etmirlər, ürəkdən narahatdılar. Bu insanlar vətənpərvərdilər. Ancaq qəsdən, pusquda dayanıb milçək axtaran, tapanda, “gördünüzmü, fildir” deyənlər də var.
Qarboyalı ruhlar, qarayaxanlar.
Döyüşən əsgər görürük, əzrayıla gülümsəyən, qorxmaz, düşməni yaralı buraxmaz, yarasını sarıyanlar.
Əslində Azərbaycan əsgəri dünyada yeni, unikal, hərbi institutlar tərəfindən tədqiq olunası, öyrəniləsi, akademiyaların önündə heykəli, şəkili olacaq mahiyyyətində, qiymətində olan məhfumdur. O amansızdır, o qorxmazdır, o peşəkardır, o cox mədənidir- döyüşdə çox öldürməyi bacarır, o çox humanistdir, düşmən uşağına çörək verir, yarasını sarıyır.
Azərbaycan əsgəri elə öz dövlətinə bənzəyir.
Azərbaycan dövləti mülki vətəndaşlara yardım edir, odur ey " Zirəli çörək" Xankəndiyə gedir.
Çörək verən dövlət.
Qüdrətli dövlət.
Bir gündə " artsaxı" çökürdən, başına ağ tuman keçirən dövlət.
Odur ey, Şuşanın girişindəki güc simvolu olan tankı qulağından tutub, göyə qaldırır.
O kran azərbaycançılıq məfkurəsidir- Azərbaycan dövlətinin gücü, "artsaxı" qaldırır, guya "qalib ordunun" dəmir- dümür orden, medallarını qaldırır, təsbeh, eynək, eyfel qaldırır, 200 illik erməniliyi, şeytanlığı qaldırır.
Yenə telefonçu qızı gördük, bacıları, dayıları kömək edə bilmədi, Şuşada beli qırılan "artsax", üç il sonra keçindi, bu gün üçüdü.
Heç kimə, heç nəyə fikir verməyən, öz dəmir yolu ilə düz gedən, sonranı, daha sonranı düzgün hesablaya bilən, zamana uduzmayan, istiyə, soyuğa, zərbəyə əyilməyən, 360 dərəcə hər tərəfi, xəyal kimi keçmişi, indini, gələcəyi görən, tələsən, tələsən, son qələbə üçün ürəyi keçən, "əlinə mala alıb" Qarabağda 3 ildə iki hava limanı tikən, 3 rayonu itkisiz alan, dağlarda komandolar hazırlayan Müzəffər Ali Baş komandanı gördük.
O həmişəki kimi məğrur idi,
Son, mat gedişini edirdi.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı antologiya YB-də təqdim edildi
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Bu günlərdə “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı yeni antologiya işıq üzü görüb. Kitabın tərtibçisi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuaddır.
Yazıçılar Birliyinin “Natəvan” klubunda “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı antologiyaya təqdimat mərasimi də keçirilib. Tədbiri giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açıb. Rəşad müəllim çıxışında Esmira xanımın Güney Azərbaycan ədəbiyyatına güzgü tutan sanballı əsərlərindən və bunların əksəriyyətinin mütəmadi olaraq “525-ci qəzet”də çapından və müəllifin bu mövzuda ortaya qoyduğu dəyərli nəşrlərindən söhbət açdı.
Sonra söz tədbirin aparıcısı tənqidçi Əsəd Cahangirə verildi. Ə. Cahangir də Esmira xanımın Cənubi Azərbaycan ədəbiyyatının fəal tədqiqatçısı olduğunu vurğulayaraq sözü digər tədbir iştirakçılarına verdi.
Tədbirdə professor Asif Rüstəmli, Nazim Əhmədli, Kərim Kərimli, Şövkət Zərin Horuvlu, Kəmalə Abıyeva, Zaur Ustac və başqaları çıxış etdilər. Sonda Esmira xanım çıxış edərək, yazıları kirtaba daxil edilən müəlliflərə və qonaqlara təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Bazar günü “Nəğməmə inan” nümayiş olunacaq
Bazar günü Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan və yeni səhnə əsərlərindən olan “Nəğməmə inan” tamaşası nümayiş olunacaq.
Teatrın rus bölməsində hazırlanan bu musiqili komediyanın Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsusdur, səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.
Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Bazar günü “Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq
Sentyabrın 24-də Akademik Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq.
Teatrıdan verilən məlumata görə, Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum rejissorumuz, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.
Tamaşada rolları Əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Xalq artisti Hacı İsmayılov (Müdrik şair), Əməkdar artistlər Elnar Qarayev (Dost şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar Rüstəm Rüstəmov (Novator şair), İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) ifa edəcəklər.
Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Qeyd edək ki, səhnə əsəri görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunub.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)
Elçin Şıxlını təhqir edən “TikTok” istifadəçisi cəzalandırıldı
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Cinayət cəzasız qalmaz! Gözəl kəlamdır. İndi cinayət tək odlu və soyuq silahla deyil, sözlə də həyata keçirilir.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının sosial şəbəkədə onu təhqir edən şəxsi məhkəməyə verməsi barədə xəbəri “Qafqazinfo”dan oxudum. Həmin məlumata görə, E.Şıxlı Lənkəran Şəhər Məhkəməsində iddia qaldırıb.
Xüsusi ittihamçı iddia ərizəsində göstərib ki, əvvəldən tanımadığı Əlihüseyn Ağayev “TikTok”da onu təhqir edib, şərəf və ləyaqətinə xələl gətirən sözlər işlədib.
Məhkəmədə xüsusi ittihamçının vəkili Həbib Əliyev çıxış edib. Vəkil müvəkkilinin təhqir olunduğunu təsdiq edən kifayət qədər sübutlar olduğunu bildirərərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsinin sanksiyası həddində cəzalandırılmasını istəyib.
Müdafiə tərəfi isə özünü təqsirli bilməyərək bəraət qərarı çıxarılmasını xahiş edib.
Hakim Murad Aslanov tərəflərin fikirlərini öyrəndikdən sonra qərarını açıqlayıb. Qərara əsasən, Əlihüseyn Ağayev verilmiş ittihamla təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Bu, digərlərinə də ibrət dərsi olsun. Sosial şəbəkə hazırda başqalarını təhqir etmək, alçaltmaq ünvanına çevrilib. Unutmasınlar ki, hər bir əmələ görə cavab vermək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)