Super User
“Kitabi-Dədə Qorqud”da qadına hörmət və ehtiram
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün
“Kitabi-Dədə Qorqud” ilk növbədə ədəbi-bədii əsərdir. Bir sıra tarixçilər ona həm də qiymətli tarixi mənbə kimi dönə-dönə müraciət edirlər. Onlar haqlı olaraq belə bir qəti hökm vermişlər ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan türklərinin yazılı yaddaşıdır. Görkəmli tarixçi alim Y.Mahmudovun yazdığı kimi, “Bu qəhrəmanlıq dastanı Azərbaycan xalqının əsl tarixidir, düşmən əli dəyməmiş və saxtalaşdırılmamış tarixidir”.
Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev bu kitabı “xalqımızın ana abidəsi” adlandırır və onun haqqında deyirdi: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır... “Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir”.
“Kitabi-Dədə Qorqud” dastanı gender münasibətlərini özündə bədii şəkildə əks etdirən söz abidəsidir. Onun boylarında diqqətçəkən əsas məqamlardan biri də ailədə, cəmiyyətdə qadına münasibət məsələsidir. Dastanda qadına dərin hörmət, ana müqəddəsliyi, ər-arvad münasibətləri, qadının vəzifələri o qədər gözəl təsvir edilmişdir ki, oxuyarkən xalqımızın necə yüksək mənəvi dəyərlərə malik olduğuna heyran qalırıq.
Dastanın müqəddəməsində qadınlarla bağlı əks olunan fikirlər bütövlükdə türk etnomədəniyyətinin qadına münasibəti kimi anlaşılmalıdır.
Əsərdə anaya dərin hörmət və ehtiram vardır. Ana Tanrıya bərabər bir qüvvə sayılır, “Ana haqqı, tanrı haqqı” hesab olunur. Ən hörmətli bir məqamda təsvir olunan qadınların ən dəyərlisi və müqəddəsi yenə də Anadır. Eposda Anaya – qadına çox yüksək diqqət, hörmət və ehtiram vardır. Ana obrazları Vətən obrazı kimi ümumiləşdirilir. Burda ANA Vətəndir, Namusdur. Ananın toxunulmazlığı ən yüksək zirvədə dayanır.Bu toxunulmazlığını təmin etmək isə hər bir övladın, hər bir oğuzlunun müqəddəs borcudur.
Təsadüfi deyildir ki, Qazan xan döyüşdən əvvəl düşməndən əsr düşmüş anasını istəyir: ”Anamı vergil mana. Savaşmadan, uruşmadan qayıdayım,” - deyir. Uruz isə anasının namusu üçün qıyma-qıyma doğranmasına razı olaraq belə söyləyir: ”Qoy məni, qadın ana, çəngələ ursunlar, qoy ətimdən çəksinlər, qara qovurma etsinlər, qırx bəy qızının önünə gətirsinlər. Onlar bir yediyində sən iki yegil. Səni kafirlər bilməsinlər, duymasınlar. Ta kim sası dinli kafirlərin döşəyinə varmayasan, sığrağın sürməyəsən. Atam Qazan namusunu sınmayasan”.
“Kitabi-Dədə Qorqud” dastanında insanların hüquq və azadlıqlarına hörmətlə yanaşıldığını, onların şəxsiyyətlərinə hörmət və qayğı göstərildiyini görməkdəyik.
Dastanda göstərilir ki, dilindən və dinindən (məsələn, xristian Selcan xatun) asılı olmayaraq qadınlar kişilərlə bərabər hüquqlara malikdirlər. Hamı kimi qadınların da hüquq və azadlıqları müdafiə olunur. Birinci boydan aydın olur ki, qadınların təhqir edilməsi bağışlanmaz qəbahətdir və onu törədənlərə “qatı qəzəb” olunur. Təsadüfi deyil ki, Dirsə xanın nökərləri Buğacın qəsdinə durarkən onu yalandan ağbirçəkli qarının saçını dartmaqda, sərxoş vəziyyətdə namussuzluqda “günahlandırırlar”. Yaxşı bilirlər ki, məmləkətdə qadına qarşı cinayətlər çox ağır cəza ilə son bulur. Yaxşı bilirlər ki, məmləkətin başçısı Bayandır xan duysa, buna dözməyəcək, günahkarı ən ağır şəkildə cəzalandıracaqdır. Bu, həqiqətən, ölkədə qadınların hüquq və azadlıqlarının, onların şəxsiyyətlərinin rəsmi şəkildə qorunduğunu göstərir.
Əsərdə qadınların zərifliyi şirin bir dillə təsvir olunur. Onlar öz gözəllikləri ilə bütün gözəllikləri üstələyirlər. “Qaragözlü, burma saçlı, əlləri biləyindən xınalı, səlvi boylu, qara saçlı, çatma qaşlı, qoşa badam sığmayan dar ağızlı” bu gözəllər öz mənəvi zənginlikləri ilə də diqqəti cəlb edirlər. Onlar öyünməyi sevmir, vətənpərvərdirlər, öz ərlərinə yoldaşlıq və hampalıq edir, onlara ölənə kimi sadiq qalırlar.Sədaqətli və cəsur, fədakar və mərddirlər. Onlar da at minir, qılınc çalır, sağa-sola qoşa yay çəkir, ov ovlayır, quş quşlayır,qurşaq tutur, düşmənlə savaşırlar. Oz vətənləri, sevgililəri, ərləri, ailələri uğrunda canlarından keçməyə hər an hazırdırlar.
Məsələn, Burla xatun qara qılıncını qurşayıb qırx incəbelli qızla ərinin və oğlunun köməyinə gedir; Selcan xatun Qanturalı ilə birlikdə düşmənin qoşununu qırıb çatır; Banuçiçək Beyrəklə at çapır, ox atır, güləşir, on altı illik həsrətə qatlaşır. Dəli Domrulun xatunu onun əvəzinə ölümə razı olur, Səgrəyin xatunu ondan sonra ərə getməyəcəyinə and içir və s.
Oğuz elində qadınların fikir, arzu və rəylərinə hörmətlə yanaşılır. Qadın qəhrəmanlar yeri gəldikcə Oğuz igidlərinin nöqsanlarını cəsarətlə üzlərinə deyir, onlara ağıllı məsləhətlər verirlər. Məsələn, Qazan xandan küsüb Gürcüstana köçmək istəyən Bəkilə xatunu “Padşahlar Tanrının gölgəsidir. Padşaha asi olanın işi rast gəlməz”,- deyə ağıllı məsləhət verir. Dirsə xanın halalı incimiş və əsəbləşmiş ərini təmkinli sözləri ilə sakitləşdirir. Burla xatun öz sözləri ilə Qazan xana inam verir, onu döyüşə ruhlandırır. “Kitabi-Dədə Qorqud” boylarında qadının bu cür aktivliyi, tənqid, məsləhət və tövsiyələrinin nəzərə alınması onun ikinci planda (kişilərdən sonra) olmadığını göstərir.
Dastanda qadınların zorla ərə verilməsi hallarına rast gəlmirik. Onlar ancaq “göz açıban gördüyü və könül verib sevdiyi” igidlərə ərə gedirlər.Diqqəti xüsusi cəlb edən məqamlardan biri budur ki, Dədə Qorqud dastanlarında qızlar onlara qalib gələ bilməyən, özlərindən daha güclü olmayan igidlə könül bağlayıb, ailə qurmazlar.
Erosda qadınlarla kişilər arasında səmimi bir münasibət mövcuddur. Bu səmimiyyət onların bir-birinə müraciətlərində daha aydın ifadə olunur. Qadınlar öz ərlərinə və nişanlılarına “başım baxtı, evim taxtı”, “şah, xan, şahbaz igidim”, xan babamın göygüsü”; kişilər isə onlara “səlvi boylum, qara saçlum”, “çatma qaşlum”, “xan qızı”, “qara gözlü yavuqlum”, “halalım”, “qadınım, dirəyim, döləyim”, - deyə müraciət edirlər.
Oğuz igidləri qadınlara münasibətdə ədəb-ərkan və etik normalara ciddi şəkildə əməl edirlər. Xalq qəhrəmanı Beyrək qadınların otağına izinsiz yaxınlaşmağı belə ədəbsizlik sayır. Dastanda 57 qala alan Alp Ərən müstəsna olmaqla bütün Oğuz qəhrəmanları təkarvadlıdırlar. Bu isə ölkədə çoxarvadlılığın olmadığını, qadına hörmət və qayğı ilə yanaşıldığını göstərən daha bir işarədir.
Dastanda qadınların öz ərlərinə və övladlarına məhəbbətləri olduqca təsirli verilir. Onlar üçün daim narahatlıq keçirən analar, nişanlı qızlar və bacıların qara bağrı sarsılır, qara qıyma gözləri qan-yaşla dolur. Bütün bunlar olduqca təbii və inandırıcı təsir bağışlayır. Qadınlar övladlarının, qardaşlarının, nişanlı və ərlərinin Vətən və xalq qrşısındakı xidmətləri ilə sevinir, onlara güvənirlər.
Əsərdə qadınların hüquq və azadlıqlarının pozulmasına, onların şəxsiyyətlərinin alçaldılmasına ciddi bir etiraz hiss olunur. Cəmiyyət bu cür halları qəbul etmir. Məsələn, Basat Təpəgözü həm də qardaşı arvadını dul qoymaqda, “qarıcıq ağ birçəkli anasını bozlatmaqda” ittiham edir; bacılarının ağladığını görəndə Beyrəyin içi göynəyir, ölüm ayağında belə qız-gəlini və görklüsü üçün narahatçılıq keçirir. Uruz əsirlikdə olarkən anasının və qaragözlü qız qardaşının ağlayıb-sızlamaması üçün atası Qazan xanın təkbaşına döyüşə girməyib geri qayıtmasını xahiş edir. Oğuz elinin qız-gəlinini əsir-yesir edən düşmənlərdən həmişə amansız qisas alınır.
Dastanda qadınların ailə və cəmiyyət qarşısındakı vəzifələrinə də toxunulur. Göstərilir ki, qadınlar milli-əxlaqi dəyərlərə sahib çıxmalı, mənəvi cəhətdən saf və təmiz qalmalı, öz evinin dayağı və ərinin ən yaxın sirdaşı olmalıdırlar.Əsərin müqəddəməsində belə qadınlar Ayişə, Fatma soyundan sayılırlar. Belələri haqqında “...onun bəbəkləri bitsin! - deyə alqış edilir.
Boyların məzmunundan məlum olur ki, qadının əsas vəzifəsi öz övladlarını düzgün tərbiyə etmək, Vətən və xalq üçün gərəkli şəxslər kimi yetişdirməkdir. “Qız anadan görməyincə öyüd almaz”, “Ata adını yürütməyən xoyrad oğul ana rəhminə doğunca, doğmasa, yey” sözləri gənc nəslin tərbiyəsində anaların üzərinə böyük məsuliyyət düşdüyünü göstərir.
Əsərdə qaravaş kimi öz mənliyini alçaldan, ərini hörmətdən salan və ona xəyanət edən, ailə qayğısı çəkməyən, övladlarının tərbiyəsinə laqeyd yanaşan qadınlar kəskin tənqid olunurlar. Belələri “solduran soy, dolduran toy, bayağı qadın” adlandırılır. Onların haqqında deyilir: “Onun bəbəkləri bitməsin ! Ocağına bunun kimi övrət gəlməsin!”
“Xalqımızın tərcümeyi-halı” adlandırılan, tariximizin dərin qatlarını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanındakı qadına münasibət və ailə münasibətləri özünün bir çox xüsusiyyətləri ilə bu günümüzdə də aktualdır.
Nə xoşdur ki, bu gün də milli-mənəvi dəyərlərimizdən gələn qadına hörmət və ehtiram davam etməkdədir. Bizim qadınlarımız isə buna tamamilə layiqdirlər. Necə deyərlər, qadın gülərsə, bəşəriyyət gülər.
“Ədəbiyyat və incəsənət”
(14.03.2024)
“Adamı qaçdığı yerdə yaxalayan şeirlər...” – ŞƏFA VƏLİ
“Ədəbiyyat və incəsənət” portalı Şəfa Vəlinin sevilən şair Qulu Ağsəs yaradıcılığı barədəki qeydlərini təqdim edir.
Dünya ədəbiyyatına ümumi nəzər saldıqda qarşımıza maraqlı mənzərə çıxır: xüsusun ümumiləşməyi. Bu gün klassik sayılan əksər əsərləri bizə miras qoyan, zəkasına heyran olduğumuz, düşüncələrinin dolaylarında dizlərimizin giri tutmadığı müəlliflər belə, bir məqamda oxucunu düşünüblər. “Oxucunu düşünmədən yazıram”... Mənim də oxucunu düşünmədən yazdığım yazılar var. Mənim də oxucunu düşünmədən yazmağa başladığım yazılar var... Və bütün səmimiyyətimlə deyirəm ki, istənilən müəllifin yaradıcılığında hər iki növ yazıdan da mövcuddur. Son abzasda, son cümlədə xüsusluqdan çıxır yazdıqlarımız, olur “ümumun malı”. Bu “ümumun malı”nın altına iri, qalın şriftlərlə adımızı yazmağımız isə bahalı əl çantasını istehsal edən “moda evi”nin reklam arzusundan başqa bir şey deyil.
Ümumiləşmə bizi qələmimizi (indiki dövrdə klaviaturamızı) fərqli janrlarda sınamağa sövq edir. Bütün janrlarda uğurlu oluruqmu? Sual böyükdür... Sual mürəkkəbdir... Sual bəsitdir...
Bu sualın ən hazır cavabı Qulu Ağsəsin yazdıqlarıdır. O, istənilən janrda uğurlu yazır. Çünki bütün yazılarını bəribaşdan “ümumun malı” kimi yazır. Onun heç bir şeirində, heç bir essesində “mənimdir!” iddiası yoxdur. “Hamınındır”, “dünyanındır”, “bütün bəşəriyyətindir” var.
Bu gün belə, qəribə anlarda yadımıza düşən Fərqanə Mehdiyevadan yazanda sözlərə güzgü kimi baxır - Fərqanə xanımın şeirləri ilə öz şeirləri arasındakı “fərdilik” çayının bu tayında durub deyir: “Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da!”
Fərqanə xanım haqqında illərdir bir cümlə də yaza bilmirəm. Onu, sadəcə, xatırlayıram. Gözəl xatirəmdi Fərqanə xanım mənim. Bircə onu istəyirəm ki, Fərqanə xanım insanlara necə gözəl xatirələr qoyub getdiyini biləydi...Bəlkə də, bilir?!
Filoloq Kəmalə Umudovanın “Adı soyadını eşidən şair” kitabını 2 günə oxudum. Daha doğrusu, 1 günə oxudum, 2-ci gün zehnimi əsir alan cümlələrə bir də döndüm. Kəmalə xanım yazır: “Poetik mətnin oxunması, təhlili öz mürəkkəbliyi ilə hər zaman böyük marağa səbəb olur, çünki hər bir doğru oxuma növbəti anlama mərhələsinə təkan verir”. “Bu şeir məni çəkib apardı...” dediyimiz məqamın elmi izahıdır...
Bir cümlə var ki, Kəmalə xanım məni gülümsətdi: “Qulu Ağsəsin şeirləri qaçdığım yerdə yaxaladı məni”. Nə yalan deyim, Qulu Ağsəsə bəxtəvərlik vermədən oxumağa davam edə bilmədim. Təkcə bu cümlənin xətrinə şeirimizin altında adımızı yazıb yaradıcılığımızı, yaratmaq qabiliyyətimizi “reklam etməyə” dəyər!
Kəmalə xanım Qulu müəllimin xatirələrə sadiqliyindən də yazıb: “Qulu Ağsəs Qarabağın, Ağdamın, doğma kəndi Abdal-Gülablının amansız, fəlakətlə dolu işğal tarixini yaşadı, amma acıların poeziyanın azad ruhuna üstün gəlməsinə, onu buxovlamasına izn vermədi”. Çünki Qulu Ağsəs Qarabağın xoş vaxtını, Ağdamın ağ gününü, Abdal-Gülablının yurd olmasıyla öyünməsini olduğu kimi saxlayıb xatirə sandığında. Qoymayıb ki, üstünə bir damcı kədər tozu düşsün, göz yaşı nəmlətsin. Hətta zaman-zaman “ah”larının qarşısını almaq üçün həsrət ocağı da qalayıb xatirə sandığının qapağı üstündə. Boğazında təngiyən nəfəslər “ah” olmayıb, ocaq üfürüyü olub...
“Yaradıcı düşüncə kamil insan axtarışından doğur”-deyir Kəmalə Umudova. “Şair eqosu” cilalanmamış almaz, əhlilləşdirilməmiş istedaddır. Aylarla, illərlə o almazın cilalanmış formasını, o istedadın mədəniliyini göstəririk dünyaya. Özümüzlə tək qalanda-daxili yolçuluğumuzda isə biz həmənkiyik-cilalanmamış, əhlilləşdirilməmiş yaradan. “Kamil insan” bəşər üçün arzudan çox məqsəd olmalıdır-bunu bütün dinlər deyir. Şair isə bunu arzulamaqla, kamil insanı axtarmaqla yetinməyi bilir. Daxilində o kamillikdən bir zərrə də olmasa, şair olmazdı ki?!
Dərketmənin intəhasız əzabından xilas olmaq üçün iki bənd şeir oxumaq çarə deyil. Olmayacaq da... İki bənd şeir yazmaq? Hə, bu olar. Kəmalə xanımın yazdığı kimi: “Həqiqəti və azadlığı dərk etməyin bədəli var”. Qulu Ağsəs dərk etdiklərinin bədəlini ödəyib/ödəyir yazdıqlarıyla. Yoxsa bilinən həqiqəti çoxüzlü piramida kimi o yan-bu yana çevirərdimi? Yoxsa yazardımı ki: “ Cəsurlar sevirlər,Qorxaqlar sevilir”?!
...Kəmalə xanım bu fikirdədir ki, şair müəyyən təsirlərlə “dil tapmalıdır”. Məmməd Arazın o məşhur misraları gəldi dilimin ucuna: “Həyatda “ürəkləş”, “sevləş” demirlər, “Ayaqlaş” deyirlər bu həyat ilə...” Sonra da Qulu Ağsəsin idrakını həyata adaptasiya etməkçün bütün yaşam mexanizmlərini sınaqdan çıxarmaq arzusunu düşünürəm. Bir daha əmin oluram ki, Qulu Ağsəs bu arzusuna heç vaxt çatmayacaq. Müəyyən anlar olub/olacaq ki, həyatın içində olacaq, vəssalam! O “içdən”-yaşamın verdiyi amansız əzablarla mübarizədən də dırnaqlarının altında kainatın DNT-si ilə çıxacaq: ya bir şeirlə, ya iki esse ilə...
Qulu Ağsəs ənənəvi şeirin formasından çox uzaqdı, amma mənasına doğmadı. “Gözəl dünya”dan incikliyini onun faniliyi ilə deyil, özünün “qonaq” olmağı ilə ifadə edir. “Şair təvazökar olmaz”, hə, amma şair dünyaya, taleyə hökm etmək iddiasına da düşməz. Üstəlik, dünyanı, həyatı, insanları, ən kiçik əşyaları belə, təqdir etməyi hamıdan yaxşı bacarar. “Bircə eybi var ki dünya gözəlinMəni qucağına qonaq yazdırıb”. Bu misralarda biz Qulu müəllimin təvazökarlığını deyil, təqdiretmə, qədirbilmə bacarığını görürük.
“Meşə görməmişdim belə arxayın,Mən belə narahat dağ görməmişdim...” Meşə nəyə arxayındı? Dağ niyə narahatdı? Bu sualların cavabını tapmağı Qulu müəllim bizim-oxucunun öhdəsinə buraxıb. Özü bildiyi cavabları bizə deməz-dağın, meşənin sirrini açmaz. Biz arxayın meşəni, narahat dağı (bəlkə də, dağın strukturu fərqlidir, zirvəsi yastıdı, sinəsi yarğan doludu, kim bilir?!) düşünə-düşünə fantastik roman yazacağıq. Son nöqtəsini qoyanda “shift+delete” edəcəyik: Qulu müəllimin iki misrası həmin romandı elə...
“Ustanın əl işi-şəyirddi” misrasının davamıdır “İçiynən danışanın deməyə sözü olmaz...” Sus, əl işini-şeirini göstər, şair! Şeirlər də şairin şəyirdləridir; əsili üz ağardar, bədəsili başı önə əydirər. “Bədəsil şeir varmı?” deyə soruşmayın, günahlarımızı etiraf etdiyimiz bütün şeirlər nankor övladlarımızdır. Biz onların adını çəkmirik, barmağımızı onlara tuşlamırıq, onlarla fəxr edib sinəmizə döymürük. Amma onlar hər yerdə müəllifinin kim olduğundan danışır.
Kəmalə xanım yazır: “Tanrını görə bilmək məqamında özünə yetişən abiddir, arifdir Qulu Ağsəs”. Və ya “Qulu Ağsəs öz duyğularını kosmik varlığın təzahürü kimi qəbul edir”. Mənsə Qulu müəllimin “Kim kəsib sən olan yerdə Söylə, yolu-yolağı?!” misralarında bəşəriyyətin indiyədək axtarmaqdan çəkindiyi bir həqiqətin eyhamını tapdım. İnsanla Yaradan arasındakı qorxu, vahimə qatı nə vaxt, necə yarandı? Yox, axtarmayacağam... Dərketmənin əzabından xilas olmaqçün bir şeir yazaram-ən asan yolu seçmək, özümü özümdən xilas etmək şansım var. “Ol!” əmri mənə də aid deyilmi?!
“Neçə kərə söz göndərdin,ərindim, yazammadım...”-deyir Qulu müəllim bir şeirində. Yazmasaq da, o şeir zehnimizdə özünə yer edir, bir gün yol getdiyimiz yerdə heyranlıqla baxdığımız üfüqün üstünə axır gözlərimizdən. Dərd odur ki, indi yaşamağa ərinirik. “Bu gündən sabaha iş saxlama!”- öyüdləmişdi nə vaxtsa məni anam. Saxlayıram indi, sabah da oyanmağa, günə başlamağa səbəbim olsun deyə... Göndərdiyi şeirləri yazmağa ərindiyi üçün Qulu Ağsəsdən küsməyən Tanrının bağışlamaq bacarığına güvənərək yaşamağa ərinirik.
Tanrının yanında ömürrəfləri boşdu, biz yaşayıb o rəfi doldururuq, qaytarırıq Tanrının özünə. Tanrı da bizi-ömürləri kitab kimi oxuyur, yeni yazdığı taledə əvvəlki nəticələri görür. Tanrı da qafiyələri təkrarlayır, söz oyunu oynayır. Amma hamımızın Tanrıya ərki çatmır ki, Qulu Ağsəs kimi deyək: “Sən ordan bir boş şey göndər, Doldurub geri qaytarım...”
Kəmalə Umudova bu kitabı yazanacan Qulu Ağsəs yaradıcılığını cığır-cığır gəzib, hər mamırlı daşa sığal çəkib, hər qaya xınasında barmaq isladıb-kitabın sonunda gəldiyim qənaət bu oldu. “Az qalıb” şeirində isə Qulu müəllimin gəldiyi bir qənaətlə rastlaşdım:
(Bir gün)
Yaddaşlar üzlənəcək,
Dostlar varaqlanacaq.
Baxışlar sıyrılacaq
Körpü cığırlar üstdən!
“Olacaq” deyir, gözləntisini qoyur oxucunun baxdığı yerə. Di gəl, ilk oxunuşdaca oxucu Qulu müəllimin şifrəli misralarındakı həqiqəti çözür: bunların hamısı olub, hamısını yaşayıb Qulu Ağsəs. Yaşayıb və özündən sonrakılara anladır. Ümid deyil, güman deyil “olacaqlar”; qənaətdir, qəti qənaət.
Qulu müəllim bircə onu demir ki, “Oranın-(Qarabağın) adamları quş kimi oxuyanda” nə oxuyur?
“Ədəbiyyat və incəsənət”
(14.03.2024)
Robin Şarmanın uğura yönəldən 10 kəlamı.
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etmək istəyirəm.
Robin Şarmanı həmkarlarından fərqləndirən əsas cəhətləri hansılardır? İlk öncə, onun klassik fəlsəfənin taftalogiya şəkli almış aforizmlərindən xeyli uzaqda dayanaraq müasir, 3-cü minillik fəlsəfəsini yaratmaq istəməsi cəhdi.
Robin Şarma yazır:
1. Ağıl – gözəl qulluqçu, ancaq bərbad ağadır.
2. Bizim ömrümüzdə istənilən insan o zaman peyda olur ki, biz onun özüylə gətirəcəyi dərsə böyük ehtiyac duyuruq.
3. Heç vaxt şikayətlənməyin. Qoy sizi müsbət, güclü, enerjili, entuziazmla dolu şəxsiyyət kimi tanısınlar. Şikayət edən hər şeydə neqativ axtarandır. Beləsi təmasda olduğu insanları qorxudur və çox az halda uğur qazana bilir.
4. Psixoloji nöqteyi nəzərdən hər şey iki dəfə yaranır: öncə fikirdə, sonra realda. Çalışın, müsbət şeylərə konsentrə olasınız. Mənəvi olaraq möhkəm olun ki, heç nə sizi uğura gedən yoldan döndərə bilməsin.
5. Kütlənin ardınca getməyə tələsməyin. Ola bilər, bu, dəfn mərasiminə yollanan kütlə olsun.
6. Nə istədiyinizi təsəvvürünüzə gətirin və möhkəmcə onun baş verəcəyinə inanın. O, mütləq baş verəcək!
7. İnsanlar onlarda xoş əhval-ruhiyyə yaradan insanlarla iş görməyi xoşlayırlar. Çünki, insan – emossional varlıqdır. Biz, həmişə bizə xoşbəxtlik duyğusu bəxş edən insanlarla bir yerdə olmaq istəyirik.
8. Hər günün yeniliklərindən həzz duy və düşün ki, bu gün sənin sahib olduğun yeganə şey məhz bu günündür.
9. Ən varlı adam hamıdan çox varidatı olan adam yox, ən az ehtiyacı olan adamdır.
10. Səndən arxada olan şey də səndən öndə olan şey də, sənin içində olan şeylə müqayisədə heç nədir.
Davamı da olacaq.
“Ədəbiyyat və incəsənət”
(14.03.2024)
“Bir qaranlıq otağın küncündən boylanıram sənə...” - Şamil Ənvəroğlunun şeirləri
“Ədəbiyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Şamil Ənvəroğlunun şeirləri təqdim edilir.
BİZİ UNUTMA, TANRI...
Bizi unutduğun yerdən yazıram sənə, Tanrı.
Demək istəyirəm ki,
bir boşluğa yığılmış axar su kimiyəm,
bu yer mənimki deyil,
yad nəfəslər duyuram ətrafımda.
Yad əllər toxunur əllərimə,
itkin düşən bədənimi axtarıram ümidsizcə...
Mənim deyil bu ömür də,
bu dünya da...
Nəsə yanlış olmalı...
Səssizəm, çaşqınam...
Sınıq ümidlərin batdığı sabahlar kimiyəm-
xəstəyəm, qırğınam...
Bir qaranlıq otağın küncündən boylanıram sənə.
Demək istəyirəm ki,
beynimdə bir yalnızlıq simfoniyası,
qəlbimdə bir həsrət nəğməsi səslənir neçə vaxtdır, aramsız və nədənsiz...
Hər dəfə qapı səsinə diksinirəm,Tanrı.
Yenə də gələn ağrılar olacaq deyə, yeyirəm içimi.
Demək istəyirəm ki,
gələnlərim heç xoş nəsə olmadı ki...
Ya susmayan hıçqırıqlar döydü qapını,
gözü yaşlı, sözü yaşlı,
ya da aldanıb sınmış adamlar,
sürüşkən ayaqlı, yüngül başlı...
Zamanla göz yaşına düşüb üzməyi də öyrəndim.
Bir vaxtlar bir damla acıda boğulurdum çarəsizcə,
indi isə nə dəryalarda üzürəm, nə dəryalarda...
Demək istəyirəm ki,
yanlışlığın deyil, yaxşılığın əsarətinə düşdüm,
yaxşı olmaqdan da bezərmiş insan.
Və içimdə bir dəli üsyan da var bütün pisliklərə...
Sanki min illərin dərviş yolçusuyam,Tanrı,
elə ağır yorğunam ki,
əsir torpaq misali,
nə alan var, nə verən,
elə ağır susqunam ki,
sahibsiz məzar kimi,
nə gələn var, nə gedən...
Bir az mənasız ümidləri yaşamaqdan yoruldum,
bir az "dəyməz"miş deyilən insanları daşımaqdan,
bir az da heç enişləri olmayan yoxuşlara dırmaşmaqdan...
Sındı...
əlimdən düşüb sındı sən verən ümidlər də, Tanrı,
qəlbimdən düşüb sınan sevdalar kimi.
Üzümüzdən uzaq düşdü təbəssümlər, gülüşlər,
əməlindən yetim qalan qupquru sözlər kimi...
İnsan olmaq nə qədər də zormuş, Tanrı.
Ya "olmaz"ları görə-görə ölür adam,
ya dərd yükünü çəkə-çəkə,
ya da bir nankoru sevə-sevə ölür adam...
Demək istəyirəm ki...
Ya da boş ver, susuram...
Zatən görürsən özün,
hər şeyi də, hər kəsi də...
Ancaq səndən bircə xahişim var, Tanrı,
bircə xahişim...
Əgər imkan varsa,
əgər bacara bilsən, BİZİ UNUTMA...
***
Elə körpə arzular var
sınıq arzular içində,
həyat dolu,
ümid dolu...
Qıyıb da, ata bilmirik.
Neçə sevinc itkin düşüb
ağrıların arasında,
eşələyib hər bir günü
gəzirik, tapa bilmirik.
bu dünyanın bazarında
gün satıb
dərd alan olduq,
səsimiz də çıxan kimi
doğru ikən yalan olduq,
Həyat dedik,
sabah dedik...
için-için dolan olduq,
Sarılırıq boşluqlara,
donuruq, yata bilmirik.
yanımızdan ötüb keçir
biz gözləyən
sabahlar da,
adamlar da,
arzular da...
Bir də baxıb görürük ki,
gələn başqa,
üzümüzə gülən başqa,
içimizi didən başqa...
Elə də səssiz gəlirlər,
heç bilmirik gələn nəydi?
Bir baxırıq,
tufan qopdu,
sol tərəfə nəsə dəydi.
Sonra qəfil ağırlaşdı,
qəddimizi nəsə əydi,
Sonra əl açıb Tanrıya,
yerində tapa bilmirik.
***
Tənhalıq o deyil ki,
kimsə olmaya yanında,
Tənhalıq o ki, bu qədər çoxluq içində başını dizinə qoyub rahatca ağlaya biləcəyin,
bu gün ən zəif yerini bilib də,
sabah elə o həmin yerdən səni vurmayacaq bir kimsən yoxdur yanında.
Tənhalıq o ki,
arzun arzusu,
ümidin ümidi,
səbəbin səbəbi olan bir kimsən yoxdur yanında...
Sevmək o deyil ki,
təkcə əllərindən tutmağı,
sarılıb öpməyi,
çılğınca sevişməyi arzulayasan.
Sevmək o ki,
onun adını duyanda yenidən doğulasan bu dünyaya, yenidən...
Yenidən hər gün bir daha sevəsən o hər kəsin saydığın insanı.
Dünyan, sadəcə, ondan ibarət deyilsə,
dünyanı aydınlatmırsa, SEVGİ adlı günəşin,
nə yaşayıb
nə gördün ki sən?
Ölmək o deyil ki,
büküb atalar bir boşluğa,
sən də zamanla yox olasan bir ovuc torpaq şəklində.
Ölmək o ki, insan olmaqdan çıxıb olursan bir əşya,
ya da nəsə...
Ya bıçaq olarsan ümidlər doğrayan,
ya qazan olarsan nifrət qaynadan,
ya da gedər səndən səni SƏN edən hər şey,
qalar səndən geriyə yeriyən bir daş parçası hər gün öz ayağına dolaşa-dolaşa,
hər gün öz başına düşə-düşə.
Nəyi qaldı ki,
İNSAN olmaqdan çıxanların???
BİR ADI DA YENİDƏN DOĞULMAQDIR SEVMƏYİN...
Nəfəs bədənin,
sevgi ruhun Tanrısıdır,
bədən nəfəssiz,
ruh da sevgisiz olanda "adı var, özü yox"ların cəm halına çevrilər.
"Adı insan olanın həyatı bir ağrılı roman olar" demişdi nə vaxtsa bir şair.
Həyatlar əsərlərdə yaşar,
əsərlərdə gülər,
əsərlərdə ağlar...
Homer gözlərindən yetim qalandan sonra yazmışdı ən gözəl əsərini.
Bəlkə də, gözlər düşünməyin ən qəddar düşmənidir,
bəlkə də, düşünmək ruhun ən ağır işgəncəsidir.
Ən çox ağrıyanlar isə ən çox düşünənlərdir,
ən gözəl əsərlər bir ağrıyan ruhun ölüm duasıdır...
Və bir adı da ağrımaqdır yazmağın...
Dünənlər hər zaman kövrəldər,
ya xoş xatirələrin,
ya da "təəssüf"lərin melodiyası ağladar insanı.
Dünənlər sabahların keçmiş zaman formasıdır,
sabahlar dünənin gələcək zaman forması olduğu kimi...
İnsan dünəniylə kövrələr,
bu günüylə yaşayar,
sabahıyla ovunar...
Ağlamaq... ağlamaq dünyanın ən məsum duasıdır,
ən səssiz üsyanıdır,
ən gerçək üsyan faktıdır...
Və bir adı da səssizlikdir üsyanların...
İnsan sevgidən açılar,
sevgidən gülər,
sevgidən küsər,
sevgidən ölər...
Sevgi ən səmimi ibadətdir,
heç düşməyən hərarətdir...
İnsan sevəndə anlar həyatı,
yaşamağı,
yaşatmağı...
İnsan sevəndə anlar səssizcə danışmağı,
susub, susub uzlaşmağı...
İnsan ən çox itirəndə anlar itirdiyinin dəyərini,
ən çox itirənlər axtarar dünənini,
ən çox axtardığını tapmaz insan, tapmaz...
Sevgi axtarmaqla tapılmaz,
çağırmaqla gəlinməz,
istəyəndə var olmaz...
Sevgi özü gələr,
özü seçər insanını...
Sevgi ölməzdir,
insan ruhunda yaşamağa gələr,
sonra da bir həyat bitən kimi başqa bədənə köçər.
sevgi enerjinin müsbət halıdır,
qovuşanların xoşbəxtliyi,
ayrı qalanların müsibət halıdır.
Bir filmdə deyildiyi kimi:
"Bir insan əgər sevibsə,YAŞAYIB, demək"
Və bir adı da yenidən doğulmaqdır sevməyin...
“Ədəbiyyat və incəsənət”
(14.03.2024)
Şəhidlər barədə şeirlər – Ramil Babayev
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ramil Babayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
RAMİL TAQƏT OĞLU BABAYEV
(12.12.1991.-27.09.2020.)
Kürdəmir rayonunun Şilyan kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.
CƏSARƏTLİ RAMİL
Vətən elə Vətəndir, olsun dağ, olsun dərə,
Biz borcluyuq Vətəni candan çox sevənlərə.
Vətən yaşasın deyə Vətənə qurban olan,
Vətənin dərdlərinə sidq-qəlblə dərman olan,
Hər igid bizə qardaş, hər igid bizə övlad,
Onların sayəsində yurdumdan qovuldu yad.
Gözəl əməlləriylə yurda gətirən şöhrət,
Kapitan Ramildən açıram sizə söhbət.
Ramil bir zabit idi, ali təhsil almışdı,
Mehri-məhəbbətini peşəsinə salmışdı.
Uşaqlıq arzusuyla çıxdığı yol çətindi,
Hamı bilirdi Ramil cəsarətli, mətindi.
Vətən müharibəsi başlayan zaman Ramil,
Yetkin bir zabit idi, kəşfiyyatçıydı-kamil.
Vuruşdu, söykənərək qələbə inamına,
Murovdağda yüksəldi şəhidlik məqamına.
Şilyanın, Kürdəmirin göyə qaldırdı adın,
Azərbaycan unutmaz heç vaxt doğma övladın.
Ramili ölməz etdi yurd sevgisi, ləyaqət,
İki övladı qalıb şəhidimdən əmanət.
Şəhidlərin qanıyla alındı torpağımız,
Şuşada dalğalanır üç rəngli bayrağımız.
“Ədəbiyyat və incəsənətz”
(14.03.2024)
Qazax Dövlət Dram Teatrı Bakıda
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Onlar Qazaxdan gəldilər. Sevgiylə, saflıqla, bahar təravəti ilə. Gəldilər Sevgini göstərdilər. Sevgidən söz açdılar.
Mart ayının 19-u Bakıda, Aktyorlar Evində Qazax Dövlət Dram Teatrının müdiri Allahverdi Musayev və teatrın sevilən-seçilən aktyor, aktrisaları Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" pyesi əsasında "Love Butik" tamaşasını nümayiş etdirdilər. Tamaşaçılar tərəfindən alqışlandılar. Əlbəttə bu bizi çox sevindirdi. Azərbaycanın ən ucqar sərhəddi Qazaxdan paytaxt Bakıya gələrək Qazax Dövlət Dram Teatrı növbəti uğura imza atdı.
Tamaşanın quruluşçu rejissoru Füzuli Dövlət Dram Teatrından dəvət olunmuş Mirzə Nicatdır. Gənc rejissor həm də Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində teatrda təlimlər həyata keçirib.
Xatırladım ki, “Qazax" Xeyriyyə İctimai Birliyi Qazax Dövlət Dram Teatrına dəstək oldular, çox sayda bilet əldə edərək teatr həvəskarlarının tamaşaya baxmalarına yardımçı oldular. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov başda olmaqla, İctimai Birliyin üzvləri Labidə Batıyevaya, Firdovsi Umudova, Elçin Xəlilova, Xəyyam Nəsibova sadəcə alqış düşür.
Və mən ümid edirəm ki, incəsənətə patronajlıq kimi nəcib işə digər qurumlar da öz töhfələrini verəcəklər.
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir.
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Bir qəlbi də sən isit!” aksiyası zamanı öhdəliyə götürülən 43 uşağın arzusu reallaşdırılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Bərdə regionundan olan kiçik dostlarımıza “Sevinc paylaşdıqca çoxalır” deyərək öz istəklərinə uyğun hədiyyələr təqdim olunub.
Siz də kiçik bir addım ataraq böyük sevinclərə səbəb olmaq istəyirsinizsə, www.asanmektub.az saytına daxil olaraq öhdəliyə məktub götürə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
Mixaylo şəhərdədir! - Nodar Şaşıqoğlunun 97 illiyinə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bizim ölkədə vaxtı ilə hansı oğlan uşağından soruşsaydın ki, kimə oxşamaq istəyərdin, deyərdi, Mixayloya. Və bu obraz kimi onu canlandıran aktyor da çox məşhur idi.
Bəli, biz onu daha çox “Uzaq sahillərdə” filmində oynadığı “Mixaylo” obrazı ilə yadda saxlamışıq. Rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı bu filmdə haqqında bəhs etdiyimiz aktyor - Nodar Şaşıqoğlu Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə — “Mixaylo” rolunu məharətlə canlandırıb.
Bu gün görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anadan olmasından 97 il ötür.
Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumi şəhərində anadan olub. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə B.Şukin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb.
Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950–1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957–1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962–1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981–1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.
Aktyorun sovet teatr sənəti tarixində həm görkəmli şəxsiyyətlərin, həm də müasirlərimizin yaddaqalan obrazları ilə özünəməxsus yeri var. Onun dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin yaddaşına həkk olunub. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib.
“Mosfilm”, “Odessa” və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında “Azərbaycanfilm” kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. Aktyorun çəkildiyi çox sayda filmlərdə məharətlə canlandırdığı surətlər kinematoqrafiya tarixinin parlaq səhifələrini təşkil edir. Nodar Şaşıqoğlu yüksək əxlaqi-mənəvi keyfiyyətlər təlqin edən romantik xarakterli qəhrəmanların obrazlarının mahir ifaçısı kimi tanınırdı. Azərbaycan kinosunun unudulmaz qəhrəmanlarının uğurlu ekran həyatı məhz onun bənzərsiz ifası ilə bağlıdır.
Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olub, onlarca aktyor ondan bəhrələnib.
Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.
Bir şeyi də qeyd edim. “Uzaq sahillərdə” filmi o qədər məşhur idi ki, oradakı “Mixaylo şəhərdədir” frazası zərbi-məsələ dönüb dillər əzbəri olmuşdu. İnsanlar, çəkindikləri bir adam yaxınlıqda olanda bir-birilərinə bu cür xəbərdarlıq edirdilər. Xüsusən, iş yerlərində müdirin iş başında olması, müəssisəni gəzməsi xəbərini işçilər bir-birinə bu cür çatdırardı.
Ruhu şad olsun böyük aktyorun!
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“Hərbçi olmaq mənim uşaqlıq arzum idi. Çox ağır döyüşlər gedirdi, amma qarşımıza məqsəd qoymuşduq ki, torpaqlarımızı düşməndən geri alacağıq. Bu belə də oldu”.
2020-ci ilin 27 sentyabr tarixində Vətən müharibəsinə qatılan, Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edən, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilən və bu sözləri söyləmiş qazimiz Rəşad Ağaşzadənin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)
Fərid Cəfərov: “Gələn il Zaqrebdə Azərbaycan mədəniyyət günləri keçiriləcək”
SİTATLAR rubrikasını təqdim edirik.
Növbəti sitat mədəniyyət nazirinin müavini Fərid Cəfərovun Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun açılışındakı çıxışından götürülüb:
“Azərbaycanla Xorvatiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin yüksək səviyyədə olması ölkə başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənib.
Azərbaycan və Xorvatiya arasında iqtisadi-ticari əlaqələr son illərdə bir neçə dəfə artıb. Xorvatiyalı iş adamlarının Azərbaycanda biznes qurmaları üçün ölkəmizdə böyük potensial var.
Qeyd edim ki, gələn il Zaqrebdə Azərbaycan mədəniyyət günləri keçiriləcək”
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)