Sadiq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün
Biz nə görürük?
Bütöv mənzərə:
Azərbaycan dövləti antiterror əməliyyatı aparır və əsasən istədiyinə nail olur.
Şəhidlərimiz var. Həmişəki kimi əsasən kasıb övladları, sınıq- salxaq komalarda böyüyən, daş kişilərin, milli yaddaş kişilərin çörəyilə böyüyən torpaq, vətən sahibləri.
Şəhidlərimiz var, özləri şəhidlik arzulayan, şəhid olacağını anlayanda cənnəti hiss edib sevinən bayraq kimi uca ruhlu qəhrəmanlar. Mən inanıram ki, onlar cənnətdə də axar su qırağında, oturduqları o ağacın üstündən üç rəngli bayraq asacaqlar, bəlkə orda da elə bayrağın özü olacaqlar.
Toy xonçaları nəşini qarşılayan qəhrəmanlar.
Yaralı igidlərimiz var, canlı şəhidlərimiz.
Gözündən yaralananda gözündən gülənlər, şəhid olacaqlarına ümidləri artıb, ruhən sevinənlər.
Pafoslu, gopbaz ekspert filanlar var,
bütün günü saytlarda, efirlərdə zəhləmizi tökür onlar.
Öz danışdığını özü anlamyanlar.
Aranın sakitləşdiyini gözləyənlər var, qalustukla gedib, boynunu şişirdib, qızardıb, şəhid məzarı, şəhid ailəsilə şəkil çəkdirsinlər, deputat, başçı, alim, yazar- pozar filanlar…
Siyasi mənafe, xal qazansınlar, guya iş görürmüş kimi görsənsinlər, guya şeir, nəsr yazacaqlar, yəni vətənpərvər olacaqlar.
İndi ortalıqda yoxdu onlar, boz saxtakarlar.
Bir qrup tərifbazlar var, çox şeyi anlamazlar, hər şeyi ağ görərlər. Basıb, bağlayıb, Zəngəzuru, İrəvanı, Monqolustanı alarlar.
Gözünü yumub ağzına gələnə ağlını inandıranlar.
Bir qrup nöqsan axtaranlar, tənqidbazlar var. Biz müharibə etməyəcəyik, Qarbağ əbədi gedib dedilər. 44 gündən sonra əvvəl gözlərini döydülər, dərhal da Xankəndi hanı dedilər.
İndi də ermənilər bizi aldadır, rus oyun oynayır və s. deyib, zəfərlərə qara yaxırlar.
Bunların içərsində sadə vətəndaşlar da vardır ki, doğrudan da ola bilsin ki, mənzərəni tam dərk etmirlər, ürəkdən narahatdılar. Bu insanlar vətənpərvərdilər. Ancaq qəsdən, pusquda dayanıb milçək axtaran, tapanda, “gördünüzmü, fildir” deyənlər də var.
Qarboyalı ruhlar, qarayaxanlar.
Döyüşən əsgər görürük, əzrayıla gülümsəyən, qorxmaz, düşməni yaralı buraxmaz, yarasını sarıyanlar.
Əslində Azərbaycan əsgəri dünyada yeni, unikal, hərbi institutlar tərəfindən tədqiq olunası, öyrəniləsi, akademiyaların önündə heykəli, şəkili olacaq mahiyyyətində, qiymətində olan məhfumdur. O amansızdır, o qorxmazdır, o peşəkardır, o cox mədənidir- döyüşdə çox öldürməyi bacarır, o çox humanistdir, düşmən uşağına çörək verir, yarasını sarıyır.
Azərbaycan əsgəri elə öz dövlətinə bənzəyir.
Azərbaycan dövləti mülki vətəndaşlara yardım edir, odur ey " Zirəli çörək" Xankəndiyə gedir.
Çörək verən dövlət.
Qüdrətli dövlət.
Bir gündə " artsaxı" çökürdən, başına ağ tuman keçirən dövlət.
Odur ey, Şuşanın girişindəki güc simvolu olan tankı qulağından tutub, göyə qaldırır.
O kran azərbaycançılıq məfkurəsidir- Azərbaycan dövlətinin gücü, "artsaxı" qaldırır, guya "qalib ordunun" dəmir- dümür orden, medallarını qaldırır, təsbeh, eynək, eyfel qaldırır, 200 illik erməniliyi, şeytanlığı qaldırır.
Yenə telefonçu qızı gördük, bacıları, dayıları kömək edə bilmədi, Şuşada beli qırılan "artsax", üç il sonra keçindi, bu gün üçüdü.
Heç kimə, heç nəyə fikir verməyən, öz dəmir yolu ilə düz gedən, sonranı, daha sonranı düzgün hesablaya bilən, zamana uduzmayan, istiyə, soyuğa, zərbəyə əyilməyən, 360 dərəcə hər tərəfi, xəyal kimi keçmişi, indini, gələcəyi görən, tələsən, tələsən, son qələbə üçün ürəyi keçən, "əlinə mala alıb" Qarabağda 3 ildə iki hava limanı tikən, 3 rayonu itkisiz alan, dağlarda komandolar hazırlayan Müzəffər Ali Baş komandanı gördük.
O həmişəki kimi məğrur idi,
Son, mat gedişini edirdi.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)