Super User
Qovuşduran Xəzər… ayıran Araz…
Əkbər Qoşalı yazır
Qardaş Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə uğurlu səfəri hər iki ölkədə, digər qardaş ölkələrimizin mətbuatında tirajlanmaqda, alqışlanmaqdadır. Lakin yalnız öz mətbuatımızda, qardaş ölkələrin mətbuatındamı? – Dost da, dost ola bilməyənlər də bu mübarək səfəri diqqətlə izləyir.
Hər kəs görür ki, Qazaxıstanla Azərbaycanın arasından Xəzər keçir, amma su keçmir… Tarixdə belə olub, bu gün belədir, gələcəkdə belə olacaq! Prezident Tokayevlə Prezident Əliyevin qardaşlıq-dostluq bağları xalqlarımızın ortaq keçmişindən qaynaqlanan dostluq-qardaşlıq bağları ilə üzvi surətdə birləşir, bir-birini tamamlayır. Tokayev-Əliyev qardaşlıq-dostluğu ölkələrimizin işbirliyini zənginləşdirir, yeni gözəlliklər qatır.
Bəli, “ortaq keçmişdən ortaq gələcəyə!” gedən mübarək yol ortaq dənizli qardaşların işbirliyi timsalında davam və inkişaf edir. Ortaq dənizli qardaşlar “dəniz bizi ayrı salıb” deməyib heç vaxt, “dəniz bizi birləşdirir” düşüncəsindədir. Bilirsiz, obrazlı desək, bir nazik, dayaz çayla Güneyindən ayrı düşmüş Quzey Azərbaycan, qardaş ölkə Qazaxıstanla bir dənizlə belə ayrı düşmür deyiriksə, bu çox anlamlı bir hadisədir. Gündoğarımızdakı Xəzər qovuşdurandır; Qarabağda – Ağdərədə isə Suqovuşan adlı qəsəbəmiz var… – Bax, bunlar sanki ilk baxışda rabitəsiz ünvanlar kimi görünür bəlkə, lakin biz inkişafımızı Arazın da “ayrıcı finksiya”sını itirəcəyinə ismarıc kimi görmək haqqına sahibik. Bəli, Qarabağda, Gündoğar Zəngəzurda qazanılmış tarixi Zəfərimiz nə 2020-ci ildə, nə Qarabağ və Gündoğar Zəngəzurda qalmadı, böyüdü, yayıldı, Qafqaza, Türk dünyasının bugününə sirayət etdi. Suqovuşanın 4 il öncələrdə ilk azad olunan və adına (“Suqovuşanın azad olunmasına görə”) medal təsis edilən yeganə qəsəbəmiz olması, habelə Şuşanın bir Mədəniyyət paytaxtı olaraq Zəfərin rəmzi kimi qəbul edilməsi, dərin anlam daşıyıb, qanadsığmaz üfüqlərə ismarıcdır… “Yüksəl, türk, yüksəl! Sənin üçün yüksəlmənin hüdudu yoxdur! Üfüqə yetmən azdır, üfüqötəsinə yetmən lazım”! (Atatürk). Şuşa – Azərbaycanın Mədəniyyət paytaxtı olmaqda qalmadı; ötən il Türk dünyasının, bu il İslam dünyasının Mədəniyyət paytaxtı oldu!
O Şuşa ki, orada 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. Və o Şuşa ki, bu il bu şəhər Türk Dövlət başçıları Zirvəsinə evsahibliyi edəcək! Özü də Azərbaycan Prezidentinin dəvəti ilə Zirvəyə KKTC Cümhurbaşqanı Ersin Tatar da qatılacaq…
Xəzərdən Suqovuçana, Suqovuşandan Şuşaya keçidimiz təsadüfi deyil.
Gəlin ən yaxın illərə qısa ekskurs edək:
Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfərinin birinci ildönümü günlərində Türk Şurası Türk Dövlətləri Təşkilatına (TDT) çevrildi; ondan daha öncələrsə, Azərbaycanla Türkmənistan Xəzər dənizindəki – bizim deyimlə “Kəpəz”, türkmənlərin sonrakı adlandırması ilə “Sərdar”ı “Dostluğ”a çevirdi! Bu, 2021-ci ilin birinci, TDT-nin elanısa ilin 11-ci ayında baş verdi. 1-ci ilə 11-ci ayın arasında (eləcə də, sonrakı aylarda, illərdə!) Qazaxıstan-Türkiyə, Özbəkistan-Qırğız Respublikası, Qırğız Respublikası-Azərbaycan, Türkiyə-Qırğız Respublikası, Azərbaycan-Türkiyə-Türkmənistan və b. ikitərəfli, üçtərəfli, çoxtərəfli anlaşmalar, önəmli səfərlər, o cümlədən TDT çərçivəsində görüş-müzakirələr oldu da oldu. Ayrıca, Azərbaycan KKTC-yə diqqət-qayğını dövlət səviyyəsində daha da dərinləşdirməkdə, eləcə də, ortaq türk qurumları daha da canlanmaqdadır. Bax, bütün bu və bənzəri hadisələr Arazı qovuşduran çay olmağa daha da yaxınlaşdırmırmı, sizcə? Burada müharibədən söhbət getmir; söhbət təfəkkürdən, ustad Zəlimxan Yaqub demiş, həqiqətlərin çözüm-çözüm olmasından gedir; söhbət ondan gedir ki,
“Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərki dünyası,
Əvvəl-axır dünya türkün dünyası,
Üç gün-beş gün gecim-tezim olacaq,
Bu gün-sabah dünya bizim olacaq”!..
Yeri gəlmişkən, Rəşt şəhərindəki universitetdə vİran yenə anti-Azərbaycan hoqqası çıxarmağa çalışıb. Belə ki martın 10-da Rəştdəki Azad İslam Universitetində vİran hökumətinin dəstəyi ilə (!?) baş tutan bir konfransda qondarma və çox keçmiş “Talış-Muğan Respublikası”nın “başçı”sı Əlikram Hümbətovun “davamçı”sı kimi “təqdim edilən” Boris Talışinski adlı birisinin çıxışı təşkil olunub; bu azmış kimi, tədbirə Əhməd Kazemi, Əbülfəzl Beheşti, Məhəmməd Rezayəti və b. anti-türk “sima”lar (simasızlar!) və bekara faşist-paniranist düşüncəsinin (düşüncəsizliyinin!) təbliğatçıları da qatılıb; yaramazların çıxışında müstəqil Azərbaycan Respublikasına qarşı kin-kudurət, nifrət yağdırılıb. Hərçənd o kin-kudurət, nifrət Rəştdən bəri qanadlana bilməz (hərçənd bizim nəzdimizdə bir dərinliyi, üfüqü yoxdur), lakin axı vİran o boyda adamı ora niyə yığıb, o çıxışlara niyə münbit ortam yaradıb? Avtomatdan atəş açmaqdan bir şey çıxmadı, indi də “elmi konfrans” modunamı keçdilər? – Qutsal Ramazan ayının başlanmasına saatlar qalmış… xoşməramlı niyyət tutmaqdansa, Azərbaycana qarşı eyləmlərdə bulunmaq islamçılıqdırmı, insanlıqdırmı?.. – vİran ötən il – yanvarda Tehrandakı səfirliyimizdə, martın əvvəlində Əhmədlidə bir supermarketdə, martın sonunda isə Sabunçuda Millət vəkili Fazil Mustafaya qarşı avtomatlı eyləmlərdə bulundu. Eyləmlərin heç birindən umduğu sonucu almaması Fars-Molla rejimini “dərin” düşüncələrə qərq etmiş olmalı ki, bir illik götür-qoydan sonra, “mübarizə”ni universitetə daşımaq istəyir… (Tovuzlular belə yerdə deyir: öz başınçün!..)
Yoxsa, Anadolulular demiş, durub-dururkən bu da nə? – Məsələ onda ki, Fars-Molla rejimi müstəqil Azərbaycan dövlətinə qarşı eyləmlərdə dayanmaq, durmaq bilmir; azca duraqlasa dəxi, beynəlxalq münasibətlər baxımından “dayanma-durma işarəsi”nin tələblərini pozur…
*
İşə baxın:
Arazın o tayında 40 milyondan çox soydaşımız yaşayır;
Xəzərin o tayındakı Qazaxıstanda isə toplam əhali sayı 20 milyona çatmayıb;
Azərbaycanlılar 99 ildir Fars-Molla rejiminin kontrolunda olan ərazilər uğrunda tarix boyu can verib, qan töküb; oralarda şəhərlər salıb, inkişafa səbəb olub;
Azərbaycanlıların qardaş Qazaxıstanın inkişafında da töhfələri olsa belə, bu, Arazın o tayındakı tarixi töhfələr qədər deyil;
vİran Qarabağın, Gündoğar Zəngəzurun Ermənistanın işğalında qalması, oralarda erməni-fars işbirliyi qurulması baxımından adıyaman işlər görübsə və işğalsonrası dəxi keçmiş qondarma rejimlə iqtisadi bağlarını sürdürübsə, Qazaxıstan dövləti Azərbaycanın Zəfərini alqışlayıb, Füzulidə Kurmanqazı adına böyük təhsil-mədəniyyət kompleksini Azərbaycana qardaş hədiyyəsi edib! O Füzuli ki, orada üç on il boyunca baş verənləri vİran yaxından izləyir, bilir, görürdü… Bilir, görürdü ki, orada İslam ibadətgahları dağıdılır; üstəlik, indi Kurmanqazı adına təhsil-mədəniyyət kompleksinin çevrəsində vaxtıilə mövcud olmuş məktəblərin, evlərin ermənilər tərəfindən sökülməsini vİran görür, bilir və hətta söküntüdə iştirak edirdi…
Fars-Molla rejimi Araz çayının ən dayaz yerinlərindən bu taya narkotik maddələr ötürməkçün yararlanmağa çalışır,
Qazaxıstansa… bizimlə birgə, Xəzərin dibi ilə optik-lif rabitə xəttinin qurulması kimi unikal layihə planlaşdırır…
Qazaxıstan-Azərbaycan bağları kiməsə qarşı deyil, əlbəttə; əlbəttə, Qazaxıstan Prezidentinin Azərbayacan dövlət səfəri kiməsə qarşı yönəlməyib və bu, iki müstəqil, suveren dövlətin beynəlxalq hüquq normalarına tam uyğun, səmimi, işgüzar bağlarının təcallasıdır. Bununla belə, Fars-Molla rejimi müstəqil, dünyavi, çiçəklənən Azərbaycanın varlığını öz idbar sistemi üçün təhlükə saydığına görə, bizim qardaşlarımızla sıx işbirliyimizdən də darılır…
*
Ötən ayın 14-də İlham Əliyev Azərbaycan Prezidenti olaraq, Milli Məclisdə and içərkən Türk Dövlətləri Təşkilatına (TDT-yə) çox güclü, unudulmaz vurğu etdi: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”!
Budur, TDT-nin qurucu üzvü Qazaxıstan Prezidenti ilə görüşdə eyni vurğuya tanıq olduq:
“…Biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.
Çünki “Sözümüz imzamız qədər keşərlidir”!
Çünki macərapərəst deyilik, düşünülmüş, məqsədyönlü siyasət yürdür, onu ən uyğun zamanlama ilə həyata keçiririk! – Bəli, nəyi, necə, nə vaxt
etmək lazım olduğunu bilirik!
“Strateji tərəfdaşlıqdan danışdıqda, biz bunu sadəcə gözəl ifadə və ya diplomatik nəzakət kimi qəbul etmirik. Əslində, əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir.
...Ali Dövlətlərarası Şuranın birinci iclası əsnasında elə mühüm məsələlər müzakirə olundu ki, onların reallaşdırılması, nəzərdə tutulan planların yerinə yetirilməsi üzrə bu məsələlərin strateji istiqamətindən danışmaq həqiqətən yerinə düşür.” (Kasım-Jomart Tokayev).
QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
“İsmayıl Şıxlı və Çingiz Aytmatov - ruh və düşüncə doğmalığı” - MÜSABİQƏ YEKUNLAŞIR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Əziz dostlar, xəbər verdiyimiz kimi unudulmaz Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyi ilə əlaqədar yazı müsabiqəsi elan olunub. Müsabiqənin nəticələri martın 18-də, AYB-nin Natavan adına klubunda elan ediləcək və qaliblərə mərhumun oğlu Elçin Şıxlının imzası ilə kitablarından hədiyyə veriləcək. Tələsin!.
Bu gün sizə diqqət çəkən növbəti yazını təqdim edirik:
Beləliklə, ünlü yazarlarımızdan Nurəddin Ədiloğlunun elan olunan müsabiqəyə təqdim etdiyi yazı ilə sizi də tanış etmək istəyirik.
İSMAYIL ŞIXLI və ÇİNGİZ AYTMATOV
(Ruh və düşüncə doğmalığı)
“Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz” İ. Şıxlı.
“Hər zaman və hər kəs üçün dəyişməz olan bir həqiqət var: Heç kim öncədən taleyini, başına nələr gələcəklərini bilmir. Sadəcə həyat onu göstərir...”
Ç. Aytmatov.
Bəri başdan deyim ki, yazıma epiqraf kimi sitat verdiyim bu fikirləri hər iki görkəmli ədib bədii sənət nümunələrinin yekunu və ya son akkordu olan dəyərli əsərlərində - “Ölən dünyam” və “Əbədi gəlin” romanlarında ifadə ediblər.
İstər İsmayıl Şıxlının “Ölən dünyam”, istərsə də Çingiz Aytmatovun “Dağlar yıxılanda” adı ilə təqdim olunan “Ədəbi gəlin” əsərlərində haqq-ədalət, sülh tərəfdarı olan qəhrəmanlarının obrazlarında hər iki unudulmaz qələm ustasının özünəxas milli SİMASI boy verir. Böyük Çin filosofu Konfutsinin təbirincə desək, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir.
Heç kimə sirr deyil ki, bu iki böyük söz ustadının – Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlının və Qırğızıstanın Xalq Yazıçısı Çingiz Aytmatovun yaradıcılığında həmişə mənsub olduqları xalqın məişəti, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı məsələlər ictimai-siyasi hadisələrin fonunda bədii əksini tapıb. Onların iksinin də milli təəssübkeşlik hissinin, qan yaddaşının oyadılmasında danılmaz xidmətləri olmuşdur. Hələ sağlıqlarında canlı klassikə çevrilmiş bu iki ədəbiyyat korifeyi həm də nüfuzlu ziyalı, ictimai-siyasi xadim olaraq öz müasirlərinin qəlbində silinməz izlər buraxmışdır.
“Ölən dünyam” tarixi romanını İsmayıl Şıxlı 1995-ci ildə Bakıda ana dilində, "Dağlar yıxılanda (Əbədi gəlin)" romanını Çingiz Aytmatov 2005-ci ildə Bürüsseldə rus dilində araya-ərsəyə gətirmişdi. Əlbəttə, ruh və fikir yaxınlığı olan yerdə dil fərqi, məsafə və məkan anlayışı məna daşımır. Məhz ona görə də ömrünün son çağları şəkər xəstəliyindən gözləri tutulan İ.Şıxlının əsərini həyat yoldaşı Ümidə xanıma diktə edərək yazdırandan sonra “Artıq rahat ölə bilərəm” deməsi, eləcə də ölümün yaxınlaşdığını hiss edən Ç. Aytmatovun əsərin epiloqunda qəhrəmanın dili ilə “Oxucular isə hər zaman var, yazıçı həyatda ikən də, o öldükdən sonra da..." qənaətinə gəlməsi məndə qəti təəccüb hissi doğurmur.
Üstəlik, hər iki əsərdə soy-kökə bağlılıq, keçmişə ehtiram hissinin, nəsildən-nəsilə ötürülən mənəvi dəyərlərin, təbiət - cəmiyyət münasibətlərinin və siyasi sistemin köklü şəkildə dəyişməsi zamanı insanların üzləşdiyi faciələrin real boyalarla təsviri müəlliflərin ruh və əqidə yaxınlığını bir daha təsdiq edir.
“Ümidi boşa çıxan və aldadılan xalqın faciəsindən böyük faciə yoxdur” (Aslan bəy), “Divan-dərəyə lotu-potular yığılıb, bala, ehtiyatlı olun. Bir-birinizdən göz-qulaq olun.” (Ömər koxa) fikrini söyləyən İsmayıl Şıxlının qəhrəmanları Cümhuriyyətin dağılmasından sonra sosializm cəmiyyəti “quran” sovet hökümətinin repressiya siyasətinin, “Taleyin sirr olması özü bir taledir”, “Zənginlərin var-dövləti okeanlara sığmaz, kasıbların yoxsulluğu okeanda yer tapmaz!" deyən Çingiz Aytmatovun qəhrəmanları isə sosializmin iflasından sonra vəhşi kapitalist mühitinin, bazar münasibətlərinin sərt qaydaları ilə üzləşirlər. Sanki bu iki ədib əvəlcədən belə mövzuda əsər yazacaqları barədə öz aralarında uzun müddət fikir mübadiləsi aparıblar.
Hər iki romanda müəlliflər orijinal dəsti-xəttlə cəmiyyət və təbiət faciələrini qələmə alaraq personajların dərin hisslərini, daxili konfliktlərini əks etdirir və oxucuların ixtiyarına həm emosional, həm də intellektual cəhətdən dolğun, ictimai-siyasi məzmunu ilə seçilən sanballı bədii nəsr nümunəsi təqdim edir.
İsmayıl Şıxlının "Ölən dünyam" romanına ön sözündən məlum olur ki, “xalqın da həyatında taleyüklü dönüş nöqtələri olur. Bu dönüş nöqtələri xalqın yeni, xoşbəxt, yaxud bədbəxt həyat mərhələlərinə keçməsinə səbəb olur. XX əsrdə bizim xalqın həyatında belə döngələr çox olmuşdur...”
Atası sovet repressiyasının qurbanı olan Ç. Aytmatov isə son müsahibələrinin birində "Dağlar yıxılanda (Əbədi gəlin)" əsəri haqqında belə deyib: "...romanda yenidənqurmadan sonrakı qloballaşmanın konkret insanların həyatına necə təsir etdiyini, bizi necə dəyişdiyini göstərməyə cəhd etmişəm..."
İsmayıl bəyin və Çingiz ağanın əsərlərində belə paralellər aparmaq bəlkə də yanlış fikirdir, fəqət “Ölən dünyam” və “Əbədi gəlin” onların mənsub olduqları xalqa son ismarıcı, vida nəğməsidir. Bəlkə də bu son nəsr əsərləri “buynuzlu-buynuzsuz cahangirlərin” meydan suladığı dünyada Azərbaycanın və Qırğızıstanın yaxın və uzaq taleyini görən iki müdrik ağsaqqalın Vəsiyyətnamələrdir.
Film üçün maraqlı epizodlarla zəngin olan hər iki əsər təkcə bizim bu günümüzlə səsləşmir, həm də sabahımızın yaxşı olması naminə bütün Türk dünyası üçün ibrətamiz nümunədir.
“Öləm dünyam''da Müsavat hökumətinin qurucularından general Cavad bəy Şıxlınskinin yavəri Çapıq Əmrah əlində qanlı “troyka”nın möhürlənmiş ağ qərarları olan qəddar sovet çekisti Fətullayevin qarşısında kişilik qüruru nümayiş etdirərək: “... siz camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözü qıpıq... İndi buraya niyə gəlmisiniz? Rus əsgərlərini niyə gətirmisiniz?” soruşur.
Fətullayevin: “Qaçaq, quldurların kökünü kəsməyə.” cavabından sonra Çapıq Əmrah deyir: “Yox, Siz kişilərin kişiliyini əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad - uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdir? Bilməzsiniz. Sizə kişi yox, madyan lazımdır... Cəmiyyət də insan kimidir Axtalanmış adamdan kişi çixmadığı kimi, axtalanmış cəmiyyətdən cəmiyyət olmaz.”
Bəs sosializmdən kapitalizmə "keçid" Sovet cəmiyyətində yaşayan xalqlara nə verdi? Çingiz Aytmatovun “Əbədi gəlin”də yazdığı kimi, hər şeyin alınıb-satıldığı bazar münasibətlərini, biznes dünyasının acımasızlığını, qəddarlığını... Hər yerdə - o cümlədən, qırğızlarda "könüllü şəkildə öz ruhunu satan", işsizlikdən əziyyət çəkən adamların pul qazanmaq, kasıbçılıqdan yaxa qurtarmaq naminə cinayət törətməyə meyl etmələrini... Korrupsiya girdabı... Mənəvi və ekoloji terrorlar və nəhayət 4 təhlükəli R: - Regionçuluq, Rüşvətxorluq, Reyderçilik, Reketçilik... Riyakarlığa, rəzilləyə zəmin yaradan səbəblər...
İnsanların ümidlərinin, həyat ideallarının “dağlar kimi çöküşü” zamanı böyük faciələr baş verir... SSRİ-nin qurulması da, süqutu da insanların kütləvi qətliamı ilə nəticələndi. Totalitarizmdə köləlik əleyinə mübarizə aparan mətbuatın sonralar bazar iqtisadiyyatının köləsinə çevrilməsini emosionallıqla qələmə alan Çingiz ağa yenidənqurmanın "azmış durnası" kimi təqdim etdiyi müstəqil jurnalistin Tyan-şan dağlarına bəbir ovuna gələn harın ərəb şahzadələrinə: "Qar bəbirlərindən əl çəkin!.. Mən sizə bizim heyvanları məhv etməyə imkan vermərəm..." deməsi onun ölümcül yaralanmasına səbəb olur... Beləliklə, o, ərəb şahzadələrinin ovlamaq istədiyi Cabbars adlı bəbirlə eyni mağarada can verir. Bəbirlə onun Molotaş mağarasında can verməsini müəllif belə təsvir edir: "Bu vəhşi heyvan həyatının son günlərində taleyini bir insanla paylaşacağını təxmin belə edə bilməzdi... Halbuki bu qarşılaşma onun alın yazısı idi. Yenə taleyin oyunu... Can verən iki canlı: insan və vəhşi heyvan. Hər ikisi də bu dünyada yolunu eyni şəkildə başa vururdu...”
Çingiz Aytmatovun Caabars adlı qar bəbirindən fərqli olaraq İsmayıl Şıxlının “Ölən dünya(m)”sındakı Alan adlı it çörəyini yediyi ailəyə xəyanət edən, namuslu adamlara divan tutan Keçəl Xonduludan “qisas” alır və qaçağa çevrilərək çanavarlarla gün keçirir. Və bir gün Həsən ağa uzun illərin ayrılığından sonra elinə, obasına qayıdarkən onu Kürün sahilində ilk qarşılayan hamının canavar zənn etdiyi Alan olur. “Canavarı görən saqqallı qərib kişi dirçəldi və canavara diqqətlə baxıb birdən “Alan” deyə pıçıldadı. Elə bil canavar bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə gəldi... Həsən ağa canavarın başını sığallayırdı. O isə insan kimi kövrəlirdi. Gözləri tez-tez yaşarırdı.”
Hər iki əsərdə diqqəti çəkən daha bir oxşar cəhət var: "Kür Azərbaycanın mavi fəqərə sütunudur” deyən İsmayıl Şıxlı “Dəli Kür”də olduğu kimi, "Ölən dünyam” romanında da Kür çayının obrazını yaradır. Su saflıq, təmizlik rəmzi hesab edilir. Kür sözü türk dillərində əzəmətli, böyük, güclü, gur sulu, inadkar, nadinc və s. mənalarında işlənir.
Dağ obrazı isə "Biz nəhəng türk ağacının qolları, budaqlarıyıq" deyən Çingiz Aytmatovun son romanında həm də taleyin rəmzi kimi təsvir olunur. Tyan-şan - qədim türk dilində tanrı dağları deməkdir. Dağların zirvəsi əbədiliyin, ucalığın, əbədi gəlin haqqında əfsanə isə saflığın, sədaqətin, dürüstlüyün simvoludur.
…Çox əfsuslar olsun ki, son onilliklərdə istər Kür sahilinin ətrafındakı, istər Tyan-şanın ətəyindəki meşələr doğranıb pula, var-dövlətə çevrilir. Cinayət yolu pul qazanan keçəl Xonduluların, bolşevik Fətullayevlərin nəvə-nəticələri, sərvət hərisliyinə düçar olmuş Taştanəfqan, pulun gücü qarşısında mənəvi dəyərlərini itirmiş Ertaş Kurçal və Aydana Samarova kimilər bu gün dildə xalq, millət deyib ədalətdən dəm vurur, mərhəmət və humanistlikdən ağızdolusu danışırlar. Amma əllərinə fürsət düşən kimi xalqın malına tamah salır, ölkənin yeraltı-yerüstü sərvətlərini talayırlar. Onlar üçün ÇİRKLİ PULLAR hər şeyə sahib olmaq, hökmdarlıq etməkdir. “Böyük pullar böyük cinayətlər deməkdir” (Balzak) ...Belə insanların baş(çı)ları feodalizm, ayaqları sosializm, əlləri kapitalizm cəmiyyətində yaşaya- yaşaya “elita” qrupu kimi fəaliyyət göstərir və hər şeyin üzərinə əcaib-qəraib kölgə salırlar. Kölgələr sürünür və hörmçək toru kimi bütün sahələri bürüyürlər.
Bir sözlə, Elçin Şıxlı demişkən, “İndi dünya sürünən kölgələrindir…”
Mənim sözümün mabədi isə ondan ibarətdir ki, İsmayıl Şıxlı və Çingiz Aytmatov kimi korifeylərin mənəvi dünyası ölməzdir, onların hər ikisi “dağlar çökəndə” də, siyasi sistemlər dəyişəndə də ƏBƏDİ YAŞAMAQ haqqı qazanıblar. Fəlsəfədə Ölüm və Ölməzlik insаnın mənəvi аləminə çох güclü təsir еdən məsələ kimi təqdim olunur. Son əsərlərinin epiloqunda İ.Şıxlı da, Ç. Aytmatov da keçmişlə gələcək arasında körpü salıb, oxucularının qəlbində ədəbi heykələ dönərək ölümsüzləşiblər. Beləliklə, onlara sağlığında olduğu kimi, ölümündən sonra da əsl yazıçı xoşbəxtliyi nəsib olub...
Hər iki böyük ədibin ölməz ruhuna ehtiramla:
Nurəddin ƏDİLOĞLU
Diqqət: Yazılarınızı “Ədəbiyyat və incəsənət” portalının elektron ünvanına, yaxud müsabiqə üzrə məsul olan Elman Eldaroğlunun facebook hesabına göndərə bilərsiniz.
Yazıların son qəbul günü: 15 mart.
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
Bu gün 3-cü çərşənbə - Yel çərşənbəsidir
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsini qeyd edirik.
Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır.
İnanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir.
Yel çərşənbəsi günü həyətlərdə tonqal qalanır, evlərdə plov, südlü plov, lobyalı aş, bulğur aşı və bir çox yeməklər bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnanca görə, Yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.
“Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqət çəkir.
Qədim zamanlarda hələ xırmanın mövcud olduğu vaxtlarda yellə bağlı keçirilmiş mərasimlər də var. Mərasim “Yel baba” adlanırdı və taxıl biçilib xırmana yığılandan sonra keçirilirdi. Məlumdur ki, keçmişdə kombayn olmadığından taxıl əllə biçilərək dərz bağlanar, at, öküz arabaları ilə xırmana daşınardı. Dərzlər xırmanda döyüləndən sonra buğdanın, arpanın və digər dənli bitkilərin sovrularaq samandan, çör-çöpdən, kol-kosdan təmizlənib, ayrılması üçün küləyə ehtiyac var idi. Ona görə də keçmişdə insanlar xırmanda taxılın sovrulması zamanı “Yel baba, gəl, ağ atına arpa, saman apar” deyərək küləyi, yeli müxtəlif nəğmələrlə köməyə çağırardılar.
Ölkəmizdə martın 19-da Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunacaq.
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Yel çərşənbəniz mübarək!
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
Gədəbəydə hava məlumatı
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Sən öz IP ünvanını gizləyə bilərsən, bəs öz IQ-nü necə gizləyəcəksən, ay zavallı?
2.
Gədəbəydə fəaliyyətə başlamış yeni Hidrometeorologiya idarəsi yalnız cari günün havası barədə məlumat verir, özü də pəncərədən baxaraq yoldan keçənlərin əyin-başları əsasında.
3.
Özbək mətbəxdə:
-Demək, bir kilo fuaqra, minyon medium filesi, brokolli kələmi, bir çimdik darçın, bir litr smuzi götürürük və… Lənət şeytana, niyə axı yenə plov əmələ gəldi?
4.
-Ay Allah, nə şirin uşağınız var. Yaşı neçədir?
-Təşəkkürlər. 34-cü həftəsindən 3 günü keçib. Deməzsiniz, saat neçədir?
-Əlbəttə deyərəm. Gecə yarıdan 972 dəqiqə keçib.
5.
-2035-ci ildə pulsuz ictimai nəqliyyat!
-Çox sağ olun. Mən 1980-də kommunizm, 2000-də pulsuz mənzil xülyalarını artıq görmüşəm.
6.
Hər şeyə nail olmaq üçün çox az istəmək lazımdır.
7.
Çılpaq həqiqəti bizdə ləğv ediblər, onu pornoqrafiyaya tay tutublar.
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
Napoleon Hillə görə uğurun 13 sirri
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Vədimə əməl edərək Napoleon Hillin «Düşün və varlan» kitabından kifayət qədər mükəmməl təlim hesab edilən «Uğur qazanmağın və varlanmağın 13 prinsipi»ni oxucularıma təqdim edirəm:
1. Arzu və məqsəd.
Bu, bütün kapitalların qazanılmasının istinad nöqtəsidir. Əgər nəyisə güclü şəkildə arzulamasan, ona doğru gedə bilməyəcəksən.
Siz pul qazanmaq istəyirsiniz? Onda bu məsləhətlər sizə kömək edəcək:
- İlk öncə qərar verin ki, hansı məbləğ sizi qane edir. «Mən çox pul istəyirəm» kəlamı sizə kömək etməyəcək. Rəqəm çox vacibdir.
- Özünüzə düzünü deyin, varlı olanda nədən imtina edəcəksiniz.
- Qrarlaşdırın, bu pulu hansı müddətə kimi əldə edəcəksiniz.
- Var-dövlətə doğru necə addımlayacağınız barədə konkret plan hazırlayın.
- Öncə söylənilənlərin hamısını – sizə nə qədər pul lazımdır, nədən imtina edəcəksiniz, hansı müddətə pulları qazanacaqsınız, məqsədinizə görə hansı plan üzrə addımlayacaqsınız, bunların hamısını yazın.
- Hər gecə yatmamışdan öncə planınızı ucadan oxuyun! Hiss edin və inanın ki, həmin pulları artıq qazanmısınız.
2. İnam.
Siz arzularınızın reallaşacağına nə qədər çox inansanız onları daha rahat reallaşdıra biləcəksiniz.
3. Özünətəlqinetmə.
Özüntəlqinetmə hisslər vasitəsilə şüurun oyanmasıdır. Bu, bir növ, özlüyündə şüurla təftəlşüurun əlaqəsini idarə edən mərkəz funksiyasını daşıyır. Yəni, özünətəlqinetmənin köməyi ilə fərd öz istəyi ilə arzuolunan fikirləri şüurundan təftəlşüuruna ötürə bilir.
Öz arzularını möhkəm şəkildə gündə heç olmasa 2 dəfə təkrarlamaq həmin arzuların təftəlşüurda möhkəmlənməsinə imkan yaradır.
4. Xüsusi bilglər.
Sizin dəqiq və qısa planınız olmalıdır ki, bu plan vasitəsilə öz məqsədinizə doğru gedə biləsiniz. Və addımlarınızı da bu plan uzrə atmalısınız.
Və mütləq də, sizə pul gətirəcək iş barədə həddən artıq məlumatlı olmalısınız. Təsadüfi deyil ki, belə bir deyim var, «informasiyalıdır, deməli silahlıdır».
5. Xəyal qurmaq.
Albert Eynşteyn deyib: «Xəyal qurmaq – hər şeydir. Bu, qarşıdakı hadisələrin nümayişidir». Bütün böyük rəssamlar, musiqiçilər, ədiblər, biznes adamları öz xəyallarında özlərini dahi obrazda görüblər. Arzulamaq zərərli deyil, əksinə, faydalıdır. Hər bir var-dövlət fkirdən yaranır, fikirlər isə xəyala söykənirlər. Xəyallar insanın məqsəd enerjisidir. Xəyal qura bilməmək bir çox uğursuzluğun əsas səbəbidir.
6. Planlaşdırma.
Başa düşməlisiniz ki, siz, sizinçün olduqca böyük əhəmiyyət daşıyan bir işlə məşğulsunuz. Və buna görə də mütləq şəkildə sizin hərəkət planınız olmalıdır. Arzu olunur ki, bu plan addımbaaddım hesablanmış plan olsun. Təbii ki, siz təkbaşına hər şeyi bilmədiyinizdən, planı da tək hazırlaya bilməzsiniz. Odur ki, sizdən üstün başqa insanların təhsilini, təcrübəsini, bacarığını, xüsusiyyətlərini mütləq öz işinizə cəlb etməlisiniz.
7. Qərar.
Liderlər öz qərarlarını dərhal və yaxud çox gec vermələrindən asılı olmayaraq heç zaman dəyişmirlər. Odur ki, qərar qəbul edəndə «amma»sız qərar qəbul edin!
8. İnadkarlıq.
Mütləq inadkar olmalısınız. Məqsədi reallaşdırmaq üçün inadkarlıq çox vacib faktordur. İradənin gücü, fundamenti inadkarlıqdan ibarətdir.
Özündə inadkarlıq xüsusiyyəti yetişdirmək üçün sizə heç də böyük beyin, Oksford təhsili və olduqca böyük zaman da lazım deyil, bunun fərqinə varın.
9. Beyin mərkəzi.
Siz heç vaxt hər şeyi bilə bilməzsiniz, ona görə də sizə lazım olan informasiyanı bilən insanlar sizə çox vacibdir. Bu, sizin həm də kreativ ideyalarla təchiz olunmanıza bir vasitədir.
İnsan ağlı özlüyündə ruhi enerji formasındadır. İki intellektin işi harmonik şəkildə koordinə olunursa, onda bu iş onların psixiki enerjisinin vəhdəti fazasına daxil olur. Beyin mərkəzinin iş prinsipinin psixiki aspekti də məhz bundan ibarətdir.
10. Seksual istəklərin transferi.
Sirr deyil ki, seks – ən güclü insan arzusudur. Mütləq bu arzunu digər produktiv fəaliyyətə transfer etmək lazımdır. Seksual enerjini dəyişdirib öz məqsədinə çatmana yönəltmək vacib şərtdir. Kreativlik, cəsarət, qətiyyət – bütün bu xüsusiyyətlər bizdə həm sekslə məşğul olanda olur, həm də bir şeyi şiddətlə arzulayanda. Pul toplamaq, böyük kapitala malik olmaq – bax bu, bizim ən şiddətli arzularımızın əsas obyektidir.
11. Təftəlşüur.
Bu 11-ci addım birbaşa 3-cü addım ilə bağlıdır. Dünyada hər il daha çox insan bu addımdan istifadə edir. Öz şüuruna və təftəlşüuruna nəzarət edə bilmək çox vacibdir və olduqca vacibdir ki, pozitiv düşünəsən, özünü yaxşı şeylərə proqramlaşdırasan.
Təftəlşüur şüurun əsasında fəaliyyət göstərir. Yəni ki, şüurumuz səviyyəsinə yüksəlmiş fikir orada qeyd edilməklə, fiksə edilməklə təftəlşüura yazılır. Şüurumuzda isə hər bir fikir yox, yalnız ən dominant fikirlər qeyd edilə bilir.
Təftəlşüur həmişə hərəkətdədir. Əgər siz onu pozitiv fikirlərlə yükləmirsinizsə, onda o, mütləq özünə neqativləri toplayacaq, bunlar da sonradan sizinçün baş ağrısına çevriləcək.
Mexanizm bax bu cür sadədir.
12. Beyin.
Beyin on trillion xırda hüceyrədən ibarətdir ki, bunların da hamısı sizə uğur qazanmaq, pul əldə etmək üçün xidmət etməlidir. Ona görə də, beyini səmərəli və effektiv işlətməyi bacarmaq lazımdır.
Nə qədər ki, sənin beynin anlayır və inanır, sən hər şeyə çata biləcəksən!
13. Altıncı hissiyyat.
Bu, özünə inanmağın çox unikal imkanıdır. Çox vaxt olur ki, beyninizə çox gözəl bir fikir, ideya gəlir, ancaq bir saniyə sonra siz onu unudursunuz. Amma «altıncı hissiyyat» bax bu fikirləri, ideyaları yadda saxlayıb sonradan həyata keçirməyə imkan yaradır.
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
QISA FİKİRLƏR XƏZİNƏSİndə Ali İzzətbeqoviç
“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Ali İzzətbeqoviçin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.
Tanrısız bir dünya cənnəti qurmaq xülyasına qapılanlar bu xülyalarının xarabalıqları altında qalmağa məhkumdurlar.
***
Şükürlər olsun ki, tarixə Allah hökm edir.
***
Uca Yaradana and içirik ki, kölə olmayacağıq.
***
Biz savaşda öldüyümüz vaxt deyil, düşmənlərimizə bənzədiyimiz vaxt uduzuruq.
***
...Bu günədək insanlığın böyük simaları daim eyni əxlaqı aşılamışlar. Əxlaqi- həqiqətlər ...əbədidir.
***
Mən Avropaya başım önə əyili getmirəm. Çünki uşaq, qadın və qoca öldürmədik. Çünki heç hansı müqəddəs yerə soxulmadıq. Ancaq onlar bunun hamısını elədilər...
***
Mən hər zaman ölkəmi sevdim və sevərəm... Mən bütün sevgimi azadlığa qurban dedim.
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
Şəhidlər barədə şeirlər – Rafiq Heydərov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Rafiq Heydərova həsr edilmiş şeirlə tanış olacaqsınız.
RAFİQ RAHİM OĞLU HEYDƏROV
(01.07.1995.-14.10.2020.)
Əslən Kürdəmirdən olan, Bakı şəhərinin Binəqədi qəsəbəsində anadan olmuş, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
RAFİQ
Torpaq-namus deməkdir, torpaq-qeyrət deməkdir,
Torpaq bizə əmanət, sonsuz sərvət deməkdir.
Bu torpağın uğrunda, candan keçən oğullar -
Yağını məhv eyləyən, qırıb-biçən oğullar.
Torpaq bizimdir deyib, atıldılar savaşa,
Hiyləgər kafirlərsə düşdülər bərk təlaşa.
Qoçaq Rafiq belə oğlanlardan biriydi,
Binəqədidə tanınan aslanlardan biriydi.
Əslən Kürdəmirliydi, Bakıda doğulmuşdu,
Əqidəsi, mayası, düzlükdən yoğrulmuşdu.
Ziyalı balasıydi, almışdı ali savad,
Dostları arasında qazanmışdı, hörmət, ad.
İdmanı çox sevirdi, cüdoyçuydu uğurlu,
Neçə-neçə yarışda rəqibini udurdu.
Bir beynəlxalq yarışda qızıl medal almışdı,
Finalda ermənini ağlar günə salmışdı.
Vətənə əsgər borcun vermişdi ləyaqətlə,
İnanırdı, vaxt gələr, vuruşub mətanətlə,
Yağıları qovarıq doğma torpağımızdan,
Hər gün xoş müjdə gələr Xan Qarabağımızdan.
Başlarkən müharibə, dedi: - çatdı məqamı,
Vaxt yetişib düşməndən alağın intiqamı.
Yazılmışdı könüllü, orduya xoş niyyətlə,
Vuruşurdu qorxmadan, vuruşurdu qeyrətlə.
Sevinirdi o, hər gün, azad olduqca torpaq,
Özü bir məntəqəyə sancmışdı şanlı bayraq.
Döyüşlərin birində, Rafiq canından keçdi,
Özü cənnətə getdi, adı qəlblərə köçdü.
İçdi cəsarət ilə o, şəhidlik şərbətin,
Ailənin tək oğluydu, oldu oğlu millətin.
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Qəbrin yanındakı skamyaya oturan kimi Stepandan zəng gəldi.
-Hər vaxtın xeyir, Baxa.
-Salam, dostum.
-Bilmirəm bunu niyə soruşurdun, ancaq ehtimalın bu dəfə də özünü doğrultdu. Solomin uşaqlıqdan rəssamlıq dərnəyinə gedibmiş. Əməkdaşımın görüşdüyü müəllimi onun həddən çox istedadlı uşaq olduğunu deyib.
-Belə başa düşdüm ki, Solomin əyri yola düşməklə gələcəkdə adının dünya şöhrətli rəssamlarla bir sırada çəkilməsi xoşbəxtliyindən özünü məhrum edib,-ehtimalımın təsdiqlənməsi bir qədər kefimi açdı. De görüm, başqa nə öyrənmisən?
-Bir qədər əvvəl Mahirlə danışdım. Onları özü sənə deyər. Mənsə Solomindən deyəcəyəm. Onun yatdığı kameranın divarları başdan-ayağa şəkillərlə doludur. Qaldığı evdəki telefon kitabçasında isə üçgümbəzli kilsə şəkli çəkildiyini aşkar etdik. Kilsənin üstündə, səmada isə günəş şəkli çəkilib. Ekspertlər şəklin Solominin o evdə qaldığı dövrdə çəkildiyini deyirlər.
-Üçgümbəzli?
-Bəli, məhz, iki yox, üçgümbəzli.
Stepan sualımla nəyə işarə vurduğumu göydə tutdu. Bu çox maraqlı idi.
-O şəkli çəkib mənə at.
-Yaxşı.
-Başqa nəsə var, dostum?
-Əməkdaşım onun müəllimi ilə xeyli söhbət edib. Yaşlı müəllim istedadına görə Solomini yaxşı xatırlayırmış. Hətta onun çəkdiyi bir şəkli də saxlayıb. O deyib ki, Solomin məktəb vaxtı əsasən həyatında baş verən hadisələrlə bağlı şəkillər çəkməyi sevirmiş. Ad günlərindəki yığıncaqlara, ona verilən hədiyyələrə, məktəbdəki əlamətdar günlərə aid çoxlu şəkillər çəkirmiş. Bu şəkillərdəki şənlik, yaxud tədbir iştirakçılarının hamısının simalarını olduğu kimi çəkib sonra onlardan hansınasa bağışlayırmış. Əsil fotoşəkil kimi. Hətta bu şəkillərdə simalarını olduğu kimi görən sinif yoldaşları şəkillərin üstündə dava da salırmışlar. Deyəcəklərim bu qədər, Baxa. Sən Mahirlə danış. Onda da burada müəyyən etdiyimiz maraqlı bir məlumat var. İndi isə, işim çoxdur. Hələlik.
-Sağ ol, dostum.
Telefonu cibimə qoyub Stepanın dediklərini təhlil etmək istəyirdim ki, tanış ekspertin yaxınlaşdığını gördüm.
* * *
Havanın qaralmasına az qalırdı. Qrim əşyalarını gizlətdiyi yerdən götürüb güzgünün qarşısına keçdi. Tam qrimlənib sonuncu dəfə güzgüdə özünə baxdı. Sonra onun üçün hazırlanmış sənədləri cibinə qoyub dəhlizə keçdi. Xüsusi altlıqlı ayaqqabıları geyinib çəliyini götürdü və mənzili tərk etdi.
Təxminən qırx dəqiqədən sonra ona lazım olan ünvanın qarşısında idi. Başını qaldırıb ikimərtəbəli evin eyvanına sancılmış bayrağa baxdıqdan sonra qapının zəngini basıb gözlədi. Bir azdan qapının dalından gələn səs soruşdu:
-Kimdir?
-İki gün əvvəl vədələşdiyiniz adamdır.
Tanış parolu eşidən adam cəld qapını açıb onu içəri buraxdı. Qapını arxasınca bağlayan ev sahibi yaşına uyğun olmayan sürətlə ikinci mərtəbəyə qalxıb əlində tutduğu çəliklə geri qayıtdı. Əlindəki çəliyi alıb gətirdiyini ona uzatdı. Çəliklər eyni çəliklər idi. Tək fərqləri ev sahibinin gətirdiyi çəliyin o birisindən xeyli ağır olması idi. Bunu ikinci çəliyi əlinə alan kimi hiss etdi.
Verilmiş tapşırığı yerinə yetirmiş ev sahibi qapını açıb kənara çəkildi və onun çıxmasını gözlədi. Heç bir söz demədən qapıdan çıxan qonaq çəliyinə dayaq verib axsaya-axsaya uzaqlaşdı. Onun arxasınca qapını örtən ev sahibi dərindən nəfəs alıb divara söykəndi.
* * *
Göstərdiyim yerlərdəki əl və ayaq izlərini götürən kriminalist zabit məni evin yaxınlığında düşürüb çıxıb getmişdi. Onun gətirdiyi sudan içib susuzluğumu yatırsam da, birdən-birə möhkəm acdığımı hiss etdim. Stepan Mahirə hansısa məlumatı verdiyini demişdi. Ağlıma bir fikir gəldi. Telefonu çıxarıb Mahiri yığdım.
-Eşidirəm, Bəxtiyar.
Ona gözləmədiyi bir sual verdim.
-Düzünü de, qardaş, bu gün nəsə yemisən?
Sualımdan duruxan kolleqam az keçmədən nə demək istədiymi başa düşüb ucadan güldü.
-Düzünü deyim ki, yox.
-Onda belə edək. Mən tədarük görüm. Sən də bir azdan bizə gəl. Həm yemək yeyərik, həm də son öyrəndiklərimizi müzakirə edərik. Səhv etmirəmsə, sənin də mənə deyəcəklərin var.
-Var, yəqin Stepan deyib. Çox maraqlı bir detal çıxıb ortaya. Ancaq gəlməyim belə tez alınmayacaq. Saat səkkizdə əməliyyat müşavirəsi var. Oradan çıxıb gələrəm.
-Danışdıq.
Xətti kəsib yaxınlıqdakı mağazaya tərəf getdim. Təbii ki, hazır yeməklər alacaqdım. Mahirin bir qədər gec gəlməsi elə yerinə düşdü. Həm tələsmədən bazarlıq edər, həm də evə gedib bir qədər dincələrdim. Qəbirlərin arasında saatlarla dövrə vurmağım məni yormuşdu.
* * *
Axsaya-axsaya pəlləkənləri qalxıb bloka girdi. Liftin düyməsini basıb gözlədi. Səssiz gələn liftlə beşinci mərtəbəyə qalxdı. Mənzilin açarını çıxarıb qapını açdı. Yenə ayaqları ağrıyırdı. Bu lənətə gəlmiş ayaqqabılara heç cürə uyğunlaşa bilmirdi. Dəhlizdə ilk növbədə onu bezdirmiş ayaqqabılardan azad olub otağa keçdi. Güzgünün qarşısında ehtiyatla qrimini çıxarıb əvvəlki yerində gizlətdi. Əynini dəyişib yüngül idman paltarı geyindikdən sonra hamamxanaya keçib əl-üzünü yudu. Otağa qayıdıb divana oturdu. Ayaqları zoqquldayırdı. Ancaq buna çox da əhəmiyyət vermədi. Əhvalı yaxşı idi. Gözlədiyi gün yaxınlaşmışdı. Onu nə həyatına son qoyacağı insanların taleyi, nə onların yaxınlarının göz yaşları maraqlandırmırdı. İşini görəndən sonra verilmiş təlimat üzrə müəyyən olunmuş koridorla bu ölkəni birdəfəlik tərk edəcək, sonra isə aldığı külli miqdarda pulla sevgilisi ilə birlikdə çoxdan arzuladığı həyata qovuşacaqdı.
Əlini uzadıb gələrkən divana söykədiyi çəliyi götürdü. Sol əlində tutduğu çəliyi sağ əli ilə sevgilisini sığallayırmış kimi sığalladı. Onun üçün bütün dünya yalnız dəlilər kimi sevdiyi qadınının ətrafında fırlanırdı.
* * *
Dincələcəyəm deyəndə yalnız Mahir gələnəcən divanda uzanacağımı nəzərdə tuturdum. Adətən araşdırmalarda yorğunluq hiss etmirdim. Ancaq qəbiristanlıqda keçirdiyim dörd saat nədənsə məni bərk yormuşdu. Nə vaxtsa nənəmin dedikləri yadıma düşdü: Nənəm qəbiristanlıqda çox qalmağı məsləhət görmürdü, deyirdi ki, oradakı ruhlar adamın enerjisini çəkir. Bilmirəm belədir ya yox, hər halda mən möhkəm yorulduğumu hiss edirdim. Ancaq bu yalnız fiziki yorğunluq idi. Beynim isə uzandığım yerdə sürətlə işləyirdi, həm özüm aşkar etdiyim faktları, həm də Stepanın verdiyi son məlumatları bir ipə düzürdüm. Etdiyim təhlillər əsasında gəldiyim qənaətlər çox ümidverici idi. Əlbəttə bu hələ Solominin yerini müəyyən etməyim demək deyildi. Ancaq buna aparan yolda idim və ona çox yaxınlaşdığımı hiss edirdim. Qənaətlərimi yemək əsnasında Mahirlə bölüşəcəkdim. Bu peşəkar polkovnikin fikirləri mənim üçün çox maraqlı idi. Saat 10-a az qalsa da, hələ də kolleqamdan bir xəbər yox idi. Yəqin müşavirə uzun çəkmişdi.
İnternetə girib orada da bəzi araşdırmalar apardıqdan sonra ayağa qalxıb süfrəni hazırlamağa başladım. Düz saat 10-da zəng vuran Mahir həyət qapısının qarşısında olduğunu dedi. Çıxıb onu qarşıladım. Evə keçib əllərini yuduqdan sonra süfrəyə oturan qonağım müşavirənin gec bitdiyini deyib üzrxahlıq etdi. Möhkəm acsam da, aldıqlarımdan heç nəyə toxunmayıb Mahiri gözləmişdim. Çaydanı qaynamağa qoyub mən də süfrəyə oturdum və birlikdə yeməyə başladıq. Çaydan qaynamağa başlayanda artıq yeyib doymuşduq. Əslində yemək əsnasında söhbət edəcəyimizi düşünmüşdüm. Ancaq ikimiz də elə acmışdıq ki, bir kəlmə də kəsmədən şam etdik. Çayı dəmə qoyub süfrəni yığışdırdım. Bir azdan çayları süzüb masaya oturdum. İndi başlamaq olardı. Qaynar çaydan bir qurtum vuran qonağım stəkanı yerinə qoyub yarızarafat dedi:
-Hə, səndən başlayaq. De görüm saatlarla o qəbiristanlıqda neyləyirdin?
Mahirin kefi heç də pis görünmürdü. Deyəsən, o da öz xətti ilə bir çox şeyləri aydınlaşdıra bilmişdi. Onun tonuna uyğun cavab verdim:
-Heç soruşma, qardaş. Düz üç saat saat ruhlarla təmasda oldum. Ancaq biri də insafa gəlib Tərxan öldürülən gecə gördüklərini demədilər. Məcbur olub sənin ekspertinə müraciət etməli oldum, bir saat da o gələndən sonra oturub gözlədim. Yeri gəlmişkən, hələ bir nəticə yoxdur ki?
-Mənzillə bağlı var, deyəcəm. Qəbiristanlıqdakı izləri isə hələ araşdırır. Cavablar hazır olan kimi mənə zəng edəcək.
-Onda qulaq as, deyim orada nə edirdim. Meyit tapılandan sonra rayon polis idarəsinin əməkdaşları hadisə yerini təbii ki, müayinə ediblər. Ancaq mənim öz metodlarım var, bilirsən. Ona görə də həmin əraziyə gec də olsa, özüm baxmaq istədim. Bildiyin kimi, qəbiristanlığı ot basıb, daha doğrusu, o otlar da artıq saralıb. Torpağı isə tapdalanmaqdan daşlaşıb. Uzun müddət də yağıntı olmadığı üçün oradakı mənə lazım olan bir neçə ayaq izini tapana qədər xeyli əziyyət çəkdim. Ayaq izlərini tapmazdan əvvəl ehtimal olunan qatilin gizləndiyi yeri müəyyən etməliydim ki, sonra həmin istiqamətdən məlum qəbirə gələn və qayıdan izlərə baxım. Bu, asan olmadı. Səkkiz belə qəbir var idi ki, qatil onlardan hər birinin arxasında gizlənib Tərxanın gəlməsini gözləyər, sonra ona yaxınlaşa bilərdi. Təbii ki, o, Tərxanın tək gəldiyinə, onu heç kimin izləmədiyinə, həm də ətrafda heç kimin, məsələn, qəbiristanlıq gözətçisinin olmadığına əmin olduqdan sonra gizləndiyi yerdən çıxıb ona yaxınlaşmalı idi. Bu dediklərimdən, üstəlik də dəqiq endirilmiş bir bıçaq zərbəsi ilə adamı öldürməsindən qatilin belə işlərdə təcrübəli biri olduğu bilinirdi. Seçdiyim qəbirlərdən iri mərmər başdaşı olan bir qəbir daha çox diqqətimi çəkdi. Onun toz basmış sinə daşının üstündə bu yaxında kiminsə oturduğu aydın görünürdü. Belə bir izi də gecə vaxtı gəlmiş, qaranlıqda qəbrin tozlu olduğunu bilməyib oturan adam qoya bilərdi. Bundan sonra hasarlanmış məlum qəbrin girişində tapdığım ayaq izinə oxşar izi iki qəbirin arasındakı cığırda əks istiqamətdə də tapdım. Əgər izlər qatilə aiddirsə, o zaman o həmin cığırla gəlib işini görüb geri qayıdıb. Təbii ki, işini gördükdən sonra geriyə, gizləndiyi qəbrin yanına qayıtmağın bir mənası yox idi. Deməli, qəbiristanlığı da o istiqamətdən tərk edib. Həmin istiqamətdəki yeganə, nisbətən enli yolun sonunda, hasarın dibində də əvvəlki izlərə oxşar iki iz tapdım. Bir müşahidəmi də bölüşüm, sonra yenə izlərə qayıdaq. Sən də bilirsən ki, həbsxanalarda məhbuslar arasında qətllər əksər hallarda ucu olduqca iti, neştər kimi olan bizdən istifadə etməklə törədilir. Belə hallarda bizin də yüz faiz ölümə zəmanət verən, ürəyə sol qolun altından, iki qabırğanın arasından vurulduğunu bilirsən. Əgər ehtimal etsək ki, qatil də Tərxan kimi keçmiş məhbusdur, təbii ki, o, alət kimi bizdən istifadə edib diqqəti öz keçmiş məhkumluğuna yönəltməzdi. Çünki qoyub getdiyi meyitin gec-tez tapılacağını bilirdi. Ona görə də bıçaqdan istifadə edib. Ancaq yenə də işini zəmanətə almaq üçün bıçağı dediyim yerdən, iki qabırğanın arasından çox dəqiqliklə vurub. Bu həm də onun ilk dəfə adam öldürmədiyinə dəlalət edir. Ancaq nə qədər təcrübəli olsa da, qatil iki səhv buraxıb. Birincisi tozlu qəbrin üstündə oturmaqla, ikincisi zərbəni sırf həbsxana qaydalarına uyğun endirməklə. Birinci səhv kəşfiyyat tərəfindən hazırlanmış birinin heç bir halda buraxmayacağı səhvdir. İkinci səhv isə, qatilin kəşfiyyat orqanı tərəfindən hazırlanmış biri yox, keçmiş məhbus olduğu barədə fikirlərimi bir qədər də möhkəmlədən faktordur. Bunları müəyyən edəndən sonra sənə zəng vurub eksperti göndərməni istədim. Göstərdiyim yerlərdən götürdüyü əl izlərini dərhal Nazirliyin kartotekasındakı izlərlə müqayisə etməsini xahiş etdim. Əgər ehtimal etdiyim kimi, qatil aşarkən hasarda, oturarkən isə qəbrin mərmərində hansısa kiçik bir iz qoyubsa, o zaman o izlər onun keçmiş məhbus kimi mərkəzi bazada saxlanılan əl-barmaq izləri ilə üst-üstə düşəcək. Belə olan halda Tərxanın qatilinin, ən əsası da izinə düşdüyümüz cinayətkar qrupun üzvlərindən birinin kimliyini biləcəyik. Onu götürməklə dəstənin digər üzvlərini də müəyyən etmək olar. O ki qaldı, oradakı ayaq izlərinə, əgər axmaqlıq edib həmin ayaqqabıları tullamayıbsa, bu istintaq işində onun qəbiristanlıqda olduğunun əlavə bir sübutu olacaq.
Bir qədər ara verib davam etdim:
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
“Yalnız bircə ricam var...” - VAQİF BƏHMƏNLİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalında tanınmış şair Vaqif Bəhmənlinin şeirləri ilə tanışlığınız davam edir.
CƏZİRƏ
Yoxumla zirvədəyəm, varım sevda quyusu,
Nə qəhr edir məni qəm, nə sevgidən doyuram.
Bağını div qəhr edən dar məsləklər uyusun,
Məsləkin gen yolunda beşikdən müntəzirəm!
Yaxasını şər didən, dada yetən imdad mən,
Bədbəxtləri hifz edən qutudakı nəzirəm.
Baş ayıran bədəndən, balta çalan cəllad mən,
qul, qaravaş, yolötən, həm şah, həm də vəzirəm.
Dibdən qalxır bu qara; nə qaram var, el yusun,
Hörməkçün son divara qaralmış daş əzirəm.
Qorxu hara, mən hara; sarayımı sel yusun –
Cəmi sarsıntılara cəddə görə dözürəm.
Yalnız bircə ricam var, lütfən, barəmdə susun,
Siz ey göydə uçanlar, mən dibdə kök gəzirəm.
Xırda işıq saçanlar, qoy sizi Günəş yusun,
Mənə kifayət edir içimdəki cəzirə!
QƏRİBƏ BƏNDƏ
Mən –
nə yaxşı müxalifət oldum,
nə yaxşı iqtidar,
nə yaxıb-yandıran atəş,
nə üşüdən qar;
Mən –
nə fəhmli uşaq oldum,
nə müdrik, nə ixtiyar,
nə göy üzü qədər hüdudsuz,
nə məzar çuxuru kimi dar;
Mən –
nə basılmaz qoşunda sərbaz,
nə məğlub orduya havadar,
nə ataya köməkçi,
nə anaya ələkçi,
nə bacıya himayədar;
Mən –
nə baba qədri bilən,
nə nənə ətəyindən yapışan vəfadar,
nə qardaş qulluğunda qul,
nə övlad nəzərində hökmdar;
Mən –
nə tufan oldum,
nə xəzri, nə gilavar,
elə hey yapışdım
Allahın ətəyindən,
Elə hey səbir, səbir...
Elə hey söylədim,
vaxta var, hələ var;
Mən –
nə heç oldum, nə də var,
gün sürdüm könlüm qubar,
ömr etdim əlim qabar.
Mən –
nə gülüstan oldum,
nə də bağ,
nə bağ qoruyan divar,
nə ağac oldum, nə yarpaq,
nə göy – dərin,
nə hava – fərqli,
nə su – oynaq,
nə torpaq – hamar;
Mən –
nə suda balıq oldum,
nə su üstündə qayıq,
nə qayıq çiynində avar;
Mən –
nə müjdəçi oldum,
nə piyada, nə suvar,
cənnətdə keçdi ömrüm.
nə qış gördüm,
nə yay, nə payız, nə bahar;
Mən...
bu mənəm, qafası boş
alın yazısı zayıl;
Xoş gəldin, cənab Əzrayıl,
bu bədbəxt bəndəni də
vur qoltuğuna, apar,
Dərgaha çatanda de ki,
xəbərin varmı, Allah,
səltənət küncündə sənin
belə bir bəndən də var,
belə bir bəndən də var!!!
RUHUNUN UŞAĞI
Bir də görərsən getdim –
hökm etdi bir qaşıq qan.
Ya yolçuya qismətdi,
ya da quşa başaq can.
Cənazəmin altına
girəndə çaşacaqsan!
Çünki, oğul, ruhumun
gözündə də uşaqsan...
BOŞLUQ
Qala qurduq,
yıxdı həyat –
yasa döndü büsatımız.
Vədə xilaf çıxdı həyat,
heç gülmədi həyatımız...
Qaya – qarğış, gen dərə – kin;
yol bulmağa savad yoxdu.
Gərək varım o yerə ki,
o yerlərdə həyat yoxdu!
SƏBİR QOŞMASI
Suyun səbri sıxılanda daşlaşır,
Daşın səbri tükənəndə qum olur.
Səbrin dəlil-sübutudu başdaşı,
Son ricası: – Boş ağzını yum, – olur.
Səbr meydan...
tərə çıxır qaçan at
tək almanın cecəsidi bu həyat!
Cadar-cadar qabıq qoyur meyvacat –
Səbrə əvəz, içi sulu tum olur.
Səbir qonşu çəpəridi kəndlinin,
Dözümüdü, təpəridi kəndlinin,
Səbir ki,var ləpiridi kəndlinin –
Kotan çəkir;
kəltən torpaq şum olur.
Səbir haqqdı – düz ayağı, düz əli,
gültək açır gələn yaza xəzəli...
Səbirdirsə yüz adından əzəli,
Onda Allah səbir olmursa, kim olur?
Zirvələrin dözümüdü qar, əlbət,
Məcnunlara səbir verir yar, əlbət...
Səbrin də öz həyat tərzi var, əlbət;
Səhər açır, axşamüstü yumulur.
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
POETİK QİRAƏTdə Əkbər Qoşalının “Məmməd əmi” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə Əkbər Qoşalının Məmməd İsmayıla həsr etdiyi “Məmməd əmi” şeiri təqdim ediləcək. Bildiyiniz kimi, ulu şair hazırda xəstədir, müalicə alır. Bu şeiri bir dua, bir alqış saymaq olar.
Əkbər Qoşalı
MƏMMƏD ƏMİ
Məmməd İsmayıla
Yastığın yüngül olsun.
Ağrıma, Məmməd əmi.
Umud və dua gəlir
Çəkincə adınızı
Ağlıma, Məmməd əmi.
Sağ olsun gələn-gedən;
Nə deyir ağacdələn?
Teylənər avarçəkən,
Çəkincə adınızı
Ağrıya*!.. Məmməd əmi.
İncitməz sal suları;
Kim dinlər lal suları?..
Əsriyin bal suları,
Çəkincə adınızı
Arılar, Məmməd əmi.
Yastığın yüngül olsun.
Ağrıma, Məmməd əmi.
Çəkincə adınızı
İncəlsin dərd - tül olsun;
Tez sağal, Məmməd əmi.
*Ağrıdağı nəzərdə tutulur
Ədəbiyyat və incəsənət”
(12.03.2024)