Super User
Günel Anarqızı: “Atamla mənim oxşar cəhətlərimiz çoxdur…”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün sizə bir məşhurun qızından söhbət açmaq istəyirəm. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ali təhsilə yiyələnib. 2002-ci ildə mtbuatda jurnalist kimi fəaliyyətə başlayıb. Bir müddət sonra "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olub. 2018-ci ildən isə Bakı Kitab Mərkəzinin direktorudur. Həm də yazıçıdır və bir neçə kitabın müəllifidir. Yazıçı olmaqla yanaşı, o, eyni zamanda gözəl publisistdir. Xeyli müsahibə və məqalələri var...
Deyir ki,- “Bəli, hər bir qələm sahibi ilk növbədə insandır. O da musiqidən, kinodan, kitabdan təsirlənə bilir. Əgər robot olsaydı, deyə bilərdim ki, qələm adamı heç nədən təsirlənmir, bu hiss ona yaddır. Əlbəttə ki, mən də bütün bunlardan təsirlənmişəm. Qəribədir, atamla mənim oxşar cəhətlərimiz çoxdur. Yəqin ki, hər ikimiz də ədəbiyyatçı ailəsində doğulmuşuq, ondandır. Bizim tərbiyəmizdə, formalaşmağımızda kitabların rolu danılmazdır. Ancaq bu, o demək deyil ki, yalnız hansısa əsərdən təsirlənib yazıram. Əgər insanda istedad varsa, bu, mütləq üzə çıxacaq. Əgər atam yalnız kiminsə əsərindən təsirlənib yazsaydı, o, heç vaxt Xalq yazıçısı olmazdı. Hətta mən atamın əsərlərinin oxucusu olsam da, ondan təsirlənməmişəm. Tənqidçilər də deyir ki, biz tamamilə müxtəlif üslublarda yazırıq. Doğrudur, “Altıncı” povestim var ki, onu atamın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərinin davamı hesab edirəm, amma əslində üslubumuz çox fərqlənir. Çalışmışam ki, bu povestdə obrazlar da, üslub da olduğu kimi qalsın. Bunlar hamısı olan şeylərdir. Dünya da bunu qəbul edir. Ancaq, əgər sən kiminsə əsərini götürüb mənimsəsən, bu artıq plagiat olar. Mənim vicdanım heç vaxt buna yol verməz...”.
Əla! Düz tapdınız, söhbətimin qəhrəmanı Günel Anarqızıdır. 1972-ci ildə Bakıda dünyaya gəlib. Ağlı kəsəndən, evdə yüzlərlə kitab görüb. Əvvəlcə onları vərəqləyib şəkillərinə tamaşa etsə də, əlifbanı öyrənəndən sonra oxumağa başlayıb. Beləcə, oxuya-oxuya böyüyüb, böyüyə-böyüyə də oxuyub...
“Bizim ailə haqsız tənqidlərə çox məruz qalıb, artıq vərdiş etmişik. Babamdan tutmuş mənədək hamımız zaman-zaman bu “tənqidlərin” mərkəzində olmuşuq. Mənim demək istədiyim başqadır. Həm Yazıçılar Birliyinin üzvü kimi, həm də yazıçı kimi deyə bilərəm ki, Anarın xalqı qarşısında həm yazıçı, həm də ictimai xadim kimi xidmətləri danılmazdır. Bunu atam olduğu üçün demirəm. Həqiqəti belə düşündüyüm üçün deyirəm. Tənqidlər onsuz da həmişə olur. Bir də ki, tənqid edən adamın gərək özü də ortaya nəsə qoysun və kimisə tənqid etməyə haqqı çatsın. Özündən qat-qat böyük olan, millətə daha çox xidmət etmiş adamı tənqid etməyin də bir səviyyəsi olmalıdır. Səviyyəsizin, özünün heç bir xidməti olmayan adamın durub nəsə deməyi çox gülməli görünür”, - söyləyir.
Kübar xanımdır. Bu ona daşıdığı gendən bir ərmağandır. Elə düşünməyin ki, qazandığı uğurlarda atasının əməyi var, əsla. Bütün nailiyyətlərə öz istedadı, işgüzarlığı ilə nail olub. Çox mədəni və intizamlıdır. Əgər yazıçılıq istedadı ona atasından ötürülübsə, bu xüsusiyyətləri isə anası, akademik Zemfira Səfərova ona aşılayıb...
Deyir ki,- “Hazırda rəhbərlik etdiyim Bakı Kitab Mərkəzinin yaranma ideyasını Heydər Əliyev Fondu irəli sürüb. Əslində, Fondun rəhbəri Mehriban xanım Əliyevanın ideyası idi. Kitab mərkəzinin yaranması zərurətdən doğan bir təşəbbüsdür. Bilirsiniz ki, son zamanlar mütaliəyə maraq azalıb, bu haqda dəfələrlə danışmışıq, ədəbiyyatçılar, yazıçılar narahatlığını bildiriblər. Hazırda Azərbaycanda və paytaxtda bir çox kitab dükanları və şəbəkələri fəaliyyət göstərsə də, belə bir mərkəzin yaranması vacib idi. Buna görə də, təşəbbüs irəli sürüldüyü gündən bu istiqamətdə işlər tükənmədən irəliləyirdi. Qısa müddət ərzində Bakının mərkəzində, gözəl guşədə, ən çox ziyarət olunan yerlərin birində belə bir mərkəz inşa edildi. Onu da qeyd edim ki, əslində Mehriban xanım qədim binaların mühafizəsi, onların görünüşü ilə bağlı çox diqqətlidir və buna çox önəm verir. Deyir ki, memarlıq abidələri bizim tariximizdir...”.
Erkən gəncliyində ailə həyatı qurduğu üçün, ona nənə olmaq sevincini yaşamaq orta yaşlarından nəsib olub. İki qızı, bir neçə nəvəsi var. İşləri nə qədər çox olsa da, övladlarına qulluq etməyi çox sevir...
“Sözsüz ki, mənim dincəldiyim yer evimdir. Evimi istədiyim kimi qurmuşam, ona görə də burada rahatlıq tapıram. Yay aylarında bağa köçəndə, əlbəttə, orada da dincəlirəm, amma yenə də şəhər evimi daha çox istəyirəm və buraya hər zaman tələsirəm. Qəribə səslənsə də evdə olan vaxtımın çox hissəsini mətbəxdə keçirirəm. Ona görə yox ki, biş-düşlə məşğulam. Səbəbi odur ki, mətbəx mənə daha rahatdır. Mətbəxdə yığcam bir televizorum var, səhərlər ona baxıram. Evdəkilər narahat olmasınlar deyə qapını bağlayıram və səhər saatlarını orada keçirirəm. Adətən hamıdan tez oyanıram, ətirli çay dəmləyib onun keyfini yaşayıram. Qonaq otağında isə axşam vaxtı daha çox oluram, evimə gələnləri orada qarşılayıram. Uşaqlarım bişirdiyim yeməkləri çox sevir, məndən bəzən xüsusi bir şey hazırlamağı xahiş edirlər. Bir müddət əvvəl nəvəmin ad günü idi. Qızım istədi ki, nəvəmin ad gününə şah plovu bişirim. İnandırım sizi, hələ belə sürətlə yemək bişirməmişdim. Çünki hərdən vaxt məhdudiyyəti də olur. Tez-tez yorğunluq da...
Elə xanımlar var ki, yemək bişirməklə arası yaxşıdır, evə nə qədər yorğun gəlsələr belə, yeməyi həvəslə hazırlayırlar. Mən təəssüf ki, o qadınlardan deyiləm. Ona görə də çalışıram bu işləri səhər görüm, axşam isə dincəlməyə üstünlük verirəm”, - söyləyir.
Heç vaxt xüsusi pəhriz saxlamır. Necə deyərlər, nənə olsa da hələ ki, gözəlliyini, təravətini itirməyib. Yağlı, qızardılmış yeməkləri xoşlamır. Az kalorili, xeyirli qidaya üstünlük veririr və ən əsası da idmanla məşğul olur. Düşünür ki, fiziki aktivlik çox şeyin dərmanıdır. Xəstələnməmək üçün idmanla məşğul olmaq zəruridir. Həm də idman insanın ovqatını yaxşılaşdırır, sağlamlığını gücləndirir və artıq çəkinin qarşısını alır...
Martın 6-sı yazıçı, jurnalist, publisist Günel xanımın növbəti ad günü idi. Ona yaradıcılıq uğurları arzulamaqla yanaşı, möhkəm can sağlığı, eləcə də nəvələrinin xeyir işlərini görməyi diləyirəm...
Yeni yaşınız mübarək, Günel xanım!
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
Azərbaycanı məhz mütərəqqi düşüncəli gənclər dəyişəcək...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Dərin düşüncəli gəncləri görəndə adamın ürəyi dağa dönür. Sevinirsən ki, gələcəyimiz etibarlı əllərdədir. Sovet vaxtı biz Rusiyada təhsil alan gənclərimizə həsəd aparırdıqsa, indi bu həsədin ünvanı Avropada, Amerikada təhsil alan gənclərdir. Bu gün sizə onlardan biri haqqında söhbət etmək istəyirəm. Ülkər Kərimli- bu adı yaxşı yadınızda saxlayın, zaman gələcək ki, ölkədə ən çox hallanan adlardan biri olacaq. Uğurlarına sevinəcəklər…
1998-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıqda bütün qızcığazlar kimi vaxtını yumşaq oyuncaqlar və Barbi gəlinciklərilə yanaşı, kitab, jurnal və rəngləmə dəftərləri ilə keçirib. Artıq dörd yaşında Azərbaycan və Rus dillərində sərbəst oxumağı, habelə 100-ə qədər saymağı öyrənib. Elə o vaxtdan da həyat ona ağ-qara yox, bütün rənglərilə görünməyə başlayıb. Oxumağı və sadə toplama-çıxma əməllərini bildiyindən beş yaşında məktəbə getməsi üçün valideynləri Təhsil Nazirliyinə müraciət ediblər və onun biliyini sübut etmək üçün müraciət etsələr də, nazirlikdən bunun mümkün olmadığını bildiriblər…
Məktəbə gedəndən sonra isə dərslərini əla qiymətlərlə oxuyub. Bakı şəhəri üzrə intellektual yarışmalarda iştirak edərək ingilis dili olimpiadasında 2012, 2013-cü illərdə birinci yerə layiq görülüb. İngilis dilinə olan marağı onu çox kiçik yaşlarından bu dili mənimsəməyə həvəsləndirib.
12 yaşında, boş vaxtları olanda internet üzərindən dünyanın dörd bir yanından yaşıdları ilə əlaqə qurub, onlarla ingilis dilində ünsiyyətdə olur. Bu əlaqələr ona hələ də davam edən dostluqlar qazandırıb. İndi də həmin dostlarından əcnəbi dillərin incəliklərini öyrənir, suallar verib cavablar alır. Həmin dillər arasında alman, fransız, portuqal, hind-ispan, italyan dilləri də var. Zaman keçdikcə internet bloqları, saytları, “YouTube” videoları sayəsində müxtəlif dil biliklərini artırır və təkmilləşir...
Deyir ki,- “2013-cü ilin yay tətilində hind dilini 2 ay ərzində söhbət aparacaq və oxuyub anlayacaq dərəcədə sərbəst öyrəndim. Bu gün Azərbaycan, ingilis, rus, fransız, alman, türk dillərini səlis, portuqal, ispan, hind-urdu dillərini orta səviyyədə bilirəm. Müxtəlif dilləri öyrəndikcə onların quruluşu, məntiqini dərk etmək, bənzərlik və fərqliliklərini dərk etməkdən çox zövq alıram. Lakin ən çox sevdiyim, ən doğma, rahat və şirin ana dilim Azərbaycan dilidir...”
Universitetdə ingilis dilində təhsil alıb. 2015-ci ildə 674 balla ADA Universitetinin “Biznesin idarə edilməsi” fakültəsinə qəbul olmub, 2019-cu ildə isə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Almaniya Federativ Respublikasının “DAAD” təqaüdünü qazanaraq, Humbolt Universiteti, Köln Universiteti və Höte universitətlərindən magistraturaya qəbul məktubları alıb. 2019-cu il 30 avqust tarixində seçdiyi İohann Volfqanq Höte adına Frankfurt Universitətinə, magistratura təhsili almağa yollanıb. 2021-ci ildə oranın “Dünya İqtisadiyyatı və İqtisadi Siyasət” magistratura proqramını əla qiymətlərlə bitirib, Frankfurtda Almaniya Birjasının klirinq şöbəsində işləməyə başlayıb...
“Boş vaxtlarımda kinoya getməyi, film izləməyi, musiqi dinləməyi, rəqs etməyi sevirəm. Ən çox sevdiyim məşğuliyyət səyahət etmək, müxtəlif mədəniyyətlər və tarix haqqında öyrənmək, getdiyim yerlərdə təbiəti, arxitekturanı seyr etmək, turistlərlə ünsiyyət qurmaq, yerli insanları - cəmiyyəti, onların etnometodlarını müşahidə etmək, mətbəxlərini dadmaq, onlarla öz dillərində danışıb “dil tapmaqdır.””- söyləyir.
Dəqiqliyi sevir. Səyahətlərnin marşurutunu hazırlamaq, trayektoriyalarını qurmaq, eyni zamanda səfər zamanı “spontanlığa” da açıq olmaq onun üçün hər zaman maraqlı, zəngin təcrübəli bir sınaq olur. Bu həm də güclü və zəif nöqtələrini öyrənməyə, sərbəst bacarıqlarının inkişaf etməsinə və işə düşməsinə vəsilə olur...
Deyir ki,- “Fransa, İtaliya başda olmaqla bir çox Avropa ölkələrində, BƏƏ-də, ABŞ-da, Braziliyada ümumilikdə sayı 40-dan çox şəhərlərə səfər etmişəm. Dənizi çox sevirəm: İtaliyanın Siciliya, Sardiniya, İskiya adalarına, Braziliyanın İtaparika, İlya dos Frades adalarına gəmi ilə səyahətlər etmişəm. Arzum budur ki, insanlar hamımızın ortaq evi olan Yer kürəsinin qayğısına qalsınlar, onu qorusunlar, plastikdən istifadəni azaltsınlar, mümkünsə etməsinlər, yenidən istifadəni çoxaltsınlar, təkrar emal etsinlər, tullantıları azaltsınlar. Yalnız bu yollarla çayları, gölləri, dənizləri, okeanı, meşələri, çölləri, torpağı qoruya bilərik. Yer kürəsini həm öz sağlamlığımız, həm də gələcək nəsillər üçün daha da yaşamalı YER edə bilərik. Hər kəs istər ki, evi təmiz, dayanıqlı olsun və bunun məsuliyyətini özündə görür. Elə isə hamımızın evi olduğu Yeri də təmiz və dayanıqlı etmək məsuliyyətindən boyun qaçırmamalıyıq.”
Mütərəqqi düşüncəli gəncləri görəndə adam sevinir. Sevinir ki, cəmiyyətimiz sovet düşüncə tərzindən çox yaxın zamanlarda qurtula biləcək. Hələ də qalmaqda olan mövhumatçılıq və bəzi ictimai, sosial problemlərdən Azərbaycanı məhz onlar xilas edəcəklər...
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
“Batan günəş” - Nuri Bilgə Ceylanın sevdiyi 10 filmdən 6-cısı
“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir.
Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.
1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.
Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.
Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.
Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.
6. "Batan Günəş" ("L'Eclisse", 1962), Mikelancelo Antonioni
1962-ci ildə Kann Beynəlxalq Kinofestivalında Münsiflər Heyətinin Xüsusi Mükafatını alan "Batan Günəş" filmində tərcüməçilik edən Vittoriya nişanlısından və şəhər həyatından sıxılıb anası ilə yaşamağa gedir. Burada o, birja brokeri Piero ilə tanış olur. Nişanlısından çox fərqli olan bu şəxslə quracağı münasibət, bəlkə də, filmi Vittoriyanın hekayəsindən sevgi və yalnızlığı sorğulayan hekayəyə çevirəcək.
Monika Vitti, Alen Delon və Fransisko Rabal kimi üç nəhəng aktyoru bir yerə yığan filmin rejissoru usta rejissor Mikelancelo Antonionidir.
Şəkildə: Filmdən kadr
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
QISA FİKİRLƏR XƏZİNƏSİndə Namiq Kamal
“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Namiq Kamalın fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.
Sən gedərsən, yenə getməz şərəfin,
A Vətən, Kəbəmidir hər tərəfin?
***
Nə əfsunkar imişsən, ah, ey didari- hürriyyət,
Əsiri- eşqin olduq gərçi, qurtulduq səadətdən.
***
Usanmaz özünü insan bilənlər xəlqə xidmətdən.
***
Vücudun kim xəmiri mayəsi xaki vətəndəndir,
Nə qəm, rahi vətəndə xak olursa cövrü- möhnətdən.
***
Nə yari can imişsən, ah ey ümmidi -istiqbal,
Cəhanı sənsən azad eyləyən min yəsi möhnətdən.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
Cəlil Məmmədquluzadənin əsərləri Parisdə fransız dilində nəşr olunub
Parisdə “Maisonneuve & Larose”, “Hemispheres” nəşriyyat evlərinin ofisində Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin (CNRS) tədqiqatçısı, XX əsrin əvvəllərindən Yaxın Şərq və Mərkəzi Asiyanın İslam tarixçisi və bu dövrə aid rus, özbək, tacik, Azərbaycan və İran ədəbiyyatının tərcüməçisi Stefan Düdvanyonun (Stephane A. Dudoignon) Cəlil Məmmədquluzadənin novellaları əsasında hazırladığı “Dəllək və digər novellalar” kitabının təqdimatı olub.
AzərTAC xəbər verir ki, kitabda Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin “Dəllək”, "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "Kişmiş oyunu", “Pirverdinin xoruzu”, “Quzu”, “Xanın təsbehi", "Molla Fəzləli" kimi novellaları yer alıb.
“Dəllək və digər novellalar” kitabının təqdimatında müəllif Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqında məlumat verib. Onun Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında fəaliyyətindən, yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolundan söz açılıb. Bildirilib ki, ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşri ilə o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalıb. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib. XX əsin əvvəllərində C.Məmmədquluzadənin Təbrizdə olduğu müddətdəki fəaliyyətindən danışılıb.
Qeyd edilib ki, tənqidi realizm yolunu tutmuş C.Məmmədquluzadə əsərlərində o zaman hökm sürən feodal-patriarxal münasibətlərini, çar məmurlarının və din xadimlərinin özbaşınalığını, mövhumat və xurafatı, İran və Türkiyə inqilablarını, qadın azadlığı kimi məsələləri qələmə alıb.
Təqdimatda iştirak edən tədqiqatçılar C.Məmmədquluzadənin həyat və yaradıcılığına dair biliklərini bölüşüblər. Təqdimatda tədqiqatçılar, tələbələr, jurnalistlər və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
Bir sual bir cavab - Aysel Xanlarqızı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
-Aysel xanım, “Qadın kimdir?”- sualına tərif verilsəydi, sizin cümləniz necə olardı?
CAVAB:
-Qadın…
Otaqda yığılan köynəklər kimi
Ütüləyib geyər ümidlərini.
İtirər yataqda bəzən yerini,
Gecə kürəyindən ağrıyar, Qadın.
Qurban verər dərdli doğrularını,
Dəyişməz yarasın sarğılarını.
Alar sevdiyinin ağrılarını,
Gizlicə gözündən oğrayar, Qadın.
Yuxusun analıq hissiylə bölər,
İllər saçlarının qarasın silər.
Ən son əl uzadar süfrəyə belə,
Övladı doyarsa, bir doyar Qadın.
Tapdansa, hüququ əyər içini,
Olmaz istəyinin azad seçimi.
Körpə arzuları bir alma kimi,
Bölüb dilimləyər, hey soyar Qadın.
Qovurub içini yeyər dərdləri,
Solar yaddaşında keçmişin yeri.
Üzündən, gözündən yağan kədəri,
Mətbəxdə soğan tək doğrayar Qadın.
Ruhdakı təkliyin toplanmaz cəmi,
Olmaz həsrətinin, içilməz dəmi.
Qaynayıb dağılan duyğular kimi,
Çaydanın gözündən ağlayar Qadın…
-bu sualınızı illər öncə yazdığım bu şeirlə cavablayıram.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Qovurmali mərci şorbası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Qovurmalı mərci şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Qovurma – 78 qr
§ Mərci – 80 qr
§ Soğan – 25 qr
§ Kök – 10 qr
§ Yaşıl bibər – 15 qr
§ Kartof – 38 qr
§ Tomat pastası – 10 qr
§ Zirinc – 10 qr
§ Sarıkök – 0,1 qr
§ İstiot – 0,5 qr
§ Duz – 6 qr
Xörək əlavəsi:
§ göyərti (nanə, reyhan, təzə və ya quru mərzə) – 8 qr
HAZIRLANMASI:
Mərci təmizlənir, isladılır. Tərəvəzlər təmizlənir, doğranır. Qo- vurma qızdırılır, soğan qovurma ilə qızardılır. Üzərinə tomat, sonra isə ardıcıl olaraq digər tərəvəzlər əlavə olunur. Daha sonra mərci, iş- gənə əlavə olunur və bişməyə qoyu- lur. Bişənə yaxın duz, istiot, sarıkök əlavə olunur. Tam bişdikdə ocaqdan götürülür. Bişmə müddəti qaynadıq- dan sonra 25-30 dəqiqədir. Üzərinə göyərti səpilir və süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
“Tomris”i hərə bir cür, amma hamı ürəklə yaradıb
Könül, “Ədəbiyyat və incəsənət”
Heydər Əliyev Mərkəzi bir neçə gündür ki, Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq sərgisinın ovqatına köklənib.
Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə gerçəkləşən, ideya müəllifi Xalq rəssamımız Sakit Məmmədov olan sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 20-yə yaxın rəssamın əsərləri nümayiş olunur.
Tomris kimdir? Türk dünyasının qadın sərkərdəsi, hökmdarı, türkün yenilməzliyi simvolu. Onu azərbaycanlı bir cür, qazax bir cür, qırğız bir başqa cür çəkib. Amma bütün tablolar ürəklə və sevgiylə çəkilib.
Rəssamların hamısı öz ölkəsində kifayət qədər məşhurdur. Sakit Məmmədov, Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sembiqali Smaqulov, Aqimsal Düzelxanov, Ədilğali Bayandı, Əlibi Bayğojanov, Tolkın Tabısbek, Möldir Bayğojanova, Bakıtbek Zerde, Aytkul Tasmaqambetova, Botagöz Toleş, Rahat Saparaliyeva (Qazaxıstan), Talant Oqobayev, Jılkıcı Jakıpov, Rahat İtikeyev, Yuristanbek Şıqayev, Eldar Aytmatov, Suyutbek Torobekov (Qırğızıstan), Sardor Alaberqenov (Qırğızıstan) və Refik Aziz (Türkiyə) - türk dünyasının ən məşhur rəssamları. Tablolarda həm Tomris vəsf olunub, həm türk tarixi barədə mənzərələr yer alıb.
Mənim xüsusi marağımı şəkən dahi qırğız yazıçısı, dünyaşöhrətli Çingiz Aytmatovun oğlu Eldar Aytmatov oldu. Deməkmiş, Çingiz Aytmatovun oğlu tanınmış rəssam imiş.
Sərginin açılışı günü Eldar bəy jurnalistlərə açıqlamasında belə dedi:
-Burada sərgilənən əl işlərindən biri olan “Ölüm kötüyü” öz adını Çingiz Aytmatovun əsərindən götürüb. Mən orada həyat və ölümü təsvir etmişəm və bununla, bu iki hadisənin həyatımızın tərkib hissəsi olduğunu ifadə etməyə çalışmışam. Mən
əsərlərimin Bakıda, bu gözəl Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən xeyli məmnunam. Bu, mənim üçün böyük şərəf və qürurdur.
Tomris həm Qərb, həm də Şərq incəsənətinin ikonik fiqurlarından hesab olunur. Onun obrazına Herodot vasitəsilə İntibah dövrünün böyük sənətkarları müraciət ediblər. Tomrisin obrazına müraciət XX əsrdə türk rəssamları, yazıçıları və digər incəsənət xadimləri tərəfindən olsa da, XXI əsrdə o yeni ruh, yeni rəng əldə edib. Bakı sərgisi Tomris obrazına müxtəlif yanaşmaları, fərqli bədii üslubları özündə əks etdirir. Tomris həm hökmdar, həm sərkərdə, həm də incə xanım, ana obrazlarını özündə birləşdirir. Türk tarixində və mədəniyyətində onun özünəməxsus yeri var.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
“Vay o gündən ki, qürbətin təmtərağına, cah-cəlalına aldanıb gecikəsən...” -VƏTƏNPƏRVƏRLİK DƏRSLƏRİ
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
Vətənim verdi mənə namü nəmək,
Vətəni unutmaq, məncə, nə demək?!
(Abbas Səhhət)
Dünyanın əşrəfi sayılan insan məfhumunu səciyyələndirən başlıca amillərdən ən mühümüdür vətən. Hər kəsə Tanrı tərəfindən bəxş edilmiş ülvi nemətlərdəndir torpaq. Bu nemətlərin ən dəyərlisi də elə vətəndir. Vətənin tarixi hardasa bəlkə də bəşərdən daha qədimdir. “Hər insanın doğulduğu yerdi vətən“, yaxud hər kəsə anadan olduğu yerdi vətən”- deyənlər yanılırlar. Bu, heç də belə deyil. Bu cür fikirləşənlərin mövqeyindən yanaşaraq, bəşər övladının harada doğulmağını və harada anadan olmağını fərdi qaydada əsas götürsək, Vətən anlayışı əl yetəcək zaman, vaxt qədər günümüzə yaxındır. Belə olduqdasa əcdadlarımızın- ulu babalarımızın haqqına girmiş olarıq. Vətən uluların sabahlarına mirasıdır. Bizə görə, vətən əcdadlarımızın doğulduğu yerdi, ilk vaxtlardan qoruyub, məskunlaşdıqları məkandır. Bu məqamda din adamı Qautama Buddanın sözü müəyyən mənada yerinə düşür: “Bu günkü həyatımız dünənki düşüncələrimizin, sabahkı həyatımız da bu günkü düşüncələrimizin əsəridir…”
Bundan əlavə, aşağıdakı belə bir deyimlə də tez-tez qarşılaşırıq: “Günün harda xoş keçirsə, ora da vətəndi.” Bu düşüncədə olan insanlar var ki, ona gün-güzaranı qürbətdə də xoş keçir kimi gələ bilir. Bu cür adamlara xatırlatmaq yerinə düşər ki, hörmətli yazarımız A. Yenisey demişkən: “Vətən dörd bir yanı qürbətlə əhatə olunmuş yerdir.”
Çox güman ki, bu səbəbdən də qürbətlə vətənin həzzini bir-birindən ayıra bilmədiyindən vətən həsrətini, vətəndaşlıq hissini hələ dərk etməmişlər, hislər labirintində azmışlar. Görünür ki, bu adamların millət, vətən duyğularını qürbət ləzzəti üstələmiş, könüllərindəki yurd ocağının tonqalı yaxşı qalanmamışdır. Vətənə məhəbbət ailənin, cəmiyyətin və dövlətin ayaqda qalması, milli mənəvi dəyərlərin qorunması,onun gələcək nəsillərə aşılanması deməkdir. Qürbəti vətən hesab edənlər, bunu gündəlik həyat tərzinə çevirənlər unudurlar ki, hər doğulan uşaq dəyərli şairimiz M. Araz demişkən vətən daşı olmalıdır. Vətən daşı olan bu uşaq eyni zamanda vətəndaşlıq hissinin sabaha daşıyıcısıdır. İlk vətəndaşsa Adəm övladı olub. Vətəndaşlıq həzzinin ilk daşıyıcısı da odur. Adəm övladları çoxaldıqca nəsil əmələ gətirərək yer üzünə səpələnmişlər. Nəsillər dəyişdikcə yer kürəsi vətənlərə bölünmüşdür. Nəsil nümayəndələrinin vətəndaş olmasısa ta qədimdən uşağın doğulduğu ailədən, mənsub olduğu nəslin genindən və düşdüyü mühitdən, cəmiyyətindən asılı olmuşdur. vətəndaşlıq hissi körpəlikdən və onun tərbiyəsindən başlanır. Vətən təəssübkeşliyi, xalqa, millətə rəğbət hissi valideynin uşağa bəslədiyi münasibətindən, övladın ata-anasına hörmətindən qidalana-qidalana körpənin mənsub olduğu ailənin düşdüyü mühitin ona necə aşılanması ilə nəsildən nəslə ötürülərək formalaşır. Necə ki, ağaç kökləri ilə torpaq və havayla təmasda olmasa, su içə bilməz, qol-budaq atammaz, pöhrələməz, çoxalmaz. Çoxları o yaşda özü də bilmədən bu duyğunun ilahi duyğu olduğunun fərqinə varmır. Ana qucağından onu ayrılmağa qoymayan hansı duyğunun, hansı hissin nə olduğunu anlamır. Elə buna görədir ki, müdriklərimiz vətəni, torpağı ana qucağı ilə tən tutmuşlar.
Vətəndaşlıq hissi özünü dərk edənlər üçün həmişəyaşıldır, hər bir vaxt təzə-tərdir, həmişəyaşardı. Vətənpərvərlik duyğusu yazın orta ayına bənzər. Təbiətin bu çağında hər tərəfdən şeriyyət yağır. Canlı rəssam tablosunu seyr etməkdən göz doymayır, ürək riqqətə gəlir. Yamyaşıl don geymiş ağaclardan, məstedici rayihəsi ətrafı bürüyən rəngbərəng güllərdən, çiçəkləri al-əlvan çəmənlərdən, quşların təkrarsız əsrarəngiz nəğmələrindən adamın canına şirin bir istilik yayılır, damarında qanı qaynayır, o kəsin yaşamağa həvəsi artır.
İnsan yaşlaşdıqca, müdriklik yaşına çatdıqca vətənə qarşı sevgisi də böyüyür. Necəki, günlər bir-birini qovaraq ayları, aylarsa illəri doğur. İl üstə il gəldikcə insanın hiss və duyğuları da qol-budaq atıb şaxələnir, uşaqlıq xatirələri ayaq açıb, yaddaşda varaqlanır. Ömrün qürub çağı yaxınlaşdıqca o bir az da duyğusallaşır. Bəlkə də, bu onun torpaqdan yaranıb torpağa gedəcəyindəndir. Klassiklərimizdən birinin dediyi kimi: “Bu dünya duracaq yer deyil, ey can səfər eylə!” Bu fikrin davamını ən çox oxunan hesab olunan alman mütəfəkkiri Artur Şopenhauerin aforizmlərindən birində də görürük: “Öldükdən sonra, doğulmadan öncə haradaydıqsa, oraya qayıdacağıq.”
Bizim fikrimizcə də, insanın ahıl çağında vətən, yurd, el-oba məhəbbəti torpaq yağışı, qarı canına hopdurduğutək adamı daha çox özünə cəlb edir, duyğularını oyadaraq iliyinə, qanına yeriyir. Bu elə bir ilahi həzz, elə bir ruhi hissdir ki, insan can üstdə olanda belə dünyasını dəyişənə qədər onu tərk etmir. Bayatılardan birində əbəs yerə deməyiblər:
Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.
Belə bir fikir də var ki, can tərk edəndə cismini həmin kəsin son umacaq yeri, dünyadan rahat köçmə təsəllisi vətəndir. Bu baxımdan da “ölməyə vətən yaxşı”- deyiblər müdriklərimiz. Ömür boyu yaşamaq uğurunda dəniz kimi coşub çağlayan, qarışqa tək hər zəhmtə qatlaşan insan ölümüylə torpağa qarışırsa, qoyub getdiyi əməlləri ilə bu dünyada yaşayaraq vətəndaşlıq hissini gələcək nəsillərə ötürür. Vay o gündən ki, qürbətin təmtərağına, cah-cəlalına aldanıb gecikəsən...
Nə qədər insan gördüm ki,əynində libası yox,
Nə qədər libas gördüm ki,içində insan yox…
(Mövlana Cəlaləddin Rumi)
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
“KİNOTƏHLİL"də “Soyuq günəş" filmi
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Mənim təhlil edəcəyim film 2018-ci ildə çəkilmiş ləzgi filmi olan “Soyuq günəş" filmidir. Layihə ləzgi xalqının ilk tammetrajlı bədii filmi hesab olunur. Filmdə ləzgi xalqının qədim adət-ənənələri və həyat tərzi haqqında təsvirlər verilib.
Hadisələr isə belə baş verir: Film Yarmətin bağda sevgilisi Yarqunatla görüşü ilə başlayır. Üzərindən bir neçə gün keçir, Yarqunat və ailəsi toy məclisinə gedirlər. Toydan sonra Yarqunat və Yarmət görüşür, bunu Yarqunatın qardaşı Həmdulla görür və onların münasibətinə qarşı çıxır. Toy zamanı varlı ailədən olan Osmanın Yarqunatdan xoşu gəlir və ailəsinə söz göndərir. Bundan xəbər tutan Yarmət anasının Yarqunatın ailəsinə elçiliyə getməsini istəyir, o da gedir. Lakin Yarqunatın ailəsi bu gəlişi rədd edir. Yarqunat və Osmanın toyu tezləşir. Toy zamanı Yarmət toyu pozmaq istəyir. Lakin bu vaxt Hitlerin hücumu, Böyük Vətən müharibəsinin başlanması xəbəri gəlir, gəncləri səfərbərliyə toplayırlar. Yarmət Toya mane ola bilmir və cəbhəyə yollanır.
Yarqunat Osmanı qəbul etmir, dərddən yatağa düşür və rəngi solur. Bundan sonra Yarqunatın ailəsi peşman olur. Yarqunat Yarmətin anasının yanına köçür. Yarmətdən heç bir xəbər gəlmir. Yarmətin anası dünyasını dəyişir. Yarqunat da bir oğlan uşağını himayəsinə götürür. Oğlan böyüyür Türkiyəyə təhsil almaq üçün gedir. Orada Yarmətin qızı ilə bir kafedə qarşılaşır. Oğlan sadəcə anasından eşitdiyi ləzgi dilində bir mahnı səsləndirir. Oğlan qızla danışır və bu mahnını atasının ona öyrətdiyini deyir. Qız oğlan ləzgi olduğu üçün onu atası ilə görüşdürür. Yarmət hər şeyi öyrənir və başına döyür, amma artıq gec olur. Oğlan Yarməti anasının - yəni Yarqunatın yanına gətirir. Ağlaşma və dərdləşmə olur. Yarmədin qızı Yarqunatın oğlu ilə sevgili olur. Onlar hamısı birlikdə şam yeməyi yeyir. Film Yarmətin Türkiyədəki ailəsinin yanına qayıtması ilə bitir.
Qəribədir... Bəxt onları yenidən qarşılaşdırır . Yarqunat ölənə qədər gözləyən qadın , Yarmət Yarqunatın ona xəyanət etdiyini düşünüb ailə quran adam.
İllər də keçsə Yarmətə qarşı bitməyən, tükənməyən bir sevgi ilə yaşayan bir qadın. Sevgi inama bağlıdır. Düşünürəm ki, Yarmət yarına inanmırdı. Niyə? Çünki yarının ona xəyanət edəcəyini düşündü. Yarqunat isə heç vaxt sevgisinə xəyanət etmədi. Ölənə qədər saf sevgisini qorudu. Kaş qədrini bilən də olardı...
Düşünürəm ki, aktyorlar bu filmdə rol almaq üçün doğulub. Mimikaları, səs tembrləri, simaları bu rollarla tam tutuşur. Yarqunatın üzündəki məsumluq və saflığın xarakterə xüsusi qatqısının olduğunu düşünürəm.
Sizə mənə təsir edən bir neçə hissədən nümunələr:
1) (Yarqunat Yarmətə)
Bağışla məni, Yarqunat
-Get, Yarmət, get..
Elə zənn edirdim ki, nə vaxtsa həyatıma "İsti Günəş " kimi doğacaqsan. Sən demə sən "Soyuq Günəş" sənmiş...
2) (Yarmətin hayqırışı)
Allah bizi ayırmadı. Bunlar bizi ayırdılar , Yarqunat.. Bu allahsızlar, bu insafsızlar bizi ayırdı, Yarqunat!
3)(Yarqunat anasına)
İki dünya bir olsa da, başqasına yar olmam!
Portalın oxucularına şiddətlə tövsiyyə edirəm. Mütləq baxın!
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)