Super User
UĞUR QAZANDIRAN KİTABLAR - Norman Vinsent Pil, «Pozitiv düşüncənin gücü»
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Norman Vinsent Pil, «Pozitiv düşüncənin gücü»
Daha bir superbestseller. Onun fəlsəfəsi milyonlarla insana, şəxsi, mənəvi və maliyyə hədəflərini vurmağa kömək edib. Müəllif qəti əmindir ki, pozitiv düşüncə həmişə müsbət nəticəyə gətirir. O, on illər boyunca bu təlimi öyrənib, əksər uğur qazanan insanın sirlərinə bələd olub və başa düşüb ki, bu təlim 100% işləyir.
Az qala 100 il yaşayan amerikalı yazıçı və din xadimi (1896 - 1993) Norman Vinsant Pil motivasiya kitabları boyunca aforizm səviyyəsinədək yüksələn gözəl fikirlərini səpələməklə də xüsusi maraq oyadır.
Əziz oxucum, gəlin onlardan bəzilərinə diqqət edək:
- Həyatımızdakı bu və ya digər cəhət özlüyündə heç bir məna kəsb etmir. Məna kəsb edən - sizin ona münasibətinizdir. Və məhz bu münasibət uğuru və uğursuzluğu müəyyənləşdirir.
- Fikirlərinizi dəyişin və siz öz dünyanızı dəyişəcəksiniz.
- Həyatın nə qədər miskin olsa da gözlərini aç və çalış ki, imkanları görəsən. Mütləq görəcəksən. Çünki onlar var.
- Boş ciblər heç vaxt sizə olmaq istədiyiniz mərtəbəyə çatmağa mane ola bilməzlər. Mane ola bilənlər boş başlar və boş ürəklərdir.
- Sürətlə üzmək üçün asta avar çəkmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Yaşıllaşdırma işçisinin kimliyinin müəyyən edilməsi ilə nələrəsə, bəlkə də çox şeylərə aydınlıq gələcəyinə ümidim böyük idi. Ancaq Mahirin dünənki zəngi ilə bu ümidlər alt-üst olmuşdu. Adam düz iki ay bundan əvvəl yoxa çıxmışdı. Bunun nə demək olduğu Mahirə da, mənə də gün kimi aydın idi. Baş verə biləcək dəhşətli hadisələrin fonunda, son iki gündə təkcə Tərxanın il yarım əvvəlki yalançı ölümünün təfərrüatlarını aydınlaşdırmaqla kifayətlənməyim, qalan vaxtda evdə oturmağa məcbur olmağım məni çox sıxırdı. Divarda asılmış şəkilli iri təqvimə yaxınlaşıb sentyabr ayını göstərən vərəqini çevirdim. Artıq oktyabr ayının 1-i idi.
Araşdırma aparanda məqsədimə çatanadək bəzən gecələr də yatmamaq adətim idi. Bu mənim özümdən asılı deyildi və sanki orqanizmim də belə vaxtlarda başqa rejimə keçir, nə yemək, nə də yatmaq yadıma düşmür, yorulmaq bilmirdim. Əksər əməliyyatçılarda illərlə formalaşan bu xüsusiyyət məndə əsil ovçu instinktinə çevrilmişdi. Ona görə də hazırkı hərəkətsizliyim mənim üçün dözülməz idi. Xüsusilə, belə bir əməliyyatda…
Fikirlərdən məni Mahirin zəngi ayırdı.
-Bəxtiyar, hazırlaş. Dalınca gəlirəm, təcili bir ünvanı yoxlamalıyıq.
Qeyri-ixtiyari dedim:
-Nəhayət ki.
Beş dəqiqədən sonra həyətdə Mahiri gözləyirdim. Daha iyirmi dəqiqə sonra isə artıq onun dediyi ünvanın qarşısında idik. Sahə inspektoru Mənzil-Kommunal Təsərrüfatı Birliyindən çağırdığı çilingərlə qapının ağzında bizi gözləyirdi. Onlarla salamlaşan Mahir qapıya işarə edib,-açın,-deyə göstəriş verdi.
Çilingər əyilib qapının açar yerinə diqqətlə baxdı. Sonra çantasından lazım olan aləti götürüb işə başladı.
Yolda Mahirin dediklərindən öyrənmişdim ki, hazırda bir qədər aralıda dayanmış mayor rütbəli sahə inspektoru ərazisində daha bir rusiyalı qonağın kirayədə qalması barədə qonşuların birindən məlumat alıb. Onun kimliyini öyrənmək məqsədi ilə ünvana gələndə isə qapını nə qədər döysə də heç kim açmayıb. Eyni mərtəbədə yaşayan həmin qonşu qadın bir neçə saat əvvəl çiynində çanta olan kirayənişinin mənzili tərk etdiyini deyib. Diqqətli qadın maraqlı bir məlumat da verib. Mənzili bir nəfərin kirayələdiyini deyən qonşu iki dəfə oradan tamam fərqli adamın, çəliklə gəzən birinin çıxdığını deyib. Elə bu gün çanta ilə çıxan adam da həmin axsayan adam imiş. Hər dəfə blokdan səs gələndə qapıdakı gözlükdən baxmağı özünə adət etmiş bu evdar qadın başqa bir şeyə də fikir verib. Kirayənişin demək olar ki, evdən bayıra çıxmırmış, ancaq hər axşam eyni vaxtda blokdakı poçt qutusunu yoxlayırmış. Bu çox maraqlı idi. Qonaq gəldiyin şəhərdə evə qapanıb qalacaqdınsa, niyə gəlirdin? Ayrıca, kirayə qaldığın mənzilin poçt qutusunu niyə yoxlayasan ki?
O ki, qaldı, ev sahibinə, sahə inspektorunun dediyinə görə dörd il əvvəl Amerika Birləşmiş Ştatlarına köçübmüş. Bu müddətdə mənzildə kimsə yaşamırmış. Evi hansı şəraitdə, kim kirayəyə verib bilmir. Elə kirayənişini də gec aşkar etməsinin səbəbi bu olub.
Yolboyu bu danışdıqlarından sonra Mahirin niyə belə tələsdiyi mənə məlum olmuşdu. Alınan məlumat qızıla bərabər bir məlumat idi.
-Hazırdır.
Bayaqdan çömbəltmə oturub qıfıl ilə əlləşən çilingər ayağa qalxıb qapını itələdi. Seyf qapı cırıltı ilə açıldı.
-Siz qapının ağzında dayanmayın. Bir mərtəbə yuxarı qalxıb orada gözləyin.
Mahir yenə də göstəriş verib içəri keçdi. Onun ardınca mən də mənzilə daxil oldum.
-Bizdə «Koramal»ın barmaq izlərinin nümunəsi var. Mən ekspert kriminalist çağırmışam. Təcili buradakı əl-barmaq izlərini yoxlamaq lazımdır. Əgər o burada olubsa, mütləq kiçik də olsa, bir iz qoymalıydı. Bizsə, ekspert gələnə qədər burada axtarış aparaq. Görək nə tapırıq. Sən mətbəxdən başla. Mən hamamxanaya keçirəm. Sonda otağa baxarıq.
Mahirin bu sözlərindən sonra hərəmiz bir tərəfdən olduğumuz məkana baxış keçirməyə başladıq. Mətbəxdə elə də çox əşya yox idi. Əlavə izlər qoyub ekspertin işini artırmamaq üçün cib dəsmallarımızı əlimizdə tutmuş, əşyalara dəsmalla toxunurduq.
On dəqiqə sonra mətbəxdə və hamamxanada işimizi bitirdik. Hələ ki, maraq doğuracaq bir şey yox idi. İndi otağa baxacaqdıq. Birlikdə diqqətlə nə isə tapa biləcəyimiz bütün mümkün yerlərə baxırdıq. Təxminən iyirmi dəqiqə axtarışlardan sonra heç nə tapmayıb keçib divanda oturduq. Elə bu vaxt kriminalist qapını döyüb içəri girdi. Qalxıb onunla görüşdük. Mahir mənzillə işini bitirdikdən sonra poçt qutusundakı barmaq izlərini də götürməyi ona tapşırıb yenidən keçib yanımda oturdu. Kriminalist zabit masanın üstünə qoyduğu xüsusi çamadanı açıb aramla lazım olan şeyləri çıxardı və işə başladı. İlk baxışdan onun işinin əsil peşəkarı olduğunu başa düşdüm. Mahir rəhbərlikdən məhz bu mütəxəssisi göndərməyi xahiş etmişdi. Xüsusi hazırlıq keçmiş bir peşəkarın hansısa iz qoyduğuna az inansaq da, digər bir peşəkarın nə isə tapacağına ümidimizi itirmirdik.
Hələ ki, heç nə tapmasaq da, axtarışlar zamanı bir şey diqqətimi çəkmişdi. Dolabda bir diyircəkli qələm var idi. Onun uc hissəsində qurumuş mürəkkəb yapışıb qalmışdı. Dırnağımla həmin qurumuş mürəkkəbi qoparanda altındakı, qələmin diyircəyində yığılıb qalmış mürəkkəbin hələ qurumadığını gördüm. Təkrar toxunanda barmağım azca mürəkkəbə batmışdı. Deməli, bu qələmdən yaxın vaxtda istifadə olunmuşdu. Çoxdan istifadə olunmayan diyircəkli qələmlərin ucları quruyur və hətta bu halda yazması üçün bir neçə dəfə vərəqə sürtmək lazım gəlir. Ancaq məsələ bundadır ki, qələmlə nəsə yazmaq üçün otaqda bir dənə də olsun nəinki kitab yaxud dəftər, heç qəzet parçası da yox idi. Bu, mənə maraqlı gəlmişdi. Qonşu qadın kirayənişinin hər axşam poçt qutusunu yoxladığını deyib. Bəlkə o, hansısa məlumatları kağıza yazıb poçt qutusuna qoyurmuş, sonradan onu oradan götürürmüşlər? Gedərkən isə yazdığı dəftəri özü ilə aparıb. Bu, mümkün ehtimal idi. Bəlkə nəsə taparam deyə ayağa qalxıb bir daha otağı nəzərdən keçirdim. Mahir hərəkətlərimi diqqətlə izləyir, ancaq heç nə soruşmurdu. Birdən gözüm evin küncündəki tumbanın üstünə qoyulmuş telefon aparatına sataşdı. Aparat tumbanın üstündən bir qədər hündürdə dayanmış kimi görünürdü. Stop. Telefon aparatlarının ayağı belə hündür olmur. Yaxınlaşıb aparatı götürdüm. Zənnim məni aldatmamışdı. Aparatın altında bloknot ölçüsündə olan telefon məlumat kitabçası var idi. Keçmişdə çox böyük ölçüdə olan, hər bir evdə rast gəlinən telefon kitablarını sonradan təkmilləşdirib xeyli kiçik ölçüdə çap etməyə başlamışdılar. Ona görə də aparatın altında qoyulmuş kitabçanı əvvəldən görə bilməmişdik. Qayıdıb Mahirin yanında oturdum və kitabçanı vərəqləməyə başladım. Kolleqam yenə hərəkətlərimə baxır, amma heç nə soruşmurdu. Sonuncu vərəqə çatdım. Heç bir yazı yox idi kitabçada. Təəssüflə kitabçanı kənara qoydum.
Nəsə məni narahat edirdi. Əgər kirayənişin, fikirləşdiyim kimi, hansısa məlumatları yazıb poçt qutusuna atırdısa və gedəndə də istifadə etdiyi dəftəri özü ilə aparıbsa, bu zaman otaqdakı qələmin mürəkkəbinin qurumamasının izahı var idi. Ancaq bunu təkzib edən başqa bir şey də var idi. Qonşunun dediyinə görə gəldiyi gündən mənzilə qapanıb demək olar ki, heç yerə çıxmayan biri hansı məlumatı ötürə bilərdi ki? Əgər ehtimal etsək ki, mənzildə qalan Solomin olub, bu halda daha çox poçt qutusu vasitəsilə onun özünə məlumat ötürülməsi ağlabatan deyildimi? Qələmdənsə, yüz faiz bu yaxında istifadə olunub. Mənzildəki yeganə nəsə cızmaqara edilə biləcək kağız məmulatı da bu yanıma qoyduğum telefon kitabçasıdır. Belə olan halda məntiq nə deyir?
Kitabçanı götürüb axıra qədər yenə vərəqlədim. Sonuncu vərəqi də çevirdim. Yenə heç nə yox idi. Stop. Axırıncı vərəq telefon nömrələri ilə bitirdi kitabda. Belə olmur axı. Bu kitabın çapını həyata keçirən nəşriyyat mütləq özünə aid məlumatları, kitabçanın çap kodunu, tirajını göstərməli idi. Kitabçanı işığa tutub diqqətlə baxdım. Elədir ki var, sonuncu vərəq kitabçadan qoparılmışdı, özü də çox səliqə ilə. Tez üzümü ekspert-kriminalistə tutub dedim:
-Qardaş, zəhmət olmasa, zərrəbini mənə ver.
Əllərinin hər ikisi işlətdiyi kriminalistik toza batmış ekspert zabit çamadanına işarə etdi. Qalxıb iri böyüdücü şüşəsi olan zərrəbini çamadandan götürdüm. Mahir yenə də baxıb susurdu. Cırılmış vərəqdən sonra gələn sonuncu, kitabın üz qabığının arxa iç tərəfinə zərrəbini yaxınlaşdırıb diqqətlə baxdım. Karton vərəqin üzərində zəif cızıqların olduğu zərrəbinin altında aşkar görünürdü. Çönüb hərəkətlərimi izləyən Mahirə baxdım. O, nə demək istədiyimi o dəqiqə başa düşdü. Başı işinə qarışmış eksperti yanına çağırıb soruşdu?
-Gördüyün bu konturların nə ifadə etdiyini bu dəqiqə, burada üzə çıxara bilərsənmi?
-Asanlıqla.
Kriminalist zabit qısa cavab verib çamadanına yaxınlaşdı. Əllərini silib oradan götürdüyü hansısa toz və pambıq parçası ilə geri qayıtdı. Tozu karton vərəqin üstünə töküb pambıqla hər yerinə yaydıqdan sonra yenə təmiz pambıq parçası götürüb tozun üzərində gəzdirdi. Bundan sonra tozun cızıqlara dolmayan qalığını ehtiyatla kənara üfürüb alışqanla kartonu altdan qızdırmağa başladı. Bir dəqiqədən sonra gözümüzün önündə maraqlı bir mənzərə yarandı. Cırılmış vərəqə basılan qələmin kartonda qoyduğu izlərə dolan ağ rəngli toz qızan kimi qaraldı və kartonun üzərində iki şəkil peyda oldu. Mahirlə baxışdıq.
Şəkillərin birində çarpayıda uzanmış qadın, o birisində ikibaşlı əjdaha əks olunmuşdu. Əjdahanın hər iki ağzından alov püskürürdü. Bu nə ola bilərdi? Şəkillərin olduğu vərəqin cırılması elə-belə deyildi. Beynim sürətlə işləməyə başlamışdı. Hissiyyatım da bu şəkillərlə nəsə bir ipucu tapacağımı deyirdi. Divana oturub adətim üzrə gözlərimi tavana dikdim. Belə vəziyyətdə fikrimi daha yaxşı cəmləyə bilirdim. Qadın şəkli mənə tanış gəlirdi. Onu haradasa görmüşdüm. Bu şəkil baxana daha çox sakitləşdirici təsir bağışlayırdı. Amma əjdaha şəkli haqqında bunu demək olmazdı. Fikrimcə, bu konkret bir simvolika idi və nəyəsə işarə vardı bu şəkildə. Özü də ikibaşlı əjdaha. Hər halda bu vaxta qədər mən heç bir mifdə, əsatirdə yaxud nağılda ikibaşlı əjdahaya rast gəlməmişdim. Bəli, burada yüz faiz nəyəsə işarə var idi. Amma nəyə, bax bunu tapmaq lazım idi. Nəhayət, növbəti addımlarımı müəyyənləşdirdim. Cəld telefonu çıxarıb Stepanı yığdım.
-Eşidirəm, Baxa,-Stepan dərhal cavab verdi.
-Əziz dostum, təcili bizim obyektin Moskvada qaldığı evə təkrar baxış keçirin. Orada olan nə qədər dəftər, kitab, bloknot, bir sözlə üzərində şəkil çəkmək mümkün olan istənilən kağız parçası varsa bir daha gözdən keçirin. Qələmlə çəkilmiş hansısa şəkil və ya simvolika aşkar etsəz, həmin şəklin nə vaxt çəkildiyini müəyyən et və dərhal məlumat ver. Paralel olaraq onun sonuncu dəfə yatdığı təkadamlıq kameraya da baxış keçirilib sənə məlumat verilsin. Orada da çəkilmiş şəkillər varsa, bu məlumatlara əlavə et. Bunu niyə istədiyimi sonra başa salaram. İndi isə bu işləri tez görün. Hə, bir də ki, telefon kitabçası varsa o evdə, ona da baxmağı unutmayın. Bir də, obyektimizin rəssamlıqla hansı əlaqəsinin olduğunu aydınlaşdır, bunu mütləq öyrən.
-Başa düşdüm, Baxa. Dərhal başlayırıq.
Telefon danışığımı dinləyən Mahir mənə baxıb soruşdu:
-De görüm yenə nə fikirləşmisən?
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
“Öz kiçik parçanı nəhənglər içrə görmək” – bosniyalı şair Maid Corbic-in şeiri
“Ədəbiyyat və incəsənət” portalının elektron poçtuna gələn növbəti məktub Bosniya-Hersoqovinadandır. Maid Corbic adlı gənc şair göndərdiyi “Dünyanın mərkəzi Praqa” adlı şeirinin portalımızda dərc edilməsini xahiş edir. Onun məktubunu, tərcümeyi-halını və sözügedən şeirini oxucularımıza təqdim edirik. Əlbəttə ki, sətri tərcümədə şeir öz gözəlliyini qoruyub saxlaya bilmir. Bununla belə, Maid Corbic-in şeirində Praqanın əzəməti duyulmaqdadır.
Salam hörmətli redaksiya.
Nəzərə alınmaq və vebsaytınızda yer almaq üçün seçilmək ümidi ilə sizə şeirimi və tərcümeyi-halımı göndərirəm. Bütün bunlar bu mətnin altındakı əlavədədir. Hər hansı bir sualınız və ya narahatlığınız varsa, xahiş edirəm mənə mümkün qədər tez bildirin. Cavabınızı ürəkdən gözləyirəm.
Hörmətlə,
Maid Corbic, Bosniya və Herseqovina.
TƏRCÜMEYİ-HAL
Maid Corbic Bosniya və Herseqovinada, Tuzla şəhərində yaşayır. Onun iyirmi iki yaşı var. O, boş vaxtının çox hissəsini kitab oxumaqla və şeir yazmaqla keçirir.
Onun şeirləri indiyə kimi “Kosovo Peonies”, “Amritanyali Journal” kimi yerli portallarda dərc edilmişdir. “Krajberzje.mk”, “VIS Internationaly Magazine” kimi dünyanın bir çox digər ədəbi portalları da onun yaradıcılığına yer ayırıb.
Sizlərə onun “Dünyanın mərkəzi Praqa” şeiri təqdim edilir.
DÜNYANIN MƏRKƏZİ PRAQA
(sətri tərcümədə)
Praqada çox xoşbəxt idim.
Çünki bura, sadəcə çex pivəsinin yox,
həm də tarixin məskənidir.
Möhtəşəm tikililər, abidələr...
Tarixlə məhz burda tanış oldum.
Çexiya mövcudluq ölkəsidir,
Praqa onun nidası.
İnsanların çox xoşbəxt olduğu bu yerdə
Nə xoş ki, iki günlük turist idim.
Amma mən özümü,
turist kimi hiss etmirdim.
Mən sanki Praqanın sakiniydim.
Çünki buranın mehriban insanları,
Özləriylə qonağa fərq qoymaz ki.
Onlar həqiqətən yaxşı insanlardır.
Onlar mənə
tarixi döyüşlər gedən
yerləri göstərdilər,
əlıqılınclı, dəbilqəli, at belində insanları
döyüşdükləri yerdə
sanki gözlərimlə görürdüm.
Ölkəsinin tarixi üçün
Hər bir praqalının qatqısı var,
Onlar bu tarixi əzbərdən bilirlər.
Və bu tarixdə mənə də yer eləyirlər,
Döyüşləri, zəfərləri, quruculuğu
Sanki öz gözümlə görürəm,
Bütün bu olaylarda sanki özümü tapıram.
Çünki həyatın mənası öz varlığını
Öz kiçik parçanı
böyüklər, nəhənglər içrə görməkdir.
Qədimdən qədim Praqa
Sevgi də o gözəl və qədim zamanda
orada yaranıb.
Heç kimin heç nə vecinə olmayanda,
bu diyarda sevib-sevilirdilər.
Praqa mənim üçün dünyanın mərkəzidir daha.
Çünki orada özümü çox sərbəst hiss etdim.
Həyatın mənası gəzmək və görməkdir.
Çexiya sülh və xoşbəxtlik ölkəsidir
Mən gəzdim, gördüm,
Sülhdən və xoşbəxtlikdən həzz aldım.
Xoşbəxtliklər varsa,
niyə bədbəxtliklər axtarsın axı insanlar?
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
Səməd Vurğunun məşhur “Ceyran” şeiri heç bilirsinizmi, harada yazılıb? - XATİRƏ
Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyev Xalq şairi Səməd Vurğun barədə oğuzluların xatirələrindən ibarət “Səməd Vurğun haqqında Oğuzla bağlı xatirə” yazısını “Ədəbiyyat və incəsənət”ə təqdim edib. Yazı, düşünürük ki, vurğunsevərlərə, ümumən, bütün oxucularımıza maraqlı gələcək.
Təbiət vurğunu olan Xalq şairi Səməd Vurğun Azərbaycanın dilbər guşələrini gəzib, təbiətin gözəlliyindən zövq almağı xoşlayardı. Onun ən çox səfər etdiyi bölgələrdən biri də ovaxtkı Vartaşen - indiki Oğuz rayonu idi. Rayonun səfalı təbiəti, yaşıl meşələri, buz bulaqları şairi çox cəlb edirdi. Odur ki, Vurğun tez-tez bu yerlərə qonaq gələrdi.
Burada onun çoxlu dostları vardı. S.Vurğunun dəfələrlə Oğuzda olmasını onu şəxsən tanıyan, rayonun yaşlı sakinlərindən M.Xudiyev, F.Babayev, A.Səmədov, İ.Vahabov, S.Qarayev, A.Aşurov, A.Verdiyev və digərləri də təsdiq edirlər.
Vətənpərvər ziyalılarımızdan olan P.Yaqub da özünün “Padar kəndinin ensiklopediyası” adlı əsərində yazır ki, “…şair hər gələndə çox vaxt rayonun Padar kəndində kolxoz sədri işləyən Hidayət Qasımovun qonağı olar, onunla birlikdə bir neçə gün təbiətin qoynunda gəzər, həm ov edər, həm də buranın füsünkar gözəlliyindən ilham alaraq, bulaqların başında oturub şeir yazar, dostlarının və camaatın xeyrində-şərində iştirak edərdı.
Belə səfərlərin birində o, Padar kəndinin qırağındakı bulağın başında “Ceyran ” şeirini yazmış və yanındakı ovçu yoldaşlarına oxumuşdu. Aradan bir müddət keçəndən sonra, Hidayət kişi həmin şeiri radiodan eşidəndə heyrət etmiş və sevinclə uşaqlarına demişdi ki, bu şeir bizim kənddə yazılıb və şeirin ilk dinləyicilərindən biri də odur.
Hidayət Qasımov söhbət edərmiş ki, Səməd Vurğun ov həvəskarı və sərrast atıcı olsa da, özü heyvana güllə atmağı xoşlamazmış. Adətən bərədə dayanıb, ovu nişan alar, amma tətiyi çəkməyə tələsməzmiş. Qəsdən yubanarmış ki, ovçu yoldaşları atsınlar. Təbiətə gözəllik verən bu yaraşıqlı heyvanları öldürməyə şairin əli gəlməzmiş.
Hidayət Qasımovun ad günündə iştirak edən Səməd Vurğun dostuna bir dənə aynalı beşatılan, bir dənə də xəncər bağışlayıb. Lakin Hidayət kişi rəhmətə gedəndə onun sevə-sevə saxladığı bu yadıgarı, eləcə də, birlikdə çəkdirdikləri şəkilləri qardaşı Şükür saxlamaq üçün öz evinə aparıb. Sonralar Şükürün evində yanğın baş vermiş, həmin əşyalar da orada yanmışdır. Odur ki, böyük şairdən padarlılara yalnız xoş xatirələr və burada yazdığı şeirlər qalmışdır.
Bu yerlərdə - Oğuzda S.Vurğunu xoş xatirələrlə yada salanlardan biri də rayonun Kərimli kənd sakini Yetim Qara idi. Çörək pulunu maşın yumaqla qazanan bu zəhmət adamı, şairin səxavətindən ağız dolusu danışarmış. Deyirmiş ki, rayonun birinci katibinin maşınını yuyanda üç manat verir, yeri gəldi- gəlmədi üstümə də qışqırırdı. Vurğunun maşınını yuyanda isə, ondan pul almaq istəməzdim, amma özü zorla cibimə “iyirmibeşlik” basardı. Maşına da baxmazdı ki, necə yumuşam”.
Onu da qeyd edək ki, şairin özündən böyük və yeganə qardaşı Mehdixan Vəkilov da bir müddət Oğuzda yaşamışdır. Görkəmli yazışımız İsmayıl Şıxlı 12 mart 1959-cu il tarixli 21 saylı “Azərbaycan müəllimi” qəzetində çap olunmuş xatirəsində qeyd edir ki, Azərbaycanın xalq şairi S.Vurğunun qardaşı Qazax seminariyasının ilk məzunlarından olan, ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Azərbaycan Pedaqoji İnstitutunun rektoru (1956–1962), 1958–1962-ci illərdə V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969), Əməkdar elm xadimi və Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni (1943), iki “Şərəf nişanı” ordeni (1944 və 1961) və keçmiş SSRİ-nin müxtəlif medalları ilə təltif edilmiş M.Vəkilov seminariyanı qurtardıqdan sonra bir müddət Quba, sonra isə Vartaşen (indiki Oğuz) rayonlarında müəllim işləmişdi.
Beləcə, sizlərə Vəkilovların Oğuz rayonu ilə bağlılıqlarından söhbət açdıq.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
“Bu qar sənə bənzəyir...” - Ülviyyə Qəhrəmanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Ülviyyə Qəhrəmanın debüt şeirləri təqdim ediləcək. Qeyd edək ki, şeirlər 2021-ci ildə qələmə alınmışdır.
PAYIZ, SƏNDƏN BİR RİCAM VAR
Payız,səndən bir ricam var,çox tələsmə...
Qoy geciksin boranlı qar!
Vətənimin yad əllərdə hələ əsir torpaqları,
Döyüşlərdə əsgəri var,Tanrı olsun onlara yar!
Sən həlim ol, asta tərpən,
Leysan olub yağma birdən,
Bir az bəslə buludları ətəyində,
Üşüməsin əsgərimin əli silah tətiyində!
Xəsislik et,gözəl payız,
Torpağıma su qatanda...
Yüngül olsun əsgərimin çəkmələri
Zirvələrə can atanda!
Dumanını ahəstə çək, naxışları nəmli payız,
Vətənimin nər həsrətli dağlarına,
Hərarətin qüvvət versin
Alnı açıq zirvələrə bayraq sancan igidlərin qollarına!
Payız, səndən son ricam var,
Gözü yolda olanlara,
İgidlərdən xoş xəbərlər gətir nübar.
Qoy bu payız müjdə versin mərd xalqıma
Qələbədən,zəfərdən bar!
VƏTƏN
Cavidlərin gülüşündə,..
Elvinlərin baxışında,..
YatanVətən!
Qətrə-qətrə torpağına
Damla-damla şəhid qanı
HopanVətən!
Qəlpə-qəlpə yaralanan,
Hissə-hissə sarıqlanan,
Zərrə-zərrə bütövlənən,
Kafirlərin caynağından
Sıyrıq-sıyıq qopanVətən!
Xudayarlar avazında
dastanlara dönənVətən!
Elçinlərin,..nəfəsində
Kəsik-kəsik gülənVətən!
Əhvalına yarı sevinc,
yarı kədər qatanVətən!
Dəlik-dəlik ürəyində
30 illik arzusuna çatan
Vətən!
... ŞƏKİLLƏR
Soyuq bir qış gecəsi...
Açılmaz sabah kimi,
Bir balanın çöhrəsi
Dikilir şəkildəki qayğılı baxışlara,
Düyünlənmiş qaşlara,..
Dolaşır çox fikirlər,..
Son təsəlli şəkillər...
İslanır çərçivəsi ananın baxışında,
Tumarlanır şüşəsi əlinin qırışında...
Kədər havasında,dərd yağışında,
Həsrətlə yuyunub,qəmlə quryub,
Ata fəryadını duyan şəkillər,
Danışan şəkillər,dinən şəkillər.
Tənha səssiz gecələrdə
Ürəklərin üstə qonan,
Öpüləndə göz yaşları
Çatlaq dodaqlara dolan,
Gözlərdə sevgisi,üzdə gülüşü,
Buz kimi soyuyubsolan şəkillər,
İsti qucaqlarda donan şəkillər.
Səssizcə bizdən danışan...
Gah küsüb,gah da barışan...
Yalan üzlərdə sayrışan,
Saxta Vətən “sevgi”sinə
Daşlardan qəzəblə baxan şəkillər,
Vüqarlı şəkillər,təmiz şəkillər,
Oxşanan şəkillər,əziz şəkillər.
BU QAR SƏNƏ BƏNZƏYİR...
Bu qar sənə bənzəyir –
Baxsam, parlaq,
Ağappaq,təmiz ...
Gözlərimi qamaşdırıb
Büllurunu yandıracaq.
Yumsam gözlərimi,
bəbəklərimdə
kölgən qalacaq.
Bu qar sənə bənzəyir –
Tənha,kimsəsiz...
Toxunsam, yumşaq,
Barmaq uclarımda əriyib
Ovuclarımdan axacaq.
Öpsəm isti dodağımı,
Soyuqluğu donduracaq.
Bu qar sənə bənzəyir –
Cığırsız, izsiz...
Bir addım atsam,
Dərin bir çökək
Varlığında iz qoyacaq.
Qalsam, ruhum soyuyacaq,
Getsən, yerimi yad bir ləpir dolduracaq!
PAYIZ QADIN
Ruhu bahar,cismi
Payız fəsli qadın.
Özü tənha,ətrafı
Hər kəsli qadın.
Gündüz günəş,gecələrə
Sazaq qadın
Bir az isti,bir az soyuq
Yasaq qadın
Xəbərin var?
Hər gün ömür ağacından
Qızıl sarı yarpaq düşür...
Ürək qızıl,əlləri bərk
Dəmir qadın,
Tənhalığa hənir qadın,
Qəlbi kövrək,gözü nəmli
Naxış qadın,
Kəlmələri susuz qəlbə
Yağış qadın,
Xəbərin var?
Hər gün bir ağ çiçək
açır saçlarında...
Hər çiçəyin öz dərdi var,
Xəbərin var?
*QIŞ MƏKTUBU*
Salam,
Yaz həvəsli,
Yay diləyiylə
Payız həyatımaqış gətirənim!
Darıxmır ürəyin
Baxıb çardaqdakı cüt göyərçinə?
Üşümür əllərin öz əllərində?
Dikilmir baxışlar
Ağ tavanında
Su damıb saldığı böyük ləkəyə?
Bu gün də arzunu küləyə söylə,
Külək pıçıldasın qar dənəsinə,
Uçsun boz şəhərin səmalarında,
Axtarsın mən olan ünvanı tapsın,
Toxunsun evimin pəncərəsinə,
Əriyən dənəsi arzunu yazsın!..
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldı
Martın 3-də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) əsas təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və “ASAN Könüllülər” Təşkilatının dəstəyi ilə baş tutan II Kitabqurdu Payız Oxu Marafonunun mükafatlandırma mərasimi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən məlyumat verilib.
Görüş “Başkent” restoranında baş tutub. Tədbiri giriş nitqi ilə açan ANAİB-in katibi Nurman Tariq marafonun təşkilindəki məqsəddən danışıb. Bildirib ki, əsas məqsəd yerli yazıçıların təbliği, kitab bazarının dirçəldilməsi və mütaliəyə təşviqdir.
Katib çıxışı zamanı qaliblərə təbriklərini çatdırıb, təşkilatçı və dəstəkçi qurumlara da təşəkkür etməyi unutmayıb.
Münsiflər heyətinin üzvü və marafonun aparıcısı olan “Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov çıxışında qeyd edib ki, ötən marafonla müqayisədə bu marafonun sualları xeyli çətin olsa da, finalçılar öhdəsindən layiqincə gəliblər.
Layihənin ideya müəllifi və rəhbəri, eyni zamanda,“XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy başda qaliblər olmaqla bütün marafon iştirakçılarını təbrik edib.
Prosesin görünməyən tərəfindən danışan layihə rəhbəri, növbəti marafonla bağlı müjdə də verib.
Marafon müəlliflərindən olan Elçin Əzimli, Kənan Hacı və Elay iştirakçıları təbrik edib, onlara uğurlar diləyiblər.
AGMA sədri Səkinə Həsənli, “ASAN Könüllülər” Təşkilatının sədr müavini Ayşən Camalova da öz növbələrində qalibləri təbrik edib, bu kimi marafon və yarışların təşkilində maraqlı olduqlarını, lazımınca dəstək verəcəklərini bildiriblər.
Çıxışlardan sonra qaliblərə diplom və mükafatlar təqdim olunub:
Ülviyyə İsrafilova – I yer – 3000 AZN
Aytən Məmmədova – II yer – 2000 AZN
Kəmalə Tağıyeva – III yer – 1000 AZN
Sonda marafon iştirakçıları tərəfindən ən çox bəyənilən “Çağrı” romanının müəllifi Elçin Əzimli xüsusi mükafatla təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
Şəhidlər barədə şeirlər – Pəhli Qəribov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Pəhli Qəribova həsr edilmiş şeirlə tanış olacaqsınız.
PƏHLİ XALƏDDİN OĞLU QƏRİBOV
(17.09.1993.-08.01.2020.)
Kürdəmirdən olan Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
PƏHLİ
Sən, Vətəni canından, Pəhli, artıq sevirdin,
Adını əməlinlə ölməz ada çevirdin.
Yazıldın döyüşməkçin könüllü ordumuza,
Dedin, zəfər yaraşır, müqəddəs yurdumuza.
Uşaqlıqdın hamıya sevimli, əziz idin,
Xəyalların bir aləm, arzular dəniz idin.
Əsgərlikdə olanda göstərdin əla xidmət,
Fəxri fərmanlar, saat - halal mükafat, qiymət.
Həmişə gözləyirdin, Komandanın əmrini,
Bitirmək vaxtı gəldi kafirlərin ömrünü.
Necə ürəklisənmiş, necə də mətanətli,
Düşməni məhv eyləyən əsgərdin - şücaətli.
Döyüşdün Füzulidə, Cəbrayılda qeyrətlə,
Yağılar qaçırdılar qorxu ilə, heyrətlə.
Düz qırx dörd gün döyüşdün, getdin Şuşaya qədər,
Düşmən kədərə batdı, ömrünü aldı kədər.
“Biz qalib gələcəyik”, - söykənərək inama,
Səkkiz noyabrda sən çatdın ali məqama.
Müqəddəs bayrağımız Şuşada dalğalanır,
Mənfurlar, məsləksizlər məzarda “lovğalanır”.
Canından keçdin, Pəhli, bu yurd yaşasın deyə,
Qəhrəmansan, şöhrətin sığışmır yerə-göyə.
Səni sevimli edən elə sədaqətindir,
Nərmin balan, gül balan bizə əmanətindir.
Hamımıza əzizdir yurdumuzun hər yanı,
Alıb səni qoynuna Şəhidlər Xiyabanı.
Bu vətəni düməndən azad etdi igidlər,
Həmişə yaşayacaq qəhrəmanlar-şəhidlər.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
“ASAN xidmət”in "İnnovasiyalar Mərkəzi" inkubasiya proqramına başlayır
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" "Bilişim Vadisi" ilə birgə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində inkubasiya proqramına start verir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Məqsəd ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi, innovativ ideyaların inkişaf etdirilməsi üçün tələbələrin innovasiya və startap üzrə biliklərinin inkişafıdır.
Proqrama “Gələcək üçün bacarıqlar” layihəsinin öncəki infosesiyalarla seçilmiş tələbələri, startap yaratmağa, innovativ yeniliklər etməyə meyilli, özünə güvənən, gələcəyini bu sahədə görən gənclər və komandalar qoşula bilərlər.
19 mart tarixinə qədər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçmək olar: https://forms.gle/gTH9jvSLbJDgBX3e7
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir.
Ümumilikdə layihə çərçivəsində 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
Qalib filmlərin istehsalına “Kür - çaylar anası” ilə başlanılır
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən kinematoqrafiya sahəsində istehsal olunacaq filmlərə dəstək verilməsi məqsədi ilə keçirilmiş Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin qalib layihələrinin istehsalına başlanılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib.
İlk olaraq Dövlət sifarişi ilə çəkiləcək “Kür - çaylar anası” sənədli film layihəsi ilə istehsal müqaviləsi bağlanılıb. Filmin 2024-cü ilin dekabr ayında təhvil verilməsi nəzərdə tutulur. “OD Media Production” şirkəti tərəfindən istehsal olunacaq filmin rejissoru Seyran Bədəlov, ssenari müəllifi Əkbər Nəcəflidir. Çəkilişlər Kür çayının mənbəyindən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılacaq.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
“Bu şəhərdə onu sevməyən yoxdur…”
Gülnarə Cəmaləddin yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, Sumqayıt ədəbi mühitinin ağsaqqalı Əşrəf Veysəllinin doğum günü - 83 yaşı münasibətilə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin yazdığı təbrik yazısını diqqətinizə çatdırır.
Bu şəhərdə onu sevməyən yoxdu. Bunu əminliklə deyirəm. Böyükdən kiçiyə hamı onu sevir. O, xöşbəxt adamdı, bəxtiyar şairdi. Şairlik zülüm olsa da, o qədər sevgi qarşısında çəkdiyin zülmə-zillətə dəyər.
Hər misrasında ürək döyüntüsü, hər sətrində özündən nəsə var. Güclü poetik yaddaşı, ciddi yumor hissi və hazırcavablığı ilə yadda qalıb.
Sumqayıtlı şairlərin USTAD deyə ərklə müraciət etdiyi, qürur duyduğu şairdi Əşrəf müəllim.
Şeirləri nəğmə kimidi. Ruhunu tərpədir, adamı özündən alır. Əşrəf müəllim böyüklə böyük, kiçiklə kiçikdir. Ürəyi, ruhu, şeirlə, sözlə yoğrulub. Yorulanda da sözün çiyninə baş qoyub, təsəllini də sözdən alıb.
Ağsaqqal kimi də hər kəsin yerini və dilini bilir. Çətin anlarda insanlara dayaq olur, yol göstərir. Öz imzası və öz sözü ilə ruhumuza hopub...
Bu gün Əşrəf müəllimin də faniylə yolçuluğa başladığı gündür. Faninin işindən agah adamdı, bəzən ona sözardı nələrsə pıçıldayır...
Bəzən açıq-aşkar ona aldanmadığını da söyləyir.
Gününüz və günümüz mübarək,Əşrəf müəllim, əziz insan, mübarək adam! Sizə əbədiyyət ömrü arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)