Super User
8 MART ÜÇÜN ÖZƏL - “Qadınlıq-məğrur olmaqdır”
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.
O bir mələk… onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
(Hüseyn Cavid)
Qadın. Kimdir bu qadın? Nə ifadə edir sənin üçün? Məsələn, dua etməyə qalxanda əllərin, gəlirmi ağlına o gözlər də? Sevirsənmi dünyanı gözəlləşdirən, səni sən edən bu zərif, sadə insanı? Zərif deyirəmsə aldanma. Səndən daha güclüdür bir qadın. Sənin daşıya bilmədiyin yükü daşıyar qəlbində.
Elə bir varlıq düşünün ki, həm müəllimdir, həm müəllimlər böyüdür. Həkimdir, memardır, vəkildir... Ən başlıcası, anadır, gələcəyə analar yetişdirir.
Qadın. Qadınlıq qul olmaq demək deyil, qadınlıq əzilmək, əyilmək demək deyil. Qadınlıq-məğrur olmaqdır. Başı dik, üzündəki təbəssümü dünyaya saçmaqdır. Dünən, bugün, sabah əllərində güllərlə küçələrdə gəzən xanımların elə özləri güllərə, çiçəklərə taydır əslində. Dünyanın ən böyük zirvəsində, qarlı dağın təpəsində ləçəkləri titrəsə də açan, solmayan o nadir çiçək. Qadın da həyatda yaşadığı hər şeyə rəğmən gülərkən o çiçəyə bənzəmir mi?
Gün mənim günüm. Gün sizin, xanımların günü. Əylənməyin, gülməyin, gəzməyin tam vaxtıdır, lakin unutmayın. Siz bir günü deyil, hər günü özəl, hər günü gözəl yaşamağa layiqsiniz.
Gözəl qızım, gözəl anam, gözəl bacım. Gözəl qadın. Başın hər zaman uca olsun, tacın heç düşməsin. Mükəmməlsən. Hər halınla, hər zəifliyin, hər qüsurunla. Səni sən edən hərşeyinlə. Bir gün deyil hər gün sənindir. Həyat sənindir. Həyat səndir və sən çox gözəlsən.
Bayramınız mübarək!
“Ədəbiyyat və incəsənət”
(08.03.2024)
SƏNİ UNUTMADIQ! - Bu gün Qənirə xanım Paşayevanın doğum günüdür
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi mərhum millət vəkili Qənirə Paşayevanın doğum günü münasibətilə paylaşım edib. Mətni diqqətinizə çatdırırıq.
Bu gün Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin üzvü, Mədəniyyət Komitəsinin sədri (mart 2000 - sentyabr 2023), Asiya Parlament Assambleyasının sədr müavini (yanvar 2023 - sentyabr 2023) ünlü telejurnalist, yazıçı-publisist, ictimai xadim Prof.Dr. Qənirə xanım Paşayevanın (07.03.1975, Düz Qırıqlı, Tovuz - 28.09.2023, Bakı) doğum günüdür.
Qənirə xanımın "Qarabağ hekayələri" (ortaq; 5 dildə), "Xocalı soyqırımı: Şahidlərin dilindən" (ortaq; iki dildə), "Dünyanın itirdiyi böyük insan - ATATÜRK", "Dünyanı dəyişdirən alimlər", "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar" (3 cilddə), "Onun sevgi məktubları", "Aşk başka", "O", "Məndən sonra", "Sevgidən eşqə", "Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi…", "Quzey Kıbrıs və Kıbrıs türkləri", "Qənirə Paşayeva ilə addım-addım Qaqauziya", "Addım-addım Özbəkistan", "Qardaşım QAZAXISTAN", "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası", "Addım-addım Yaponiya", "Addım-addım Albaniya", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" (ortaq), "Qarabağdan doğan Günəş – Xurşudbanu Natavan" (ortaq), "Bir Vatandan bir Vatana - Almas Yıldırım" (ortaq), "Ağ filin uğur gətirdiyi ölkə - Tailand", "Sirlər dünyasına səyahət - Misir", "Tovuz şəhidləri (44 günlük Vətən müharibəsi)", "Tarixə adını yazan Azərbaycan qadınları" və b. kitabları gün üzü görüb; o, həmçinin onlarla kitabın önsöz yazarı, redaktoru, məsləhətçisi, rəyçisi olub.
Qənirə Paşayevanın "filmoqrafiya"sı da zəngindir: "Apreldən əvvəl may..." (2001), "Erməni soyqırımı. Türkün sözü" (2001), "Mənə inanın!" (2007), "Ruhum qarabağlıdır" (2012) və b. filmlər onun ssenarisi, rejissorluğu əsasında çəkilib.
Qənirə xanım Paşayevanın şəhid ailələrinə, qazilərə, yaradıcı insanlara, ona müraciət edən vətəndaşlara yüksək diqqət-qayğısı, həssasiyyəti xüsusi bir örnək təşkil edir.
Əziz Qənirə xanımı doğumunun 49-cu ildönümündə sevgi-sayğı ilə anırıq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
Şəhid müəllimin xatirəsinə həsr olunan bilik yarışı keçiriləcək
10 mart 2024-cü il tarixdə “Qoşqar – Riyaziyyat və Məntiq” yarışı təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2022-ci ildə təsis edilən və bu il üçüncüsü planlaşdırılan “Qoşqar – Riyaziyyat və Məntiq” yarışı Vətən müharibəsi şəhidi, müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunub.
“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının bu ilki buraxılışı Bakı, Sumqayıt, Naxçıvan, Xırdalan və Kürdəmir şəhərləri başda olmaqla respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 5-6-7-8-ci sinif şagirdləri arasında keçiriləcək. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan yarışda şagirdlər 1 saat müddətində 30 sualı cavablandıracaqlar. Yarışda şagirdlərin iştirakı ödənişsizdir. Layihə təşkilatçıların və tərəfdaşların maliyyə dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, şəhid müəllim Ömərov Qoşqar Səxavət oğlu 1994-cü il fevralın 9-da Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2015-ci ildə ADPU-nun Riyaziyyat-informatika müəllimliyi ixtisasının bakalavr pilləsini, 2018-ci ildə AZMİU-nun İnformasiya texnologiyaları ixtisası üzrə magistratura pilləsini bitirib.
2016-cı ildə Hədəf Kurslarında pedaqoji fəaliyyətə başlayıb. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi işə qəbul olunub.
2020-ci il sentyabrın 21-də çağırışla ordu sıralarına qoşulub, sentyabrın 27-də Füzuli cəbhəsində müharibəyə qatılıb. Döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilib.
2020-ci ilin 4 noyabrında Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Ali baş komandanın əmri ilə ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Yarışda iştirak etmək istəyənlər Hədəf Kursları filiallarına yaxınlaşaraq ödənişsiz olaraq buraxılış vərəqi əldə edə bilərlər.
Telefon: +994 77 5550121 www. https://hedefgroup.az
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
YЕNƏ O BAĞ OLACAQ... - Əkbər Qoşalı yazır
“Od çərşənbəsi”ni qeyd etdik.
Yurduma bir başqa cür gəlir bu yaz. Müşfiqin ruhu şad olsun! – Elə bil bu yaz üçün yazıb:
“Bu yaz bir başqa yazdır,
bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs,
hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə,
fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı,
tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da.
Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır”!
Bəli, yеnə o bağ olacaq, yenə yığışaraq siz, o bağa gələcəksiz... Yox, bu səfər bir dəfəlik köçəcəksiz o bağa!..
Siz heç anlamına təfərinc olmusunuzmu – bilmirəm; böyük bağımızı qeyri-müəyyən dağlıq kimi qələmə vermişik uzun illər boyu: DAĞlıq QaraBAĞ!.. Daha “Dağlıq Qarabağ” yoxdu! QaraBAĞın dağı da var, aranı da! Qarabağ dağıyla, aranıyla, suyuyla, biçənəyiylə, anrısıyla-bərisiylə bizimdir!
Dağla bağın ilk baxışdakı təzadı öz yerində, bir də Dədəm Qorqudun öyüdü var axı: “Bağa baxarsan bağ olar, baxmazsan, dağ olar”... Bu ata sözündəki “dağ”ı istər “daş-kəsək yığını” yaxud “yüksəklik” anlamında, istərsə, yara, dərd (dağ çəkmək, dağlamaq) anlamında başa düşək – bizim misalda mahiyyət dəyişməz. İşğalçılar, işğaldan ötə vandallıq törədən haylar əlləri, gücləri yetdiyincə, bağımızda, dağımızda tutar qoymamışdı. Flora-fauna adına nə var talayıblar; Azərbaycan, Türk-İslam adına nə var viran qoyublar... İndi-indi təbiət təbiətliyinə, iqlim iqlimliyinə, yurd öz yurdluğuna qayıdır, özünə gəlir... Qarabağa insanlıq qayıdır, mədəniyyət qayıdır! Qarabağ Azərbaycana, Azərbaycan dünyaya Günəş kimi doğur! “Bu yaz bir başqa yazdır”!
“Od çərşənbəsiydi”...
Xocalıda, Xankəndidə tonqallar qalanmışdı bu dəfə.
Sırağagün Ermənistan və böyük bacısı yenə şivən qoparmışdı, bəs, deməzənmi, Azərbaycan ha bu gün-ha sabah hücum edəcək...
İşə baxın bir: üç on il boyu sənin torpağını işğalda saxlayanlar, illər uzunu qondarma rejimin özünümüdafiəsi aldatmacası ilə çıxış edirdi, indi 29,8 min kv.km boyunca özünümüdafiə moduna girib, “ağıllı-ağıllı” sülhdən, ərazi bütövlüyündən dəm vurur... Adama deyərlər, salam-əleyküm! – Bəs bizim üç on il boyu pozulan hüquqlarımız, itirdiklərimiz heç nə olmamış kimi necə sıfırlansın?.. Unutmaq, sıfırlamaq bunca qolay işmi? Bəs o boyda dağıntının, talanın-viranın hesabı-kitabı olmayacaqmı, deyirsiniz?..
Bəlkə Xocalı Soyqırımını rəsmən tanımısız bizim xəbərimiz olmayıb? Ədalət məhkəməsi qurulmasını gözləmədən belə, təzminat ödəməyə hazır olduğunuzu nümayiş etdirmisiniz bəlkə?
Ya bəlkə mina xəritələrini, formulyarları dəqiqliklə və son vərəqinədək vermək bir yana, minaaxtaranlarınız könüllü xidmət təklif edib bizə?..
Suallar çoxdur, ritorikası sualların özündən də çox...
“Od çərşənbəsiydi”...
Azaraq qarşı tərəfə keçmiş əsgərimizi qaytardılar.
“Od çərşənbəsiydi”...
Daha bir gözəldən gözəl xəbər yayıldı: qondarma rejimin “parlament” binası söküldü! - Ah, nə mübarək əldir o söküntü işini aparan ekskavatorun qolunu işlədən, valını fırladan əl!
Dünən bir başqa gündü...
Hərçənd “META”nın sosial media platformalarında keçici problemlər yaşandı...
Dünən öz yerində, biz dünəndə qalmırıq, dünənin gözəlliklərini bugünə, sabaha daşıyırıq! Bugündən sabaha uzanan qollar və yollar var olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
“Mən həyat yaşındayam... “ - QARDAŞXAN
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu dəfə sizlərə şair Qardaşxanın “Mən həyat yaşındayam” adlı şeiri təqdim edilir.
Ədəbiyyayımızı oxuyaraq sevək və təbliğ edərək sevdirək!
Sən olmayan şairin
yazılmayan şeirisən,
Sən qədər uca tutdu
Tanrı verdiyi vədi.
Ümidsizə sən elə
sonsuz ümid yerisən
Ən əlçatan yerdəsən
əlçatmazsan əbədi.
Gecə işıqlarında
kəhkəşan su sayrışır,
Gölməçələr yağışla
sevişir damla-damla.
Heç xəyalıma gəlmir
nəinki yaxın düşüm,
Axan bir ulduz kimi
atan dırnağın olmaq.
Dünyaca sevənlərə
dünyada iki yaş var,
"Yalnız ikicə yaş var,
yalnız: həyat və ölüm".
Sən elə, elə varsan,
səninçün ölən yaşar,
Mən həyat yaşındayam,
səndə neçədi, gülüm?
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
Azərbaycanın turizm potensialı barədə Mərakeş ictimaiyyətinə məlumat verilib
Martın 6-da Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən Rabat şəhərinin turizm agentlikləri və turoperatorları üçün Azərbaycan haqqında təqdimat keçirilib.
Səfirlikdən AzərTAC-a bildirilib ki, təqdimatda Rabat şəhərinin əsasən xarici ölkələrə turların təşkili ilə məşğul olan 16 turizm şirkətinin rəhbəri, həmçinin “Türk Hava Yolları” şirkətinin Mərakeş üzrə baş direktoru Seyfullah İlyas iştirak edib.
Tədbirdə ölkəmizin turizm potensialına, mədəniyyətə və mədəni irsinə dair videoçarxlar da daxil olmaqla əyani və ətraflı məlumat verən səfir Nazim Səmədov, həmçinin yaxın aylar ərzində Mərakeş turizm agentlikləri üçün Azərbaycana tanışlıq turlarının təşkil ediləcəyini bildirib.
Diplomat 2023-cü ildə Mərakeşdən Azərbaycana səfər edən turistlərin sayının 1740 nəfər olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, cari ilin ilk iki ayı ərzində ölkəmizə səfər edən mərakeşli turistlərin sayı keçən ilki analoji dövrlə müqayisədə 2,5 dəfəyə yaxın artıb.
Qeyd edək ki, Mərakeş vətəndaşları “ASAN Viza” vasitəsilə Azərbaycana səfər etmək üçün elektron qaydada viza əldəetmə hüququna malikdirlər.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında
İtaliyanın “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayımlamağa başlayıb.
Bu barədə Dövlət Tərcümə Mərkəzini məlumat yayıb. Məlumatda bildirilir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin italyan dilinə tərcümə müəllifi tanınmış tərcüməçi Olqa Mazzinadır.
Geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Dante Aligyeri, Françesko Petrarka, Italo Kalvino, Covanni Bokaçço, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
POETİK QİRAƏTdə Mikayıl Bozalın “Qapını üzümə bağlama mənim” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə Mikayıl Bozal öz yeni şeiri ilə görüşür. Nə deyir, “Qapını üzümə bağlama mənim” deyərkən şair? Onu deyir ki, “Qapından savayı gedən yerim yox”. Bəs niyə axı? Çünki “Qapından başlanır gerçəyin yolu”.
Düşünürük ki, bəyənəcəksiniz.
QAPINI ÜZÜMƏ
BAĞLAMA MƏNIM...
Qapın haqq qapısı- mən haqqın qulu,
Qapını üzümə bağlama mənim.
Qapından başlanır gerçəyin yolu,
Qapını üzümə bağlama mənim.
Bu gidi dünyada pünhan sirrim yox,
Elə məscidim yox, elə pirim yox,
Qapından savayı gedən yerim yox,
Qapını üzümə bağlama mənim.
Ayağım altından yer qaçır- qaçsın,
Qopub məhvərindən göy uçur- uçsun,
İçimdə dərdlərim gül açır- açsın,
Qapını üzümə bağlama mənim.
Hərdən havalanıb gülməyə nə var,
Ölüm nəmənədir- ölməyə nə var,
Gedib- o dünyadan gəlməyə nə var,
Qapını üzümə bağlama mənim.
Bozalın adını lala, kara çək,
Üstündən- biryolluq götür, qara çək,
Dar ağacı qurdur- buyur dara çək,
Qapını üzümə bağlama mənim.
Ədəbiyyat və incəsənət”
(07.03.2024)
Ədəbiyyatımızın cənub bölgəsində əsas təbliğatçısı
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin sədri... Desəm ki, əsərlərini oxumuşam, yalan danışaram. Heç özüylə də tanış deyilik. Amma imtahana hazırlaşan tələbələr kimi, arayıb axtarıb, onun haqqında xeyli məlumat toplaya bilmişəm…
Filoloq-alim Elşad Səfərli onu belə xarakterizə edir: “Qafar Cəfərli imzasının məsuliyyətində orijinal üslublu, zəngin dilli və obrazlarının psixolojisində "davranan" bir yazıçının ədəbi hisslərini duydum. Mən hər yeni ədəbiyyat cəbhəsinə ayaq basan şairə, yazıçıya sadəlövh yanaşmağı xoşlamıram; üstəgəl, uzaq bölgələrdə, o cümlədən Lənkəranda yaşayıb-yaradan bir istedadlı qələm sahibi olsun.”
Ədəbiyyatşünas-tənqidçi Allahverdi Eminov isə söyləyir ki;- “Qafar Cəfərlinin "Saatın 61-ci dəqiqəsi" hekayələr və povestlər kitabını əlyazma halında oxuyanda, nə gizlədim, püxtələşmiş bir yazıçının nəsr dünyagörüşünü duyub yaşadım. Mən onun hekayələrində xarakterlərin davranışını, müəllifin süjet qurmaq fərdiliyini, yaxud avtobioqrafik xüsusiyyətini müşahidə etdim. Və mənə elə gəldi ki, yazıçılıq psixologiyasına xas keçirilən hisslərin hamısını özündə ehtiva edir.”
Bəli, bu günkü söhbətim AYB-nin Lənkəran Bölməsinin sədri, yazıçı, publisist Qafar Cəfərlidən olacaq. Onu sizə kəşf edib tanıdığım kimi, təqdim etmək istəyirəm. Ola bilsin ki, haradasa zəndim məni aldadar, amma əminəm ki, onun obrazını olduğu kimi təsvir etməyə gücüm çatacaq...
Müdrik adamdır, söylədikləri düşüncələrindən qaynaqlanır. Necə deyərlər, boğazdan yuxarı danışmır, fikirlərini yazıçılara xas ardıcıllıqla ifadə edir, sanki süjet xətti qurur. Rəsmiyyətə meyillidir, amma bunun arxasında sadə bir insanın gizləndiyi aydın nəzərə çarpır. Xarakteri güclüdür, adama “köhnə” kişiləri xatırladır. Qürurlu və məğrurdur. Heç vaxt müvazinətini itirmir. Videolentlərdəki çıxışlarını izlədikcə jestləri, “bədən dili” onun yaxşı adam olduğundan xəbər verir...
Deyir ki,- “Lənkəran şəhəri orta əsrlərdən üzü bu yana həmişə bölgənin mədəniyyət mərkəzi olub. Təbii iqlim şəraitinin gözəlliyi və sərvətlərinin bolluğu şəhərin iqtisadi və mədəni inkişafında başlıca rol oynayıb. Təsadüfi deyil ki, buradan elmin müxtəlif sahələrində çalışan görkəmli alimlər, dövlət xadimləri ilə yanaşı, ciddi ədəbi fəaliyyətlə məşğul olan adamlar da çıxıb. Mənbələrdən məlum olur ki, hələ Xl-Xll əsrlərdə Lənkəranda məktəb və mədrəsələr, sufi ocaqları, təkyələri fəaliyyət göstərib. Məzarları müqəddəs ziyarətgaha çevrilən Şeyx Camaləddin və onun şagirdi, bütün Şərqdə məşhur olan Şeyx Zahid Gilaninin sufi məktəbləri buranın güclü elm mərkəzi olduğundan xəbər verir. Azərbaycanın müxtəlif şəhərlərindən elm öyrənmək üçün buraya gələnlərin arasında Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin də olub. Onlar təkcə təriqət başçıları olmayıb, eyni zamanda bədii yaradıcılıqla məşğul olmaqla, öz irfani fikirlərini şeirlə xalqa çatdırıblar. Əsərlərinin çox kiçik bir hissəsi bizə çatan bu böyük şəxsiyyətlərin yaradıcılığı bölgə ədəbiyyatının ilkin nümunələri kimi səslənir. Sonrakı əsrlərdə bu missiya davam etsə də, bir-birini əvəz edən feodal müharibələri zamanı kitabxanalar kütləvi şəkildə yandırıldığı üçün bizə gəlib çatmayıb.”
Söylədiklərində pafos axtarmağa dəyməz, nə də ki, yazıçı təxəyyülünün ifadəsi kimi yanaşmaq da olmaz. O, yerlibazlıqdan çox uzaqdır. Bəziləri kimi,- mənim elim bütün ellərdən yaxşıdır- düşüncəsindən də danışmır. Hadisələrə obyektiv dəyər verməyi bacarır...
Filologiya elmləri doktoru Vaqif Yusifli onun haqqında söyləyir;- “Öncə onu deyim ki, Qafar Cəfərli yaxşı yazıçı-publisistdir. Xalq yazıçısı Çingiz Abdullayevlə yanaşı, hal-hazırda detektiv janrda əsərlər yazan qələm sahibləri arasında seçilir, fərqlənir. "Günahsız mələk", "Namus yarası", "Gecənin lal fəryadı" və s. povestləri, hekayələri ilə oxucular yaxşı tanışdırlar. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, "Tanrının göz yaşları" romanı da bir müharibə veteranının müşahidələrini əks etdirir. "Ömür yolu" avtobioqrafik romanı bir insan və yazıçının xatirələr dünyasını gözlərimiz qarşısında canlandırır və açığını deyim ki, onun keçirdiyi hisslər, başına gələn hadisələr, iyirmi ildən artıq hüquq-mühafizə sistemində fəaliyyəti zamanı çətin və mürəkkəb olaylarla, cinayət hadisələri ilə üz-üzə gəlməsi, ancaq bütün bunlarla yanaşı, ədəbiyyata sevgisi bir an belə səngiməyən bir insanın həmin o xatirələr dünyasının acılı-şirinli hekayətləridir.”
Ciddi görkəmi var. Bəlkə də, bu ciddilik uzun müddət çalışdığı sahənin xarakterindən vücuduna hopub, deyə bilmərəm, amma çox işgüzar adamdır. O, AYB-nin Lənkəran Bölməsinə sədr təyin olunandan bəri, bir sıra uğurlara imza atıb. Şəhərin yaradıcı adamları ilə mehriban münasibət qura bilib. Tez-tez ədəbi-bədii tədbirlər keçirib gənclərin maariflənməsinə töhfə verməyə çalışır. Professor Vaqif Yusifli fikirlərini belə yekunlaşdırır: “Qafar Cəfərli iki bədii filmə də çəkilib və maraqlı rollarla yadda qalıb. Amma o, həyatda öz rolunu - yazıçı Qafar Cəfərli obrazını mükəmməl icra edir.”
Bəli, güman edirəm ki, onun haqqında öyrənib bildiklərimi sizinlə bölüşə bildim. Bu gün - martın 7-si Qafar Cəfərlinin doğum günüdür, 67 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)
Afrika səyahəti
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Afrikaya səyahətə gedən azərbaycanlıya turizm şirkətinin əməkdaşı məsləhət verir:
-Qardaş, elə ki, Nil çayının sahilində sənə qızmış öküz hücum etdi, düşünmədən özünü suya at.
-Suya niyə?
-Çünki öküz sənin dalınca suya atlanmayacaq. O, sudakı timsahlardan qorxur.
2.
Roman Abramoviç Çukotkanın qubernatoru olarkən ağcaqanadlardan çox qorxurdu, nəticədə o, ən bahalı antiağcaqanad vasitəsi aldı - Londonda mülk.
3.
Aşağı Çaxçuxlu kəndində evlənəndə kişini sığortalayırlar. Çünki evlilik - bədbəxt hadisə hesab olunur.
4.
Yeməkxana, kafe, restoran - tarakanın karyera inkişafı.
5.
İş - düşüncənin ən qatı düşməni.
6.
Canavarı nə qədər yedirtsən də, o yenə Qırmızı Papağı yemək istəyəcək.
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)