Super User

Super User

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Hər bir "Ədəbiyyat və İncəsənət" portalı oxucusunu salamlayır və növbəti müsahibəmi sizlərlə paylaşıram. Xüsusilə bürclərə inananlar üçün, məncə, olduqca maraqlı söhbət olacaq. Çünki bugünkü qonağım astroloq Aytən Salamidir. 

 

-Xoş gördük, Aytən xanım. Gəlin başlayaq. Aytən Salami kimdir? Öncəliklə bizə tanıdın zəhmət olmasa.

 

-Salam, xoş gördük. Mən Aytən Salami. 1990-cı ildə anadan olmuşam. Bürcüm və yüksələnim qız, ay bürcüm oxatandır. Xarici dillər universitetinin İngilis dili müəlliməliyi fakultəsini bitirmiş, magistraturada Qafqaz universitetinin Amerikan və İngilis ədəbiyyatşünaslığı təhsilimi qırmızı diplomla bitirmişəm. Eyni zamanda magistratura oxuyarkən elə Qafqaz universitetində müəllimə kimi fəaliyyət göstərməyə başlamışam və 4il işimi davam etdirmişəm. Ailəliyəm, 3övladım var. Hazırda isə Astroloq kimi fəaliyyət göstərirəm.

 

-Astroloq olmağa necə qərar verdiniz? Nə sizi bu sahəyə çəkdi?

 

-Astroloq olmağa, əslində, pandemiya dövründə qərar verdim. Qapanışlar olanda özümlə bağlı həyatımda müəyyən suallar var idi ki, onlara cavab axtarırdım. Bu zaman mən astrologiya ilə tanış oldum. Türkiyədə olan astroloqlarla əlaqə saxlayıb doğum xəritəsi istədim. Onlar mənim bütün suallarımın, həyatda yaşadığım hər bir hadisənin səbəbini göstərdilər və mən artıq bu sahəyə dərin maraq göstərməyə başladım. İlk öncə təhsil almağa Türkiyədən başladım. Bu sahədə ilk təhsilimi Türkiyədə Astro-art məktəbindən aldım. Bununla yanaşı Oğuzhan Ceyhan- Karma astrologiyasında da təhsilimi yekunlaşdırıram. Eyni zamanda Amerikada Ketler kollecində də bu barədə ixtisaslaşmış dərslərə qatılıram. 

 

-Ümumiyyətlə astrologiya nədir? Tam olaraq nələri əhatə edir?

 

-Astrologiya planetlərin hərəkəti və bu hərəkətlər zamanı yaranan enerjilərin yer üzərində təsirlərini öyrənən elmdir. Astrologiya insanın doğum tarixi və doğum saatı əsasında çıxarılan xəritəsini təhlil edən və insan həyatında baş verən hər hansı hadisələri, onların gələcəkləri haqqında proqnozları, karyeraları, sağlamlığını, sevgi həyatlarını, xəstəliklərini, cəmiyyətdəki mövqelərini, bir sözlə, həyatımızın hər hissəsi barədə məlumat çatdırır.

 

-Bəs doğum xəritəsi nədir?

 

-Doğum xərirəsi doğum tarixi və saatı əsasında hazırlanan xəritədir. Həmin anda planetlərin hərəkəti əsasında bir növ bizim həyatımızı analiz etməmizə yardım edir. Doğum xəritəsi 12evdən ibarətdir və bu evlər həyatımızın hər sahəsindən xəbər verir. 

1-ci ev doğulduğumuz zaman, uşaqlığımız, xarici görünüşümüz, gələcək hədəflərimiz;

2-ci ev maddiyyatımız, əməklərimizin qazancı;

3-cü ev bizim kommunikasiyamız, ətrafla əlaqəmiz, yaxınlarımız;

4-cü ev bizim ailə köklərimiz, karmalarımız;

5-ci ev hobbilərimiz, uşaqlarımız, şanslarımız;

6-cı ev xəstəliyimiz, iş ortamımız;

7-ci ev bizim ortaq münasibətlərimiz və evlilik həyatımız;

8-ci ev bizim ölümümüz, başqalarından gələn maddi miraslar, mülklər və s.;

9-cu ev səyahətlərimiz, ali təhsilimiz, xaricilərlə olan əlaqələr, astrologiya ilə əlaqəmiz, səfərlərimiz, məhkəmə, din inanclarımız;

10-cu ev kariyeramız, cəmiyyətdəki statusumuz;

11-ci ev dostlarımız, sosial çevrəmiz, xəyallarımız;

12-ci ev isə qapalı alan sayılır. Yəni ana bətni də deyə bilərik. Görünməyən işlər, travmalar, düşüncələr, fobialar, xəstəxana, həbsxana və s. kimi sahələrdə izlər qoyur.

Evlərə düşən planetlərin də müxtəlif təsirləri olur.

 

-Bu sahəni seçmək sizin həyatınıza necə təsir göstərdi? Məsələn, proqnozları dəqiqləşdirərkən öz həyatınıza da toxunduğunuz anlarda nə hiss edirsiniz?

 

-Belə deyək, bu sahənin həyatıma təsiri olduqca böyük oldu, çünki artıq enerjilərin idarəsi əlimdə olmağa başladı. Baş verəcək hadisələri əvvəlcədən bilmiş oluram və həyatımı ona görə daha yaxşı tənzimləmiş oluram. Əgər həyatımı astrologiyadan öncə və sonra deyə iki hissəyə ayırmış olsam, əvvəlki seçimlərimdə bəlkə də daha çox səhv etmiş olaram deyə düşünürəm. Ancaq artıq xəritəmi analiz etdiyim üçün, enerjiləri artıq bildiyim üçün seçimlərimi idarə edə bilirəm. 

 

-Astrologiya ilə əlaqəsi varmı bunun, düzü, bir az müşkül məsələdir, amma yenə də soruşaq. Enerjiyə inanırsınız? Sizcə, həqiqətən hər şey kainata göndərilən enerjidən asılı ola bilər?

 

-Enerjilərə çox inanıram. Elə Astrologiya özü də planetlərin enerjilərinin təsirlərini öyrədir və öyrənir. Planetlər hərəkət edir, qarşılıqlı enerji halında olurlar. Və onların enerjilərinin məhz yer kürəsinə, insan həyatına təsirini öyrənirik biz bununla. Sözün belə təsir enerjisinə mən inanıram. Kainatda hər bir şey, insan belə enerjidən ibarətdir. 

Ancaq onu da qeyd edim ki, göydəki enerjilər heç vaxt dəyişmir. Bəli, insan müsbətə fokuslana bilər, amma bu bizim yaşayacağımız enerjiləri dəyişə bilməz. Sadəcə biz yaşanılacaqlar qarşısında pozitiv durmaqla onları daha asan qəbul etmiş oluruq. Onları dəyişə bilmərik. 

 

-Qarşıdan Novruz bayramı gəlir. Elə müsahibəmizi də bürc proqnozları ilə yekunlaşdıraq. Hansı bürcləri nə gözləyir? Önümüzdəki zamanın ən şanslı və ya ən şanssız bürcləri hansılardır?

 

-Belə başlayaq. Mart ayının sonunda- martın 25-ində tərəzi bürcünün 5°sində bir ay tutulması, aprel ayının 8-ində isə qoç burcunun 19°-sində bir günəş tutulması baş verəcək. Ay tutulması həyatımızda olan sonları, günəş tutulması isə başlanğıcları göstərir. Bu tutulmaların düşdüyü evin mövzularında sonlanmalar və yeni başlanğıclar müşahidə olunacaq. 2024-cü il əsasən qoć və tərəzi əksində baş tutan tutulmalar səbəbiylə insanların həyatında münasibətlərin tənzimlənməsi dövrüdür. Evliliklərdə, ikili münasibətlərdə, sevgi həyatında insanlar artıq özlərinə sual verəcəklər. Özlərində, fikirlərində qərar vermə aşamasında olacaqlar. Sećim mərhələsində olacaqlar. Artıq güzəştə getməyə davammı edim, yoxsa özümü düşünüm? Balans yaratmaq, ya özümü seçmək? Bu kimi suallarla qarşı-qarşıya qalacaqlar. Bu, ən çox qoç və tərəzi bürclərinə təsir edəcək. Qoç bürcləri daha şanslıdır. Onlar daha yenilikçi hadisələr yaşayacaqlar. 

Bundan başqa, 2024-cü ilin may ayının sonlarına qədər ən şanslı bürclər buğa və oğlaq bürcləridir. May ayından sonra isə Yupiterin əkizlər bürcünə keçməsi ilə bərabər əkizlər, dolça, tərəzi bürcləri ən şanslı bürclər içində olacaq. Eyni zamanda şir və oxatan bürcləri də şanslı bürclər sırasındadır. 2025-ci ilin may ayına qədər balıqlar və qız bürcləri həyatlarında müəyyən çətinliklərlə, dönüm nöqtələri ilə üzləşə bilərlər.

 

-Bu məlumatlar olduqca maraqlı idi, xüsusilə bir buğa bürcü kimi şanslı olacağımı öyrənmək məni sevindirdi. Təşəkkür edirik, vaxtınızı ayırdığınız üçün.  

 

-Mən təşəkkür edirəm. Diləyirəm ki, xoş bir söhbət oldu. Bütün oxuculara həyatlarında bol şans, uğurlar diləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, tanınmış şair Vaqif Bəhmənlinin şeirləri ilə tanışlıqdır.                                         

 

 

EYNİ MƏHƏBBƏTLƏ

 

Eyni məhəbbətlə çıxdım işığa,

qaraya sığındım eyni sevgiylə.

Eyni məhəbbətlə ağ dedim ağa,

qeyri mətləbləri almadım dilə,

közü ölü küldən çəkdim qırağa.

 

Ata yoox...

         yetimlik güc verdi mənə –

sığındım anamın kişiliyinə.

Soğan şirəsini sürtdüm sinəmə,

bükdüm dürməyimə keşniş iyini.

 

Tüpürdüm yalana səmimi-qəlbdən,

sarıldım doğruya qızıl ilantək.

İfalla yapışdım korun əlindən,

Xatalı keçiddən addatdım onu

dərsə apardığım körpə balamtək.

 

Eyni məhəbbətlə sevdim işığı,

zülmətdən yapışdım eyni eşq ilə.

Helləndim zirvədən üzüaşağı,

eşq ilə şığıdım yarğan müşkülə!

 

Düşmənə dost dedim, yada aşina,

eyni məhəbbətlə sevdim hamını.

Ayrılıq camını çəkdim başma,

sevdim bal şəhdini, zəhər tamını.

 

Nə fərqi, nur yağır,

                   ya qar ömrümə,

nə xeyrə vuruldum, nə bədi sevdim.

Yalan vədlər verib qaynar ömrümə

soyuq başdaşımı əbədi sevdim...

 

 

ALLAH, BAŞIMI QATMA

 

Sındırma boynumu, qaşımı çatma,

lütf elə, adınca bir əməl tutum.

Allah, qurban olum, başımı qatma,

elə eləmə ki, səni unudum.

 

İzninlə keçmişəm yolu qolboyun,

indi də sən mənim boynuma qol sal.

Elə bir hünərə yol aç,

                   qol qoyum...

Sən yerdən göyəcən məndən razı qal!

 

İkimiz bir yerdə bəsirət gözü,

Bir olsaq,

         yol çönməz darlığa tərəf.

Varlıqdan aldığım zərbəyə dözdüm,

yoxluqdan ucaldım varlığa tərəf!

 

Bilmirəm, gözündə azam, yoxsa çox;

tam yaşıl olmadım,  həm də solmadım.

Sayəndə...

         dostumun say-hesabı yox,

nədən sənə layiq bir dost olmadım?

 

O sənin əlində nədir ki? –

                             heç nə!

Niyə yaratmadın günahsız məni?

Qəvvastək daldırıb günah içinə

indi də qoyursan pənahsız məni?!

 

Yaxşı da dostumdu, pis də dostumdu;

Rəbbin bundan layiq seçimi yoxdu.

Sənə göz açandan seçimi pusdum –

İlahi seçimin biçimi yoxdu...

 

İlahi, qoymadın qarmaqlar atım –

qarmağa keçəni çəkim, dişimə.

Qoymadın oğluma qaqla yaradım,

qızlarım getmədi həkim işinə.

 

Aldım beca yerə o pak iyini,

kəsdi pak yolumu köhnəlmiş ətlər.

Ağzımda qurutdum tüpürcəyimi –

sudan quru çıxdı şeytansifətlər!

 

Bəlkə də... sərvətin sızıb altından,

bilmirəm sənə dost, yoxsa düşmənəm.

Bəlkə, sən ovçusan,

                   haqq sapandından

şeytana atılan axır daş mənəm?

 

 

AXIR-UXUR

 

Qarından çıxanda nə idim? – kürü;

Sanırdım mətləbə çatıram artıq.

Nəhrə baş vuranda üzməkdən ötrü

gördüm təpəm sudu,

                    batıram artıq.

 

Kimindən böyüyəm,  kimindən kiçik;

sərçə xatiratım dinsə də cik-cik...

Can nədi, qaşınır ruhumun içi –

dərdə mübtəlayam, qoturam artıq.

 

Mail gözlərimdə çəpəki maraq,

eyşi-işrətlərdən qurşandım yaraq...

Durultmur keyfimi zəhrimar araq,

badəmə zəncəfil qatıram artıq.

 

Bu necə dünyadı? –

                        balı şor kimi,

Hörümçək bürüyüb canı tor kimi.

Ötürəm yolumu baxar kor kimi –

namərd divarlardan tuturam artıq.

 

Vaqiflər mənsubdu ayrı bir tağa;

abıra, ismətə canım sadağa...

Hamı oyananda girib yatağa,

hamı gəzişəndə yatıram artıq!

 

 

TƏQDİMAT

 

Deyimmi mən kiməm, –

                      bulud təkinə

qalxıb səyahətə çıxan adamam.

Dağ təki təpilib Yerin tərkinə,

su kimi

           dörd yana axan adamam...

 

Boğazı bağlayıb bəxtin ipinə,

üzüb axar boyu kəsə, çəpinə,

Çöküb səsdə-küydə səbrin dibinə,

sükutda şimşəktək çaxan adamam.

 

Heç sorma bu xislət nədəndi, nədən? –

Nədən ki, Həvvadan doğulmuşam mən!

Bəlkə, buna görə cin adam, zatən,

Yalquzaq, goreşən, xoxan adamam?!

 

Həm də ki tum salıb törəyən kəsəm,

sonra toxum-toxum çürüyən kəsəm,

Başını torpağa bürüyən kəsəm,

boyu qara yerə soxan adamam!

 

Mən yoxam, o yerdə həqiqət yoxsa,

Qoy yarsın köksümü, ədalət oxsa!

Şeytanla həmrəyəm, dediyi haqsa –

çox da ki, Allahdan qorxan adamam.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Yeni SEVDİYİN ŞEİRİ GƏL MƏNƏ SÖYLƏ rubrikasında bu gün qonağımız sevilən şair Əkbər Qoşalıdır. 

 

-Salam, dəyərli Əkbər bəy, xoş gördük Sizi!

Məlumdur ki, şairlərin şeirlərə sevgisi bitməz və tükənməzdir.

Siz, şairlər söz və cümlələrdən qurulmuş o sehrli aləm ilə bizləri də ovsunlamaq gücündəsiniz.

Sizin sevdiyiniz şeirlərin çox olduğu aydındır və bundan sonra da mütaliə zamanı hələ neçə şeirləri sevəcəksiniz.

Amma elə bu an üçün Əkbər Qoşalıya "SEVDİYİN ŞEİRİ GƏL MƏNƏ SÖYLƏ" desək, o bizə hansı şeiri söyləyər?

 

- “Ən çox sevdiyiniz şeir?” sualına həmişə eyni cavab vermək düzgündürmü? - Məncə, yox. Örnəyi, bax, bu şeiri mən ilk dəfədir “Ən çox sevdiyim şeir” olaraq sunuram. Öncəkilər də çox sevdiyim olub, sabah-birisi gün daha yeni sevdiyim şeirlər ola bilər… Belə suallara cavab ovqata bağlı olaraq verilir. 

Bir də, şeirin ülkü yükümlülüyü, ismarıcı önəmlidir mənimçün. 

Yəni, yalnız poetikası yaxud estetikası fərqləndirməz şeiri; 

yalnız şairin yaradıcılığına özəl sayğıduyarlıq da işin tamı deyil, məncə. Gərək anlam dərinliyi ilə üfüqötəsinə canatım ən gözəl şəkildə uyum içində olsun… “İlhamım” kimi… 

Yoxsa, Məmməd Araz demişkən, 

“Sən kimə gərəksən,

Mən kimə gərək”?!

 

MƏMMƏD ARAZ

“İLHAMIM”

(Xudu Məmmədova)

 

Yenə dağ döşündə dənərləndi qar,

Yenə zirvələrin həsrətində qal,

Sel qopdu, dərəyə düşdü qalmaqal...

Bir ocaq başında bir isinməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Şimşək yelkəninə qoşulu anlar,

Göy bizi yamanlar, yer bizi danlar.

Görüm ayılmaya gec ayılanlar...

Dolular qırımlı, daşlar döyənək...

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Bax donqar dəvənin səbət yükünə,

Bənzəyir içi boş şöhrət yükünə.

Ömür karvanının sənət yükünə

Bir-iki qeyrətli söz yükləməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Tarix qayalarda yazı qalırmı?

Çoxu çoxdan itib, azı qalırmı?

Dağ öz duruşundan razı qalırmı?

Yalan-yarğanlara nağıl söyləsək,

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Bu dağlar qardaşım, bu çaylar bacım,

Özündən gəlməyən özündən qaçır.

Zaman qapımızda əlində qayçı...

Hər adi ölçüyə, ülgüyə gəlsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Keçək dərələrin boğanağından,

Keçək dolayların doğanağından,

Günəşin zirvədə doğan anından

Nur alıb, bu yurda səpələməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Uzun illər idi ki, kinomuzda ikitirəlik var idi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar  İttifaqı ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Birinə Xalq artisti Şəfiqə Məmmədovanın, digərinə Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi bu iki qurum arasında əməkdaşlıqdan, sağlam rəqabətdən söhbət belə gedə bilməzdi. Onların münasibətini kino cameəsində sadəcə konfrontasiya adlandırırdılar. 

Bu qurumlarda təmsil edilən kino xadimləri də sanki iki cəbhəyə bölüşüb bir-birini aşağılamaqla məşğul idilər. 

Təsadüfi deyil ki, xəstə halında olan Azərbaycan kinosunu sağaltmaq işinə

start vermək yeni təyin olunmuş mədəniyyət naziri Adil Kərimlinin ilk işlərindən biri oldu. 

Bu iki qurumun birləşdirilməsi məsələsi de-yure xeyli öncəki günlərdə gündəmə gəlsə də de-fakto yalnız yola saldığımız həftədə - daha dəqiqi, martın 6-da gerçəkləşibdir, birləşdikdən sonra qurum Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılıb.

Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri isə Xalq artisti Rasim Balayev seçilib. 

Bu qərar Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqının rəsmən Azərbaycan Kinematoqrafçılar İttifaqı adı altında birləşdiyini təsdiq edən ümumi yığıncaqda qərara alınıb. 

İdarə heyətinin tərkibində Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla, 30-dan çox şəxsin adı təsdiqlənib.

Bundan sonra isə səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib. 

Onu da qeyd edək ki, iki kino xadimləri ittifaqının birləşməsinin əleyhinə cəmi bir nəfər səs verib - tanınmış rejissor, Xalq artisti Oqtay Mir Qasımov.

Oqtay Mir Qasımov deyib: “Bu birləşmə dağıdıcı proses ola bilər. Burada bizim sədrimiz və idarə heyətimiz oturub. Yuxarı orqanlara müraciət etmişik ki, səsvermə şəraiti bərabər deyil. Biz istədik ki, Azərbaycan mentallığı ilə səsləşən bir səsvermə aparaq”, - deyə Oqtay Mirqasımov bildirib. Bu zaman qalmaqal yaşanıb, belə ki, qurumun üzvlərindən biri Xalq artistinin fikirlərinə müdaxilə edib. Oqtay Mirqasımov isə “sən mənim sözümü niyə kəsirsən?” deyərək, sərt etirazını bildirib. 

Oqtay Mirqasımova idarə heyətində təmsil olunması təklif edilsə də, o, razılaşmayıb. 
“Nə Azərbaycan Kinematoqrafçılar İttifaqını, nə onun qurultayını, nə də yeni rəhbərliyi qəbul etmirəm”. Bunu isə “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib. Aktyor Rusiya Kinematoqrafçılar İttifaqının üzvü olduğunu qeyd edib: “Rasim Balayevi sədr kimi qəbul etmirəm. Nə qədər ki, Rasim Balayev həmin ittifaqdadır, mən orada yoxam”.
Tariyel Qasımov Xalq artisti Rasim Balayevin bundan əvvəlki illərdə ittifaqa rəhbərliyini belə qiymətləndirib: “Rasim Balayev ittifaq sədri oldu, həmin illərdə nə iş görmüşdü ki, hələ bir yenidən də seçsinlər. Mən onların vəsiqəsini atmışam, nəyimə lazımdır. Əgər onu qəbul etmirəmsə, vəsiqəsini niyə gəzdirim. Açığı, mən Şəfiqə Məmmədovanın da ittifaqını qəbul etməmişəm. Onların heç biri sədr postuna layiq deyil”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti təsdiq edilərkən Şeyx Əbdül Mahmudovun adı da idarə heyəti üçün təklif edilib. Lakin o özü bundan imtina edib. “Belə idarə heyəti heç kimə lazım deyil. Hər kəsə uğurlar arzulayıram. Könüllü surətdə üzvlükdən imtina edirəm”, - deyə Şeyx Əbdül Mahmudov bildirib. 
Rejissor Zamin Məmmədov isə idarə heyəti seçkisindən narazı olduğunu deyərək, ümumiyyətlə, üzvlükdən çıxdığını bəyan edib.
Xalq artisti Afaq Bəşirqızı narazılığının başqa səmtə olmasını dilə gətirərək “Yeni Müsavat”a açıqlamasında deyib: 
“Ümumiyyətlə, kinomuzun gələcəyi ilə bağlı hələ ki heç nə görmürəm. Bu sistem yenidən qurulmalıdır. Amma yenidən qurulma da o demək deyil ki, Rasim Balayevi çıxardıb, yerinə Vaqif Mustafayevi və yaxud Afaq Bəşirqızını qoysunlar. Azərbaycan kinosunun konsepsiyası olmalıdır. Ayıbdır! Müharibəni bitirdik, qələbə qazandıq, hələ də Qarabağ haqqında film yoxdur. Yalnız "Fəryad" filmi var. Bir də ki, nə zaman sənətkarlar, incəsənət xadimləri bir masaya toplandı? Şəxsən məni həmin konfransa dəvət etməmişdilər, dəvətnamə gəlməmişdi. Çünki bilirlər ki, qalxıb danışacaqdım, ona görə..."

Rasim Balayev özü isə bütün bu etirazlarla bağlı “Yeni Müsavat”a açıqlamasında münasibət bildirib: “Əgər kino çəkilərsə, həmin sənətkarların başı kinoya, işə qarışar. Bütün bunlar bekarçılıqdandır. İş olmayanda biri o birisinə sataşır, digəri o birinə söz atır və sairə. İş olan yerdə söz-söhbət də az olur”.

Bax belə. Hər halda biz bu birləşməni alqışlayır, yeni quruma uğurlar arzulayırıq.

Azərbaycanın kino industriyasında həqiqətən bir canlanma var, gündəmdə tez-tez kino xəbərlərinin yer alması ölü sükutun tam pozulmasına dəlalət edir. 

Kinomuzun gələcəyinin parlaq olacağına inamımız böyükdür. Belə ki, Azərbaycan Respublikası Kino Agentliyinin yarandığı qısa müddətdə gördüyü işlər bu cür düşünməyimizə tam əsas verir.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Tezliklə yazıçı Varisin 2 bestsellerinin -“Əzilmiş fotəşəkillər”in və “Son məktub”un 4-cü təkrar nəşrləri “XAN” nəşriyyatının yeni tərtibatında və yeni redaktədə işıq üzü görəcəkdir. Kitablar artıq çap mərhələsindədir. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “XAN” nəşriyyatının direktoru Səbuhi Şahmursoy məlumat vermişdir.

Məlumata görə, bu romanlar nəşriyyatın yazıçı ilə bağladığı 10 illik müqavilə çərçivəsində işıq üzü görür, üzümüzə gələn ay bu müqavilə əsasında yazıçının daha 2 bestselleri - “Yaşıl üzlü gündəlik” və “Yolayrıcında azıb qalanlar” işıq üzü görəcək. 

Xatırladaq ki, son illər 2013-2016-cı illərdə yazılmış bu romanların pirat nüsxələrinin çap edilərək kitab bazarını doldurması səbəbindən onların orijinal nüsxələrini çap etmək mümkün olmurdu. Yazıçının “XAN” nəşriyyatı ilə bağladığı müqaviləsi həm də, yazıçının öz sosial şəbəkə hesabında paylaşdığına görə, “piratçılıqla sivil mübarizənin başlanğıcıdır”.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün tanınmış şair, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri, Türk Edebiyyatı Vakfının Fəxri üzvü İbrahim İlyaslının 61 yaşı tamam oldu. İbrahim İlyaslının poeziyası əsl vətəndaş poeziyasıdır, dərin və düşündürücüdür. 

 

Gəl sənə bir yalan uydurum, könül,

Adına aldanıb yaşa da, getsin.

Ən böyük yalanmış doğru deyilən,

Doğruçu olmağı boşla da getsin.

 

Dosta yalan danış, yara yalan de,

Dağa dərə söylə, quşa ilan de.

Baxıb olmazlara: budu olan, - de,

Oxunu daşlara tuşla da, getsin.

 

Təpil yarğanlara, çəkil çallara...

Boylan məzə kimi qeylü-qallara.

Çürük matahını bürü şallara,

Bəh-bəhnən alınsın, xoşa da getsin.

 

Nə gözəl toxunub fələyin toru? -

Adam özü qaçır ağzına doğru.

İçində quldurdu, çölündə oğru,

İçini-çölünü xışla da getsin.

 

Ömür deyiləni qılıqla, yanla,

Fanidə oyun qur cisimlə, canla.

Bir zaman qapına gerçək yalanla

Qoşamı gəlmişdi? - Qoşa da getsin!

 

Bəli, belə deyir İbrahim İlyaslı. 

Şairin bioqtafiyasına nəzər yetirəndə görürük ki, o, 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.

Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr seçilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ildə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı 1998-ci ildə çap olunub. “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı 2011-ci ildə, “Şair olmaq zülümdü” adlı dördüncü şeirlər kitabı isə 2018-ci ildə nəşr edilib. 2020-ci ildə tərcümələrdən ibarət “Qırmızı almadan Qızıl almaya” kitabı nəşr edilib.

Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Bilgələr Gənəsi”nin qərarı ilə Türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi “San Yarlığı” ödülünə layiq görülüb. 2018-ci ildə isə ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə “Mahmud Kaşqari Medalı” ilə təltif edilib.

2019-cu ildə “Şair olmaq zülümdü” adlı şeirlər kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl Kəlmə” mükafatına layiq görülüb.

2019-cu ildə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi “Şahmar Əkbərzadə mükafatı”nın laureatı olub.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Şeirləri Türkiyədə, Rusiyada, Özbəkistanda(2016) və Qazaxstanda(2018) nəşr olunmuş “Çağdaş Azərbaycan poeziyası” antologiyalarına daxil edilib.

2000-ci ildən eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğuldur. Türkiyə türkcəsindən bir çox kitabları Azərbaycan türkcəsinə uyğulayıb. Rus, fransız, qazax, qırğız, özbək şair və nasirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Ailəlidir. İki qız övladı var.

 

İbrahim İlyaslı həm də “Qazax” Xeyriyyə İctimai Birliyinin fəal üzvüdür. Elə ilk ad günü təbrikini də şairə üzvü olduğu bu cəmiyyət ünvanlayıb. 

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları şair İbrahim İlyaslını ad günü münasibətilə ürəkdən təbrik edərək, ona uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyiblər. 

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Tanrı  dünyanı var edir, şairlərsə sözdən söz yoğurur. Demək ikisi də yaradıcıdı. İkisi də ali mərtəbədədi. Hər əlinə qələm alan da şair olmur ha. Tanrının diktəsilə yazanlardı əsl şairlər. Tanrı  nəfəsi toxunmayan sözdən söz olmaz. Hər yetən qapını da çalmaz söz. Şairlər söz-söz yaxınlaşır  dünyaya, ovudur, sığal çəkir, məlhəm olur, sarıyır. Söz açan qapını dünyanın ən böyük fatehləri açıb girə bilməz. Sözdəki qüdrəti görürsünüzmü?

 

Bu gün də  sözdən söz yoğuran, sözüylə sığal çəkən, ovudan, sarıyan şairlərdən biri- şair İbrahim İlyaslının günüdü. Sülh şairi, barış şairi, gözəllik, sevgi aşiqi, Vətən , bütöv Azərbaycan sevdalısı İbrahim İlyaslının dünyaya göz açdığı gündü. 

Yaşının hansı çağıdır, deyə bilmərəm. Ruhununsa bahar çağıdı. Bax bunu əminliklə deyirəm. Şeirləri elçiyə dönən, ocaq-ocaq gəzən, ev -ev, könül -könül dolaşan şairin yaşının üstünə bir yaş da gəlir bu gün .  Sözününsə bir az da müdrikləşən, bir az da cilalanan çağıdı. Tanıyanlar bilir ki, mübaliğəni, yalançı tərifi, boğazdan yuxarı  danışmağı sevmirəm. Sevdiklərimi məqsədsiz və təmənnasız sevirəm. Elə sevgilərin ən alisi də bu deyilmi? 

İbrahim İlyaslının imzasını çoxdan tanısam  da özüylə dostluğumun yaşı elə də çox deyil. Amma mənə elə gəlir ki, onu min ildi tanıyıram. Min il yol getmişəm sanki şairlə. Sözünə,  ərliyinə, dostluğuna güvənib deyirəm bunu. Bir -birimizlə söz ərkimiz  ,  könül dostluğumuz var. Adamı incitməz. Sözünün havası uzaqdan vurar adamı. Könlündən keçəni şeirlə deyər. Qırmadan, üsulluca. Yorulduğunu hiss etdirməz. Heç küskünlüyünü də. Anlayan anlayar ancaq. Anlayançun ürəyinin qapıları taybatay açıqdı. 

Tərifi sevməz. Bir məsum, körpə utancaqlığı var. Sözünü urvatdan salmaz. Hansı sözü  harda  danışmaq  lazım olduğunu  gözəl  bilir. Öz çəkisindədi, söz çəkisindədi həmişə. Könlüncə olmayan heç nəyi alqışlamaz. Sözü kimi dostluğu da möhkəmdi. Boynuna düşən hər işi layiqincə yerinı yetirər. Yorulsa da, usansa da edər. Sözünün yükünü hər yetən çəkməz həm də. Səbri  özündən  böyükdü. Elə sevgisi də. 

İşıqlıdı yazdıqları. Odu uzaqdan vurar adamı. Qaranlığı sevməz İbrahim İlyaslı. Sözlə dolaşar, sözlə gəzər. Şeir yazanda xoşbəxt olar bircə. Yükü azalar sanki. Mən belə tanıyıram onu. 

 

      Mən sevə bilirəm ancaq,

      Sevilmək? - o mənlik deyil 

-deyən şairin sevənləri o bildiyindən də çoxdu. Sevilən şair olmağın özü böyük xoşbəxtlikdi. Bir də şairin məniylə istedadı üst-üstə düşəndə bir özgə aləm olur. Bu baxımdan İbrahim İlyaslı xoşbəxt yazardı. Özünə və sözünə hörmət edəndi. Heç kimdən heç nə ummaz, bircə sözündən savayı.  Cild-cild əsərlərin arxasında gizlətməz adamlığını. Bircə misrasından  tanıyarsan onu. Həm də çox həssasdı. Səsindən tutar nə demək istədiyini. Kədərini, dərdini (Tanrı dərd verməsin), ağrısını da sevdirər. Dərdi sevə-sevə çəkən şairdi axı.  Oxucunu ram edən qələmi var.  Bir də bilirəm ki,  onunçun özəl günündə sözdən gözəl təbrik ola bilməz. O söz də ki, dost payı ola, içdən gələ. O sözə ki, ürək qoyasan, onu kim sevməz? 

Bilirəm ki, bu yazını da oxuyub kövrələcək. Söz-söz, sətir -sətir, misra-misra  kövrələcək.  Bəlkə təzə şeir də doğulacaq bu yazının eşqinə. Gecənin qaranlığına işıq tutan şeir, həm də. Özü də şairin ürəyi  boyda. Bilirəm. Amma kövrəldiyini heç kim bilməyəcək. Bircə ərk yeri, görk yeri Tanrısından savayı. 

Yaşının üstə yaş gəlsə də, həsrətin bir buğda boy atsa da yenə də yaşamağa dəyər, şair. Bir daha günün mübarək. Allah ömrünə bərəkət versin. Özünün və sözünün varlığına şükür, İbrahim İlyaslı.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən

Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.

Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,

Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!

Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,

Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.

O bir mələk… onu təqdis edər böyük yaradan.

O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət:

Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

(Hüseyin Cavid)

 

Tarix boyu və elə indinin bu günündə də, hər zaman aktual mövzulardan biri qadın olub həmişə.

Çox müzakirə olunub, çox fikirlər söylənilib qadın haqqında.

Yaxşı kimdir bəs bu qadın?! 

 

Kiminə görə nökərdir qadın, kiminə görə evin xanımı. 

 

(Bir sivilizasiyanın səviyyəsini ölçmək istəsəniz, dərhal qadının həyat şərtlərinə baxın.

Stuart Mill) 

 

(Qadına davranış bir cəmiyyətin mədəniyyət səviyyəsinin ölçüsüdür. Cəmiyyətlər inkişaf etdikcə qadına şiddət azalar, ibtidailəşdikcə artar. Həmişə doğru olan bir ölçüdür bu.

Bizi Sürükleyen Nehir - Zülfü Livaneli) 

 

Kiminə görə sadəcə gözəllikdir, həzzdir qadın, kiminə görə isə dəyərdir, dəyərlidir, alidir, ülvidir, təqdisdir qadın. 

 

(Qadın bilməyənə nəfs, bilənə nəfəsdir.

Şəmsi Təbrizi) 

 

Kiminə görə zəifdir qadın, kiminə görə zərif. 

 

(Kişilər elmi, qadınlar poeziyanı xatırladır. 

Əbu Turxan) 

 

(" Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an qırıla bilər."

Migel de Servantes) 

 

Kiminə görə şeytandır, kiminə görə mələkdir qadın 

 

(Qadından mələklik gözləyirsənsə, Ona cənnətini sunmalısan . 

Can Yücəl) 

 

Bir müdriki demişkən:

Özünü ayaq hesab edən üçün çarıq, baş hesab edən üçün tacdır qadın. 

 

Anadır, nənədir, bacıdır, həyat yoldaşıdır, sevgilidir, yardır, övladdır qadın.

Uşaqlaşsan qucağı isti anadır,  xəstələnsən başında gözləyən təbibdir, dərdli olsan, aşiq olsan həbibdir qadın. 

 

(Qadın ərinin,cavanlıqda sevgilisi, yetkin çağda yoldaşı, qocalıqda da xəstə baxıcısıdır. 

Bacona) 

 

Qayğıdır, nəvazişdir, təmiz ütülü paltar, isti yemək, soyuq evi isti yuva edən doğma, isti bir əl, isti bir nəfəsdir qadın. 

 

("Qadının həyatı sevgi, duyğu və fədakarlıqdan yoğrulub."

Onore de Balzak) 

 

Ruhunda misilsiz bir güc və qüdrət, qəlbində sonsuz məhfum və duyğular, bətnində yeni bir həyat, atdlğı addımlarda cənnət daşıyandır qadın.

Sevgidir, qayğıdır, nəvazişdir, fədakarlıqdır, ismətdir, həyadır, nazdır, işvədir qadın.

Heç vaxt tam dərk olunmaz, tam anlaşılmazdır, sirdir, sirlidir, eynən təbiət kimidir qadın.

Bəzən uşaq, bəzən gənc, bəzən yaşlı, bəzən çılğın bəzən ağır başlı. 

Bəzən fırtınadır o, bəzən də bir göy qurşağı, 

Bəzən tər qönçə,  bəzən boynu bükük, solğun çiçəkdir qadın

Bəzən acıdır, zəhərdir, bəzən şiriindir, şərbətdir,  baldır qadın.

Bəs bu dünyaya hardan gəlib bu müəmmalı qadın?

Bir rəvayətə görə Allah Adəmi yaradarkən sonda bir ovuc torpaq artıq qalır.. 

Allah Adəmdən soruşur ki:

- Onunla sənə nə düzəldim ?

Adəm: "Xoşbəxtlik"-, deyə cavab verir, və Allah Həvvanı yəni qadını yaradır.

Rəvayətlər çoxdur, amma hanının məğzi eynidir əslində. Məğz odur ki, qadın kişini tamamlayandır. 

 

(Kişi də, qadın da   tək qanadla yaranır. Pərvazlanıb uçmaq üçün   qanadların qoşalaşması lazımdır.   

Əbu Turxan) 

 

Bir zamanlar qız uşaqlarını diri-diri torpağa gömən cahillər anlamırdılar ki, qadınsız varoluşu davam etdirmək olmaz.

Qadını hər zaman ikinci dərəcəli insan kimi görənlər anlamırlar ki, nə kişisiz nə də qadınsız bir həyat, bir cəmiyyət mümkün deyil.

Sadəcə kişilərdən, və ya sadəcə qadınlardan ibarət bir həyat təsəvvüredilməzdir. 

 

(Qadınlarda faciəvi olan şey, nə onlarla nə də onlarsız yaşana bilməsidir. 

Byron) 

 

Həyatdır, xoşbəxtlikdir, məhəbbətdir, əmanətdir qadın.

Bir kişi hər şeyə qalib gəlib bir qadına uduzar bəzən.

Və bu anda kişinin ən gözəl məğlubiyyətidir qadın.

Bəzən zəifdir qadın, bədəni kişinin biləyinin qarşısında zəifdir, amma ruhu kişinin ruhundan da biləyindən də daha güclüdür.

Kişiyə arxadır, dayaqdır qadın. 

 

(Qadınlat kişilərdən daha çox hikmət sahibidirlər,daha az bilər,daha çox anlarlar. 

J. Duhamel) 

 

(Hər uğurlu kişinin arxasında bir qadın, Hər 'başağrılı' bir qadının arxasında qətiliklə bir kişi vardır. 

Can Dündar)

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2024)

Friday, 08 March 2024 12:00

Nəriman Həsənzadənin “Qadın”ı

 

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Nə yazım bilmədim. Əslində, çox şey yazardım, amma beynim yorulduğu üçün sözlər bir-birinə qarışıb. Mən susuram, bu şeir danışsın. Bütün qadınlar bir gün deyil, hər gün özəldir.

 

Pəncərəm önündə sular çağlayır,

Xal düşür gecənin aydınlığına.

Qollarım üstündə bir qız ağlayır,

İnana bilməyir qadınlığına.

Başının örpəyi yana sürüşüb,

İçməyib, məst olub.........

Səbəbi nəydi?

Yerin çəkisizlik qütbünə düşüb,

Bu qütbü nə vaxtsa o keçməliydi.

 

Özü gözlədiyi bir gün gəlibdi,

İndi soruşmayın, heç bilməyir o.

Qadınlıq qızlığa üstün gəlibdi,

Ağlaya-ağlaya gülümsəyir o.

Açıb gözlərini indi qalxacaq,

 

Tanımır özünü şirin röyada.

Qızlar nə deyəcək, bilmirəm, ancaq

Mübarək!

Bir qadın artdı dünyada.

Bir kişi qayğısı artdı,

Mübarək!

 

Bu gecə hər qəlbə nur ələnibdi.

Nəqədər qadın var, o qədər demək

Dünyaya qayğılar səpələnibdi.

Azalır o bəzən,artır o bəzən

Sınanır varlığı, yoxluğu üçün.

Bəlkə mən, sevirəm dünyanı qəlbən,

Qadın təbiətli olduğu üçün.

Bəzən bir eyhamla , ya baxış ilə

Nə qədər istəsən söz demək olur.

Yalnız bir qadının təbəssümüylə

Yüz ağlayan olsa,kiritmək olur.

 

Köksündə gizlicə sevən ürəyi

Gözündə həmişə məlum olubdu.

Kişilər önündə cəbrlə deyil,

Qadınlar xahişlə məğlub olubdu.

O ən müqəddəsdi, ən mədənidi,

Bəşər nəslimizə o həyat verir.

Qadının sərvəti- öz bədənidi,

Onu da kişiyə mükafat verir.

Qollarım üstündə bir göz yaşını

Bir qərib gülüşü öpürəm hələ.

Özü qız saçını, qadın saçını

Üzümə dağıdır öz əllərilə...

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2024)

Friday, 08 March 2024 11:00

Bəzən inadkar, bəzən kövrək…

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Günəşdən tez oyanıb küçələri təmizləyən, məktəbə şagirlərinin, xəstəxanaya pasiyentlərinin yanına tələsən, özü yarım stəkan çay içmədiyi halda övladları üçün səhər tezdən süfrə quran, yeri gəlsə pilot, sürücü, aşpaz, təmizlik işçisi, memar, məmur kimi işində peşəkar, yeri gələndə də ana, bacı, övlad kimi şəfqətli, bəzən inadkar və qatı, bəzən isə kövrək və yumşaqqəlbli, müasir sivilizasiyanın təməl sütunları olan, daim yeniliyə, zəhmətə can atan, təhsilə, mədəniyyətə önəm verən, insanlar arasında din, dil, irq fərqi qoymadan, eyni sevgi və qayğıkeşliklə yanaşa bilən, hər zaman övladlarına örnək, ailəsinə dəstək olan, namusunu, əxlaqını insanların dilinə saqqız etməyən, lazım gələndə sözünü deyib öz ayaqları üstə dimdik duran bütün qadınların bayramı mübarək olsun!

                                                                 

P.S.Əziz oxucularım, bir az qısa yazmış olsam da bu yazı mənim üçün çox dəyərlidir, çünki keçən il tədbir aparıcısı idim, Heydər Əliyev Mərkəzində və tədbirin qonaqlarından biri də anam idi, ən sonda  final çıxışımı plansız etdim və bu sözləri anamın gözünün içinə baxıb dedim, cümlələrimi bitirəndə isə anamın dolu gözləri özümün titrəyən səsi və ətrafımdakı bütün qadınların dolu-dolu gözlərlə qürurla alqışlaması məni çox təsirləndirmişdi…

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.